MİLLƏT GÜZGÜSÜNƏ
DİK BAXA BİLMƏK HAQQI
Dünyada sayı bilinməyən qədər bolluca
dillər var. Kimi yazır iki mindən çoxdur, bəziləri
deyir üç min, bir başqaları dörd min və onu da
təsdiqləyirlər ki, hər gün o çoxsaylı dillərdən
hansılarısa ölür. Amma bütün zamanların
canlı və yaşayıb ömrünü bitirmiş tamam
dillərinin fövqündə dayanan bir dil də var -
könül dili, insanlarla ürəyin döyüntülərinin
dili ilə danışa bilmək qabiliyyəti.
Rəşid Behbudov bunu bacarırdı. O, ən əvvəl
Azərbaycan müğənnisi idi, Azərbaycan dilinin, Azərbaycan
ruhunun müğənnisi idi. Amma eyni zamanda Rəşid
Behbudov dünyanın əllidən artıq xalqının
mahnılarını onların öz dilində ifa edib. Rəşid
Behbudovun parlaq yaradıcılığındakı bu cəhət
bir neçə baxımdan çox əhəmiyyətlidir.
Əvvələn, o, azərbaycanlı idi, SSRİ-nin var
olduğu illərdə bu nəhəng imperiyanın balaca bir
parçası olan respublikanı dünya boyu böyüdən
və tanıdan idi, qapalı sərhədlər dönəmində
Azərbaycanın dünyaya çatan səsi idi.
O vaxtlar ki xarici ölkələrdə Sovet
İttifaqından gələnlərin hamısını elə
rus kimi qavrayırdılar, Rəşid Behbudov kimi nadirlərimiz
elə vacib körpülər idilər ki, onlarla millətimiz,
dövlətimiz, mədəniyyətimiz, səviyyəmiz,
zövqümüz haqqında təsəvvür
oyanırdı, belə səylərin nəticəsində Azərbaycana
və xalqımıza rəğbətlər artırdı.
Rəşid Behbudova Azərbaycanın müstəqilliyə
qovuşduğunu görmək nəsib olmadı. O, yalnız
Azərbaycanın deyil, Sovet İttifaqının müğənnisi
idi, SSRİ-nin ən müxtəlif səhnələrində
çıxış edirdi, repertuarında rus dilində
oxuduğu mahnılar çox idi. Hətta Azərbaycanda da
dövrün şərtlərinə uyğun olaraq rusca
mahnıları az oxumurdu, bəzən lap azərbaycanca ifa
etdiyi hansısa nəğmələrin müəyyən bəndlərini
rusca da dilə gətirirdi. Ancaq qaldırın Rəşidin
rusca ifalarının hər birini, şahid olacaqsınız
ki, oxuyan sırf Azərbaycan müğənnisidir. Lap rus qulaq
assın. Görəcək ki, bu oxuyan ruscanı ana dili kimi sərbəst
bilir, tələffüzü elə rusunku kimidir. Ancaq heç
bir rusun lap qarşısına məqsəd qoysa belə təkrarlamağı
bacarmayacağı Rəşid boğazlarını da eşidəcək,
şəkk-şübhə yeri qalmayacaq ki, bu oxuyan şərqlidir,
azərbaycanlıdır, muğamatla nəfəs alan
insandır.
Həmin köhnə lent yazılarını dinlədikcə
bunu da sezirsən ki, sanki Rəşid rusca oxuduğu
mahnılara azərbaycanlılığı bir sıra məqamlarda
məqsədli şəkildə, qabardaraq əlavə edir.
Ellər aşaraq Bakıya gəlib çatan, 1950-ci
illərdə bütün dünya ekranlarını fəth
etmiş Rac Kapurun Rəşidi araması, onunla dostluğundan
iftixar duyması gününə görə qətiyyən
adi hadisə deyildi. Zamanına görə həm də bu,
yalnız mədəniyyət yox, eləcə də siyasət
məsələsi idi.
Və Rəşid Behbudovun xarici dillərdə
mahnılar ifa etməsinin, həm də ustalıqla, elə o
xalqın müğənnilərinin çoxunun da mat
qaldığı dəqiqliklə oxuması dahi sənətkarımızın
bir başqa üstünlüyündən də xəbər
verir.
Görün Rəşid Behbudovun musiqi yaddaşı və
ümumən hafizəsi necə misilsiz gücdəymiş ki,
bir neçə gün ərzində ən fərqli dillərin
səsləniş, tələffüz özəlliklərini
qavraya, eynilə canlandıra bilirmiş.
Biz elə sağkən əfsanələşmiş
bir sənətkarın müasiri olmuşuq.
Və Rəşid əfsanəsi hələ gələcəyin
çox-çox Azərbaycan insanı ilə həm zaman, həm
nəfəs olaraq qalacaq.
Bu sözlər Rəşid Behbudovun öz səsində
qalmaqdadır: "Lap uşaqlıqdan, necə deyərlər,
ağzımı açan kimi ana yurdumun, ana südümün
mahnılarını oxumuşam və indiyə kimi də, lap
qocalana kimi də hər yerdə xalqımı tərənnüm
etməklə özümü xoşbəxt biləcəyəm.
Öz nəğmələrimlə digər xalqlara Azərbaycanın
salamını yetirirəm. Bununla da mən xoşbəxtəm,
həmişə bu yolla getmişəm və axıracan da gedəcəyəm".
...Nələrdən xoşbəxt ola bilməyindən
xəbərdar olmaq insanın birr ayrı bəxtiyarlığıdır.
