Rejissor Saida Haqverdiyeva: "Biz o pula müharibə filmi çəkdik

Halbuki o pula uzaqbaşı iki nəfərin dialoqundan ibarət qısametrajlı film çəkmək olardı"

 

Saida Haqverdiyeva Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru, teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" və "Küllücə" teatr-studiyalarının, "Oyun" müstəqil inklüziv teatrının rəhbəridir. "Ər quyusu", "Bu zonanın Məmmədağası", "Köhnə çamadanlar" kimi filmlərin ssenari müəllifi olan Saida Haqverdiyeva həmçinin, "İsanın yatağındakı ilahə", "Qisas", "Qara qızın qara bəxti", "Restoran", "Ömür", "Müharibə", "Göy qurşağı", "Ağdan qaraya", "Məktub" adlı hekayə və povestlərin müəllifidir.  Uşaqlar üçün yazdığı "Toplan" pyesi Təbriz Teatrında, "Metamorfoza" əsəri Azərbaycan Dövlət Yuğ Teatrında, "O qadın" adlı əsəri isə Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilib.

Rejissor Saida Haqverdiyeva ilə söhbətimizi oxuculara təqdim edirik.

- Səidə, yoxsa Saida?

- Atam mənə uşaq vaxtı "Saida" deyə müraciət edib. Həmişə qulağımda "Saida" sözü var. Əvvəllər bütün sənədlərdə "Səidə" yazılırdı və atam buna hirslənirdi. Doğulduğum bölgədə "Səidə" adı vardı. Amma "Saida" deyə müraciət edirdirlər. Yaşa dolduqca, atam üçün darıxdıqca, istədim ki, hamı məni elə "Saida" deyə çağırsın.

- Saida xanım, uşaq yaşlarından şeir yazmaqla yaradıcılığa başlamısınız. İndi fəaliyyətiniz çoxşaxəlidir. Qadın kimi bu qədər işin öhdəsindən gəlmək çətin olmur ki? Uğurlarınızda ailənizin payı var, yoxsa bunu öz zəhmətinizə borclusunuz?

- Hə, uşaqlıqdan şeir yazıram. Düzü, indi daha çox mütaliə edirəm və başa düşürəm ki, mənim yazdıqlarım şeir deyilmiş (gülür). Sadəcə duyğularımı qələmə alırdım. İnsan duyğularını qələmə alanda elə bilir, ondan gözəli yoxdur... Gördüyüm işləri sevirəm. Dəstəksiz  çətindir. Həmişə ailəmdən və dostlarımdan dəstək almışam. Bu, mənə güc verir. Zaman keçdikcə bu güclə nələrisə etmək istəyim də çoxalır. Bir növ şövqüm artır.

- Jurnalist kimi də fəaliyyət göstərmisiniz, indi isə həm kino, həm teatr rejissorusunuz. Bu, sevgidən irəli gəlir, ya maddiyyatla bağlıdır?

- Mətbuata 17 yaşımda gəlmişəm. Allah Akif Şahverdiyevə rəhmət eləsin. Məni o vaxt Davud Nəsiblə tanış elədi. Ona dedi ki, bu qızın şeirlərinə baxın, məsləhət bilsəniz, "Ədəbiyyat və incəsənət" qəzetində çap edərsiniz. Davud Nəsib baxdı və bir neçə şeiri redaktə edib çapa verdi. Heç yadımdan çıxmaz, 2 şirvan qonorar da yazdılar mənə. İlk qonorarım idi deyə çox xoşbəxt olmuşdum. Bir müddət sonra Akif müəllim məni qəzetdə işləməyə çağırdı. Məşhur incəsənət adamlarından müsahibə götürürdüm. Həmin adamlarla ünsiyyət qurmaq dünyama rəng qatırdı. Sonra baxdım ki, yox, bu sahəyə gəlmək üçün yaxşı mütaliə etməlisən, təcrübə keçməlisən. Jurnalistikaya təsadüfdən gəlib işə başlamaq olmaz. Orada özümü tapmadım və televiziyaya getdim. Etiraf edim ki, televiziyaya aparıcı olmaq və tanınmaq məqsədilə getdim. Televiziya mənə çox şey öyrətdi: insanlarla ünsiyyət qurmağı, səbri, düzgün çıxış etməyi və sairə. Ondan sonra teatra gəldim. Teatrda yüksək məvacib yoxdur, teatrda çalışmaq üçün onu çox sevmək lazımdır. Mən teatrı sevirəm. Kinonu da sevirəm, amma teatr qədər yox. Mənə deyəndə ki,  kino rejissoru olmağı seçərsən, yoxsa teatr rejissoru, mən ikincini deyirəm. Burada proses indi və burada prinsipi ilə baş verir deyə mənə daha təbii təsir bağışlayır .

