"Biz hər şeyin daha yaxşısına layiqik"

 

Aktrisa Zülfiyyə Qurbanova: "Layiq olduğum, haqqım olan adı da, mükafatı da 70 yaşımda, belim büküləndə yox, vaxtında - indi almaq istəyirəm"

 

Aktrisa Zülfiyyə Qurbanova 2007-ci ildən Xalq artisti Amaliya Ïənahovanın yaratmış olduğu Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərir. Teatrdə səhnələşdirilən bir çox tamaşalarda rol alan aktrisa "Dalan", "Həyat varsa", "Həyat sən nə qəribəsən", "Kəklikotu", "Mövsümün sonu", "Ata ocağı", "Zəhər tuluğu", "Əqrəb mövsümü", "Bu şəhərdə kimsə yoxdur", "Vətəndaş A" kimi serial və filmlərdə də əsas obrazları canlandırıb.

Zülfiyyə Qurbanova ilə söhbəti təqdim edirik.

- Zülfiyyə xanım, Kann film festivalında iştirak edən ilk azərbaycanlı aktrisasınız. Festivalda iştirak yadınızda necə qalıb?

- Hər bir aktyorun arzusudur ki, düyanın nüfuzlu festivallarında iştirak etsin. Eləcə də, mənim. Kann festivalında iştirak edəndə çox xoşbəxt idim. Artıq üstündən 10 il vaxt keçib. İndi də yadıma düşəndə o xoş duyğuları yenidən yaşayıram. Öz-özümə deyirəm ki, nə yaxşı həyatımda elə bir dönəm olub. Amma təbii ki, bəzi xoşbəxtliklər ilk zamankı kimi qalmır. Zaman keçdikcə həmin hisslər adiləşir, sadəcə yaddaşında gözəl bir xatirə kimi qalır.

- Rotterdam film festivalında da komandanızla iştirak edərək mükafat qazanmısınız, bununla yanaşı, bir sıra digər festivallarda da qatılmısınız. Sənətdə bu qədər fəal olan aktrisa bəs fəxri ad almaq barəsində nə düşünür?

- Bu barədə əlbəttə, düşünürəm. Düşünürəm ki, layiqəm, həm də zamanıdır. Hətta hesab edirəm ki, fəxri ad mənə çoxdan verilməli idi. İnşallah nəzərə alarlar. 2003-cü ildən incəsənət sahəsindəyəm. 2007-ci ildən teatrda fəaliyyət göstərirəm. Bakı Bələdiyyə Teatrının aktrisasıyam və teatrda fəaliyyət göstərdiyim dönəmdə bütün rollarım demək olar ki, əsas rollar olub. Bir-iki tamaşanı çıxmaq şərtilə bütün tamaşalarda yer almışam. Mən passiv aktrisa olmamışam, daim fəaliyyətdə olmuşam, bir-birindən fərqli, yaddaqalan rollarım olub. Həm tamaşaçılar, həm də kino və teatr tənqidçiləri, qısası, incəsənətdən anlayışı olan hər kəs çox yaxşı bilir ki, mən necə tamaşalarda rol almışam. Həmişə göz önündə olmuşam, seriallara, filmlərə çəkilmişəm. Mənim heç bir dövrüm passiv keçməyib. Bunu çox yaxşı bilirlər. Çox istəyərdim ki, dəyərləndirilən aktyorların içində mənim də adım olsun. İstər Ïrezident mükafatı siyahısında, istərsə də digər yerlərdə. Səmimi deyirəm, artıq nə istəyirəmsə, hamısını dilə gətirəcəyəm. Ömür çox qısadır və mən qısa olan bu ömrümdə istədiklərimi gizlədərək yaşamaq istəmirəm. Fəxri ada layiqəm və zamanı çoxdan çatıb. Layiq olduğum adı da, mükafatı da mənə indi versələr, çox yaxşı olar. O adı, mükafatı 70 yaşımda, belim büküləndə, mənə lazım olmayanda almaq istəmirəm. Haqqım olanı vaxtında - indi almaq istəyirəm.

- Aktyorun həm teatrda, həm də ekran qarşısında uğurlu olması üçün hansı əsas keyfiyyətlər lazımdır?

- Ïeşəkarlıq, istedad, yaradıcılığa sevgi ilə yanaşmaq, təcrübə və təbiilik. Amma ən başlıcası istedaddır. Teatrın da, kinonun da ağırlığı çoxdur. Teatrda tamaşa üçün 3-4 ay mütəmadi, qüsurlarını düzəldə-düzəldə, rolunu inkişaf etdirərək məşq edirsən və bundan sonra tamaşaçı qarşısında çıxırsan. Amma məsələnin bu tərəfi də var ki, teatr canlı sənətdir, tamaşa zamanı etdiyin səhvi səhnədə düzəltmək olmur. Kamera qarşısında isə səhvini düzəldə bilərsən, bir neçə dubl çəkilə bilər. Amma elə də olar ki, oynadığın rolda bildiyin gedişat özünü doğrultmaya bilər. Onda artıq çəkiliş bitir və sən bunun fərqinə sonradan varırsan. Hər iki halda səhv edirsən və bu, sənin yaradıcılığında qalır. Ona görə gərək həm teatrda, həm də kino və serialda sonradan peşman olacağın, utanacağın səhvləri etməyəsən. Əgər sən öz üzərində işləyirsənsə, ildən-ilə daha yaxşı iş ortaya qoyacaqsan.

