Kim kimin payıdır?!
Esse
"Evlilik hekayəsi" ("Marriage Story") filmi
boşanma mərhələsində olan iki yetkin insanın əhvalatıdır.
2019-cu ilin ən yaxşı ekran işlərindən biri olan
filmin adı, anonsu romantik ab-hava yaratsa da, alt qatında kifayət
qədər ciddi sosial problemlərin fəlsəfəsi var. Mən
də bu filmi Con Lakın (1632-1704) mülkiyyət fəlsəfəsi
anlayışına əsaslanaraq təhlil etmək qərarına
gəldim, çünki film boyunca uşaqlarına görə
mülk mübarizəsinə girişən iki valideynin
bir-birinə təzyiqi, uşaqlarına bir mülk kimi
baxmaları insan və nəsnə arasındakı sərhədin
artıq yox olduğuna nişan verir.
Lakın mülkiyyət anlayışı belədir:
"Yerüzü və bütün ilahi varlıqlar insana
verilmişdir, amma hər bir insan da öz şəxsiyyətinə
sahibdir. Başqa heç kimin bu şəxsiyyət üzərində
hüququ yoxdur. Vücudunun əməyini, əl işini,
ağlını, duyğularını, xülasə,
insanın özünü ona aid hesab edə bilərik. Buna
görə də təbiətin verdiyi şəkildə
insanın əldə etdiyi hər şey, əməyini
qatdığı, qarışdırdığı şeylər
ona məxsusdur və buna görə də öz
mülküdür". Burada Lak mülkiyyəti iki əsas
kateqoriyada: özümüzə aid olan və əməyimizi
qataraq əldə etdiyimiz şeylər olaraq ayırır.
İnsanın yalnız bədənini deyil, həm də zehin
və düşüncələrini də mülkiyyətinə
daxil edir. Bu səbəbdən də, fikrini ifadə edən və
ya bəyənmədiyi bir görüşü tənqid edən
şəxs də bir növ mülkiyyət sahibi olur. Digər
tərəfdən, Lak bir işə əməyini qatmaqla
mülkiyyət əldə etmə prosesini də dəstəklədiyini
bildirir. Bu, "ortaq mülkiyyət" və "xüsusi
mülkiyyət" anlayışlarını gündəmə
gətirir. Bir şey hamıya verilmişdirsə,
ortaqdırsa, onun mülkiyyəti necə olacaq sualı ortaya
çıxır. Lak bu suala belə cavab verir: "Biz sözlə
təsbit edilmiş bir mülkü bölüşərək
bir hissəsini əldə etməyi və beləliklə,
ümumi vəziyyətdən xüsusi mülkiyyətə
keçməni mülkiyyətin başlanğıcı olaraq
görürük. Bu olmadan ümumi mülk heç bir işə
yaramaz".
Filmdən seçdiyim bir səhnə ilə izah edim.
Çarli (ata) və Nikol (ana) arasındakı məhkəmə
səhnəsində iki insan uşaqları üzərində
mülkiyyət iddia etmək məqsədilə mübarizə
aparır, yəni Con Lakın istəmədiyi bir şeyi edirlər
və mülkiyyət uğrunda mübarizəyə girirlər.
Uşağın tam hüquqlarını əldə etmək,
yəni uşağın mülkiyyətini qazanmaq istəyən
valideynlər bir-birinə zərbə vurmaqdan çəkinmirlər.
Bu o qədər irəliləyib ki, hər ikisi bir-birinin
mülkiyyətində olan şeylərə sahiblənmək
istəyirlər və bir-birinin mülkündə olan işə
öz əməyini qatdıqlarını deyirlər. Yəni
"xüsusi mülkiyyət" və "ortaq mülkiyyət"
anlayışları arasında da "dava
düşür". Bu vəziyyətin ən yaxşı
nümunəsini Çarlinin vəkilinin Nikola Los Ancelesdəki
serial təklifinin, əslində, Çarlinin sayəsində
edildiyini bildirdiyi zaman görürük. Onlara görə,
Nikolun gəncliyindəki "uyğunsuz" rolları diqqətə
alınanda, ona belə yüksək səviyyəli bir serial təklifi
gəlməsi mümkünsüzdür. Nikolun bu təklifi
Çarlinin rəhbərliyi altında qəbul etməsi isə
birbaşa onun əməyinin nəticəsidir. Buna görə
də Çarli serial təklifindən gələn gəlirdən
bir hissəsini özü üçün tələb edir.
