İki dünyanın bir kitabı
İnsanın ən böyük mənəvi
gücü yaddaşıdır. Zamanın gedişini nəinki
saxlaya, heç ləngidə də bilməyən
Tanrının yaratdığı ən ali varlıq
yaşadıqlarını, gördüklərini, təəssüratlarını
xatirələrində yaşadır. Ancaq ömür də əbədi
deyil axı. Möhlətini bilməsə də, bir gün
ömür karvanını çəkib gedəcəyini bilir
insan. Amma düşüncələri,
yaşadıqlarının hamısı onunla birlikdə məzara
getmir. Gördüyü işlər, tarixin yaddaşına
yazdıqları az-çox başqalarının da hafizəsinə
köçür. Qələmə aldıqları oxunduqca,
söylədikləri xatırlandıqca unudulmur...
Bəşər övladları ən böyük kəşflərindən
olan yazıdan öncə də olmuş hadisələrin, xəyallarında
qurduqlarının, eyni zamanda hisslərinin,
duyğularının, arzularının ifadəsini əbədiləşdirməyin
yolunu tapıblar. İstedadlı övladlarının ruhundan
qopan nəzm, yaxud nəsr nümunələri dildən-dilə
keçib, nəsildən-nəsilə ötürülüb.
Ən böyük mənəvi sərvətlərindən
olan şifahi ədəbiyyatını da xalq belə
yaradıb.
Ancaq yazılanın ən etibarlı mənbə ola
biləcəyini də çox erkən anlayıblar. O zamanlar
hələ yazını icad etməmişdilər. Gündəlik
həyatlarından tutmuş əlçatmaz arzularınadək...
daşlara həkk edərək yalnız bir-birləri ilə
deyil, əsrlər sonra dünyaya gələcək nəsillərlə
"danışıblar". Bəlkə bu da
dünyadakı əbədiliyini cismi ilə qorumağa
gücü yetməyən insanın ömürlük var olma
cəhdi idi...
Yazını kəşf etməklə isə bəşər
övladının işi asanlaşıb. Qələmə
alınanlar həm də ən etibarlı mənbə hesab
edilir. "Yazılan qalır", - deyirlər. Bir şərtlə
ki, gərək qələm istedadlı və peşəkar əlində
olsun. Yazıçı, publisist, redaktor, naşir, Əməkdar
mədəniyyət işçisi Mustafa Çəmənlinin
"Mənim iki dünyam" adlı kitabını oxuduqca
istedadlı, peşəkar sözlərinə geniş məlumata,
dərin biliyə, zəngin həyat təcrübəsinə
malik sözlərini əlavə etməli olursan.
1973-cü ildə, tələbə ikən "Mingəçevir
işıqları" qəzetində dərc olunan "Ləpirlər"
hekayəsi Mustafa Çəmənlinin ədəbiyyatımızda
görünən ilk izi, ilk cığırıdir. Sonralar
hekayələri, povestləri, pyesləri, romanları və bədii
publisistik əsərləri ilə bu cığırı yol
edib. Ədəbi-bədii əsərlərinin hər biri
oxucular tərəfindən maraqla qarşılanıb. Onun
"Xallı gürzə"si, "Ölüm mələyi"
tarixi roman janrının ən dəyərli nümunələrindəndir.
Ədəbiyyatın sehrindən heç zaman
çıxa bilməyən Mustafa Çəmənlinin
yaradıcılığında jurnalistikanın da xüsusi
yeri var. Elə ixtisasca da jurnalistdir.
Azərbaycan Dövlət Universitetin jurnalistika
fakültəsini bitirdikdən sonra təyinatla göndərildiyi
"Yazıçı", sonralar "Gənclik", "Təhsil"
nəşriyyatlarında redaktor, böyük redaktor,
şöbə müdiri, baş redaktor vəzifələrində
çalışıb. Uşaqlıqdan əsərlərini
heyranlıqla oxuduğu yazıçı və şairlərin
çoxunu da nəşriyyatlarda görüb, onların
kitablarını redaktə edib, çapa hazırlayıb.
Bəhs edəcəyimiz "Mənim iki dünyam"
adlı kitabında Mustafa Çəmənlinin müxtəlif
vaxtlarda dövri mətbuatda çap etdirdiyi məqalələri,
esseləri, hekayəsi, xatirələri, müsahibələri,
kitablara yazdığı "Ön söz"ü, Respublika
radiosunda səsləndirilmiş ədəbi-bədii
verilişlərinin mətnləri, radiopyesi, ssenariləri daxil
edilib.
