Xalq rəssamı Fərhad
Xəlilov: "Ölkənin ordusu ilə mədəniyyəti
eyni səviyyədə olmalıdır"
Günləri qova-qova gəlib ilin son ayına
çatdıq. Amma təbiət öz qızılı donunda
hələ ki qalıb. Çılpaqlaşan ağacların
yaşıl donu sanki heç olmamış kimi yerə
tökülən yarpaqları ilə yollara, xiyabanlara sərilən
sarı rəngli xalıya bənzəsə də, ayaq
altında əzilən xəzəlin
xışıltısı sanki addım səsini
xatırladır. Payız aylarında hər gün izlədiyim
bu mənzərə, bir rəngin müxtəlif
çalarları həmişə marağımda olan sirli bir
dünyanın qapısını yenidən döymək istəyinə
doğru aparırdı məni. Çünki o qapının
arxasında sadə fırça ilə bir neçə
boyanın harmoniyasından yaranan möcüzə dolu dünya
insanı düşündürə də bilir, sevindirə də.
Və bəzən ağladır da. Bəşəriyyət
yaranandan bəri bu sirli aləm bir rəngin
yaratdığı möcüzə ilə dünyanı valeh
edərək insanlığı heyrətləndirməyi
bacarıb. Bu gözəlliyi yaratmağı isə Tanrı hər
kəsə nəsib etməyib. Adı rəssam olan bu insanlar
yaratdıqları möcüzə kimi Tanrının da
seçilmiş bəndələridir.
Bugünkü müsahibimiz həmsöhbət olmaq istədiyim
insanlardan biri olub həmişə.
Çıxışlarını hər zaman diqqətlə
dinləmişəm və hər dəfə də hiss
etmişəm ki, onunla müsahibəmiz mütləq olacaq.
Amma vaxtını, vədəsini bilmirdim. Vaxt isə
özü vədəyə sarı gələrək
zamanına çatdığından, artıq onu yubatmaq
olmazdı. Və beləcə, ilin son ayının ilk şənbə
qonağı Xalq rəssamı, Azərbaycan Rəssamlar
Birliyinin sədri Fərhad Xəlilovla oxucularımızın
görüşünə gəlmişik.
- Narahat dünya dinclik tapa bilmir...
- Məni bu dünyanın bir parçası olan Azərbaycan
daha çox maraqlandırır. Sualınız qəribə
bir vaxta təsadüf etdi. Bir neçə gün əvvəl
COP29 başa çatdı. Və onu deyə bilərəm ki,
Azərbaycanın gələcəyinə böyük inamla
baxıram. Çünki öz müstəqil siyasətini bu
gün Azərbaycan çox nüfuzlu ölkələrin
qarşısında böyük cəsarətlə
yürüdə bilir. Azərbaycan dünyada artıq qalib bir
ölkə kimi tanınır, irimiqyaslı beynəlxalq tədbirlərə
ev sahibliyi edir. Bu son tədbir onu göstərdi ki, Azərbaycan
artıq kiçik ölkələrin müqəddəratını
düşünür. Çox gurultulu səslənməsin,
amma Azərbaycan həmin kiçik dövlətlərin liderinə
çevrilir. Bu, böyük bir uğurdur. Bizim illərlə
uzanan bir narahatlığımız vardı, lakin o da dörd
il əvvəl həllini birdəfəlik tapdı, bizdən
alınanlar özümüzə qaytarıldı.
- Özünüzə bir yol seçdiniz, adı da rəssamlıq.
Və istənilən yolun mütləq bir
başlanğıcı var...
- Düzdür... Bu yolun başlanğıcı
uşaqlıq illərinə söykənir. Həm rəssamlıq,
həm musiqi kiçik yaşlarımdan həyatımın
vacib hissəsi olub. Lakin rəssamlıq daha əvvəl özünə
yer edə bilib. Demək olar ki, birinci sinifdən peşəkarlığa
tərəf istiqamət götürməyə
çalışdım. Rəsm dərnəklərinə
yazılırdım, görəndə ki, ora məni qane etmir,
çıxırdım. Bir müddətdən sonra yenə
yazılırdım. Düşünürdüm ki, bəlkə
yeni müəllimdə axtardığımı taparam.