- Onda kinodakı fəaliyyətiniz maddiyyatdan irəli gəlir?

- Yox, əksinə, filmlərə özüm pul xərcləyirəm. Ümumiyyətlə, maddiyyat marağı ilə nəsə etmək mənə yaddır. Heç bir filmim dövlət dəstəyi ilə çəkilməyib. Özümün və yaxın dostlarımın dəstəyi ilə çəkirəm. Biz hələ ki bu sahədən pul qazanmırıq. Ürəyimizdən keçənləri çəkirik. Buna görə hər iki sahədə olmağımın səbəbi sevgidir. Düşünürəm ki, zaman gələcək pul da olacaq.

- Siz məndə dərin düşünə bilən insan təəssüratı oyadırsınız. Bu, yormur sizi?

- Düşünmək məni heç vaxt yormayıb. Nə gözəldir başqa insanları düşünmək, onlara kömək etmək. Bu, məni xoşbəxt edir. Özümü belə olmağa məcbur etmirəm. Bu, normal, təbii halımdır. İnsanıq və canlı kimi sevgi, qayğı, diqqət, həssaslıq təbiətimizdə var - kimində az, kimində çox... "Düşüncəli ol" kəlməsini mənə heç kəs öyrətməyib, mənə genetik keçib. Atam da belə idi, özü qədər başqalarını da düşünürdü. Həyatda ən böyük kumirim, heyran olduğum tək şəxs atamdır və həyatımın bütün dönəmlərində ona oxşamaq istəmişəm. Bəzən kopyalamışam, etiraf edim, görmüşəm onda olan hər hansı xasiyyət məndə yoxdur, çalışmışam ki, olsun. Bəzi vaxtlarda isə heç ağlıma gəlmədən etdiyim bir hərəkətə deyiblər ki, necə atan kimi davrandın: "Atan da belə idi, o da belə demişdi". Bu sözlər məni inanılmaz dərəcədə xoşbəxt edir. Hamının qibtə etdiyi, dünya üzrə məşhur bir adama oxşatsalar, o qədər sevinmərəm, nəinki atama oxşadanda.

- Onda Saida Haqverdiyeva atasının qızıdır.

- Hə, atamın qızıyam. Bu, çox yaxşı hissdir. Mən hər gecə fikirləşirəm ki, bu hərəkətimə atam nə deyərdi. Son 5 ildə belə düşünməyə başlamışam. Yəqin qocalıram və bu fikirlərim ondan irəli gəlir.

- Hər qızın ata sevgisinə ehtiyacı olur...

- Mən heç vaxt sevgiyə möhtac olmamışam. Dünyaya gələndə sonuncu övlad olduğum üçün həddindən artıq sevilmişəm.  Hazırda da həyat yoldaşım tərəfindən layiqincə sevilirəm, dostlarım tərəfindən yetərincə sevilirəm. Çox ləyaqətli, mərd, dürüst dostlarım var: Həmidə Rüstəmova, Sevda Sultanova, Kəmalə Nəhmədova, Ülviyyə Əliyeva, Zümrüd Qasımova, Aynur Ələkbərova. Həm bu sahədə olan, həm də bu sahə ilə əlaqəsi olmayan, tamam ayrı sahədən olan mərd dostlarım da var. Onların hər zaman dəstəyini, mənə göstərdikləri qayğını görürəm. İndi mənim 42 yaşım var, qardaşımın 48. Mənimlə ata kimi davranır, daha çox əzizləyir, daha çox nazımı çəkir. Qısası, sevgisizlik hissini dadmamışam. Amma atamla aramdakı bağ tamam başqa idi, atam həmişə məni düşünüb, dinləyib, yanımda olub, xırda səhvlərimi düzəltməyə çalışıb. O, həyatdan tez köçdü, 47 yaşında. Onda mənim 19 yaşım var idi. Mən 19 il ondan yalnız və yalnız yaxşı atalıq görmüşəm. Heç vaxt atamla bağlı məyusluq hissi yaşamamışam. Yəqin buna görədir ki, sevgi mirasını səxavətlə paylaşıram. Zatən bizə qalan da, bizdən qalacaq olan da məhz mənəvi xəzinə - sevgi, mərhəmət, qayğı və həssaslıqdır.

