Naxçıvandan dünyaya...
LEV TOLSTOY, BƏHAİLİK VƏ MİRZƏ
ƏLƏKBƏR MƏMMƏDXANOV
(Əvvəli qəzetin ötən şənbə
sayında)
XIX əsrin sonu-XX yüzilliyin əvvəllərində
böyük rus yazıçısı Lev Tolstoy Avropa və
Amerikada əsasən ziyalılar arasında diqqət çəkən,
bəlli sayda tərəfdarlar toplayan babilik-bəhailik təliminin
ardıcılları ilə sıx əlaqə
saxlayırdı. Ïlanetar miqyaslı şəxsiyyətin ilk
baxışdan bir qədər qəribə görünəcək
bu marağı nədən irəli gəlirdi? Əvvəla,
unutmayaq ki, Tolstoyun fəlsəfi və dini baxışları
onun zəngin bədii yaradıcılığından
heç də az əhəmiyyətli sayıla bilməz. O da
sirr deyil ki, "Hərb və sülh" müəllifi hələ
gənclik illərindən mövcud dinlərin ən
yaxşı cəhətlərindən bəhrələnib
bütün insanları ətrafında birləşdirən
rasionalist dünya dini yaratmaq xəyalı ilə
yaşayırdı. Odur ki, din yaradıcılığı
istiqamətində az və ya çox dərəcədə
uğurlu təşəbbüslərdən heç biri diqqətindən
kənarda qalmırdı.
Həm də o, yalnız doğuluşdan mənsub
olduğu xristianlıqla kifayətlənmirdi. Dinlərin,
sivilizasiyaların beşiyi kimi tanınan Şərq də həmişə
diqqət mərkəzində olmuşdu. Rusiya
imperiyasındakı türk-müsəlman xalqların
nümayəndələri ilə bir sırada Misir, İran,
Türkiyə, Suriya, Çin, Yaponiya, Hindistan və başqa
Şərq ölkələrinin ziyalıları, fikir
adamları, dini icmaların rəhbərləri ilə
ardıcıl yazışırdı. Buddizm, brahmanizm,
konfutsiçilik kimi dinlərin müqəddəs kitabları
ilə müstəqil şəkildə tanış
olmuşdu. İslama gəldikdə isə Qafqazda və
Volqaboyunda səmavi kitaba malik sonuncu dünya dininin təmsilçiləri
ilə canlı ünsiyyət saxlamış, əsərlərində
onların həyatını, dünyabaxışını
işıqlandırmağa çalışmışdı.
Təbii ki, fəal dini axtarışlar zəminində
XIX əsrin ikinci yarısında İranda şiə islam əsasında
formalaşan və tezliklə geniş areala nüfuz edən
babilik-bəhailik Tolstoyun diqqətini çəkməyə
bilməzdi. O, misirli bəhai Qabriel Sasiyə 1 iyul 1901-ci il
tarixli məktubunda yeni dini təlimlə bağlı
yazmışdı: "Babiliklə çoxdan maraqlanıram.
Məsələ haqda indiyə qədər əlimə nə
keçibsə, hamısını oxumuşam. Doğrudur,
babiliyin əsas kitabı (Babın "Bəyan"ı nəzərdə
tutulur - V.Q.) mənə çox da dəyərli görünmədi.
Amma istənilən halda babiliyin mənəvi və humanist təlim
kimi Şərq dünyasında böyük gələcəyi
olacağını düşünürəm".
"Tolstoy və Şərq" kitabının
müəllifi A.İ.Şifmanın fikrincə,
yazıçı Bab təlimi ilə ilk dəfə 1898-ci ildə,
fransız şərqşünası F.Andreasın
"İranda babilər" kitabının mütaliəsi
zamanı tanış olmuşdu: "Bundan sonra fəal şəkildə
babi-bəhailərə dair ədəbiyyat
axtarışına başlamış, dəfələrlə
təlimin nümayəndələri ilə əlaqə
yaratmağa çalışmışdı. Lev
Nikolayeviçin Yasnaya Ïolyanadakı arxivində bəhalik barədə
səhifələrində qeydləri qorunub-saxlanan xeyli kitaba təsadüf
etmək mümkündür".
