Naxçıvandan
dünyaya...
MİRZƏ ƏLƏKBƏR MƏMMƏDXANOV VƏ
İZABELLA QRİNEVSKAYA
(Əvvəli qəzetin ötən şənbə
sayında)
İzabella Arkadyevna Qrinevskaya (Beyle Fridberq,1864-1944) yəhudi
əsilli rus dramaturqu, şair, nasir, publisist, tərcüməçi
idi. Polşada, şərqşünas və
yazıçı Avraam Fridberqin ailəsində
doğulmuşdu. Varşavada
gimnaziya təhsilini başa vurandan sonra 1880-ci illərin əvvəlində
Peterburqa gəlmiş, Bestujev Ali Qadın Kurslarını
bitirmişdi. Yaxşı bildiyi müxtəlif Qərbi Avropa
dillərindən ruscaya çoxlu tərcümələr
etmişdi. Ensiklopedik savadı, geniş maraq dairəsi,
yalnız ədəbi deyil, elmi istedadı ilə də
seçilirdi. Dövrün ən mötəbər nəşrlərindən
birinin - "Brokqauz və Efronun ensiklopedik lüğəti"nin
fəal əməkdaşı, naşir İ.A.Efronun yaxın
dostu idi. Yaradıcılığa idiş və polyak dillərində
yazdığı hekayələrlə başlamış,
sonralar rus dilinə keçmişdi. Ədəbi-elmi dairələrdə
kifayət qədər nüfuzlu söz sahibi
sayılırdı.Babın şəxsiyyətinə, əsasını
qoyduğu və uğrunda həyatını qurban verdiyi dini təlimə
marağı 1897-ci ildə, fransız diplomatı Anj Pyer de Sen-Kentenin
(1828-1894) ilk babilərdən bəhs
edən "Sehrkarlar ölkəsində məhəbbət"
romanının rus dilinə tərcüməsi nəticəsində
başlanmışdı. Bir rus müəllif
üçün qəribə görünəcək
mövzuya müraciət etməsində əsrin əvvəlində
Yaxın Şərqə səyahətinin bəlli təsiri
olmuşdu. Səyahətdən qayıdandan sonra Bab haqqında
orijinal əsər yazmaq fikrinə düşən
İ.Qrinevskaya tanınmış rus şərqşünaslarından
professor A.K.Mirzə Kazımbəy, M.A.Qamazov, A.Q.Tumanski və
digər mütəxəssislərin babilik və bəhailiklə
bağlı araşdırmalarını diqqətlə öyrənmişdi.
Amma təbii ki, həqiqi yazıçı kimi yalnız
tarixin hərfinə riayət etməklə kifayətlənməmişdi.
Hərəkatın gerçək mahiyyətini,
çağdaş düşüncə tərzinə gətirdiyi
yenilikləri aşkara çıxarmağa
çalışmışdı. Nəticədə
"Bab" tarixi dramı (1903) meydana
çıxmışdı.
Həmin dövrdə babilik-bəhailik təlimi, Bab və
Bəhaullanın şəxsiyyəti, fikir və ideyaları
ilə yaxından maraqlanan Lev Tolstoy əsərlə
tanışlıqdan dərhal sonra
İ.Qrinevskayaya məktubunda (22.X.1903) onu ciddi
yaradıcılıq uğuru münasibəti ilə təbrik
edib xoş sözlər söyləmişdi. Eyni ilin
yayında Tolstoyun Yasnaya Polyanadakı malikanəsində
olmuş rus tənqidçisi V.V.Stasov xatirələrində
böyük yazıçının pyesi həqiqi maraq və
diqqətlə, səhifələrin kənarında qeydlər
edə-edə oxuduğunu görmüşdü. Lev Nikolayeviçin
xahişi ilə təşəkkür və təqdir sözlərini
xanım Qrinevskayaya çatdırmışdı. Müəyyən
ekzotika meyllərindən də xali olmayan "Bab" tezliklə
Rusiya miqyasında ün qazanmışdı.
İzabella Qrinevskaya, 1911.
