Rafiq Yusifoğlu - Bədii,
elmi təfəkkürün miqyası
Rafiq
Yusifoğlunun “Seçilmiş əsərləri”nin 20
cildliyinə sözardı
Azərbaycan ədəbiyyatının
tanınmış siması - şair, ədəbiyyatşünas,
tərcüməçi Rafiq Yusifoğlunun
"Seçilmiş əsərləri"nin 20 cildliyi
çap olunub. Bəlkə də bundan xəbər tutanda mənə
adi informasiya kimi gəldi; ancaq bu informasiyanın alt qatına
endikdə bütöv bir ömrün salnaməsini,
ağır və uzun zəhmətin izlərini görməmək
olmur. Bu cildlərin hər biri haqqında yəqin ki, ayrıca
araşdırma aparılacaq, heç olmazsa,
yaradıcılığının janr və forma zənginliyi,
müxtəlifliyi dəyərləndiriləcək. Onun
yaradıcılığına mən də bələdəm,
yaxından izləyirəm, vaxtilə şeirlər kitabı
haqında məqalə də yazmışam. Ədəbiyyatşünaslıq
və nəzəri əsərlərinin ali təhsil tədrisində
nə qədər gərəkli olduğunu görmüşəm.
Bu illər ərzində 70-ə qədər kitabı nəşr
olunub, ədəbiyyatın bu janr və formalarında həmişə
söz deməyə çalışıb, deyib də... indi
isə bunları bir yerdə "Seçilmiş əsərləri"
çətiri altında təqdim edir. Möhtəşəm
bir nəticədir, bu, hələ davam edir, yəqin ki, bu cildlər
bundan sonra da davam edəcək. Bu cür fundamental işi ancaq ədəbiyyata,
sənətə, elmə sevgidən etmək olar. Müsahibələrinin
birində dediyi kimi: "...ədəbiyyat mənim Leylim, mən
isə onun Məcnunuyam". Bu da əsl şair bənzətməsidir,
son dərəcə yerinə düşür. Mənə
qalsa, 20 cildlik onun ömür yoludur, özünü ədəbiyyatda,
elmi mühitdə təsdiq etməsidir və nəhayət
damcı-damcı qazandığı tərcümeyi-halıdır.
Bu ömürlük birdən-birə qazanılmayıb, hər
saatını, gününü, ayını, ilini sənətə,
ədəbiyyata, elmə verməklə qazanılıb. Nəticədə
şair, ədəbiyyatşünas, nəzəriyyəçi,
tərcüməçi ömrünü bir ömürdə
birləşdirib. Biz də bu ömrün bəzi məqamlarından
söhbət açmağa çalışacağıq.
Aydındır ki, 20 cildlik hər bir yazar
üçün fundamental-həsəd aparılası bir
işdir. Buna qədər bizim ədəbi, elmi mühitdə
bu cür hadisələri xatırladım; şairlərdən
S.Vurğunun hələ sovet dövründə nəşr
edilən 6 cildliyi. Daha sonra Mehdi Hüseyn və Mirzə
İbrahimovun 10 cildliyi. Lap son zamanlarda isə Anarın və
Elçinin 10, Bəxtiyar Vahabzadənin 12, Zəlimxan Yaqubun
13, Azad Qaradərəlinin 20, Firuz Mustafanın 30 cildliyi. Bunlar
hamısı ədəbiyyatımızda böyük bir hadisədir.
Əslində, ədəbi mühitdə bu cür hadisələr
qeyd olunmalıdır. Bu, ya ədəbi tənqidin biganəliyidir,
ya da artıq bu cür faktlara öyrəşdiyimizdən
reaksionu itirmişik kimi görünür. Bəzən də
kiçik bir məqalə ilə reaksiya vermişik. İndi ədəbiyyatşünaslıq
sahəsində də çoxcildliklər ortaya
çıxmaqdadır. Sovet dövründə Cəfər Cəfərov
və Məmmədcəfər Cəfərovun 2, Məmməd
Arifin 3 cildliklərindən sonra son zamanlarda Yaşar Qarayevin və
Kamran Əliyevin 5, Nizaməddin Şəmsizadənin 3, Qəzənfər
Paşayevin 7, İsa Həbibbəylinin 10 cildləri nəşr
edilib. Bu çoxcildliklərin bir çoxunda bədii
yaradıcılıqla ədəbi tənqidi
yaradıcılıq birləşdirilib.