Bəzən insan səadət içərisində
yaşayır, amma bu məsudluğun fərqinə varmır.
Günlərin birində haçansa əslində
onunçün xoşbəxtliyin özü olmuş məqamlar
əlindən gedəndən sonra heyifsilənir ki, niyə o dəmlərin
qədrini vaxtında yetərincə bilmədim. Heyhat,
keçən günə gün çatmır.
Bizə nəsib oldu ki, nəhəngləri
gördük. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev,
Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət
Ələkbərova... kimi misilsizlərlə müasir olduq,
onlarla kəlmə kəsdik. Anlayırdıq ki, onların hər
biri zirvədir, onlara nəfəslərini duyacaq qədər
yaxın olmaq Allahın bizə lütfüdür. Ancaq indi
onlarsız qalarkən yenə özünü qınayırsan
ki, əziz günlərin qiymətini lazımınca bilməmişik,
gərək o müstəsnalarla birgə olmağa, onları
daha çox görməyə, daha çox dinləməyə
daha artıq can ataydıq.
İndi onların ətrini onlarla sıx ünsiyyətdə
olmuş insanlardan alırıq.
Mübariz Tağıyev Azərbaycan estradasının
tarixinə sağkən adını həkk etməyə nail olmuş
sənətkarlarımızdandır. Mənim nəzərimdə
o, yalnız layiqli sənət səviyyəsinə sahib
olduğu, onillərə sığan
yaradıcılığı ilə xalqın istəkli
ifaçılarından birinə çevrildiyi
üçün deyil, həm də bəxtinə illərcə
Rəşid Behbudovla birgə işləmək səadəti
düşdüyünə görə xoşbəxtdir.
Mübarizdən nə vaxt Rəşid Behbudov
haqqında soruşmuşamsa, ilk sözü həmişə
"ustadım" olub. Ancaq bundan da artıq - etiraf edib ki,
heç vaxt Rəşid Behbudovu ona qanla, sümüklə
doğma olanlardan ayırmayıb, onu əsliylə-köküylə
bağlı olduqlarından biri sayıb. Həm də bunu
yalnız hissiyyat olaraq demirdi, bu inamda olmasının səbəbini
açırdı: "Rəşid müəllimlə
doğmalığımın səbəbi, yəqin ki, əvvəl
elə onun özündən gəlir. O özü də mənə
bir doğması kimi yanaşıbdı. 16 il az müddət
deyil və ataların da sözüdür ki, insanı yolda
tanıyarlar. 16 il ərzində mən Rəşid müəllimlə
yollarda olmuşam. Göydə, yerdə, dənizdə, okeanda.
Söhbət 1970-1980-ci illərdən gedir. Səfərdən
qayıdırdıq, heç üstündən bir həftə
keçməmiş yenə növbəti qastrol
üçün yola çıxırdıq. Azərbaycanı
layiqincə təmsil eləməyin əsas
ağırlığı isə daim Rəşid müəllimin
çiyinlərində idi, ən birinci cavabdehlik ondaydı.
Biz xeyli gənc idik. Sözün düzü, səfərlərin
gərginliyi, qastrolların bolluğu içərisində biz
məsuliyyətimizi, ola bilsin, sonacan dərk etmirdik. Ancaq o
böyük insan sanki sinif otağında idi. Hər gün bizə
dərs verirdi. Öz davranışı ilə, səhnə mədəniyyəti
ilə bizə nümunə göstərirdi. Deyirdi ki, izləyin,
görün nə baş verir, baxın ki, mən konserti nə
cür başlayıram, necə bitirirəm. Hansı
şövqlə, hansı həvəs və ilhamla
başlamısansa, elə o ruhda da tamamlamalısan, əvvəldən-axıradək
heç bir artıq-əskik hərəkət, xaric notlar,
yorğunluq əlaməti, yüksək səhnə mədəniyyətinə
azacıq da uyğun gəlməyən əlamət gözə
dəyməməlidir".
Mübariz Tağıyev bunları söyləyir, istər-istəməz
bir vaxtlar Mahnı Teatrının yerləşdiyi Kukla
Teatrında Rəşid müəllimin apardığı məşqləri
xatırlayıram. Eynən elə Mübariz söyləyən
kimi - öyüdlərini verirdi, izah edirdi, nəyi necə
oxumağı, səhnədə hansı hərəkəti
necə etməyi şəxsən özü göstərirdi
və yetirmələrindən də istədiyini almayınca əl
çəkmirdi.
Özü özünə qarşı həmişə
amansız olmuşdu.
Rəhmətlik Tofiq Quliyev gileylənirdi, amma həm də
aydınca hiss olunurdu ki, bu giley o gileydən deyil, əksinə,
məhz guya narazı qalıb gileyləndiyi cəhət əslində
ona xoş gəlir. Deyirdi ki, bircə dəfə də olsun
görmədim ki, Rəşidə təzə mahnımı
verim, o da üç-dörd günə oxusun. Hər
mahnımı azı üç-dörd ay üzərində
işləyəndən sonra ortaya çıxarırdı.
Öz mahnım mənim nəzərimdə köhnəlmiş
olurdu, fikirləşirdim ki, bundan sonra Rəşid həmin
mahnını lap əla ifa etsə də, məni xüsusi
olaraq təsirləndirməz. Lakin üç-dörd ay
çərlədəndən sonra, axırı ki, bir gün
özü "Hə, deyəsən, hazır kimidir, di
keç bir çal, görək başımıza nə gəlir"
deyib oxuyunca baxardım ki, elə bil bu, Rəşidə
üç-dörd ay verdiyim melodiya deyilmiş, tamam yeni əsərdir.
