Öz qanı ilə tarix yazmaq
Yağı düşmənə qarşı 44
günlük haqq savaşımız başlananda qəlbi Vətən,
torpaq sevdalı minlərlə igidimiz ölümün
gözünə dik baxa-baxa özünü odun-alovun
içinə atdı. Və öz qanları bahasına qəhrəmanlıq
salnaməsi yazaraq xalqımıza şanlı qələbə
yaşatdılar. Vətən səmasının əbədi
günəşinə çevrilən o qəhrəman
oğullardan biri də 1988-ci il oktyabrın 5-də Cəlilabad
rayonunun Göytəpə şəhərində anadan olan Azərbaycan
Ordusunun baş giziri şəhid Elmir Məmmədovdur. Adı
dillərdə qəhrəmanlıq dastanına dönən Cəlilabadin
igid oğlu ölümündən sonra dövlətimiz tərəfindən
"Vətən uğrunda", "Cəsur
döyüşçü", Cəbrayılın və
Füzulinin azadlığına görə medalları ilə
təltif olunub.
Vətənpərvərlik ruhunda tərbiyə alan, Azərbaycanın
hər qarşını canından əziz tutan Elmir Məmmədov
Qarabağın işğalını öz vicdanına
sığışdıra bilmirdi. Elə ordu sıralarına
qatılmaqda da amalı Vətən torpaqlarını
işğaldan azad etmək idi. Hərbi xidmətini cəbhə
bölgəsində çəkmişdi. Nümunəvi xidməti
ilə seçilirdi. Həqiqi hərbi xidmətini başa
vurandan sonra yenidən bu geyimi daşımağa qərar verir.
Çünki cənnətməkan yurd yerimiz Qarabağ hələ
yağı tapdağında idi. Elmir gizir təhsili alıb Vətənin
keşiyində durur.
Baş gizir Elmir Məmmədov 2016-cı ilin Aprel
döyüşlərində düşmənə
qarşı şərəflə döyüşür,
böyük şücaət göstərir. İgid döyüşçü
ölümə meydan oxuya-oxuya Lələtəpəyə
üçrəngli bayrağımızı sancanlardan olur. Bu
möhtəşəm qələbədən sonra deyirmiş
ki: "Vətən bizim namusumuz, şərəfimizdir. O
torpaqların yağı ayaqları altında qalması bizə
yaraşmaz".
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı
Qüvvələri tərəfindən Ermənistan
işğalı altında olan ərazilərin azad edilməsi
və ölkəmizin ərazi bütövlüyünün bərpa
olunması üçün başlanan Vətən müharibəsi
zamanı baş gizir Elmir Məmmədov Cəbrayılın və
Füzulinin azadlığı uğrunda gedən haqq savaşımızda
ilk gündən düşmənin kabusuna çevrilir, ona qan
uydurur, neçə-neçə canlı qüvvəsini, hərbi
texnikasını məhv edir. Füzulidə gedən
ağır ölüm-dirim savaşında şəhidlik zirvəsinə
ucalır, onun qəhrəmanlığı, yüksək
döyüş məharəti isə hərbçi
dostlarına nümunə olur...
Şərəfli ölümü ilə Vətəninə,
millətinə başucalığı gətirən, müqəddəs
şəhidlik zirvəsindən gələcəyə boylanan
Elmir Məmmədovun həyat yolu həmişə gələcək
nəsillərə örnək olacaq.
Zəfər ORUCOĞLU
525-ci qəzet .- 2024.- 13 dekabr(№229).-S.14.