"Qərbi Azərbaycana
qayıdış üçün möhkəm hüquqi əsaslar
var"
"Ermənistan beynəlxalq hüquqa əməl etməli,
soydaşlarımızın öz yurdlarına
qayıtmalarına süni əngəllər yaratmamalıdır"
Soydaşlarımızın Qərbi Azərbaycandan
sonuncu kütləvi deportasiyasından 36 il ötür.
1987-1991-ci illərdə 300 minə yaxın azərbaycanlı
öz doğma yurdundan zorla qovulub. Qərbi Azərbaycana
qayıdış soydaşlarımızın təbii
hüququdur. Qayıdış Konsepsiyasında da bu hüquq
fundamental şəkildə əsaslandırılır. Tarixi ədalətin
bərpası üçün bu, təmin olunmalıdır.
Qərbi azərbaycanlıların fundamental, baza insan
hüquqları pozulub. Onlar öz vətənlərindən
zorla çıxarılıblar. Ümumdünya İnsan
Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci
bəndinə görə, onların geri qayıdış
hüququ var. Bundan başqa, BMT-nin də məlum dörd qətnaməsindən
ikisində Qərbi azərbaycanlıların
qayıdışı ilə bağlı əsaslar var. Belə
ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə
bölgədəki qaçqınların geri
qayıtmasına şərait yaratmaq tələb olunur.
Məlum olduğu kimi, Qərbi azərbaycanlılarla
bağlı məlumatların elektronlaşdırılması
istiqamətində işlər aparılır. Ermənistandan
deportasiyaya məruz qalmış azərbaycanlıların
orada vaxtilə yaşadıqlarını təsdiq edən
şəxsiyyət, mülkiyyət, əmək
kitabçaları və s. sənədlərin arxiv
fondlarından və şəxsi arxivlərdən
toplanmasına başlanılıb. Sənədlərin ərazi
prinsipi üzrə sistemləşdirilməsi, vahid arxiv fondunun
yaradılması işi gedir və bununla bağlı komitədə
müvafiq komissiya yaradılıb. Məlumatların
elektronlaşdırılması, elektron domen vasitəsilə təqdim
olunması istiqamətində işlər aparılır.
Millət vəkili Günay Ağamalının
sözlərinə əsasən, Qərbi Azərbaycanda
soydaşlarımıza yönəlik etnik təmizləmə
siyasəti planlı şəkildə həyata keçirilib.
XX əsrin əvvələrindən başlayaraq, daha dəqiq
desək, 1905-1906, 1918-1921, 1948-1953, 1987-1991-ci illəri əhatə
edən deportasiya prosesi xüsusi amansızlıq və qətllər
fonunda icra edilib. Bölgənin etnik tərkibinin dəyişdirilməsi
naminə bu cür vandalizm aktının oxşarına tarixdə
çox nadir hallarda rast gəlmək olar: "Məqsədyönlü
şəkildə həyata keçirilmiş aparteid siyasət
nəticəsində həmin torpaqlarda hazırda etnik mənsubiyyət
olaraq ermənilərdən başqa digər bir xalq
yaşamır. Bununla paralel, erməni vandalları artıq illərdir
ki, Qərbi Azərbaycan torpaqlarından
soydaşlarımızın izlərini silməyə
çalışırlar. Bu məqsədlə onlar planlı
sürətdə bizlərə məxsus dünya və yerli əhəmiyyətli
tarixi abidələri məhv edir, bəzilərində isə
tarixi saxtakarlığa əl atırlar. Son dövrlərdə
təkcə paytaxt İrəvanda Xan sarayı, Abbas Mirzə məscidi,
İrəvan qalası, Dəmirbulaq məscidi, Sərtib xan məscidi
kimi memarlıq incilərimiz dağıdılıb, Göy məscid
və Hacı İmamverdi məscidi şəhərə gələn
qonaqlara fars abidələri kimi təqdim olunmaqdadır.
Keçən əsrin əvvəllərində Azərbaycanın
qərb torpaqları üzərində qurulan Ermənistan
dövləti ən yüksək səviyyədə, hətta
ölkədə əsas normativ hüquqi akt hesab olunan
konstitusiyasında belə ölkəmizə qarşı əsassız
ərazi iddiaları ilə çıxış edir".