Oxuduğum 23 saylı orta məktəbdə çox gözəl
rəsm müəllimimiz vardı - Yuri Yakovleviç
Lobaçov və deyərdim ki, mənə əsl təkan verən
o oldu. Fənnini o qədər sevirdi ki, şagirdlərdə
maraq yarada bilirdi. Şəkil çəkmək
üçün bizi İçərişəhərə,
Beşbarmaq dağına aparardı, çadır qurub orada
gözlə gördüklərimizi təsvirlərə
çevirərdik. Rus klassiklərindən Savrasovun, Vasnetsovun
bir neçə əsərini yağlı boya ilə işləmişdim
və bu rəsmlər məktəbin divarlarını bəzəyirdi.
- Beləcə, kiçikyaşlı bir şagird
yürüyəcəyi yolu məktəb divarları
arxasından seçdi və heç kəs də ona mane
olmadı...
- Rəssamlıq məktəbinə hazırlaşan
zaman heç bir təzyiq göstərmədən atam mənə
dedi ki, bəlkə memarlığa gedəsən? Mən ona
heç bir cavab vermədim. Atam isə bu məsələyə
bir daha qayıtmadı və buna görə ona çox minnətdaram.
Mən öz seçimimdə israrlı olduğumdan elə
onun ardınca da getdim. Yeddinci sinifdə orta məktəbdən
ayrılıb Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə
daxil oldum. Çox güclü təhsili və ənənələri
olan bu məktəb sovetlər birliyində qabaqcıl təhsil
ocaqlarından biri hesab edilirdi. Orada Vəcihə Səmədova,
Böyükağa Mirzəzadə, Qafar Seyfullayev və bir
çox sənətkarlar dərs deyirdi. Bu sənətkarlar məktəbdə
çox gözəl mühit yarada bilmişdilər. Amma mənim
orada toqquşmalarım da baş verirdi, ona görə ki,
düşündüklərim fərqli idi.
- Yəqin ki, bu fərqliliyin bir əsası olub...
- Gördüyüm işlər məni qane etmirdi. Ona
görə də bu, tez-tez yazıldığım dərnəklərdən
məni uzaqlaşdırır, sonra təkrar qaytarardı.
İkinci kursa keçəndə sanki göydən düşən
kimi əlimə İrvinq Stounun "Yaşamaq
yanğısı" romanı keçdi. Vinsent van Qoqa həsr
olunmuş bu roman mənim həyatımı demək olar ki,
çevirdi. Van Qoqun həyatı, onun sənət eşqi,
dahiliyi, yazıları mənim üçün müqəddəs
idi. Baxmayaraq ki, Qogen çox böyük rəssam olub van Qoqu
incitdiyi üçün uzun illər onun əsərlərinə
baxmadım. Bu günə qədər van Qoqa olan pərəstişim
hələ də davam edir, çünki o, sənət
üçün yanan, ürəklə çalışan rəssam
həyatımda bir inqilab yarada bildi. Gecə-gündüz bilmədən
o zaman Serebrovski adlanan mədənlərdə, Zabrat
yolundakı mədənlərdə palçığın
içində, çənlərin üstündə dayanmadan
çəkməyə başladım. Günlərin bir
günü məktəbin dərs hissə müdiri vardı
Ağabala müəllim, məni çağırıb dedi
ki, sən nə çox ora-bura qaçırsan? Rəssam
olmaq istəmirsən? Sənətdən ötrü yanan bir
adama belə sözü demək olardı? Çəkdiklərimi
sinfin bütöv bir divarına asdım və nəticədə
yaxşı bir "iki" yazdılar mənə. Ona görə
yazdılar ki, çəkdiklərim proqramdan kənar və
dövrün fəlsəfəsinə uyğun deyildi.
- Yazılan "iki"nin təsiri özünü yəqin
ki, göstərdi...
- Müəllimlərimizdən biri Mirzəağa
Qafarov Sankt-Peterburqda təhsilini yeni başa vurub məktəbimizə
gəlmişdi. O, məni müdafiə etdi və nəticədə
"iki"ni aradan qaldırdılar. Bir az səs-küy qalxsa
da, rəssam təbiətli müəllimlərimiz qəddar
deyildi. Sonralar çox böyük rəssam olan Kamal Əhməd
bizdən iki kurs yuxarıda oxuyurdu. Çəkdiklərimi
görəndən sonra soruşmuşdu ki, bunu hansı dəli
çəkib? Beləcə, onunla da tanış olub
yaxınlaşdıq. Bir kompozisiyasına görə
aldığı "iki"dən təcrübəli
olduğu üçün mənə dedi ki, bura belə rəsmlər
gətirmə. Sonralar Kamalla çox yaxın dost olduq.
