Cinayət və cəza  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Dustağın imtiyazları da mövcuddur. Dustaq ailəsinin və uşaqlarının onun yanına gəlməsi hüququna və Qərb dövlətlərində həftə ərzində ona daha çox pul göndərilməsi imkanına malik olmalıdır. Dustaqxanalarda dustağın öz arvadı ilə bir yerdə yaşamasına da müəyyən müddət ərzində icazə verilir.

Lakin dustaqxana qaydalarını pozan dustaqlar normal qaydada cəzalandırılmalıdırlar. Qaydanı pozan cəza kimi 21 günə qədər zirzəmidə saxlanılır, bəzən hətta əvvəlki hökmündəki müddətə 42 gün də əlavə olunur. Bu vaxt dustağın imtiyazları da ləğv edilir, onun saxlandığı zirzəmidən televizor götürülür. Psixoloji cəhətdən Stokholm sindromu da əmələ gələ bilər. Bu vaxt paradoksal fenomen kimi, müəyyən vaxtdan sonra adam, ona xətər toxunduqda elə müdafiə mexanizmlərinə yüksəlir ki, bu, canlanmaya və travmatik situasiya stressindən azad olmağa gətirib çıxarır. Stokholm sindromu qadınlarda xüsusi qaydada özünü göstərir, bəzən zorlamanın qurbanı onun ləyaqətini tapdayanı nəinki bağışlamağa, hətta sevməyə başlayır. Təbiətin insan ağlına göstərdiyi təzyiqdən baş çıxarmaq çətindir.

 

"Qanunda olan oğrular" adlananlar və ya "vorı v zakone" termini altında yaşayanlar

 

 Sovet İttifaqı qapalı cəmiyyət olduğundan, orada dünyanın heç yerində rast gəlinməyən qəribəliklərə də təsadüf edilirdi. Bəzi institut növləri yalnız onun ərazisinə məxsus olduğundan, relikt sayılan ağacları xatırladırdı. Kriminal aləm də öz qeyri-adi xüsusiyyətlərinə görə cəmiyyətin digər seqmentlərindən geri qalmırdı. Dustaqxanalar cinayətkarlar arasında özlərinə nəxsus olan xırda "kübar" təbəqəsini yaradırdı və onlar qaydalarına görə başqa dustaqlardan fərqləndikləri kimi, əlavə nüfuz və imtiyaz sahiblərinə çevrilirdilər. Kriminal cəbhə kapitalist dünyasından da bəzi "inkişaf" elementlərini qəbul etdiyi halda, onun tam fərqli xarakter daşıyan yeni institutu ölkənin sərhədlərindən kənara çıxmırdı. SSRİ dustaqxanaları cinayətkarlar arasında qanundan kənar iyerarxiyanın yaratması ilə, dünyanın digər dövlətlərindəki cəza müəssisələrindən kəskin surətdə fərqlənirdi.

Cinayət dünyasının elitaya məxsus və xeyli nüfuza yiyələnənlərdən ibarət olan xırda bir qrupun adı rus dilindən başqa dillərə keçmişdir və hər yerdə "vorı v zakone" adlanır. Bu ifadə dilimizə tərcümədə "qanunda olan oğrular" mənasını verir. Bu terminin yaranması və başlıcası, onun mahiyyəti spesifik bir hadisə olmaqla, dünya kriminal praktikasında onun heç bir analoqu yox idi. Bu xüsusi qrup 1930-cu illərdə yaranmaqla, kriminal ənənələrin, həmçinin müstəsna qapalılığın, gizlinliyin tətbiq olunduğu qəddar, sərt bir kodeksə malik idi.

Oğru cəmiyyətinin özü cinayətkar - oğru adətlərində və ənənələrində meydana gəlmişdir və XVIII-XIX əsrlərdəki Saxalin katorqası dövrlərinə gedib çıxır. Böyük rus yazıçısı A.P.Çexov XIX əsrin sonlarında Saxalinə səfər edərkən, burada sürgün olunanların cəmiyyətini müşahidə etmiş, dustaqlara hökmranlıq edən gürcü mənşəli bir katorqaçının onlara tam rəhbərlik etdiyini görmüşdü. Bu adam banda üzvlərinin hamısına ağalıq edirdi.