Özünə necə tələbkar idisə, eyni tərzdə
də dəstəsindəkilərə yanaşırdı.
Ancaq həm də təbiətcə şux, zarafatcıl bir
insandı. Ətrafındakıları nə qədər
sıxsa, nə qədər çox işlətsə də,
yorulmağa, həvəsdən düşməyə
qoymazdı.
Mübariz Tağıyev də elə bunu deyir: "Həyatda
həddindən artıq mülayim, həddindən artıq
yumoru sevən bir insandı. Məşq vaxtında hərdən
o həddə çatırdı ki, sanki araya inciklik
düşürdü. Rəşid müəllim o gedişatda
güzəştsiz olurdu. Məşq başa çatınca
isə yenə dönüb olurdu başqa adam - qucaqlayıb
bağrına da basırdı, lətifə də söyləyirdi,
bizimlə bir yerdə çay da içirdi, Allah-bəndə
söhbəti də edirdi. Bu davranışa o qədər
alışmışdıq ki, məşq vaxtlarındakı
sərt rəftardan bəzən incinsək də,
dözürdük, başa düşürdük ki,
bütün bunlar işin xatirinədir".
...Rəşid Behbudovun bütün
yaradıcılığını indi xəyalən
yaddaşımdan keçirirkən gəldiyim qənaətlərdən
biri də bu olur ki, böyük sənətkarda fitrətdən
gələn incə, həm də çox iti və qüvvətli
seçim qabiliyyəti olub. Və içərisində
özü üçün qətiləşdirib qəbul
etdiyi şərtlərə də heç vaxt dönük
çıxmayıb. Bəzən hansısa konyunktur səbəblə
bağlı mütləq oxumalı olduğu mahnıdan belə
imtina etməyə özündə güc tapıb.
Rəşid müəllim bir dəfə mənə
danışırdı ki, deputat seçkilərində
iştirak etməkçün Lənkərana gedibmiş.
Sovet siyasətinin belə özəllikləri də
vardı ki, adını seçki qoysa da, seçməyə
imkan verməzdi. Yəni heç vaxt ikinci namizəd
olmazdı. Elə bircə iddiaçı, ona da səs verməlisən.
Amma digər əcaiblik də bu idi ki, onsuz da mütləq
seçiləcək namizəd gedib camaatla görüşərdi,
iş aparardı, guya bir başqasına da səs verə bilərlərmiş
kimi xalqdan təvəqqe edərdi ki, səslərinizi mənə
verin.
Lənkəranda seçicilərin
görüşünə Rəşid Behbudov onlara hədiyyə
olaraq çay haqqında bir şeir yazdırıb mahnı bəstələtdiribmiş
ki, birinci dəfə orada çayçı
qızlarçün oxusun.
Konsertdən əvvəl çay süfrəsi
açılır. Rəşid müəllim deyirdi ki,
çayı gətirdilər, rəngi açıq idi,
dadına baxdım, dadı da xoşuma gəlmədi.
Narazılığımı bildirdim ki, mən sizdən
ötrü şairdən xahiş etmişəm şeir
yazsın, bəstəkara ağız açmışam ki, o
şeirə yaxşı bir mahnı qoşsun, siz də gətirib
qabağımıza belə çaya oxşayan bir məhlul
qoymusunuz, özü də soyumuş.
Yeri gəlmişkən, Rəşid müəllim
özü yaxşı çay dəmləyirdi, ətirli,
pürrəngi çayı içməyi də
xoşlardı.
Böyük müğənni nağıl edirdi ki, o
gün orada çaydan küsdüm, həmin mahnını da
oxumadım, nə o vaxt, nə də sonralar. Üstündən
bir müddət keçəndə çay haqqındakı
mahnının sözlərini dəyişdirtdirib elədim
çörək haqqında nəğmə.
"Çörək" mahnısını Rəşid
müəllim vaxtilə oxuyub, lentə də yazdırıb -
ruscadır. Ancaq nəqərat yerinə oxuyanda ki, "Ay xleb,
can xleb" daha o mahnının ruscalığından da əsər-əlamət
qalmır.
...Yaradıcılığında,
repertuarındakı seçimdə dəqiqliyi xoşlayan Rəşid
Behbudov yaratdığı Mahnı Teatrı üçün
ifaçıların hər birini də son dərəcə
vasvasılıqla, yüz ölçüb, bir biçərək
toplayırdı, dəstəsini xaricə aparanda isə gedəcəkləri
ölkəni və hər ifaçının özünəməxsus
cəhətlərini də nəzərə alaraq Rəşid
müəllim daha bir sərt seçiminə
başlayırdı. Xaric məsələsində xüsusən
ehtiyatlı idi. Çünki sovet dövründə belə
hallara az rast gəlinməmişdi ki, KQB-nin ən qatı
güdükçülüyünə rəğmən, xaricə
gedərək qayıtmayanlar da olmuşdu, belə
aradançıxmalara görəsə çox başlar
ağrımışdı.
Bircə nəfərin qəbahətli hərəkətinə
görə bütün heyət, elə şəxsən Rəşid
Behbudov özü ağır cəzalandırıla bilərdi.