- "Oyuq" və "Küllücə" teatr-studiyalarının rəhbəri olan Saida xanıma uşaqlarla işləmək, onları peşəkar aktyor kimi yetişdirmək çətin olmur?

- Çətindir, heç bir sahə asan deyil. Xüsusilə də uşaqlarla işləmək heç asan deyil, məsuliyyətlidir və sevgi tələb edir. Əgər uşaqlara gəlir mənbəyi kimi baxsan, nəsə əldə edə bilməyəcəksən. Uşaqlar səni, sən də onları sevməyəcəksən. Belə izah edim, psixoloq yanına gedirsiniz, bir saat onunla danışırsınız və o bir saat ərzində əsəbləriniz sakitləşir, müəyyən həll yolu tapırsınız, sanki mənfi enerjidən xilas olursunuz. Mən də uşaqlarla işləyəndə sanki psixoloq yanına gedirəm, onlarla təmizlənirəm. Əgər bu gün təmiz qalmışamsa, bunu uşaqlara borcluyam. O uşaqlar ki, məni bütün pisliklərdən, paxıllıqdan, başqalarına bənzəməkdən qoruyublar. Onlarla çalışmasaydım, sevginin bu qədər çalarları olduğunu görməzdim. Sevginin sağaltdığına, insanı qurtaracağına inanmazdım. Uşaqlar təmənnasız sevirlər. Mənim üçün yad uşaq, pis uşaq yoxdur, pis valideyn var. Uşaqlar təmiz doğulur, onları biz başqa yollara çəkirik, öz istədiyimiz yollara...

- Dövr dəyişdikcə dövrün uşaqları da dəyişir. Dəyişən uşaqlığın maraqlarını təmin etmək çətin olmur? Kukla Teatrı bunun öhdəsindən necə gəlir?

- Kukla Teatrının tamaşalarının demək olar ki, hamısı anşlaqla keçir, teatrın tamaşalarına tələbat var. Bəzən düşünürük ki, uşaqlara müasir nağıllardan tamaşalar hazırlamaq lazımdır, onlar artıq yeni texnologiyanı görmək istəyirlər. Əslində uşaqların hamısı nağılları sevir, elə biz böyüklər də nağılları sevirik. Repertuarımızda 45-dən çox tamaşa var. Amma tamaşaçı həmişə eşitdiyi nağılları görmək istəyir. Məsələn, "Cırtdan", "Tıq-tıq xanım", "Göyçək Fatma". Bəziləri deyir ki, nə qədər bu tamaşalar olacaq. Amma tələbat məhz bunlaradır. Yeni tamaşalarımıza da tələbat var, gələnlərin sayı az deyil. Uşaqlar möcüzə, rəngli dünya, rəngarənglik, bir növü şirin nağıl dünyasında sehr görmək istəyirlər. Səhnə isə rənglidir, nağıllar möcüzədir və uşaqlar hər dəfə bu möcüzənin sehrin içindən çıxıb xoşbəxt şəkildə evlərinə gedirlər.

- Seçim qarşısında qalsanız ki, fəaliyyətinizi ya kino rejissoru kimi yalnız böyüklərlə işləyərək davam etdirin, ya da "Oyuq" studiyasında uşaqlarla. Hansını seçərsiniz?

- Teatr və uşaqlarla. Düzdür, teatrda biz repertuar tamaşası hazırlayırıq, bura dövlət teatrıdır, qayda və qanunları var. Bizim tamaşaçılarımız uşaqlardır. Kinoda isə daha çox azadam, istədiyimi çəkirəm. Buna baxmayaraq, teatr və uşaqları seçərdim.

- Ümumiyyətlə, Azərbaycanda yaradıcı sahədə uşaqlar üçün demək olar ki, çox az işlər görülür.

