XOCALI ZƏNGİ
Heç gözləməzdim ki, bu
görüşü belə sakit yaşaya bilərəm. Elə
zənn edirdim haçan ayağım Xocalı torpağına
dəysə, illərlə içərimdə dolaşan həyəcan,
ağrı, kədər xeyli müddət imkan verməyəcək
ki, kəlmə kəsim, elə yerimdəcə donub
qalacağam. Çünki mən Xocalı faciəsinə
bütün təfərrüatları ilə bələdəm.
Aylar boyu Xocalı şəhidləri haqda cild-cild cinayət
işini vərəqləmişəm, o müdhiş məhşərdən
salamat qurtarmış şahidlərin söylədiklərini
videolentlərdən bilavasitə öz dillərindən
eşitmişəm. Ancaq dərd də, ən kəskin
sancı da vaxt gedişiylə soyuyarmış. Mən
düşünürdüm ki, o gördüklərini görəndən
sonra daha Xocalıda toy olmaz, şadlıq edilməz, üz
gülməz. Ancaq zamanın sağaltmaq gücü ən
çox olan müalicliyini vaxt gərdişi yenə sübuta
yetirdi.
Axırıncı dəfə Xocalıda 1984-cü ildə
olmuşdum. Düz 40 il qabaq. Tale elə gətirdi ki,
2024-ün bitər-bitməzində, dekabrın 8-də
Xocalıyla yenə görüşdüm. Yəni gec-tez onsuz
da artıq bizim olan Xocalıya haçansa gedəcəkdim.
Lakin budəfəki səfər heç nəzərdə
tutulmamışdı, qəfildən ortaya çıxdı.
Azərbaycan Milli Məclisinin 106-cı ildönümü
münasibətilə keçirilən və parlamentlərarası
əlaqələrə həsr olunmuş beynəlxalq konfransda
iştirak edən, müxtəlif ölkələrdən gəlmiş
deputatlarla bərabər Füzuli, Şuşa, Xankəndini
dekarın 8-də ziyarət etməliydik. Lakin Türkiyə
Böyük Millət Məclisinin üzvü, qardaş
ölkədən gəlmiş nümayəndə heyətinin
rəhbəri Fuad Oqtay bəy təkid etdi ki, mütləq
Xocalıya da baş çəkək: "Özümə
görə demirəm, istəyirəm səfər
yoldaşlarımız da erməni qaniçənliyinə məruz
qalmış bu yerləri öz gözləri ilə
görsünlər, Xocalı soyqırımı haqda həqiqətləri
insanlardan məhz Xocalıda dinləsinlər".
Xarici qonaqlarımız çox suallar verirdilər,
fasiləsiz danışırdım. Bundanmı oldu, ya
Xocalıda qaynayan həyat, gedən böyük tikintilər
ürəyimi elə atlandırdı ki, ovqatım dəyişdi,
dünəndə qalmış göynəkli səhifələrdən
daha çox gələcək haqqında düşünməyə
başladım.
Və məhz belə olması da məni sevindirməkdən
daha artıq gələcək haqda
düşündürdü. Fikirləşdim ki, beləcə,
xeyli illər ötəndən sonra çox şeylər
soyuya bilər, indi yaddaşı göynədən səhnələr
vaxt keçdikcə solğunlaşar, xatirələrin alt
qatına çökər, tədricən unudular da. Bu
hissiyyatım məni xeyli narahat etdi və qərara aldım
ki, olub-bitənləri bir də hafizəmdə
canlandırım.
...O məşhur filmi, yəqin ki, çoxları
görüb: Mixail Rommun "Adi faşizm"i İkinci
Dünya müharibəsində faşistlərin
günahsız insanlara qarşı törətdikləri cinayətlərdən
bəhs edir. Filmdə yazıçı, ssenariçi, rejissor
təxəyyülündən doğmuş xüsusi nəsə
yoxdur, göstərilənlərin hamısı tarixi gerçəklərdən
deyən, danışan sübutlar-dəlillərdir - müxtəlif
arxivlərdən o illərin xronikalarını kadr-kadr
toplayıblar və həmin anlar sıralanaraq bir
sarsıdıcı dəhşət mənzərəsi
yaradıb. Filmdə adam sobaları - krematoriyalar var ki,
qalaq-qalaq cəsədlər yandırılır. O filmdə
insan qəssablarının, cəllad həkimlərin,
günahsız insanların üzərində diri-diri,
heç bir ağrıkəsici vurmadan keçirdiyi əməliyyatlar
var. Baxdıqca hər kadra, sarsılmamaq mümkün deyil.
Bunlar insanlıq adına olan ləkələrdir. O dəhşətlər
haqqında başqa filmlər də çəkilib, bolluca
kitablar da yazılıb, son da görünmür - yeni filmlər
çəkilir, təzə kitablar da yazılır. Ona görə
yox ki, insanlar həmin dərdlərin zəlzələsini təkrar-təkrar
içərilərindən keçirsinlər, ona görə
də yox ki, elə köhnə matəmin ağuşunda qalaq,
dərdlənməkdə davam edək. Bütün bunların
məqsədi odur ki, o dəhşətlər unudulmasın!
Bu gün Birləşmiş Millətlər Təşkilatının
üzvü olan 200 civarında ölkənin 150-dən
artığında tarixin müxtəlif dönəmlərində
soyqırımları törədilib. Tarixin ən
uzaqlarından bugünə qədər soyqırımları
baş verib və heç kəs zamin dura bilməz ki, gələcəkdə
həmin müsibətlər Yer Kürəsinin harasındasa təkrarlanmayacaq.
Belə faciələrin təkrarlanmaması üçünsə
gərək onların haqqında dönə-dönə
danışılsın, dəfə-dəfə
yazılsın.
Holokost əzazil işgəncələrlə, iblisanə
əzablarla, qan donduran məşəqqətlərlə
altı milyondan artıq yəhudinin canını alıb.
Holokost kəlməsinin içərisindəki "kost"
sözcüyünün mənası "köz" deməkdir.
Belə dərdlərin közü gərək heç vaxt
sönməsin, belə ocaqlar həmişə közərməlidir,
belə odlar həmişə insanları qarsmalıdır.
Yəhudilər Holokostu unutsalar, özlərinə millət
deyə bilərlərmi? Bəşəriyyət Holokostu
unutsa, özünə bəşər deyə bilərmi?
Ruandanın müsibətini yaddan çıxarsa, Afrika Afrika
olmaz. Ruanda müsibətini unutsa, dünya dünya olmaz.