Rafiq Yusifoğlunun çoxcildliyi mövzu və
problematika baxımından çoxsəsli, çoxjanrlı,
çoxsahəlidir; şeir, nəsr, məqalələr, tərcümə,
publisistika, ədəbiyyatşünaslıq, nəzəri tədqiqatlar
və s. Adətən 1-ci cilddə şairin həyat və
yaradıcılığını əks etdirən məqalə
də yazılırdı. Görkəmli ədəbiyyatşünaslar
və ya tənqidçilər tərəfindən yazılan
bu məqalədə çoxcildlik müəllifinin
yaradıcılığı təhlil edilirdi. Lakin
R.Yusifoğlu hətta ədəbiyyatşünas dostlarına əziyyət
vermək istəməyərək bu missiyanı öz üzərinə
götürüb "Ön söz əvəzi" yazsa da, təhlili
oxucularının (yəqin ki, həm də tənqidçi və
ədəbiyyatşünasların!) öhdəsinə
qoymuşdur. Çoxcildliklərin
əsas xüsusiyyətlərindən biri bölgünün
aparılmasıdır; şairin, yaxud
yazıçının yaradıcılığında
hansı sahə üstünlük təşkil edirsə,
ön cildlərdə yer alır. İndiki halda bu həm də
çoxcildliyin müəllif arzusu ilə bəlirlənir.
Çünki bu çoxcildliklərin əksəriyyəti
müəllifin iştirakı ilə hazırlanır. Bu mənada,
R.Yusifoğluda önə çıxan onun poeziyasıdır.
Bu, ədalətli və doğru qərardır; Rafiq
Yusifoğlu yaradıcılığa şeirlə
başlayıb və çağdaş poeziyamızı obraz
və obrazlılıq, bədii təsvir və ifadə vasitələri,
bədii detal, poetik ruh baxımından zənginləşdirib,
yeni üslubi çalarlar, ahəng və ritm gətirib.
"Seçilmiş əsərləri"nin 11 cildində
şairin 1977-ci ildən yazmağa başladığı və
son günlərdə də yazdığı şeirləri və
poemaları daxil edilib. Yaxşıdır ki, şeirlərin altında zaman və məkanı
ifadə edən qeydlər də var; bu şeirlərdə nələr
yoxdur; insan həyatının bütün böyük, sirli,
sevincli, kədərli anları, həyatı, sevgini, sonu
anlatmaq və s. Bu şeirlər insana dünyanı və
kainatı anladır, səni gündəlik həyatdan
uzaqlaşdırır, həm də həyatın
özünü göstərir. O, bu şeirlərində yeknəsəq
bir həyat təsvir etmir, yaşadığımız həyatda
görmədiyimiz nəsnələri göstərir. Onun
şeirlərini sən bir mənəvi ehtiyac olaraq oxuyursan və
düşünürsən. Şair bu şeirlərində
yaşantılarını bütün dəyişik yönləri,
çalarları ilə verir. Bu yaşantılar şairin təqdimində
yenidir; çünki bu yaşda yaşadıqlarını
heç zaman qələmə almayıb, yəqin ki, bundan
sonra yazdıqları da başqa bir yaşantı olacaq. Bu
yaşantılardan biri də doğma torpağı, yurdu,
eli-obanı içində yaşatmaqdır. Deyim ki,
R.Yusifoğlu bir vətəndaş kimi
narahatlıqlarını həm də yurd sevgisində
büruzə verir. Bu yaşda doğma diyarında
özünü qərib hiss edən lirik Mən doğulub
boya-başa çatdığı, lakin heç zaman gedə
bilmədiyi torpağı yuxusunda görür. Başqa bir
şeirində "Biz bütün arzulara yuxuda
çatmağı çox sevirik..." fikri də burada yerinə
düşür. Yuxuda görmək, ona əlinin
çatmaması deməkdir, ona qovuşmaq istəyini əks
etdirməkdir. Lakin nə yazıq ki, şair (təkcə
şairmi!) hələ bu imkandan məhrumdur.
