Yüz ilin Ustadı
Azərbaycanın görkəmli alimi və yorulmaz mətbuat
tədqiqatçısı,
Bakı Dövlət Universitetinin professoru, Əməkdar
jurnalist, unudulmaz pedaqoq, əziz müəllimimiz Şirməmməd
Hüseynov haqqında keçmiş zamanda yazmaq dərin kədər
hissi doğursa da, qoyub getdiyi dəyərli mənəvi irs həmişə
yolumuzu aydınladır. Yüz ilin Ustadının ömrü
yalnız yaşadığı dövrə aid deyil, bu
ömür həm də gələcək nəsillərin
düşüncələrinə çıraq tutan mükəmməl
bir yol xəritəsidir.
Dekabrın 17-də 100 illiyini qeyd edəcəyimiz, hər
zaman yaddaşımızda canlı əfsanə kimi yaşayan
professor Şirməmməd Hüseynovun həyat yolu əsl
örnəkdir. O, dəyərlərə dəyişməz
sadiqliyi, gördüyü işə sonsuz inamı,
yorulmazlığı, əzmkarlığı, təmizliyi,
saflığı, nikbinliyi, gözütoxluğu,
müdrikliyi, ləyaqəti, mülayimliyi və hökmü
ilə hamımıza "Belə yaşamaq
mümkündür" nümunəsini göstərən əvəzsiz
şəxsiyyət, düzlüyü, ədaləti,
prinsipiallığı və xarizmasıyla mətbuatımızın
gerçək tarixi siması idi. Şirməmməd
Hüseynov elə bir irs qoyub gedib ki, bu, hər alimə nəsib
olan səadət deyil. Onun ən böyük sərvəti
araşdırmaları, tələbələri və yetirmələridir.
Jurnalistlərin əvəzsiz müəllimi Şirməmməd
Hüseynov həm də Azərbaycan Xalq Cümhuriyyəti
tarixinin ən nüfuzlu tədqiqatçısı idi.
...Ötən əsrin 80-ci illərində - Bakı
Dövlət Universitetinin keçmiş Kommunist küçəsində
yerləşən korpusunda Jurnalistika fakültəsində təhsil
aldığım illərdə bəzi müəllimlər
bizim üçün əfsanə kimi
görünürdü. O müəllimlərin hamısı mənim
həyatımda böyük rol oynayıblar və indiyə qədər
xatirimdədirlər. Həmin müəllimlərim
sırasında professor Şirməmməd Hüseynovun
müstəsna yeri var. Xoşbəxtlikdən, o illərdə
Şirməmməd müəllim bizə burjua ölkələrinin
jurnalistikasından dörd qoşa saat dərs dedi. Mən o
mühazirələrə qulaq asa-asa haçansa Şirməmməd
müəllim haqqında mütləq yazacağımı
özüm üçün yəqinləşdirmişdim. Hətta
yazının adı da hazır idi: "Dörd qoşa
saat". Sonralar, dediyim o yazını yazdım da. Doğrudan
da, həmin dərslər jurnalistika haqqında təsəvvürümüzü
dəyişdirdi. Şirməmməd müəllim sovet
rejiminin ən güclü vaxtlarında sətiraltı
mesajlarla jurnalistikanın mahiyyətini bizə izah edirdi. Hələ
məşhur yenidənqurmanın başlanğıcında
dörd qoşa saat burjua jurnalistikasının mahiyyətini
anladan Şirməmməd müəllim həm də bir az ezop
diliylə, bir az sətiraltı sözlərlə, bəzən
də mimikayla sovet və burjua mətbuatları
arasındakı fərqləri bizə çox aydınca
başa salmışdı...
...1985-ci ildə "Elm və həyat"
jurnalında korrektor kimi işə başlamışdım,
tanınmış, səmimi iş yoldaşlarım içərisində
Şirməmməd müəllimin ömür-gün
yoldaşı Ülkər xanım Hüseynova da var idi.
Ülkər xanım jurnalın "Elm" şöbəsinə
rəhbərlik edirdi, ciddi, qəliz, çətin
mövzulardan yazırdı, fərqli insanlar barədə
danışırdı. Mən indi hamının yaxşı
tanıdığı məşhur həmyerlimizin - Lütfi
Zadənin adını da ilk dəfə Ülkər
xanımdan eşitmişdim. Cavan jurnalistlərin dilindən
ciddiliyi, sərtliyi barədə müxtəlif hadisələr
eşitdiyim Şirməmməd müəllimin adı Ülkər
xanımın dilində sadəcə, "Şirməmməd"
deyə səslənirdi və əlçatmaz müəllimimizin
həm də real bir insan olduğunu bizə
xatırladırdı. Sonralar Şirməmməd müəllim
mənə dərs deyəndə gördüm ki, onun işə
məsuliyyətli yanaşması Ülkər xanıma da sirayət
edib. Ülkər xanım çox zabitəli və ciddi
qadın idi. Amma ara-sıra Şirməmməd Hüseynovun həyat
tərzi barədə danışırdı. Onun dedikləri
Şirməmməd müəllimi mənim gözümdə
bütləşdirmişdi. Heyrətqarışıq bu
heyranlıq bu gün də davam edir.
