"Vətəndaş A": əxlaqi dilemmaların aydın ekran üzü

 

 

Bu günlərdə maraqla izləyib bitirdiyim "Vətəndaş A" teleserialı yaddaşıma hər hansı kənddə baş verən dramdan daha çox, insanların şəxsiyyətlərinin formalaşması, sosial mübarizələri və cəmiyyətdə üzləşdikləri əxlaqi dilemmaların aydın ekran üzü kimi həkk olundu. Rejissor Elvin Rüstəmzadə və ssenari müəllifi Asiman Ağa Rövşən tərəfindən ərsəyə gətirilən teleserial həm sənətkarlıq, həm də fəlsəfi dərinlik baxımından xüsusi əhəmiyyət kəsb edir.

Cəfər Cabbarlının "Almaz" pyesindən ilham alan "Vətəndaş A"nın ssenari müəllifi yalnız fərdi həyatlar və qarşıdurmaları deyil, həm də cəmiyyətin ən vacib problemlərini və inkişaf istiqamətlərini əhatə edən geniş bir mövzu palitrasını işləyib: Qadın hüquqları, təhsil, sosial ədalət, ailə dəyərləri, məişət zorakılığı və cəmiyyətin ənənəvi strukturunun dəyişməsi kimi məsələlər serialın əsas xətlərində yer alır və bu mövzuların hər biri cəmiyyətin inkişafı, modernləşməsi məsələlərinə dair təhlillər aparmağa imkan verir.

Əsərin baş qəhrəmanı Almaz (Günəş Mehdizadə) Bakıdan Abdalbəyli adlı ucqar kəndə tarix müəllimi olaraq təyinat alıb gedir. Onun sonrakı məqsədi isə yalnız şagirdlərə dərs vermək deyil, həmçinin kəndin mövcud sosial mühitindəki qanunsuzluqlara qarşı mübarizə aparmaqdır. Almazın gəlişi ilə kənddəki təhsilin və sosial vəziyyətin necə dəyişəcəyi elə ilk seriyalardan özünü göstərir. Almaz qarşımıza sadəcə bir müəllim kimi deyil, cəmiyyətdəki köhnəlmiş (kiflənmiş) normativləri dəyişmək istəyən cəsarətli və yenilikçi qadın fiquru kimi çıxır.

Teleserialın fəlsəfi əsasını təşkil edən suallar insanın öz kimliyini tapması və sosial rolunu necə qəbul etməsi üzərində qurulub. Elə yazının əvvəlindəncə aktrisa Günəş Mehdizadənin rolunu peşəkarcasına ifa etdiyini qeyd etmək yerinə düşər. O, baş qəhrəmanın obrazını sənətkarlıqla canlandıraraq tamaşaçılara onun daxili dünyasını və mürəkkəb xarakterini çox təbii, inandırıcı şəkildə təqdim edir. Günəş Mehdizadə Almazın kənddəki sosial ədalətsizliyə qarşı mübarizə apararkən yaşadığı emosional çıxılmazlıqları, tərəddüdləri və daxili mübarizəsini mükəmməl bir şəkildə ekrana daşımağı bacarıb. Onun ifasında Almazın güclü iradəsi ilə eyni zamanda zəiflik və həssaslığı arasında qurulan incə tarazlıq diqqət çəkir. Aktrisa obrazının inkişafını və təhsilin cəmiyyətin formalaşmasında oynadığı mühüm rolu ustalıqla canlandırır, bu anları izləyicilərə fərqli emosional çalarlarla hiss etdirir. Aktrisanın təbii ifası Almazın həyatına və mübarizəsinə olan inamı daha da vurğulayır. Onun mürəkkəb duyğu vəziyyətləri, obrazın yaşadığı dəyişikliklər və inkişafı inandırıcı şəkildə tamaşaçıya təqdim edilir.

"Vətəndaş A" teleserialında Almazın kəndə gəlməsi əslində cəmiyyətə gələn yenilikçi bir baxışın simvoludur. "A" simvolu burada yalnız bir hərfi və yaxud sadəcə Almazı deyil, həm də dəyişiklik və inkişafın başlanğıcını ifadə edir. Bu, "Vətəndaş A"nın cəmiyyətdəki yeknəsəklik və əzəli ədalətsizliklə mübarizəsinin başlanğıcıdır.

Filmin fəlsəfi sanbalını artıran digər bir məqam isə Almazın qadın hüquqları sahəsində, həmçinin cəmiyyətin üst strukturlarında olan yanlış və özbaşına münasibətləri sarsıtmasıdır. Almazın vəzifəsi yalnız dərs vermək deyil, həm də sosial dəyişiklik yaratmaqdır. O, cəmiyyətdəki qeyri-bərabərlikləri, patriarxal düşüncəni və müasir dünyada qadınların yerini sorğulayan bir ictimai fiqurdur.

