"Heydər Əliyevin Böyük Siyasət Yolu" monoqrafiyasının təqdimatı olub

 

Mərkəzi Elmi Kitabxanada AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyevanın "Heydər Əliyevin Böyük Siyasət Yolu" fundamental monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bu günlərdə ölkəmizdə və xaricdə Azərbaycan xalqının Ümummilli lideri, dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə anım tədbirlərinin keçirildiyini bildirib. Qeyd edib ki, AMEA-da da türkiyəli alim-jurnalist Aysel Sadak İltaşın "İnsan ürəyi ilə Heydər Baba" kitabının geniş təqdimatı ilə Ulu öndər Heydər Əliyevə həsr olunmuş anım tədbirlərinə başlanıldığını söyləyib.

AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi müəssisələrində Ulu öndərin zəngin dövlətçilik fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin tədqiqata cəlb olunduğunu deyən akademik İsa Həbibbəyli "Heydər Əliyev İli"ndə Akademiyada Ümummilli lider haqqında 52 fundamental əsərin işıq üzü gördüyünü, yazılmış kitablarda və məqalələrdə dahi liderin çoxcəhətli siyasi fəaliyyətinin və dövlətçilik sahəsindəki misilsiz xidmətlərinin müxtəlif sahələrinin bütün reallıqları və mühüm nəticələri ilə bir yerdə araşdırılaraq geniş ictimaiyyətə təqdim olunduğunu söyləyib.

Təqdimatı keçirilən Xatirə Quliyevanın "Heydər Əliyevin Böyük Siyasət Yolu" fundamental monoqrafiyasına toxunan akademik İsa Həbibbəyli Ümummilli liderin çoxcəhətli fəaliyyəti və siyasi baxışlarının monoqrafiyada hərtərəfli şəkildə müstəqil dövlətçilik təlimi kontekstində tədqiq olunduğunu deyib. Bildirib ki, Xatirə Quliyevanın yeni əsəri onun bu istiqamətdəki əvvəlki kitablarının, o cümlədən, ölkədə və xaricdə çap olunmuş çoxsaylı məqalələrinin ideyaca davamı kimi təqdirəlayiqdir və Heydər Əliyevşünaslığımızı daha bir fundamental monoqrafiyası ilə genişləndirmişdir. AMEA rəhbəri nəşrin Ulu öndərin irsini araşdıranlar üçün qiymətli əsər olduğunu söyləyib və yeni nəslin Azərbaycançılıq ideologiyası işığında yetişməsinə öz töhfəsini verəcəyini bildirib.

Təqdimat mərasimində, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli, həmin institutun şöbə müdirləri professorlar Rəna Mirzəzadə, Azər Mustafayev, baş elmi işçi, f.e.d. Ziba Ağayeva, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Heydərşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı və başqaları çıxış edərək dosent Xatirə Quliyevanın "Heydər Əliyevin Böyük Siyasət Yolu" fundamental monoqrafiyasının çoxillik gərgin əməyinin nəticəsi olduğunu söyləyiblər.

Sonda çıxış edən nəşrin müəllifi, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyeva "Heydər Əliyevin Böyük Siyasət Yolu" fundamental monoqrafiyasının ərsəyə gəlməsi prosesindən danışıb. Görkəmli dövlət xadiminin həyat və yaradıcılığının tədqiqinin elmi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyini deyən müəllif kitabın hazırlanması, çapı və təqdimatına verdiyi dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

 

525-ci qəzet .- 2024.- 13 dekabr(№229).-S.9.