"Mənim iki dünyam"ı oxuduqca sanki müəllifin
səsini eşidirsən. O, elə bil kitabda verilmiş şəkillərindən
birində olduğu kimi, uşaqlığının kölgəsində
keçdiyi, köklü-köməcli tut ağacına
söykənib yazdıqlarını bir-bir oxucusuna
danışır. Kitab əvvəlindən sonunadək uzaq,
yaxın tariximizdən, fərqli insanların taleyindən bəhs
edən bir növ məlumatlar toplusudur.
Bəzən məlumatlar, hətta çox gərəkli
olanda belə oxucunu yora, bezikdirə bilir. Mustafa Çəmənli
isə oxucusuna qıymadan, yormadan bilgi verir. Bu mənada kitabda
müxtəlif adlarla - "Hər çiçəkdən
bir ləçək", "Yaddan çıxmaz
Qarabağ", "Hər dəqiqəm bir kitab",
"Ekran, efir", "Musiqi alətlərimizin vəsfi",
"Teatr və musiqi" bölgülərin aparılması
yerinə düşüb.
"Hər çiçəkdən bir ləçək"in
ilk ləçəyi, həm də "Mənim iki
dünyam" kitabına daxil edilmiş birinci yazı
"Gözəgörünməz düşmən"
adlanır. Müəllifin bəhs etdiyi o düşmən
2020-ci ilin ilk günlərində Çinin Uhan şəhərində
baş qaldıraraq dünyanın ümumi bəlasına,
qlobal problemə çevrildi. Bu yolxucu virusdan qorunmağın
sadə yolu "Evdə qalın!" oldu. Xüsusilə
yaşı altmış beşi adlamış insanların
virusa yoluxma ehtimallarının çox yüksək olduğu
nəzərə alınaraq onlara evlərinin qapısından
çıxmağa, demək olar ki, icazə verilmirdi. Uzun illər
müxtəlif işlərdə çalışan və həftə
sonları istisna olmaqla yalnız axşamlar evdə olanlar
üçün bu qadağaya əməl etməyin nə qədər
çətin, cansığıcı olduğunu "Mənim
iki dünyam" kitabının müəllifi
özünün timsalında bütün təfərrüatı
ilə anladır.
Dünyanı bəlaya salan, hər kəsi
ölümlə təhdid edən koronavirus, nə xoş ki, gəldi-gedər
oldu. Yaxşı ki, bəşərin əbədi mövzusu
dünyanı gözəlləşdirən, mənalandıran
məhəbbətdir. Mustafa Çəmənlinin kitabına
daxil etdiyi növbəti yazı həmin mövzuda, "Məhəbbət
və eşq haqqında"dır. Şifahi xalq ədəbiyyatından
başlayaraq yazılı ədəbiyyata qədər əksər
janrlardakı əsərlərdə bu ülvi duyğu tərənnüm
edilib. Mustafa Çəmənli məhəbbətin, eşqin
ülviyyətini dahi Məhəmməd Füzulinin, Hüseyn
Cavidin, Qasım bəy Zakirin, Əliağa Vahidin, Molla Pənah
Vaqifin dəyərli misralarından nümunələrlə
bir daha izah edir. İbratamiz hekayətlərdən, hikmətli
sözlərdən gətirdiyi misallarla dünyanın bu əzəli
və əbədi mövzusu barədə fikirlərini daha da
cilalayır.
"Hər çiçəkdən bir ləçək"in
bir ləçəyi də "Rəqqas
ömrü"dür. Müəllif bu məqaləsində
oxucusunu daha bir sənətkarın - Əşrəf Səfərovun
həyatı və yaradcılığı ilə
tanış edir, sonrakı yazıları - "Dost itkisi"
ilə kövrəldir, "Mən kiməm? Sən kimsən?"lə
duyğudan-duyğuya kökləyir,
düşündürür...