- Ali təhsili Rusiyada aldınız. Bunu yəqin ki, həmin
dövrün prestiji kimi qəbul etmək olar...
- 1967-ci ildə Stroqanov Rəssamlıq Məktəbində
cəmi 6-7 yer ayrılan bir monumental şöbəyə daxil
oldum. Lakin mənə dedilər ki, səni yalnız yarım
ildən sonra şöbəyə keçirəcəyik. Amma
bir il ötsə də, heç bir köçürülmə
olmadı. Yeganə heykəltaraşlıq dərsləri
xoşuma gəlirdi. İkinci kursda artıq məktəbdən
ayrılmağa hazırlaşdığım vaxtda kafedra
müdiri Qorbaçovun yanına gələrək akademik
arayış almaq fikrimi bildirdim. Hiss edirdim ki, məndən
heç xoşu gəlmir. Fikrimi biləndə çox sevincək
oldu. Mənə dedi ki, sənət haqqında
danışdıqlarından xəbərim var və bu fikirlərinə
görə diplom ala bilməyəcəkdin, buna imkan verməyəcəkdilər.
İnstitutdan ayrılacağımı hiss edən atamın məndən
bir xahişi oldu. Dedi ki, sənin ali təhsil
almağını istəyirəm. Onun sözündən
çıxmadım və sənədlərimi Moskva Poliqrafiya
İnstitutuna verdim. Orada müəllimlərin əksəriyyəti
VXUTEMAS (Ali Rəssamlıq Emalatxanası) abreviaturanı bitirənlər
idi və rəngkarlığa görə ilk "əla"
qiymətini onlar mənə layiq gördü. Hər halda
Əzimzadə məktəbində hələ yeniyetmə ikən
təhsil alan vaxtlarda aramızda yaş fərqi çox da
olmayan istedadlı, ruhən yaxın, bir-birini anlayan gələcəyin
böyük rəssamları ilə ünsiyyət sayəsində
öyrəndiyim çox şeylər vardı.
- Və ali təhsil aldınız...
- Etiraf edirəm ki, Moskva mənə çox şey
verdi. Bu, sırf təhsillə bağlı deyil. Mənim orada
rəssamlarla, onların emalatxanalarında keçən
görüşlərim, müxtəlif sənət
adamlarını əhatə edən mühit yaxşı mənada
yaradıcılığımda müsbət izlərini qoya
bilib. İlk fərdi sərgimi də 1973-cü ildə
"Yunost" jurnalının redaksiyasında açdım.
Dövrün çox məşhur olan bu məkanından
sosializm-realizmini qəbul etməyən və solçular
adlanan, Moskvanın bütün məşhur rəssamları
keçmişdi. Bu da yalnız jurnalın baş redaktoru Boris
Polevoyun sayəsində olmuşdu. Kremlin qapısını
ayağı ilə açan bu insan mütərəqqi fikirli
rəssamlar üçün bu imtiyazı yarada bilmişdi.
Bütün işlərə ciddi münsiflər heyəti nəzarət
edirdi və nəticədə milyon tirajlı yayımı
olan jurnalda həmin rəssam haqqında məqalə dərc edilirdi.
Moskva mərkəz idi, mühüm, əhəmiyyətli tədbirlər
orada keçirilirdi və biz də zamanın tələbilə
ayaqlaşmalı idik. Dəfələrlə
orada qalıb işləmək təklifləri alsam da, bunu
heç vaxt qəbul etməmişəm, çünki mən
Abşeronsuz, dənizsiz bir həyatı təsəvvür etmirəm.
- Rəssamdan danışaq bir az...
- Əsl rəssamlar Allaha ən yaxın insanlardır.