Hətta onun xahişi ilə xanımı və
yaxın köməkçisi S.A.Tolstaya maraq doğura biləcək
bir xeyli bəhai mənbələrini müxtəlif Qərbi
Avropa dillərindən ruscaya çevirmişdi. Canlı
ünsiyyət yaratdığı ilk bəhai emissarı isə
iudaizmdən üz çevirib yeni təlimi qəbul edən yəhudi
əsilli iraqlı tacir, üstəlik də, Mirzə Ələkbərin
yaxın dostu Əzizullah Cəzzab olmuşdu. Ïravoslav kilsəsi
ilə məlum münaqişəsindən sonra xarici aləmdən
təcrid edilməsinə və polis nəzarəti altında
yaşamasına baxmayaraq, Tolstoy 1902-ci ildə onunla Yasnaya
Ïolyanadakı malikanəsində görüşüb
uzun-uzadı söhbət etmişdi.
Əslində isə babiliklə tanışlıq
daha əvvələ - 1894-cü ilə təsadüf edir.
Əsərlərinin türkcəyə tərcüməçisi,
Osmanlı ədəbi dairələrində Gülnar xanım
kimi tanınan türkoloq O.S.Lebedeva (1852-1913?) həmin ilin
sentyabrında yazıçıya göndərdiyi məktubda
şəxsi təcrübəsinə əsaslanıb islamla
xristianlığın oxşar tərəfləri,
qarşılıqlı təmas nöqtələri haqda kitab
yazmaq istədiyini bildirmişdi. Daha öncə babilik təliminin
banisi Babın da belə fikrə düşdüyünü əlavə
edib haqqında müəyyən məlumat vermiş, əlinin
altında olan materialları göndərmişdi.
"Hörmətli Olqa Sergeyevna, lütf edib
yolladığınız dəftərə və
broşüraya görə sizə çox minnətdaram, - deyə
Tolstoy cavab məktubunda yazmışdı. - Onları maraqla
oxudum. Amma axtardığım əsas mətləbi - bu ictimai
təlimin mənəvi şərhini tapa bilmədim. Mənə
elə gəlir ki, Babın öz kitablarında da təlim bəlağətli
Şərq (əlbəttə, bizim mövqedən)
sözçülüyü və hansı yolla olursa olsun,
Quranla arada məsafə saxlamaq cəhdləri içində
itib gedir. Ona görə də bu əsərdən əxlaqi və
ictimai həyatla bağlı mühüm yerlərin
çıxarışını hazırlamaq yaxşı
olardı. Babilərin yaşayış tərzi, təlimin
praktikada tətbiqi haqda məlumat əldə etmək də
maraq doğurar və yerinə düşərdi".
Yeri gəlmişkən, çox güman
İ.Qrinevskaya kimi Olqa Lebedeva - Gülnar xanım da bəhailiyi
qəbul etmiş və bu işdə Mirzə Ələkbərin
müəyyən rolu olmuşdu. Onun bəhai dairələri
ilə sıx əlaqəsi vardı. Bu, Əbdülbəhanın
Misirdən Bakıya göndərdiyi tarixsiz məktubdan (1910-cu
ilin sonundan etibarən 6 ay Misirdə yaşadığından
həmin dövrdə yazıldığını təxmin
etmək olar - V.Q.) da aydın görünür. "Gülnar
Misirdədir, - deyə din Mühafizi Mirzə Ələkbərə
yazırdı: - Mən İskəndəriyyəyə varid
olanda teleqram göndərib gəlişim münasibətilə
təbrik etdi. Ona cavab yazdım. Bu xanımın fikirləri
bir az dağınıqdır".
Növbəti məktubda isə Əbdülbəha
Gülnarla göruşündən söz açır və
Mirzə Ələkbərə, görünür, əvvəldən tanıdığı rus xanımla
"işləməyi" təklif edirdi: "Gülnar bura
gəlib mənimlə görüşdü və
yüngülvari bir mənəvi hissiyyat təcrübəsi
keçirdi. Hələ də Kazana qayıtmaq niyyətində
olduğundan indi fikri yalnız həmin məsələ ilə
məşğuldur. Bu qadın rahatlıq nə olduğunu
bilmir. Onunla əlaqə saxla. Bəlkə sənin də məsləhətinlə
yavaş-yavaş hər şeyi tam şəkildə dərk
edər".
Amma tanışlıq məsələsində bir məqamın
üzərindən sükutla keçmək olmur.
