Yeni
yaradıcılıq zirvələrinə doğru
Novruz Nəcəfoğlunun ədəbi fəaliyyət
yolu haqqında qeydlər
Həyatda müəyyən bir peşə və sənət
öyrənmək, mütəxəssis olmaq üçün
məktəbdə oxumaq, təhsil almaq, ən azı müəllim,
ustad yanında şagird durmaq, tələbəlik etmək
ehtiyacı vardır. Lakin məlumdur ki, bədii
yaradıcılıq sahəsində fitri, anadangəlmə
bacarıq və qabiliyyət olmadan şair,
yazıçı, bəstəkar, aktyor, rəssam... kimi
yetişmək mümkün deyil. Olsun ki, bədii təfəkkürlə
doğulmuş insan böyüyəndə bu və ya digər
səbəbə, təsadüfi şəraitə görə
hər hansı bir fəaliyyət sahəsini seçərək
və ya taleyin hökmü ilə həkim, pedaqoq,
hüquqşünas, mühəndis, elmi işçi, hərbçi,
məmur və başqa birisi kimi özünü
tanıtsın. Bununla belə, məsələn, əgər
yazıçılıq insanla bir doğulmuşsa, o, tez-gec əlinə qələm
götürüb öz mühitində, həyatda, cəmiyyət
içində gördüklərini, ürəyindəki hiss
və duyğularını, beynindəki fikir və
düşüncələrini ağ kağıza
köçürməyə, yəni
yaradıcılığa başlayacaq.
Belə yaradıcı ziyalılardan biri
tanınmış qələm sahibi Novruz Nəcəfoğludur.
O, uzun illər dövlət qulluqçusu kimi müxtəlif vəzifələrdə
işləməklə zəngin həyat yolu keçib. Novruz
müəllimin əmək fəaliyyəti qədər də
zəngin ədəbi bioqrafiyası vardır. Novruz Nəcəfoğlu
özünü həmişə ədəbi aləmdə məxsusi
sözü, yeri olan bir müəllif kimi də təsdiq edib.
Onun indiyə qədər çap olunmuş müxtəlif
janrlı əsərləri, kitabları ədəbi ictimaiyyət
və tənqidi fikir tərəfindən layiqincə dəyərləndirilib.
Novruz Nəcəfoğlunun yaradıcılığı
haqqında professor İslam Qəribli,
yazıçı-publisist Aydın Tağıyev, tədqiqatçı-yazıçı
Pərvin Nurəliyeva və başqaları məqalələr
yazıb, araşdırmalar aparıblar.
Yazıçı,
şair və publisist Novruz Nəcəfoğlu (Novruzov)
1954-cü ilin may ayının 2-də Lerik rayonun Zövnə
kəndində anadan olub. Lap gənc yaşlarından müxtəlif
məsul vəzifələr daşısa da, ədəbiyyata
ciddi meyl göstərib, şeir, hekayə, povest və publisistik
yazıları ilə müntəzəm olaraq mətbuatda
çıxış edib. Yazıçının "Bir
qış gününün xatirəsi", "Yollar uzanan
gün", "Keçən cavan çağım
ola...", "Atüstü bir nağıl", "Bir mən
oyaqdım", "Çarəsiz yolçu",
"Nağıl adam", "Yuxuya gedib gecə" və
digər kitabları maraqla qarşılanıb.
"İçimdə bir ocaq var" kitabında şeirləri,
"Unudulmazlıq haqqı" kitabında oçerkləri
toplanıb.
Novruz müəllimin uşaqlar üçün
yazdığı "Nəcəflə üz-üzə",
"Ən böyük adam",
"Tufan" və ingilis dilində çap edilmiş
"Tural, Humay and Nijat" kitabları balaca oxuculara,
onların valideynlərinə, müəllimlərinə
gözəl ərmağan olub.
Yazıçının "Çarəsiz
yolçu", "Bəmbəyaz keçiddə",
"Qaranlıq gecənin səsləri" əsərləri
qardaş Türkiyə türkcəsində və daha bir
kitabı isə rus dilində nəşr edilib.