Bu ad çox böyük məna daşıyır. Sizə məlum
bir faktı açıqlayım. İslam insan portretinin
çəkilməsinə icazə vermir, çünki bu,
Allahla mübahisə anlamına gəlir, yəni yaratmaq yalnız
Ona məxsusdur. Bu, mənim subyektiv fikrimdir. Rəssam təpədən
dırnağa qədər sevgi-məhəbbətdən,
işıqdan, nur zərrəciklərindən ibarət
möcüzəli bir dünyadır.
- Hər rəssamın sevdiyi bir rəng var...
- Düzü, bu sual məni yorub, amma yenə də
fikrimi bildirirəm. Rəng özündə çox
böyük məna daşıyır. Mənə adətən
tünd rənglərlə çox işlədiyimi söyləyirlər.
Birinci qara rəngi deyirlər. Cavabında deyirəm ki, orada
qara rəng yoxdur, diqqətlə baxsanız, qara
adlandırdığınız rəngin içində
bütün çalarları görə bilərsiniz. Digər
tərəfdən tünd rənglər işığı
daha çox işıqlandırır. Yaratdığın əsər
özü səni hansı rənglə işləməyə
yönəldir. Ona görə də həmişə
yarızarafat, yarıciddi deyirəm ki, bir rəssam kimi nə
vaxtsa hansısa bir rəngə yəqin ki, çata biləcəyəm.
Son vaxtlar çox rəngdən istifadə etmirəm,
sayları azalıb, bəlkə də bu, bir rəngə tərəf
gedən yoldur, lakin hansı rəngin olacağını bilmirəm.
Və ümumiyyətlə olacaqmı? Onu da deyə bilmirəm.
- Rəssamlıqda ruhunuza yaxın üslub...
- Əsərlərim haqqında biri abstrakt yazır, o
biri minimalist və deyilənlərdə həqiqət var.
Lakin mən özümü abstrakt rəssam hesab etmirəm. Təbiətin
gücü mənə o qədər təsir edir ki,
yaradıcılığımda onsuz iş görə bilmirəm.
Londonda akademiyanın kafedra müdiri,
sənətşünaslığın çox
güclü nümayəndəsi olan bir xanım orada
açılan ilk sərgimə gəlmişdi və biz onunla
tanış olduq. Sonra haqqımda yazdığı yazıda
vurğulamışdı ki, reallıqla abstraktın
balansını tam olaraq tapan rəssam. Bu fikir
yaradıcılığıma daha yaxın və daha
uyğundur.
- Rəssamlarda üçüncü gözün olduğu
deyilir...
- Bu, rəssamın hissiyyatıdır.
Başqasının görüb, hiss edə bilmədiyi
özünəməxsusluğudur. İsveçrədən
bir kolleksioner Tretyakov Qalereyasındakı sərgimə gəlmişdi.
Beş əsərimi seçib almışdı. Onların
arasında bir əsər vardı, tarixi 30 il çəkmişdi.
Məndən soruşdu ki, bir əsəri bu qədər
müddətə necə işləmisən? Ona anlatdım
ki, mən bu əsəri 30 il ərzində hər gün
işləməmişəm. Əsər mənim içimdə
yaşayıb bu illər ərzində. Nə qədər
çalışırdım, alınmırdı. Rəngini dəyişirdim,
materialı dəyişirdim, nəticəni ala bilmirdim,
içimdəki elə olduğu kimi qalırdı. Və 30
ildən sonra bir gün-bir gecəyə mən o əsəri
çəkə bildim. Ay və dənizdən ibarət bir rəsm
idi. Dediyiniz üçüncü gözün hissiyyatı belə
uzun yol da gələ bilir. Elə əsərlərim olub ki,
sonradan onlara baxanda inanmamışam ki, bu rəsmlərin
müəllifi mənəm. Təəccüb etmişəm
ki, görəsən, bunu necə çəkmişəm. Məhz
o əsərlərim mənim üçün daha qiymətlidir,
çünki üçüncü göz burada çox
çalışıb.
- Adətən qorxu, vahimə saçan qara rəng...
- Hər şeyin yeri var. Bayaq da vurğuladım,
tünd rənglərdən çox istifadə edirəm, ona
görə ki, orada işıq daha aydın görünür.
Qaradan qorxmaq lazım deyil. Adətən faciəni göstərən
rəng olduğundan, insanlar ondan vahiməyə
düşür. Lakin yerində işlənəndə
tünd rənglər həlledici rol oynayır.
- Yaradıcılığınızda Abşeron motivləri
yaman çoxdur...