- Eşitdiyimə görə, yeni cizgi filmləri hazırlanır, hətta bu yaxınlarda uşaqlarla bağlı film də çəkilməlidir. Təəssüf ki, bir-iki film çox azdır. "Disney" şirkəti hər il nə qədər cizgi filmi istehsal edir. Uzağa getməyəcəm, elə Rusiyada, Türkiyədə də cizgi filmi istehsalı çoxdur. Üstəlik, xüsusi telekanallar, prodakşnlar var. Bizdə isə vəziyyət elə də ürəkaçan deyil. Başqa ölkələrdə uşaq kinosuna, animasiyasına xüsusi diqqət var. Hazırda bizdə uşaqların maraq dairəsini təmin edəcək kitablar da az yazılır, yeni nağıllar ümumiyyətlə, yoxdur. Uşaqlarımız xarici cizgi filmlərinə baxırlar, onlar nəyi təbliğ edirlərsə, uşaqlar da onu öyrənir. Bu gün uşaqların çoxu yarı rus, yarı türk, yarı ingilis dilində danışırlar. Ana dilimizdə səlis danışan uşaq tapmaq demək olar ki, imkansız hala gəlib. Axı bizim doğma, zəngin dilimiz var. Bu dil yeni nəsillə yoxa çıxır. Bu, məni çox incidir. Bu məsələdə hamımız günahkarıq.

- Sözsüz ki, burada valideynlərin payı daha böyükdür.

- Valideynlər uşaqlarına öz dilimizdə olan cizgi filmləri izlətməlidirlər. Dublyaj olunan cizgi filmlərimiz var. "ARB Günəş" kanalında xarici cizgi filmlərini Azərbaycan dilinə mütəmadi dublyaj edirlər. Amma bu, xaricilərin cizgi filmidir. Hər millət öz dəyərlərinə uyğun film hazırlayır. Bizim narahat olduğumuz bütün məsələləri uşaqlar xaricilərdən öyrənirlər. Yeni cizgi filmlərimiz, bədii filmlərimiz yoxdur. Uşaqlar nə qədər "Sehrli xalat"a, "Asif, Vasif, Ağasif"ə, "Şərikli çörəy"ə baxacaqlar? Bunlar möhtəşəm filmlərdir, amma uşağa bu filmləri nə qədər göstərmək olar, yeni filmlər lazımdır. Teatr olaraq biz bunu öhdəmizə götürmüşük və demək olar ki, hər iki aydan bir yeni tamaşa hazırlayırıq. Amma hər kəsin teatra gəlmək imkanı yoxdur, işləyən valideynlər var, uşaqları mütəmadi gətirə bilmirlər. Seriallarda uşaqlarla bağlı səhnələrə yer verirlər, amma daha çox onları təzyiqə məruz qalmış, boşanmış ailənin övladları kimi təqdim edirlər. Niyə görə onları qışqırıb-bağıran ailənin uşağı kimi təqdim edirlər? Günümüzün problemlərindən biri də boşanmış ailələrdir. Amma nəyə görə uşağa valideynin qışqırmasını, onların bir-birilə sərt danışmasını daha çox təbliğ edirlər? Başqa yol da tapmaq mümkündür. Demirəm yalan üzərində ssenari yazılsın, amma uşaqlara lazım olan mövzuların, məsələlərin təbliğini, əhəmiyyətli olan şeyləri aşılamaq olar. Bunun üçün psixoloqlardan məsləhətlər alınmalıdır, xarici serialların eynisini Azərbaycanda çəkmək olmaz. Belə...

- Qarabağ müharibəsinin qadın qəhrəmanlarından bəhs edən "Köhnə çamadanlar" filminin ən təsirli, ən ağır səhnələrində rejissor kimi idarəetmədə çətinlik çəkmədiniz ki? Yaşadığınız hisslərin diqqətinizi yayındırdığı məqamlar oldumu heç?

