Vətəndaş A, yoxsa Komsomol
Almaz?
"Almaz" pyesini Cəfər Cabbarlı ötən
əsrin 30-cu illərində, daha dəqiqi 1931-ci ildə
yazmışdı və pyes əsasında film də çəkməliydi.
Lakin dramaturqun qəfil vəfatından sonra filmin rejissor
işi Ağarza Quliyevlə Qriqori Braginskiyə
tapşırılır. Ssenarinin gərgin keçən
müzakirəsində kinostudiyanın əməkdaşı
Dubrovskinin əsas tapşırıqlarından biri bu olur: "Almaz sovet həqiqətlərinin
müsbət başlanğıcının
daşıyıcısıdır. Əgər o, bütün
film boyu həyatsevərliyini qoruyub saxlaya bilsə - bu, ətək
geyinmiş "Çapayev"dir. Ssenari bütünlüklə
Almazın mənfi qüvvələrə qarşı
mübarizəsi üzərində qurulmuşdur".
Beləliklə, sovet hakimiyyətinin sifarişi ilə
meydana çıxan "Almaz"ın qadın qəhrəmanı
yeni quruluşun, sosializm ideyalarının simvollarından biri
olmalı, güclü şəxsiyyəti, mətin mübarizəsi
ilə kütlələrə təsir göstərməliydi.
Təsadüfi deyil ki, bədii mətndən fərqli olaraq,
eyniadlı ekran əsərində (1936) Almaz daha qətiyyətli,
cəsarətli xarakter kimi kinoya gətirilir. Və sovet
dövrü Almazının portreti plakatçı intonasiyada
həll edilərək, yenilikçi, azad sovet
qadınının ümumiləşdirilmiş obrazı kimi
təqdim olunur. Hətta film ümumilikdə, bir sıra
xüsusiyyətlərinə görə, tamamən ideoloji təbliğat
təsiri bağışlamasa belə...
Qəribədir ki, 21-ci əsrdə çəkilmiş
"Vətəndaş A" bədii serialında da (ssenarist
Asiman Ağa Rövşən) Almaz obrazı niyəsə
sosrealizm metodundan, plakatçılıq pafosundan təmizlənmir.
Bir halda ki pyes (1931) müasir dövrümüzə
uyğunlaşdırılıb, fərqli obraz və vəziyyətlər
təklif edilib, onda Almaz obrazına da ciddi əl gəzdirilməliydi.
Bunun üçün məsələn, ucqar kəndlərimizdə
işləyən gənc müəllimlərin təcrübəsi,
düşdükləri mühit dərindən
araşdırılmalı (heç olmasa bir neçə kəndə
gedilməli!), ümumi, ortaq xarakterik cizgilər əsas qəhrəmanda
və mühitin təsvirində əksini tapmalıydı.
Asiman Ağa Rövşən müəyyən
araşdırmalar apardığını, ssenarinin Təhsil
Nazirliyinin məmurları tərəfindən oxunduğunu və
onların təkliflərini nəzərə almağa
çalışdıqlarını desə də,
bütün hallarda materialda naşılıqlar
çoxdur.
Ümumilikdə, rejissorun (Elvin Rütəmzadə) əksərən
maraqlı yanaşması, operatorun (Vasif Vəlizadə)
uyğun nəzər nöqtəsi, rəssamın (Vüqar
Qurbanov) dəqiq baxışı "Vətəndaş
A"nın müsbət keyfiyyətlərdəndir. Eyni
şeyi əminliklə, ssenari haqda deməyə çətinlik
çəkirəm. Hərçənd, ssenaridə
ayrı-ayrılıqda uğurlu gedişləri də istisna
etmirəm.
Almazın (Günəş Tegin) monoloq və
replikalarında maarifçilik diskursunun ultimativ və
deklamasiyaçı tonu önə çıxır.