- Film təklifi gələndə ssenarinin keyfiyyətini nə dərəcədə nəzərə alırsınız?

- Son zamanlar yeni layihələrdə birinci növbədə rejissora baxıram. Yaş artdıqca filmi kimin çəkdiyinə daha çox əhəmiyyət verirəm. Söhbət ad-sandan getmir, əsas məsələ rejissorun peşəkarlığıdır. Ola bilər ki, kamera arxasındakı heyət qeyri-peşəkar olsun - bu heyət peşəkar aktyorun işini qeyri-peşəkar şəkildə ortaya qoya bilər. Ona görə çalışıram ki, işlərimi seçəndə öncə heyətə, daha sonra rejissorun kim olduğuna, daha sonra isə ssenariyə baxım. Ssenarini oxuyanda öncə bütöv ssenarini nəzərdən keçirirəm, roluma baxıram, analiz edirəm və ona köklənirəm. Bu işdə rolumdan nə əldə edəcəyimə adaptasiya oluram. Söhbət maddiyyatdan getmir, yaradıcılıq baxımından nə əldə edəcəyimə, həmin rolun aktrisa kimi məni hansı ağırlıqlara salacağına daha çox diqqət edirəm. Aktrisa kimi çətinliyə düşmək mənim üçün çox önəmlidir. Asan rolu oynamağa nə var ki. Bəzən olur ki, oynadığın bir rol başqa rollarla oxşarlıq təşkil edir, bir növ digərinin surəti olur. Ona görə də çalışıram ki, rollarım bir-birindən tamamilə fərqlənsin. Hə, əziyyətə düşürəm, amma birmənalı olaraq çalışıram ki, yeni rolumun əvvəlki rolumla bağlılığı olmasın.

- Qırxa yaxın film, serial və tamaşada rol almısınız. Oynadığınız hansı obraza daha çox əmək sərf etmisiniz, daha çox can qoymusunuz?

- Hansı filmə çəkilirəmsə, o an elə bilirəm həmin obraza can qoyuram. Başqa çəkiliş olanda yenə eyni hissləri yaşayıram. Səmimi deyim, hamısına can qoymuşam. Hər obrazımı düşünəndə deyirəm, buna nə qədər enerji sərf etmişəm. Aktyorluqda "özünü xərcləmək" deyilən bir ifadə var. Öz üzərində işləməyən aktyorlar çəkiliş zamanı özlərini xərcləyirlər, aktyorluq istedadlarından deyil, özlərindən, xasiyyətlərindən, davranışlarından istifadə edirlər. Amma istedadlı aktyorlar bunu etmirlər. Bütün obrazlarımda istedadımı hərtərəfli ortaya qoyuram. Mütaliə etmirsənsə, analiz etmirsənsə, araşdırmırsansa, onda qabından, özündən xərcləyirsən. Aktyorluq elə bir sənətdir ki, daim fəaliyyətdə olmalısan, axtarmalısan, müxtəlif rollar üzərində işləməlisən. Yaradıcılıqda eyni rolu təkrarlamaq olmaz. Bu səni kütləşdirir və sən yerində sayırsan. Mən desəm ki, bu obrazıma daha çox can qoymuşam, o zaman digərlərinə haqsızlıq etmiş olaram. İşlədiyim rejissorlar çox yaxşı bilirlər ki, mən çəkiliş meydanına hazırlıqsız getmirəm. Elə aktyorlar olur ki, çəkiliş zamanı əlində telefon, deyəcəyi sözləri üzündən oxuyurlar. Amma mən rolumun üstündə çox işləyirəm, o qədər çox işləyirəm ki, hətta tərəf müqabillərimin də nə deyəcəklərini, harda necə davranacaqlarını bilirəm. Mən həyatımın ən ağır dönəmində belə çəkilişə hazırlıqlı getmişəm. Əgər peşəkar aktrisayamsa, mənim həyatımda baş verən hər hansı çətinliyi, ağırlığı, faciələrimi aktyor yoldaşlarıma yansıtmağa ixtiyarım yoxdur. Elə olub cəmi bir saat yuxu yatmışam, elə olub heç yatmamışam, amma obrazımı mənimsəyib sonra çəkiliş meydançasına getmişəm.

- Tez-tez sənət adamlarının maliyyədən şikayətləndiyini görürük, sənətə və sənətçilərə doğru şəkildə dəyər verilmədiyini eşidirik. Bəs bu sahədə sizi qane edən nədir?