Və nə acı ki, o dəhşətlər silsiləsində
dünyanın xəcaləti olan Xocalı faciəsi də
var. Azərbaycan insanının da o dərdi unutmağa
haqqı yoxdur. Azərbaycan insanının və bütün
bəşəriyyətin! Çünki bu keşməkeşlərin
hamısı insanlığın faciələridir. Hər
cinayətin bir cəza müddəti var - soyqırımı
cinayətindən başqa. Soyqırımı cinayətinin
hüquqi qiymətinin və cəzasının verilməsi
üçün vaxt məhdudiyyəti yoxdur... Elə eyni
şəkildə soyqırımı hadisələrinin
heç birinin də unudulma müddəti olmamalı, onlar
mütləq zaman-zaman hafizələrdə dövr etməli,
yaddaşın üst qatında qalmalıdır.
İnsanayaraşmaz belə müsibətlərin yenə
törədilməməsinin qarşısını almaq
üçün yalnız o dərdə məruz qalanlar deyil,
bütün bəşər həmişə əl-ələ
olmalıdır.
...Xocalı dünyanın xəritəsində balaca
bir nöqtədir - vur-tut 970 kvadrat kilometrlik ərazi. Nəinki
dünyanın ucqar nöqtələrində, hətta
yaxın coğrafiyada belə o qəziyyəyə qədər
Xocalıya bələd olanlar az idi. İndi Xocalını
bütün dünya tanıyır. Heyiflər ki, qədim tarixi
yaşadan bir məkan kimi deyil, ən əvvəl məhz
böyük dərdi ilə tanıyır. Amma dünya
tanıdıqca, bildikcə Xocalının dərdinin həm də
elə dünyanın dərdi olduğunu daha artıq dərk
edir. Xocalıya qədər dünya çox genosidlər
görmüş, Azərbaycan özü də dürlü
soyqırımı acıları yaşamışdı. Ancaq
dünya soyqırımları içərisində tarixcə
bəşərə ən yaxınlarından olan
Xocalını seçdirən, rəmziləşdirən, yəqin
ki, köhnə faciələrin ən vəhşətli və
amansız mənzərələrinin hamısının bu dərdin
yumağında cəmləşməsidir.
Soyqırımlarından, əsir
düşmüş, girov götürülmüş, dustaq
edilmiş naçar insanlara verilən işgəncələrdən,
əzablardan bəhs ediləndə ifrat qəddarlığın
ən bariz əlaməti kimi "faşizm" kəlməsini
tez-tez dilə gətirirlər. Ancaq Xocalıda baş verənlərin
təfərrüatlarından agah olduqca hər kəs etiraf
etdi və gələcəkdə də o hadisələrin
ayrıntılarından xəbərdarların sayı
artdıqca onlar da təsdiqləyəcəklər ki, ermənilər
və onlarla əlbirlərin Xocalıda bir gecədə
törətdikləri faşistlərin illər boyu törətdiklərindən
qat-qat müdhiş imiş.
Xocalıda 7000 əhali yaşayırdı. 1991-ci ilin
noyabrından artıq bu balaca şəhər Azərbaycandan və
dünyadan təcrid olunmuşdu. Elektrik enerjisi kəsilmişdi,
telefon rabitəsi yox idi, Xocalı isə oçağkı
Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların
ən çox yaşadığı məskən idi.
1992-ci il yanvar ayının 28-də Xocalı səmasında
Azərbaycan Hava Yollarına məxsus mülki vertolyot vuruldu,
bu dikuçarın bortundakıların hamısı -
bütün həlak olanlar azərbaycanlılar idi. Həmin
gündən Xocalı ilə vertolyot əlaqəsi də kəsildi.
Ətraf aləmdən təcrid edilmiş zavallı Xocalı
camaatının naümid halını xəyalınıza gətirin.
Erməni cəhənnəm, üstünə canavar cumsa
özünü, ailəsini qorumaqçün ov tüfəngi
belə yox idi. Qarabağlılar irəlicədən təksilah
edilmiş, Kremldən gələn göstərişlə evlərdən
bütün icazəli ov tüfəngləri də rəsmi qərarla
yığılmışdı. Əli dünyadan
üzülmüş, işıqsız qalan,
radio-televiziyası olmayan Xocalı əhalisinin kənar aləmlə
yeganə bağlantısı yaxından-uzaqdan bura gəlib
çatan top gurultuları, partlayış əks-sədaları
idi. O səslər də bu fağır insanların
varlığını əlavə bir vahimə və
nicatsızlıqla doldururdu.
Və 1992-ci il fevral ayının 25-də axşam saat
10-da dünənəcən yaxından-uzaqdan əks-sədaları
bura gəlib çatan gurultular artıq Xocalının
içərisində eşidilməyə başladı.
Elektriki, qazı, ocağında yandıracaq odunu olmayan
Xocalıda qış idi. Qış günləri qaranlıq
onsuz da tez qatışır. Axşam saat 10 artıq
Xocalıda elə gecə kimi idi. Əvvəlcə
güclü artilleriya atəşləri qopdu, ardınca
Xocalıya zirehli maşınlar, tanklar daxil olmağa
başladı. Xocalıda yalnız mülki əhali idi. Bu
toplu- tüfəngli, təpədən-dırnağa
yaraqlı quduzlar xocalılıların axırına
çıxmağa gəlmişdilər. Bu insanların bircə
günahı vardı - onlar azərbaycanlı idilər.
Quduzlaşmış ermənilər onları azərbaycanlı
olduqlarına görə məhv edirdilər.
613 şəhidin 106-sı qadın idi. Onları
öldürənləri də ana doğmuşdu (Ya bəlkə
onlar iblis bətnindən çıxmışdılar?).
O gecə 230 uşaq valideynlərindən birini -
atasını, ya anasını itirdi.
23 uşaqsa həm atasız, həm anasız qaldı.
Öldürülən 59 uşağın ən
kiçiyi 1, ən böyüyü 18 yaşında idi.
Və Xocalı faciəsini ən yaxın məsafədən
görmək mənə nəsib oldu. Yox, həmin günlərdə
Xocalıda deyildim. Heç o günlərdən sonrakı
günlərdə də ora ayağım dəyməyib. Ancaq
həmin Varfolomey gecəsindən bir neçə gün sonra
oradan salamat qurtarıb gəlmiş bir xocalılının
gözlərinə baxmaq əzabını mən də
çəkdim.
