"Qırmızı
terror"un dəhşətləri: faktlar və sənədlər
aynasında
Tanınmış alim Boran Əziz Azərbaycanın
müasir tarixşünaslığında repressiya
dövrünü məxsusi fədakarlıqla araşdıran
fədakar tədqiqatçıdır. Dəyərli
tarixçinin bu yaxınlarda işıq üzü
görmüş "Ağdam rayonunun Mərzili və bəzi
başqa kəndlərindən repressiya edilmişlər.
Acı həqiqətlər, ağrılı faktlar"
kitabında sovet repressiya maşınının udduğu
qurbanların, ailələlərin, kəndlərin faciələri
hər biri ayrıca araşdırılıb və sanki hər
cümlədə bu tarix yenidən yaşanır... Bu
sanballı araşdırmada repressiya qurbanları təkcə
bir tarix faktı kimi deyil, məhv edilən insanların son nəfəsi,
ailələrin dağılan ümidləri kimi
canlandırılıb.
Boran Əzizin bu kitabında yalnız
xalqımızın amansız repressiyaya məruz
qaldığı illərin təsviri deyil, həmin
dövrün milli ruhumuzda açdığı yaraların rəsmi
var. O, yalnız tarixi təhlil etmir, həm də tarixi
travmaların xalqın və fərdlərin gələcəyinə
necə təsir etdiyini göstərir. Bu akademik
araşdırma köhnə yaraları da yenidən qövr
etdirib. Kitabda sovet rejiminin "xeyir-duası" ilə
başımıza darğa kəsilən erməni şovinistlərinin,
burada isə konkret olaraq Ağdam XDİK-nin rəisi Mixail
Camqarovun qərəzli şəkildə xalqımıza qənim
kəsilməsi tarixi faktlarla, DTX arxivlərindən
götürülən istintaq materiallarının ətürpədən
mətnləri ilə ifşa edilib.
Kitabda Ağdamın Mərzili kəndinin adı
yalnız coğrafiya predmeti kimi yox, həm də bir xalqın
öz taleyində daşıdığı ağır
yükün rəmzi kimi təqdim edilir. Bu araşdırmada Mərzili
və digər kəndlərin mövcud potensialına və gələcək
inkişafına ağır zərbələr vurmuş bir
dönəmin bütövlükdə Azərbaycanın
taleyində nə qədər dərin izlər
buraxdığını göstərir. Kitabda müəyyən
mənada zamanın gərdişinə məğlub olmuş
repressiya qurbanlarının taleləri, eyni zamanda onlara
qarşı dindirmələrdə iştirak edənlərin
Camqarov tərəfindən mənən sındırılma cəhdləri
ilə tanış olduqca, istintaq materiallarındakı
cümlələri oxuduqca hamımıza milli mənlik
şüurunun vacibliyi bir daha xatırladılır.
Bu tədqiqatın tarixi əhəmiyyəti həm də
budur: yalnız tarixi faktları öyrənmək yox, repressiya
zülmünü yaşayan insanların ruhi vəziyyətini
anlamaq, onların yaşadığı travmaları öz
daxili dünyamızda hiss etmək və günahsız
qurbanları ehtiramla xatırlamaq... Tarixçi Boran Əziz
öz alim mövqeyi ilə tarixə yalnız soyuqqanlı elmi
baxış atmağı deyil, həm də milli ruhla
baxmağı öyrədir.
Cəmiyyətdə belə bir fikir formalaşıb
ki, sovet dövründə repressiyaya ancaq ziyalılar və
tanınmış şəxslər məruz qalıblar. Adıçəkilən
kitab bu daşlaşmış fikir stereotiplərini
dağıdır. Belə ki, kitabı oxuduqca kənddə
öz gündəlik həyatı, əkin-biçini ilə məşğul
olan sıravi, sadə insanların da sovet repressiyasından yetərincə
"nəsibini aldığının" şahidi oluruq.
İronik səslənsə də, çoxu "burjua millətçiliyi"
damğası ilə... İndiyədək tanış
olduğumuz tarixi ədəbiyyatlarda daha çox
İsmayıllı, Şamaxı rayonlarında
kolxozçuların kütləvi həbsini oxumuşduq. Amma məhz
Boran Əzizin bu kitabını oxuyandan sonra geniş ictimaiyyət
Ağdamın təkcə Mərzili kəndindən iyirmi
üç nəfərdən artıq insanın güllələnməsi,
onlarla günahsız şəxsin sürgünə göndərilməsi
haqqında məlumatlarla tanış olmaq imkanı qazanır.
