Metro
hekayə
...Türkiyədə təsadüfən xeyli
dilçi alimin iştirak etdiyi bir tədbirdə idim.
Onların bir qrupu Osmanlı dövründəki ərəb əlifbasına
qayıtmağın qızğın tərəfdarıydı.
Buna nə ehtiyac olduğu ilə maraqlandım.
- Gənclərimizin keçmiş tariximizi, ədəbiyyatımızı
daha asan araşdırması, öyrənməsi
üçün lazımdı, - dedilər.
- Bəs son yüz ildəki tarixiniz, elminiz, ədəbiyyatınız
necə olacaq? - Soruşdum. - Bəlkə onu öyrənmək
üçün də 50-60 il sonra yenidən latın əlifbasına
qayıtmağı düşünürsünüz? - İncə
istehza ilə əlavə etdim.
- Xeyr, qayıtmayacağıq! - Biri qətiyyətlə
bildirdi. - Bu dönəmi elektronlaşdıracağıq.
- Əfəndim, məncə, ölkənizin son
yüz ildə elm, ədəbiyyat sahəsində
qazandığı uğurlar Osmanlı mirasından daha zəngin,
daha faydalıdı. Elektronlaşdırmaq gərəkdisə,
Osmanlı mirası daha asan və ucuz başa gələr.
Başqa bir dilçi, sanki mənim acığıma,
heç dəxli olmadan belə bir fikir səsləndirdi:
- Azərbaycan, özbək, türkmən, qazax,
qırğız, tatar, başkir dilləri ləhcələrdi.
- Hansı dilin ləhcələri? - Soruşdum.
- Türk dilinin!
- Hansı türk dilinin? - Sualı bir qədər də
dəqiqləşdirdim.
- Türkiyə türkcəsinin!
Öz mövqeyimi ortaya qoydum:
- Bağışlayacaqsınız, bizim dədə-babalarımızın
pasportunda kimlikləri türk yazılanda, siz hələ
özünüzü osmanlı sayırdınız.
Türklüyünüzü sizə Atatürk anlatdı. Mən
də Türkiyə türkcəsini sizin kimi ləhcə
adlandıra bilərəm.
- Bilməzsiniz, - deyib xırdalandı, - biz çoxuq!
Onun səviyyəsinə enmədim.
- Dilimiz bir kökdən su içib. Əsrlər boyu
ortaq dildə danışıb anlaşmışıq. Tarixin
müəyyən keşməkeşlərində bir müddət
ayrı düşməyimiz, dillərimizin çalar dəyişməsi
sizi çaşdırmasın. Bir olmaq fürsətini
qaçırmamalıyıq. Birləşsək, düşmənlərimizin
daha bizi bir-birimizdən ayırmağa gücü çatmaz!
- Ortaq dediyiniz sözlərin çoxu ərəb-fars,
Avropa dillərindən keçmə sözlərdi.
- Olsun, onlar dilimizdə çoxdan vətəndaşlıq
qazanıb. Sevə-sevə oxuduğumuz klassiklərin əsərləri
həmin sözlərlə doludu. Siz də, biz də, qeyriləri
də onları həmin sözlərə görə başa
düşür, özümüzünkü, doğmamız
sayırıq.
- Siz özünüz bilərsiniz, biz dilimizdəki o
yabançı sözlərin əvəzinə yeni sözlər
yaradacaq, dilimizi onlardan tamam təmizləyəcəyik! - Adam
daha irəli getdi.
- Etməyin, əfəndim, - dedim. - Bundansa gəlin əl-ələ
verək, yaxınlaşmaq, birləşmək
üçün dillərimizdəki ortaq sözləri
tapıb daha da artıraq. Axı onlar ərəb-fars, Avropa
sözləri olsa da, bizi heç ayırmayıblar. Əksinə,
anlaşmamıza yardımçı olublar.
- Yox, biz Atatürkçüyük, - adam coşdu, -
dediksə, edəcəyik!
Saxta atatürkçüləri, xüsusən,
İstanbul bələdiyyəsində
çalışdığını, dilçilik sahəsində
neçəsə kitabın müəllifi olduğunu söyləyən
adamı ən çox əsəbiləşdirən
fransız dilindən alınma metro sözü idi.
- Ola bisin, - dedim, - hansısa fransızın sizə
bir pisliyi dəyib. Metronun, ya da bu sözün nə
günahı? Qardaş türk dövlətlərinin
hamısında "metro" sözü işlənir. Birdəncə
bu sözə niyə qənim kəsilmisiniz? Yaxşı,
"metro"nu hansı sözlə əvəz edəcəksiniz?
- Məsələn: "Buluşma yeri",
"Yeraltı ulaşım yeri"...
- Ulaşma? - Doğrusu, bu sözü anlamadım. -
Etməyin! Metro ulaşma yeri deyil. Bir sözdən ibarət
termini 2-3 söz birləşməsi ilə əvəz etmək
dilin qanunlarına ziddi. Bir metrobusunuz da var. Ona nə deyəcəksiniz?..
- Bir ad taparıq.
Başabəla dilçilər (adamın lap
dinçilər deməyi gəlir) geri çəkilmədilər.
Dediklərinə görə, yaxın vaxtlarda türk ləhcələrinin
(dedikləri dedikdi) ümumi toplantısını
çağıracaq, orda həmin məsələləri daha
ciddi şəkildə qaldıracaqdılar.