- Əvvəl bu mövzuda tamaşa qurmaq istəyirdim. Sonra düşündük ki, başımıza necə ağır müsibətlər gəlib, nə qədər qadın qəhrəmanımız var, istər şəhid ailələri olsun, istər əsir, qaçqın düşənlər olsun. Axı onlar da az qəhrəmanlıq etməyiblər. Buna görə filmi ərsəyə gətirmək qərarına gəldik. Bunun üçün yeni qəhrəmanlar tapmaq lazım idi, heç yerdə haqlarında yazılmayan, danışılmayan qəhrəmanlar. O tanınmayan qadınları dostumuz vasitəsilə çox çətinliklə tapdıq. Həmin xanımlardan biri sona qədər heç nə danışmadı, buna görə onun haqqında heç bir məlumatı filmdə əks etdirə bilmədik. Amma digərləri ilə görüşdük. Görüşmə prosesi 6 ay çəkdi. Bir xanım var idi, iki ay heç nə danışmadı, amma sonra sağ olsun, öz yaşadıqlarını bizimlə bölüşdü. Buna görə iki ay gözləməli olduq. Başqa variantımız yox idi, həmin qadın heç yerdə, heç nə danışmamışdı. Onun qəlbinin qapısını açdıq və danışdıqlarından sonra mənim saçlarımın yarısı ağardı. Mənimlə gedən rəfiqəm, filmin ssenari müəllifi Sevda Sultanova danışılanları yazanda o qədər ağlamışdı ki, müəyyən müddət göz dərmanı istifadə etməli oldu. Digər rəfiqəm stresdən mədə dərmanı atmağa başladı. Biz bunları gözləmirdik. Eşitdiyimiz bir çox hadisələri filmdə göstərmədik ki, insanlar bizə inanmaz. Mən bundan əvvəl bir film çəkmişdim: "Ər quyusu". İlk işim idi deyə onu çox əzizləyirəm. Kədəri ilə, qəmi ilə, film varmı, yoxmu məni maraqlandırmır. Çünki ilk işimdir və mən onda heç nə bilmirdim. Amma "Köhnə çamadanlar"ı ilk filmim hesab edirəm. Bu filmi çəkəndə büdcəm yox idi, Sosial Müdafiə Nazirliyi mənə çox az pul ayırdı, söhbət 30 mindən gedir. Bu pulu tamaşa üçün verdilər. Biz tamaşaya istifadə edəcəyimiz məbləğlə film hazırladıq. Düzdür, dostlarım dəstək olurdu, sponsor tapırdılar, amma yenə də o büdcə az idi. Müharibə filmi çəkmək üçün o məbləğ bəs etmirdi. O pula uzaqbaşı iki nəfərin dialoqundan ibarət qısametrajlı film çəkmək olardı, amma biz müharibə filmi çəkdik. Yola çıxdıq, çətin idi, bəzən öz çəkdiyimizə özümüz ağlayırdıq. Bizim çəkdiklərimizin hamısı real hadisələr olduğundan çəkilişləri aparmaq ağır idi. Bilmirəm, bacardıq, ya yox, bu məni maraqlandırmır. Mən öz vətəndaşlıq borcumu yerinə yetirdim. Komediya janrında film çəkib pul qazana bilərdim. Amma etmədim. Bu, 44 günlük müharibədən sonra Qarabağ mövzusunda çəkilən ilk filmdir. Bu film bədənimin bir hissədir. Çünki filmi çəkəndə qəlbimizi, ruhumuzu ortaya qoyduq. Filmi çəkmək üçün dəvət etdiyimiz aktyorların yarısı, inanın, tam təmənnasız şəkildə filmdə rol aldılar. Məmmədsəfa Qasımov, Gülzar Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Aqil M.Quliyev, Oksana Rəsulova puldan imtina etdilər. Qonorar alanların isə bütün pulu çəkilişlər rayonda olduğu üçün yol xərci oldu. Demək olar ki, onlar da heç bir qazanc əldə etmədilər. İstəsəydilər, ciddi pul tələb edərdilər, ağır, yorucu səhnələrdə rol aldılar. Bizim final səhnəmiz tövlənin içində çəkilirdi. Qoyunları çıxartdıq çölə, o ab-havanı yaratmaq üçün içərini təmizlədik. Qoxu, soyuq qış, noyabr ayı və biz axşam saat 6-da həmin şəraitsiz tövləyə girdik, səhər saat 5-də çıxdıq. Bütün gecəni orda qaldıq. İstilik sistemimiz belə yox idi, barmaqlarımızın ucuna qədər donmuşduq. Biz özümüz belə etdik, çünki Xocalını hiss etmək istəyirdik. Orada bir səhnə var, Zülfiyyə Qurbanovanın başından aşağı bir vedrə su tökülür. O su buz kimi idi, inanın, Zülfiyyə xanımın yerdə sürünməkdən dizləri, dirsəkləri tamamilə dəridən-qabıqdan çıxmışdı. Bütün bunların qarşılığını hansısa qonorarla vermək mümkündürmü? Hamısı mənəvi məsələlərdir, bu insanlar o filmə ürəklərin qoydular. Həqiqətən, çox ləyaqətli sənət adamlarımız var.