Halbuki Laka görə bu hal qəbuledilməzdir, çünki
o, hər kəsin mülkiyyət əldə etmə hüququ
olduğunu qeyd etsə də, hər kəs yalnız öz əməyini
qatdığı şeylər üzərində mülkiyyət
iddia edə bilər. Bu vəziyyət yalnız o zaman dəyişər
ki, mülk sahibi lazım olan qayğını və əməyini
mülkünə qatmasın. Lakin burada Nikolun işində
Çarlinin iddia etdiyi kimi bir payı yoxdur. Çarlinin
heç bir əməyini sərf etmədiyi bir vəziyyətdə
Nikolun mülkü üzərində pay iddiası Lakın
prinsipinə ziddir və belə bir mübarizə Lak tərəfindən
əxlaqsız sayılacaqdır. Lakın dediyi kimi:
"...Tanrı dünyanı çalışqan və
rasional olanlar üçün yaratdı, mübahisə edənlər
və acgözlülər üçün deyil. Hər bir
insan öz həyatını inkişaf etdirmək
üçün kifayət qədər ağıla və
gücə sahib olmalıdır və başqasının əməyi
ilə inkişaf etdirdiyi şeylərə müdaxilə etməməlidir,
əgər müdaxilə edərsə, bu, açıq şəkildə
başqasının əməyindən faydalanmağa
çalışmaqdır..."
Başqa bir səhnədən Henri (uşaq) xarakterini
seçmək istəyirəm, çünki uşağın
bu mülkiyyət mübarizəsində "istənilən
bir obyekt" halına gəlməsi filmin əsas mövzusunu
təşkil edir. Evin və ya əşyaların yerinə,
valideynlərinin onun üzərində mülkiyyət
hüququ iddia etmələri və onu bu müddət ərzində
bir tərəfdən digər tərəfə sürüklənən
bir əmlak kimi görmələri mənim nəzərimdə
Lakın mülkiyyət və əxlaq nəzəriyyəsi ilə
əlaqəlidir. Lak: "Valideynlər uşaqları
dünyaya gətirdikdən bir müddət sonra onlar üzərində
müəyyən bir idarəetmə və hakimiyyət
hüququna sahibdirlər, amma bu, müvəqqətidir. Bu
bağlılıq, körpələrə sarılan və
onların zəif bədənlərini dəstəkləmək
üçün onlara geyindirilən paltarlar kimidir.
Böyüdükcə yaş və ağıl bu
bağları zəiflədir və öz ayaqları üzərində
dayanan bir insan ortaya çıxar".
Lak uşaqla bağlı iki tərəfli bir
mülkiyyət münasibətinin mövcud olduğunu,
uşağın dünyaya gəldiyi vaxt boş bir lövhə
olduğunu başa salmağa çalışır. Valideynlər
bu boş lövhə halında olan uşağı öz dəyərləri
ilə formalaşdıraraq onu öz əməyinin nəticəsi
olaraq öz mülkiyyətlərinə çevirirlər. Bu
düşüncə Lakın özümüzə aid olan
mülkiyyətlə əlaqəli dedikləri ilə əksinə
görünsə də, əslində, məqsəd fərqlidir.
Henri hələ ayırdetmə qabiliyyəti
qazanmadığı üçün boşanma prosesindən
təsirlənir, hərdən-hərdən daha çox
"ana"ya yaxın olur və atası ilə tərəddüdlü
münasibətlər sərgiləyir. Lak bu cür
qarışıqlıqların qarşısını almaq məqsədilə
uşağın müəyyən bir yaşa çatması
və ağıl sahibi olana qədər başqaları tərəfindən
rəhbərlik edilməsini düzgün hesab edir və bu
sözlərlə də bunu izah edir. Amma o, həmişə
insanın bədəni və fikirlərinin öz mülkiyyətinə
aid olduğunu müdafiə edir.
"Evlilik hekayəsi" filmi və Con Lakın fəlsəfəsi
arasında oxşarlıqlar əsasən şəxsi
azadlıq, seçim hüququ, ədalət və sosial
müqavilə məsələlərində ortaya
çıxır. Hər iki sahə insanın hüquqları
və azadlıqları üzərində dayanır, lakin film
daha çox emosional və şəxsi münasibətləri əks
etdirərkən, Lakın fəlsəfəsi daha çox
hüquqi və sosial çərçivədə insanın
davranışlarını nəzərdən keçirir. Yəni
hər ikisi fərdi azadlığın və hüquqların
qorunmasının vacibliyini önə çıxarır, amma
fərqli kontekstlərdə. Və təəssüf ki, hər
iki tərəfdəki bütün kontekstlər
günümüzün reallıqlarını hələ də
əks etdirməkdədir.
Rəvan CAVİD
525-ci qəzet.- 2024.- 14 dekabr(№230).-S.21.