Mirzə Ələkbər pyes haqda daha əvvəl, tənqidçi,
şair və tərcüməçi Y.A.Veselovskinin
1903-cü il mayın 23-də yerli "Bakinskie izvestiya" qəzetində
çıxan "Bab". Fars tarixindən bəhs edən rus
dramı" adlı məqaləsindən xəbər
tutmuşdu. Şəxsən tanımasa da, dərhal müəllifə
məktub göndərmişdi. İ.Qrinevskayanın
xatırladığına görə üzərində sadəcə
"Sankt-Peterburq şəhərində "Bab"
kitabının müəllifi xanım İzabella
Qrinevskayaya" sözləri yazılan, küçə
adı, ev və mənzil nömrəsi göstərilməyən
zərf uzun "səyahətlərdən" sonra nəhayət
ünvan sahibinə çatdırılmışdı. Naməlum
şəxs ondan kitab istəyir, əsəri diqqətlə
oxuyub dini-tarixi baxımdan araşdıracağını,
fikirlərini bölüşəcəyini vəd edirdi. Beləcə
adi təsadüf nəticəsində
aralarında xanım yazıçının "göydən
ayağının altına düşən ulduz"
adlandırdığı Mirzə Ələkbərlə
çoxillik səmimi dostluğu başlanmışdı.
Maraqlıdır ki, Bakıdan, "canlı bəhai"
Ələkbər Məmmədxanovdan məktub alana kimi
İzabella Qrinevskaya Bab və təliminin
davamçıları olan babilərin artıq tarix səhifəsindən
birdəfəlik silindiyini düşünürdü. Bəhaullah,
Əbdülbəha və babiliyin transformasiyası olan bəhailik
təlimi, yaxud dini haqda isə ümumiyyətlə məlumatı
yox idi. Çünki həmin vaxta qədər heç bir
babi, yaxud bəhai ilə ünsiyyətdə
olmamışdı. 1848-1852-ci illərdə İranda həyata
keçirilən sərt cəza və təqiblər nəticəsində
Babın yalnız özünün deyil, bütün
ardıcıllarının da total şəkildə məhv
edildiyi, yaxud gizlinə çəkildiyi qənaətində
idi.
Tanınmış rus intellektualının bəhailiyin
təbliği və tanıdılması sahəsindəki fəaliyyəti
"dinin Mühafizi" Əbdülbəhanın diqqətindən
yayınmamışdı. Onun simasında ideyalarının
daha bir güclü tərəfdarını
tapılmışdı. Təbii ki, burada Mirzə Ələkbər
vasitəsi ilə alınan xəbərlərin, göndərilən
məlumatların az rolu olmamışdı. Nəticədə
Əbdülbəha dərhal rus müəlliflə şəxsi
ünsiyyət qurmaq, görüşüb üzbəüz
danışmaq qərarına gəlmişdi. Bu məqsədlə
də onu yanına -
keçmiş Osmanlı torpağı Akkaya dəvət
etmişdi. Sadiq və etibarlı bəhai kimi güvəndiyi
Mirzə Ələkbərin isə yazıçı
xanımı uzaq, çətin səfərdə
müşayiət etməsini istəmişdi.
Bu münasibətlə Bakıya, Ə.Məmmədxanova
göndərdiyi tarixsiz məktubda yazmışdı:
"Madam İzabella əsəri ("Bab" nəzərdə
tutulur - V.Q.) qələmə
almaqla həqiqətən qeyri-adi istedad nümayiş etdirib. Mənim
adımdan ona xoş arzularımı, böyük məmnunluq
hissimi çatdır. Allahın yardımı ilə iki
dramının da təqdimatında, eləcə də
nümayişində başarılı olacaqdır".
Buradakı "iki dramı" sözləri istinad olunan məktubun 1909-cu ildən tez
yazılmadığını söyləməyə əsas
verir. Çünki "Bab"ın uğurundan ruhlanan
İzabella Qrinevskaya məhz həmin dövrdə bəhailik
mövzusunda ikinci əsər - üç il sonra
tamamlayacağı "Bəhaulla"
dramatik poeması üzərində işləməyə
başlamışdı. Əbdülbəhadan dəvəti
ustadla görüşməyə fürsət axtaran azərbaycanlı
gəncin də ürəyindən olmuşdu.