- Razı olduğum məqam seçdiyim rollardır. İstəsəm seçərəm, istəsəm oynamaram, bu, mənim səlahiyyətimdədir. Maliyyə problemini isə ona görə dilə gətiririk ki, görünən kəndə bələdçi lazım deyil. Ïroblemlərimiz çox olur, bəli, birtəhər çatdırırıq. Dənizə düşən ilana sarılır. Məcburuq ki, nə verirlərsə, onunla dolanaq. Amma belə olmamalıdır. Axı biz istedadsız insanlar deyilik. İstedadlı, işini sevən, sənətinə dəyər verən aktyorlarıq. İstedadlı adamlarımız çoxdur və onlar yaxşı qonorar almağa, yaxşı işlərdə rol almağa layiqdirlər. Qonorar problemlərimiz çox olur. Biz o qədər pullar almırıq ki, özümüzə bir menecer tutaq, yaxud da bir prodüserimiz olsun ki, bu problemləri onlar danışıb həll etsinlər. Məcbur olub maliyyə məsələsini də özüm danışıram, bu problemləri sıxıla-sıxıla, utana-utana dilə gətirirəm. Əslində bu məsələni aktyor özü danışmalı deyil, biz bunu məcburiyyətdən edirik. Biz yaradıcı adamlarıq, istedadlıyıq və hər şeyin daha yaxşısına layiqik. Axı bizim türklərdən nəyimiz əskikdir ki?

- Heç olubmu ki, bu problemlərin həlli ilə bağlı aktyorlar bir araya gəlib harasa müraicət etsinlər?

- Heç bir aktyor, aktrisa birləşib heç bir yerə müraciət etməyib. Getsələr, mən də gedərəm, niyə getməyim axı? Harasa gedib qonorar məsələsini qaldırsalar, mən də  gedib öz sözümü deyərəm. Kino İttifaqında bir dəfə bu məsələ qalxmışdı, müzakirəyə mən də qatıldım, əlimdən gələn qədər sözümü dedim, efirlərdə də sözümü deyirəm. Amma sonra fərqinə vardım ki, bizim aktyorlarda birlik yoxdur, elə bil təksən. Mən aciz adam deyiləm, dilim də var, dilçəyim də. Mən gedib çəkiliş üçün qiymət danışa bilirəm, az olanda qaldırmağa çalışıram, xoşuma gəlmirsə, etiraz edirəm. Amma bir də görürsən, sən etiraz edirsən, müsahibələrdə, efirlərdə səsini çıxardırsan, heç bir aktyor sənə dəstək olmur. Özümə söz vermişdim ki, bu barədə danışmayacağam, amma içimdəki haqq səsini boğa bilmədim. Aktyorlar var, bu məsələdən danışanda sənlə həmfikirdirlər, amma kadr arxasında. Bunu göstərmək, tələb eləmək, səsini çıxarmaq lazım gələndə isə həmfikir olmurlar.

- Qorxurlar?

- Yox, qorxmaq məsələsi deyil, bir növ özlərini yormaq istəmirlər. Mən də baxıram və deyirəm ki, əgər belədirsə, bəs mən niyə yorum özümü? Onsuz da rahatlıqla öz çəkilişlərimlə bağlı qiymət danışa bilirəm də.

- Bayaq dediniz ki, türk aktyorlarından nəyimiz əksikdir? Doğrudan da, Zülfiyyə xanım, Azərbaycan aktyorlarının türk aktyorlardan nəyi əskikdir?

- Mən onlarda bizdən artıq olan heç bir şey görmürəm. Onları o səviyyəyə bizim tamaşaçılar qaldırırlar. Türk serialları barədə yazılan rəyləri oxuyuram, incisələr də deyəcəyəm, həmin insanların teatr və kino anlayışına şübhə ilə yanaşıram. "Kiralık aşk" serialını serial hesab edib baxanlar var. Mən türk seriallarına baxmıram, əvvəllər anam baxırdı deyə baxırdım. Düzdür, gözəl serialları var, amma bizimkilər elə serialları bəh-bəhlə tərifləyib baxırlar ki... Belə düşünənlər Azərbaycan aktyorlarına təbii ki, dəyər verə bilməzlər. Bizim öz seriallarımıza baxmır, amma deyir ki, Azərbaycanın gördüyü iş nə olacaq? Əvvəlcə bir bax, sonra fikir bildir də. Bu, bizim canımızdadır.

- Qarşıdan Yeni il gəlir. Gələn ildən nə gözləyirsiniz?

- Bu il yaradıcılıq baxımından mənim üçün uğurlu il olsa da, şəxsi həyatımda çox ağır faciələr yaşadım. Buna görə yeni ildən şəxsi olaraq heç nə gözləmirəm. Tək istəyim odur ki, sağ olum. O da özümə görə yox, həyatda iki doğmasını itirən biri kimi mənim üçün artiq bəzi şeylərin elə bir mənası yoxdur. Sadəcə bacımın övladları üçün sağ qalmaq istəyirəm. Mən onlar üçün mübarizə aparmalıyam. İstəmirəm onlar anasız kimlərinsə qapısında böyüsünlər. Yaradıcılığımda bu zamana qədər qazandığım ugurlardan daha artığını qazanmaq istəyirəm. Hə, bir də çoxlu maddiyyat arzulayıram. Hazırkı ruh halımla belə düşünürəm...

 

Ləman  İlkin

525-ci qəzet.- 2024.- 14 dekabr(¹230).-S.14.