Bu qızcığaz erməniçiliyin tam yetimə,
tam kimsəsizə döndərdiyi, dünyanın bədbəxtinə
çevirdiyi həmin 23 nəfərdən biri idi - həm
atasını, həm anasını, əslində
bütün ailəsini itirmiş bir yeniyetmə qız.
Xocalı soyqırımı ilə bağlı
çoxlu fotosənədlər, videogörüntülər
var. Ancaq mən o qızın gözlərini görmüşəm.
O qızın gözlərində gördüyüm və
oxuduğum gerçəklər o anacan seyr etdiyim bütün
foto və video görüntülərdən daha təsirli,
Xocalı faciəsinin ən yandırıcı əzab səhnələri
idi.
1992-ci ilin martıydı. Xocalı faciəsindən
lap az ötürdü. "Amerikanın səsi" radiosunun
Azərbaycan redaksiyasının baş redaktoru Həsən
Cavadi Vaşinqtondan Bakıya gəlmişdi. Mən də o
vaxt həmin radionun Azərbaycan üzrə xüsusi
müxbiri idim. Doktor Cavadiyə təklif etdim ki, qətliamdan
salamat qurtararaq Bakıya gəlib çatmış
xocalılılarla müsahibələr aparsın, reportajlar
hazırlasın və onları da yalnız Azərbaycan
redaksiyası xətti ilə yaymasın, "Amerikanın səsi"nin
digər redaksiyalarına da ötürsün. İngilisdilli
verilişlərdə də o faciənin təfsilatı
işıqlandırılsın. Razılaşdıq və
yollandıq Respublika Xəstəxanasına. Respublika Xəstəxanası
baş həkiminin müavini olan unudulmaz Rafiq İmanov mənim
dostum, həm də qohumum idi. Dərhal görüşümüzə
şərait yaratdı. Palatalardan birinə daxil olduq.
Olmazın əziyyətlərdən keçərək uzun məsafə
qət etmiş, Allahın möcüzəsi ilə şər
girdabından sağ qurtarmış bir yeniyetmə qız
qarşımızdaydı. Qış gecəsi hərəsinin
əynində nazik bir paltar, ayaqyalın, başaçıq
çıxmışdılar evdən. Xeyli müddət
sükut içərisində oturduq. Nə illah etdik, qız
heç nə danışa bilmədi. "Amerikanın səsi"nin
müxbiri suallar verirdi, qız dinmirdi. Mən suallar verirdim, nəsə
soruşurdum, cavab yox idi. Donuq baxışları gözlərimizə
zillənmişdi. Sanki o qızın baxışlarında həyat
ölmüşdü. O baxışlara dözmək də
çətin idi. Yarım saatmı keçdi, bir saatmı
sovuşdu, saat yarımmı ötdü? Çox oturduq ki,
heç olmazsa dilindən bir-iki cümlə
çıxsın, həmin sözlər də
"Amerikanın səsi"ndə verilsin. Handan-hana sanki həyata
qayıdan kimi oldu, qısaca da olsa düçar olduğu
müsibətin tarixçəsini nağıl etdi: "Atam
dedi ki, qaçın, həm də hərəniz bir tərəfə
qaçın, özü isə qaldı evdə. Anam bir yana
qaçdı, qardaşım bir tərəfə
yüyürdü, mən də bir ayrı səmtə. Hər
yan zülmət idi. Bir qədər aralanmışdım ki,
zil qaranlıqda qəfildən atamın
qışqırığını eşitdim. Ardınca da atəş
səsləri gəldi. Bir az da keçdi. Qardaşımın
səsi lap yaxından gəldi. Yenə atəş səsləri
eşidildi. Mən başladım daha da bərk
qaçmağa".
Ayaqyalın, başaçıq, nazik bir paltarda
qaçmışdı. Ayaqları donmuşdu, əllərini
şaxta kəsmişdi. Amma Pərvərdigar,
görünür, elə anlarda insana qeybdən qeyri-adi güc
verir.
Qızcığaz o soyuqlu, sazaqlı günlərdə
kilometrlərlə yolu piyada adlamışdı. Deyirdi ki,
ağacın qabığını soyub nazik budaqlarla yalın
ayaqlarına sarımışdı. Elə bu cür zülm
çəkə-çəkə, ilk insanlı məskənə
çatana qədər, qolundan yapışan bir insanla
rastlaşanacan irəliləmişdi.
O qızın sonrakı taleyindən xəbərim
olmadı. Bilmirəm indi yaşayır, ya yox. Əgər
yaşamaqda davam edirsə, əminəm ki, ömrünün
son saniyəsinəcən onun qulağına atasının
qışqıran səsi gələcək, ardınca da atəş
sədası. Əminəm ki, axırıncı nəfəsinə
qədər onun qulaqlarına anasının ah-naləsi gələcək
və ardınca da açılan avtomat atəşləri.
Əminəm ki, həyatının son anınacan onun
qulaqlarında eşidilən qardaşının son
çığırtısı, həmin axırıncı
qışqırığın ardınca eşidilən atəş
səsi olacaq.
Dünyanın son böyük dinini yaratmış səma
elçisi Məhəmməd peyğəmbərin İlahinin
necəliyini nişan verən müdrik sözləri var. Hədis
o kəlamı çatdırır: "Allah gözəldir və
gözəl olanı sevir". Xudavənd-i aləm insanı
yer üzünün əşrəfi kimi xəlq edib. İnsan
Allahın ən mükəmməl əsəridir. Allahın ən
gözəl əsərini, sevərək yaratdığı
insanı tarixin müxtəlif dönəmlərində
törədilən soyqırımları ilə olmazın zillətlərə
düçar edənlərə necə insan deyəsən?
Əlbəttə ki, onlar İblisdən daha betər xislətlidirlər.
Dünyanın ən dəhşətli
soyqırımlarından olan Holokost altı milyon yəhudinin
axırına çıxdı. Ruanda qətliamı, bəzi
qaynaqlara görə, beş yüz min, bəzilərinə
görə səkkiz yüz min, bəzilərinə əsasən
bir milyon ömür apardı. Elə Azərbaycanın
özündə, XX yüzil boyu törədilmiş
soyqırımlarında həlak edilənlərin miqdarı on
minlərlə ölçülür. Ancaq Xocalı daha əvvəl
baş vermiş soyqırımlarının hamısından
ayrıcadır. Çünki Xocalıda edilmiş qəddarlıqların
misli-bərabərinə daha əvvəllərdə rast gəlinməyib.