Yeri gəlmişkən, əgər İzabella
Qrinevskaya "Bab"ı təkbaşına ərsəyə
gətirmişdisə, "Bəhaulla" üzərində
işləyərkən ekspert kimi dəfələrlə Mirzə
Ələkbərin yardımına müraciət etmişdi. O
da öz növbəsində müəllifə zəruri ədəbiyyat
göndərmiş, hətta istifadəsi üçün bəzi
məxəzləri farscadan rus dilinə çevirmişdi. Bəhailiyin
"mətbəxində" baş verən hadisələr,
Bəhaulla ilə yaxın qohumları arasında
münaqişə, ortaya çıxan fikir
ayrılıqları, hakimiyyət davası, hətta "kənara
sızması" o qədər də məqbul sayılmayan bəzi "həssas" məqamlar barəsində
səhih, qərəzsiz bilgilər vermişdi. Belə məlumatların
geniş yer aldığı məktublarının
birində Mirzə Ələkbər xanım Qrinevskayanı bədii
axtarışlara daha da ruhlandıraraq yazmışdı:
"Sizin göndərdiyiniz kitabçaları aldım, birnəfəsə
oxudum. Möhtəşəm əsəriniz "Bab"da ifadə
etdiyiniz fikirlərlə yaxından tanış olduqca,
yaradıcılıq qüdrətinizi daha çox
anlayıram. Yeni əsəriniz "Bəhaulla"nın da
şüurlarda necə böyük bir dönüş
yaradacağını, müəllifinə necə
böyük şöhrət qazandıracağını indidən
təsəvvürümdə canlandırıram. Allaha
yalvarıram ki, uğurunuz bütöv, dolğun olsun.
Əslində belə olacağına heç bir şübhəm
yoxdur".
İzabella Qrinevskayanın Peterburqda, Rus Ədəbiyyatı
İnstitutunun (Puşkin Evi) Əlyazmalar şöbəsində
saxlanan arxivində Ələkbər Məmmədxanovla zəngin
yazışması mühafizə edilməkdədir. Təkcə
elə onu demək kifayətdir ki, sonuncunun müxtəlif yerlərdən
göndərdiyi məktubların sayı 86, teleqramların
sayı isə 8-dir. Yazışma Mirzə Ələkbərin
yüksək ədəbi zövqə, geniş bilgilərə,
analitik təfəkkürə və cəlbedici üsluba malik
olduğunu, Bab və Bəhaullanın dövrü, mühiti,
şəxsiyyəti, habelə bəhailiyin tarixi,
başlıca ehkamları, məna və mahiyyəti, hədəf
və məqsədləri ilə bağlı məsələlərdə
İzabella Qrinevskayanın yaxın məsləhətçisinə
çevrildiyini göstərir.
Məktublar eyni şəxs tərəfindən
göndərilsə də, fərqli formalarda imzalanıb.
Müxtəlif illəri əhatə edən yazışmada azərbaycanlı
müxbirin ad və soyadının Mirzə Ələkbər
Məmmədxanlı, Əli Əkbər, Eli Ekper, Ə.Məmmədxanlı,
Əli, M.Ə.Məmmədxanlı variantlarına təsadüf
etmək mümkündür. O özü də 1911-ci il
fevralın 25-də, Əbdülbəha ilə
tanışlıq səfərindən qayıdandan sonra
İ.Qrinevskayaya göndərdiyi məktubda ad dəyişkənliyinə
yüngülvarı istehza edərək yazmışdı:
"Peterburqdan Sizin qiymətli məktubunuzu Lebedevanın
(söhbət rus ədəbiyyatının türk dilinə tərcüməçisi,
İstanbulda Gülnar xanım kimi tanınan türkoloq
O.S.Lebedevadan (1852-1913?) gedir. Çox ehtimal ki, onun bəhailiklə
maraqlanmasında, Misirin İskəndəriyyə şəhərində
Əbdülbəha ilə görüşməsində, nəhayət
çox güman, bəhailiyi qəbul etməsində Mirzə
Ələkbərin müəyyən rolu olmuşdu) məktublarının
surəti ilə birlikdə aldım. İndi ona da cavab
yazıram və orada adımı artıq Eli Ekper kimi göstərirəm.
Mənim günümə baxın - bir xanım Əli Əkbər,
digəri isə Eli Ekper olmağımı istəyir. Nəticədə
əvvəlki Ələkbərin yerində indi sadəcə
Eli Ekper qalıb".
İzabella Qrinevskaya ilə bəhai yeniliklərinin, ədəbiyyat,
teatr və sənət məsələlərin müzakirəsi
də yazışmada mühüm yer tutan mövzulardan idi. Məsələn,
30 aprel 1907-ci il tarixli məktubunda Mirzə Ələkbər
Bakının mədəni həyatında baş verən və
diqqətəlayiq saydığı mühüm hadisə ilə
bağlı xəbəri bölüşərək
yazmışdı: "Aprelin 28-də şəhərimizə
qastrol səfərinə gəlmiş Mixaylovsk teatr truppası
(Peterburq) Sizin müqəddəs "Bab" pyesinizi
oynadı. Bu günlərdə dərnəyimizdə (Bakı
bəhai icması nəzərdə tutulur - V.Q.) söhbət
ancaq Sizin haqqınızda, gözəl pyesiniz və onun
müxtəlif quruluşları barədədir. Tamaşa
normal keçdi. Tinski Bab,
Mixaylovskaya Quret (Qürrətüleyn - V.Q.) rolunu pis
oynamadılar. "Çox yaxşı" - deyə bilmərəm.
