Millət vəkili
Günay Ağamalı: “...heç zaman namizədliyimi irəli
sürməzdim”
Son ayını yaşadığımız 2024-cü
il ölkəmiz üçün bir sıra vacib və əhəmiyyətli
hadisələrlə yadda qaldı. Bu önəmli hadisələrdən
biri də VII çağırış Milli Məclisə
seçkilər idi. Bu seçkiləri namizədliyini ilk dəfə
irəli sürən, ölkənin ali qanunvericilik orqanında
ilk dəfə təmsil olunmaq hüququ qazananlar
üçün isə daha əlamətdar hesab etmək olar.
Bugünkü müsahibimiz də onlardan biridir. Həmsöhbətimiz
Ana Vətən Partiyasının sədr müavini,
partiyanın Qadınlar Şurasının sədri, “Buta”
xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrə
dəstək İctimai Birliyinin sədri, psixologiya üzrə
fəlsəfə elmləri doktoru, millət vəkili Günay
Ağamalıdır.
- Günay xanım, qiyabi tanışlıqdan optimist
insan təəssüratı yarada bilmisiniz...
- Ona görə ki, Azərbaycanın nailiyyətlərinə
görə çox
qürurluyam. Ölkəmin istər beynəlxalq arenada,
istər öz daxilindəki uğurlarını görüb
buna sevinməmək mümkün deyil. Düşünürəm
ki, hər bir azərbaycanlı yüksələn
nüfuzumuzla həm öyünür, həm də fəxr
edir. Təbii ki, bu torpağın bir övladı olaraq, bu
hisslər məndən də yan keçə bilməz.
- Sizin simanızda bir dilşünas-tərcüməçi,
bir psixoloq, həm ictimai-siyasi xadim, həm də bir millət vəkili
ilə qarşılıqlı söhbət edirəm. Bir dil
mütəxəssisini cəlb edən psixologiyanın səbəbi
mütləq var...
- Açıq deyəcəyəm, səbəb
övladlarım olub. Psixologiya təhsilindən əvvəl mən
Dillər Universitetində çalışırdım. O zaman
onlar balaca idi. Uşaqları böyüdə-böyüdə
məndə onların psixologiyasını öyrənmək
marağı yarandı və bu sahəyə yönəldim. Təhsil
aldığım vaxtda elə fəaliyyət sahəmi də
dəyişdim. Dillər Universitetindən ayrılaraq uşaq
bağçası sferasına yönəldim, çünki
onların psixologiyası mənə daha maraqlı idi. Yəni
uşaqlarım məni bir psixoloqa çevirməyi bacardı.
- Psixoloqun tərifini eşidək sizdən...
- Psixoloq insanları dinləyən, onların dərdinə
şərik olan, əslində isə bu problemlərə
istiqamət verməkdə çətinlik çəkən
insandır. Hər kəs fərdi
olaraq düşmüş olduğu vəziyyətdən
özü çıxır. Bəzən eşidirik deyirlər
ki, mən onun yerinə osaydım, belə etməzdim. Lakin əslində
biz başqasının keçirdiyi hissləri yaşamadan
heç vaxt bilmərik ki, həmin anda nə edərdik.
Psixologiya çox məsuliyyətli və mürəkkəb
sahədir. Bu sahəni seçərkən çox
düşünüb-daşınmaq lazımdır. Əsas
bilirsiniz nədir? Qarşındakını dinləmək
bacarığı. Bunun üçün isə səbir, təmkin
və iradə lazımdır. İnsanları dinləməyin
özü böyük cəsarət tələb edir. Əsl
psixoloq budur.
- Söhbətimizə bir ictimai-siyasi xadimlə davam edək.
Bu fəaliyyət ya ailədən gələ bilər, ya da
dövrün tələbi idi...
- Çox maraqlı sual oldu mənim üçün.
Azərbaycanın müstəqillik illərində Ana Vətən
Partiyasını yaradan, otuz il millət vəkili kimi parlamentdə
xalqını təmsil edən Fəzail Ağamalının
övladı olaraq, təbii ki, burada ailənin təsiri var.
