İsa Muğanna və
Robert Lanza...
(XALQ YAZIÇISI İSA MUĞANNANIN "İDEAL"
ROMANI HAQQINDA QEYDLƏR)
(2-Cİ YAZI )
Dörd qardaş (Ağ Əmir, Boz Əmir, Sultan
Əmirli, Mədəd Əmirli) iki-iki bölünür.
İkisi (Ağ Əmir, Boz Əmir) Cənubda, ikisi (Sultan
Əmirli, Mədəd Əmirli) Şimalda qalır. Hər iki
qütbdə tale və tarix onların ziyanına işləyir.
Tarixini bilməyən xalq bəzən bir-birinə qənim kəsilir.
Necə ki, Səmədin əmiləri Ağ Əmir və Boz
Əmir Pəhləvilərlə türklərin eyni millət
olduğunu sübut eləməyə çalışsalar da,
"millətpərəst qiyamçılar"
damğasından qurtara bilməyərək otuzuncu ilin
qışında ikisi də bir gündə xəlvəti
öldürülür. Onları "Əmir məzarıstanı"
deyilən qəbiristanda dəfn edirlər. Onlar şeyx kimi fəaliyyət
göstərsələr də, əslində Təbriz mədrəsəsində
"Kainat elmi" - "SafAğ Elmi" təbliği, tədrisi
və Quranın batin təfsiri ilə məşğul
olurdular. Ataları Məhəmməd də SafAğ Elmi alimlərindən
idi. Kainat elmi ilə dünyanın tarixini öyrənir və
öyrədirdilər. Onların başladıqları işin
- kainat kodlarını açmaq iddiasının kökü qədim
ozan sənətinə, sufiliyə gedib çıxacaqdır.
Aşıq Alı sənətinin fəlsəfəsindən
çox danışılır. Aşıq Ələsgərdən
sonra kainat kodları ilə danışan sənətkarın
olmadığı deyilir. Bütün bunların
hamısını sovetlər zamanında dini təlim və
Lenin ideyalarının davamı kimi ört-basdır etmək
istəsələr də, qazdan ayıq
çuğulçular onları ələ verir. Eləcə
də Cümhuriyyət məğlubiyyətindən sonra gizli
fəaliyyət göstərən fədailər sosialistlərin
arasında məxfi iş aparırdı. Və bütün
bunların hamısı Stalinə
çatdırılırdı.
Romanda N.Nərimanov fədailiyi tarixi faktlar əsasında
mətnin aparıcı süjetlərindən birinə
çevrilir.
"Doktorumuzun
başçılığıynan "Hümmət"
Partiyasının pudnan qızılını
daşımışıq o taya ki, Səttar xan fədailəri
silahsız qalmasınlar çöllərdə. Qohum-əqrəbalarımızı
qan içində qoyub qayıtmışıq bu taya ki,
lazımıq burda" (Muğanna İ. İdeal. Bakı,
"Lider nəşriyyat", 2005, 536 s. s.13)
İ.Muğanna bizim faciəmizin tarixi səbəblərini
"Qrek" - "Latın" - "Fars" fatehlərinin,
sonra bu dəhşətli üçlüyə qoşulan
"Ərəb", Səlib-Xaç fatehlərinin,
Vatikanın gizlin məktubları əsasında Romanovlar fatehlərinin
soyqırımı siyasətində görür.
Yazıçı obrazlarını bir rayonun, bir kəndin
spesifik, tipik nümayəndələri kimi müəyyənləşdirmir.
Zamanın, müharibədən sonrakı Azərbaycanın
sosial-siyasi tarixinin canlı həyat faktlarıtək ümumiləşdirərək
yaradır.
Əsərin əsas ideyası milli
qırğınlar, parçalanmalar, deportasiya və
torpaqların tədriclə ermənilərə təhvili faciəsini
hədəfə alır. Əmirlilərin də ən
böyük dərdi budur. Sultan Əmirli yuxuda sayaqlayanda
deyirdi:
"Qırıb qurtaracaqlar milləti!..",
"Sürəcəklər, ay oğul, büsbütün
sürəcəklər, bircə bala!..", "Yurdumuza
murdar millət dolduracaqlar, bircə bala!..", "O tay əldən
getdi, bu tay da getmirmi?!" (Muğanna İ. İdeal. Bakı,
"Lider nəşriyyat", 2005, 536 s. s. 41).