Yəqin ki, özünüz iştirak etsəydiniz, hər
şey daha fərqli olardı. Sizin əsərləriniz barədə
danışmağa elə bir sözüm yoxdur.
Yazdıqlarınız o qədər güclü, müqəddəs
ruhla elə zəngindir ki, inancı olanları bir an içində
özünə cəlb edir. Əks düşüncə
sahiblərinin isə yaralı yerinə toxunur, hətta onlarda
babiliyə maraq oyadır. Pasajda qoyulmuş portretinizin
önündə dayanaraq uzun müddət Sizin
haqqınızda düşündüm..."
Əbdülbəhanın cəlbedici dəvəti
haqda xəbəri də yazıçı xanıma ilk dəfə
o çatdırmışdı. İ.Qrinevskaya "Günəş
Diyarına səyahət" adlı yol qeydlərində Mirzə
Ələkbər vasitəsi ilə gələn sürpriz təklifdən
söz açaraq yazmışdı: "Gözləmədiyim
halda teleqram alıram: "Əbdülbəha (Bəhaullanın
oğlu, bəhailərin indiki rəhbəri) Sizinlə birlikdə
yanına gəlməyimə icazə verib". Beləcə,
teleqram göndərən şəxsin timsalında eyni anda həm
yol yoldaşı, həm bələdçi, həm də
mütərcim tapmış oluram. Milliyyətcə fars (?! -
rus yazıçısı hətta 150 il bundan əvvəl,
Rusiya imperiyasının nəzarətindəki ərazidə doğulmuş xalis Azərbaycan
türkünü də kor-koranə şəkildə
"fars" adlandırırsa, onlardan Nizami Gəncəvi,
Xaqani Şirvani, Məhsəti Gəncəvi və digər
klassiklərimizin həqiqi vətəni, gerçək milli mənsubiyyəti
haqda hansısa obyektiv bilgilər gözləmək çox
müşkül məsələdir! - V.Q.), dini inanc
baxımından sadiq bəhai və Rusiya vətəndaşı
olması, mühəndis-texnoloq kimi çalışması
istisna edilərsə, barəsində başqa heç bir məlumatım
yoxdur. Məktubundan rus dilini kifayət qədər yaxşı
bildiyi aydın sezilir. Amma qrammatika və orfoqrafiya ilə
heç də həmişə dostluq eləmir. Şərq
ruhu hopmuş gözəl ədəbi üsluba malikdir, poeziya,
din və fəlsəfə bilicisidir". Başqa bir məktubunda
isə yazıçı çox asanlıqla ünsiyyət
qurduğu Mirzə Ələkbəri "dilimi və fikirlərimi
bilən adam" kimi səciyyələndirmişdi.
Səfərqabağı düşüncələrindən
söz açan İ.Qrinevskaya "Günəş
diyarına səyahət" əsərində
yazırdı: "Gedəcəyimiz yerlər, Şərq məni
özünə çəkirdi. Orada babi-bəhailəri -
"Bab" və "Bəhaulla" dramatik poemalarımda təsvir
etdiyim insanları gözümlə görəcəkdim.
İndiyədək xəyalda, təxəyyüldə
canlandırdığım insanlarla ilk dəfə üzbəsurət
görüşəcəkdim. Etiraf edim ki, əsər üzərində
işə başlayanda, hətta son nöqtəni qoyanda da təsvir
etdiyim hərəkatın bəşər tarixindəki əhəmiyyətinin
tam dərkindən uzaq idim. Qarşıda məni illər boyu
həyatlarını yaşadığım qəhrəmanlarımın
övladları ilə görüş gözləyirdi".
