Azərbaycan
yazıçıları Qazaxıstan Yazıçılar
İttifaqının 90 illik yubiley təntənəsində
Dekabrın 13-də Almatıda Qazaxıstan
Yazıçılar İttifaqının 90 illiyi münasibətilə
təntənəli yubiley mərasimi keçirilib. Mərasimdə
qazax şair və yazıçıları ilə
yanaşı, TÜRKSOY beynəlxalq təşkilatı, Azərbaycan,
Türkiyə, Rusiya, Çin, Özbəkistan,
Qırğızıstan və digər ölkələrdən
nümayəndə heyətləri də iştirak ediblər.
Ölkəmiz yubiley tədbirində Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar və birliyin sədr müavini Rəşad
Məcid ilə təmsil olunub.
Mərasimdə Qazaxıstan Prezidenti Qasım-Comərd
Tokayevin yubiley iştirakçılarına
ünvanladığı təbrik məktubu Dövlət
müşaviri Erlan Karin tərəfindən oxunub: “Hazırda
millətimiz keyfiyyət baxımından yenidən
formalaşır. Ağıllı və mütərəqqi nəsil
yetişdirməkdə ziyalılar xüsusi rol
oynamalıdır. Bu məsuliyyəti dərindən hiss edərək
insanlıq dəyərlərini geniş şəkildə tərənnüm
edən bütün yazıçılara səmimi təşəkkürümü
bildirirəm. Xalqımızın ruhunu yüksəldən,
dünyagörüşünü genişləndirən əsərlərimiz
çox olsun. Sizlərə uğurlar arzulayıram”.
Tədbirdə vurğulanıb ki, Qazaxıstan
Yazıçılar İttifaqının tarixi 1934-cü il
iyunun 12-18-də keçirilmiş Qazaxıstan
Yazıçılarının I Qurultayından
başlayır. Onun qurucuları arasında Saken Seyfullin,
İlyas Jansuqurov kimi qazax ədəbiyyatının klassikləri
yer alır. O vaxtdan bəri yazıçılar, şairlər,
dramaturqlar, tərcüməçilər və digər
ziyalılar qazax xalqının ədəbiyyatının və
mədəniyyətinin inkişafına böyük töhfələr
veriblər. Hazırda bu qurum ölkənin ən böyük
yaradıcı birliyinə çevrilib və onun üzvlərinin
sayı min nəfərdən çoxdur. Qurumun himayəsi ilə
“Қàçàқ әäåáèåò³” qəzeti, “Æұëäûç”, “Prostor” və
“Æàëûí” jurnalları nəşr olunur.
Qazaxıstan Yazıçılar İttifaqının
sədri Mereke Külkenov çıxışında son
üç ildə dövlət tərəfindən kitab nəşrinə
xüsusi diqqət ayrıldığını qeyd edib:
“Bu il Mədəniyyət və İnformasiya Nazirliyi
ilə strateji tərəfdaşlıq çərçivəsində
3 layihə həyata keçirilib. Bu layihələr üzrə
36 kitab işıq üzü görüb.
Tədbir boyu 2024-cü ildə dövlət
sifarişi ilə nəşr olunan kitabların sərgisi təşkil
edilib. Bu il işıq üzü görən 170 yeni kitab
arasında qazax yazıçılarının MDB ölkələrinin
arxivlərindəki araşdırma əsərləri də
yer alıb. Gələcəkdə kitab oxuma mədəniyyətini
formalaşdırmaq üçün məktəblərdə
yazıçılıq dərsinin keçirilməsi nəzərdə
tutulur. Ədəbi tənqid sahəsini inkişaf etdirmək də
əsas diqqət mərkəzində olacaq”.
Yubiley mərasimində çıxış edən
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar qazax ədəbiyyatçılarını,
istedadlı yazıçı və şairləri öz
sıralarında birləşdirən bu ədəbiyyat
ocağının bütövlükdə XX əsr qazax mədəniyyətində,
xüsusən ədəbiyyatındakı misilsiz rolu
olduğunu bildirib:
“Məhz Qazaxıstan ədiblərinin və
Qazaxıstan Yazıçılar İttifaqının fəaliyyəti
nəticəsində dərin köklərə, tarixə malik
qazax xalqının dili qorunub saxlanılıb və inkişaf
edib”.
AYB sədri Xəzər dənizi vasitəsilə
qonşu olan Azərbaycan və Qazaxıstan xalqlarının
qardaşlığı haqqında da söz açıb: “Biz
böyük türk ailəsinin qardaş xalqlarıyıq,
burada böyük və kiçik qardaş anlayışı
yoxdur; bütün türk xalqları, o cümlədən də
Azərbaycan və qazax xalqları həmyaşıd, əkiz
qardaşlardır. Bizi din, dil, tarix və mədəniyyətimizlə
yanaşı, həm də xalqlarımızın
yaşadığı ortaq faciələr birləşdirir.
Biz indi həm Qazaxıstanda, həm də Azərbaycanda
Yazıçılar Birliyinin 90 illik yubileyini qeyd edirik.
Unutmamalıyıq ki, Yazıçılar Birliyinin
yaradılmasından üç il sonra Azərbaycanda repressiya
nəticəsində Hüseyn Cavid, Əhməd Cavad,
Mikayıl Müşfiq kimi onlarla görkəmli ədibimizi
itirmişik. Azərbaycan Yazıçılar Birliyində
1937-ci ildə həlak olmuş 30 yazıçı və
şairin xatirəsinə həsr olunmuş barelyef var.