- Filmdən danışmışkən, bu günlərdə "Köhnə çamadanlar" Ankarda nümayiş olundu. Münasibət necə idi?

- Bəli, Zəfərimizin 4-cü ildönümü münasibətilə noyabrın 6-da Ankaranın məşhur konsert salonu - CSO salonunda əsası qardaş  Türkiyənin hökumət və dövlət təmsilçiləri, millət vəkilləri və ictimai fəallarından ibarət 700 nəfərlik zalda anşlaqla filmimizin Ankara premyerası oldu. Bu işdə bizə dəyərli ziyalımız, ictimai və dövlət xadimi Aygün xanım Attar böyük dəstək oldu. Həmçinin, Ankara səfərimizdə bizim üçün doğma insan - Türkiyə Mədəniyyət Nazirliyinin əməkdaşı. qurumun idarə rəhbəri Sanem Arıkan da dəstək verdi, Azərbaycana sonsuz sevgi və təəssübkeşliyini nümayiş etdirdi. Beləcə, Qarabağ həqiqətləri, savaşda əzab çəkən qadın və uşaqlarımızın həqiqəti bu dəfə başqa bir auditoriya qarşısına çıxdı. Qardaş ölkənin mediasında bu səfərimiz böyük diqqətlə təbliğ olundu, saysız müsahibələr, reportajlar, süjetlər hazırlandı.

- Bizdə uğurlu qadını gözü götürməyənlər çox olur. Öz həmcinsləri paxıllıq edir, qarşı cinsin nümayəndələri isə qadının belə uğurlu olacağını qəbul etmək istəmirlər. İdarəetmədə daha çox kişiləri görmüşük deyə bu sektorda da kamera arxasında qadın olanda gözü götürməyənlər çox olur. İstəyərdim, bu fikirlərimi siz davam etdirəsiniz. Qadınların idarəçiliyində olan kinomuz haqqında nə deyə bilərsiniz?

- İndi mən müsahibə üçün danışım, yoxsa ürəyimin dərinliyinə, sarı siminə toxunum? (gülür) Mənim qadınlarla problemim yoxdur, hər zaman qadın dostlarımdan dəstək görmüşəm. Ümumən dediyiniz mövzuda müəyyən istisnalar qaçılmazdır. Bütün hallarda anlamağa çalışıram və müəyyən mənada artıq boş verməyi də təlqin edirəm özümə. Heç kimə heyranlıq etmirəm, paxıllıq etmirəm, kiminsə işini kopyalamıram. Buna heç vaxt yol vermərəm. Kimsə gəlib mənə deyə bilməz ki, sən bu ideyanı başqasından oğurlamısan. Bunu həzm edə bilmərəm. Mən o qədər aciz deyiləm ki, kiminsə fikrin oğurlayım, yaxud paxıllıq edim. Bayaq atamdan danışanda da dedim, mən duyğuları ilə hərəkət edən, hər zaman haqqın qələbəsinə inanan adamam. Qısası, mənim heç kimlə problemim yoxdur. Amma mənimlə problemi olanlar az da olsa var. Sözsüz ki, bu, onların öz problemidir. Mənim həyatda həmişə toqquşduğum insanlar kişilər olub. Deyirlər, rejissor işi qadın işi deyil, amma başqa mövzu olanda gender bərabərliyindən danışırlar. Ola bilər bir neçə dəfə uğursuz iş ərsəyə gətirək, amma mütləq bir nöqtədə bacaracağıq. Sən mənə imkan ver, mən sənə göstərim rejissorluq kişi işidir, yoxsa qadın? Amma sənətdə olan kişi dostlarım da var. Məsələn görüntü rejissorumuz Şahmar bəy, nə vaxt zəng eləsəm, deyir, sənin yanındayam. Filmlərimin birində montajda problem yaranmışdı və mən çox pis olmuşdum. Aqil M.Quliyev mənə zəng elədi və dedi ki, bacı, sən gözəl iş çıxartdın. O qədər mənə dəstək oldu. Məmmədsəfa Qasımov da hər zaman mənə dəstək olub. Bunlar hamısı dəyəri ölçülməyən xoşbəxtlikdir. Amma üzümə gülüb arxamca danışanlar, paxıllıq edənlər, ayağımın altını qazanlar da var. Sözsüz ki, bunu da bilirəm və onları anlayıram, daha doğrusu, anlamağa çalışıram. Onlara deyirəm, əcəb edirsiniz, əlinizdən o gəlirsə və bu sizi xoşbəxt edirsə, buyurun.