Mübariz Tağıyev onun seçdiyi, sevdiyi,
inandığı yetirmələrindən idi. Mübariz
ömrünün Rəşidli hissəsinin nə sayaq
başlanmasının hekayətini də
danışırdı.
Mübariz 1970-ci illərdə hərbi xidmətdən
qayıdınca Mahnı Teatrında işləməyə
başlamışdı.
Rəşid müəllim onun əmək
kitabçasını vərəqləyərək Mahnı
Teatrınadək harada işləməsi ilə maraqlananda
fikirli-fikirli qayıtmışdı ki,"sənin işlədiyin
orkestrdə mən də çalışmışam".
"İlk görüşümüz 1970-ci illərlə
bağlıdır. Mahnı Teatrına Rəşid müəllimin
dəvəti ilə qoşuldum. Rəşid müəllim dedi
ki, bilirsən də, sənin işlədiyin Ermənistan
Dövlət Estrada Orkestrində mən də bir vaxtlar işləmişəm".
Mübariz özündən yaşlılardan
eşitdiklərini söyləyibmiş Rəşid müəllimə,
o da təsdiqləyibmiş.
İrəvanda işlədiyi vaxtlarda konsertlərindən
sonra filarmoniyanın qapılarını güc-bəla kilidlərmişlər.
Rəşid yalnız arxa qapıdan, kimsəyə
görünmədən çıxıb gedə bilirmiş.
Populyarlığı, şəhər əhalisində onun
oxusuna sevgi həddən ziyadəymiş.
Bu, hələ yolun əvvəli idi. Rəşidin
Hindistandakı ifrat sevilməyindənsə Mübariz başqa
təfərrüatları çatdırır: "Hindistanda
Rəşid Behbudovla səkkiz-doqquz dəfə olmuşam. Sadəcə
olaraq, mən gördüyümü deyirəm. Bombey şəhərində
hava limanından mehmanxanaya kimi camaat onun pişvazına
çıxırdı, elə bil hansısa böyük
ölkənin prezidentini qarşılayırlar. Hava
limanından ta mehmanxanaya kimi axın-axın insan bir yana, filləri
sıralayırdılar, ağ gül çələngləri
o qədər çox olurdu, elə bil pambıq
tarlasındasan. Bir dəfə Rafiq Babayevə dedim ki, axı
belə pərəstiş, belə sevgi olmur, bu nədirsə,
ayrı şeydir. Axı biz Azərbaycanda deyilik, heç
Moskvada da deyilik, Hindistandayıq". Rafiq mənim bu sözlərimin
müqabilində dedi ki, sən hələ harasını
görübsən! Kaş 1960-cı illərdəki Hindistan
konsertlərini görəydin. Konsert açıq havada idi, bir
divarı tam sökərək camaat içəri
doluşmuşdu. Polis istəyirmiş ki, müdaxilə etsin,
Rəşid Behbudov xahiş edir ki, əl vurmayın, qoy dinləsinlər.
İndira Qandi Rəşid müəllimə deyibmiş ki, nə
zaman ürəyin istəsə, başının dəstəsiylə,
dəvətsiz-filansız durub gələ bilərsən, bura
artıq sənin öz şəhərin, öz ölkəndir.
Mübariz şahidi olduğu ayrı əhvalatı
yada salır, "Ustalıq, sənətkarlıq bir ayrı,
kişilik, mərdlik tamam başqa keyfiyyətdir", -
söyləyir.
Belçikadaymışlar. Rəşid
tamaşaçıların qarşısına
çıxmağa hazırlaşırmış. Diqqət
edir ki, səhnədəki işıqlardan bəziləri
yanmır. Təkid edir ki, düzəldin, o, qaydaya
salınmayınca səhnəyə çıxmayacağam.
Öz elektrikləri elə gözəyarı birləşdirir,
Rəşid gəlir səhnəyə, qolunu səhnənin
yan tərəfindəki arakəsməyə tərəf uzadaraq
söykənən kimi olur. Sən demə, orada da
açıq naqil varmış, elektrik cərəyanı
müğənnini əməlli-başlı silkələyir.
Mübariz yada salır ki, hətta kəskin bir səs də gəldi.
Rəşid müəllimi müşayiət edənlərin
hamısı həyəcanlanır. Ancaq Rəşid silkələnsə
də, bunu büruzə verməməyə
çalışır, gedib mikrofonu götürür,
başlayır oxumağa. Camaat onu elektrik cərəyanının
vurduğunu görmüşdü. İndi üstündən
saniyələr sovuşandan sonra oxumasını da eşidirdilər.
Rəşid tərcüməçini səhnəyə dəvət
edir. Başlayır zalla danışmağa ki, narahat
olmayın, oldu keçdi.
"Konsert yarımçıq qırılmasın deyə
Rəşid müəllim belə qəhrəmanlıq etdi.
Zalda təqribən 1200 adam vardı. Konserti əvvəldən-axıradək
oxuyub tamamlamışdı, sürəkli alqışlara vəcdə
gəlmiş musiqisevərlərin zalın müxtəlif
guşələrindən yüksələn "Bravo"
qışqıran sədaları qarışırdı".
Ertəsi gün Belçikanın aparıcı qəzetlərindən
birinin bütöv səhifəsi dünənki konsertə həsr
edilibmiş. Rəşid Behbudov haqqında qəzetin
icmalçısı yazırmış ki, biz səhnədə
indiyədək çox şeylər görmüşük,
lakin peşəkarlığın bu səviyyəsi ilə ilk
dəfədir rast düşürük.