R.Yusifoğlunun şeirlərinin özəlliyi
ondadır ki, strukturu sadə bir detal üzərində qurulur;
bu detalda yaşadığı ovqatı, içinə
aldığı düşüncəni söyləyir və
mütləq şəkildə onu həyatla, yaşamla
bağlayır. Şeirlər duyğu və həyəcanların
təsvirindən asılıdır, çox qısa da ola
bilir, ya da uzağı beş-altı bənddə
özünü ifadə edir. Bu şeirlərin hər birinin
tarixi var, bu tarix elə şairin duyğularının
stenoqramı kimi mənalanır. Hər şeyin bir
yaranışı olduğu kimi, duyğuların,
yaşantıların da bir yaranışı vardır.
İlin dəyişməsi nədənsə hamıda fəlsəfi
düşüncələr oyadır, xatirələr
çözələnir, sən sadəcə köhnə ildən
yeni iləmi keçirsən; il dəyişirsə nələr
dəyişir?
Küçə həmin küçədi,
Şəhər həmin şəhərdi,
Mən həmin mənəm -
Təkcə təqvimdə
2015-ci ildi...
Rafiq Yusifoğlu bəlkə də yazdığı
şeir qədər poetik obrazlar yaradır; bu obrazlar içərisində
həyat, ömür, dünya ilə yanaşı
yaşadığımız həyatın bir
parçası-günlər, aylar, illər və s. vardır.
Bu obrazlardan biri də dənizdir. Onlarla şeiri dənizə
həsr edilib, lakin bu şeirlərin hər birində
yalnız dənizin təkrarsız obrazını yaratmır,
həm də onunla həmsöhbət olur, onu əzizləyir,
sevir, qorumağa çalışır və hamını
buna səsləyir. Bu poetik çağırışda
şairin vətəndaşlıq missiyası başlıca
yer tutur. Bu şeirlər insanla dənizin söhbəti kimi
yadda qalır. Dəniz də insan kimi bir varlıq olaraq
göstərilir; onu tənha qoymaq istəmir, Dünya
"istidən od tutub yananda", "suları şaxtadan
donanda" onun yanında olur. Şairin dənizi də insan
kimi duyur, hiss edir, üşüyür... İl boyu dəniz
üzərində uçuşan qağayıların dəniz
sevgisi son dərəcə poetik şəkildə verilir:
Dayazda üzən balıqlar
arabir düşürlər
pis günə.
acgöz quşlar
qəflətən şığıyırlar
onların üstünə...
dalğaların üzərində
ora-bura uçuşub
yem gəzir qağayılar
İlin bütün fəslində...
Onların da dəniz sevgisi
qarın sevgisidi əslində...
R.Yusifoğlunun çoxcildliyində toplanmış
şeirlərinin bir çoxu Azərbaycandan kənarda
yazılıb; İstanbul, Los-Anceles, Dubay və s. Bu şeirlər
"Dünyanın o üzü və qürbət nəğmələri"
adlanır. Doğrusu, indiyədək poeziyamızda bu silsilədən
olan şeirlər yazılmışdır. R.Yusifoğlu isə
sanki Los-Ancelesdə yazdığı şeirləri qəriblik
üzərində qurmayıb. Bunun da müəyyən səbəbi
var. Şair tanımadığı bir diyarda oğlu və nəvələri
tərəfindən qarşılanırsa, ona "qərib
diyar" deməyə dili gəlmir. Başqa bir şeirində
isə bu yerləri öz vətəninə oxşadır və
qəriblik hiss etmədiyini dilə gətirir. Ümumiyyətlə,
bu şeirlərin qürbət başlığı
altında verilməsinə baxmayaraq, qürbətçilik,
demək olar ki, hiss olunmur. Ona görə belədir ki, şair
bu yerləri gəzərkən belə, heç zaman vətənini,
elini unutmur, yaddan çıxarmır. "Mələklər
şəhəri", "Sakit okean nəfəs alır",
"Santa Monika kitab mağazasında", "Bu şəhər",
"Səfil kitab oxuyur", "Möcüzələr qitəsi",
"Vətəndən gələn işıq",
"Marina Del Reydə", "Qərib diyar, qəribə
diyar", "santa Monika çimərliyində", "İki
okean arasında", "Göydə elədiyim dualar" və
s. şeirlərində Amerika lövhələrini yaradır.