...Gərək ki, Şirməmməd müəllimin
özü ilə ilk dəfə görkəmli türkoloq alim
Aydın Məmmədovla birlikdə oturmuşduq. Uzaqdan
böyük ehtiram bəslədiyim müəllimimlə birinci
dəfə yaxından görüşür, söhbətlərini
dinləyirdim. Bu insanların müasir tariximizdə və
şəxsən mənim həyatımda böyük rolu var.
Sonralar həyat elə gətirdi ki, Şirməmməd
müəllim "525-ci qəzet"in unudulmaz müəlliflərindən
biri oldu. Biz onunla "525-ci qəzet"in redaksiyasında,
BDU-da tez-tez görüşürdük. Onun redaksiyamıza hər
gəlişi həm "525"in, həm də o vaxt Dövlət
Tərcümə Mərkəzində yerləşən digər
mətbuat orqanlarının əməkdaşları
üçün əsl bayrama çevrilirdi. Şirməmməd
müəllimin maraqlı söhbətlərindən doymaq
olmurdu. Həmin illərdə o, Məhəmməd Əmin Rəsulzadənin,
Üzeyir Hacıbəylinin dərc olunmamış əsərlərini
"525-ci qəzet"də silsilə şəkildə nəşr
etdirirdi - bu böyük şəxsiyyətləri də
"525"in müəlliflərinə çevirmişdi. Qəzet
üçün göndərdiyi yazılarda hər bir
sözün üstündə əsərək böyük
diqqət göstərir və redaksiyanın kollektivini də səfərbər
edirdi - jurnalistikada aldığımız nəzəri dərsi
həm də praktikada da ustadımızdan öyrənirdik.
Müəllimimizin "525-ci qəzet"in şənbə
saylarında mütəmadi olaraq tariximizi araşdıran
yazılarını hamımız səbirsizliklə gözləyirdik.
Hər dəfə redaksiyaya müraciət edəndə
bilirdik ki, mətbuat tariximizlə bağlı nəsə yeni
material gətirəcək, bilinməyən məqamları
ortaya qoyacaq. Şirməmməd Hüseynovun zəhmətkeşliyi,
fədakarlığı, klassik irsə, milli dəyərlərə
münasibəti bizi heyrətləndirirdi və hamımız
ondan necə məsuliyyətli olmağı öyrənirdik. Hər
xırda söz, hadisə Şirməmməd müəllim
üçün əhəmiyyətli idi və hər məsələyə
dəqiqliklə yanaşırdı. Vaxtilə onun təşəbbüsü
ilə "İrşad", "Həyat" və
"Açıq söz" qəzetlərinin ilk
saylarının, "Azərbaycan" qəzetinin cümhuriyyətin
bir illiyinə həsr olunmuş 28 may, eləcə də
parlamentin açılışına həsr olunmuş
nömrələrinin transliterasiyasını "525"in
içərisində xüsusi buraxılış kimi
çap etmişdik. Bunlar həm mətbuat tariximizlə daha
yaxından tanış olmaq baxımından, həm də
tariximizi gənc nəsillərə sevdirmək cəhətdən
çox əhəmiyyətli məqamlar idi. Cümhuriyyət
və mətbuat tariximizlə bağlı ən ciddi məsələlərə
Şirməmməd müəllimin münasibətini,
tapdığı yeni faktları, üzə
çıxardığı yazıları "525"də
şövqlə, məmnuniyyətlə çap edirdik.
Şirməmməd müəllim son illərdə də
bir neçə dəfə qəfildən redaksiyamıza qonaq
gəlmişdi. Mən də, redaksiyanın əksər əməkdaşları
da onun - Ustadımızın hüzurunda sayğıyla
dayanır, eyni zamanda Şirməmməd müəllimlə
birlikdə çəkdirdiyimiz şəkillərimizi sosial
şəbəkələrdə paylaşmaq fürsətini də
fövtə vermirdik...