Heç bir dəfə SSRİ məkanında Rəşid
Behbudovun tembrindən danışmayıblar. Biz başqa bir
ölkədəyik. Rəşid müəllimin səsi
tenordur, tutaq ki, tenor çoxdu da. Ancaq məqalədə
tembrindən söhbət gedir ki, bu səs heç bir tenora
oxşamır. Səsin çalarlarında rənglər var
ki, heç bir tenorla müqayisə olunmur bu. Adlar da çəkib,
Pavarotti və sairə adlar yazıb orada. Başa
düşülməyən bir şeydi. Təbiət
görün nələr yaradır və s. Deməli, tərcüməçi
qəzeti oxuyur. Xoşuna gəlmirdi ki, özü barədə
xoş sözlər deyəndə "Hə, sağ ol,
sağ ol, çox sağ ol, - dedi. - Qoyun eşidək də.
Onu sonra sizin üçün oxuyar".
Xatirələr Mübarizi 1980-ci illərin
başlanğıcına aparır, dahi Rəşid Behbudovun
uşaq kimi sevindiyi günü yada salır.
"Bir gün Rəşid müəllim dedi ki, vacib məsələ
var, Heydər Əliyevin yanına getməliyəm. İndiyəcən
belə xahiş etməmişəm, ancaq daha bıçaq
sümüyə dirənib, ağız açmağa məcburam.
Əgər bu iş müsbət həll olunsa, bu, həyatımın
ən xoşbəxt saatı olacaq".
Mahnı Teatrının öz daimi binasının
yoxluğu bir dərdmişsə, ikinci sıxıntı da
avtobusla əlaqədarmış. İş ondadır ki,
Mahnı Teatrı elə yalnız xarici qastrollara
yollanmırdı, sovet dövrünün tələblərinə
uyğun olaraq vaxtaşırı kolxozlarda, idarə və
müəssisələrdə də çıxış etməli
idilər. Sınıq-salxaq bir avtobusları varmış.
Mübariz yada salır ki, 100-200 kilometr yol gedəndən sonra
elə çalxalanırdıq ki, daha oxumağa taqət
qalmırdı. Benzinin iyi-qoxusu da birbaşa içəri
vururdu, məcbur olurduq ki, bütün pəncərələri
açıq saxlayaq.
"Nə isə, Rəşid müəllim getdi,
bizim məşqimiz qurtarmışdı. Amma kimsə yerindən
tərpənmirdi. Kukla Teatrının binasında oturub səbirsizliklə
Rəşid müəllimi gözləyirdik ki, görək nə
xəbərlə qayıdacaq. Saat haradasa altının
yarısı oldu. Onu gördük ki, Rəşid müəllim
gəlir. Əhvalı yaxşı olanda iki mərtəbənin
pillələrini Rəşid müəllim quş kimi
qalxırdı, qanı qarı olanda biraddım-biraddım.
Qıvraq gəlməyinə sevindik ki, deyəsən,
nəzərdə tutduğu iş düzəlib. Eh, o
anları videoya çəkən olaydı, görəydiniz o
boyda dahi bir uşaq sevinciylə necə fərəhlənir.
Girdi otağa, əllərini bir-birinə vurdu ki, sənə
qurban olum, ay Allah! Birinci sözü bu oldu ki, İlahi Heydər
Əliyevi qorusun. Onun böyük ürəyi, sənətə
məhəbbətidir ki, məni əliboş qaytarmadı.
Ondan teatrımız üçün avtobus istədim. Sağ
olsun ki, sözümü yerə salmadı. Rəşid müəllim
bunları söylədikcə gözləri
parıldayırdı, sifəti təbəssümlə
işıqlanmışdı. Çöndü
sürücümüzə tərəf. Cəld get
"İnturist"in yanına. Orada bizə
ayrılmış "İkarus" var, nömrəsi də
bu, bugündən həmin maşın bizimdir.
Sevincdən hamımız əl çalmağa
başladıq. Rəşid müəllim davam elədi ki, hə,
indi bir dəqiqəliyə əyləşin. Yaxşı
hazırlaşmaq lazımdır, Heydər Əliyevi konsertimizə
dəvət etmişəm".
Bilmirəm bu, həqiqət idi, ya xalqın
yaratdığı növbəti Rəşid əfsanəsi.
Artıq Heydər Əliyev respublika rəhbərliyindən
ayrılaraq Moskvaya getdiyi, Kremldə
çalışdığı dövr idi. Hərdən
Bakıya qısa səfərləri olurdu. Bəlkə də
bu, təsadüf idi ki, Heydər Əliyevin Bakıya gəlişi
günlərində Azərbaycan Televiziyası hər dəfə
"Bəxtiyar" filmini nümayiş etdirirdi. Camaat
arasında söz çıxmışdı ki, guya bunu Heydər
Əliyevə görə edirlər. O, bu filmi çox sevir, əsas
səbəb də odur ki, gənclik çağlarında, Zərifə
xanımla yolları təzə qovuşan dövrdə ikilikdə
tez-tez bu filmi seyr edərək oradakı nəğmələri
birgə dinləməyi xoşlarmışlar.
Bu, insanlarımızın təxəyyülüdürmü,
ya elə həqiqətən beləymiş? Bu suala dəqiq
cavabı tapmaq daha mümkün deyil. Nə Heydər Əliyev
həyatdadır, nə Rəşid Behbudov sağdır. Ancaq
yüzfaizli həqiqət olan başqa mətləblər var.