Obrazın tamaşaçını tərbiyələndirmək,
maarifləndirmək məqsədi, niyyətin
birbaşalığı
sosrealizm estetikasındadır və vəziyyətlərin bədiiliyinə
xələl gətirir. Məsələnin təfərrüatlarına
irəlidə qayıdacağam...
...Filmin kənd avtobusunda kənd qadınlarının
söhbəti zamanı həmcinslərinin ailələrində
üzləşdikləri fiziki və emosional təzyiqə,
hüquqi pozuntulara haqq verməsi (təbii ki, onlara görə,
bu, normal həyat hadisələridir və hansısa pozuntudan
söhbət gedə bilməz) ilə başlayan ilk
bölümündə Abdalbəyli dünyadan izolyasiya
olunmuş, nəinki sərt patriarxal qaydalarla, hətta bəzi
məqamlarda ibtidai icma mühitinin əlamətlərini
daşıyan məkan kimi xarakterizə edilir. Bu, hardasa 10-11-ci
bölümədək davam edir və son dərəcə
tutqun, soyuq rənglər, natura səhnələrindəki
cansızlıq, qorxu-hürkü, miskinlik kəndin
obrazını aşırı qaramatlaşdırır. Belə
bir seçim hekayənin ovqatına, məzmun-ideyasına
adekvatdır.
Əgər "Vətəndaş A" geniş
kütləyə xitab edirsə, üstəlik, İctimai
kanalda göstərilirsə,
ictimai-sosial problemlər (xüsusən, qızların təhsildən
yayındırılmasını, erkən nikahların və kəndlərdə
müəllimlərə qarşı emosional
zorakılığı nəzərdə tuturam) kəskin
qoyulursa, deməli, hekayə lokal məkanı və problemi əhatə
eləmir (və eləməməlidir). Çünki bir
serialda xüsusi qabardılan ictimai, sosial problemlərin
mühitimiz üçün aktuallığı və əhatə
dairəsi nəzərə alınmalıdır. Daha sadə
deyim: yəni serial bütün cəmiyyətin
güzgüsü olmağa iddialıdırsa, onda orda baş
verənlər ya bütün, ya əksər ərazilərdə
yayılmış problem olmalıdır.
Ona görə təbii olaraq, suallar doğur: ölkəmizdə
valideynlərin neçə faizi qızlarının təhsil
almasının əleyhinədir?
Ölkə üzrə, son 5 ildə erkən
nikahların sayı nə qədər olub?
Əyalətlərdə, ucqar kəndlərdə Almaz
kimi neçə müəllim emosional zorakılığa məruz
qalıb və bu, hansı regionları əhatə edir?
İnternet resurslarında kiçik araşdırma
etdim. Ölkədə qızların neçə faizinin təhsildən
yayındırılması ilə bağlı dəqiq
statistikayla rastlaşmadım. Amma Dövlət Statistika Komitəsinin
18 yaşadək qadınların nikahlarına dair cədvəlinə
nəzər salaq. Son 20 ildə erkən nikaların sayı ən
çox 2011-ci ildə qeydə alınıb - 5,8 faiz. 2012-ci
ildən başlayaraq faizlər 0,4-0,6
arası dəyişir. Yəni ölkə üzrə
erkən nikaların sayı (bu, həm də müəyyən
mənada qızların təhsildən
yayındırılması deməkdir) aşağıdır.
Təbii ki, qızların təhsildən
yayındırılması, onların hamısının ailə
qurması anlamına gəlmir.
Burada sosial, infrastruktur problemləri də rol oynayır
ki, məsələ ilə bağlı dəqiq statistik nəticələr
əldə etmək artıq əlaqədar qurumların üzərinə
düşür.
Sadalanan (kəndlərdə, əyalətlərdə
müəllmlərə qarşı emosional təzyiq
faktına isə rastlamadım) problemlər var, amma ona
şişirdilmiş (sanki ölkədə erkən nikah,
qızların təhsildən yayınması üç əsas
problemdən biridir), Molla Nəsrəddin sayağı
sakastik-satirik, kəskin dramatizmlə yanaşma hansı əsaslardan
doğur?