Xocalıya hücum edənlər sovet ordusundan orada varis
qalmış, elə həmin siyasəti, həmin xətti
davam etdirən 366-cı motoatıcı alay idi. Onların da
sağında-solunda dünyanın müxtəlif ölkələrindən
gizli yollarla Qarabağa gətirilmiş erməni
terrorçuları, peşəkar qatillər. O günəcən
müxtəlif soyqırımlarında insanlığa
qarşı törədilmiş nə qədər rəzalətlər
varsa, sanki qəsd qoyublarmış ki, Xocalıda bir gecənin
içərisində onların hamısını təkrarlasınlar.
Tarix çay kimidir, axır gedir. Ən çəkilməz
dərdlər də, ən qövr edən yaralar da asta-asta səngiyir,
tarixin dünənində qalır. Ancaq elə hadisələr
var ki, onları nəinki unutmağa, heç bir an belə
yaddan çıxarmağa haqqımız yoxdur. Ermənistanın
Azərbaycana təcavüzü illərində
işğalçıların özlərinin çəkdikləri
və göstərdikləri bir kinoxronikanı da
görmüşəm. Qətlə yetirilmiş gənc Azərbaycan
əsgəri yerə sərili qalıb. Vəhşiləşmiş
erməni zabitlərindən biri o cansız cəsədə
yaxınlaşır, başından təpiklə vurur.
Və bunu da çəkib dünyaya göstərirlər.
Öldürməklə ürəyi soyumursa, öldürəndən
sonra hətta cəsədini təpiklə vurursa, demək, o əsgər
son anında da bu düşməni yandırıb.
1992-ci il fevral ayının 27-si. Bizimkilər dünənki
amansız gecədə qətl edilmişlərin cəsədlərini
yığırlar. Onların içərisində bir məsum
körpə. Çox kiçikdir, yəqin, hələ
heç dil də açmayıbmış, ya bəlkə də
ana dilində ilk sözlərini deyirmiş. Onu da
öldürüblər və sadəcə güllə ilə
vurmayıblar, cəlladcasına, o zərifcə vücudunu
deşik-deşik edərək öldürüblər.
Zaman keçəcək, çox yaraların zoqqultusu
toxtayacaq, çox qəmlər sönəcək. Möhtəşəm
Zəfərimizlə başa çatmış müharibənin
bir çox acıları da onillər sonra bizi bəlkə
indiki kimi şiddətlə duyğulandırmayacaq, lap
barışıq da olacaq, bir çox sahələrdə dinc
qonşu həyatı da sahmana düşəcək,
kin-küdurət qalacaq dünəndə.
Fəqət döyüş meydanında həlak olub
düşmüş o əsgərin başına vurulan o təpiyi
heç vaxt yaddan çıxarmaq olmaz.
Cəlladcasına qətlə yetirilmiş o Azərbaycan
körpəsini heç vaxt unutmaq olmaz. Bunları
bağışlasaq, biz xalq ola bilmərik.
Xalqım bunları bağışlasa, mən
xalqımı da bağışlamaram!
...Xocalı Azərbaycan millət təqviminin qaraya
boyanmış, üstündə qan ləkələri olan bir
hüznlü səhifəsidir. O səhifəni bütün
nisgilləri və acısıyla biz yaxşı bilirik, hər
əsəb telimizlə hiss edirik. O haqda biz yalnız
ildönümündən-ildönümünə, hər il
fevral ayı gələndə düşünmürük. Bu
ağrı daim içərimizdədir, iliyimizdə,
qanımızdadır, varlığımızda nəbz kimi
çırpınmaqdadır. Gərək insanlığın
belə faciələrinin bütün müdhiş
anlarından, dünyanın hər yerində, hər
düşünən insan vaqif olsun ki, gələcəkdə
belə təhlükələrdən qoruna bilsin. İnsana
yaraşdırılması düşüncəyə
sığmayan belə gedişat dünyanın harasında cərəyan
etsə də, məsuliyyəti dünyanın hər nöqtəsindəki
insanların boynundadır.
1998-ci ildə Amerika Birləşmiş
Ştatlarının prezidenti Bill Klinton Ruandaya getmişdi və
üzr istədi ki, o vaxt burada qətliam baş verərkən
Amerika Birləşmiş Ştatları onları layiqincə
müdafiə edə bilməyib.
Amma Ruandada törədilən dəhşətlərdə
ABŞ kimi dolayısı ilə deyil, birbaşa olaraq
Fransanın əli vardı, oradakı hakimiyyətlə əlaqədə
idi, mübarizə aparan partizanların nə qədərinin məhv
olmasına bilavasitə şərait yaradanlardan olmuşdu.
Üzr istəmək nədir, heç buna oxşar cəhd etmədi.
Dünyanın qüdrətli, sözükeçər
dövlətlərinin gözü qarşısında 1992-ci
ildə -- XX yüzilliyin bitəcəyində Xocalı boyda
soyqırımı baş veribsə, onlar gərək
hamısı üzr istəyə. Amerika Birləşmiş
Ştatları da, Fransa da, Rusiya da, Almaniya da və dünyada mənəm-mənəmlik
iddiasında olan dövlətlərin hamısı.
...Xocalı soyqırımı ilə bağlı bir
həqiqət də var ki, gərək onu insanlarımız
mütləq bilə. Əlbəttə, Xocalı
soyqırımının əsas müəllifi azərbaycanlıların
həmişə qanına susamış erməniçilik,
erməni neonasionalizmi, erməni faşizmidir. Ancaq təkbaşına
etməyib bunu. Erməniçiliyin yanında, həmişə
olduğu kimi, imperialist qüvvələr dayanıb.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən
gecə Azərbaycan insanı üçün millət
qırğını kimi gəldi. Sovet ordu hissələri
Bakıya soxuldu və ağına-bozuna baxmadan sağa-sola atəşlər
yağdıraraq insanları məhv etməyə
başladı. Bunun arxasında isə çox dərin səbəblər
dayanırdı.
1980-ci illərin sonlarında Azərbaycan insanı
azadlıq eşqi ilə, müstəqillik arzusu ilə
meydanlara çıxmışdı. Fırtınalı
1989-cu il bitib, 1990-cı il başlananda Azərbaycan insanı
sovet siyasətinin özü üçün müqəddəs
saydığı dəyəri sındırmışdı. Cəsur
vətənsevərlər Güney Azərbaycanla Quzey Azərbaycan
arasında olan dəmir məftilləri
qırmışdılar, bu taydan o taya keçmişdilər,
o taydan bu taya gəlmişdilər. Müstəqillik lap
astanadaydı. 1990-cı il yanvar ayının 19-dan 20-nə
keçən gecə Bakıda törədilən qətliam
müstəqillik canatmalarının Kremldən gələn cəzası
idi. Moskva Azərbaycan insanının ruhunu öldürmək,
iradəsini sındırmaq, onun gözündəki azadlıq
eşqini birdəfəlik söndürmək istəyirdi.
