İşləri-gücləri sənət
İncəsənət insanın özünüifadəsi
üçün ən əhəmiyyətli vasitələrdəndir.
Sənət bəzi insanların işinə, bəzilərinin
isə hobbisinə və yaxud istirahət vasitəsinə
çevrilir. Əslində inəsənətin bütün
sahələri bir-birilə sıx bağlıdır və sənətşünaslar
da zaman-zaman bunu xüsusi vurğulayırlar. Məsələn,
musiqinin teatr və kino ilə əlaqəsini qeyd edə bilərik.
Demək olar ki, bütün tamaşa və filmlərdə
hisslərin tamaşaçıya daha güclü
ötürülməsi üçün musiqidən istifadə
olunur. Dünyaca məşhur rejissor Stenli Kubrikin filmlərində,
rəssamlıqdakı kimi, işıq və kompozisiyaya ciddi əhəmiyyət
verməsinin səbəbi onun fotoqrafiyaya dərin
marağından irəli gəlir. "Pianoçu" filmi ilə
daha da məşhurlaşan Roman Polanskinin də rəssamlıq
və heykəltaraşlığa böyük marağı
olub. Hətta rejissor olmazdan əvvəl sənətkarın bu
sahə üzrə təhsil aldığı bilinir.
Dünyada belə nümunələr çoxdur. Bəs Azərbaycan
sənətçiləri necə? Öz sahələrindən
başqa, incəsənətin hansı növləri ilə
xüsusi maraqlanır və sənət aləmindəki
yenilikləri təqib edə bilirlərmi? Sənətçilərimiz bu
sualları "525-ci qəzet"in "İşləri-gücləri
sənət" rubrikasında cavablandırırlar.
"YARADICILIĞIMI DAHA ÇOX DÜŞÜNÜB
VAXTIMA QƏNAƏT EDİRƏM"
Tanınmış gitara
ifaçısı Rəhman Məmmədli incəsənətin
bütün sahələrinə maraq göstərən sənət
adamlarındandır: "Maraqlı tədbirlərdə, sərgilərdə
iştirak etməyə çalışıram. Bu
yaxınlarda Cənubi Azərbaycandan olan məşhur rəssam
Vədud Müəzzinin Bakıda keçirilən sərgisində
oldum. Çox möhtəşəm bir sərgi idi. Bilirsiniz
ki, Vədud eyni zamanda musiqiçidir. İldə bir dəfə
sərgisi olur və mən çalışıram, onun
heç bir sərgisindən qalmayım".
Hazırda Fransada qastrol səfərində olan
musiqiçi vaxtını qənaətlə xərclədiyini
bildirir: "Yaşımın irəliləməsinə
baxmayaraq, yaradıcılığım yeniliklərlə zəngindir.
Bir neçə ildir, ardıcıl Avropa turuna
çıxıram. Avropanın bir sıra ölkələrində
solo konsertlərlə çıxış edirəm.
Hazırda Fransanın paytaxtı Paris şəhərində
möhtəşəm bir zalda oğlum - bəstəkar Tural Məmmədli
ilə birlikdə solo konsert verməyə gəlmişik.
Doğrusu, yaradıcılığımı daha çox
düşünüb vaxtıma qənaət edirəm. Dəvət
olunduğum hər konsertə, tamaşaya getmirəm. Durub desəm
ki, yeni çəkilən filmlərin hamısını izləyirəm,
yaxud da tamaşalara gedirəm, yalan demiş olaram. Amma xalq
üslubunda, milli-mənəvi dəyərlərimizə
uyğun hansısa sərgi, tamaşa konsert, film olursa, mən
mütləq orda iştirak edirəm. Ayda bir dəfə
komediya janrında çəkilən filmlər mənə zərrə
qədər maraqlı deyil. Bu filmlərin bizim milli-mənəvi
dəyərlərimizə zərər verdiyini
düşünürəm. Onları həqiqi sənət əsəri
hesab etmirəm".