SSRİ-də "vorı v zakone" kimi bir institutun meydana gəlməsi, Böyük Oktyabr inqilabının qələbəsindən 15 il sonra baş vermişdi. Bu vaxt islah-əmək müəssisələrinin cinayət mühitində digər professional cinayətkarlarla birlikdə yeni bir kateqoriya seçilirdi. Onlar özlərini əvvəlcə elita kimi müəyyən etdilər. "Vorı v zakone" dövrəsinə isə yalnız müəyyən tip professional cinayətkarlar daxil olurdu. Onlar özlərini inqilaba qədərki Rusiyanın kriminal ənənələrini qoruyub saxlayanlar adlandırırdılar. Onlara hüquq mühafizə orqanlarının işçiləri ilə əməkdaşlıq etmək qadağan olunmuşdu. Heç bir satqınlıq, hətta məhbusa zorakılıq tətbiq edildiyi təqdirdə də, bağışlanmırdı. "Vorı v zakone"lərə ailə qurmaq, qohumlarla və yaxınlarla əlaqə saxlamaq da qadağan olunurdu. Onlar dustaqlar arasında baş verən bütün mübahisələri həll etməli idilər. Siyasətlə heç bir yaxınlıq ola bilməzdi, hərbi xidmətə, dövlət maraqlarının müdafiəsinə də icazə verilmirdi. Onlar qumar oynamağı yaxşı bacarmalı idilər. Adamları qətlə yetirmək, əgər bu, oğru prinsiplərinə və oğrunun şərəfinə aid deyilsə, ola bilməzdi. Həmçinin xuliqanlıq cinayətinin törədilməsi və qadın zorlanması da qadağa altında idi.

İkinci Dünya müharibəsi dövründə isə oğruların çoxu kodeksə məhəl qoymayaraq, Qızıl Ordu sıralarına daxil olub, almanlara qaşı cəbhədə vuruşurdu.

1979-cu ildə Kislovodskda kriminal liderlərin ("Vorı v zakone") və qeyri-qanuni iş adamlarının (onlar "tsexovşiklər" adlanırdı) görüşü baş verdi. İş adamları razılaşdılar ki, təhlükəsizlik naminə öz gəlirlərinin 10 faizini oğrulara verəcəklər.

Xüsusi qrupa daxil olan oğruların sayına gəldikdə, əgər 1993-cü ildə onların üzvləri 1200 nəfər idisə, 2019-cu ildə bu say az qala üç dəfə azalıb, 444 nəfərə düşdü. Bu təşkilat özünün aydın nüvəsinə və rəhbərliyinə malik deyildir. Yaponlardakı "Yakudza"dan fərqli olaraq, oğruların mərkəzi rəhbərliyi olmadığından, nüfuz zonası üstündə onların arasında tez-tez qanlı münaqişələr baş verir, oğrular bir-birilərini qətlə yetirirlər.

Azərbaycanda da "qanunda olan oğrular" var idi və onların cinayətlərinə qarşı təsirli mübarizə aparılmırdı. Heydər Əliyev artıq müstəqil respublikada ikinci dəfə hakimiyyətə gəldikdən sonra, "vorı v zakone"lərə qarşı mübarizə gücləndi, onlardan bir neçəsi keçmiş cinayətlərinə görə azadlıqdan məhrum olma cəzaları aldılar. Digərləri isə Türkiyəyə qaçıb, bir-birilərinə qarşı qanlı münaqişəyə başladılar. Gürcüstanda isə prezident M.Saakaşvilinin təşəbbüsü ilə oğru qrupu üzvlərini 5-8 il müddətində azadlıqdan məhrum edilməsini nəzərdə tutan qanun qəbul edilmişdi.

"Vorı v zakone" bir qayda olaraq məhbuslar üzərində nəzarəti ələ keçirməyə çalışırlar. Bunun üçün onlar sadə müraciət forması ilə yanaşı, adamları satın almaqdan və hədələməkdən də istifadə edirlər. Onların arasında daim hakimiyyət uğrunda mübarizə gedir, lakin onlar mütəşəkkil cinayət sistemində müəyyən stabilliyə də nail olurlar. Bəzi oğrular Madriddə, Berlində və Nyu-Yorkda yaşayırlar.

Rusiyada ən nüfuzlu kriminal avtoritetlərdən biri olan ded Xasan 2013-cü ildə qətlə yetirildi. Öz kolleqaları kürd mənşəli oğrunu aradan götürdülər. "Müqəddəs" yer heç də boş qalmır. Bir avtoritet aradan götürüldükdə, onun yerini tutmağa çoxlu namizədlər olur. Onlardan biri nəhayət vahid ali nüfuz sahibinə çevrilir. Heç də sirr deyildir ki, Rusiyanın bəzi kiçik şəhərlərini avtoritetlər idarə edirlər, buna təəccüblənmək də lazım deyildir, çünki hakimiyyət nümayəndəsi kimi vəzifə sahibi olanların içərisində də  tamahkarlığına görə oğrulardan fərqlənməyənləri az deyildir, korrupsiya onları oğruların kolleqasına döndərmişdir. Təəssüf ki, digər postsovet respublikalarında da həmin xəstəliyin infeksiyası yayılır.