Onlar uzaq səfərə 1910-cu ilin dekabrında
Odessadan çıxmışdılar. İstanbul, Afina, Beyrut,
Qahirə, İsgəndəriyyə, Port-Səiddəm
keçib o zaman Əbdülbəhanın olduğu Rameyle
(indiki Misir ərazisində yerləşir) şəhərinə
gəlmişdilər. Yazıçı xanımın
biri-birindən dəbdəbəli "müdrik insan, şair,
alim, səmavi həqiqətlərin
daşıyıcısı" epitetləri ilə təqdim
etdiyi Əbdülbəha ilə görüş də burada
baş tutmuşdu. İ.Qrinevskaya yuxarıda adını
çəkdiyim "Günəş Diyarına səyahət"
əsərində ilk görüş və
tanışlığı belə təsvir etmişdi:
"Üzərinə təmiz, ağ örtük çəkilmiş
alçaq kürsüdə ayaqlarını şərqli
qaydası ilə altına yığmış (bardaş
qurmaq nəzərdə tutulur - V.Q.), bəyaz saçları
çiyinlərinə tökülmüş ağ saqqallı
qoca oturmuşdu. Əynində kamis adlanan ağ arxalıq
vardı. Üstündən isə qəhvəyi rəngli ləbbadə
geyinmişdi. Başına qar kimi nazik cuna ilə sarılı
ağ rəngli yastı papaq qoymuşdu. Sifəti? Təbii ki,
vaxtı ilə şəkildə gördüyüm o gözəl
gənc deyildi. Üzünün cizgilərindən ciddiyyət
yağan, sıx kirpiklərinin altında qeyri-adi dərəcədə
iri və ifadəli gözləri parıllayan
yaraşıqlı qoca idi. Boyca böyük olmasa da,
bütün görkəmində nə isə qeyri-adilik, sirr və
möhtəşəmlik vardı. Başına yumşaq fəs
qoyan səfər yoldaşım (Mirzə Ələkbər nəzərdə
tutulur - V.Q.) Əbdülbəhanın
qarşısındakı stulda qollarını sinəsində
çarpazlayıb oturmuşdu. Gözlərini çəkmədən
yaşlı adama sitayiş dolu nəzərlərlə
baxırdı".
Mirzə Ələkbər Məmmədxanov, 1911..
İ.Qrinevskayanın arxivindən.
Hər iki tərəfin ilk anlar sanki biri-birini öyrənməyə
can atdığı görüşün sonrakı
gedişini müəllif belə təsvir edir: "Bəhai rəhbəri
iri, işıqlı gözləri ilə məni
sınayıcı nəzərlərlə süzüb
qarşısındakı alçaq divanda yer göstərir.
Bu gözlərdə böyük, dərin zəkanın əks
olunduğunu deyə bilərəm. Onun müxtəlif cəmiyyət
və təbəqələrdən olan avropalı
qadınlarla ilk dəfə görüşmədiyi haqda
artıq məlumatım vardı. Səfər yoldaşım mənə
bəhailik ideyalarına maraq göstərən, bəhai
liderinin ziyarətinə gələn, ona aşkar pərəstiş
hissi ilə yanaşan çoxsaylı amerikan, ingilis,
fransız xanımları haqda danışmışdı. Mən
isə əsərimdə surətini yaratdığım qəhrəmanın
(üzərində işlədiyi "Bəhaulla"
dramı nəzərdə tutulur -V.Q.) oğlunun, onun Yer
üzündə hər kəsə və hər şeyə məhəbbət
təlimi yaymaq işinin davamçısı olan şəxsin
yanına uzaq Rusiyadan gələn ilk qadın idim".
Mirzə Ələkbərin tərcüməçilik
vəzifəsini ustalıqla yerinə yetirdiyi söhbət uzun
çəkmişdi. Əbdülbəhanı daha çox
"Bab" pyesinin məzmunu, tarixi gerçəkliklə
bağlılığı, yazıçı qadının
hansı səbəbdən özü üçün tamamən
yeni və naməlum bir mövzuya üz tutması, əsər
vasitəsi ilə oxucularına hansı həqiqətləri
çatdırmaq, hansı hiss və duyğuları
aşılamaq istəməsi maraqlandırmışdı. Həmin
dövrdə hələ teatr və sinemada "müqəddəsləri"
səhnəyə gətirmək ənənəsi yayılmasa
da, bəhai lideri pyesin Peterburq və Bakı teatrlarında
göstərilən tamaşalarını müsbət
qarşılamışdı. Bəhailərə düşmən
münasibət, gerilik və cəhalət nədəni ilə
hələlik Tehranda, yaxud İranın hər hansı digər
bir şəhərində oynanmasının mümkün
olmadığını bildirmişdi. Eyni zamanda hər iki əsərin
dünya dillərinə tərcümə olunacağı,
günün birində hətta İran səhnəsində də
tamaşaya qoyulacağı ilə bağlı müəllifi
müjdələmişdi. Amma
bu peyğəmbərliyi hələlik özünü doğrultmayıb.