Maraqlı, həm də təəccüblüdür
ki, 1840-42-ci illərdə professor Mirzə Kazımbəyin rəhbərliyi
altında Kazan universitetində bir müddət türk, ərəb
dillərini öyrənməyə çalışan,
amma müvəffəq olmayan
Tolstoy babilik haqda Olqa Lebedeva, yaxud F.Andreasın
yazılarından məlumat alsa da, keçmiş müəlliminin
Rusiya və Avropada geniş əks-səda doğuran,
fransızcaya tərcümə olunan "Bab və babilər"
(rus nəşri 1865, fransız nəşri 1867) kitabına
heç vaxt müraciət etməmişdi. Bəlkə də
bu əsərin artıq biblioqrafik nadirəyə çevrilməsi
ilə bağlı idi...
Bizim üçün məsələnin əhəmiyyət
kəsb edən tərəfi böyük
yazıçının bəhailiklə bağlı məktublaşdığı
şəxslər arasında Azərbaycan
əsilli ziyalıların, ictimai xadimlərin olmasıdır.
1901-ci ildə Tolstoy "Daniş" təxəllüsü ilə
tanınan şair-diplomat, Qacar dövlətinin Rusiya
imperiyasındakı elçisi, azərbaycanlı Mirzə Rza
xan Ərfəüddövlənin (1846-1939; Ïaris Sülh
konfransındakı fars heyətində yüksək mövqe
tutmağına baxmayaraq, 1919-cu ildə Bakı ilə əlaqə
qurmaqda çətinlik çəkən Cümhuriyyət
Nümayəndə heyətinin diplomatik kuryeri vəzifəsini
yerinə yetirmək qədər nəciblik və
böyüklük göstərmişdi! - V.Q.)
"Sülh" poemasını oxumuşdu. Qacar xanədanının
təmsilçisi kimi Haaqa Sülh konfransının (1899)
iclaslarına qatılan Mirzə Rza xan əsərində beynəlxalq
forumun təəssüratlarını, dünya sülhü ilə
bağlı düşüncələrini poetik dillə əks
etdirməyə çalışmışdı. Tolstoy
cavabında müəllifin humanist fikirlərinə, ümumbəşəri
qayəsinə tərəfdar çıxmaqla bir sırada
yaxın gələcəkdə Yer üzündə sülh,
dinclik və əmin-amanlığını bərqərar
olmasına babilərin mümkün töhfəsindən də
söz açmışdı: "İnanıram ki,
dünyanın hər tərəfində Sizin Vətəninizdəki
babilər kimi həqiqi dinə iman gətirən insanlar var. Hər
yerdə təqibə uğrasalar da,
ideyalarının getdikcə artan sürətlə
yayılacağına və sonda barbarlıq üzərində
qələbə çalacaqlarına ümid edirəm".
1901-ci ildə bidətçi fikirlərinə görə
Müqəddəs Sinodun qərarına əsasən pravoslav
kilsəsindən rəsmən təcrid edilən qraf Tolstoy
keçirdiyi mənəvi sarsıntılar nəticəsində
bir neçə ay ailə üzvləri ilə birlikdə
Krımda yaşamalı olmuşdu. Gündəliyindəki 27
may tarixli qeyddən göründüyü kimi, bir dəfə
gəzinti zamanı adını çəkmədiyi, milliyyətini
isə "fars" kimi göstərdiyi, "kifayət qədər
savadlı bir babi - səyyar ticarətçi" ilə
tanış olmuş, onunla uzun-uzadı söhbətləşmişdi.
Çox təsirləndiyindən epizodu qeyd etməyi də
yaddan çıxarmamışdı.
Naməlum "farsın" kimliyi
yazıçının
ölümündən təxminən üç ay əvvəl
- 1910-cu il avqustun 23-də "Nuxa sakini Qasım Bayramova"
ünvanladığı məktubdan məlum olur. Haqqında hər
hansı məlumat əldə edə bilmədiyimiz Qasım
Bayramov həmin ərəfədə Nuxadan (Şəkidən)
Yasnaya Ïolyanaya, Lev Tolstoya yazmışdı ki, illər əvvəl,
1901-ci ilin mayında Krımda, Qasprada baş tutan
qısamüddətli ünsiyyətin təsiri altında bir
insan kimi xeyli dəyişib, siqareti atıb, içki
içmir, vegeterian həyat tərzinə üstünlük
verir. Aradan uzun zaman ötsə də, təsadüfi
tanışını unutmayan, ona ünvanladığı məktubu
"Sizi sevən qardaşınız" sözləri ilə
tamamlayan Tolstoy isə belə cavab vermişdi:
"Sizdən məktub almaq çox xoş oldu. Fikirlərinizlə
tam razıyam. Ancaq məktubunuzdakı bir cəhəti bəyənmədim
- bu da xidmətlərimi o qədər də uyğun
görünməyəcək bir şəkildə tərifləməyinizdir.