Qanunda oğru olanlar o dünyaya köçdükdən sonra, bir qayda olaraq, törətdikləri ağır cinayətlərin xatirəsi ilə yaşamaqda davam edirlər, bu da onların "yaradıcılığının" məhsuludur. Pərəstişkarları isə onların "igidliklərini" xeyli şişirtməklə, bədii naxışlar vurmaqla bu kriminal cəbhənin qəhrəmanlarını geniş təbliğ edirlər. Onların fəaliyyətindən vaxtilə fayada götürmüş bəzi ötəri siyasi xadimlər də bu eybəcər işdə fəal iştirak edirlər. Öz kolleqalarının köməyi ilə həyatla tez vidalaşdıqdan sonra, onların nüfuzunun davamı, qəbiristanlıqda ucalan heykəllərdə və çox dəbdəbəli qəbir komplekslərində nümayiş etdirilməklə, "ölməzlik" qazanır. Heykəllər adamlara bunu təlqin etməyə cəhd göstərir ki, onlar ölməmişlər, iyrənc əməlləri yaşamaqda davam etməklə, bir növ "əbədilik" qazanır. Uydurulan rəvayətlər də avam adamların şüuruna öz təsirini göstərməsini kəsmir.

SSRİ-də, sonralar isə müstəqil Gürcüstanda ən məşhur "vor v zakone" Caba İoseliani idi. O, əslində, öz kodekslərini pozaraq, siyasi xadim və hərbçi olmuşdu. Özü "Mexondroni" adlı böyük hərbi dəstə yaratmışdı. O, həm də böyük nüfuz sahibi olmaqla yanaşı, bədii yaradıcılıqla məşğul olurdu. 7 ay müddətində prezident E.Şevardnadzenin başçılıq etdiyi Dövlət Şurasının üzvü olmuşdu. Prezident onu özünə qarşı qəsd təşkil etməkdə ittiham etmiş və o, 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Cavanlığında oğurluğa və quldurluğa görə bir neçə dəfə həbs edilmiş, dustaqxanada "vor  v zakone" titulunu qazanmışdı. Sonralar o, Tbilisi Dövlət Teatr və Kino İnstitutunun professoru olmuş, çoxlu roman və pyes yazmışdı. Teatrlar onun pyeslərini tamaşaya qoyurdu.

Onun son həbsinə nail olan prezident sonralar İoselianini əfv etdi. Lakin 2003-cü ildə o öldü və cəsədi, hörmət əlaməti olaraq Tbilisidə panteonda dəfn edildi. Kriminallardan heç kəs Caba İoseliani kimi belə nüfuz zirvəsinə yüksəlməmişdi. Oğruların çoxunun təhsili yox idi, onlar ancaq bir neçə həbsxana "universitetini" bitirmişdilər.

 

Epiloq əvəzi

 

Cinayətlər təkcə ayrı-ayrı fərdlərin qüsuru olmayıb, müharibələr də nəzərə alındıqda, daha çox, cəmiyyətin müəyyən ölçüdəki natamamlığından xəbər verir. Tarix boyu cinayətlərə görə müxtəlif cəzalar tətbiq edilsə də, onların faydası gözlənildiyindən xeyli az olmuşdur. Kütləvi cinayətlər, onların dəhşətli nümunələri olan müharibələr və xüsusən Dünya müharibəsi adlanan onların növü bəşəriyyətə daha böyük ziyan vurmuşdur.

 Dinlər də cinayətkarlığa qarşı dildə mübarizə aparsalar da, onlar  da özlərinin bu sahədəki fəaliyyətləri ilə öyünə bilməzlər. Çünki onlar da xalqları barışığa, sülhə çağırmaq  əvəzinə, işğalçının mövqeyini müdafiə etməklə, toqquşmaları qızışdırmaqla,  revanşizmə səsləməklə, olduqca neqativ mövqedən çıxış edirlər.