Əbdülbəha bəhai İşinin dünya
miqyasında yaylıması yolunda qatlaşdığı əzab-əziyyətlərdən
danışaraq İ.Qrinevskayaya demişdi:
"Narazılıq və çəkişmələrin vətəninizi
silkələdiyi bir dövrdə yaşayırsınız. Mən
dünyaya gəldiyim ildə isə Allah sözünün
eşidilməsi naminə hər tərəfdə qan
axıdılırdı. Anamın döşünü əməndə
təlimimizin tərəfdarlarını darmadağın
edirdilər. Bəlli yaşa çatandan sonra özüm də
məhəbbət və barış istəyənlərin necə
sıxışdırıldığını, təqib
olunduğunu gördüm. 5 dəfə sürgün
olunmuşam, 42 il hərəkət azadlığım əlimdən
alınıb. Amma həmişə Allahın iradəsinə
sevinclə tabe olmuşam. Önündə təzim etdiyim,
inandığım həqiqət naminə iztirablar
qarşısında məmnunluqla baş əymişəm".
Söhbət zamanı müəllif "Bab"ın
xarici dillərə tərcüməsi məsələsini qaldırmışdı. Bəhai cəmiyyətlərinin
yardımı və çox güman, Əbdülbəhanın
təşviqi ilə tezliklə həqiqətən də əsərin
alman və fransız dillərinə tərcümələri
meydana çıxmışdı. İzabella Qrinevskaya daha
sonra yazır: "Mirzə Ələkbər əvvəlki
ehtiramlı tərzdə ona "Bab"ın məzmununu
nağıl etməyə başladı. Bəhaulla isə
söhbət zamanı dəfələrlə təqdiredici ahənglə
artıq mənə yaxşı tanış olan "xeyli
xub" ifadəsini dönə-dönə təkrarladı. O,
müxtəlif intonasiyalarla "xeyli xub", "xeyli xub"
- deyə başını tərpədir, arada gah maraqla, bəzən
təəccüblə, gah da məmnunluq və razılıq hissi ilə mənə
baxırdı. Öz növbəmdə mən də həyatımda
ilk dəfə gördüyüm, davamçıları
üzərində hüdudsuz hakimiyyətə malik olan bu
adamı gözdən keçirir, avropalılara xas bir nihilizmlə
onun gizli sirlərini aşkara çıxarmağa
çalışırdım".
Misirdə Əbdülbəha ilə iki həftəlik
davamlı ünsiyyətdən sonra yeni dini qəbul edən
yazıçı qadın sonda sadiq, səbatlı bəhai
kimi vətənə - Rusiyaya üz tutmuşdu.
Maraqlıdır ki, sərt təqiblərə baxmayaraq, hətta
sovet rejimi şəraitində də heç vaxt inancından əl
çəkməmişdi. Onun Leninqraddakı mənzilinin
ünvanı uzun illər Rusiya ilə əlaqə mərkəzi
kimi dünya bəhailərinin soraq kitabçalarında
göstərilmişdi. Misirdə keçən günlər
Mirzə Ələkbərin həyatında da izsiz
ötüşməmişdi. Bakıya dönəndən bir
müddət sonra Əbdülbəhanın təklifi ilə
yenidən geri qayıdıb xeyli müddət "din
Mühafizinin" yanında qalmalı olmuşdu. Burada
ustadın yaxın köməkçilərindən
biri kimi fəaliyyət göstərmiş, tez-tez səfərlərə
çıxaraq onun müxtəlif
tapşırıqlarını yerinə yetirmişdi.
Mirzə Ələkbər əvvəl bəhai lideri
ilə İzabella Qrinevskaya, sonra isə Lev Tolstoy arasında
vasitəçi şəxs olmuşdu. Tərəflərin
fikir və mülahizələrini, bu və ya digər məsələ
ilə bağlı rəy və mövqelərini bir-birlərinə
çatdırmışdı. Məsələn, "din
Mühafizindən" aldığı tapşırıq əsasında
"Bab" müəllifinə belə bir məlumat
çatdırmışdı: "Əbdülbəha mənə
göndərdiyi məktubda yazır: "Əgər madam
Qrinevskaya "Bab"ı qeydlərimiz əsasında təshih
edərsə, qoy o zaman səmanın İlahi yardımına əsla
şəkk gətirməsin, lazım gələn bütün
işlərin görüləcəyinə əmin olsun".