Qoy xeyirxahlıq və məhəbbətinizi daha da təkmilləşdirməkdə
Allah həmişə
yardımçınız olsun. Özünüzün də
doğru təxmin etdiyiniz kimi, belə bir təkamül insan həyatının
başlıca məsələsi olaraq qalmaqdadır.
Babilik haqqındakı məlumatlarınız mənə
xüsusi ilə maraqlı göründü. Bu barədə
daha ətraflı yazın. Minnətdar olaram".
***
Təbii ki, bu, yeganə fakt deyil.
Lev Tolstoy əsərlərinin Azərbaycan dilinə tərcüməsi
və nəşri ilə bağlı məşhur Qaibovlar nəslinin
nümayəndəsi, şeirlərini Nazir təxəllüsü
ilə yazan Abbas ağa Qayıbovla, görkəmli yazıçı
və maarif xadimi Sultan Məcid Qənizadə ilə məktublaşmışdı.
Bəhalik təlimi haqda isə Bakı məktəblərindən
birində müəllimlik edən Ağaəli Qasımovla,
Şuşa sakini Fərhad bəy Bədəlbəyovla
açıq fikir mübadiləsi apardığı məlumdur.
Birinciyə bəhailik mövzusunda yazdıqlarını tatar
(Azərbaycan) dilinə tərcümə etməyə icazə
vermişdi. Fərhad bəyə məktubunda isə onun bəhailiklə
islam arasında seçim qarşısındakı
şübhələrini dağıtmağa
çalışaraq mövqeyini belə şərh
etmişdi: "Babilərin Məhəmməd dinindən
doğulan, sonradan bəhailiyə çevrilən təlimi
yüksək və təmiz dini təlimlərdən
biridir".
Başqa bir fakt da məlumdur. XX əsrin əvvəlində,
konkret 1909-cu ildə azərbaycanlı topoqraf-general İbrahim
ağa Vəkilovun (1853-1934) rus əsilli xanımı Yelena Vəkilova
qarışıq nikahdan doğulmuş iki oğlunu - Boris və
Qlebi (islama qəbul etdikdən sonra Faris və Qalib - V.Q.)
xristian, yoxsa müsəlman kimi böyütmək seçimi
qarşısında qaldığından keçirdiyi
şübhə və tərəddüdlərlə
bağlı yol göstərməsi, məsləhət verməsi
xahişi ilə Tolstoya müraciət etmişdi.
Yazıçı əhatəli cavabında islamın bir
sıra cəhətləri ilə xristianlıqdan yüksəkdə
dayandığını açıq bildirib ona
övladlarını Məhəmməd dinin
davamçıları kimi böyütməyi məsləhət
görmüşdü. Lakin dərhal da xüsusi qeyd-şərtlə
"müsəlman" anlayışı altında ortodoks
sünniləri deyil, bəhailəri, yaxud Kazan tatarları
arasında geniş yayılmış Veyisov təriqətinin
davamçılarını nəzərdə tutduğunu diqqətə
çatdırmışdı. Tostoyun birmənalı
qeyd-şərti adlarını çəkdiyi təmayülləri
müstəqil din deyil, islamın modifikasiyaya
uğramış təzahürləri, yaxud məzhəbləri,
təriqətləri saydığını düşünməyə
əsas verir.