Həmçinin, kənd adamlarının
nadürüst, mədəniyyətsiz, ən adi etik
qaydaları bilməyən insanlar kimi göstərilməsi
mübaliğəli yanaşmadır. Kəndin mənfi
obrazı kitabxanaçı Təvəkküllə (Rasəf
Mehdiyev) daha da gücləndirilir. Çünki məktəbdə
Almazdan başqa, sekulyar, normal adam kimi göstərilən Təvəkkül
məhz başqa kənddəndir. Almazın evinə
sığınan, ailələrinin onların əvəzində
qərar verməsinə qarşı çıxan iki gənc
(Elsevər Rəhimov və Zəhra Əlisoy) belə tərbiyəsiz
və sırtıq davranırlar, onlar da daxil, əksəri
Almaza "sən" deyə müraciət edəndə,
müəllimin ləyaqətinə toxunmur, amma niyəsə həmkarı,
biologiya müəlliminin (Xalidə Əliməmmədova)
"sən" deməsindən qeyzlənir. İqbal (Əlibəy
Məmmədli) obrazının
kitabxanada kitablara az qala Tarzansayaq ilk dəfə
görürmüş kimi heyrətlə baxması nəyin
ifadəsidir? Kəndin nadanlığının qrotesk fəndlə
ümumiləşdirilməsi?
Bütün hallarda qroteski, ssenaridə hətta bu yoxdursa
belə, rejissor öz həllində əsaslandırmalıydı.
Ən azı, onun yaşadığı mühit, şərtlər
əksini inkar edir...
Serial əlbəttə ki, bədii faktdır. Məsələ,
reallığın ekrana köçürülməsindən
və ya onun olduğundan daha mübaliğəli göstərilməsindən
getmir. Məsələ, müəlliflərin reallığa,
hadisələrə münasibətində - bədii
traktovkayla (və ya bədii həqiqətlə) yox,
illüstrativ yanaşmasındadır. "Vətəndaş A"nın
müəllifləri qaldırdıqları problemlərdə
görünməyənləri göstərməyiblər,
mahiyyətə dərin toxunuşlar etməyiblər, konflikt
sosrealizm estetikasına xas ağ və qara rənglər
(mövqelər) üzərində qurulub. Bu isə
obrazların əksəriyyətini ziddiyyətli, mürəkkəb
xarakterdən, dərinlikdən, həyatilikdən məhrum
edir. Məsələn, mənfi obraz Vidadi (Niyaz
İlyasoğlu) əslində faciəvi fiqurdur, mühitin
qurbanıdır. O, qəddardır, pis mənada mühafizəkar
olmasına rəğmən, əri tərəfindən tərk
edilmiş Cəmiləyə (Ruhiyyə Yusifova) evlilik təklif
edib. Təklifi cavabsız qalıb və Cəmilə
başqasıyla ailə qurub. Vidadi onun maddi çətinliklərini
bilir, bir epizodda ona yardım göstərir, sonra isə
yardımını geri alaraq, qadını təhqir edir. Vidadi
sevgisizlikdən əziyyət çəkir. Əslində, kənddə
qəddar, nadan kimi göstərilən hamı sevgidən necəsə
məhrum olub, ona görə biri digərini
aşağılayır və problemlərin kökü kimi, məsələn,
sevgisizlik xəttini əsas motivə çevirmək
mümkün idi. Vidadini sonadək murdar, mənfi göstərməyə
qərarlı olan müəlliflər onun işıqlı ola
biləcək tərəfini də ləkələyirlər.
Bununla da Vidadi obrazı ziddiyyətdən məhrum edilərək,
bəsitləşdirilir.