Sonda isə özünün aşağıdakı əlavəsini
etmişdi: "Əsas budur ki, qətiyyən həyəcanlanmayın,
işlərinizi sakitcə davam etdirin. Yeganə məqsədiniz
yaradıcılığınız müqabilində heç
bir mükafat gözləmədən insanlığa xidmət
düşüncəsi olsun. Susuzluqdan yanan təşnə
adama suyu ona görə vermirsiniz ki, təşəkkür
sözləri eşidəsiniz. Sadəcə bir insanın həyatını
xilas etmək üçün bu işi
görürsünüz. Etdiyimiz yaxşılıqların əvəzini
Allah bizə ehtiyacımız olduğu qədər ödəyəcək.
Odur ki, indidən yalnız gələcəyi təmin etmək
barədə düşünmək lüzumsuz və qorxulu
işdir. Çünki çoxları hətta əllərində
olan hazır mal-mülkdən də bəhrələnə
bilmirlər. Sözümün canı odur ki, keçici,
müvəqqəti deyil, əbədi və əzəli
kamilliyə yetmək üçün çalışmaq
lazımdır".
Artıq Birinci Dünya müharibəsinin bütün
şiddəti ilə davam etdiyi 1915-ci ildə o,
İ.Qrinevskayaya göndərdiyi məktublardan birində
yazırdı: "Yelizavetpola (Gəncə - V.Q.), Tiflisə və
Əbdülbəhanın tapşırığı ilə
getdiyim digər yerlərə səyahətdən indi
qayıtmışam. Sabah, yaxud birisi gün yenə də eyni
məqsədlə Aşqabada və başqa şəhərlərə
yola düşürəm. Evə gələndə masanın
üzərində sizin dörd qiymətli məktubunuzu
gördüm. İkisini Peterburqdan, ikisini isə Parisdən
yola salmısınız. Görünür, mənim Peterburqa
göndərdiyim teleqramı almamısınız. Xahiş
etmişdim ki, Dreyfusa (İppolit Dreyfus, 1873-1928, şərqşünas-alim,
ilk fransız bəhailərindən biri, bəhai mətnlərinin
fransızcaya tərcümə və təfsirinə həsr
olunmuş kitabların müəllifidir - V.Q.) baş çəkəsiniz.
Əbdülbəhanın məktubunu da tərcüməsi
ilə birlikdə Sizə göndərirəm. Əgər
Dreyfus gəlsə, verin o da oxusun. Bir də əlavə olunan
şəxsi məktubu lütfən ona
çatdırmağınızı xahiş edirəm".
Başqa bir məktubunda Bəhaullanın fikirləri
ilə daha yaxşı tanış olmaq üçün Mirzə
Ələkbər yazıçı qadına rus hərbçisi,
şərqşünas - general A.Q.Tumanskinin (1861-1920) ruscaya
çevirib 1899-cu ildə Peterburqda nəşr etdirdiyi bəhai
"İncil"ini - "Kitabi-əqdəs"i diqqətlə
oxumağı məsləhət görmüşdü. Hələ
Misirə, Əbdülbəha ilə ilk görüşə
yola düşərkən onların arasında bəhalikdə
millilik və beynəlmiləllik, dinc yaşayış,
müharibə və pasifizm haqda mübahisələr, fikir
mübadilələri olmuşdu. Əbdülbəhanın məşhur
kəlamlarından birini - "Yalnız öz vətənini
deyil, bütün ölkələri eyni dərəcədə
sevən insanlar tərifə layiqdirlər" sözlərini
misal gətirən Mirzə Ələkbər
yollandığı uzaq səfərlərdən
İ.Qrinovskaya ilə apardığı dialoqda da yenidən
eyni məsələnin üzərinə
qayıtmışdı. "Mən bilərəkdən
Amerika və Avropadan Əbdülbəhanın həmin
mövzuda vəzlərinin dərc olunduğu qəzetləri
sizə göndərirdim" - deyə bəhailiyin sülh və
qardaşlıq, insanlar arasında anlaşma və
qarşılıqlı təmas dini olduğu fikrinə diqqəti
çəkirdi.