Bu şeirlərdə şairin təkcə təsvir məkanı
dəyişmir, düşüncələri, obrazları, təsvir
və ifadə vasitələri (elə ifadə imkanları
da!) də dəyişir, yeniləşir. Şairi təəccübləndirən
bir də Amerikanı hələ "otuyla",
"suyuyla", "insanıyla", "cəmiyyətiylə"
tanımamasıdır. Burada hər şey ona yeni
görünür, yeni göründüyü
üçün də möcüzələr ölkəsi
kimi gəlir:
Burda nə qədər meyvə var,
hələ dadını bilmirəm.
Burda nə qədər gözəl ağac var,
birinin də adını bilmirəm.
Bildiyim odu ki,
bu bərəkətli torpağa
nə əksən bitəsidi...
Doğrudan da, Amerika
möcüzələr qitəsidi...
Şair Amerikanı, onun təbiətini,
insanlarını, Sakit okeanı çox təsvir edir, oxucu
üçün o qədər də tanış olmayan
lövhələr yaradır. Bununla da, bu qitənin təbiətinə
vurğunluğunu gizlətmir, ancaq qürbəti heç zaman
dərdə əlac hesab etmir, vətənini sevdiyi
üçün darıxır, darıxdığı
üçün "Qollarını sevgiylə aç, Gəlirəm,
vətən, gəlirəm!", - deyə lacivərd göylərini
heç zaman unutmadığını dilə gətirir, onun
budaqda saralıb-solan bir yarpağına belə
vurğunluğunu gizlətmir. Şairin poetik düşüncəsində
torpaq elə hər yerdə torpaqdır, daş elə hər
yerdə daşdır. Şair özü üçün
müəyyənləşdirir ki, vətən heç də
torpaqdan, daşdan ibarət deyilmiş, "Vətəni vətən
eləyən, Demə ana dili imiş..."
"Bir dəli sevdadır ömrün mənası"
başlığı altında toplanan şeirlərdə
müəllif sevgi yaşında olmasa da, oxucuya yepyeni bir sevgi
hissləri, duyğular çələngi təqdim edir. Bu
duyğular, əslində sevgi yaşının və sevginin
yaşının olmadığını göstərir. Məsələ
heç də şairin bu sevgini yaşamasının zəruriliyində
deyil, onu necə təsvir etməsindədir. "Bir dəli
sevdadır ömrün mənası", "Közərdi qəlbimin
sönən atəşi", "Ürəyim sevgiylə gəlirdi
dilə, Dəvət göndərmişdi sanki göy yerə",
"Bir payız günündə gəldik üz-üzə,
Hara baxırdımsa, duman, çən idi", "Həsrətin
ağlatdı dərəni, düzü", "Hicran
dumanında ümidlər itdi", "Sevgimin yolları dirəndi
dağa", "Çıxmaq istəsəm də, eşq dənizindən,
Sahilə qoymursan sevda gəmimi", "Ürəkdə
ümidlər tumurcuqlayıb, Sevgi böyüdükcə,
dünya daralıb", "Nəfəsin toxunsa, könül
tarıma, İçimdə həsrətin
puçurlayacaq" və s. orijinal poetik düşüncələri
ilə sanki yeni sevgi hekayəti yazır. Onun sevgisi safdır, təmizdir.
Əsl sevginin özü kimi səmimiyyət və saflıq
bu şeirlərin başlıca əlamətidir.