Sankt-Ïeterburq universitetinin professoru İ.V.Bazileviç
"Bəhai ideyalarının L.N.Tolstoyun
dünyagörüşünə təsiri haqqında"
adlı araşdırmasında ("Xristianskoe
çtenie", 2009, ¹ 7-8, s.155) yazır: "Qeyd etmək
lazımdır ki, Lev Tolstoyun islam dininə münasibətdə
xüsusi mövqeyi vardı və həmişə bunu ayrıca vurğulamağa ehtiyac
hiss etmişdi. Digər dünya dinləri kimi mövcudluğunun uzun əsrləri
boyu islamda da bir xeyli xurafat və yanlış etiqadların
özünə yer aldığını etiraf etməklə
bir sırada pravoslavlıqla müqayisədə islama daha
böyük üstünlük verir və açıq şəkildə
bildirirdi: "Mənim nəzərimdə Məhəmməd
dininin zahiri formalarına görə kilsə
pravoslavlığından müqayisəyəgəlməz dərəcədə
yüksəkdə dayanmasında heç bir şübhə
yeri yoxdur". Amma belə mövqe nümayiş etdirməklə
bir sırada L.N.Tolstoy "xristianlıq kimi, islamın da etik
normaları ilə iudaizm təliminə yaxın dayanan təriqətlərinə
daha çox meyl göstərirdi".
Bəhailiklə bağlı bəzi
soydaşlarımızın müraciətlərini diqqətsiz
qoymayan dahi rus yazıçısının yeni dini təlimlə
bağlı ardıcıl əlaqə saxladığı azərbaycanlı
müəllif isə heç şübhəsiz, Ələkbər
Məmmədxanov olmuşdu. Əsərlərinin 90 cildlik
akademik külliyyatında Mirzə Ələkbərin
1909-1910-cu illərdə Bakıdan göndərdiyi dörd məktuba
yazdığı cavablar müvafiq izah və şərhlərlə
birlikdə yer almışdır. Amma çox güman ki, məsələ
bəhailiklə bağlı olduğundan indiyə qədər
"Tolstoy və Azərbaycan" mövzusunu araşdıran
tədqiqatçılar ondan yan keçmişlər.
1 sentyabr 1909-cu il tarixli məktubunda "bakılı
mühəndis Məmmədxanov" Əbdülbəhanın
"Şərqli və qərbli bəhailərə müraciət"
adlı nitqinin broşüra şəklində çap
olunmuş mətnini özünün rus dilinə tərcüməsində
yazıçıya göndərmişdi. Eyni zamanda bəhai
liderinin Akkadakı çoxsaylı çıxış və
söhbətlərində qraf Tolstoyun həyat tərzini
yüksək qiymətləndirdiyi və şəxsi
mülkiyyətində olan torpaqları kəndlilərə
bağışladığı üçün ondan
böyük razılıq hissi ilə bəhs etdiyini xəbər
vermişdi. Tolstoy 22 sentyabr 1909-cu il tarixli cavabında təşəkkürünü
bildirərək yazmışdı: "Sizin məktubunuzu və
üstəlik də, Abbas Əfəndi
Əbdülbəhanın "Şərqli və qərbli bəhailərə
müraciət" kitabçasını aldım. Əgər
haqqında məlumat verdiyiniz əlavə nə isə
başqa bir şeydirsə, tezliklə onu da əldə etməyə
şad olardım. Çünki bəhailik təlimi ilə
çox maraqlanıram. Hörmət bəslədiyim
Əbdülbəhanın Akkadakı moizəsində guya
torpaqlarımı kəndlilərə paylamağım barəsində
dediklərinin isə təəssüf ki, gerçəkliklə
heç bir əlaqəsi yoxdur. Çünki
ölümümdən sonra əmlakımdan pay almaq niyyətində
olan vərəsələrimin - oğlan övladlarımın
olduğunu nəzərə alıb özümü belə addım atmağa səlahiyyətli
saymamışam. Hələ 81-ci ildə (1881-V.Q.) onlara sanki
artıq yaşamadığımı düşünərək
əmlakımın taleyi ilə bağlı lazım bildikləri
şəkildə sərəncam vermələrini
tapşırmışam. Bununla da özümü hər
cür mal-mülkə sahiblik hüququndan birdəfəlik məhrum
etmişəm. Sizinlə ünsiyyət saxlamağa çox
şadam. Çünki son zamanlarda Bab və bəhailik haqda
kitablar çap etmək niyyətindəyəm".
Burada söhbət Tolstoyun "Mütaliə dairəsi"
("Kruq çteniya") seriyasından hazırlamağı
düşündüyü
"Alimlərin və müdriklərin həyatının
hamı üçün anlaşıqlı şərhi"
seriyasından gedirdi. Lakin aşağıda da görəcəyimiz
kimi, ilkin mənbələrlə daha geniş
tanışlıqdan sonra müəllif bu niyyətindən
daşınmışdı.