Tarixi öyrənmək azdır, həm də ondan ibrət
almaq gərəkdir. "Mənim iki dünyam"
kitabının ikici fəslinin adını oxuyanda ilk
düşündüyümüz bu olur... Kitabın ikinci
bölməsi də belə adlanır "Yaddan
çıxmaz Qarabağ!" Bu bölmədə birinci
yazı "Qarabağın tacı"dır. "Hər dəfə
Şuşanın adı çəkiləndə ilk öncə
onun banisinin xəyali obrazı gözlərim önündə
canlanır. Bu dəm mənə elə gəlir ki, 240 il bundan
əvvəl olduğu kimi, yenə də Pənah xan şahə
qalxmış qəmərinin belində şahanə oturaraq
Şuşadan Qarabağın aranına səpələnmiş
kəndlərinə, obalarına, adına öygülər
qoşulan ellərinə tamaşa eləyir", - yazır
Mustafa Çəmənli. Və oxucusunun gözləri
önündə adı dillər əzbəri Şuşa
qalasının yaradıcısının - Pənah xanın
dövrünü, böyük rol oynadığı mürəkkəb,
gərgin tarixi, ictimai-siyasi hadisələri canlandırır.
...Əsrlərin qovğalarından keçmiş
Şuşanın başını XX yüzilliyin sonlarında
yenə də qara buludlar almışdı. Şəhərin
yerlilərinə gəlmə ermənilər yer iddiası
edirdilər. Mustafa Çəmənli 1990-cı ildə
yazırdı: "Şuşa Qarabağ şəhərlərinin
tacıdır. Son illər bu taca çirkin əllər
uzanıbdır. Birdəfəlik biləyindən qələmə
kimi kəsiləsi əllər".
Qarabağ, Şərqi Zəngəzur nisgilimizə Azərbaycan
Ordusunun Vətən müharibəsində qazandığı
Böyük Zəfər son qoydu. Ancaq Ermənistanın Qarabağı,
Şərqi Zəngəzuru işğal altında
saxladığı otuz ilə yaxın müddətdə Azərbaycan
xalqının çəkdiyi mənəvi əzablar yaddan
çıxmayacaq. Mustafa Çəmənlinin qələmə
aldığı "Bir səfərin təəssüratı",
"Qayıtmasaq, Bülbül küsər, Xan
ağlayar..." və digər publisistik yazılarında o
unudulmayacaq hisslər dəqiq və təsirli ifadə olunub.
"Ey mənim ürəyiyumşaq xalqım! Ey mənim
tükü tükdən seçən, zərifdən zərif,
qəlbi geniş, duyğusal millətim! Xalq olaraq
intiqamçı, irqçi deyilik, əl tutanıq, humanistik,
bağışlayanıq, amma məncə, yetər! Hissiyyata
qapılmamalı, əndazəni aşmamalıyıq". Bu
sətirlər Mustafa Çəmənlinin "Unutmağa
haqqımız yoxdur!.." başlıqlı məqaləsindəndir.
Və sadəcə, öyüd deyil bunlar. Həm də
yaşadığımız, mənəvi
ağrı-acılarını çəkdiyimiz işğal
tarixindən çıxarmalı olduğumuz dərsdir.
Kitaba müəllifin ayrı-ayrı mətbu orqanlara
müxtəlif vaxtlarda verdiyi müsahibələr də daxil
edilib. "Kaş ki Cıdır düzündən arana baxa
biləydim", "Müharibə haqqında isti-isti yazmaq gərəkdir",
"Mən müharibəyə bağlı insanam"
başlıqlı müsahibələrdə Mustafa Çəmənlinin
peşəkar jurnalist, yazıçı, ziyalı, vətəndaş
kimi mövqeyi, maraqlı fikirləri əksini tapıb.
Kitabının üçüncü - "Hər dəqiqəm
bir kitab" adlı bölməsinə daxil edilən
yazılar oxucuya həm də redaktor, naşir Mustafa Çəmənlini
tanımaq imkanı yaradır. Bölmənin ilk yazısı
"Redaktor və redaktə haqqında"dır. Müəllif
bildirir ki, çoxlarının düşündüyü
kimi redaktor heç də mübtəda və xəbərin
uzlaşıb-uzlaşmadığını mətndə
yoxlayan kəs deyil, yaradıcı şəxsdir: "Redaktor
özü əsər yazmaya bilər. Lakin o, fitrətdən
yaradıcı olmalıdır. Əgər ədəbi
redaktorun güclü məntiqi, savadı, fəhmi,
intiusiyası olmasa, adi oxucudan fərqlənməz. Və
yaxşı olar ki, redaktor bir-iki sahə üzrə
ixtisaslaşsın. Müəyyən bir sahə üzrə
ixtisaslaşan redaktorun işi səmərəli və keyfiyyətli
olur". Yaxşı redaktor olmaq üçün həm də
dil biliyin zəngin və mükəmməl olmalıdır.