O şənbə gecəsi, o yanvar
qırğını ilə sovet Azərbaycan insanının
gözünün odunu almaq istəyirdisə də,
bacarmadı - 1991-ci il oktyabr ayının 18-də Azərbaycan
dövlət müstəqilliyini yenidən bərpa etdi, azad
dövlət olmağın çətin yoluyla ilk
addımlarını atmağa başladı. 1992-ci il fevral
ayının 25-dən 26-na keçən gecə Xocalıda
baş verənlər yalnız erməniçiliyin Azərbaycana
qarşı törətdiyi soyqırımı deyildi, həm
də Mərkəzdən körüklənən mənhus
siyasətin davamı idi, Azərbaycana artıq elan edilmiş
müstəqilliyə görə verilən cəza idi.
Hələ imperiya havası başdaydı, varis də
yerində. Ancaq Azərbaycan o sınaqdan da, bu sınaqdan da
keçdi. Azadlığının, müstəqilliyinin
qanbahası olan Xocalıda Azərbaycan insanı bütün
boyuyla ucaldı. Sınmadı, əyilmədi, yenmədi,
istiqlalın sabahlarına doğru daha inamla irəliləməyə
başladı.
Neyləməli, bu da tarixin yazılmamış
qanunudur - azadlıq ağacı heç vaxt qanla
suvarılmasa, bəhrə verməz. Azərbaycan
torpağı hər bir azərbaycanlı üçün
müqəddəsdir, vətənimizdir. Başqa cür də
ola bilməz. Ancaq bu torpaq azad olsun deyə, bu xalq istiqlal
içərisində yaşasın deyə, bu xalqın, bu
torpağın müstəqil dövləti olsun deyə
saysız qurbanlar vermişik. Azadlıq
ağacımızın bəhrəsindən bu gün hər
Azərbaycan insanı dadırsa, sabahlar boyunca da yeni-yeni nəsillər
bu nemətin şirinliyini duymaqda davam edəcəksə, bu
köklü-köməcli ağacı qanıyla
suvarmış şəhidləri heç vaxt unutmayaq. Məhz
onların sayəsində, onların fəda olub bu torpağa
qovuşmasının nəticəsində Vətən bunca
müqəddəs olub, torpağımız and yerinə
çevrilib.
...2001-ci ilin aprel ayı idi və Azərbaycan Avropa
Şurası Parlament Assambleyasında həqiqi üzv olaraq fəaliyyətlərinə
başlayırdı. Həmin ilin yanvarında unudulmaz Ulu
Öndər Heydər Əliyev Strasburqda - Avropa Şurası
iqamətgahı qarşısında Azərbaycanın
üçrəngli bayrağını
qaldırmışdı və aprel ayından artıq bərabərhüquqlu
üzv kimi fəaliyyətə başlayırdıq. Hələ
nabələd idik, orada müxtəlif ölkələrdən
olan deputatlarla təmaslarımız başlanmamış,
tanışlığımız yaranmamışdı. Ancaq
Böyük Britaniya nümayəndə heyətində mənim
köhnədən Londondan tanıdığım Con Teylor
adlı bir deputat vardı. Çox təcrübəli insan, bədənində
qəlpələr gəzdirən mərd siyasətçi.
Köhnədən bilirdim ki, onun həyat yoldaşı da bir
türk xanımıdır. Sessiyanın ilk günləri idi.
Con Teylor mənə xısınca söylədi ki, nümayəndə
heyətinizə də xəbər ver, buradakı səfirliyiniz
də bilsin, Türkiyə nümayəndə heyətinə də
çatdır, ermənilər bir sənəd
hazırlayıblar, altında da artıq yüzdən artıq
imza var, mənə də o sənədi imza atmaq
üçün vermişdilər, surətini
çıxardıb götürdüm.
Sənədi verdi mənə. Bu, "Türkiyənin
ermənilərə qarşı törətdiyi
soyqırımının tanınması haqqında"
yazılı bəyannamənin layihəsi idi. Həqiqətən
də altında yüzdən çox imza. Avropa
Şurasının Nizamnaməsinə görə, istənilən
nümayəndə heyətinin təqdim etdiyi hər hansı
sənədin qəbul olunaraq nəşr edilməsi
üçün əvvəlcə müəyyən şərtlər
yerinə yetirilməlidir. Gərək əvvəlcə
Assambleyanın müxtəlif ölkələrdən və fərqli
siyasi qruplardan olan deputatları sənin fikrinə şərik
çıxaraq təqdim etdiyin layihəyə imzasını
atmış ola.
Ermənistan nümayəndə heyətində cəmi
dörd nəfər vardı və onlar da bizim kimi hələ
heç kəsi tanımırdı. Təbii ki, həmin
yüzdən çox imzanı toplamaqçün gərək
sənədin mahiyyəti haqqında o adamların hər biri
ilə dübədü danışaydın, izah edəydin,
inandıraraq razılığını ala biləydin. Bu isə
əsla sadə məsələ deyildi. Təbii ki, onların əvəzinə
bu işi uzun əllərinin köməyi ilə erməni
lobbisi görmüşdü.
Belə bir sənədin varlığını
Türkiyə nümayəndə heyətinə də dedim, nəsə
çox məhəl qoymadılar. Təkid etdim ki, buna
sıradan olan kağız parçası kimi baxmayın, ermənilərin
məkri uzaq hədəfləri nişan alır, yəqin ki,
bu işi davam etdirəcəklər, niyyətlərin qədəm-qədəm
irəliləməsindən ötrü Avropa Şurası
çərçivəsində hüquqi təməllər
qazanmağa çalışacaqlar.
Amma eyni zamanda ürəyimdən keçdi ki, buna
qarşılıq olaraq bir başqa sənəd hazırlayaq -
"Azərbaycanlılara qarşı ermənilərin törətdiyi
soyqırımının tanınması haqqında". Məqsədimi
Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin
rəhbərinə də bildirdim. "Xam xəyaldır. Belə
bir sənəd hazırlamağa ehtiyac yoxdur, çünki
burada heç kəs Ermənistanın Azərbaycana
qarşı soyqırımı törətməsi haqqında
sənədə imza atmayacaq". Razılaşmadım ki,
axı hələ deputatlara müraciət edilməmiş niyə
mənfi qənaətə gələk? Əvvəl sənədi
hazırlayaq, imza atacaq həmfikirlər axtaraq, vəziyyətə
uyğun da sonra neyləməyin qərarını verərik.