Repressiya zamanı Saken Seyfullin, Beimbet Mailin, Ahmed Baytursın
kimi Azərbaycanda da tanınan böyük qazax
yazıçıları da repressiyaya məruz qalıblar.
Saken Seyfullin Azərbaycan yazıçısı Nəriman Nərimanovla
məktublaşaraq fikirlərini bölüşürdü.
Ahmed Baytursınov Bakıda keçirilən Türkoloji Qurultayda
iştirak edərkən türk dillərinin vahid və sadələşdirilmiş
bir yazı sisteminə keçməsinin vacibliyini
vurğulamışdı. Repressiya dövründə Azərbaycan
yazıçılarının ailələri, həyat
yoldaşları Qazaxıstanın müxtəlif bölgələrinə
sürgün edilib və onların məzarları hələ
də bu qardaş torpaqlardadır. Bu onu göstərir ki, bizi
yalnız sevinc və qələbələr deyil, həm də
faciəvi tariximiz birləşdirir. Lakin biz güclü xalqlar
olaraq bunları yaşadıq və öhdəsindən gəldik.
Həm Qazaxıstan, həm də Azərbaycan
yazıçıları doğma dildə yazaraq öz dillərinin
saflığını və təmizliyini gələcək nəsillər
üçün qoruyub saxladılar”.
Anar ümumtürk mədəniyyətinin bundan sonra da
qorunması və inkişafı naminə qazax həmkarlarına
həm öz adından, həm də Azərbaycan
Yazıçılar Birliyi adından fəaliyyətlərində
uğurlar arzulayıb. Xalq yazıçısının təsirli
nitqi yubiley iştirakçıları tərəfindən rəğbətlə
qarşılanıb.
“Məhz qazax yazıçılarının,
Qazaxıstan Yazıçılar İttifaqının müstəsna
rolu və yorulmaz fəaliyyəti sayəsində dərin
köklərə və tarixə malik qazax dili qorunub
saxlanılıb, qazax milli kimliyi yeni onilliklərə, yeni
minilliyə uğurla qədəm qoyub”. Mərasimdə bu
fikirlərlə AYB-nin sədr müavini Rəşad Məcid
çıxış edib. O vurğulayıb ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar
tarixli sərəncamının yaratdığı imkan sayəsində
görkəmli qazax yazıçıları Abay Kunanbayev,
Muxtar Auezov, Cambul Cabayev, Oljas Süleymenov, Muxtar Şaxanov və
digər qazax şair və yazıçılarının əsərləri
latın qrafikası ilə nəşr edilərək müstəqil
Azərbaycanda formalaşmış yeni oxucu nəslinə təqdim
edilib.
Rəşad Məcid ölkələrimiz arasında
qarşılıqlı olaraq həyata keçirilən mədəni
yeniliklərdən də söz açıb:
“Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetində
Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzi
açılıb. Bakı Dövlət Universitetində Abay
adına Qazax Dili, Tarixi və Mədəniyyəti Mərkəzi
fəaliyyətə başlayıb. İyirminci əsrin 70-ci
illərindən başlayaraq Abayın əsərləri
görkəmli Azərbaycan yazıçılarının tərcümələrində
nəşr olunur. Onlarla azərbaycanlı müəllifin əsərləri
müntəzəm olaraq qazax dilinə tərcümə edilərək
işıq üzü görüb. Sevindirici haldır ki,
Qazaxıstanda nəşr olunan “Tan-Şolpan” jurnalı bu ili
“Azərbaycan ədəbiyyatı ili” elan edərək, öz
saylarını Azərbaycan ədəbiyyatına həsr edib,
60-dan çox azərbaycanlı müəllifin əsərləri
qazax dilinə tərcümə edilib. “Tan-Şolpan”
jurnalının kollektivinə və bütün tərcüməçilərə
dərin təşəkkürümü bildirirəm.
Xalqlarımızın ümumi milli və dini mənşəyi,
ölkələrimizin qardaşlığı, dövlət
başçılarının dostluğu,
yazıçılarımız arasında möhkəm əlaqələr,
Azərbaycan Yazıçılar Birliyi ilə Qazaxıstan
Yazıçılar İttifaqı arasında sıx əlaqələr
bundan sonra da gələcəyə inamla nəzər
salmağa əsas verir”.
Yubiley çərçivəsində Xalq
yazıçısı Anara beynəlxalq "Alaş" ədəbiyyat
mükafatı təqdim edilib. Qeyd edək ki, bu mükafat XX əsrin
əvvəllərində Qazaxıstanda milli özünüdərk
və mədəniyyəti canlandırmaq üçün
yaranmış "Alaş" hərəkatının
ideyalarına və ənənələrinə uyğun olaraq
qazax ədəbiyyatına böyük töhfələr
vermiş yazıçı və şairlərə təqdim
edilən nüfuzlu beynəlxalq mükafatdır.
Yubiley münasibətilə Rəşad Məcidə
"Qazaxıstanın hörmətli
yazıçısı" fəxri adı verilib və ona
eyniadlı medal təqdim olunub. Xatırladaq ki, bu fəxri ad
Qazaxıstanın ədəbiyyatına və mədəniyyətinə
böyük xidmət göstərmiş
yazıçılara verilən yüksək ədəbi təltifdir.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2024.- 17 dekabr(¹231).-S.9.