Geniş məlumata malik olmalısan. Eyni zamanda, səbirli
olmalı, müəlliflərlə işləməyi
bacarmalısan. Mustafa Çəmənlinin "Redaktor və
redaktə haqqında" adlı yazısı həm də
bunları öyrədir.
"Mənim iki dünyam" kitabının
"Ekran, efir" bölməsinə daxil edilən
yazılarında ssenarist Mustafa Çəmənlini
tanıyırıq. O, Azərbaycan xalq musiqisini,
muğamlarımızı, eləcə də onların
ifaçılarını uzun illərdir ki, müxəlif
janrlı yazılarında ürəkdən sevərək, dərindən
öyrənərək tanıdır, təbliğ edir. Kitaba
müəllifin "Musiqi alətlərimizin vəsfi" və
"Teatr və musiqi" silsilə, "Bulaq" verilişləri
üçün hazırlanmış və Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimova həsr
olunmuş "Mübarizin səhəri" ssenariləri
daxildir.
...Hərdən ötənləri yada salırıq.
Xatırladıqlarımız həm də keçmişdə
qalmış zamandır. Mustafa Çəmənlinin "Mənim
iki dünyam" yazısında xatırladığı
zamanın özü də maraqlıdır. Orda nəinki
bugünkü texnologiya - rəngli, pultlu televizorlar, cib
telefonları, internet, hətta evlərdə radio da yoxdur. Ona
ağlı söz kəsəndə babası Teymur oğlu Məhəmmədin
Ağdam bazarından aldığı purijinli patefonu, bir də
çoxlu qramafon valları var. İlk dəfə Cabbar
Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Zülfü
Adıgözəlovun, Xan Şuşinskinin vallarını
oxudub, onların məlahətli səsinə vurulur. Azərbaycan
xalq musiqisi, muğamlarımız o vaxtdan Mustafa Çəmənlinin
özünəməxsus dünyası olur. Sonralar ədəbiyyatla
tanışlığı başlayır. Və bir əsarəngiz
dünyası da ədəbiyyat olur: "Tanıyanlar,
yaradıcılığıma az-çox bələd olanlar
yaxşı bilirlər ki, mənim iki dünyam var: Ədəbiyyat
və musiqi!", - Mustafa Çəmənli yazır.
Onun keçdiyi, bu gün də böyük
şövqlə davam etdirdiyi yaradıcılıq yolu
çoxşaxəli və məsuldardır. Mustafa Çəmənli
yazıçı, ssenarist, publisist kimi neçə-neçə
dəyərli əsərin müəllifidir. O, uzun illərin
naşiridir. Yüzlərlə əsər redaktə edib.
Mustafa Çəmənlinin 40-dək kitabı, 20-dək redaktə
və tərtib etdiyi əsər nəşr edilib. "Mənim
iki dünyam" kitabının bir məziyyəti də odur ki,
müəllifin yaradıcılığı barədə
dolğun təəssürat yarada bilir. Bircə elə bu
kitabla da oxucu yazıçı, ssenarist, publisist, naşir,
redaktor Mustafa Çəmənlini layiqincə tanıyır.
"Bir zaman yazmaq istədiyim elə fikirlər, xatirələr,
duyumlar olub ki, nəyə görəsə yazmamışam,
atmışam yaddaşımın bir "küncünə".
İndi zaman keçəndən sonra o sözlər, duyumlar,
anmalar, xatirələr yaddaşımın
"dolaylar"ından elə hey bu işıqlı
dünyaya çıxmaq istəyir". "Ötən
günlərdən səhifələr" məqaləsindəndir
bu sətirlər. "Mənim iki dünyam"da toplanan
yazıların əksəriyyəti bu qəbildəndir.
Müəllifin xatirələr yaddaşının
"dolaylar"ından keçərək qələmi ilə
əbədiləşdirdiyi bu yazılar oxucunun
yaddaşında heç zaman sönməyəcək
işıq yandırır.
Zöhrə FƏRƏCOVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 10 dekabr(№226).-S.13.