Çox sevindirici haldır ki, Şirməmməd
Hüseynovun yolunu bu gün onun tələbələri
uğurla davam etdirirlər. Ustadın anadan olmasının 100
illik yubileyi ərəfəsində, bu günlərdə
BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat
kafedrasının müəllimi, Şirməmməd
Hüseynovun araşdırmaçı yetirməsi Samir
Xalidoğlunun rəhbərliyi, fakültənin bir qrup tələbəsinin
iştirakı ilə "Açıq söz" qəzetinin
2-ci sayının transliterasiyası "525-ci qəzet"in
içərisində işıq üzü gördü, qəzetin
3-cü sayının transliterasiyası isə artıq
çapa hazırlanır.
Söz düşmüşkən, bu yerdə bir məqamı
da qeyd etməyi vacib bilirəm. Bir neçə ildir, ADA
Universitetinin böyük dəstəyi ilə, 1918-1920-ci illərdə
nəşr olunmuş "Azərbaycan" qəzetinin tam
külliyyatının latın qrafikasıyla 20 cilddə nəşri
prosesinə start verilib və artıq iyirmicildliyin yarıdan
çoxu işıq üzü görüb. Belə bir əhəmiyyətli
və xeyirxah təşəbbüs, hesab edirəm ki, həm
bu ali təhsil ocağı tərəfindən Azərbaycanın
mətbuat tarixinə xüsusi ehtiramın, həm də ustad tədqiqatçı
Şirməmməd Hüseynovun başladığı
böyük işə nəcib və qədirbilən
münasibətin nümunəsidir.
Azərbaycan mətbuat tarixinin öyrənilməsi və
təbliği istiqamətində Şirməmməd müəllimin
fəaliyyəti təkrarsızdır. Ömrünün
ahıl çağında da Şirməmməd müəllim
çox enerjili, çalışqan idi. Hətta onun bir
müsahibəsində dediyi: "Mənim əlimdə
işim çoxdur, ona görə də ölməyə
vaxtım yoxdur" - fikri qardaş Türkiyə alimlərini
heyrətləndirmiş və məhz bu fikrinə görə
Azərbaycana gəlib onunla tanış olmuşdular.
...2019-cu il - təxminən mayın sonu, iyunun əvvəlləri
idi. Şirməmməd müəllim bir gün zəng edib mənə
dedi ki, bu mövsümü bitirdik, yeni yazılara sentyabrdan
başlayarıq. Təəssüf ki, həmin zəngdən
qısa müddət sonra Şirməmməd müəllimin vəfat
xəbəri hamımızı sarsıtdı. Biz həmin
ilin sentyabrında da, sonrakı illərdə də onun ruhunu,
yazılarının ab-havasını daima hiss edirik. Şirməmməd
müəllimin 100 illiyi ilə bağlı bu yazı barədə
düşünəndə Əflatun Amaşovun bir vaxtlar mənə
ünvanladığı yubiley təbrikindən bir məqamı
xatırladım: "Mətbuat Şurasının ofisi adi
iş axarında idi. Baş redaktorlar, ictimai xadimlər
Şuraya toplaşmışdılar. Rəşad da gəlib
çıxdı və kabinetə girəcəkdə
gördüyü şəxs həmkarımı ənənəvi
olaraq hamı ilə görüşmək fikrindən bir
anlığa daşındırdı. Birbaşa ona doğru
yön aldı. Qarşısında dayandı, əyilərək
əlindən öpdü. Azərbaycan jurnalistikasının
canlı əfsanəsi Şirməmməd Hüseynov...
sözün yaxşı mənasında
çaşqınlıq içərisindəydi. Sonradan Rəşad
"mən millətimizə, xalqımıza xidmət edən
dəyərli insanların əllərindən öpməkdən
heç vaxt çəkinmədim. Otağıma gələndə
ayağa sıçradım, qabaqlarına
yüyürdüm..." yazacaqdı".
Xatırladığım digər bir məqam isə
istedadlı, iti müşahidə qabiliyyətinə malik gənc
jurnalistimizin dedikləri oldu: "İlk dəfə mən hələ
2010-cu ildə sizin Şirməmməd müəllimlə
danışığınıza heyrətlənmişdim.
Sonsuz sayğı və ehtiramla, ən adi sözü belə
möhkəm deməkdən ehtiyatlanaraq, sözlərə nəvaziş
qataraq, yumşaq, qayğıkeş
danışırdınız". İndi
düşünürəm, az qala 40 il məni bu insana, müəllimə,
jurnalistə, şəxsiyyətə qarşı belə
sayğıda saxlayan bu dərin hissin səbəbi nədir? Və
cavabını tapıram: Onun yüz ilin müdrikliyini,
tarixiliyini və mənəvi əzəmətini özündə
cəmləşdirib hərtərəfli ÖRNƏK
ŞƏXSİYYƏT olmağı bacarması...
