Atamın əlcəkləri

 

Bizim bağ, bizim həyət,

                   evimiz, eyvanımız...

Bu da qapısı bağlı

                   təsərrüfat damımız.

Açıb keçdim içəri,

                   burda nələr var, nələr,

Köhnə gürz, köhnə külüng...

                   və köhnə xatirələr...

Balta, mişar, nə varsa

                   atamın yadigarı,

Zəhmətlə keçən ömrün

                   bu imiş etibarı...

Köhnə çəkic qaralıb,

                   kəlbətini pas tutub,

Bu açar da, kilid də

                   sahibinə yas tutub...

Nə görürəm, ilahi,

                   toz-torpağın içində,

Lingin, belin dibində,

                   divarın bir küncündə

Atılıbdır atamın

                   köhnə iş əlcəkləri,

Böyrü-başı sökülmüş,

                   didilmiş əlcəkləri.

Vaxt var idi onlara

                   iş üstündə baxardım,

Atam yer şumlayardı.

                  mən də çayır yığardım.

Bu zindanın üstündə

                  atam dəmir döyərdi,

Mən daşı gətirərdim,

                  dəryaz itiləyərdi.

Əlcəklər tək deyildi,

                  bir neçə cütdü ancaq,

Birində torpaq ətri,

                  o birində ot-ocaq,

Atam bir az əsəbi,

                  iş görəndə tələskən,

Atamın zəhmi yağır

                 yenə əlcəklərindən.

Odun yaran, gürz vuran,

                 daş daşıyan bir insan

Heyf ki, qocalmadı

                 tez əl çəkdi dünyadan.

Üstündən illər keçib,

                 unutmuşam haçandı,

Uzaqlarda qalıbdı

                 ayrılığın kədəri.

Təəssüflə baxıram,

           atamdan çox yaşadı

                       atamın əlcəkləri...

Heyf, məndən onlara

                 sahib çıxan olmadı,

Yer şumlayan olmadı,

                 çayır yığan olmadı.

Dayanmışam, baxıram

                 bir az dalğın, pərişan, -

Atamın əlcəkləri

            atam kimi tərs imiş,

                    yapışıblar yaxamdan...

 

 

Xatirə

 

 

Mən elə bilirdim, sönüb bu ocaq,

Külünün altında közü qalıbmış.

O şirin kədərin, qəmin dalınca

Bu dəli könlümün gözü qalıbmış.

 

 

Mən elə bilirdim, unutdum səni,

Bir də oyatmaram olub keçəni.

Dağılıb könlümün çiskini, çəni,

Bu dağı keçmişəm, düzü qalıbmış.

 

Deyirdim, bu dərdin uyğusu dərin,

Susubdur aylardan, illərdən bəri.

Yanıq yarasıymış xatirələrin,

Ömürlük göynəyən izi qalıbmış...

 

 

Qismət

 

Əsdi tale küləkləri,

Qabağına qatdı məni.

Cadar-cadar xatirələr

Vadisinə atdı məni.

 

Yanıb-yanıb kül olmadım,

Bir yanıqlı neyə döndüm.

Dodağımda adın, odun...

Niyə gəldim, niyə döndüm?

 

Bu bəxtəvər səkilərdə

Ayağının izi hanı?

Xatirələr xəzəl kimi,

O sevdanın özü hanı?

 

O bəxtiyar pıçıltılar

Bu divarın yadındamı?

Tellərinin titrəməsi

Gilavarın yadındamı?

 

Əl vururam, əlim yanır,

Söykəndiyin daş közərib.

Aman allah, qismətə bax,

Yanağımda yaş közərib...   

 

Göyçə gölünə

 

Göy qanadlı Göyçə gölü,

Mən sənin öz qardaşınam.

Mən də yurdun boz gölüyəm,

Sifəti boz qardaşınam.

 

Tufanlara qıydım səni,

Yalın-yalqız qoydum səni, -

Gec doğulub duydum səni,

Ürəyi buz qardaşınam.

 

Dağ səbirli dağ qızısan,

Taleyinə qısılmısan,

Saçlarından asılmısan,

Etibarsız qardaşınam.

 

Göz yaşısan bu dağların,

Söndürülən ocaqların,

Sevməz məni bulaqların,

İxtiyarsız qardaşınam.

 

Sən də tut mən görən yolu,

Qarşımızda duran yolu,

Haqq yoludur Turan yolu, -

Sınmaram, düz qardaşınam!

 

Zabil PƏRVİZ

525-ci qəzet .- 2024.- 13 dekabr(¹229).-S.15.