Onun yaradıcılığı haqqında Pərvin
Nurəliyeva yazır: "Bir neçə il öncə Novruz
müəllimin "Yuxuya gedib gecə" kitabı "Çağdaş nəsrin
ustaları" seriyasından - "XAN" nəşriyyatında
işıq üzü gördü. Türkiyəli
yazıçı-tərcüməçi İmdat Avşar əsəri
qısa müddətdə Türkiyə türkcəsinə də
çevirdi... kitab qardaş ölkədə nəşr olunub
böyük maraqla qarşılandı. Həmin əsərin
ilk oxucusu olmağın məmnunluğu içərisində
kitaba ön söz yazmışdım. ...Ön sözü 44
günlük Zəfər savaşımızdan öncə
yazmışdım. Qəribədir ki, "Ağ qayadan
atılan güllə" əsərinin ideyası da, yozumu da
özünü doğrultdu. 44 gün içərisində
torpağı düşmən tapdağından azad edən
oğullar həm də bu cür əsərlərin
yetişdirdiyi nəslin nümayəndələridir.
Açarlarını, evlərinin sənədlərini qoruyub
saxlayan insanların həsrətinə son qoyuldu, Qarabağ zəfəri
ədalətin ən təntənəli qələbəsi
oldu. Bu mənada, elə Novruz müəllimin də əsərləri
yeni gözlə, qalib ovqatı ilə oxunur".
Novruz Nəcəfoğlunun qələmindən
çıxan bədii əsərlərinin ən mühüm
məziyyətləri onların aktual mövzularda geniş
ictimai məzmun, parlaq ideya və sənətkarlıq
xüsusiyyətlərinə malik olması ilə şərtlənir.
Novruz Nəcəfoğlu gözəl, ürəyəyatımlı,
dərin düşüncələrin məhsulu olan lirik
şeirlərlə yanaşı, həm də mükəmməl
kompozisiyaya və bitkin süjetə malik olan nəsr əsərlərinin
də müəllifidir. "Bir qış gününün
xatirəsi" kitabına (2010) onun şeir və hekayələri
daxil edilib. Kitabın içindəki əsərlərin elə
adları, sərlövhələri artıq müəllifin
yaradıcılıq məziyyətləri haqqında müəyyən
təsəvvür yaradır:
Şeirlər - "Bir qala ziyarəti", "Bir
kaha önündə", "Bircə sətir yaz",
"Dünya", "Dəfn elə", "Gedib",
"Bilmədim", "Lirik lövhələr",
"Olacaq", "Bayatılar", "Anamın dilindən",
"Yollar", "Zaman və biz", "Xeyli
vaxtdır", "Tanrı mənim pənahımdı",
"Qorun", "Dördlüklər", "Yuxum ərşə
çəkilib", "Sevəcəkmi",
"Bağışlasın", "Anam eyvandan
baxırdı" və digərləri. Şairin qəzəl,
gəraylı və qoşmalarında məhəbbətin
insanı kamilləşdirən bir vasitə olması barədə
fikir və düşüncələri əksini
tapdığından, onlar əsl sənət nümunələrinə
çevrilir və oxucunu daxilən, mənən zənginləşdirir.
Bu əsərlərdə klassik ədəbiyyatdan və xalq
poeziyasından bəlli olan obrazlar orijinal tərzdə təqdim
olunur. Novruz Nəcəfoğlunun lirik qəhrəmanı vətənini,
millətini, torpağını sevən, xalqın adət-ənənələrinə,
onun mədəniyyətinə və tarixinə bağlı
olan böyük hərfli Vətəndaş - İnsandır.
Novruz müəllimin bu sevgi, istək və arzuları onun
şeir yaradıcılığında öz yüksək bədii
həllini tapıb.
Hekayələr - "Atamı oğulsuzmu
görübsüz?", "Bir qış gününün
xatirəsi", "Yuxu", "Bir ana
tanıyırdım", "Tənhalıqdan qorxduğum
üçün", "Zalım oğlunu
öldürürdüm", "Yalan yeriməsə də...",
"Yerisənə!", "Səhra gəmisi" və digərləri.
Novruz Nəcəfoğlunun "Çarəsiz
yolçu" povesti (2011) isə kənd həyatının rəngarəng
çalarlarını özündə əks etdirir. Povestin qəhrəmanları
özünəməxsus portret cizgiləri və konkret
xarakterləri ilə bir-birindən seçilirlər.
Novruz Nəcəfoğlunun əsərlərindəki
obrazlar bizim ətrafımızda olan, gündəlik həyatda
gördüyümüz, rast gəldiyimiz real insanlardır. Bu
obrazları bizə sevdirən onların hər birinin fərdi
xüsusiyyətlərə, yüksək mənəvi-əxlaqi
keyfiyyətlərə və bədii ümumiləşdirmə
gücünə malik olmalarıdır.