Millət vəkili vurğulayıb ki, bütün
tarixi faktlar, sənədlər, xəritələr və
coğrafi toponimlər Qərbi Azərbaycanın bizim
torpağımız olduğunu təsdiq edir: "Bu gün
Ïrezident İlham Əliyevin milli maraqlara və beynəlxalq
hüquqa söykənən siyasi kursu nəticəsində Qərbi
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində müstəsna
işlər görülür. Bununla bağlı Qərbi Azərbaycan
İcması istər ölkə daxilində, istərsə də
ölkə hüdudlarından kənarda fəal lobbiçilik
fəaliyyəti həyata keçirir, həqiqətləri
olduğu kimi təqdim edir".
Millət vəkili Səbinə Salmanova deyir ki, Ermənistan
beynəlxalq hüquqa əməl etməli, Qərbi azərbaycanlıların
öz yurdlarına qayıtmalarına süni əngəllər
yaratmamalıdır. XX əsrin əvvəllərindən
başlayaraq müxtəlif dövrlərdə azərbaycanlılar
Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya
edilib: "Belə ki, soydaşlarımız deportasiyalar
zamanı fiziki-psixoloji təzyiq altında işgəncələrə,
kütləvi qətliamlara məruz qalıblar. Bununla da onlar
öz doğma yurdlarını tərk etməyə məcbur
olublar".
Millət vəkili bildirib ki, 30 illik işğal
dövründə Qarabağda və Şərqi Zəngəzurda
olduğu kimi, Qərbi Azərbaycandakı azərbaycanlılara
məxsus mədəni irs də soyqırımına məruz
qalıb: "Ermənistan Qərbi Azərbaycanda
xalqımızın min illər ərzində
yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları,
məscidləri, tarixi yaşayış yerlərini
dağıdıb. Ona görə də Ermənistan
xalqımıza məxsus tarixi-mədəni irsin
dağıdılması, təhrif edilməsi ilə
bağlı vəziyyətin monitorinq edilməsi
üçün UNESCO-nun faktların araşdırılması
missiyasının səfərinə icazə verməlidir".
Onun dediyinə görə, hazırda qarşıda
duran ən böyük məqsədlərdən biri Qərbi
Azərbaycana qayıdışdır: "Əminik ki,
Ïrezident İlham Əliyevin apardığı uğurlu daxili və
xarici siyasət nəticəsində tarixi torpağımız
olan Qərbi Azərbaycana sülh yolu ilə
qayıdacağımız gün uzaqda deyil.
Ermənistan başa düşməlidir ki, bizim ona
qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz,
sadəcə, Ermənistandan beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun olaraq soydaşlarımızın dədə-baba
torpaqlarına qayıdışını təhlükəsiz
və ləyaqətli şəkildə təmin
olunmasını tələb edirik. İndiki Ermənistan ərazisindən
zorla çıxarılmış azərbaycanlıların
öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi,
insani və hüquqi haqqıdır. Ermənistan, soydaşlarımızın
geri dönməsi ilə bağlı süni əngəllər
yaratmamalıdır".
Millət vəkili Elnarə Akimovnın sözlərinə
görə, Qərbi Azərbaycana qayıdış bizim siyasi
və strateji hədəfimizdir. Ermənilərin Qərbi Azərbaycan
torpaqlarına necə sahiblənməyə
çalışmaları, dağıdıcılıq
faktoru, insanların öz ərazilərindən sürgün
olunması kimi acı reallıqla üz-üzə qalması
yaxın tariximizin fəciəvi proseslərindən biridir.
Artıq Zəngəzura qayıdışla bağlı
xalqın içindəki ümid işartıları
görünməkdə, inamlı gələcəyə
yön almasına rəvac verilməkdədir. Bu inamı
qazandıran 44 günlük Vətən müharibəsində
qazandığımız Zəfər, birgünlük
antiterror tədbirləri zamanı nail olduğumuz
üstünlüklər oldu. Eyni zamanda, dövlətimizin
başçısı İlham Əliyevin bu yöndə
yorulmadan apardığı mücadilə, Qərbi Azərbaycan
amalını eyni əzm və israrla vurğulaması bizim hədəflərimizi
konkretləşdirir.
