Ekoloji və tibbi əhəmiyyətə
malik yulğun kollarına diqqət artır
Şoranlaşmış ərazilərdə yulğun
bitkisinin əkilməsi, genişləndirilməsi əhəmiyyətli
dərəcədə yarımsəhra zonasının gözəlləşməsinə
və isti iqlim şəraitində oksigen bolluğuna şərait
yaradır. Kür-Araz boyunca uzanan Tuqay meşələrinin ən
çox geniş yayılmış bitkilərindən biri də
yulğun kollarıdır. Yulğun kol bitkisi olsa da,
Kür-Araz boyu Tuqay meşələrində ağac kimi
şaxələnərək boyu 6-8 metrə çata bilir.
Tuqay meşələri Kür çayının
subasarında yerləşir. Əsasən Kürün
Ağcabədi, Zərdab, Beyləqan və İmişli
rayonlarını ərazisindən keçən hissəsində
mövcud olan yaşıllıq zolağının cins tərkibi
söyüd, ağyarpaq qovaq, qarağac, tut, uzunsaplaq palıd,
gürcü palıdı, saqqız ağacı, kollardan isə
yemişan, murdarça, yulğun, cır nar, böyürtkən,
qaratikan, qızılca və sairdən ibarətdir.
Bioloq Vidadi Məmmədovun sözlərinə görə,
yulğun bitkisi iqlimi quraq və torpaqları şoran olan ərazilərdə
çox asanlıqla inkişaf edir: "Hər bitki bu
xüsusiyyətə malik deyil. Yulğun yarımsəhra iqlim
şəraitinə uyğunlaşır və zonanın hakiminə
çevrilir. Suvarma və drenaj kanalları boyunca
yayılmış yarımsəhra bitkisinin bir çox
xüsusiyyətləri mövcuddur. Belə ki, bu bitkinin nəm
olmasına baxmayaraq, çox yaxşı yanma qabiliyyəti
var. Bunun səbəbi onun yağlı olmasıdır. Bu da həmçinin
yulğunun gec çürüməsinə səbəb olur.
Eyni zamanda yulğunun oduncağı möhkəm və keyfiyyətlidir.
Buna görə də mebel sənayesində istifadə edilməsi
yaxşı qazanc gətirə bilər. Yarımsəhrada bu
bitki həm heyvanlar üçün, həm də quşlar
üçün əsl sığınacaq yeridir. Xüsusən
qırqovul və turac kimi adı "Qırmızı
kitab"a düşmüş quşların".
V.Məmmədov qeyd edib ki, bir zamanlar yaylaq gəzən
babalarımız yulğundan koma tikərdilər:
"Çobanların əl ağacları da yulğundan olardı.
Həmçinin çöl şəraitində ondan
ağcaqanadları qovmaq üçün də istifadə
edilirdi. Türk xalqlarının müqəddəs bitkisi
yovşan olduğu kimi, yarımsəhra bitkisi olan yulğun da
tərəkəmələrin əsas həyat bitkisinə
çevrilib. Eyni zamanda bəzi bitkilərdən fərqli olaraq
heç bir qulluq tələb etmir. Bu baxımdan
şoranlaşmış ərazilərdə yulğun
bitkisinin əkilməsi və genişləndirilməsi əhəmiyyətli
dərəcədə yarımsəhra zonasının gözəlləşməsinə
və isti iqlim şəraitində oksigen bolluğuna səbəb
olar. Habelə bütün növ heyvan və quşların
çoxalmasına səbəb ola bilər".
Mütəxəssis bildirib ki, yulğun bikisi
bütün bitkilər kimi, tibbi cəhətdən də əhəmiyyətlidir:
"Bu bitkinin yarpaqları iynəyə oxşasa da, lakin iynəyarpaqlar
fəsiləsinə aid deyil, çiçəkləri qərənfilə
oxşadığı üçün qərənfilçiçəklilər
fəsiləsinə aiddir. Ağciyər xəstəlikləri
zamanı yarpaqlarından istifadə edilir".
V.Məmmədovun sözlərinə görə, səhra
zonasının əsas bitkisi olan saksaul da qərənfilçiçəklilər
fəsiləsinə aiddir: "Belə ki, ərəb ölkələrində
saksauldan meşə massivi salınaraq, səhranın mənzərəsini
dəyişir, qum fırtınalarının qabağı
alınır, eləcə də heyvandarlıq inkişaf edir.
Belə bir layihənin ölkəmizdə də tətbiqi
çox yaxşı olardı".
Qeyd edək ki, bu bitkiyə Biləsuvar rayonunun suvarma,
drenaj kanalları boyunca, Mahmudçala su-bataqlıq sisteminin ətrafı,
eləcə də Bolqarçay çayı boyunca, habelə
digər ərazilərdə tez-tez rast gəlinir.