Romanda "təhrif" ifadəsi tez-tez işlədilir.
Ərazinin təhrifi, tarixin təhrifi, dinin, mədəniyyətin,
dilin, təfəkkür miqyasının, talelərin və
bağların, münasibətlərin, bəşəri əlaqələrin
təhrifi fəlakətlər yaradır. Təhrif dünya!
Aldanılaraq gətirildiyimiz yanlışlıq
dünyası! Muğlar - Bağlar SafAğ Elmi sözləri
ilə açılıb aydınlaşmalıdır. Bağ
Ün - beyin bütün hadisələrin səbəbini və
nəticəsini dəyirman kimi üyüdür, əridir.
"İdeal" dili" - anlayışı haqqında
düşünürük. Bu əsəri sıradan oxucu kimi
oxusaq, anlamaq çətin olar. "İdeal" dili" bilmək
lazımdır. Muğları Bağlar övladı kimi qəbul
etmək, Süleyman səltənətinin varisliyinə inanmaq,
məşhur Aşıq Şəmşirin SafAğ Elmi
ustadlarından biri olduğunu qəbul etmək, Nizamidən
qalan ənənəyə görə, rəmzi mənanın
fars dili altında gizlədildiyini, yalnız tərcümədən
və şərhdən sonra rəmzlərin
açıldığını anlamaq lazımdır. Beyinlər
təhrif olunmuş mexanizm ilə işə salınır, hətta
"İndendertal insan" nəzəriyyəsi
aşılanır.
"İdeal" "həqiqəti" isə iddia
edir ki, bu planetə insanlar İşıq gəmisi adlanan,
atılma sürətiynən uçan gəmilərdə, Ulu
Babamız ƏsƏlMənin ətrafında, Yupiterdən
uçub gəliblər. "O dünya - bu dünya" həqiqəti
yoxdur, vahid kainat elmi var. On səkkiz min "Aləm" var.
Yer planeti də onlardan biridir. İnsanlar öləndən
sonra işıq kimi canlı olur və qarşımıza
çıxa bilir. Lakin yunan mifologiyası əsl həqiqəti
təhrif edib. SafAğ elminin işığından istifadə
edib, başqaları üçün bunu gizlədiblər.
İ.Muğanna estetik nəzəriyyəsi ilə onun
tənqidçiləri arasında maraqlı
anlaşılmazlıq yaranmışdı. Tənqidçilər
israrla sübut etmək istəyirdi ki, yazıçı
kommunizm ideyalarını, sovet insanını və kəndi, kənd
həyatını təhrif edir.
Məsələn, tanınmış tənqidçi
M.C.Cəfərov qeyd edirdi ki, "kommunist əxlaqı prinsiplərinin
pozulması hallarına qarşı barışmaz münasibət
sosializm realizmi ədəbiyyatının çox mühüm
xüsusiyyətlərindəndir. Lakin ayrı-ayrı əsərlərdə
nöqsanlı cəhətlərin həddindən artıq
qabarıq verilməsi nəticəsində kolxoz kəndinin həyatı
birtərəfli və təhrif olunmuş şəkildə
işıqlandırılır. Müasir kəndin qabaqcıl
qüvvələri, kənddə bərqərar olan yeniliklər
diqqətdən yayınır... Hüseyn İbrahimovun
"Sabahın sorağında" romanında, İsa
Hüseynovun "Tütək səsi" povestində və
bir sıra digər əsərlərdə kənd zəhmətkeşlərinin
həyatının işıqlandırılmasında
nöqsanlara yol verilmişdir" (Azərbaycan
yazıçılarının IV qurultayı. "Ədəbiyyat
və incəsənət" qəzeti. 1966, 01 yanvar).