Novruz Nəcəfoğlunun bir dövlət məmuru
kimi xarici ölkələrə səyahətdən
aldığı səfər təəssüratları əsasında
yazdığı "Dünya duracaq yer deyil", "Sinqapur
- böyük dünya şəhəri, iddialı ölkə",
"Eşitdiyim və gördüyüm Yaponiya" publisistik
kitabları səfərnamə janrında diqqətəlayiq
nümunələrdir.
"Eşitdiyim və gördüyüm Yaponiya"
adlı publisistik əsər (2016) ilə bağlı müəllif
özü yazır: "Hər dəfə müxtəlif
ölkələrə - dəqiqliyi ilə desəm, bundan əvvəl
Almaniyaya, İsveçrəyə, Sinqapura, Malayziyaya səfərlərdən
qayıdan kimi yol təəssüratlarımı,
gördüklərimi əlbəəl, necə deyərlər,
isti-isti qələmə almışam. Yaponiyaya səfərimizdən
isə aradan uzun müddət keçsə də, nədənsə
bu dəfə cib dəftərçəmə əl gəzdirib
yaddaşımdakıları ağ vərəqlərə
köçürməyə tələsmirdim. Bəlkə də,
bu, o səfər təəssüratlarımın zənginliyindən
idi ki, sözümü hardan başlayıb harda tamamlamaqda,
açığı, çətinlik çəkirdim. Uzaq
Gündoğan ölkədə on gün bir yerdə
olduğum səfər yoldaşlarım da hər dəfə
müxtəlif tədbirlərdə, görüşlərdə
üzə vurmasalar da, elə baxışlarından hiss edirdim
ki, bundan əvvəlki ölkələrə işgüzar səfərlərdə
olduğu kimi, bu dəfə də Yaponiyaya səfərimiz
haqqında yazacaqlarımın araya-ərsəyə gəlməyini
gözləyirlər".
Belə də oldu və Novruz Nəcəfoğlu daha
bir uğurlu səfərnamə ilə oxucularını
sevindirdi.
Yazıçının son illər çap etdirdiyi
"Kişilərin ömür yolu" silsiləsindən
"Yaddaşıma yazılan gün" ("525-ci qəzet",
26 yanvar 2023, №14, s.12-13.), "Ötən günlər" dəftərindən
"Arıtsan sel olar kor bulaqdan..." ("Ədəbiyyat qəzeti",
29 aprel 2023, № 16, s.16-17), yenə "Ötən günlər"
dəftərindən "Yağışda dayanacaqdakı
qadın" ("Ədəbiyyat qəzeti", 12 oktyabr 2024,
№39, s.15) əsərləri də göstərir ki, onun həyati
müşahidələri ictimai-mənəvi müstəviyə
yönəlməklə sosial-etik mahiyyət kəsb edir.
Yazıçı, gördüklərini, təəssüratlarını
bədii sözə, publisistik təsvir və lirik
düşüncələrə çevirə bilir, həmişə
hadisə və əhvalatların arxasındaki insanlararası
mənəvi-psixoloji münasibətləri aşkarlayıb
tapmağa can atmaqla, obrazların, qəhrəmanlarının
daxili-ruhi aləmini oxucu üçün kəşf edə
bilir.
Novruz Nəcəfoğlu Azərbaycan
Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin,
Türkiyə Elm və Ədəbiyyat birliyi olan
"İlesam" təşkilatının
üzvüdür. Onun bir neçə şeirinə musiqi bəstələnmişdir.
Bir sıra beynəlxalq mükafatların laureatıdır,
2014-cü ildə "Şöhrət" ordeni ilə təltif
edilib.
Yazıçı-publisist, şair Novruz Nəcəfoğlu
şəxsi həyatında, ömür-gün yollarında,
ictimai fəaliyyətində, vəzifə pillələrində
müdriklik zirvəsini çoxdan fəth edib. Bu il Novruz müəllimin
70 yaşını qeyd edərkən də onun geniş oxucu
auditoriyası və sevgisi qazanmış əsərləri ilə
həmin zirvədə qartal uçuşunun şahidi oluruq. Bu
ədəbi qartal uçuşunda yubilyara - görkəmli qələm
sahibi Novruz Nəcəfoğluna yeni-yeni yaradıcılıq
zirvələri arzulayırıq.
Rasim NƏBİOĞLU
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru, fəxri professor
525-ci qəzet .- 2024.- 12 dekabr(№228).-S.14.