Vətənə
müqəddəs borcunu ləyaqətlə ödədi
44 günlük Vətən müharibəsində
igidlik və qəhrəmanlıq göstərən hərbçilərimizdən
biri də 2 ildən çox müddətdə xüsusi təyinatlı
dəstədə xidmət edən Fərid İbad oğlu
İlyasov oldu. Vətən müharibəsinin 12-ci
günündə onların da dəstəsini Qarabağın
azadlığı uğrunda gedən döyüşlərə
cəlb etmişdilər. Qorxu bilmədən döyüşə
girən Fərid daim irəli can atır, düşməni məhv
etməyə tələsirdi. İrəli addım atdıqca
sevinirdi. Çünki zəfər qoxulu bu addımlar onu
Şuşaya, Qarabağa yaxınlaşdırırdı. Onun
kimi qəhrəman oğulların cəsarətindən qorxan
düşmən ağır itkilər verərək geri
çəkilirdi.
Xocavənd və Füzuli rayonları uğrunda
vuruşan Fərid indi də Şuşa istiqamətində
döyüşürdü. Məğlubiyyət ilə
barışmaq istəməyən erməni
işğalçılar müqavimət göstərir, yeni
müdafiə mövqeləri tutmağa çalışırdı.
Belə anlarda döyüş daha da gərgin xarakter
alırdı. Amma çox keçmirdi ki,
işğalçılar Azərbaycan əsgərindən
sarsıdıcı zərbələr alaraq, ağır itki
verib qaçmağa məcbur olurdu.
Azərbaycan əsgəri Qarabağın hər
addımı uğrunda cəsarətlə vuruşurdu. Fərid
İlyasov da bu savaşda qəhrəmanlarımızın
ön cərgəsində idi.
Oktyabrın 28-də Fəridgilin dəstəsi
komandirin qarşıya qoyduğu döyüş
tapşırığını uğurla yerinə yetirərək
Şuşaya doğru gedirdilər. Cəbhə
yoldaşları və bütün xalqımız kimi, Fərid
də Şuşanın azadlığını görməyə
tələsirdi. O müqəddəs məkana
vuruşa-vuruşa ayaq basmaq istəyirdi. Çox təəssüf
ki, həmin xoşbəxt günü görmək ona qismət
olmadı. Fərid oktyabr ayının 28-də çətin
döyüş tapşırığını yerinə
yetirərkən şəhid oldu. Onun arzusunu, istəyini
döyüşçü dostları həyata keçirdilər.
Cəsur döyüşçü, Vətənini
canından da çox sevən Fərid İbad oğlu
İlyasov İkinci Şəhidlər xiyabanında torpağa
tapşırıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları
ilə Fərid İbad oğlu İlyasov döyüşlərdə
göstərdiyi igidliyə və qəhrəmanlığa
görə, ölümündən sonra, III dərəcəli
"Vətənə xidmətə görə" ordeni, həmçinin
"Vətən uğrunda", "Hərbi xidmətdə fərqlənməyə
görə", "Şuşanın azad edilməsinə
görə", "Füzulinin azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə" medalları
ilə təltif olunub.
Yurdumuzun azadlığı uğrunda gedən
döyüşlərdə şəhid olmuş Fərid
İlyasov sadə və mənalı bir ömür
yaşamışdı. İsti yay günlərinin birində
- 20 iyul 1999-cu ildə dünyaya göz
açmışdı. Onun valideynləri 1992-ci ilin may
ayında erməni hücumları nəticəsində
Laçın rayonunun Hacılar kəndindən
köçkün düşmüşdülər. Fərid
2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta
məktəbinin 1-ci sinfində oxumağa
başlamışdı. 2010-cu ildən isə təhsilini Binəqədi
rayonunun 28 May qəsəbəsində yerləşən 306
saylı tam orta məktəbində davam etdirmişdi. Orta təhsilini
2016-cı ildə bitirən Fərid 2017-ci ilin iyulunda
böyük sevinc içində hərbi xidmətə yola
düşmüşdü. Cəbhə bölgəsində
yerləşən "N" saylı hərbi hissəsində
xidmət etmişdi. Təlimlərdə böyük fəallıq
göstərən Fərid hərbi bilik və
döyüş vərdişlərinə, müxtəlif təyinatlı
silahların sirlərinə dərindən yiyələnmişdi.