Ələkbər Məmmədxanov artıq müəyyən
qədər maraqlandıra bildiyi qraf Tolstoya ikinci müraciətini
1909-cu il oktyabrın 10-da göndərmişdi.
Özünün farscadan rus dilinə tərcüməsində
bəzi bəhai ədəbiyyatı nümunələrini də
məktuba əlavə etmişdi. Diqqətlə oxunan, üzərində
müəyyən qeydlər aparılan həmin əsərlər
indi də yazıçının Yasnaya Ïolyanadakı
kitabxanasında saxlanmaqdadır. Onların sırasına Bəhaullanın
qələmindən çıxmış "Lövh. Fikir
parıltıları" (farscada "Lövh. Təcəliyyat")
traktatı və "Amerikan bəhaisi xanım Huveitə"
adlı məktub daxil idi. Ələkbər Məmmədxanov
Tolstoyun xahişi ilə bir sıra bəhai ədəbiyyatı
nümunələri, o cümlədən, Atrpet təxəllüsü
ilə yazan Türkiyə ermənisi Sarkis Mubaeliyanın 1909-cu
ildə Gümrüdə çapdan çıxmış
"İmamat. İmamlara sitayiş edənlərin ölkəsi
(Fars ruhaniləri). Tarixi tədqiqat" əsərinin (yeri gəlmişkən,
Əbdülbəha erməni müəllifin yazdıqlarına
şübhə ilə yanaşmış və kitabı
yalnız "müəyyən təshihlərdən"
sonra yaymağı məsləhət görmüşdü)
avtoqraflı nüsxəsini göndərmişdi.
Məktub və
kitabların ünvan sahibinə çatması Yasnaya Ïolyanadan
1909-cu il oktyabrın 18-də yola salınan cavabdan bəlli
olur. Cəmisi bir cümləlik cavab mətni avtoqrafdır,
Tolstoyun öz əli ilə, amma nədənsə
üçüncü şəxsin dilindən yazılıb:
"L.N. son dərəcə maraqlı kitab və əlyazmalara
görə sizə dərin minnətdarlığını
bildirir və özünün tərtib etdiyi bir neçə
məcmuəni göndərir".
Tolstoy hər iki yazını, xüsusən də
"Təcəliyyat"ı diqqətlə oxumuşdu. Lakin
bəhailik təliminə bəslədiyi maraq və hörmətə
rəğmən, o qədər də bəyənməmişdi.
Ümumiyyətlə, 1909-cu ildən etibarən bəhailiyin
insanların fikirlərində müsbətə doğru
inqilabi dəyişiklik yaradacağı, "qardaşlıq və
sevgi dininə" çevriləcəyi, bəşəriyyəti
yüksək dəyərlər ətrafında birləşdirəcəyi
ilə bağlı başlanğıc mərhələdə
meydana çıxan gözləntiləri get-gedə zəifləməyə
başlamışdı. Bunu Ələkbər Məmmədxanova
göndərdiyi 28 noyabr 1909-cu il tarixli məktubda da
açıq şəkildə ifadə etmiş və
artıq bəhailik haqda kitab yazmaq fikrindən vaz keçdiyini
diqqətə çatdırmışdı: "Çox təəssüflənirəm
ki, tərcüməniz vasitəsi ilə tanış
olduğum fikirləri əhəmiyyətli saya bilmirəm.
Bütün bunlar tamamilə məzmunsuz şeylərdir.
Ümumiyyətlə, bəhai təlimi ilə dərindən
maraqlandıqca daha az qiymətləndirməyə
başlayarım. Ona görə də çətin ki, bu barədə
kitab yaza bilim". L.N.Tolstoyun şəxsi həkimi və dostu
Duşan Makovitski də gündəliyindəki 1-2 dekabr 1909-cu
il tarixli qeyddə yazıçının son bəhai ədəbiyyatı
nümunələrini bəyənmədiyini
onun öz dilindən eşitdiyini vurğulayaraq
yazmışdı: "Dedi ki, bu məzmunsuz Şərq
ritorikasından başqa bir şey deyil".
