Şəhid ucalığının səhnə təcəssümü

VƏ YA YARIMÇIQ QALMIŞ SEVGİ DASTANI

 

Bu yazının ikinci - alt sərlövhəsi Gənc Tamaşaçılar Teatrından çıxarkən poeziya mənsublarından birinin dərindən köks ötürüb dediyi məqamda yaddaşıma həkk olundu. Fərqinə varmaq istəmədim, heç varmadım da! Məncə, sənət əsərinin gücü ona dair yozumların, rəylərin fərqliliyindədir. Bu mənada, dostumuzun şairanə baxışlarında və dərd dolu ifadə tərzində qüsur axtarmağın özü qüsurludur. Ancaq məhz bu ifadə mənası və tərzi ilə, dəfələrlə tamaşaçısı olduğum, sonra da bir saatlıq piyada yol boyu düşüncələrimi götür-qoy etdiyim doğma mədəniyyət ocağımızın yeni uğurlu səhnə əsəri barədə bu yazımı qələmə almağa məni sövq elədi. Söhbət tanınmış şair Adilə Nəzərin şəhid mayor Vüsal Vəliyevin əziz xatirəsinə yazdığı "Axirətdən gələn səs" pyesi əsasında İftixar Piriyevin qeyri-səlis təbəddülat janrında hazırladığı qəhrəmanlıq dramından gedir. Dram əsəri Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti tərəfindən səhnələşdirilib və 3 dekabr 2024-cü il tarixdə Azərbaycan Gənc Tamaşaçılar Teatrında premyerası oldu.

İlk növbədə bunu qeyd etməliyik ki, tamaşanı yetərli sayda elm, poeziya, mədəniyyət və incəsənət mənsubları seyr edirdi, anşlaq idi, yazsaq, daha doğru olar. Və bu maraqlı tamaşanı seyr edənlərin zaldakı rolu, onların hiss və duyğuları səhnədə baş verənləri böyük maraq və diqqətlə izləmələrində əks olunurdu. Sürəkli alqışlardan sonra Azərbaycan Dövlət Himninin möhtəşəm oxunuşu (sözsüz ki, ayaqüstə və sağ əlin sinədə ürəklə birgə çırpınmasıyla) tamaşanın pik nöqtəsi idi!

"Axirətdən gələn səs"dən doğan alqışlar ilk növbədə hər bir şəhid, qazi ailəsinin dərdini öz dərdi hesab edən, təkcə qəm-qüssəyə şərik çıxmaqla yox, həm də iti qələmi ilə ağrı-acılarımızın şəklini çəkən, ahəngini və rəngini yaddaşımıza köçürən Adilə Nəzərin ünvanınadır.

Eyni zamanda, Qərbi Azərbaycan adı dilimizdən düşmədiyi bir vaxtda 96 illik fəaliyyəti zamanı Azərbaycan dramaturgiyasının şah əsərlərini tamaşaçıya sevdirmiş bir kollektivin öz evi, - adına, fəaliyyətinə, tarixinə və keçmişinə layiq ünvanı olması arzusu da ürəyimə, dilimə gəlməyə bilmir. Mayor Vüsal Vəlievin şəhid ucalığına töhfə vermiş kollektivin bədii rəhbəri İftixar Piriyev, hər bir aktyor, işçi heyət üzvü tamaşaçı minnətdarlığını bol alqış sədaları və çiçək dəstələri ilə qazandı. Bu cür tədbirlərə can atan birisi olaraq bunu tədqirəlayiq hesab edirəm.

Dəfələrlə teleekranlardan, efirlərdən, mətbu orqanlardan "indi səhnəyə qoyulası əsərlər" yoxdur deyənlərdən ricam budur ki, gəlib, son zamanlar uğur və tamaşaçı rəğbəti qazanmış bir neçə dram əsəri ilə bərabər, bu tamaşaya da baxsınlar.

Tamaşaçılar arasında akademiklər Nizami Cəfərov və Muxtar İmanovun, elm və mədəniyyət xadimlərinin, şair və yazıçıların, jurnalistlərin, şəhid ailələrinin çoxluq təşkil etməsi ictimaiyyətin sonsuz Vətən sevgisinin böyük ifadəsi və bir daha məmnunluqla qeyd edirəm ki, Azərbaycan Dövlət Himninin aktyor və tamaşaçı vəhdətində bu qədər coşqu ilə oxunması tamaşanın, həm də Yurd eşqinin kulminasiya nöqtəsi idi!