Böyük Heydər Əliyev Niyazini də, Tofiq Quliyevi də,
Rəşid Behbudovu da, neçə başqa parlaq sənətkarımızı
da könüldən sevirdi, həmişə onlara dayaq
durmağa, ürəklərini sevindirməyə
çalışırdı. Çünki mahiyyətcə
onlar eyni zümrədən olan, eyni ucalıqlardakı mənəviyyatın,
yenilməz ruhun daşıyıcılarıydılar.
O qüdrətli sənətkarlara vaxtın ərməğanı
idi ki, onları həssaslıqla duyan və dəyərləndirən
Heydər Əliyev kimi sənətə bağlı bir şəxsiyyətlə
yanaşıydılar.
Rəşid Behbudov respublika rəhbərindən
müasir xarici avtobus xahiş etmişdi. Heydər Əliyevin
yüz cür işi, ən müxtəlif qayğıları
vardı. Söyləyə də bilərdi ki, baxarıq,
araşdırarıq, bir həll çarəsi arayarıq.
Ancaq qıymırdı ki, duyğulu insanların səbrini
tarıma çəksin. Çünki bu nadir
yaradıcıların hər birini yaxşı tanımaqdan əlavə,
həm də onlarla dostluq edirdi. Onların təbiətlərinə
də yaxşı bələddi. Əmin idi ki, bu jesti Rəşid
və onun komandasına elə fərəh
bağışlayacaq ki, həmin impuls hökmən hansısa
yeni əsərlərin doğulmasına da bais olacaq.
Sabaha saxlamadan düyünü yerindəcə
açır, tapşırır ki, "İnturist"
üçün yenicə alınmış
"İkarus"lardan birini Mahnı Teatrı
üçün ayırsınlar.
"O gündən etibarən rayonlara rahatca gedib-gəlirdik.
Hər dəfə yola düşəndə də bu
rahatlığı bizə pay verənə dua edirdik. Avtobus o
dövr üçün möcüzə kimi idi. Hətta
videokaset göstərən qurğusu da vardı".
Təzə avtobusu alandan sonra ilk səfərlərindən
biri Ağcabədiyə olubmuş. Atalarımız yolu nahaq
yerə insanın necəliyini sınaqdan keçirməkçün
məhək daşı saymayıblar. Çünki yolun
narahatlıqları, löyün-löyün çətinlikləri
əsəbləri də yalınlaşdırır, insanı
bəzən dözümsüz, hövsələsiz edir və
başqa, daha asudə vəziyyətdə gizlədə
bildiyin xüsusiyyətlərin bircə anda pırtlayıb
üzə çıxır.
İllərcə Rəşid Behbudovu ən ekstremal
durumlarda müşahidə etmiş Mübariz Tağıyev
bunu da söyləyir ki, böyük ARTİST olan Rəşid
Behbudov həyatda heç vaxt artistlik etmirdi, heç vaxt
oynamırdı, necə vardısa, elə idi.
"Ağcabədidə dedilər ki, nəsə
yığımda geriləmə var, ona görə gərək
kolxozçular çox işləsin, konserti yarım, yaxud bir
saat gec başlamaq lazımdır. Rəşid müəllim dərhal
tərəddüdsüz dilləndi ki, yeddidə deyirsiniz,
yeddidə başlayaq, lap ehtiyac olsa, doqquzda da başlayarıq,
gecə birədək də burada konsert verməyə
hazırıq. O gün zal ağzına kimi dolu idi,
qapının yanında da yer yoxdu, cərgələr
arasında da adamlar ayaq üstə durmuşdular. Rəşid
müəllim gəldi səhnəyə, üz tutdu
zaldakılara. Sözünü bircə cümlə ilə
başladı, biz də qəhərləndik, zaldakılar da
kövrəldilər. Birinci sözü o idi ki, "sizin
qabarlı əllərinizə qurban olum". Səhnə
arxasında birtəhər olduq. Bu söz bizi çox tutdu,
axı sözü deməyin təhəri var da. Bunu Rəşid
müəllim o qədər ürəkdən, o qədər səmimi
deyirdi ki, riqqətə gəlməmək mümkünsüz
idi, üstündən nə qədər illər keçib,
indi deyirəm, yenə doluxsunuram".
Mübariz həvəsə gəlib qayıdır həmin
axşama, daha dəqiqi, həmin gecəyə, çünki o
gün həmin konsert gecə saat ikiyədək çəkibmiş
- Rəşid Behbudov enibmiş zala, gəlibmiş adamların
arasına, əfsanəvi sənətkar, bu zəhmətkeş
insanların həmişə radiodan eşitdikləri,
teleekranlardan gördükləri əfsanəvi sənətkar
bu sadə kənd adamlarının lap böyründəymiş.
Pambıq yığmaq nədir, Rəşidin insanlara bəxş
etdiyi bu ruhun, bu ilhamın müqabilində onlar artıq
dağı dağ üstünə qoymağa
hazırdılar.
Gecə yarısı Rəşid bir də elan edir. Biz
üç günlüyə gəlmişdik. Konsertlərimizin
vaxtını bir həftəliyə uzadırıq. Yeddi
gün sizinlə olacağıq.
Bugünün insanları, cavan nəsil ovaxtkı
şəraiti dürüst təsəvvür edə bilməz.
İndi kəndlərimizdə də şəhər şəraiti
var. Ancaq o vaxt içməli sudan tutmuş gecəni yatıb
dincəlməkçün alababat mehmanxana tapmağacan hər
iş daşdan çıxırmış.