İqbalın, Vidadidən fərqli olaraq, ilk
bölümlərdə nisbətən üzüyola,
yumşaq davranmasına dair eyhamlar onun dəyişəcəyini
gözlənilən edir. Onun dəyişmə prosesində mənəvi
çətinliyi nisbətən işlənilib. Hərçənd,
ssenaristin problemlərindən biri, gözlənilənləri
gözlənilməz etməməsi, klişelərlə
işləməsidir: Hacı Əhməd (Qurban
İsmayılov), arvadı, atası tərəfindən təzyiqlərə
məruz qalan Ülvinin (Anar Şəfiyev) susması və əsəb partlayışının Fəttahın
(Şövqü Hüseynov) qətliylə bitməsi, kənd
camaatının (qızının başqasının gəlini
ola-ola, digər kişiylə qaçması səbəbindən)
onun dükanından mal almaması, son bölümlərdə
düyünlərin toplu halında, tələsik
çözülməsi və sosrealizm pafosunda işlənmiş
final. Təbii ki, final səhnələrində qaramat kəndin
rəngi-ruhu açılır, suyu sovrulmuş dəyirmana
oxşayan məktəb işıqlanır və s.
Amma məsələn, şair Dünyamalı (Rauf Şahsuvarov) obrazı daha
gözlənilməzdir, ilk səhnələrdə onun
haqqında seksual manyak təsəvvürü formalaşır
və hadisədən hadisəyə xarakteri, mahiyyəti fərqli
yöndə açılır. Bundan başqa, şagirdlərin
bir qisminin şəxsi hekayəsinin işlənməsi
ssenarinin müsbət cəhətlərindəndir.
Nisbətən mürəkkəb, ziddiyyətli obraz
antaqonist Hacı Əhməd ola bilərdi. Bir çox
epizodlarda müqayisədə Hacı Əhməd Almazdan təbiidir,
həyatidir, hərçənd, onun kabus-yuxusu oyun və
kompozisiya etibarilə bir qədər teatral təsir (daha
kinematoqrafik ola bilərdi) bağışlayır. Hacı
Əhmədin daxili konflikti
Tanrıyla söhbəti epizodlarında yer alır.
Sözügedən səhnələr, Hacı Əhmədin
daxili dünyasını göstərməkdən,
vicdanıyla haqq-hesab çürütməkdən çox,
tamaşaçıya onun bioqrafiyası haqda məlumata
hesablanmış müəllif şərhi, remarkası kimi
görünürdü. Sovet hakimiyyəti qurulanda Hacı
Əhmədin nəslinin mülkiyyət hüquqları
tapdalanıb. Stalinin ölümündən sonra
varlıların, ruhanilərin, bəylərin övladları
kimi Hacı Əhməd də bəraət alır və buna
görə o özünü Tanrı tərəfindən
seçilmiş bəndə kimi qəbul edir. Hər halda
Hacı Əhməd filmin müəllifləri tərəfindən
belə qələmə verilir ki, zənnimcə, bu da olduqca bəsit
səbəb-əsasdır. Qeyd etdiyimiz kimi, mülayimləşmə
dövründə bəraət kollektiv şəkildə olub,
yalnız Hacı Əhmədə bəraət verilməyib
ki, buna görə o özünü seçilmiş kimi hiss
etsin. Onun özünü xüsusi hesab etməsindən
ötrü nəsə daha maraqlı, orijinal bir şey
düşünülə bilərdi. Hər halda Hacı
Əhmədin Tanrıyla dialoqlarının məzmununda maraqlı,
kontrastlı mətləblərin olmamasını müəlliflərin
həyat təcrübəsinin azlığına
bağlayıram.
Ssenaridə digər bir problem bütün
informasiyanın əvvəldən verilməsi və bununla da dərhal
tamaşaçıda kəndin necəliyi haqqında təsəvvür
formalaşdırmaq cəhdidir. Kənd avtobusunda sakinlərinin
söhbəti artıq Almazın mübarizəsinin motivini
açıqlayır - məcazi işarələr (Almazın yıxılması,
avtobusun xarab olması, maşının üzərinə
sürətlə şütüməsi) buna xidmət edir.