Razılaşmadı və onda mən Avropa
Şurasındakı ilk nümayəndə heyətimizin rəhbəri,
bu gün Azərbaycanı uğurla gələcəyə
aparan cənab İlham Əliyevə müraciət etdim. Dedim
ki, ermənilər belə bir sənədi artıq
hazırlayıb, altında imzalar da var, mütləq qəbul
olunacaq və nəşr də ediləcək. Bu,
bizimçün bir fürsətdir. Başqa situasiyada biz
heç vaxt azərbaycanlılara qarşı Ermənistanın
törətdiyi soyqırımının tanınması
haqqında sənədi keçirə bilmərik. Amma indi əsl
məqamdır, o sənəd varsa, bunu da ona
qarşılıq olaraq ortaya çıxarmaq
mümkündür.
Prezident İlham Əliyevin arxada qalan illərdəki
müdrikliyinə, qətiyyətinə, sabahgörənliyinə
hər kəs artıq şahiddir.
Elə 2001-ci ilin aprelində də bu sənədin
arxasındakı gələcəyi dərhal gördü, ləngimədən
mətni hazırlamağı tapşırdı və bunu da
vurğuladı ki, mövzu ağırdır, görən,
kifayət qədər imza toplamaq mümkün olacaqmı?
Dedim ki, narahat olmayın, elə ermənilərin sənədinin
varlığı mənə kömək edəcək,
lazımi imzaları yığacağam. Sənədi
hazırladım və İlham Əliyev ilk imza atan oldu.
Bu, Azərbaycanın beynəlxalq təşkilatlar
çərçivəsində uğradığı
soyqırımları və Xocalı soyqırımını
ilk dəfə bəyan eləyən bir sənəd idi.
İlk dostlarımızı və bədxahlarımızı
elə həmin əsnada tanıdıq.
Sonralar Azərbaycan əleyhinə həmişə qərəzli
fəaliyyətlər göstərmiş Andreas Qrosa
yaxınlaşdım. Dedim, ermənilər belə bir sənəd
hazırlayıb, biz də ona qarşılıq olaraq sənəd
hazırlamışıq və burada maddə-maddə göstərmişik
ki, Azərbaycana qarşı XX yüzildə Xocalı
soyqırımı da daxil olmaqla hansı qətliamlar törədilib.
Qırmızı-qırmızı qayıtdı ki, Xocalı
hadisəsi soyqırımı deyil, müharibə epizodudur,
belə hadisələr hər müharibədə olur. Amma ermənilərə
qarşı türklərin törətdiyi
soyqırımıdır, ona görə o biri sənədə
imza atmışam, buna imza atmayacam.
Amma bunun ardınca böyük britaniyalı
tanınmış siyasətçi, Avropa Şurasında
yüksək nüfuz sahibi olan Terri Devisə müraciət
etdim. Dedim, siz Siyasi Komitənin sədrisiniz. Ermənilərin
təqdim etdiyi elə bir sənədə imza
atmısınız ki, ən azı tutduğunuz vəzifəyə
görə, balansı gözləmək xatirinə onda gərək
bura da imza atasınız, ya oradakı imzanızı geri
çəkəsiniz. Bir qədər düşündü və
mənim sənədimi imzaladı. Sənədin altında
Siyasi Komitənin sədri Terri Devis kimi mötəbər bir
şəxsiyyətin imzasını görən müraciət
etdiyim digər deputatlar da imza atmağa çox tərəddüd
keçirmədilər. Norveçdən, Lüksemburqdan,
Makedoniyadan və digər ölkələrdən olanların
imzasını topladım. Ermənistanın azərbaycanlılara
qarşı törətdiyi soyqırımı, o cümlədən
Xocalı genosidi haqqındakı sənəd ilk dəfə
işıq üzü gördü. Azərbaycanlılara
qarşı erməniçiliyin törətdiyi
soyqırımları ilə bağlı həqiqətləri
əks etdirən bu sənəd bütövlükdə beynəlxalq
təşkilatlar çərçivəsində bu mövzuda
işıq üzü görən ilk sənəd idi.
Unudulmaz Ulu Öndərin adı Heydər idi və bu
ad ona təsadüfən verilməmişdi. Bu bir yadigar ad idi.
1918-ci ildə Zəngəzurda ermənilərin azərbaycanlılara
qarşı törətdiyi soyqırımları dönəmində
Heydər adlı bir gənc azərbaycanlı da qətlə
yetirilmişdi. Həyatdan nakam gedən o gəncin adı
yaşasın deyə illər sonra bacısı bu adı
dünyaya gələn oğluna verdi. Unudulmaz Heydər
Əliyev, əlbəttə, çox yaxşı bilirdi ki, o,
hansı tarixçəsi olan hansı adı
daşıyır.
Və bu da həyatın ayrı məntiqidir:
Xocalı faciəsinin, Azərbaycanın
uğradığı işğal siyasətinin, nəhayət
ki, başa çatması, bütün işğal
altındakı torpaqlarımızın azadlığına
qovuşması, insanlarımızın üstündən
qaçqınlıq, məcburi köçkünlük
damğasının götürülməsi üçün
Heydər Əliyev ömrü uzunu mübarizə apardı, həmin
yolu möhtəşəm qələbəyədək
Prezident İlham Əliyev davam etdirdi.
Və Heydər Əliyevin nəvəsi, İlham
Əliyevin qızı Leyla xanım Əliyevanın təşəbbüsçüsü
olduğu, artıq dünya boyunca son dərəcə
faydalı nəticələrini gördüyümüz
"Xocalıya ədalət!" şüarı ilə
başlanan hərəkat da rəmzidir, nəsildən gələn
həmin mübariz ruhun ifadəsidir.
Ataların sözü var - "qisas qurdla qiyamətə
qalmaz" və gərək qalmasın. Ümid eləyirəm
və inanıram ki, ürəkdən tikan çıxaran bir
gün də gələcək ki, Nürnberq məhkəməsinə
bənzəyən ədalət divanı mütləq
qurulacaq, Xocalı cəlladları o məhkəmənin
qarşısında dayanaraq cavab verməli olacaqlar.
