Məhəmməd xan Təkinski
haqqında yeni arxiv məlumatları
1918-1920-ci illərdə Naxçıvanın olduqca
çətin vaxtlarında onun uğrunda diplomatik sahədə
mübarizə aparanlardan biri də Məhəmməd xan Təkinskidir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir
çox ictimai və dövlət xadimləri kimi, Məhəmməd
xanın da fəaliyyətini əks etdirən sənədlər
kitablarda çap edilməyə başladı. Tədqiqatçı
alimlərdən A.Hacıyevin, F.Nağdəliyevin,
İ.Hacıyevin, E.Kəlbizadənin və digərlərinin
yazdıqları kitablarda onunla bağlı məlumatlar
vardır. Amma aparılan araşdırmalar göstərir ki,
bu məşhur diplomat haqqında bilmədiklərimiz daha
çoxdur.
Bu qorxmaz, vətənpərvər diplomatın - Azərbaycan
Demokratik Respublikasının Ermənistandakı diplomatik
nümayəndəsi M.Təkinskinin Naxçıvanın həmin
illərdə müdafiəsi üçün
gördüyü işlər yüksək təqdirəlayiqdir.
Tarix elmləri doktoru, arxivşünas A.Paşayev
"Məhəmməd xan Təkinski kimdir?" məqaləsində
onun təhsil illərindən və Azərbaycan Xalq
Cümhuriyyətindəki fəaliyyətindən söhbət
açıb. O, Odessa arxivində axtarışlar
aparmış və maraqlı faktlar üzə
çıxarmışdı.
2004-cü ildə Moskvada Rusiya Dövlət Hərbi
Tarix Arxivində və Sankt-Peterburqdakı Rusiya Dövlət
Tarix Arxivində elmi axtarışlar apararkən Təkinskinin
kim olduğunu ətraflı aydınlaşdırdıq.
Əvvəlcə onu deyim ki, 2009-cu ildə "Şərq
qapısı" qəzetində M.Təkinskinin həyatından
və fəaliyyətindən bəhs edən yazım dərc
olunub. Sonralar bu istiqamətdə axtarışlarımı
davam etdirmişəm.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin arxivindən tapılmış sənədlər
bir çox məsələlərə və
yanlışlıqlara aydınlıq gətirir. Burada orijinal və
vacib sənədlərdən biri Məhəmməd xan Təkinskinin
doğum şəhadətnaməsidir. Şəhadətnamə
1901-ci ildə Gürcüstanın Suram qalası
yaxınlığındakı hərbi düşərgədə
yazılıb. Verilmə tarixi 24 iyul 1901-ci ildir. Qeyd edək
ki, həmin vaxt Təkinski Tiflisdəki 1-ci kişi
gimnaziyasını bitirmişdi. Yəqin ki, onun ali təhsil
alması üçün belə bir şəhadətnamə
lazım olub. Şəhadətnamədə yazılıb:
"Axaltəkə yürüşündə iştirak edən
zabitlər təsdiqləyirlər ki, 12 yanvar 1881-ci ildə
general-adyutant Skoblevin komandirlik etdiyi qoşunlar Axaltəkədəki
Göytəpə qalasına hücum etdilər. Həmin vaxt Məhəmməd
xan Təkinskinin təxminən 1 yaşı olardı. Bu
hücumda Məhəmməd dinindən olan Təkinski valideynlərini
itirmişdi. Podpolkovnik Xan Naxçıvanski onu oğulluğa
götürdü. Həmin vaxt Xan Naxçıvanski 81-ci
piyada Abşeron polkunun 4-cü batalyonunun komandri idi. Şəhadətnaməni
5-ci Qafqaz Atıcı batalyonunun komandiri və 4 hərbçi
imzalamışlar. Bu sənədə görə Məhəmməd
xan 1881-ci ildə Göytəpədə doğulub.