Teleserialın fəlsəfi və psixoloji səviyyəsi "Vətəndaş A"nın yalnız bir dram və ya sosial mübarizə süjeti olmadığını göstərir. Əslində bu əsər dəyişiklik və yenilik arzusunun, həm sosial, həm də fərdi olaraq, nə qədər mürəkkəb və çətin olduğunu vurğulayır. Almaz bir tərəfdən cəmiyyətin yeniliyə qapalı strukturlarını hədəfə alır, digər tərəfdən isə mübariz ruhun möhtəşəmliyini təmsil edir. "Vətəndaş A" bu mənada həm cəmiyyətin, həm də fərdin dönüşümündə baş verən fərqli mərhələləri anlatmağa çalışır. Filmin önəmli mesajları var: təhsilin, kimlik və şəxsi hüquqlarını tanımanın həyati əhəmiyyətini birdaha xatırlatmaq... Bu teleserial bir cəmiyyətin özünü dərk etməsi, dəyişməsi və gələcəkdə daha yaxşı bir düzən qurması üçün atılacaq vacib addımları izah edir.

Almazın mübarizəsi həm daxili, həm də xarici təzyiqlərlə formalaşır. Kəndin daha konservativ mühiti ilə qarşılaşan Almaz, bəzən şəxsi əzablar yaşasa da, mövqeyindən geri çəkilmir. Onun əxlaqi və psixoloji mübarizəsi yalnız öz vicdanı ilə deyil, həm də qadınların hüquqları və bərabərliyi uğrunda davam edir. Bu mübarizə Almazın dərin əxlaqi qərarlarını və hərəkətlərini müəyyənləşdirir. Almaz serialda təhsilin və maarifçiliyin simvoludur, qadınların təhsil almaları, hüquqlarını müdafiə etmələri üçün sarsılmaz mübarizə aparır. Bu mövzu, serialın əsas sosial xəttini təşkil edir və təhsilin, bərabərliyin, azadlığın vacibliyini vurğulayır. Almazın məktəbdə verdiyi təhsil yalnız akademik bilikləri deyil, həm də cəmiyyətin düşüncə və davranışını dəyişdirmə gücünü nümayiş etdirir. Almazın gətirdiyi yeniliklər cəmiyyətdə təhsilə yeni bir yanaşma formalaşdırmaq istəyini göstərir.

Teleserialda kənddəki qanunsuzluqlar, özbaşınalıqlar və cəmiyyətdəki qeyri-bərabərliklər əks olunur. Almaz bu qanunsuzluqlara qarşı mübarizə apardıqca qarşısına çıxan çoxsaylı maneələr onun mübarizəsini çətinləşdirsə də, gec-tez haqqın qələbəsinə olan inamı ön plana çıxır. Bu xətt sosial ədalətə, qanunun aliliyinə və estafetin layiqli əllərə tapşırıldığına dair güclü, simvolik mesajlar verir. Xüsusilə də teleserialın finalında...

Ekran işində kəndin dini və sosial liderlərindən biri olaraq təmsil olunan Hacı Əhməd (Qurban İsmayılov) oradakı ənənəvi "nizam"ın önəmli bir nümayəndəsidir. O, zahirən həm dini inanclara, həm də kəndin ənənəvi strukturuna bağlı olaraq guya cəmiyyətin mühafizəkar dəyərlərini, əslində isə öz şəxsi mənafeyini qorumağa yönəlib. Hacı Əhməd Almazın gətirdiyi yenilikləri təhdid kimi görür və bu yeniliklərə qarşı çıxır. Bu qarşıdurma serialın əsas konfliktlərindən biridir və cəmiyyətdə ənənəvi və müasir düşüncə arasındakı mübarizəni təmsil edir. Hacı Əhmədin psixoloji və sosial dilemması onun öz mövqeyini qorumaqla yanaşı, dəyişikliklərə qarşı olan qorxusunu da əks etdirir.

"Vətəndaş A"da gənc nəslin gələcəyi və onların yeni ideyalarla dəyişməsi də mühüm bir yer tutur. Almazın məktəbdə təhsil verdiyi gənclər onun təqdim etdiyi yeniliklərə maraq göstərir və dəyişikliklərə açıqdırlar. Bu, yeniliklərin və novator yanaşmanın gələcək nəsillərin dünyagörüşü, həyat tərzi və cəmiyyətin inkişafı üzərindəki müsbət təsirini göstərir və tamaçaşıda hər şeyi yaxşılığa doğru dəyişməsinə ümid yaradır...

Ümumiyyətlə, ekran işinin uğurunun bütövlükdə aktyor - rejissor və texniki heyətin fədakarcasına zəhməti nəticəsində əldə edildiyini də vurğulamalıyıq. Təbii ki, təfərrüatlara varsaq, hər bir görülən işdə olduğu kimi bu da müəyyən çatışmazlıqlar və qüsurlardan xali deyil, amma belə detallar bütünlükdə "Vətəndaş A"nın nailiyyətinə kölgə sala bilmir.

İctimai Televiziya "Vətəndaş A" teleserialında öz əksini tapan cəsur və təhlilyönümlü yanaşmaları, mövcud problemləri nümayiş etdirməklə izləyiciləri düşünməyə və onları yuxarıda sadalanan mövzulara yeni münasibət formalaşdırmağa təşviq edir. Bu teleserial adıçəkilən telekanalda yayımlanan keyfiyyətli və sosial mövzulara yönələn işlərin mükəmməl bir nümunəsi kimi yaddaşlarda qalmaqla, bizi bu cür layihələrin ekran nümayişinin davamının gələcəyinədə inandırır...

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet .- 2024.- 13 dekabr(№229).-S.8.