Tarix barədəki təsəvvürlər minilliklər
arasında postmodern oyunlar fonunda romanlaşır. İfadələr
müasirliklə qədimlik arasında qəfləti
keçidlər edir. Məsələn, niyə Gülgəzin
anası Səmədin ən qəzəbli zamanında, Əlləzoğlu
evinə hücum çəkəndə Hənifə arvad onu
sakitləşdirmək üçün dua yox, ovsun oxuyur? Niyə
bizim taleyimiz məhz XVIII əsrdə rusun əlinə
keçdi? Biz Süleyman peyğəmbər nəslindən
olanlarıqmı? Gizlin "Muğlar" - Bağlar
övladıyıqmı, həqiqətən?
1954-cü ildir, Stalin yoxdur, stalinzm ənənəsi isə
davam edir. Xudiyev "əməliyyatları" bitməyib hələ.
Əlləzoğlu da Çax-çux Xalıq kimi "xidmətçi"dir.
Şərin və xeyirin arasında ruhu didərgin olacaq
adamlardandır. "Qudalı uşaqları" deyilən
tarixi düşmənlə mübarizə xarici düşmənlə
mübarizədən də çətindir. Məlum olur ki,
millətimizin içərisinə soxulub daxili təxribatlar və
təhriflər edən "Qudalı" tayfası əslində
erməni əsillilər - Qıdalılardır. Sənədlərdə
fars, xəlvətdə erməni olan bu törəmənin ulu
babsı Qıda I Pyotr zamanından fəaliyyətdə olub.
Əsərdə Əmirlilərdən başqa,
Qılınc Qurban, Lüt Cəfər, Dantes Qeybalı, Xəlvət
Rəhim, Xaş nəçənnik, Qarmonçu Şənbə,
Təftiş Abbas, Çax-çux Xalıq, Gülənov,
Saşa Babayev və onlarla başqa xarakterlər var.
Bütün obrazlar cəbhələşib. Mənfi və ya
müsbət planda deyil, xeyir və şər tərəflərə
bölünüblər. Xudiyev dəstəsindən birincisi
prokuror Sayılovdur, ikincisi milis rəisi Gülənov,
üçüncüsü isə "RİK Atamalı"
idi. Hər iki tərəfin arxası, dayağı var. Və
qəribədir ki, bu qorunmanın, mühafizə olunmanın
coğrafiyası çox genişdir. Məsələn, adi
alverçi kimi təqdim olunan Xalıq romanın bir yerində
sistem işçisi kimi rolunu oynayır.
Azərbaycan daxilində, həm o tayda, həm bu tayda
terror güclənir. Müharibədən sonrakı
antitürk hərəkatına start verilir. Muğannalar, əsl
türklər öz torpaqlarından səhralara, düzəngahlara
sürülür, ermənilər isə ən gözəl ərazilərimizdə
məskunlaşırdı. SSRİ-də və ümumən
dünyada siyasi mənzərələr dəyişir, amma millətimizin
taleyi dəyişmir. Stalin ölür, Mircəfər
Bağırov həbs olunur, fəqət Qonaqlıda kriminal
durum mahiyyətini dəyişmir. "Bayaq alova baxa-baxa dərk
elədim ki, Əmirli mülkü deyil o yanan, Vətənimizdi!
O tayı verib Farsa, bu tayı paylayıb erməniyə,
gürcüyə. "Böyük qardaşımız
Rus" çoxdan içib qanımızı, Qurban əmi!"
(Muğanna İ. İdeal. Bakı, "Lider nəşriyyat",
2005, 536 s. s.138) - yanğısı artıq Əmirlilər nəslinin
yeni liderinin - Səmədin dilindən çıxır. Səməd
Sultan Əmirli idarəetməsindəki səhvləri
görür və yeni enerji, yeni prinsiplərlə kiçik də
olsa, səlahiyyətləri ələ alır.
"Sənin xəbərin yoxdu, "Ermənistan"
adlandırılan ƏrMən torpağında qalıb hələ
Muğannalar. Bir etibarlı adamımızın, gizlətmirəm,
həmin Saşanın məlumatına görə, Xudiyev
agentlərinin Türkiyədə də agentləri
çoxdular, deyir, türk ordusunun içinə göndəriblər,
Türkiyənin ən məsul işçilərinə
çevriliblər, asta-asta dağıdırlar ölkəni
daxildən. Belə bədbəxtliyimiz var" (Muğanna
İ. İdeal. Bakı, "Lider nəşriyyat", 2005, 536
s. s.118).