Sankt-Peterburqdakı arxiv sənədindən aydın
olur ki, Məhəmməd xan Təkinski Naxçıvanskilərin
oğulluğudur. Naxçıvanlı Rəhim xan və
qardaşı Cəfərqulu xan onu böyüdüb. Ona
görə də bir sıra arxiv sənədlərində Rəhim
xan, bəzilərində isə Cəfərqulu xan qəyyum
kimi yazılıb. Bu, təbiidir. Çünki onlar həyatdan
nakam getmiş qardaşları Ehsan xanı çox sevirdilər.
Məhəmməd xan hər iki qardaşın əziz xələfi
sayılırdı. Tiflisdə zadəgan balalarına məxsus
gimnaziyada oxudub.
Bəs Məhəmməd xan bu ailəyə necə gəlib
çıxıb? Yəqin ki, bu, hamımızın
marağında olar. Rusiya imperiyası ordusu Orta Asiyanı
işğal edərkən türkmənlərin sıx
yaşadıqları Axaltəkə vadisində güclü
müqavimətə rast gəldilər. Türkmən
xanlarının dinc əhalini başlarına yığaraq
müdafiə etdikləri Göytəpə qalasını rus
qoşunları ala bilmirdilər. Ona görə də
Abşeron polkunu qala üzərinə hücuma göndərdilər.
Sonralar bu döyüşdə olan II Ehsan xan (Cəfərqulu
xanın qardaşı) orada Rusiya qoşunlarının
amansızlığından qardaşı Rəhim xana
danışırmış. 12 yanvar 1881-ci ildə Göytəpəyə
hücum zamanı qalada sahibsiz qalan yüzlərlə körpə
uşağa ürəyi yanan zabitlər qərara gəlirlər
ki, hərəsi bunlardan birini övladlığa götürsün.
II Ehsan xan həmin qalanın həlak olmuş xanının
balaca oğlunu oğulluğa götürür. Ona Məhəmməd
adını verir. Həmin gün başından ciddi zədə
alan II Ehsan xan bu uşağın cəbhə səngərlərində
məhv olmasına imkan vermir. Özü ilə Tiflisə,
oradan isə Naxçıvana gətirir. General-mayor II
Kalbalı xan Naxçıvanskinin
övladları-qızları, oğlanları bu balaca
oğlana çox qayğıyla yanaşırlar. Məhəmməd
xan Cəfərqulu xanın, Rəhim xanın və Hüseyn
xan Naxçıvanskilərin sevimlisinə çevrilir.
Onlar Göytəpədə kontuziya alıb 1894-cü
ildə cavankən həyatdan köçən
qardaşları II Ehsan xanın oğulluğunu öz
oğlanlarından seçmirlər. Naxçıvanda Rəhim
xanın ailəsində yaşayan Məhəmməd xanı
sonralar Rəhim xan Tiflisdə zadəgan balalarına məxsus
gimnaziyada oxudur. Yeri gəlmişkən, Məhəmməd
xanın anadan olma ilini dəqiqləşdirmək
üçün təkrar araşdırma apardıq.
Çünki onun gimnaziya müəllimi və sinif rəhbəri
Avilovun yazdığı xasiyyətnamədə deyilir ki, Məhəmməd
xan doğmalarının öldürüldüyü
günü, baş verənləri yaxşı
xatırlayırmış. Buradan görünür ki, Ehsan
xanın döyüş dostlarının təxminən
yazdıqları doğum tarixi dəqiq deyil. Həmin vaxt Məhəmməd
xan 1 yox, 2 yaşında imiş. Cəfərqulu xan da həmin
döyüşdə olduğundan, onu Tiflisə oxumağa
aparanda doğum tarixini 1879-cu il yazdırmışdı.