Şeytan qulaqlarına xəbər aparmasın, qorxum
süni şəkildə yaratdıqları sözlərlə
dilimizi zibilləyən özümüzün böyük
qardaş xiffəti çəkən başabəla
dilçilərimizdəndi. Dəlinin yadına daş salmaq
kifayətdi.
- Məni bağışlayın, - dedim, - siz
atatürkçülüyü doğru başa
düşmürsünüz. Atatürk dövlətin zəif
vaxtında İran şahından qızıl pul
qarşılığında 15 km enində torpaq alıb,
Naxçıvanla Türkiyəni birləşdirdi. Siz isə
qardaş xalqların anlaşmasına az-çox
yardımçı olan sözləri sıradan
çıxarmaqla məşğulsunuz. Bu, əsl vandalizmdir.
Millətin arasına məzhəb ayrı-seçkiliyi salan
mollalardan, din tüccarlarından heç bir fərqiniz yoxdur.
Sizin kimi dilçiləri olan türkə düşmən
ehtiyac deyil.
lll
Bütün günü bu barədə
düşündüm. Gecə də gec yatdım. Yuxuda
gördüm, onlar dediklərini gerçəkləşdiriblər.
O məşum toplantıdan nə az-nə çox, düz 20
il ötüb. Türkdilli qardaş dövlətlərin
başabəla dilçiləri "böyük"
qardaşın fitvasına uyub, dillərində nə qədər
ərəb-fars, Avropa sözləri var, hamısını
süni şəkildə qurub-qoşduqları yeni sözlərlə
əvəz ediblər. Əndirəbadi dillər əmələ
gəlib. Bayaqdan bir-birlərini asanca başa düşdükləri
halda, indi tərcüməçiyə, ortaq dilə - ingilis
dilinə möhtacdılar.
İstanbulda keçiriləcək növbəti
Türk Ləhcələri Toplantısına qardaş ölkələrdən
dəvət alan nümayəndələr hava limanındaydılar.
Onları qarşılayan və toplantı yerinə
aparmalı olan Türkiyə dilçilərinin rəhbəri
ev sahibi kimi nəqliyyat vasitələrindən ən sürətli
və ən rahatını - metronu seçmişdi. Elə hey
təkrarlayırdı:
- Əfəndilər, Buluşma yerinə buyurun.
Bir-birinin üzünə baxıb, gözünü
döyən qardaş dilçilər bu lənətə gəlmiş
"Buluşma yeri"nin nəmənə olduğunu
anlamayaraq deyirdilər:
- Əfəndim, biz zatən buluşma yerindəyik.
Türk dili qurumunun bəraye-ehtiyat onlar
üçün ayırdığı tərcüməçi
də tərslikdən hardasa ləngiyirdi.
Toplantıya qonaq qismində qatılmış bölgə
üzrə ingilis şərqşünası avara
qalmış dilçilərin dadına yetdi:
- Cənab toplantı iştirakçıları, yəqin
hamınız ingilis dilini bilirsiniz?
- Əlbəttə, bilirik! - Bir ağızdan, həm
də fəxarətlə dilləndilər.
- Məlumunuz olsun ki, müasir türk dilindəki
Buluşma yeri "metro" deməkdir.
Utancverici sıxıntıdan qurtaran Türk Dil
Qurumunun rəhbəri ingilis şərqşünasına
acizanə təşəkkür etdi. Qardaş dilçilər
isə ona dəvə nalbəndə baxan kimi baxaraq
qarşıda göz deşən iri hərflərlə
"Buluşma yeri" yazılmış istiqamətdə
addımladılar.
İngilis şərqşünası rişxəndlə
gülümsəyərək soruşdu:
- Maraqlıdı, görəsən, metroya müasir
qardaş türklər nə deyirlər?
Azərbaycanlı:
- Dartışma yeri. - Özünə haqq
qazandırdı. - Bizdə bashabasdı.
- Qucaqlaşma yeri, - özbək dedi. - Bizdə də
sıxlıqdı.
- Sürtüşmə yeri, - türkməndən
cavab gəldi.
- Gülüşmə yeri, - qazax güldü.
- Ulaşma yeri, - qırğız izahat da verdi. - Yəni
tez çatmaq yeri. Bu ulaşmaq o ulaşmaqdan deyil.
- Sizə yazığım gəlir, - Şərqşünas
acı-acı güldü. - Doğrudan da, özü
özünə edəni el yığılsa, edə bilməz.
Hər il dünyada neçə-neçə dil ölür.
Bilirsiniz niyə? Dünyanı üzlərinə
qapatdıqlarına görə. İnsanlar öz dillərində
onları ən yaxın qonşuları belə başa
düşmədiyini görüb, əcnəbi dilləri
öyrənir, əl-ayaqlarına dolaşan dillərini
unudurlar. Təfəkkürünüz molla təfəkkürüdü.
Üzdəniraq fəaliyyətiniz sizi bir-birinə yaxınlaşdırmaq
əvəzinə, saxta məzhəblər kimi bir-birinizdən
ayırıb.
Nə qədər bərk yatsan da, bu sözlərdən
sonra ayılmamaq heç mümkündü?!
Eyvaz ZEYNALOV
525-ci qəzet .- 2024.- 17 dekabr(№231).-S.15.