Dahi Rəşid, çoxlarının heç Azərbaycandan
kənara çıxa bilmədiyi çağlarda
dünyanın neçə ölkəsini gəzib-dolaşmış,
ən lüks hotellərdə ən xudmani şəraiti də
görmüş əvəzsiz sənətkar el-obanın,
dövlətin, xalqın xatirinə bu əziyyətlərə
ürəkdən qatlaşırdı.
Sovet dövləti o dövrdə sənətkarlara
"Əməkdar artist", "Xalq artisti" fəxri
adlarını verirdi.
"Əməkdar" - əməyi çox olanlar
da, "Xalq artisti" adına layiq görülənlər də
məhz xalq üçün çalışan sənət
sahibləri idi.
O şəraitdə, yəni əslində o şəraitsizlikdə
bu insanlar sədaqətlə millətin xidmətində
durublar. Bu cür qiymətli insanları unutmaqmı olar?!
"Bizim xoşbəxtliyimiz onda olub ki, Rəşid
müəllim kimi ali dərəcəli sənətkar və
insanla işləmişik. Azərbaycanımızın
bütün rayonlarında, kəndlərində dəyişik
vaxtlarda hər yerdə iki-üç dəfə ola-ola
konsertlər vermişik. Elə yerlər olurdu ki, 40 vatlıq
lampanın işığında konsertlər gedirdi. Xankəndi
və Şuşada konsertlərimiz olmalı idi. Əvvəlcə
Xankəndiyə gəldik. Tərtəmiz küçələr,
təmiz konsert salonu, hər şey normal. O biri gün
Şuşaya getməliydik. Xankəndidə olan konsertimizdən
əvvəl Rəşid müəllim bir erməni xalq
mahnısının melodiyasını zümzümə etdi,
dedi ki, sən ermənicə bilirsən, bunun birinci
misrasını yaz mənimçün. Mən də
yazdım, verdim. Amma hər ehtimala qarşı soruşdum ki, Rəşid
müəllim, ardı var, hamısını əzbər bilirəm,
bəlkə obiri sətirləri, bəndləri də
yazım. Yox, lazım deyil, elə bircə bu bəsdir"
dedi.
Bu, muğam üstündə yazılmış bir
mahnı idi, ermənilər çıxmışdılar
öz adlarına. Rəşid müəllim başladı
oxumağa. Zal dəyib bir-birinə. Biri ayağından
öpür, biri əlindən öpür. Yenə Rəşid
müəllim müraciət elədi zala. Dedi ki, belə olar
da. Elə bilirsiniz bu mahnı sizindir? Bu, erməni
mahnısı deyil, Azərbaycan təranəsidir.
Qulaq asırdılar, Rəşid müəllim nə
deyirdi, yeyirdilər".
Rəşid Behbudov bunları edəndə hələ
Ermənistandakı azərbaycanlılar da yerlərində idilər,
ermənilərin də tifaqı
dağılmamışdı, ara-sıra, altdan-altdan xəbis əməllərini
törətsələr də, hələ buynuzları
içəridə idi.
Rəşid müəllimin başçılıq
etdiyi dəstə ilə Mübariz Tağıyev sonra
Şuşaya yola düzəlmişdi və onda bir xəyal
qırıqlığı yaranmışdı. Yəqin ki,
Xankəndiylə Şuşanın müqayisəsi onun
başqa səfər yoldaşlarına da pis təsir
etmişdi. Ancaq Mübarizin baxışının onların
yanaşması ilə təfavütü vardı. Axı o, irəvanlı
idi! Axı Mübariz orada, ermənilərin arasında
yaşadığı illərdə sovetin
şüarçı xalqlar dostluğu siyasətinə
görə onların səslərini bərkdən
çıxarmağa sən deyən cürət etmədiyini
sezsə də, ermənilərin bizlərə qarşı idbar
sifətlərini az görməmişdi. Orada nə şəkildəsə
dözmək olurdusa, burada, Vətənin içində belə
yöndəmsizliklərə tab gətirmək çox
ağırdı.
"O biri günü gəldik Şuşaya.
Aşağıda Xankəndidə bir mənzərə
görmüşdük, burada - Şuşada şəkil tam dəyişdi.
Pansionatın damı yatıb, qəbirlərimiz yanı
üstə, küçələrdə o qədər də
təmizlik yox. Konsert verəcəyimiz zal da xoşagələn
halda deyildi. Ay Allah, bu insanı elə bil yüz səksən
dərəcə dəyişdin. Rəşid müəllim
çox əsəbi idi. Gevorkovun nəslində adam
qalmadı, söyürdü. Nə isə, konserti verdik,
yaxşı keçdi. Sonra Rafiq Babayev mənə deyirdi ki, Rəşid
müəllim məni çağırmışdı
otağına. Söyləyibmiş ki, heç də təqsirin
hamısı ermənidə deyil, özümüzdə də
günah çoxdur, özümüz yiyə durmuruq, ona
görə də erməni keçib qabağa. Bakıya
qayıdan kimi də Rəşid müəllim getmişdi Heydər
Əliyevin qəbuluna, bütün gördüklərini,
ürəyindən keçənləri ona
danışmışdı. Demişdi ki, belə olmaz. Özlərinə
gül-çiçək əkiblər, hər yer
yaşıllıq, abadlıq, bu yanda da cənnət məkan
uçulub-dağılmaqda. Bu nə deməkdir? Bunlar kimdirlər
ki, gəlib burada ağalıq eləsinlər?" Deyəsən,
Heydər Əliyev də söyləyibmiş ki, "bilirəm,
narahat olma". Bizə də dedi ki, gərək bura tez-tez gələk.