- Gözünü Abşeronda açan, orada
boya-başa çatan, bu gün də ona bağlı olan bir rəssam
üçün təbii ki, bu motiv daha qabarıq
özünü göstərməlidir. Onun havasını, dənizini,
torpağını, insanlarını, xarakterik xüsusiyyətlərini,
bir-birinə yaxın kəndlərin fərqli ləhcəsini
hiss etməsən, yaşamasan,
Abşeronu çəkmək mümkün deyil.
Düzdür, indi həm mühit dəyişib, həm
insanların yaşayış tərzi, lakin yaşananların
daxildə buraxdığı izləri illər belə, silə
bilməz.
- Azərbaycan rəssamlığı bu gün...
- Rəssamlıq Azərbaycanda çox geniş
yayılıb, xüsusən də Bakıda. Bu,
özünü bəzən yaxşı tərəfdən göstərir, digər tərəfdən
isə rəssamlığın dairəsinin kiçildiyi
müşahidə olunur. Çox yaxşı və maraqlı
gənc rəssamlarımız var və düşünürəm
ki, biz bir yerdə dayanmamışıq, inkişaf edirik.
- Bəs beynəlxalq aləmdə...
- Bu, çətin sual oldu... Bir ölkənin
dünyada tanınması üçün 30 il çoxmu
böyük zamandır? Bir italyan rəssamının adı
çəkiləndə, ona heç bir reklam lazım deyil,
çünki onun tarixi bu istiqamətdə öz
sözünü deyib. Azərbaycanın tarixi o ölkədən
çox olsa da, onu tanıyan yoxdur. Sovet dönəmində Rusiyanın tərkibində
olduğumuzdan hara gedirdiksə, bizi oranın təmsilçisi
kimi tanıyırdılar. Kimliyimiz yalnız müstəqillik əldə
olunandan sonra üzə çıxmağa başladı. Bizi
dünya xüsusən Qarabağ məsələsində
tanıdı. Bu, bir tərəfdən faciəmiz idi, digər
tərəfdən də dünyada tanınmağımız.
Bu gün bizi tanıyırlar, lakin yenə də
çalışmağa davam etmək lazımdır. Bir misal
çəkim. 2016-cı ilin payız ayında Moskvada Tretyakov
Qalereyasında Heydər Əliyev Fondunun dəstəyilə
"Abşeron ulduzları" adlı sərgi
açıldı. Çox möhtəşəm bir sərgi
idi. Bizi istəməyənlər belə, sərgi haqqında
yalnız tərif söyləməyə məcbur oldu. Belə
mədəni siyasətimizi nə qədər davamlı olaraq
yürütsək, dünya bizi daha yaxından tanıyar.
- Azərbaycan rəssamlığında Qarabağ
mövzusu...
- Bu mövzu müəyyən dərəcədə
işlənib, lakin qələbədən sonra
aktuallığı daha genişlənib. İstər qələbəyə,
istər Qarabağa həsr edilən sərgilər davamlı
şəkildə nümayiş olunur. Hazırda Qərbi Azərbaycan
mövzusu ətrafında sərgilər təşkil edilir və
onların icması ilə yaxın əməkdaşlıq əlaqələrimiz
var. Əslində bu mövzunu davam etdirmək lazımdır.
Biz qələbəmizi qazanmışıq, lakin mədəniyyətdəki
qələbələrə də nail olmağımız təbliğatdan
çox asılıdır. Həmişə demişəm,
ölkənin ordusu ilə mədəniyyəti eyni səviyyədə
olmalıdır. Çünki bir ölkənin
varlığı üçün mədəniyyət
başlıca amillərdəndir.
SÖZARDI: Suallara düşünərək, sözləri
seçərək cavab verən rəssamın əllərindən
müsahibə boyu gözümü ayıra bilmədim.
Düşündüm ki, mözücə yaradan o barmaqlarda
kim bilir hələ nə qədər rənglərin
harmoniyasından yaranacaq sənət nümunələri
növbəsini gözləyir. Arzu edək ki, bu əsərlər
elə bir gün-bir gecədə yaranaraq, sərgi
salonlarını bəzəsin.
Tamilla M-zadə
525-ci qəzet .- 2024.- 7 dekabr (¹225).- S.14;15.