Halbuki kəndin obrazı tədricən
açılmalıydı. Əksər hallarda hansısa
problemi qabartmaq məqsədilə sosial mesajlar bədii fəndlərsiz,
birbaşa verildiyindən, situasiyalara zorən pərçimlənmiş
kimi görünür. Ən pisi odur ki, mesajların bir qisminin
ictimai əhəmiyyəti yoxdur; məsələn,
kitabxanaçı Təvəkkülün tərəqqi anlayışı
kənd əhlinin şortik geyinən adamı qəbul etməməsi
ilə ölçülməsi, Almazın isə bunu cəmiyyətimizdə
az qala qlobal problem kimi qəbul etməsi kimi. Almaz deyir:
"Şortik problemi Baklda da tam
həll olunmayıb. Məsələ qapalı cəmiyyətdədir.
Məsələn bu kənd. Öyrəşilmiş həyat
standarları var"... və s.
Yaxud heç bir dramaturji zərurət olmadan
Almazın biologiya müəlliminə "cinsəllik
mövzusunu uşaqlara keçmisiniz" sualı o vəziyyətə
son dərəcə pinti tikilmiş, parçası, rəngləri
uyğun gəlməyən yamaqdır.
Təəssüflənirəm ki, azadlıq haqda təsəvvürlərimiz
hələ də kəndlərdə şortikə neqativ
reaksiya, cinsəllik məsələlərini publik müzakirə
etməklə məhdudlaşır. Azad düşüncə
şortiklə ölçülürsə, onda bu məntiqlə
Almaz məktəbə dekoltedə gələ, yaxud da
hansısa ciddi siyasi verilişdə kişi aparıcı efirə
şortiklə çıxa bilərdi. Hansısa əyalətdə
şortikdən narazılığın və ya ona
dözümsüzlüyün azad, tolernat düşüncə
kontekstində mühakiməsi primitivdir və
qarşısına ciddi məqsədlər qoyan serialda
müzakirə mövzusu olmamalıydı. Nəzərə
almaq lazımdır ki, kənd kiçik məkandır, bir
növ icmadır, onun yazılmamış etik qaydaları
mövcuddur. Yadıma düşmüşkən, aktrisa
Zendayanı Romadakı restoranların birinə, məhz
açıq-saçıq geyiminə görə
buraxmamışdılar.
Yaxud Almaz dərs vaxtı Fəqanın (Elşad Şirinov) dayısı
Hacı Əhmədə aqressiv eyhamlar etməklə,
şagirdinə münasibətdə müəllim
etikasını pozur, qeyri-peşəkar davranır. Bu, ona
görə baş verir ki,
ssenarist növbəti kadrda konfliktə şərait
yaratsın və Almaz məhz belə bir maarifçi monoloq
desin: "Bizim cəmiyyətdə qadınlar həyatdan təcrid
olunmuş şəkildə yaşayır, ona görə də
təcrübəsizdirlər, məlumatsızdırlar.
Kişilər ailənin iqtisadi yükünü çiyinlərinə
çəkir, çox işləyir, çox görür,
çox məlumatlanır. Nəticədə elə
çıxır ki, guya kişi qadından çox
ağıllıdır".
Və ya 16-17 yaşlı Daşqının (Nihad
Hacıyev) Hacı Əhmədin sexində işlədiyini
aşkara çıxarmaq məqsədilə, sinifə girən
kimi Almazın "Bakıda kim olub", ardınca "tarixi
yerlərdə olmusuz" sualı da süni
görünür. Sanki Bakı Tokiodur, bura əyalətdən
gəlmək çətindir və tarixi yerlər ancaq
paytaxtda mövcuddur. Təbii ki, dialoq zamanı
Daşqının işləməsi bərədə məlumat
alan Almaz istismar haqda növbəti tərbiyəvi-maarifçi
mühazirəsinə başlayır.