İzabella Qrinevskayanın bəhailik
mövzusundakı əsərlərinin ilk və tələbkar
oxucusu kimi uğurlarını təqdir etməklə
yanaşı, Mirzə Ələkbər səhv və
yanlışlıqları da diqqətdən
qaçırmırdı. Bu cəhətdən "Bəhaulla"
(1912) dramatik poeması ilə bağlı
aşağıdakı qeyd səciyyəvidir:
"Yazırsınız ki, tarixi mövzulu kitablarda qeyri-dəqiqliklər
qaçılmazdır. Olsun. Axı rusca bilən, yeni əsərinizlə
tanış olan oxucular məndən soruşa bilərlər:
"Bəs siz hara baxırdınız?" Doğrusu, bu suala
necə cavab verəcəyimi bilmirəm. Amma öz növbəmdə
sizdən də soruşuram: "Məgər mənim
kitabımı ("Bab, Bəhaulla və Əbdülbəha"
əsəri nəzərdə tutulur - V.Q.), Atrapetin, Tumanskinin,
Dreyfusun yazdıqlarını oxumamısınız? Məgər
məndən dəfələrlə
eşitməmisiniz ki, Bəhaulla
qaçmayıb, İran şahının tələbinə
əsasən rus kazaklarının müşayiəti ilə
ölkədən çıxarılıb? Elə isə niyə
təzədən götürüb yazırsınız ki,
"qaçıb"? (haqlı tənqidi qeydi nəzərə
alan İzabella Qrinevskaya əsərin sonrakı nəşrlərində
yol verdiyi səhvi islah etmiş, "qaçıb" əvəzinə
mətndə "sürgün olunub" ifadəsini işlətmişdi.
-V.Q.).
Tarixsiz, amma Amerikadan qayıtdıqdan sonra göndərildiyi
məzmunundan bəlli olan başqa bir məktubunda Mirzə
Ələkbər yazırdı: "Paris səfəriniz məni
çox sevindirir. Bu, əvvəl-axır baş tutmalı idi.
Çünki xeyir-duanı Əbdülbəha özü
vermişdi. Təcrübədən bilirik ki, onun istədiyi hər
şey yerinə yetir.
Şəxsi nəzarətiniz altında "Bab"
pyesinin Paris səhnəsində nümayiş etdiriləcəyi
gün məmnuniyyətlə yanınızda olmaq istərdim.
Üstəlik, Parisdən sonra Londona getmək imkanı
yaranardı. İyun ayında orada İrqlər konqresi
keçiriləcək. Bu konqresin işinə qatılmağa
çox can atıram. Əslinə baxanda özümə də
İngiltərədə olmaq lazımdır. Çünki
praktiki ingiliscəmi təkmilləşdirmək istəyirəm.
Ən başlıcası isə Sizinlə birlikdə Şərqdən
sonra indi də Qərbdə səyahət etmək əla
olardı. Bu barədə düşünürəm. Amma əvvəlcə
siz Parisə çatın, oradan mənə yazın...
...Sizin "Bab" həqiqətə nə qədər
iddialı olsa, gerçəyi nə qədər dəqiq əks
etdirsə, o qədər də geniş yayılacaq, hər
yerdə tamaşaya qoyulacaq. Çox şadam ki, qeydlər əsasında
əsəri yenidən, daha uğurlu şəkildə işlədiniz.
Ümumiyyətlə, yaradıcılığınızda əsas
diqqəti ideyaya yönəldin, ardınca isə həqiqətin
bədii inikasına çalışın..."
Keçmiş sovet dövründə ədəbi-mədəni
əlaqələrin ənənəvi sxemi vardı - həmişə
rus yazıçısı təsir və yol göstərirdi,
ilham qaynağı olurdu, mentor rolunda çıxış
edirdi. Ələkbər Məmmədxanovla İzabella
Qrinevskayanın daha geniş öyrənilməsinə ehtiyac
duyulan yaradıcılıq əməkdaşlığında
isə rollar sanki dəyişmişdi. Azərbaycanlı
ziyalı məsləhət verir, yol göstərir, tarixi həqiqət
və onun adekvat bədii əksi tələbini irəli
sürürdü. Həm də bu, yalnız mövzunun
spesifikliyi -bəhailiklə bağlı məsələ
deyildi. Daha geniş mənada ədəbiyyat söhbəti idi.
Və Mirzə Ələkbərin intellektual hazırlıq səviyyəsi,
bədii duyumu həmin söhbəti aparmağa imkan verirdi.
(Davamı qəzetin gələn şənbə
sayında)
Vilayət QULİYEV
525-ci qəzet .- 2024.- 7 dekabr (¹225).- S.10-11.