Hərbi xidmətdən döndükdən bir müddət
sonra Fərid yenidən Azərbaycan Ordusunun sıralarına
qayıtmış, Vətənə yenidən
döyüşçü-əsgər olmuşdu. Müqəddəs
xidmət yolu bir müddətdən sonra onu qəhrəmanlığa
aparmış və şəhidlik zirvəsinə
qovuşdurmuşdu.
Builki anım günündə də şəhid Fərid
İlyasovun İkinci Şəhidlər xiyabanındakı məzarının
üstünə gələnlərin sayı-hesabı yox idi.
Onu tanıyanlar qəbrinin üstünə gül dəstələri
qoyur, xatirəsini bir dəqiqəlik sükutla yad edirdilər.
Fərid haqqında xoş xatirələrini dilə gətirirdilər.
Əllərində üçrəngli bayrağımızla
anım mərasiminə gəlmiş məktəblilər qəhrəmanlığı,
vətənpərvərliyi tərənnüm edən
şeirlər söyləyirdilər. Böyüyəndə
onlar kimi qəhrəman olacaqlarını deyirdilər.
Anası Bəsirə İlyasova 44 günlük Vətən
müharibəsində şəhid olmuş igid oğlu
haqqında göz yaşları içində
danışdı: "Fərid həmişə deyirdi ki, ana,
yəqin bu sözlərimə görə siz məndən
inciməzsiniz, amma mən vətəni sizdən çox sevirəm.
Mənim üçün birinci Vətən, sonra sizsiniz. Sizin
ata-baba yurdunuz olan Laçın rayonu uğrunda
döyüşsəm, o torpaqları erməni
işğalçılarından azad edənlərin
sırasında vuruşsam, övlad kimi az da olsa vətənin
borcundan çıxdığımı zənn edərəm".
Şəhid anası dedi ki, Laçın uğrunda
olmasa da, Füzuli, Xocavənd, Şuşa uğrunda igidliklə
vuruşdu Fərid. Arzusuna çatdı,
torpaqlarımızı azad gördü. Canından da çox
sevdiyi Vətən uğrunda şəhid oldu. Onun
ölümündən bir müddət sonra Şuşa da,
Laçın da başqa bölgələrimiz də erməni
işğalçılarından azad olundu. Buna görə də
indi Fəridin ruhu şaddır".
Atası İbad İlyasov da oğlunu kədərlə,
qürurla xatırladı: "Fərid döyüşlərə
yollanandan sonra narahatçılığımız
artmışdı. Oğlum tez-tez zəng vuraraq
iştirakçısı olduğu döyüşlərdən
sevinclə söz açırdı. Deyirdi ki, belə
uğurlu döyüşlərlə biz qısa müddət ərzində
qoynunda dünyaya göz açdığınız, illərdən
bəri həsrəti ilə qovrulduğunuz Laçın
rayonunu da düşmənlərdən azad edəcəyik. Elə
biz də intizarla həmin günü gözləyirdik. Amma
oktyabrın son günlərində axşama yaxın Fəridin
babası icra nümayəndəsi ilə bir yerdə
qapımızı döydü, oğlumun
yaralandığını bildirdilər. Çox keçmədi
ki, onun şəhid olduğunu eşitdik. Hələ də
buna inana bilmirəm. Elə bilirəm ki, Fərid yenə də
xidmətdədir. Günlərin birində sağ-salamat
qayıdıb evimizə gələcək".
Şəhid Fərid İlyasovun anım günündə
iştirak edən məktəblilər qəhrəmanlığı,
vətənpərvərliyi tərənnüm edən
şeirlər söylədilər. Bakı şəhər
İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar
liseyinin birinci sinif şagirdi Rahil Məmmədzadənin
söylədiyi, qəhrəmanlara, şəhidlərə həsr
olunmuş şeirləri anım mərasimində iştirak edənlərin
ürəklərini titrətdi.
Torpaqlarımızın azadlığı uğrunda
gedən döyüşlərdə böyük qəhrəmanlıq
göstərmiş şəhid Fərid İlyasov heç
vaxt unudulmayacaq. Göstərdiyi qəhrəmanlığı
və igidliyi ilə həmişə yaddaşlarda, ürəklərdə
yaşayacaq.
Reyhan TAHİRQIZI
525-ci qəzet .- 2024.- 13 dekabr(№229).-S.14.