Bu, həm həyatda olan və həyatdan getmiş
xocalılılara gərəkdir, həm də bütün
dünya insanına lazımdır. Gərək bəşər
görsün ki, insana qarşı qəddarlıqlar edənlər
bağışlanılmır, üstündən nə qədər
zaman keçsə də, o cinayəti törədənlərdən
hansılarsa artıq gəbərmiş olsalar da, məhkəmə
qurulmalı, cəzalar müəyyənləşməlidir.
Əgər o dünya, o dünyanın cəhənnəmi
varsa, insan oğluna bu dünyada bu əzabları verənlər
o dünyada o əzabları hökmən çəkəcək,
cəhənnəm odunda yanacaqlar.
Sənədlər, sübutlar hamısı ortada.
Neçə illər əvvəl mən Respublika Hərbi
Prokurorluğunda soyqırımı muzeyi yaradırdım.
Əvvəl onlar təklif etmişdilər ki, elə bir-iki
otaqda yerləşən bir ekspozisiya düzəldək və
bu, əsasən onların apardığı istintaqların
materiallarını əks etdirən bir məkan olsun. Amma cinayət
qovluqlarını vərəqləməyə, dindirmə
protokollarını diqqətlə oxumağa, dəhşətli
sənədlər, əşya-yi dəlillərlə
tanış olmağa başladıqca anladım ki, bu işi
sadəcə yola vermək olmaz, dolğun bir muzey
yaradılmalıdır. Fotolar dil açıb söyləyirdi
ki, o məzlum insanlara həyatın son dəqiqələrində
hansı zülmlər veriblər. Elə zülmlər, elə
işgəncələr ki, əslində heç bir canlı
məxluq o əzabı özündən olan bir
başqasına qarşı etməz. Ancaq bunlar etmişdilər.
O sübutlar hər gələcəkdə qurulacaq Nürnberq
məhkəməsinə bənzəyən ədalət
divanında ortaya çıxacaq.
Ancaq cəlladlarının
özünüifşaları da az deyil. "Miatsum"
ideyasının əsas ideoloqlarından biri
yazıçı Zori Balayanın 1996-cı ildə Vanadzorda
"Voskreşenie duşi naşey" - "Ruhumuzun dirilməsi"
adlı kitabı nəşr edilib.
Yazıçılıq bir peşədir ki, onun
cövhərində insana məhəbbət
dayanmalıdır. Ancaq Zori Balayanın nifrət saçan yazılarını
vərəq-vərəq oxuduqca onun içərisində nəinki
bir yazıçının, hətta bir insanın olduğuna
şəkk gətirirsən. Di gəl, o, yazıçı
olmaqdan daha əvvəl həkimlik ixtisası
almışdı. Təbib ixtisasına yiyələnənlər
adətən Hippokrat andı içir. "Zori Balayan"
deyilən murdarlığın və bütövlükdə
erməniçiliyin bəşəriyyət üçün
hansı mərəz olduğunu dərk etməkçün o
idbarın yazdığı bu sətirlərdən münasib
sübut olmaz. Zori Balayan Xocalı təəssüratlarını
belə bölüşür: "Biz Xaçaturla
uşaqların saxlandığı zirzəmiyə enən
vaxt əsgərlərimiz artıq onlardan birini ovuclarından
(balaca bir uşağı - R.H.) pəncərə çərçivəsinə
mıxlamışdılar. Uşağın səs-küyünü
azaltmaq üçün Xaçatur uşağın
ağzına onun öldürülmüş anasının kəsilmiş
döşünü soxdu. Sonra mən uşağın
başının, sinəsinin və qarnının dərisini
soydum. O, qan itirməsindən yeddi dəqiqə sonra
öldü".
Sən bir sadistliyə bax! Hətta saata baxır,
ölçür ki, qurbanının diri qalması, nəfəsinin
gedib-gəlməsi nə qədər sürəcək.
Beləsinə adam deməyə dil dönməz!
Və arsız-arsız davam edirdi: "Birinci
ixtisasıma görə həkim olduğumdan humanistəm və
ona görə də uşağa edilən hərəkətlərdən
sevinc duymadım. Lakin qəlbim şadlanırdı.
Xaçatur bədəni hissələrə böldü və
onları itlərə atdı. Axşam eyni şeyi biz daha
üç türk uşağı ilə etdik. Mən erməni,
vətənpərvər və vətəndaş kimi borcumu
yerinə yetirdim. Xaçatur da xeyli tər axıtdı. Mən
onun və digərlərinin gözündə intiqam və
güclü humanizm mübarizəsi gördüm. Sonra isə
mənim uşaqlıq dostum, mayor Suren dedi: "Biz vəhşi
deyilik, lakin ürəyimizi soyuq saxlamalıyıq".
İnsan adlanması insanlığa həqarət olan Zori
Balayan kirimir: "Sonrakı gün biz kilsəyə daxil olduq.
Dünən gördüyümüz və etdiyimiz hərəkətlərdən
ruhumuzun təmizlənməsi təmənnası ilə dua
etdik".
Bir də dəqiq yerini göstərirəm: bu qan
qoxulu sətirlər Zori Balayanın 1996-cı ildə Vanadzorda
nəşr edilmiş "Voskreşenie duşi naşey" -
"Ruhumuzun dirilməsi" kitabının 260-262-ci səhifələrində
gedib.
Bunları haçansa, lap min il ötsə də,
bağışlamaq olarmı?
...1980-ci illərin əvvəlləri idi. Hələ
bu erməni hərəkətəgəlmələri
qarşıdaydı. Biz gənc idik. Ancaq köhnə nəsil
hər halda ermənilərin xislətini bizdən qat-qat
yaxşı bilirdi. Bir dəfə unudulmaz bəstəkarımız
Tofiq Quliyevlə söhbət edirdik. Dedim: "Mənim bir
yaxşı erməni dostum var..." - elə
sözümü ağzımdaca qoydu ki, "Hələ
sözünü başa çatdırmamış bir cümlənin
içərisində iki səhv buraxdın". Təəccüblə
baxdım və anlatdı: "Birincisi, deyirsən ki, "erməni
dostum" var, ermənidən azərbaycanlıya dost olmaz.
İkincisi də deyirsən ki, "yaxşı erməni",
yaxşı erməni ümumiyyətlə olmur. Uzağı,
bir erməni o biri erməniyə nisbətən babat ola bilər".
İndi unudulmaz Tofiq müəllimin sözü
olmasın, bu ermənilərin içərisində də
babatları - hər halda hadisələrə bir az ayıq
baxanları hərdən gözə dəyir.