Adı "Qırmızı kitab"a düşən
yulğun kolu ölkəmizdə ən çox
Naxçıvanda, Abşeron yarımadası və Kür-Araz
ovalığında yayılıb. Elmi adı tamariks olan
yulğun kolunun dünyada 80-dən çox növü
mövcuddur ki, bunun da 10-a yaxını Qafqazda, əsasən
Gürcüstan və Azərbaycan ərazisində bitir.
Ekoloq Elman Hacıyev deyir ki, səhra və yarımsəhra
bitkisinin hündürlüyü 1 metr və ondan da
hündür olur. Quraqlığa və şoranlığa
davamlı olduğundan yaşıllaşdırmada
böyük əhəmiyyətə malikdir. Salyan rayonu
Kür-Araz ovalığında yerləşdiyindən bu ərazilərdə
yulğun kimi bitkilər çoxdur: "Yulğun bitkisi
torpağın münbit olmağına müsbət təsir
göstərir, oksigeni çoxaldır, havanın
saflaşmasına xidmət edir və canlıların
yaşaması üçün şərait yaradır.
Yulğun kollarının ekoloji cəhətdən digər
üstünlüyü ondadır ki, quşlar orada yuva salaraq nəsil
artırır, ətraf mühitə gözəllik gətirirlər".
Yulğun kollarında gizlənən quşlardan biri
qırqovuldur. Bundan başqa, ərəbdovşanı da
yuvasını məhz bu kolun dibində salır. Bioloqlar
yulğunun insan orqanizmi üçün xüsusi rol
oynadığını da qeyd edirlər.
Bioloq Elmira Abıyevanın sözlərinə görə,
yulğun çox əhəmiyyətli bitkidir və geniş
yayılıb: "Yulğunun 80-dən çox
növünün olmasına baxmayaraq, Azərbaycanda yalnız
bir növünə rast gəlinir. Yulğun bitkisi quraqlıq
və şoranlıq yerlərə davamlı olduğu
üçün təbiətdə
yaşıllaşdırmada geniş istifadə olunur. Eyni
zamanda, quşlar, əsasən də qırqovul çoxalma
dövründə bu bitkinin sıx yarpaqlarının
arasında gizlənə bilir və vəhşi heyvanlardan
mühafizə olunur. Yulğun insanlar üçün mualicəvi
dərman bitkisi kimi də çox böyük əhəmiyyətə
malikdir. Ağ ciyərin müalicəsində yulğun
bitkisinin tüstüsündən istifadə edilir, eyni zamanda,
tənəffüs yollarının açılmasında
xeyirlidir".
Adi koldur deyib, yulğun ağacını kəsməyə
cəhd etməyin. Yulğunun laksa növü
"Qırmızı kitab"a düşüb. Məhz bu
növ kəsildikdə cərimələrin əmsalı da
artır. Belə ki, 4 santimetrə qədər olan adi
yulğun kolu məhv edilərsə, cəriməsi 80
manatdır. "Qırmızı kitab"a düşən
"laksa" növü kəsilərsə, o zaman cərimə
25 əmsala vurulur. Ümumiyyətlə, yulğun kəsilməsinə
görə, fiziki şəxslər 2 min manat, vəzifəli
şəxslər 5 min manat, hüquqi şəxslər isə
25 min manat cərimələnir. Bu məbləğin
üstünə dəymiş ziyan da gəlir. Avtomobil
yollarının kənarında və dəmir yolu
zolaqlarında kəsilən yulğunlar üçün tətbiq
olunan cərimə daha ağırdır. Fiziki şəxslər
2500, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər
isə 40 min manat məbləğində cərimə edilir.
Mütəxəssislərin fikrincə, yulğunun
insan orqanizminə faydası olduqca böyükdür.
Xüsusilə onu üzərlik kimi yandırıb,
tüstüsünü udmaqla tənəffüs
yollarının açılmasında, eləcə də
ağciyərlərin müalicəsində istifadə edirlər.
Mütəxəssislər hesab edirlər ki, yulğunun kəsilməsinə
görə cərimələrin tətbiq olunmasına
baxmayaraq, lakin ana təbiətin bəxş etdiyi bu neməti
qorumaq lazımdır ki, gələcək nəsillərə
ötürə bilək.
Yulğun kollarının ekoloji cəhətdən
üstünlüyü qırqovul quşlarının orada
yuva salaraq nəsil artırmasıdır. Bundan başqa, ərəbdovşanı
da yuvasını məhz bu kolun dibində salır.
Müalicəvi dərman bitkisi kimi də çox
böyük əhəmiyyətə malik olan yulğundan
ağ ciyərin müalicəsində tüstüsündən
istifadə edilir, eyni zamanda, tənəffüs
yollarının açılmasında xeyirlidir.