Millət vəkili Asif Əsgərov qeyd edib ki, Qərbi
Azərbaycana qayıdış tarixi ədalətin bərpasına
yönəlmiş ən mühüm strateji məqsədlərdən
biridir. Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi əsrlər
boyu azərbaycanlıların qədim yurd yeri olmuş, burada zəngin
mədəniyyətin, dövlətçilik ənənələrinin
əsası qoyulmuşdur. Lakin tarix boyu baş vermiş
zorakı deportasiyalar və etnik təmizləmə nəticəsində
azərbaycanlılar öz doğma yurdlarından məhrum
edilmişdir. Ïrezident İlham Əliyev Qərbi Azərbaycana
qayıdışı dövlət siyasətinin əsas
prioritetlərindən biri kimi müəyyən etmişdir.
İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan
Ordusunun qazandığı tarixi Qələbə,
xalqımızın illərdir gözlədiyi bu prosesin həyata
keçirilməsi üçün zəmin
yaratmışdır. Dövlətimizin
başçısı bu məsələnin həm daxili, həm
də beynəlxalq səviyyədə həllini tapması
üçün ardıcıl səylər göstərir:
"Azərbaycan dövləti, Qərbi Azərbaycana
qayıdışı təmin etmək üçün beynəlxalq
hüququn prinsiplərindən çıxış edir.
Deportasiya edilmiş azərbaycanlıların doğma
torpaqlarına təhlükəsiz və ləyaqətli
qayıdışı beynəlxalq hüququn əsas
normalarına uyğun olaraq tənzimlənir. Bu çərçivədə
dövlətimiz müxtəlif beynəlxalq platformalarda bu
mövzunun gündəmdə saxlanılması
üçün mühüm diplomatik addımlar atır.
Xüsusilə, beynəlxalq təşkilatlar
qarşısında Ermənistanın etnik təmizləmə
siyasətini ifşa etmək və onun beynəlxalq öhdəliklərinə
əməl etməsini tələb etmək əsas hədəflərdən
biridir. Bununla yanaşı, bu sahədə görülən
işlər Qərbi Azərbaycan torpaqlarından zorla
qovulmuş soydaşlarımızın hüquqlarının bərpasına
xidmət edir. Dövlətin təşəbbüsü ilə
bu mövzuda hüquqi sənədlər hazırlanır, Ermənistanın
qanunsuz əməlləri ifşa olunur. 2022-ci ildə
yaradılan Qərbi Azərbaycan İcması, deportasiya
edilmiş azərbaycanlıların hüquqlarını
qorumaq və onların doğma yurdlarına
qayıdışını təmin etmək məqsədilə
uğurla fəaliyyət göstərir. Bununla yanaşı,
İcma, Qərbi Azərbaycanla bağlı tarixi, mədəni
və hüquqi həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaq üçün müxtəlif layihələr
həyata keçirir. Qərbi Azərbaycana qayıdış
prosesi təkcə Azərbaycanın deyil, bütün regionun
gələcək inkişafı üçün strateji əhəmiyyət
daşıyır. Bu, tarixi ədalətin bərpası ilə
yanaşı, həm də Cənubi Qafqazda uzunmüddətli
sülh və sabitliyin təmin edilməsinə xidmət edir.
Ermənistanın bu prosesə maneə törətməsi,
regionda dayanıqlı sülhün qurulmasına ciddi əngəl
yaradır. Azərbaycan dövləti isə öz haqlı
mövqeyini qoruyaraq, bu məqsədin
reallaşdırılması istiqamətində qətiyyətli
addımlar atır. Dünya birliyi, Qərbi azərbaycanlıların
doğma yurdlarına qayıdışı ilə
bağlı Ermənistana lazımi təzyiqlər göstərməlidir.
Bu, Ermənistan tərəfindən beynəlxalq hüququn
prinsiplərinə zidd hərəkətlərin sona
çatdırılması və deportasiya edilmiş
soydaşlarımızın hüquqlarının bərpası
baxımından böyük önəm daşıyır. Azərbaycanın
diplomatik səyləri bu məsələdə dünya
ictimaiyyətinin fəal iştirakını təmin etməyə
yönəlmişdir. Qərbi Azərbaycana qayıdış,
Azərbaycan xalqının milli birliyini gücləndirən,
tarixi ədaləti bərpa edən və regional sülhə
töhfə verən mühüm bir hədəfdir. Azərbaycan
dövləti bu yolda öz prinsipial mövqeyindən bir
addım belə geri çəkilməyəcəkdir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 10 dekabr(¹226).-S.14.