Onu da öyrənirik ki, repressiya faciəsindən təkcə
Mərzilinin deyil, Ağdamın Çuxurməhlə, Əlimərdanlı,
İsmayılbəyli, Novruzlu, Pərioğlular,
Şelli-Qaradağlı, eləcə də Ağcabədinin Ləmbəran
kəndlərinin də qismətinə "pay
düşübmüş".
Kitabda öz əksini tapan çoxsaylı faciəvi
talelərdən birinə nəzər yetirək: Mərzilinin
26 yaşlı gənc sakini Bəhram Bayramov Camqarovun
imzaladığı orderlə 1937-ci ilin avqustunda "əksinqilabçı,
millətçi təşkilatın üzvü" kimi cinayət
məsuliyyətinə cəlb edlib, istintaqlarda cəza
maşınından keçirilməsinin nəticəsi olaraq
elə birinci sualdan "lazımi ifadələri" vermək
məcburiyyətində qalıb. 1938-ci il martın 9-da əmlakı
müsadirə olunmaqla güllələnməyə məhkum
edilib, hökm martın 27-də yerinə yetirilib... Sonralar bəraətvermə
prosesində günahsız olaraq repressiyaya məruz
qaldığı bilinəcəkdi. Bilinən həm də o
idi ki, özündən sonraya həm də 3-4 yaşlı
övladı yetim qalıb... Və bu cür talelərin
sayı onlarladır - bir ayın, bir həftənin içərisindəcə
güllələnməyə məhkum edilərək hökmlərin
də tələm-tələsik yerinə yetirildiyini oxuyuruq hər
səhifədə... Onların "günahlar"ı isə
Vətənini, millətini, dinini sevmək, sovet rejimini qəbul
edə bilməməkləri idi. İstintaq işlərinə
vurulan "yarlıqlar"dan bəlli olur ki, daşnak xislətli
camqarov kimilərin məqsədi əslində aydın
düşünən Azərbaycan övladlarının
axırına çıxmaq idi, vəssalam: "əksinqilabçı",
"millətçi", "qiyamçı
müsavatçı", "kulak" (mülkədar),
"əhli Quran firqəsi tərəfdarı",
"keçmişin qalığı"... damğaları
altında!
Kitabı oxuduqca sarsıdan digər bir məqam da bu
insanların əksəriyyətinin səsinin əlindən
alınmış olmaları idi. Səsdən məhrum edilmək,
hər hansı seçimdə söz haqqının
olmaması, insana mənəvi qul kimi davranaraq onu təkcə
fiziki yox, həm də mənən sındırmaq, heysiyyətini
heçə saymaq... Bəy-xan nəslindəndirsə,
var-dövləti varsa əlindən almaq, özünü də
kolxozda "əməkgünü sistemi" adı altında
sovet rejiminə maaşsız "qul"luq etməyə məcbur
etmək... Həm də XX əsrdə...
Kitabdan tanış olduğumuz digər bir dəhşətli
fakt da var: Camqarovun apardığı istintaqlarda, heç bir
fakta əsaslanmayan ittihamlarda çoxlu səhvlərin
olması, işlərin başdansovdu formada yekunlaşması,
hökmlərin tələm-tələsik icra edilməsi,
zorakılıq, işgəncə ilə ifadə
alınması, protokollara təqsirləndirilənlərin demədiklərinin
yazılması adi hal imiş.
Dəhşətlisi budur ki, repressiya dönəmində
bu hal təkcə Ağdamda deyil, Azərbaycanın hər
yerində hakim idi. Camqarov tək deyildi, Mircəfər
Bağırovun "əlinin altında" fəaliyyət
göstərən daşnakruhlu X.Qriqoryan, R.Markaryan və daha
neçə saysız-hesabsız belə cəllad
"yan"lar qırmızı terror dövründə azərbaycanlıların
qanına susamışdılar. 1937-ci ildə
M.Bağırovun əlaltısı olan Xoren Qriqoryanın
Bakıdan atasına fəxrlə göndərdiyi məktub bu
dəhşətlərin miqyasını göstərir. Məktubda
yazılırdı ki, o, 100 nəfər azərbaycanlını
güllələdib, 500 nəfər isə növbə
gözləyir...