2005-ci ildən başlayaraq bitki
örtüyünün qorunması, mühafizəsi ilə əlaqədar
dövlət səviyyəsində bir sıra qərar və
qanunlar qəbul olunub. Lakin antropogen amillər yenə də
çox böyük risk altındadır. Vaxtilə ölkə
ərazisinin 11 faizini meşə fondu təşkil edirdi, indi
yeni meşə fondları yaradılsa da, təbii meşə
fondu azalaraq 8 faiz həddinə düşüb. Çox
böyük təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, bunun başlıca səbəblərindən
biri yeni kompleks və istirahət mərkəzlərinin xeyli
bir qismi meşənin ortasında və ya
yaşıllıqların məhv edilməsi hesabına tikilməsidir.
Belə olanda həmin ərazilərdə kilometrlərlə ərazi
antropogen amillərin təsiri altına düşür.
Nəsli kəsilməkdə olan ağac və kol
bitkilərinin bərpası, yeni bitki növlərinin
yaradılması sahəsində işlər
aparılmalıdır. Biz dendrofloranın həm təbii, həm
də mədəni təhlilini aparır, ölkəmizin iqlim
şəraitinə uyğun olan yeni bitki növlərinin
artırılmasına çalışırıq.
İnstitutumuzun gənc doktorantları dekorativ bəzək
bitkisi olan maqnoliyanın 7 növünün
çoxaldılması sahəsində tədqiqatlar
aparırlar. Bundan başqa, 40-a yaxın yeni bitki
növünün çoxaldılması üzərində
işləyirik. Abşeron yarımadasında sezalpiniya,
seratoniya, palıdın bir növü və digər bitkilərdən
ibarət təbii meşələr salmaq mümkündür.
İnstitutumuz bu sahədə xeyli imkanlara malikdir. Bizdə
landşaft memarlığı ilə məşğul olan
çox yaxşı mütəxəssislər var.
Parkların yaşıllıq təsərrüfatının
müasir tələblərə uyğun qurulması, bəzək-bağçılıq
sahəsində çoxlu maraqlı təkliflər verə bilərik,
yerli şəraiti nəzərə alaraq yeni
yaşıllıq zonaları yaratmaq olar, lakin təəssüf
ki, bu sahədə yerli mütəxəssislərin
imkanlarından lazımınca istifadə olunmur.
Statistik məlumatlara görə, son vaxtlar iqlim dəyişikliyi,
genefondun dağılması, bioloji müxtəlifliyin
pozulması az qala nüvə müharibəsi qədər
böyük qlobal təhlükə yaradır. Əslində hər
şeyin mənbəyi olan torpağa lazım olan mikroelementlər
də canlı bir orqanizm kimi qəbul edilməlidir.
İqtisadiyyat və sənayenin yüksək sürətlə
inkişafı, bir sıra təhlükəli nüvə
sınaqları ekoloji vəziyyətə və ətraf
mühitin çirklənməsinə olduqca mənfi təsir
göstərir. İndi bir sıra xəstəliklərin
cavanlaşması, kütləviləşməsi və
geniş yayılması da ətraf mühitdə yaranan həmin
çirklənmənin nəticəsidir. Ölkənin meşə
fondu və təbii bitkilərlə zəngin olan ərazilər
ətraf mühitin mühafizəsində aparıcı rol
oynayır. Kurortların, müalicəxanaların, istirahət
mərkəzlərinin yaşıllıqlar ətrafında təşkil
edilməsi heç də təsadüfi deyil. Azərbaycanın
coğrafi mühiti, relyefi, iqlimi və torpaq xüsusiyyətləri
Cənubi Qafqazda onun liderlik etməsinə səbəb olub.
Ötən əsrin ortalarında Azərbaycanda florasında
4225 növ, onlardan 342-si ağac və kol bitkisi olduğu
qeydiyyata alınıb. Bu gün ölkəmizin florasında
olan 1146 növ ağac və kol bitkisi mövcuddur. Lakin bununla
yanaşı, təbiətimizdə nəsli kəsilməkdə
olan ağac və kol bitkilərinin sayı kifayət qədər
çoxdur. 1974-cü ildə ölkəmizdə olan həmin
ağac və kol bitkilərinin sayı 20, 1984-cü ildə
24, 1989-cu ildə 40 növ olduğu göstərilib.
Apardığımız tədqiqatlar göstərir ki, bu
gün Azərbaycanda nadir ağacların, nəsli kəsilməkdə
olan bitki və kolların sayı 188-dir. Bu, təxminən
yarım əsri əhatə edən dövr ərzində
dörd dəfədən çox artım deməkdir. Əlbəttə
ki, bu, çox böyük bir təhlükədir. Azərbaycan
florasında "Qırmızı kitab"a düşən
300 növ bitki varsa bu, onların da yarıdan çoxunun nəsli
kəsilmək təhlükəsi ilə üz-üzə
qalması deməkdir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 11 dekabr(№227).-S.15.