- Ənənələrə sadiq qalmaq, yoxsa buxovları qıraraq yeni sahillərə yelkən açmaq?

- Mən çox mühafizəkar ailədə böyümüşəm. Buna baxmayaraq, bütün buxovları qırdım. İncəsənət sahəsində olmağım bir möcüzədir və artıq məndən sonra ailəmdən də incəsənət sahəsinə gələnlər oldu. Məndən əvvəl isə heç kim yox idi. Ənənəyə sadiq qalmaq yox, ənənəyə hörmət eləmək lazımdır. Bunu mənəviyyatı, əqidəni tapdalamayaraq etmək lazımdır. Azadlıq çox açıq-saçıq hərəkətlər edib, hər şeyi çılpağa çıxartmaq deyil.

- Bir az da yaxın qohumunuz, mərhum şair, jurnalist Zülfüqar Rüfətoğludan danışaq.

- Dünyada bir qadın kimi heç kimə bənzəmək istəməmişəm, heç kimin paxıllığını çəkməmişəm. Amma kişi olsaydım, bunu ilk dəfə deyirəm, Zülfüqar Rüfətoğlunun paxıllığını çəkərdim, ona qibtə edərdim. Çünki mən o insana həm yazıçı, həm şair, həm jurnalist, həm də insan kimi heyran idim. Onunla hər mövzudan danışmaq olardı, hər şeydən məlumatı vardı və onun səs tembri, ünsiyyət qurmaq bacarığı o qədər möhtəşəm idi ki. Onun gedişi məni çox incitdi. Onunla heç bir qan bağımız yoxdur, yoldaşımın qardaşıdır. Amma elə bilirəm, öz doğma qardaşımı itirmişəm. Hərçənd, mən dünyadan köçən insanların gedişini rahat qəbul edirəm. Çünki inanclıyam, bilirəm ki, bir gün hamımız gedəcəyik. Bir də təsəllim var, bilirəm ki, onlar daha ədalətli dünyaya gedirlər. Amma Zülfüqar üçün çox təəssüflənirəm. Çünki biz ondan daha çox şey öyrənə bilərdik.

- Gəlin söhbətimizi şeirlərinizdən biri ilə yekunlaşdıraq...

- Belə edək, yazdığım uşaqlıq şeirlərim məndə qalsın. Onun yerinə Zülfüqar Rüfətoğlunun çox sevdiyim bir şeirini səsləndirim.

 

Anama

 

Nə sabah var,

Nə bu gün.

Yaddaşımda

dünkü gün

Yu məni, ana özün

Bütün xatirələrdən...

Əvvəlcə xatirələr,

Dərdin əlacı olur.

Getdikcə şirini də

Turşuyur acı olur

Doğ sən məni yenidən

İlıq yay səhərində

Dünyanın ən bəxtəvər

Ən məsum şəhərində...

Sən məni yenidən doğ,

Ağrılarsız və ahsız...

Söz verirəm bu dəfə,

Yaşayaram günahsız,

Və olmaram Allahsız...

Nə yan, nə də ki ağla

Qapını açıq saxla -

Mən mütləq gələcəyəm,

Nə dünən var, nə sabah

Mən bu gün öləcəyəm...

 

Ləman İLKİN

525-ci qəzet .- 2024.- 7 dekabr (№225).- S.18-19.