Şirməmməd müəllim həm bizdən
ötrü, həm də bizdən sonrakı nəsillər
üçün diqqətin, məsuliyyətin, dəqiqliyin,
gördüyü işə hədsiz sevginin simvoludur. Dəfələrlə
olub ki, ya özünün təqdim etdiyi, ya da qəzetdə
çıxan başqa materiallarda yalnız onun diqqətini
çəkə biləcək, yalnız onun sezəcəyi
hansısa rəqəmlərə, faktlara aid qeydlərini,
düzəlişlərini dərhal telefonla
çatdırıb. Əksəriyyətimizə çox
xırda, əhəmiyyətsiz görünə biləcək
həmin məqamlara son dərəcə həssas münasibəti
əslində ona Ustad adı qazandıran müstəsna cəhət,
nadir keyfiyyətdir.
Təxminən on il qabaq, yaşlı nəslin
nümayəndələri hələ yeni texnologiyalara
müqavimət göstərdiyi bir vaxtda Jurnalistika fakültəsində,
Mətbuat tarixi kafedrasında üçümüz - Şirməmməd
müəllim, Cahangir müəllim və mən söhbət
edirdik. Birdən cib telefonu zəng çaldı. Mən, ilk
ehtimal kimi, Cahangir müəllimə baxdım.
Qımıldanmadı. Şirməmməd müəllim əlini
pencəyinin cibinə atıb telefona cavab verdi. Gülümsədim
və zövq aldım. Şirməmməd müəllimin
yaşıdları arasında mobil telefonla ən tez
dostlaşanlardan biri olduğunu biləndə heyrətlənib
sevinmişdim.
...Bir gün Bəstəkarlar İttifaqında Şirməmməd
müəllimin qızı - Azərbaycan Milli
Konservatoriyasının professoru Lalə xanım
Hüseynovanın kitabının təqdimatı
keçirilirdi. Tədbirin sonunda Şirməmməd müəllimlə
söhbət edirdik. Birdən qayıtdı ki, Rəşad, mən
bu səhnədə 1938-ci ildə Üzeyir Hacıbəyovun,
Müslüm Maqomayevin qarşısında
çıxış etmişəm. Tədbir sonunun qələbəliyindən,
hay-küyündən deyilən fikri tam anlaya bilməmişdim.
Bir an duruxandan sonra təəccüblə: "Neçənci
ildə?" - deyə soruşdum. Hadisəni
danışdı: "Bu günlərdə Milli Kitabxananın
direktoru Kərim müəllim 1938-ci ilin
"Bakraboçi" qəzetindən bir məlumatın surətini
çıxarıb göndərib mənə. Yazılıb
ki, tədbirdə 14 yaşlı Şəki məktəblisi
Ş.Hüseynov çıxış edib. O məktəbli mən
idim. Onda bura Ïionerlər eviydi. Mən də böyük bəstəkarların
münsif olduğu müsabiqədə muğam
oxumuşdum".
Hərdən belə epizodları dostlara
danışır, Şirməmməd müəllimin bizim
üçün örnək olmalı bir çox keyfiyyətlərindən
söz açıram. O, bizim üçün bir nümunə,
gerçək əfsanə, həm də
gözümüzün qarşısında olan canlı tarix
idi!
Şirməmməd müəllimsiz həyatımızda
dərin bir boşluq yaransa da, Ustadımızın nurlu xatirəsi
daima bizimlədir. İnanıram ki, BDU, Mətbuat
Şurası və media qurumları ilə birlikdə 100
illiyində onun xatirəsini layiqincə anacaq,
gördüyü misilsiz işləri bir daha yad edəcəyik.
Belə böyük şəxsiyyətlərin hüzurunda
sayğıyla dayanmaq, əllərindən öpmək
ümumən mətbuatımıza, tarixi şəxsiyyətlərimizə,
müəllimlərimizə sayğı və hörmətdir.
Əflatun Amaşovun yuxarıda yazdığım
müşahidəsi isə dəqiq və məncə,
hamımızın edə biləcəyi, etməli olduğu
davranışdır. Bir əsri tamamlayan böyük
Ustadımızın nurlu xatirəsi qarşısında
ehtiramın və minnətdarlığın ifadəsi kimi bu
gün də sayğı duruşunda baş əyirəm!
Ruhunuz şad olsun, Şirməmməd müəllim!..
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet.- 2024.- 14 dekabr(¹230).-S.12;13.