Sevdiyi aktyorlar varsa da,
yaradıcılığını xüsusi izlədiyi bir
aktyor olmadığını deyən R.Məmmədli indi daha
çox klassik musiqi əsərlərindən ibarət konsertlərə
maraq göstərir: "Səmimi deyim ki,
yaradıcılığını xüsusi izlədiyim aktyor,
aktrisa yoxdur. Oğlum Tural bəstəkarlıq fəaliyyətinə
başlayandan sonra yerli və xarici bəstəkarların əsərlərindən
ibarət konsertlərə marağım artmağa
başladı. Həmin konsertlərdə sevə-sevə
iştirak edirəm".
"ƏVVƏLLƏR ÖZÜMÜ MƏCBUR
EDİRDİMSƏ, İNDİ MÜTALİƏNİ
ÇOX SEVİRƏM"
Aktyor, ssenarist və
prodüser Azər Aydəmir ədəbiyyat və rəssamlıq
sənəti ilə yaxından maraqlandığını
deyir: "Son illərdə xüsusilə gənc
yazarlarımızın əsərlərini izləməyə
çalışıram. Əvvəllər özümü
buna məcbur edirdimsə, indi mütaliəni çox sevirəm.
Hazırda yeni nəsil yazarlardan Sahilə Yayanın
"Şeyx" romanını oxuyuram. Ümumiyyətlə
incəsənət aləmində baş verən yeniliklərə
biganə qalmamağa çalışıram. Rəsm sərgilərində
iştirak etməyi çox xoşlayıram. Sevdiyim rəssamlar
var, məsələn, Müseyib Əmirovun əsərlərini
xüsusən bəyənirəm. Üslubunu çox sevdiyim rəssamlardandır.
Ondan başqa, Ceyhun Abdullayevin, Anarın
yaradıcılığını izləyirəm.
Bütün musiqi növlərinə qulaq asıram. Bəyəndiyim
ifaçılar çoxdur. Yeni səhnə əsərlərinin
hamısını da olmasa, bəzilərini izləmişəm.
Axırıncı dəfə Gənc Tamaşaçılar
Teatrında Mehriban Ələkbərzadənin "Kod adı
V. X. A" tamaşasına baxmışam".
"ƏHVALIMDAN ASILI OLARAQ MUSİQİ ZÖVQÜM
DƏYİŞİR"
Pəri Miniatür təxəllüsüilə
daha çox tanınan istedadlı rəssamı Pərinisə
Əsgərova sənətin bütün növləri ilə
maraqlandığını deyir: "Mən miniatürə
aşiqəm. Amma sənətin bütün növləri mənim
üçün maraqlıdır. Musiqi dinləməyi
çox sevirəm. Musiqisiz bir gün keçirəndə o
günümdə dərin boşluq hiss edirəm. Evimdə bir
neçə musiqi aləti olsa da, təəssüf ki,
heç birində ifa etmirəm. Xüsusilə işləyəndə
mütləq musiqi müşayiətinə ehtiyac duyuram.
"Olmazsa olmaz"larım siyahısındadır.
Əhvalımdan asılı olaraq musiqi zövqüm dəyişir".
Pəri Miniatür son zamanlar Akademik Milli Dramn
Teatrında nümayiş olunan "Ölülər" və
"Qarabağnamə" tamaşalarını izləyib:
"Televizorda ötəri baxdığımız tamaşalar
səhnədə bizə enerji ötürür və biz
çox məmnun oluruq. "Ölülər"
tamaşası çox xoşuma gəlir. Hətta dəfələrlə
baxmışam bu tamaşaya".
Yaradıcılığını xüsusi izlədiyi
bir sənətçinin olmadığını deyən rəssam,
ifalar arasındakı fərqləri vurğulayır: "Bəzən
bir yaradıcının bircə ifası qalan bütün
ifalarından üstün olur. Yəni heç bir
yaradıcı adamın hər əsəri şedevr olmur. Ona
görə daima izlədiyim kimsə yadıma gəlmir. Bəlkə,
bu da musiqi ruhum kimi öz əhvalımdan asılıdır. Bəzən
elə olur ki, tam fərqli zövqlərə müraciət
edirəm. Ümumiyyətlə həssas mövzulu, psixoloji
filmlər izləməyi sevirəm. Son vaxtlar İran
istehsalı olan filmləri izləyirəm".
Hazırladı: Günel MUSA
525-ci qəzet .- 2024.- 7 dekabr (№225).- S.13.