Araşdırmalar da sübuta yetirir ki, Məhəmməd xan Təkinski
1879-cu ildə doğulmuşdu. O, 11 yaşında Tiflisdə
zadəgan uşaqlarına məxsus 1-ci Kişi gimnaziyasına
qəbul olunub. 1901-ci ildə oranı bitirib, Novorossiysk
Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Lakin
1903-cü il avqustun 20-də öz xahişi ilə hüquq
fakültəsinin 1-ci kursuna dəyişilib. Hadisələr elə
gətirib ki, Məhəmməd xan üzvlük haqqını
gecikdirib. Onu universitetdən xaric ediblər. Amma iradəli Məhəmməd
xan təkrarən həmin universitetin hüquq fakültəsinə
qəbul edilib və universiteti əla qiymətlərlə
bitirib. Məhəmməd xan Rusiyada, Şimali Qafqazda mülki
işlərdə və orduda işləmişdi. Yəqin ki,
orduda hüquqşünas kimi çalışıb. Bu
yöndə də axtarışlarımız var. Arada olan illərdə
onun haqqında geniş məlumatlar tapa bilməsək də,
Məhəmməd xanın 1918-ci ildə Naxçıvanskilərlə
birlikdə Gəncəyə qayıtması haqda dəqiq məlumat
var. 2001-ci ildə Moskvada nəşr olunan bir kitabda bu haqda
yazılıb. 1918-ci ilin martında general-mayor Feyzulla Mirzə
Qacarın rəhbərliyi ilə Kərim xan İrəvanski,
Rəhim xanın oğlu İskəndər xan, Məhəmməd
xan Təkinski Şimali Qafqazdan Gəncəyə gələ
biliblər. Dağıstanda Bejiti aulu (kəndi) var. Mart
ayında o qarlı aşırımı cəsurluqla
keçiblər. Özü də yolkəsən quldurlarla
döyüşə-döyüşə. Feyzulla Mirzə
Qacar Rəhim xanın kürəkəni idi.
Naxçıvanı ermənilərin işğalına verməmək
üçün Naxçıvanskilər və onların hərbçi
qohumları qəhrəmancasına döyüşən
Naxçıvan şəhərinə çatmağa tələsiblər.
Məhəmməd xan Təkinski AXC-nin xarici işlər
naziri vəzifəsini müvəqqəti olaraq bir müddət
yerinə yetirib. Bir az irəliyə getsək, o, 1919-cu il
yanvarın 29-da İrəvanda Azərbaycanın nümayəndəsi
təyin edilir və İskəndər xanı özünə
köməkçi götürür. 1919-cu ildə
Naxçıvana hücum edən ermənilərin
havadarları olan amerikan və ingilislər vəziyyəti daha
da müşkül etmişdilər. Hətta onlar
çalışırdılar ki, naxçıvanlı hərbçilər
arasında nifaq yaransın və özləri məcbur
qalıb Naxçıvandan çıxıb getsinlər.
Onların bu hiylələrini başa düşən
Naxçıvanskilər Təkinskiyə çox bel
bağlayırdılar. 1919-cu il mayın 16-da Azərbaycanın
Irəvandakı nümayəndəsi Təkinski Bakıya xəbər
verirdi: "İngilislərin əmri ilə bizim zabitlər
Naxçıvanı tərk etdilər". Burada söhbət
Bakıdan köməyə gələn zabitlərdən gedir.
Araz-Türk Respublikası zorla ləğv edildikdən sonra
bölgədə vəziyyət lap çətinləşmişdi.
Çünki Araz-Türk Cümhuriyyətinin ərazisinə
daxil olan Sürməli qəzası, Üçmüəzzin
qəzasının bir hissəsi, Sərdarabad bölgəsi,
İrəvan qəzasının bölgələri - Uluxanlı,
Qəmərli, Vedibasar, Şərur-Dərələyəz qəzası,
Naxçıvan və Ordubad qəzaları, həmçinin
Mehri bölgəsi erməni daşnakları ilə
döyüşürdü. Cümhuriyyət ləğv
edildikdən sonra erməni daşnakları həmin bu ərazilərdə
ağlasığmaz vəhşiliklər törədirdilər.