Serial oxşar, bədii yükü olmayan bu tipli
monoloqlarla doludur: biologiya müəlliməsinin dərsində
təkamül mübahisəsi, ateizm haqda söhbət,
Almazın çayxanada əxlaq anlayışını
xırdalaması və s.
Məhz "zorakı" maarifçiliklə yüklənməsi
səbəbindən Günəş Tegin sözügedən
epizodlarda orqanik ola bilmir, "komsomol"
tapşırığı almış sovet müəllimini
yada salır və sxematik təsir bağışlayır.
Almazın yenilikçi müəllim kimi novatorluğu da
yoxdur. Dərsini sovet müəllimləri kimi keçir,
yaradıcı, maraqlı mühit yaratmır və
missiyasının öhdəsindən gələ bilmir: dəcəl,
ipə-sapa yatmayan şagirdləri Qulu (Əşrəf Orucov)
və Fəqanı cəmiyyətə qazandıra bilmir. Finalda bu, aydın
görünür. Atası tərəfindən erkən ərə
veriləcək şagird Almazın sayəsində yox,
ağır xəstə olduğundan, qarşı tərəf
ondan imtina etdiyindən məktəbə qayıdır. Almaz kənd
adamlarının psixologiyasını, baxışını
da dəyişə bilmir. Onlara Gülzarın (Nigar Mürsəl)
təklif elədiyi əlverişli iş şərtləri sərf
eləyir. Məntiqlə Hacı Əhməd də uyğun
şərtlər təklif etsəydi, razılaşardılar.
Başqa bir məsələ, Almazın aqressivliyidir.
Digər müəllimlərə aqressiv davranışına
görə irad tutan Almaz, özü aqressiv davranır, məsələn,
Fəqana "sənə güclə dözürəm"
deyir. Mühit onu aqressiv edirsə belə, o, təmkini, sevgisi
ilə digər müəllimlərdən fərqlənməliydi.
Yeri gəlmişkən, elə bu mövzuda Loran Kanteni
"Sinif" bədii filmi əla nümunədir və
ssenarist, müəllim işləmiş Fransua Beqodonun real təcrübəsinə
əsaslanır.
Almaz obrazının kimliyinin sonrakı bölümlərdə
açılması ilə ssenaridə başqa ziddyyətlər
ortaya çıxır. Almaz qız qaçırmaq kimi orta əsr
adətlərinə qarşı olduğunu deyir, hətta belə
adətin hələ də mövcudluğuna təəccüblənir:
"Mən başqa mühitdə böyümüşəm". Təsəvvür yaranır ki,
Almaz hansısa Avropa ölkəsində,
yüksək təbəqəyə məxsus ailədə
böyüyüb. Halbuki o qardaşı ilə birgə
valideynləri tərəfindən tərk edilib və uşaq
evində çətin şərtlərdə
böyüyüb. Almazın rakursundan baxsaq, deməli, o da orta
əsrlər mühitində böyüyüb. Bəs niyə
Xoşqədəmin, Zaurun verilişindən xəbərdar
olan, gündəlik xəbərləri izləyən müəllim
özünü İslandiyadan gəlmiş kimi aparır?! Bu
kimi problemlər bir daha serial və filmlərimizdə redaktor məsələsinin
zərurətini ortaya qoyur.
"Vətəndaş A" həddən çox
sosial-ictimai problemlərlə yüklənir: təhsildəki
çatışmazlıqlar, bələdiyyə sədrinin
törətdiyi qanunsuzluqlar, sakinlərin hüquqlarının
pozulması, korrupsiya, varlı adamın manipulyasiyası, erkən
nikah, namus motivli qətl hadisəsi, qadın haqları,
uşaq haqları, nadanlıq... Və nəticədə sosial
mövzular istismar edilir (eyni problem digər serial və filmlərimizdə
də var). Ona görə "Vətəndaş A" janr
baxımından dramdan çox, sosial horrordur. Sosial horror
janrında çəkilən ekran işlərində sosial
basqılar psixoloji, fiziki təzyiq səviyyəsində təzahür
edir və sinfi, cinsi ayrı-seçkiliyə, ailədaxili gərgin
münasibətlərə vurğular olunur. "Vətəndaş
A"nın bir epizodunda kişinin namus üstündə kəndin
mərkəzində gənc bir oğlanı qətlə yetirməsi,
sakinlərin qətli adi hal kimi qarşılması və
azyaşlı uşaqların meyitə baxıb dəhşət
hissi keçirmək əvəzinə gülüb ləzzət
alması sosial horrorun norma olduğunu göstərir.