Romanda tarixi şəxsiyyətlər, N.Nərimanov,
S.C.Pişəvəritək milli liderlər o taylı-bu
taylı Azərbaycanın xilaskarı kimi əks olunur. Bu
cür xilaskarlar zaman-zaman sui-qəsd, terror qurbanı olur.
M.K.Atatürkə də sui-qəsd edilir. Türk
dünyasına da hücum ermənilərin əli ilə olur.
Ağ Əmir, Boz Əmir, Mədəd və Sultan Əmirlilər
də milli dəyər kimi məhv edilir.
Romanda rəqəmlərin və kəlmələrin
mistik assosiasiyası var. Əsasən 4 peyğəmbərdən
söhbət açılır. Varislər, "sərvət
- elm qoruyucuları" da 4 qardaşdır. İkisi Cənubi
Azərbaycanda, ikisi isə Şimali Azərbaycanda fədailik
edir. Biz əsərin müəyyən hissəsindən sonra 3
qurbanın (Boz Əmir, Ağ Əmir, Mədəd Əmirli)
yeganə qisasçıları kimi Sultan Əmirli və Səməd
Əmirlinin taleyini, fəaliyyətini izləyirik. Şər
qüvvələr var gücləri ilə onları bir-birinə
düşmən etmək, onları
qarşılaşdırıb həqiqi milli dəyərləri
məhv etmək niyyətindədir. Ona görə də fitnə-fəsadla
Səmədin sevgilisi Gülgəzi Sultan Əmirliyə arvad
edirlər. Onun atasının qatili kimi Sultanı nişan
verirlər. Düşmən o qədər çoxsahəli və
real görünə biləcək üsullarla işləyir
ki, Səmədi daima tərəddüd içərisində
saxlayır.
Ölkə Moskvadan, Qonaqlı kəndi isə
"Şüşəli pavliyon"dan idarə edilir. Hər
kəsin iki missiyası var sanki. Haqqında bəhs olunan Azərbaycanın
sərhədləri çox geniş ərazini əhatə
edir. Böyük, bütöv Azərbaycanın taleyi, erməni-azərbaycanlı
münaqişəsinin tarixi kökləri açılır.
"Azərbaycan" adlı ədəbi portretin cizgiləri
minilliklərin qələmi ilə çəkilir. Millətin
elminə, dilinə, tarixinə qarşı müharibə elan
olunub, tarixi vəsiyyətnamələrdə gizlədilib. Dəfələrlə
onun əsl tarixinin kitabları yandırılır.
"Bağ" ifadəsi bütün kateqoriyalarda əsas
kod, əsas ideya kimi əks-səda verir. Bağlanmaq, əlaqələnmək,
sevgi, ünsiyyət, birlik ifadə edən bu söz bəşəriyyəti
və kainatı xilas edəcək
qüvvə, güc, enerji kimi hər yerdən boy verir.
Kainatın "Bağ"a ehtiyacı var. Bağlar
qırılıb. "Bağ" "Boq" olub. Haqq təhrif
edilib. Ailədən tutmuş, millətə, Yer və digər
planetlərə, qalaktikalara qədər hər tərəfdə
"bağ"sızlıq, haqsızlıq başlayıb. Bəşəriyyət
bilmir ki, OdƏr dilində "Bağ" kəlməsini
unudandaca həqiqətdən məhrum olur insan!
"Beyindən, daha doğrusu, BağÜndən, yəni
Bağ əcdadlarımızın planetlerdən gələn
Ünündən - səsindən məhrum olur... Bəli,
Ün eşidəndi insan! Milyon kilometrlərlə məsafədən
Ün eşidəndi insan!" (Muğanna İ. İdeal.
Bakı, "Lider nəşriyyat", 2005, 536 s. s. 56).
Bağ - bağlantı elmi beyinlər arasında da
mövcud ola bilir. Hətta yer adlı planetdəki insanlardan
Yupiter planetiylə danışanlar da var. Beyinlərarası
dialoq elmi mövcuddur. "Bağ" insanın həm öz
mahiyyətində olur, həm də özüylə ətraf
mühit arasında. Bəzən insanın özü ilə
arasındakı bağ da qırıla bilir, bəzən isə
dünyayla, başqa planetlərlə bağı kəsilə
bilir. Bağsızlıq faciədir, təcrid və təhrif
olunmadır. Elm və eşq sahibi insanın
yaradılışının özündə də
"Bağ" fəlsəfəsi var. Körpənin anaya
bağlantısı (bağlanan bağırsaq) da kəsiləndə
bir az yadlaşa bilir. Anadan ayrılıb dünyayla
bağlaşır.