Bizim ən böyük səhvimiz odur ki, ildə bir dəfə
gəlirik, ya gəlmirik. Konsertlər təşkil olunmur burada.
Bura beşikdir. Burada arası kəsilməyən tədbirlər
keçirilməlidir. Burada müsabiqələr keçirilməlidir.
Deyəsən, o vaxt müəyyən qədər nəyəsə
nail oldu".
...Bunları da Mübariz Tağıyev qəhərlənərək
xatırlayır. Deyir, Rəşid müəllimə təklif
etmişdilər ki, sən qonaq evində qalmalısan.
Razılaşmamışdı ki, yox, harada ansambl, harada
uşaqlar, mən də orada. Bir dəfə olmadı ki,
qastrollar əsnasında Rəşid müəllim ya ayrı
mehmanxanada, ya da bizim qaldığımızdan fərqli daha
rahat bir yerdə qalsın. Bu həm onun bizə hörməti
idi, həm də elə özünə. O, hamımıza
atalıq edirdi.
...Ölməz Rəşid Behbudovdan şagirdlərinə,
davamçılarına bir dərs də yadigar qalıb. Rəşiddən
o dərsi aldıqları, Rəşiddən belə
gördükləri üçün onun ardıcılları
heç vəchlə heç vaxt ucuz sənətə yuvarlanmaz,
başdansovdu iş görməzlər.
Onlara mahnı üzərində necə işləməyin
öyüdünü verirmiş: "Gəlib dayanırdı
ki, bu nədir, bunə oxumaqdır? Vergülü yox, nöqtəsi
yox, nidası yox. Neyləyirsiniz, başa düşmürəm?
Deyirdik ki, ay Rəşid müəllim, melodiya belə
yazılıb da. Hirslənirdi ki, çox da o cür
yazılıb, görmürsünüz, hiss etmirsiniz ki, burada
nəsə çatmır? Melodiya o təhər
yazılıbsa, çağırın bəstəkarı,
deyin düzəltsin. Bu mahnı Rəşidin adı ilə
bağlı Mahnı Teatrından çıxacaq, ona görə
hər nöqtə öz yerində olmalıdır. Melodiyada
da oyun çıxartmayın, artıq boğazları etməyin,
əcnəbi boğazları qatıb musiqimizi korlamayın. Biz
azərbaycanlıyıq. Bir dəfə mənə dedi ki, ay
oğul, 2000 yerlik zaldır, gedib dayanıbsan səhnənin
qırağında, orada nə görürsən, nə var
orada? Yəni mən öz aləmimdə guya istəyirdim səhnəni
dolduram, həm sağda olam, həm solda olam. Mənə bir kəlmə
dedi ki, bilirsən nə var, səhnənin ortasında
dayanıb düz tamaşaçının gözünə
baxa-baxa oxu, sənin üzündəki cizgilər oxuna
uyğun gəlirsə, 2000 yerlik zal səninkidir, əgər sənin
üzündə ayrı bir təbəssüm varsa,
oxuduğun mahnının mətni ayrı hissi
pıçıldayırsa, deməli, mahnı alınmadı,
demək, sən də səhnədə yoxsan".
Tövsiyə edirmiş ki, evdə güzgü
qarşısında oturub işləyin, bütün
mahnıları birinci notundan axırıncı notunacan, ilk
sözündən axırıncı sətrinəcən
güzgüdə özünüzü izləyə-izləyə,
sifətinizin cizgilərini idarə edə-edə, dönə-dönə
məşq edin. Anladırmış ki, düz öz
gözünüzün içərisinə baxa-baxa
özünüz üçün oxuyun, duyaraq oxuyun, sənə
çatırsa, sabah tamaşaçı ilə eynən bu
cür göz-gözə dayananda içərindəkinə,
oxuduğuna onu da inandıra biləcəksən.
...Rəşid Behbudov ilk gəncliyindən səhnədə
olduğu, oxuduğu ixtiyar yaşınadək özünü
daim güzgü qarşısında hiss etdi. Yalnız bir
otaqdakı güzgünün qarşısında yox,
Böyük Millət Güzgüsünün
qarşısında! Bu Güzgü Rəşid Behbudova
yalnız oxuduğu ilə çöhrəsinin cizgiləri
arasında tam ahəngdarlıq yaratmaq, öz oxuduğuna
özü də inanaraq bu həqiqəti başqalarına da təlqin
edə bilməkçün gərək deyildi. Bu Güzgü
millət və tarix qarşısında məsuliyyətin
güzgüsü idi. Ona söyləyirdi ki, bax, indi sən
üzündəki ən xırda cizgini də ört-basdır
edə bilmədən belə aydın gördüyün kimi,
bu millət və tarix də səni həmişə dəqiq
görəcək. Elə et ki, Millət Güzgüsündə
bütün zamanlarda görünən alnın həmişə
açıq olsun!
Başqalarına etdiyi bu nəsihətə ilk gəncliyindən
yolunun sonuna qədər sərrast əməl etməyə səfərbər
olmuş böyük Rəşid Behbudovun qazancı həmin
Güzgüdən bu Millətin gözünə həmişə
dik baxa bilmək xoşbəxtliyidir.
28 noyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 7 dekabr (№225).- S.16-17.