Şübhəsiz, belə münasibət yalnız
Ələkbər Məmmədxanovun tərcüməsinin
keyfiyyəti ilə bağlı ola bilməzdi. Qüdrətli
söz sərrafı olan Tolstoy hətta kifayət qədər
aydın ifadə edilməmiş mətndə də
mühüm fikirləri, dərin mətləbləri sezmək
ustalığına malik idi. Bəhai mətnlərində,
xüsusən də Əbdülbəhanın "lövhlərində"
ritorika və bəlağətin get-gedə artması,
"yüksək üslubun" ön plana
çıxması isə onun ciddi təhlil nəticəsində
gəldiyi doğru qənaət idi.
L.N.Tolstoy azərbaycanlı müxatibinə sonuncu məktubu
ölümündən təxminən doqquz ay əvvəl,
1910-cu il fevralın 18-də yazmışdı. Həmin ilin
yanvar ayında Ələkbər Məmmədxanov müəllifi
olduğu "Bab, Bəhaullah və
Əbdülbəha" kitabını, eləcə də bəzi
digər bəhai nəşrlərini Yasnaya Ïolyanaya göndərmişdi.
Az keçməmiş Tolstoydan aşağıdakı məzmunda
cavab almışdı: "Kitab gəldi, ("kitab" dedikdə
Mirzə Ələkbərin müəllifi olduğu nəşr,
"kitablar" adı altında isə bəhailiyə dair
digər müəlliflərin əsərləri nəzərdə
tutulur - V.Q.) gəldi, kitablar isə hələ
çatmayıb. Məktubunuz üçün sizə dərin
təşəkkürlərimi bildirirəm. İndi dünyanın
başlıca dini təlimləri haqqında həm dəyərləndirmə,
həm də izahların sadəliyi baxımından hər kəs
üçün anlaşıqlı olan bir silsilə
broşürlər tərtib edirəm. Bəhailər barəsində
də belə bir nəşr hazırlamaq fikrindəyəm.
Odur ki, fikrimdə tutduğum əsər üçün zəruri
qaynaqlar göndərdiyinizə görə sizə çox
minnətdaram".
Lakin güman ki, yazılanlar sadəcə diqqət
müqabilində göstərilən nəzakət ifadəsindən
başqa bir şey deyildi. Çünki əvvəla,
yuxarıda qeyd etdiyim kimi, daha dərin və tələbkar
tanışlıq nəticəsində bəhailik Tolstoyun
gözləntilərini doğrulda bilməmişdi. Nəticədə
yazıçı əvvəldə heyranlıqla
yanaşdığı təlimə marağını
itirmişdi. Digər tərəfdən isə uzun və
ziddiyyətlərlə dolu ömrünün son aylarında
onu tamamilə fərqli məsələlər
düşündürürdü. Leninin "rus inqilabının
güzgüsü" adlandırdığı qraf Tolstoy
yalnız dövlət qurumları və kilsə ilə deyil,
ailəsi, xüsusən də birgə həyatları boyu
yaxın sirdaşı və köməkçisi olmuş
xanımı ilə ciddi münaqişə
yaşayırdı. Sonda çıxış yolunu evdən
getməkdə, təcrid və tənhalıqda tapmaq istəmişdi.
Bu isə nəticə etibarı ilə ölümünə
gətirib çıxarmışdı.
Əbdülbəhanın Mirzə Ələkbərə
məktublarında da qraf Tolstoyun adı tez-tez
xatırlanır, ona həmişə yüksək hörmət
və ehtiram göstərməyin vacibliyi mütəmadi
vurğulanır. Dünyanın hər yerində sadə
insanlar arasında böyük nüfuz sahibi olan
yazıçının, fikir və düşüncələrə
hakim kəsilmiş "həqiqət
axtarıcısının" adi bir təqdir
sözünün, razılıq kəlməsinin də bəhailiyə
minlərlə yeni tərəfdarlar qazandıracağı
fikri diqqətdən qaçırılmır. Başqa
sözlə desək, Hayfadakı bəhai qərargahı Mirzə
Ələkbərin həmişə Tolstoyun üstündə
"göz olmasını", qüvvə və imkanları
daxilində onu bəhailik orbitində saxlamağa
çalışmasının vacibliyini israrla diqqətə
çatdırırdı. Bunu Əbdülbəhanın məktubundan
misal gətirdiyim bu sətirlərdən də sezmək
mümkündür: "Qraf Tolstoya ürəyimin dərinliyindən
gələn sevgi dolu salamlarımı yetir, onunla son dərəcə
sayğılı davran. Çünki əvvəla, ilahidən
bizə hər kəslə belə davranmaq əmri gəlib.