"Ağrılar çələngi"
başlığı altında toplanan şeirlərdə
dünyanı düşündürən, onun içindən
keçən ağrılar qələmə alınır.
Şair sanki bu ağrıları gözlə görür, əllə
toxunur. Bəzən M.Ə.Sabir kimi "Qoydu bu devalvasiya
bütün milləti küncə", "Toylar bizə toy
tutur", "Bədbəxt varlıların gözü,
kasıbların cibindədi", "Neynirəm belə əmini,
neynirəm elə dayını", "Elə bil ki, haqq-ədalət,
Bu dünyayla vidalaşıb", "Sən özün cəmiyyətə
nə vermisən ki, ondan da nə umasan?!", "El
arasına çıxmağa üzü olmayan nə üzlə
göstərsin üzünü?!" - deyə cəmiyyətdə
gedən ağrılara poetik-publisistik münasibətini
bildirir. Bu şeirlərdə satirik çalarlar
üstünlük təşkil edir. Çağdaş
dünyada baş verən proseslərə satirik gözlüklə
baxan şair daim haqq-ədalət axtarışındadır,
tərəzinin əyilən gözünü düzəltməyə
çalışır və oxucunu da buna kökləyir. Bəzən
kinayə, bəzən istehza və təmsilvarilik bu şeirlərə
yeni rəng qatır; kiçik bir parçada böyük mətləblər
ifadə edir. "Nə üzlə...", "Nə vermisən",
"Maska", "Şəkər", "İnanma",
"Bir xəbisə", "Məmurlar adam olsa",
"İnsanlıqdan çıxan adamlar", "Sahibsiz itlər",
"Kölgə" və s. şeirlərində cəmiyyətdə
olan qüsurları lirik-satirik dillə təsvir edərən
insanları insanlığa (!) dəvət edir. Vəzifəyə
gələndə tərif, ardınca isə yüz cür ittihamlar
səsləndirənlərə qarşı şair
barışmazdır. Vəzifədən çıxmaq hələ
insanlıqdan çıxmaq demək deyil. Həyatda ən
qorxulu şey insanın insalıqdan çıxmasıdır.
Bu adi həyat həqiqəti şeirdə fəlsəfi məna
daşıyır. "Belələrini görəndə, nifrətim
çevrilir qılınca!", - deyə həyat
platformasını ifadə edir.
Rafiq Yusifoğlunun şeirləri ömrünün
üçüncü qərinəsində poetik
duyğuların, hisslərin məcmusudur. Bunu həm də
obrazları, təsvir məkanları ilə birgə şairin
ömürlüyünün anlarından ibarət tərcümeyi-halı
hesab etmək olar. Hər şeir onun həyatının bir
parçasıdır, məqamıdır. Şeirlərin hər
birinin altında günü ilə göstərilən tarix
duyğularının, məqamların və onu yaşadacaq
düşüncələrinin tarixidir...
Rafiq Yusifoğlunun "Seçilmiş əsərləri"nin
12-ci cildini bədii nəsr təşkil edir. Doğrusu, onun bəzi
kiçik hekayələri ilə tanış idim, lakin roman və
povestlərinə rast gəlməmişdim. Bu cildlə
tanışlıq yazıçının prozada da
özünü ifadə etdiyini, həyatın təsvir
üsullarında orijinal yolla getdiyini göstərir. Bu cəhətdən
"Xiffət" romanı maraqlıdır. Romanın ön
sözündə yazıçı onun yazılma səbəbini
açıqlayır. Buradan görünür ki,
oxucularından biri ona istədiyi romanı yazmağı təklif
edir. Yəni yazılan romanlarda axtardığını tapa
bilməyən oxucu inanır ki, onun yazacağı roman indiki həyatın
hər üzünü anlamağa səbəb olacaq. Uzun
müddət düşünən yazıçı nəhayət
romanı yazmağa başlasa da, çox keçmir ki, onu
yarımçıq qoyur. Yalnız Qarabağ zəfərindən
sonra yenidən özündə güc taparaq əsəri
tamamlayır və adını "Xiffət" qoyur.