Lakin 18 yaşında bu partiyaya qoşulmağım, aktiv
ictimai fəallığım, 2020-ci ildə partiyanın
Qadınlar Şurasının sədri seçilməyim
özümü sübutun nəticəsidir. Eyni zamanda sədrin
humanitar və kommunikasiya məsələləri üzrə
müşaviri təyin olundum. Ötən dörd il ərzində
hər iki istiqamət üzrə gözəçarpacaq dərəcədə
işlər görə bildik. Yəni həm ailənin, həm
də düşünürəm ki, fəaliyyətimin də
təsiri öz sözünü deyə bilib.
- Səmimi və açıq söhbətə zənnimcə,
etirazınız olmaz...
- Əlbəttə, buyurun.
- İctimai-siyasi fəaliyyətiniz millət vəkilliyinə
qədər gəlib çatdı. Yəqin özünüzə
də məlumdur ki, bu, cəmiyyətdə birmənalı
qarşılanmadı. Altı çağırış seçkilərdə iştirak edən
AVP-nin sədri Fəzail Ağamalı namizədliyini vermədi.
Lakin partiyanın verdiyi namizədlər siyahısında onun
qızının adı oldu və nəticədə eyni
seçki dairəsində səs çoxluğu qazandınız.
Bu da cəmiyyətdə bir rezonansa səbəb oldu...
- Açıq və səmimi deyəcəyəm.
Milli Məclisə seçkilərdə namizədliyin irəli
sürülmə dönəmində partiyamızın sədri
Fəzail Ağamalının səhhətində problemi
vardı. Bu haqda o özü mətbuata da bildirdi. Bu səbəbdən
o, namizədliyini irəli sürmədi. Bir partiya olaraq biz də
öz namizədlərimizi verməli idik. Partiya üzvlərinin,
İdarə Heyətinin qərarı ilə biz də on bir nəfərin
namizədləyini verdik. Onların arasında mənim də
adım oldu. Açıq etiraf edirəm, Fəzail müəllim
seçkilərə qatılmış olsaydı, mən
heç zaman namizədliyimi irəli sürməzdim.
- Uzun illərdir kənardan parlamentin işinə, fəaliyyətinə
bələdsiniz. Lakin artıq özünüz bu parlamentin
daxilindəsiniz və adınızın qarşısında
“millət vəkili” titulu səslənir...
- Təbliğat-təşviqat zamanı mənim belə
bir sloqanım olub: “Dövlətimizə, millətimizə sədaqətlə
xidmət edək”. Millət vəkili qanunvericilik orqanında fəaliyyət
göstərir və xalq tərəfindən seçilən
bir nümayəndədir. Bu xalqdan biri olan millət vəkili
onların səsi, sözü olmalıdır, qanunların
işlənib hazırlanmasında fəal olmalı, təkliflərini
irəli sürməlidir. Düşünürəm ki, otuz il
ərzində bizim qanunvericilik bazamız mütəşəkkil
şəkildə qurulub.
Əminəm ki, bundan sonra da Milli Məclis bu kimi
qanunları qəbul etməklə dövlətimizə öz
töhfələrini verə biləcək.
- Amma seçici səs verdiyi namizəddən heç
də həmişə razı deyil...
- Burada fərqli səbəblər ola bilər...VII
çağırış parlament seçkisi fərqli və
özünəməxsus bir seçki olduğundan bu gün
Milli Məclisin deputatı kimi çox qürurluyam. Bu, mənim
ilk seçkimdir, hələ üç aydır ki, fəaliyyətə
başlamışıq. Bu baxımdan seçici
narazılığı mənə yaddır və
çalışacağam ki, elə də qalsın. Parlamentin
Ailə, qadın və uşaq, İctimai birliklər və
dini qurumlar komitələrinin üzvüyəm. Millət vəkili
olana qədər mən həssas bir fəaliyyət yolu
keçmişəm. On dörd
ilə yaxın Körpələr evi-uşaq
bağçasının təsisçisi və rəhbəri
olmuşam. Eyni zamanda “Buta” xüsusi qayğıya ehtiyacı
olan uşaq və yeniyetmələrə dəstək
İctimai Birliyinin sədriyəm. Belə uşaqlara dövlətimizin,
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həmişə
xüsusi diqqət və qayğısı olub. Biz də
Qeyri-Hökumət Təşkilatı olaraq, hər zaman
çalışmışıq ki, cəmiyyətimizin bu həssas
təbəqəsinə elə həssascasına da
yanaşıb dəstəyimizi göstərək. Bir çox
layihələrlə bu istiqamətdə
atdığımız imzalar bu gün də davam edir. Hər
birimizin uşaqlıq, yeniyetməlik dövrü olub, artıq
bir mütəxəssisə çevrildikcə anlayırsan ki,
bu dönəmdə hər bir fərd diqqət və
qayğı ilə əhatə olunmalıdır ki, cəmiyyətin
gələcəyi sağlam düşüncəli nəslin əlində
olsun.