Heydər Hüseynov (Nəcəfoğlu) gecələr
də işləyir, OdƏr həqiqətini yazırdı. Və
deyirdi ki, yuxuda OdƏrləri görür, Yupiterdən
dalğa göndərirlər, tavanı
tıqqıldadırlar. Nəcəfoğlu
venasını hamamda kəsməsəydi, sağ qalsaydı,
Yupiterlə əlaqənin ikinci əsas mərhələsinə
qədəm qoyacaqdı, yəni o tıqqıltılardan sonra
Ün eşitməliydi. SafAğ elminin qanunu elədir. SafAğ elmi ilə
mütəmadi məşğulluq beyində SafAğ
İşığını artırır, sonda Bağlarla
ünsiyyətə girə bilir.
"Sirr" əsərdə az qala hamıya aid edilən
bir gözlənilməzlikdir. Hətta Çax-çux
Xalıq da "Xəzinə sirləri"ndən
danışır və deyir ki, boşuna vaxt itirməyin, xəzinə
əldən gedib. Bütün söhbətlərin məzmununda
sirlilik var. Aşıq ədəbiyyatı, dastanlar, tarix
kitabları, vəsiyyətnamələr - hamısı sirdən
danışır. O da maraqlıdır ki, bütün sirr bilənlər
elə hey "Fəlakət, fəlakət!" - deyirdi.
Çax-çux Xalıq həm də EvƏrEyləri yer
üzündən köklü-köməcli silmək
planının "Vatikan"da yazılmasından da
danışırdı:
Əşyaların, sözlərin və bəzi məkanların
da sirr dolu səciyyəsi var. Məsələn,
Çax-çux Xalıqın çəki daşı əvəzinə
işlətdiyi, "Avariya" günü daxmanın
qabağındakı palıd kötüyünün
üstündən yoxa çıxan "qurğuşunlu
nal" cinayət tarixçəsində əsas silah kimi
görünüb yox olur. Sədr Mədədə sui-qəsddən,
S.C.Pişəvərinin "avariya"ya düşməyindən,
Heydər Hüseynovun venasını kəsməyindən
başqa da onlarla sirli ölüm qovluqları mövcuddur.
Romanın kuliminasiya nöqtəsi insanların taleyi ilə
bağlı deyil. Nə Sultan Əmirlinin, nə Səmədin,
nə də digərlərinin. Kuliminasiya nöqtəsi
Bağday tarixinin açılması ilə əlaqədardır.
Sultan Əmirli və dostları Ali Baş Komandan Stalinə
Bağday tarixinin açılmasının bütün planet
üçün xeyirli olması barədə elmi məlumat
vermək istəyirdi. Fəlsəfə İnstitutundan Cənub
mətbuatına material aparan çekist dostlarının vasitəsilə
Pişəvəriyə yollamaq, "Azadlıq cəbhəsi"nin konvertinə qoyub, Tehrandan Moskvaya
"ikinci cəbhənin" poçtunu daşıyan təyyarə
ilə göndərilməyinə nail olmaq. Lakin bu plan,
sözsüz ki baş tutmayacaqdı. Xəzinə, sirr, həqiqət
qorxulu sahə kimi gizlədilir, məqbərəyə
ayağı dəyənlərdən hərəsi bir yolla aradan götürülür.
Casusluq ən xırda sahədən ən böyük ərazilərə
qədər qanuni hala çevrilib. Kiçik bir təşkilatdan
tutmuş Vatikana qədər hər sahənin casusu var.
Cuqaşvili Gürcüstan və Azərbaycan ərazisindəki
Qrekləri himayə edən çox varlı Vatikan casusu
imiş.