Şair bu əsərdə indiyədək şeirlə deyə
bilmədiyi nəsnələri nəsrlə deməyə
çalışıb. Yazıçı bu romanda insan həyatını
özünün girdabına ala biləcək üç -
keçmiş, indi və gələcək zamanda insanın
daxili dünyasındakı təbəddülatları,
düşüncələri və hissləri həyati
detallarla təsvir edir. Romanın proloqunda deyildiyi kimi:
"Gözəgörünməz zaman isə öz işindədir...
Hegel demişkən: "Hər şey axır, hər şey
dəyişir"... Bəşər övladı əlçatmaz,
ünyetməz keçmişdən sonsuz, ucsuz-bucaqsız,
axırıncı dayanacağı bilinməyən gələcəyə
sarı can atır... Fəsillər bir-birini əvəz elədiyi
kimi, nəsillər də bir-birini əvəz eləyir..."
İnsanın yaşamaq mübarizəsinin qələbəyə
aparan yola necə çevrilməsinin bədii formulu romanın
əsas motivini təşkil edir. Romanın sonunda biz
Xocalıda öz evinin xarabalıqları üzərində
yeni ev tikdirən Ümid kişinin üzündə xiffətlə
yanaşı, qəlbində ümid
qığılcımlarının da
sayrışdığını görürük.
"Məktəb illəri", "Medal", "Qəbul",
"Çətinliklə üz- üzə", "Vətən
həsrəti", "Bizsiz qalan yurd yerləri",
"Uşaqlığa gedən avtobus", "Şuşaya
dönən heykəllər", "Şuşadan gələn
azan səsi" və s. povestləri, "Bayramın ilk
günü", "Kəklik", "Xoşbəxt qəbirlər",
"Qoyun iti", "Şokaladlı portret", "Qumru
yuvası və babanın yeni nəvələri" və s.
onlarla hekayələrində həyat hadisələri son dərəcə
lakonik dillə, canlı şəkildə təsvir edilir.
Uşaqlar üçün yazdığı kiçik hekayələr
onalrın dünyagörüşünün artmasını
şərtləndirir. Göllər dünyası" hekayəsi
əsl dərslik nümunəsi kimi yadda qalır: "Kəpəz
gün işığının altında mürgüləyirdi.
Ağsu çayı şırıltıyla axır, elə
bil ona layla çalırdı.
Ovçu isə dağ cığırı ilə
yuxarı qalxırdı. O, nişan alıb bir maralı vurmaq
istəyəndə yer-göy lərzəyə gəldi.
Amansız bir zəlzələ başladı.
Toz-duman yavaş-yavaş çəkildi. Özünə
gələn ovçu hündür bir yerə
çıxıb ətrafa baxdı. O, gözlərinə
inanmadı. Dağların qoynunda gözəl-gözəl
göllər əmələ gəlmişdi: Göygöl,
Maralgöl, Qaragöl, Güzgügöl, Zəligöl...
Yaradanın əmrinə tabe olan təbiət ana
çox müdrikdır. O, birini uçuranda, ondan daha gözəlini
yarada bilir..."
"Seçilmiş əsərləri"nin
13-cü cildinə nağıl və rəvayətlər,
Amerikada yazılan hekayə və nağıllar, "Xatirə
kəcavəsi" kitabındakı bəzi yazılar,
müsahibələr, eləcə də müəllifin
ayrı-ayrı vaxtlarda real hadisələr əsasında qələmə
aldığı yumoristik hadisələrin bir qismi daxil
edilmişdir.
14-cü cildində yenə də nəsr və
publisistikası daxil edilib; buraya "Bir sevdalı ürəyim
var", "Ömrün payız fəsli, yaxud taleyin əsən
yelləri" əsərləri, eləcə də Ekran-efirdə
gedən kiçik yazılar, publisistik məqalələri,
müsahibələri yer alır. "Əhəd Hüseynov -
mənim müəllimlik etalonum" adlı məqaləsində
Əhəd Hüseynovun əsl müəllim, tənqidçi,
alim kimi obrazı yaradılır: "Nə var nə
yoxdu" şeirimi oxuyanda isə o, əməlli-başlı
kövrəldi. Handan-hana özünə gəlib dedi ki, məni
kövrəldən odur ki, gör bizim gəncliyimizi nələr
narahat edir..."