Ola bilər ki, fikirlərində bitərəf qalsın. Amma
münasibətinin müvazi olması, hətta
yaxşılaşması ilə bağlı işarələr
sezilir. Ümid var ki, Allah istəsə, müsbət
münasibət bundan sonra da davam etsin və İşimiz haqda ədalət
hissi ilə danışsın. Ona və onun kimi insanlara
Allahın xidmətçisinin (özünü nəzərdə
tutur - V.Q.) Qərbdəki və Şərqdəki
dindaşlara ünvanlanan müraciətinin rusca tərcüməsini
göndərmək zənnimcə, faydalı olar".
Əli Naxçıvaninin yazdığına görə,
atası 1910-cu ilin noyabrında Tolstoyun dəfn mərasimində
iştirak edən Azərbaycan nümayəndə heyətinin
başçısı olmuşdu. Deyilənlər həqiqətə
nə dərəcədə uyğundur? Doğrudanmı
Bakıdan Yasnaya Ïolyanaya nümayəndələr göndərilmişdi?
Təşkilatçılar kim idi? Təziyə heyətinin tərkibinə
kimlər daxil idi? Təəssüf ki, bu barədə
dövrün mətbuatında hansısa məlumata təsadüf
edimir. Müqayisə üçün bildirim ki, matəm mərasimindən
fərqli olaraq Tolstoyun 1908-ci ildə dünya miqyasında
geniş qutlanan 80 illik yubileyində 20 nəfərlik Azərbaycan
heyətinin iştirakı ilə bağlı fakt təsdiqini
tapıb. Həm də maraqlıdır ki, Bakıdan gələn
qonaqlar yubilyara hədiyyə kimi
şəhərdəki realni məktəblərdən
birinin şagirdləri
H.Əliyev, Q. və Ə.Şahbazov qardaşlarının Azərbaycan
dilinə tərcüməsində onun "İnsana
çoxmu torpaq lazımdır?" hekayəsinin əlyazmasını
gətirmişdilər. Tolstoy isə müqabilində
uşaqlara təşəkkür məktubu göndərmişdi.
Tolstoyşünas alimlərin yazdığına görə,
Yasnaya Ïolyananın qeyd kitablarında yazıçı və
pedaqoq Sultan Məcid Qənizadə, yaxud gələcəyin
tanınmış aktyoru Hacıağa Abbasovun malikanəni
ziyarət etmələri barəsində məlumata təsadüf
olunur. Amma məktublaşmalar xaricində Mirzə Ələkbərlə
bağlı belə bir qeydə rast gəlinmir.
Ələkbər Məmmədxanovun gənclik dostu C.Məmməduluzadə
hələ 1904-cü ildə əməkdaşı olduğu
"Şərqi-rus" qəzetində Lev Tolstoyun "Allah həqiqəti
bilir, amma tezliklə deməz" hekayəsini öz tərcüməsində
dərc etdirmişdi. "Molla Nəsrəddin"
jurnalının 1908-ci ildə çıxan 11-ci sayında isə
artıq Rusiyanın "ikinci padşahı" kimi məşhurlaşan
yubilyarın ağıl və şüurlara hökm etməsindən
söz açaraq yazmışdı ki, 60 ilə
yaxındır bəşəriyyət Tolstoyun adını
minnətdarlıqla çəkir. Bu şərəfli ad
yazıçı şair və qəzetçilərdə dərin
hörmət hissi doğurur.
O da maraqlıdır ki, 1910-cu ildə rus ədəbiyyatı
klassikinin vəfatı ilə bağlı yalnız Bakıda
deyil, Azərbaycanın digər yerlərində - Gəncədə,
Lənkəranda, Şəkidə (kim bilir, bəlkə də
Krımdan şəxsən tanıdığı və
"sevimli qardaşı" dediyi keçmiş bəhai
Qasım Bayramovun təşəbbüsü ilə?) matəm
mərasimləri təşkil edilmişdi. Amma təəssüf
ki, gözdən keçirə bildiyimiz mənbələr Mirzə
Ələkbər Məmmədxanovun bu mərasimlərdə
iştirakı ilə bağlı da hər hansı məlumat
vermir.
(Davamı qəzetin gələn şənbə
sayında)
Vilayət QULİYEV
525-ci qəzet.- 2024.- 14 dekabr(¹230).-S.10-11.