İ.Muğannanın roman təfəkkürü,
yaradıcılıq üslubu və metodikası bir deyil, bir
neçə romanın materialını bir mətn kontekstində
sistemli və anlaşıqlı şəkildə təqdim etmək
imkanı verir. Məsələn, bir xalqın əsrlərlə
başına gətirilən "Təhrif"
oyunlarını xronoloji ardıcıllıqla, tarix faktı əsasında
bədiiləşdirib əks etdirmək nə qədər
çətin iş olsa da, müəllif bu işin öhdəsindən
gəlir. Əsərinin qəhrəmanlarını
günün problemləri ilə deyil, əsrlərin dərdi
ilə yükləyir. Öz tarixi ağrılarını
onlarla bölüşür əsərdə. Əmirlilər
şəxsi tale sevinci yaşamır, onların milli, bəşəri
bir missiya üçün doğulduğu romanın əvvəlindəcə
aydın olur. Məhəmməd Əmirli öz nəslini sirli
tarixin qaranlıq mağarasına buraxır. Bu yolda həbslər,
qətllər və "qəzalar", qaranlıq
mağaralarda divlər və əjdahalarla döyüşmək
təhlükələrinin qorxusu lap əvvəldən yox
edilib, bu nəslin, bu şəcərənin canından
çıxarılıb. Əzab və ölüm onları bədbəxtliklərə
və yoxluğa deyil, əbədi var olma, tarix yaratma xoşbəxtliyi
yoluna yönləndirir.
İ.Muğannanın dil özünəməxsusluğunu
mütəxəssislər ilk əsərlərində
görmüş və təqdir etmişdir. Məsələn,
M.İbrahimov yazırdı: "Təbiilik cəhətdən
İsa Hüseynovun... dili bizə xoş gəlir. Bizə
xoş gələn odur ki, bu yoldaşda saxta təm-təraq, qəsdən
dəbdəbəli sözlər axtarmaq təşəbbüsü
yoxdur" (İbrahimov M. "Bədii dil və süjet
haqqında". "Ədəbiyyat və incəsənət"
qəzeti, 1955, ¹12).
Romanın həm məzmun, həm də forma - texniki tərəfləri
postmodern üslubda, qeyri-adi kompozisiya strukturu ilə ifadəsini
tapır. Mətnin mənası həm bir-birini inkar, həm də
bir-birini təsdiq absurdluğu ilə açılır.
Bütün qarşılaşdırmalar səbəb-nəticə
məntiqinə söykənir. Məsələn,
"varis-varisi öldürür" qədəri təsdiqini
tapır. Əmirlilərin taleyində bir-birini fiziki
baxımdan məhv etmə ənənəsi davam edir. Sultan
Əmirli Stalin teleqramının qardaşı Mədəd
Əmirlidə olduğunu deyir, halbuki teleqram özündə
idi. Mədəd Əmirlini sui-qəsdlə öldürürlər.
Sultan Əmirli Səməd Əmirlinin, Səməd Əmirli
digər bir varis Mədəd Əmirlinin vasitəsilə əbədiyyətə
qovuşur. Və aydın olur ki, bu cür ölümlər
davamlı olacaq. Lakin həm də bir-birini mənən
yaşatma, beyin və təfəkkür köçürməsi,
sirlərin, varidatın təhvil-təslimi ilə bir-biri ilə
halallaşma üsulu da var. Romanda çoxlu qurbanvermə məqamları
ilə rastlaşırıq. Sultan Əmirli Mədədi qurban
verdi, Səməd sevgilisi Gülgəzi qurban verir. Vaxtilə Səmədin
anası Sura da doğuş zamanı canını qurban verib
ki, doğuşda Səməd salamat qalsın. Mədəd
Əmirlidən soruşulanda o da varisin sağ qalmasını
istəyib, sevimli xanımı Suranı qurban verib. Milli varolma
yolunda saysız-hesabsız ziyalıların qurban verilməsi
tarixçəsi də vərəqlənir. Repressiyalar, sui-qəsdlər,
terrorlar baş alıb gedir. Lakin bu qaranlıq dünyadan
işıqlı kainata çıxmaq yolunun qurbanları kimi əbədiyyət
qazanma şansı da inandırıcı şəkildə
izah edilir.