Ancaq kulminasiya nöqtəsinədək, yəni bir saat ərzində səhnədə baş verənlər, aktyorların şəhid ucalığını təcəssüm etdirən rollarına böyük məsuliyyət hissi ilə yanaşmaları, əlbəttə, tamaşaçı sevindirici hal kimi dəyərləndirilməlidir. Aktyorların döyüş səhnələrində döyüşçü dinamikasını əks etdirən qıvraq, düşünülmüş xaotik və elastik bədən hərəkətləri ilə yanaşı, hiss və duyğuların obrazlarda həm susqun, həm də coşqun mimik ifadələr səmərəli yaradıcılıq fəaliyyətinin bəhrəsidir. Dram əsərində rəmzlərdən və xalq mahnılarımızdan istifadə olunması xeyirlə-şərin, yaşadanla-qəsbkarın qarşıdurmasının uğurlu səhnə həllidir. Azərbaycanı vəsf edən mahnı ilə başlayan tamaşa məqamı gəldikcə əsərin ideyasına və şəhid obrazının açılmasına xidmət edən xalq mahnılarının ifası ilə davam edir. Bu zaman musiqi seçimlərindəki rəngarənglik, tarixi və məna dəyərliyi də unudulmur. Xalq adət-ənənələrinin obrazlarda bədii həlli tamaşaçı zövqünü oxşayır.

Tamaşa boyu it hürüşməsi ilə alçaq niyyət və məramlarını açıqlayan ermənilər Qurd ulaması ilə hürkürlər, gizlindən, arxadan atəşlə xəyanət etməyi milli keyfiyyətlərinə çevirmiş düşmənlərimizin aqibəti general Polad Həşimov, mayor Vüsal Vəliyev kimi oğullarımızın mərdliyi və şücaəti ilə acınacaqlı hala gətirilir.

Sözsüz ki, bu əsərin əsas süjet xəttində, bir həmkarımızın dili ilə alt sərlövhəyə çevrilən, sevgi dastanı durur ki, onun da iki qolu bir-birinə ayrılmaz tərzdə qovuşur. Vətən və Yar sevgisi elə ucalan xətlə və ayrılmaz tellərlə bir-birinə bağlanır ki, onları ayırd etmək olmur, buna cəhd eləmək belə ağıla gəlmir. Vətən-İnci sevgisi Vüsalın qəlbində (bu, həm də tamaçıya sirayət edir) İncilənə-İncilənə Vətənləşir, Vətənləşə-Vətənləşə İncilənir. Və buradan da alt sərlövhəyə çıxan o ifadəyə bir etiraz səsi ucalmağa başlayır: doğrudanmı bu və buna oxşar sevgilər yarımçıq sayıla bilər?!. Əgər belədirsə, tam, bütöv sevgi necə olur, yaxud necə sevgi tam, bütöv sayılmalıdır?!

Yəqin, razılaşmaq lazımdır ki, Nizami "Xəmsə"sində canlanan, Füzuli poemasında ürəkləri fəth edən Leyli-Məcnun sevgisi yüksək hiss və duyğuların tərənnümü ilə bənzərsiz və təkrarolunmazdır! Bu eşqi ilahi eşq səviyyəsinə qaldıran şairləri də əsrlərdən-əsrlərə adladıb yaşadan elə odlu, sönməyən və sönməyəcək məhəbbətin özü deyilmi?! Bu mənada, həyatda Vüsal-İnci birliyində acı həqiqətə çevrilən bu məhəbbətin dram əsərindəki səhnə həlli tamaşaçı üçün mənəvi planda yarımçıq dastan sayıla bilməz.

"Səs" dramındakı valideyn obrazları da həyatdan götürülüb. Sözsüz ki, oğul faciəsinə ürəyi tab gətirməyən (həyatda) İslam atadan çox, məğrur, vüqarlı Azərbaycan xanımı kimi dillərdə dastan olan Mədinə ananın (Əməkdar artist Esmiralda Şahbazova), Səmayə ananın (aktrisa Səmayə Nəbiyeva) obrazları premyerada tamaşaçı üçün daha təsirli alındı (həm də zalda Polad Həşimovun anası Səmayə xanım, digər şəhid anaları da vardı). Gənc aktrisa Pərvin Dadaşovanın məharətli ifasında İnci obrazı həyatdakı reallıqları göz önündə canlandırdı.

İnanıram ki, istedadlı qələm sahibi Adilə Nəzərin şəhid Vüsal Vəliyevin əziz xatirəsinə həsr etdiyi "Axirətdən gələn səs" pyesi əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı "Səs" tamaşası Zəfər tariximizin şanlı səhifələrini əks etdirən səhnə əsəri kimi hər zaman sevilə-sevilə baxılacaq.

 

Mahir CAVADLI

AMEA Folklor İnstitutunun şöbə müdiri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

525-ci qəzet .- 2024.- 10 dekabr(№226).-S.12.