- Sırada AVP-nin Qadınlar Şurasının sədri
Günay Ağamalıdır. Konkret olaraq qadından
danışaq...
- Qadın cəsarətli, hünərli, mühafizəkar,
olduqca həssas və qayğıkeş varlıqdır.
Qadına xas xüsusiyyətlər sadalandıqca bitən
deyil. Azərbaycan qadınına verilən dəyər Ulu
öndər hakimiyyətə gələndən sonra daha parlaq
şəkildə təzahürünü tapdı. Məhz
bundan sonra qadınların cəmiyyətdəki rolu, fəaliyyəti
üzə çıxdı. İllər öncədən
yürüdülən siyasət bu gün də ölkə
başçısı tərəfindən uğurla davam edir.
Bu gün dövlət strukturlarında səlahiyyətli vəzifələr
daşıyan Azərbaycan qadını mədəniyyəti,
humanistliyilə yanaşı, cəsarətini də göstərməyə
qadirdir. Bu günün qadını cəmiyyətdə
tutduğu mövqedən asılı olmayaraq, hər bir sahədə
sözünü deməyi bacarır. Yəqin ki,
xatırlayırsınız, ötən ilin dekabr ayında
başlayan və 138 gün fasiləsiz davam edən ekofəalların
etiraz aksiyasında nə qədər gənc
qızlarımız, QHT-lərin nə qədər fəal
qadınları iştirak etdilər. Bütün bunlar Azəərbaycan
qadınlarına aiddir. Ümumiyyətlə türk
qadınları tarixən cəsarəti, döyüşkən
ruhu ilə yanaşı, həmişə cəfakeşliyi,
ailəcanlığı ilə seçilib. Mənim nəzərimdə
Azərbaycan qadını həmişə zirvədədir və
daima orada da qalmasını arzu edərdim.
- Azərbaycan xalqının taleyindən
ağrılı otuz il keçdi. Bu illər ərzində irəli
getməyi bacarsaq da, başımızı dik tuta bilmirdik.
Sonunda istəməsək də, müharibəyə
qalxdıq, savaşdıq və bu millətə aid olanı
geri ala bildik. Lakin dünya hələ də bizə
qarşıdır...
- Azərbaycan üz-üzə qaldığı
problemlə otuz il meydanda tək oldu. Heç bir dövlət,
heç bir qüvvə ona nəinki kömək etdi,
yanında belə olmadı. Lakin dövlət uzaqgörən
və yürütdüyü peşəkar siyasətilə
dünyaya özünü sübut edə bildi. Kimliyindən,
peşəsindən, müxalifətdən, dünyanın
hansı nöqtəsində yaşamasından asılı
olmayaraq, hamı ölkə başçısının
yanında oldu və bu birlik elə qırılmaz zəncir
yaratdı ki, onun bir halqası belə, zəif bənd
olmadı. Məhz bu birlik, bu vəhdət bizi zəfərə
doğru aparan qüvvə oldu. Biz
44 günlük müharibə ilə və daha sonra 23
saatlıq antiterror əməliyyatı ilə dünyaya həm
kimliyimizi göstərdik, həm də sözümüzü
dedik. Və sözsüz ki, bunu həzm edə bilməyənlər
var və olacaq da. Heç uzağa getməyək, ötən
ay beynəlxalq səviyyəli COP29 kimi mötəbər bir tədbir
keçirildi. Biz bu tədbirə cəmi on bir ay ərzində
hazırlaşdıq. COP29 davam edən ərəfələrdə
müxtəlif Qərb dairələri, bizi sevməyənlər
ev sahibliyi etdiyimiz tədbirə nə qədər ləkə
vurmağa çalışdılar, böhtanlar atdılar,
qarayaxmaqla məşğul oldular, təhdidlər etməyə
can atdılar. Amma bacarmadılar, çünki Azərbaycan
artıq qüdrətli dövlətdir. Bu gün Azərbaycan
heç kəsə arxalanmadan istər Ermənistanla, istər
onun havadarları ilə üz-üzədir və heç nədən
çəkinmədiyini cəsarətlə bəyan edir. Bu cəsarətdən
vahimələnən dünyanın hələ də bizə
qarşı olması başadüşüləndir. Özləri
də bilmədən bizi daha böyük uğurlar, qələbələr
qazanmağımıza təkan verirlər. Bunun nəyi pisdir
ki... Biz 44 günlük müharibədən söhbət
açdıq, bu əsnada mən gənclərimiz haqqında
fikirlərimi bildirmək istəyərdim...