Kitabda 1956-cı ildə bu daşnakların, eləcə
də Bağırovun repressiya dövründə törətdikləri
cinayətlərə görə ölüm cəzasına məhkum
edildikləri də diqqətə çatdırılıb. Eləcə
də Bağırovun həmin məhkəmədə dediyi
tarixə düşən məşhur ifadəsi də:
"Xalq qarşısında günahlarım o qədər
böyükdür ki, məni güllələmək və
asmaq azdır, məni şaqqalamaq və parça-parça
etmək lazımdır". Bu böyük günahlar təkcə
Ağdamın kəndlərinin əhalisinə deyil,
bütün Azərbaycan xalqına qarşı törədilmişdi.
Qırmızı terror insanların həyatlarını,
gələcəyə ümidlərini qırmaqla
yanaşı, onların psixologiyasını, mənəvi
dünyalarını da parçalayaraq kəsik-kəsik
insanlıq portretləri ortaya qoyub."Humanist" sovet rejimi
dünənəcən bir süfrədə çörək
kəsən dostları, yoldaşları işgəncə
vasitəsilə bir-birinə qarşı ifadələr verməyə
məcbur edib, onların özlərindən sonra ailələrini
də bir-birinə düşmən kəsilməyə hədəfləyib.
Bu kitab o dövrdəki itkiləri, qurbanları qeyd etməklə
yanaşı, həmin insanların psixologiyasını,
duyğularını və həmçinin
qarşısında durduqları sistemin şəxsiyyətə
yönələn zərbələrini, vurduğu travmaları
anlatmağa yönəlib. Mərzili və ətraf kəndlərin
insanları yalnız fiziki olaraq
deyil, ideoloji və mənəvi planda da çox
sıxışdırılıblar. Sovet rejimi, insanları
siyasi olaraq parçalamaqla yanaşı, onların mənəvi
varlıqlarını, kimliklərini və hətta ailə əlaqələrini
də sarsıtmağa cəhd edib. Bu, təkcə
Ağdamın, Mərzilinin deyil, bütövlükdə bir
xalqın taleyinə vurulan sağalmaz yaradır.
B.Əzizin əsərindəki dərinlik, məhz bu məqamda
ortaya çıxır. O, yalnız rejimin qurbanlarını
xatırlatmır, eyni zamanda o qurbanların içində gizlənmiş
olan insanlıq dramını da ortaya qoyur. Bir yanda Stalin
repressiyasının gətirdiyi ölüm və iztirab, digər
yanda isə insanların özlərinin içində
yaşadıqları psixoloji travmalar...
Dəhşətə gətirən istintaq
materiallarını bircə-bircə oxuduqca repressiya qurbanı
olan sadə insanların təkcə fiziki mənada
zülmünə deyil, həm də ruhi-psixoloji müstəvidə
də mənəvi təcavüzünə şahid oluruq...
Bu əsərdə Ağdamın Mərzili kəndi
bir coğrafi məkan kimi verilsə də, təkcə kəndi
deyil, bütövlükdə bir xalqı
simvollaşdırır. Mərzili, sadəcə bu kitabın
üz qabığında yer alan bir kəndin adı deyil, bir
xalqın tarixinin, acısının, kimliyinin və müqavimətinin
timsalıdır.
Boran Əzizin "Ağdam rayonunun Mərzili və
başqa kəndlərindən repressiya edilmişlər.
Acı həqiqətlər, ağrılı faktlar"
kitabı yaşanmış ağrıların dərindən
anlaşılması üçün böyük zəhmətlə
ərsəyə gətirilən olduqca qiymətli tarixi
töhfədir. Tanınmış alimin keçmişin dəhşətlərini,
insanların mənəvi əzablarını, psixoloji travmalarını, iç
dünyalarındakı fırtınaları əks etdirən
bu tədqiqatı həm də gələcək nəsillər
üçün bir mənəvi abidə rolunu oynayır və
hamımızın yaddaşının təzələnməsinə
xidmət edir.
Redaksiyadan: Dəyərli tarixçimiz Boran Əzizin
bu yaxınlarda - dekabrın 30-da 70 yaşı tamam olur. Bu
münasibətlə yubilyarı ürəkdən təbrik
edir, ona möhkəm sağlamlıq, şəxsi həyatında
və elmi yaradıcılığnda yeni uğurlar arzulayırıq.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2024.- 17 dekabr(№231).-S.14.