Ümumən isə, "Vətəndaş A" "Almaz" pyesinin, "Ïərdə"
filminin (rejissor Emil Quliyev) atmosferi, "Qəm pəncərəsi"nin
(rejissor Anar) hibrididir.
Yadımda qalan müsbət cəhətləri də
qeyd edim: Zaur Baxşəliyevin verilişində ailə
qalmaqalına baxan Cabbarın (Ötkəm İsgəndərov)
ölüm epizodu, geniş baxış bucağını təmin
edən, dərin dramatizmə hesablanmış paralel montajlar,
bir sıra səhnələrdəki təbii yumor qatı,
kriminal, detektiv janr xüsusiyyətlərinin savadlı işlənməsi,
aktyorların əksəriyyətindən alınan
yaxşı nəticə, situasiyanın psixoloji
ovqatının çatdırılmasında rol oynayan rakurslar
(məsələn, Almazın qızını erkən ərə
verən atayla söhbəti səhnəsi kimi), interyerlərin
xırda detallaradək işlənməsi, hadisəni, xarakterləri
tamamlayan məkan seçimi, operatorla rəssamın uğurlu əməkdaşlığı,
ssenaridə bir sıra xətlərin tamamlanması. Vüqar Məmmədzadənin
musiqisindəki durğunluq, ətalət qarışıq gərginlik
hissi hekayənin məğzinə adekvatdır. Bəzi
epizodları nəzərə almasaq, rejissor musiqiylə təmkinli
işləyib, təsvirləri musiqiyə qurban verməyib.
Günəş Tegin müəyyən epizodlarda ikinci
planıyla əla işləyir, amma təəssüf ki, digər
səhnələrdə komsomol pafosu oyununu, yuxarıda dediyim
kimi, sxematikləşdirir və təbiilikdən
uzaqlaşdırır.
Biologiya müəllimini oynayan Xalidə Əliməmmədova
obrazındakı karikatura xüsusiyyətlərini
ölçü hissini itirmədən, izafi şişirtmələr
etmədən bədən diliylə, replikalarıyla təbii,
orqanik çatdırır.
Məktəb direktoru rolunun ifaçısı
Şamil Süleymanlının obrazı tamamən mənfi
çalarlarla verilsə də,
aktyor peşəkarlığı, illərin təcrübəsi
sayəsində o, obrazını birqatlı göstərməməyə
çalışıb.
Həmçinin, Oktay Mehtiyevin, Zülfiyyə
Qurbanovanın, Əlibəy Məmmədlinin, Nəsibə
Eldarovanın, Toğrul İsabəylinin və digər
şagirdlərin ifası hekayəyə canlılıq
qatır.
"Vətəndaş A"
"SFN Film Ïroduction" şirkətinin məhsuludur.
Serialın ortaya çıxması, ictimai diqqəti çəlb
etməsi hər şeydən əvvəl baş prodüser
Sevinc Əliyevanın əməyinin, yaxşı təşkilatçılıq
bacarığının və zövqünün nəticəsidir.
Qeyd edim ki, Sevinc Əliyevanın bundan öncəki serial layihələri
də uğurlu alınmışdı.
Kinoyazar.az
Sevda SULTANOVA
525-ci qəzet.- 2024.- 14 dekabr(¹230).-S.16;17.