- Əslində onlarla bağlı sualım vardı...
- Bizim gənclərimizdən narazılıq etməyə
haqqımız yoxdur. Azərbaycan gənci nə anasını
düşündü, nə ailəsini, nə doğulacaq
körpəsini, nə də gəncliyini. Hər şeyi
gözü önünə alaraq, Tanrının verdiyi
canı Vətən yolunda qurban verdi. Yalnız adını
eşitdiyi torpağı görübmü, orada gəzibmi, ya
bir gün yaşayıbmı düşüncəsinin fərqinə
belə, varmadan Ali Baş Komandanın bir
çağırışı ilə müharibəyə
getdi, şəhid, ya qazi olana qədər düşmənə
dağ çəkdi və illərlə işğal
altında olan əraziləri azad edə-edə orada Azərbaycan
bayrağını ucaltdı, canı və qanı
hesabına möhtəşəm bir tarix yazdı. Budur Azərbaycan
gənci. Tez-tez gənclərlə görüşlərim
olur. Bizim gənclərimiz çox istedadlı, qabiliyyətli
və zəhmətkeşdirlər. Bu günün gənci ailədən
heç nə tələb etmir, xərclərini özü
qarşılamaq istəyir, həm təhsil alır, həm də
işləyir. Düzdür, aralarında tənbəllər də
var və biz onlara düzgün istiqamət verməyə
borcluyuq. Texnologiya və informatika bolluğu olan bir dünyada
yaşayırıq və çox istərdim ki, bütün gənclərimiz
şüurlu və düzgün şəkildə dünyaya
çıxa bilsinlər. Mən valideynlərə demək istərdim
ki, qız övladlarını mütləq təhsilə
yönəltsinlər. Azərbaycan gənci savadlıdır,
ağıllıdır və gözəldir. Ən əsas
onlara baxanda inanmaq olur ki, Azərbaycanın gələcəyi əmin
əllərdədir, çünki ilk növbədə vətənpərvər
bir nəsil yetişir. Onların hər birinin
davranışında, hərəkətlərində,
qarşılıqlı ünsiyyətdə Azərbaycana
bağlılıq özünü mütləq büruzə
verir.
- Sualsız və ürəyinizdən keçənlərdən
danışın...
- Dörd il əvvələ qədər bizim
Qarabağ ağrımız vardı. Hamı yorulmuşdu,
usanmışdı, hardasa insanlarda inam itmişdi. Hər
bayramda deyirdik ki, o gün olsun, bayram süfrələrimizi
Qarabağda açaq, tonqallarımızı yandıraq. Sanki
artıq bu yeksənəqlikdən insanlar yorulmuşdu. Amma nə
oldu?
Birdən-birə hamımız olduq qarabağlı və
qələbəmizi qazandıq. Bu gün isə
hamımızın Qərbi azərbaycanlı olmaq
zamanıdır. Hamımız ölkə rəhbərinin
yürüdüyü yolla gedirik və inanıram ki,
zamanında dədə-baba torpağından qovulanların,
yurd həsrətilə dünyasını dəyişənlərin
davamçılarının da yaxın gələcəkdə
el-oba həsrətinə son qoyulacaq və hamımız əzəli,
haqq torpaqlarımıza qovuşacağıq.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2024.- 17 dekabr(¹231).-S.7.