Bu gün də var, keçmişdə də olub və
ilk növbədə öz xalqlarının gələcək
taleyindən narahat olaraq ermənilərin törətdiklərinin
sabah onların öz başına hansı bəlalar gətirəcəyi
barədə düşüncələrini yazıblar,
paylaşıblar. 1992-ci il mart ayının 26-da - Xocalı
hadisələrindən vur-tut bircə ay sonra İspaniyada
çıxan "Levante" qəzetində kanadalı,
milliyyətcə erməni olan hüquqşünas Vaskel
Sitaryanın bir məqaləsi dərc edilir. Yazırdı ki,
"biz ermənilər özümüz özümüzü
dünyada rüsvay etdik. Bizim üçün çox
ağır olan beynəlxalq məhkəmələr qurulacaq.
Kimdir erməni millətini məhkəmə qapılarına
sürükləyən?"
Ya bundan da bir qədər əvvəl - 1992-ci il mart
ayının 12-də Parisdə nəşr edilən "Frans
Katolik Ekleziya" jurnalında "Hücumdan öncə"
sərlövhəli bir məqalə dərc edilir. Məqalənin
müəllifi artıq Xocalıda olmuş, elə
dırnaqarası yaxşı adlandırıla biləcək
bir jurnalist idi. O mənada "yaxşı" ki, hər halda
müəyyən həqiqətləri etiraf eləməyə
cəsarəti çatırdı. Yazırdı ki, "mən
Xocalıda oldum, hər şeyi öz gözümlə
gördüm. Artsaxlıların hər qarış torpaq
uğrunda necə cəsarətlə döyüşdüklərinə
heyran qaldım".
Və əlavə edirdi ki, "ancaq mən torpaq
uğrunda mübarizənin bu şəkildə
aparılması ilə razı deyiləm. Çünki ətraf
cəsədlərlə dolu idi. Hər yerdən qan iyi gəlirdi.
Azərbaycanlılar susmayacaqlar və bunu unutmayacaqlar. Bu
gün ruslar bizimlədir, bəs sabah nə edəcəyik? Biz
tənha qala bilərik".
Erməni olanda nə olar? Sabahın həqiqətini
doğru ehtimal edir.
Hələ ki tam tənha deyillər. Amma
büsbütün yalqız qalacaqları günlər də
uzaqda deyil. Şər sayca, çəkicə, əhatəcə
bəzən həddən çox ola, xeyir, düzlük,
doğruluq, həqiqət onun müqabilində kiçik
görünə bilər. Amma həqiqətin, xeyirin xüsusi
çəkisi həmişə şərdən qat-qat
ağırdır. Bu gün Xocalı soyqırımını
dünyanın doqquz dövləti, Amerika Birləşmiş
Ştatlarının iyirmidən artıq ştatı ya tam, ya
parlament səviyyəsində tanıyır. Günlər
ötdükcə bu sıralar sıxlaşacaq.
Və o sıxlaşan sıralar da şərin, erməniçiliyin
Böyük Cəza Gününü yaxınlaşdıracaq.
Xocalı faciəsi hələ bizə vaxtca çox
yaxındır. O faciəni gözü ilə
görmüş, hadisələrin içərisindən
çıxaraq salamat qurtarmış insanların neçəsi
yaşayır. Ahıllaşıblar, ixtiyarlaşıblar.
Ancaq 40 il keçəcək, 50 il ötəcək, 100 il
arxada qalacaq, nəsillər dəyişəcək.
Azərbaycan nə bəxtiyardır ki, bu gün
Qarabağımız başdan-sona azaddır. Azərbaycan nə
məsuddur ki, yenə Xocalıda üçrəngli
bayrağımız ucalır.
Lap az keçəcək, Xocalıda toylar da
çalınacaq, şən məclislər də qurulacaq,
yeni, xoşbəxt, firavan günlər də yaşanacaq.
Təzə nəsillər, elə Xocalıda
dünyaya gəlib böyüyənlər Xocalı faciəsi
haqqında həqiqətləri tarix kitablarından oxuyacaqlar.
Ancaq gərək elə edək ki, o xocalılıların da
və gələcəyin bütün azərbaycanlılarının
da yaddaşında, ürəyində Xocalı faciəsi
yalnız tarix kitabından oxunan hadisə kimi qalmasın. Diri,
canlı hadisələr kimi qalsın. Hər an beyni deşən,
qaysaqlanmamış, açıq yara kimi qalsın.
Xocalı da, 20 Yanvar da yalnız dərd günü
deyil, həm də bu xalqın dözüm günüdür,
iradə günüdür, şər qabağında əyilməmək
günüdür. Zülm, əzab, işgəncə, məşəqqət
bizi yenə bilmədi. Dirçəldik, düşməni də
yendik, torpağımızı da azad etdik. O yerləri cənnətə
çevirməkdə davam edirik. Ancaq gələcəyin
Xocalısında - cənnət Xocalıda ən məsud
saatlarımızda da o günləri daim xatırlayaq. 20 Yanvar
da, Xocalı da, Qarabağ müharibəsinin hər
günü də Azərbaycan insanı üçün həmişə
yaddaş zəngi olmalıdır. Yaddaşlarımızda o zəng
səsləndikcə daha ayıq, içəridən daha səfərbər,
daha güclü və sabah yollarında daha inamlı
olacağıq
"Biz bir amalla, bir arzu ilə yaşamışıq
bütün bu illər ərzində ki, bu torpaqlara qayıdaq.
Və qayıtmışıq. Ermənistan ordusunu məhv
etmişik. Ermənistan ordusu, demək olar ki, yoxdur. Hərbi
cinayətkarları məhv etmişik. Onların
tör-töküntülərini məhv etmişik. Hərbi
cinayətkarlar, Xocalı qatilləri, sizi məhv eləmişik.
Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv
edib!" Bunlar xoşbəxt Fatehin - Zəfərimizin
Memarı Prezident İlham Əliyevin sözləridir.
...2024-cü ilin 8 dekabrında Xocalıdaydım.
Bütün tarix hər anı ilə yaddaşımda, yeni həyatını
başlayan Xocalı gözlərimin önündə idi. Bu
uca dağlarda, Allaha bir az da yaxın olan yerdə
şükür edirdim ki, yenə burdayam, yenə buralar mənimdir
və nə yaxşı ki, bu günləri görmək bəxtiyarlığını
Tale və Tarix bizdən əısirgəmədi.
9 dekabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 11 dekabr(№227).-S.10-11;13.