"Seçilmiş əsərləri"nin on
beşinci cildinə müəllifin "Azərbaycan
poemasının sənətkarlıq xüsusiyyətləri"
adlı sanballı monoqrafiyası daxil edilib. Deyim ki, bu
monoqrafiyanın dissertasiya kimi müzakirəsində mən də
yaxından iştirak etmişəm. Monoqrafiya bir alim kimi
R.Yusifoğlunun elmi yaradıcılığının fundamental
faktı olaraq görünür. Zəngin faktlar əsasında
yazılmış tədiqat işində poemaların
tipologiyasından, janr və sənətkarlıq xüsusiyyətlərindən,
mövzu və problematikasından söhbət
açılır.
"Seçilmiş əsərləri"nin on
altıncı cildinə dərslik səciyyəli "Ədəbiyyatşünaslığın
əsasları" (2001, 2005, 2009) monoqrafiyası, "Bədii
söz, məna ocağının közləri" (2018)
kitabındakı ədəbi-nəzəri məqalələrin
bir qismi daxil edilib. Bu cilddə müəllifin
yaradıcılığının yeni və əhəmiyyətli
bir sahəsi üzə çıxır. Belə ki, bu gün
ali təhsildə dərslik və monoqrafiya olaraq istinad edilməli
mənbələr çox azdır. Köhnə mənbələrin
üzərindən çox illər keçib, indi yeni nəsilə
dünya kontekstində nəzəri araşdırmalar təqdim
etmək gərəkir. Bu mənada, R.Yusifoğlunun "Ədəbiyyatşünaslığın
əsasları" əsəri olduqca qiymətlidir. Nəzəriyyəçi
alim burada bədii ədəbiyyatı öyrənmənin
metodologiyası, idraki və tərbiyəvi əhəmiyyəti,
bədii düşüncədə pafos və onun təzahür
formaları, məzmun və forma, sətiraltı məna, bədii
portret, obraz, xarakter və tip, daxili münaqişə, bədii
konflikt, peyzaj, bədii detal, təsvir və ifadə vasitələri,
şeir sənəti və onun qanunauyğunluqları, ədəbi
metod və üslub və s. kimi problemlər nəzəri
kontekstdə təqdim olunur. Ədəbi-nəzəri konsept
R.Yusifoğlunun növbəti - 17-ci cildində də davam edir.
Bu cildə onun "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri"
(2016) monoqrafiyası, ədəbi-nəzəri məqalələrinin
bir qismi daxil edilmişdir. Monoqrafiyada və məqalələrdə
sistemli şəkildə dünya ədəbi-nəzəri
fikrindən söhbət açılır, görkəmli sənət
adamlarının, şair və yazıçıların
şeir və sənət haqqında mülahizələri təhlil
obyekti seçilir, bir sıra nəzəri mülahizələr
irəli sürülür. Görkəmli nəzəriyyəçi
alim bu cilddə milli ədəbi-nəzəri fikrin təşəkkül
problemlərini, tarixi mərhələlərini,
ayrı-ayrı şairlərin ədəbi-nəzəri (Xətib
Təbrizi, Nizami Gəncəvi, Füzuli, M.F.Axundzadə və
b.) görüşlərini, eləcə də sovet
dövrü və çağdaş ədəbi-nəzəri
fikrin inkiaşf istiqamətlərini, mərhələlərini
və şəxsiyyətlərinin nəzəri diskursunu
sistemli şəkildə izləyir və tədqiq edir.
Ayrı-ayrı məqalələrində bədii mətn və
onun təhlili, arxetip, simmetriya və onun poetik əsərlərdə
yeri və mövqeyi, poetik üslub haqqında nəzəri
araşdırmalarına geniş yer verilir.