1919-cu il mayın 3-də Təkinski Ermənistan xarici işlər
nazirinə bəyanat təqdim etdi ki, bu bəyanatda erməni
qoşunlarının "Azərbaycanın ayrılmaz hissəsi
olan Naxçıvana" göndərilməsinə
qarşı etiraz ifadə edilirdi. Məhəmməd xan Təkinskinin
çox çevik diplomatik fəaliyyəti erməniləri
acıqlandırırdı. Onlar ADR rəhbərliyindən
xahiş edirdilər ki, onu nümayəndəlikdən
uzaqlaşdırsınlar. Erməniləri hiddətləndirən
Naxçıvanı işğal edə bilməmələri,
həm də Təkinskinin Naxçıvanskilərin
övladlarından olması idi. Bütün baş verənlərə
isə İrəvandakı nümayəndə Məhəmməd
xan Təkinski fəal diplomatik müdaxilə edirdi. Məhəmməd
xan Təkinski 1919-cu ilin ortalarında ADR-in İrəvandakı
Azərbaycan nümayəndəliyindən geri
çağırılır. 1919-cu il oktyabrın 1-də Azərbaycan
Xalq Cümhuriyyətinin xarici işlər nazirinin müavini təyin
edilir. O, Bakıda yaşasa da, vətəni
Naxçıvanı unutmadı. 1920-ci il aprelin 28-nə kimi
doğmaları ilə əlaqə saxladı...
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin Arxivindən tapılmış sənədlər
içərisində 21 iyun 1920-ci ildə yazılmış
bir qəbzə rast gəldik. Qəbzi xüsusi
tapşırıqlar üzrə məsul şəxs
imzalayıb. 807 nömrəli qəbzdə yazılıb: Vətəndaş
Məmməd Təkinskidən bir ədəd naqan (5635 nömrəli),
3 ədəd patron alınmışdır. Bu məlumatlar
Bakı şəhərinin və ətraf rayonların Qarnizon
İdarə rəisi tərəfindən verilib. Digər bir
yeni sənəd isə Məhəmməd xan Təkinskiyə
aid 2137 nömrəli həbs vərəqidir. 4 oktyabr 1920-ci ildə
yazılıb. O, 30 oktyabr 1920-ci ildə XI Qızıl Ordunun
İnqilabi Şurası yanında xüsusi şöbə tərəfindən
həbs olunub. Buradakı qərarda yazılıb: 30 dekabr
1920-ci il. Qızıl Ordunun Xüsusi şöbəsinin hərbi
müstəntiqi Flyanqolç keçmiş Müsavat Azərbaycanı
hökumətində Xarici İşlər Nazirliyində
işləyən, əksinqilabçılıqda
günahlandırılan Məhəmməd xan Təkinskiyə
aid qovluqdakı işlərə baxarkən aşkar etdi ki, Təkinski
gizli əks-inqilabi fəaliyyət göstərən
"İttihad" partiyasının fəal üzvlərindəndir.
Məqsədləri Sovet Azərbaycanını
yıxmaqdır. Onu həbs edərkən sahildə yerləşən
artilleriyasının planı tapılmışdır. Bu əsas
verir ki, o gizli danışıqların
iştirakçısıdır. O isə bunu inkar edir. Azərbaycanda
Təkinskinin azadlıqda qalması inqilab üçün təhlükəlidir.
Yuxarıda deyilənləri və onun Müsavat hökumətinin
üzvü olduğunu nəzərə alaraq qərar veririk: Məhəmməd
xan Təkinski Arxangelsk vilayətinin Xolmoqorov şəhərinə
sürgün edilsin. İş bağlansın və arxivə
təhvil verilsin.
Sözügedən arxivdə saxlanılan işdə
Məhəmməd xan Təkinskinin neçə il müddətinə
sürgünə göndərilməsi, şəxsi sənədləri,
fotoşəkli və sonrakı taleyi barədə məlumat
qeydə alınmayıb. Amma tədqiqatçıların əksəriyyəti
1926-cı ildən onun Bakıda və Astarada işləməsi
və 1938-ci ildə güllələnməsi haqda yazırlar.
Çox təəssüflər olsun ki, Məhəmməd
xan Təkinskinin adı heç yerdə əbədiləşdirilməyib.
Halbuki adının əbədiləşdirilməsi vacibdir.
Axı o, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi
olan Naxçıvan üçün canını qurban verib.
Musa RƏHİMOĞLU-QULİYEV AMEA Naxçıvan
Bölməsinin Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 18 dekabr(№232).-S.15.