Biz sabaha, gələcəyə böyük ümidlə baxırıq, çox hallarda isə dünyada baş verən reallıqlara göz yumuruq. Hadisələr isə bu gün olduqca qorxulu istiqəmətdə gedir. Ona görə də cinayətlərin, bura müharibələr də daxildir, gələcəkdə azalmasını və ya artmasını modelləşdirmək də çətindir.  Proqnozlar çox vaxt özünü doğrultmur. İnsanlar hər yeni əsrin dinc şəraitə malik olacağını düşünürlər, lakin baş verən dəhşətli olaylar bu nöqteyi-nəzəri alt-üst edir. XVIII əsrin sonunda Böyük Britaniyanın gənc Baş naziri Kiçik- Uilyam Pitt bir sıra beynəlxalq münasibətləri yoluna qoyduğuna görə, XIX əsrin sülh, əmin-amanlıq dövrü olacağını vəd etmişdi. Napoleon isə həmin əsrin başlanğıcdakı on ili ərzində Avropda qan seli axıtdı. Vaxtından əvvəl dünyadan köçən Pitt bunları görmədi. Yaxud 1938-ci ildə Hitlerlə xəyanət sazişini imzalayan İngiltərə Baş naziri Nevil Çemberlen London təyyarə meydanında kağız parçasını adamlara göstərərək, sülh gətirdiyini elan etdi. İki il sonra, Münxen sazişi ilə əl-qolu açılan Hitler Avropanı böyük dərdə salan müharibəyə başladı və az sonra bu, Dünya müharibəsinə çevrildi. I Dünya müharibəsinin yaraları hələ sağalmamış, bəşəriyyət daha böyük miqyaslı və daha müdhiş müharibənin iştirakçısına çevrildi.

 SSRİ dağıldıqdan, Soyuq müharibəyə son qoyulduqdan sonra amerikan filosofu Frensis Fukuyama iki sistemin mübarizəsinin yoxa çıxdığını əsas götürərək, tarixin sona çatdığını xəbər vermişdi. Ancaq dünya xeyli genişdir və ayrı-ayrı dövlətlər arasında, onların maraq dairəsi fərqli olduğuna görə, ardıcıl olaraq qızğın münaqişələr gedir. XXI əsrin ilk onilliklərində baş verənlər yeni Dünya müharibəsi qorxusu yaradır. Yer kürəsinin müxtəlif nöqtələrində müharibə ocaqları alovlanmağa başlamışdır. Sakit okeanın həm şərq, həm də qərb sahillərində tez-tez vulkan püskürməsi, zəlzələlər, sunamilər baş verdiyinə görə, bu ifrat seysmik zona "Odlu qövs" adlanır. İndi Avropada və Yaxın Şərqdə gedən müharibələr, vulkanın oyanmasından daha dəhşətli ölçüdə həmin ərazilərdə insan qırğını lavası axıdır. Elə bil ki, insanlar Yer kürəsinə ölüm və dağıntı cəzası gətirməkdə təbiətlə yarışa girmişdir və bu əcaib fəaliyyətində ona üstün gəlməyə çalışır. Müharibə timsalındakı antropoloji xarakterli zəlzələlər bəşəriyyətə daha böyük ziyan vurur. İmperialist məqsədlər yenə ön plana keçir. Mahiyyəti üzrə daha çox iyrənc kapitalizmi təmsil edənlər və zonada ağalıq eşqinə düşənlər, bu formasiyanın daha yüksək pilləsinə çatmağa çalışırlar. Leninin ötən əsrin əvvəlində öz məşhur əsərində yazdıqları yenə də təkrar olunmaqla, özünü XXI əsrin reallığında da göstərir. Bu vəzifəni yerinə yetirmək üçün hətta nüvə silahını işə salmaq hədələrindən də istifadə edilir. Ona gərə də az-çox iqtisadi və elmi texniki imkanları olan başqa dövlətlər də bu qırğın silahına sahib olmaq həvəsinə düşürlər. Bu isə heç də xoş perspektivdən xəbər vermir.

Gələcək, mənəvi cəhətdən sağlam insanlara məxsus olmalıdır, bu ümid verir ki, cinayətlər bütünlüklə yoxa çıxmasa da, onların sayı azalacaq, bu isə, cinayətkarların potensial hədəf obyekti olan dinc insanların rahat nəfəs almasına imkan verəcəkdir. Biz sadəcə gözləməli olmamalıyıq, fəaliyyətimizlə, bir arximilli vəzifə kimi, həm də təhlükəsizliyimiz naminə dövlətimizə bu sahədə köməklik göstərməliyik. Bu isə, heç şübhəsiz, gələcək barədə işıqlı ümidlərin reallaşacağı imkanı işartılarının meydana gəlməsi ilə, müəyyən sağlam təskinlik yaradacaqdır.

 

SON

21.09.2024

Telman ORUCOV

525-ci qəzet .- 2024.- 11 dekabr(¹227).-S.14.