Rafiq Yusifoğlu ömürünün böyük bir
hissəsini təhsilə həsr edib, universitetlərdə
mühazirələr oxuyub. Təhsil Nazirliyi tərəfindən
ali məktəblər üçün dərs vəsaiti kimi
təsdiq edilən "Müasir ədəbi proses və ədəbi
tənqid" dərsliyi və "Bədii söz və məna
ocağının közləri" kitabında gedən ədəbi-nəzəri
məqalələrinin bir qismi 18-ci cildə daxil edilib. Bu cilddə
biz həm də Rafiq Yusifoğlunu şair və
yazıçıların əsərlərinə ön
söz və ya resensiya yazan ədəbiyyatşünas və
tənqidçi kimi görürük. Ədəbiyyatşünas
bu cilddə ədəbi prosesin mahiyyəti və xarakteri, ədəbi
mühit, yaradıcılıq psixologiyası, klassik ədəbiyyat
və ədəbi proses, ədəbi prosesin
formalaşmasında bədii tərcümənin rolu, ədəbi
metod və fərdi yaradıcılıq ilişgiləri kimi nəzəri
problemlər elmi həllini tapır.
Rafiq Yusifoğlunun "Seçilmiş əsərləri"nin
19-cu cildinə dərslik kimi təsdiq edilmiş "Uşaq ədəbiyyatı"
monoqrafiyası, eləcə də ayrı-ayrı vaxtlarda
uşaq ədəbiyyatı ilə bağlı yazıb
çap etdirdiyi məqalələr, tədqiqat əsərləri
və dissertasiyalar haqqında rəsmi opponent rəyləri
daxil edilmişdir. Klassik dövrdən üzü bəri
uşaq ədəbiyyatının mərhələlərini,
problemlərini və şəxsiyyətlərinin
yaradıcılığını izləmək, sistemləşdirmək
və müəyyən elmi qənaətlərə gəlmək
tədqiqatçıdan böyük elmi ümumiləşdirmə,
konseptual axtarış aparmağı tələb edir. Rus və
dünya uşaq ədəbiyyatı ilə bağlı
araşdırmaları da buraya əlavə etsək,
görünən işin mahiyyəti və miqyası aydın
olar.
Rafiq Yusifoğlunun 20 cildliyi son yarım əsrin bədii
düşüncəsini poeziya, nəsr, uşaq ədəbiyyatı,
elmi düşüncəsini ədəbiyyatşünaslıq,
nəzəri təfəkkür kontekstində izləməyə
imkan verir. Onun bədii və nəzəri-elmi təfəkkürünün
miqyası genişdir, forma və janrca zəngin və müxtəlifdir.
Bu, təkcə müəllifin deyil, ümumən ədəbiyyatımızın,
ədəbi-elmi cameəmizin hadisəsidir. Bu ədəbi hadisə
bütün ədəbiyyatsevərlərindir,
çağdaş ədəbi prosesin və ədəbi-elmi,
nəzəri düşüncənindir. İnanıram ki, bu
cildlərin hər biri ilə bağlı mütəxəssislər
öz fikirlərini bildirəcək və dəyərləndirəcəklər.
P.S. 20 cildlik külliyyata yazdığım bu
sözardı hazır olmuşdu ki, Rafiq Yusifoğlunun yubiley
yaşı - 75 illiyinin yaxınlaşdığını
öyrəndim. Bu, bir yubiley yazısı deyil, ancaq
ömrünün yarım əsrə qədərini ədəbiyyata,
elmə həsr etmiş əziz dostumun həm də qoy
yubiley təbriki olsun. 20 cildlik
onun şərəfli bir tərcümeyi-halıdır. Elə
bir tərcümeyi-hal ki, yalnız ona məxsusdur və
ömür pillələrinin hər anını özündə
ehtiva edir. Biz də əziz dostumuzu təbrik edir, ona yeni
yaradıcılıq uğurları diləyirik...
Bədirxan ƏHMƏDLİ
525-ci qəzet .- 2024.- 19 dekabr(№233).-S.10-11.