Düşmən güclü və qərarlı,
kinlidir. Lakin ortada "Xəzinə" mirasına sahib
çıxma qətiyyəti var:
"İdeal"
romanı ədəbi-mədəni irsimizdəki təhriflərin
siyahısını təqdim edir həm də. Ə.Firdovsi,
N.Gəncəvi, F.Nəimi, İ.Nəsimi, Aşıq Alı
yaradıcılığı, "Koroğlu" dastanı və
onlarla təcavüzə, təkzibə məruz qalmış ədəbi
abidələr nişan verilir. İ.Stalinin göstərişi
ilə "Xəmsə"nin mətni və ideyası təhrif
edilir. Digər dəyərlərimiz də həmçinin.
N.Gəncəvi fəlsəfəsindəki AğEy icması məsələsi,
Əxi ideologiyası (Qardaşlıq düsturu) bir fəlsəfi-sosial
tezis kimi təhrif edilir İ.Stalin tərəfindən. Nəticədə
1930-cu illərdə təhrif edilmiş həmin ideologiya əsasında
kolxoz quruculuğu hərəkatı başlayır.
Bununla bağlı İ.Stalin "Nizamnamə"
imzalayır. Əslində isə bu sənədi N.Gəncəvini
təhrif edərək işləyir. N.Gəncəvi fəlsəfəsindəki
"Əxi icması" tendensiyası təhrif olunmuşdu.
"Kim yaradacaq Nizaminin "utopiya" damğasıynan
damğalanan AğEy - "Əxi" icmasını?!" -
sualını İ.Muğanna əsərdə
bir neçə səhifəlik həcmdə aktual problem kimi təhlilə
çəkir.
Romanın süjetində zavyazka nöqtəsi Səmədin
əsl mahiyyəti dərk etməsi anından başlayır.
("İndi-indi dərk eləyirəm "Allah" nədi,
ƏlAğ nədi! Ulu Bağ ƏsƏlMon kimdi, UluBağlar
nəsli nədi? OdƏr bəşəriyyəti nədi?
"Vərəsə" kitabxana ətrafında olanlar,
mülkümüzün yandırılması, divarların elə
təcili dağıdılması, Abının, qocaların
elə dizin-dizin, sürünə-sürünə vərəqləri
yığmaqları indi-indi çatır mənə.
İndi-indi qanıram Xızr Abının
böyüklüyünü. Öyrənəcəm Elmi!
Mütləq!" (Muğanna İ. İdeal. Bakı,
"Lider nəşriyyat", 2005, 536 s. s.216) Əsl mahiyyət
onu subyektivizmdən uzaqlaşdırır. Milli, bəşəri
ideyalar yolunun yolçusu edir. Mətnin dramatizmi bir süjet və
bir konflikt üstündə qurulmayıb. Konfliktlər şəxslər
arasında olsa da, şəxsi, subyektiv xarakter
daşımır. Məsələn, Əmirlilərlə
Qudalılar arasındakı nifaq qan davası deyil, milli
xarakterlidir. Çünki Qudalıların erməni əsilli
olması faktı sonra ortaya çıxır.
Konfliktlər həm də xeyir və şər,
işıq və qaranlıq, elm və cəhalət qütbləri
arasındadır. Bu cür əbədi mübarizənin isə
hər əsrdə öz tarixi hadisələri olur.
İ.Muğanna da yazır ki, "Faraon"ların -
EvƏrEyÜnlərin zamanından bu günəcən alimlərimizə
divan tutublar. Necə ki SafAğ
elmi ilə az qala bütün dünya mübarizə
aparır.
Yazıçı Azərbaycanın başına
açılan oyunların romanını yazmaqla həm də
bütün planetin xəstəliyini açıb göstərir.
"İdeal" ifadəsi üst qatdakı mənada Səmədin
əmisi Sultan Əmirliyə ünvanladığı
müraciətdir. "İdeal" - OdƏl - mənasını
ifadə edir. Həqiqət əli! "OdƏr dili"
haqqında da yeri düşdükcə izahlarla tanış
oluruq. "OdƏr dili" o qədər qədim və
doğmadır ki, əslində bu dil düşüncənin,
beyinin və təfəkkürün, şüurun tarixi ilə
yaşıddır. "Dil İsa Muğanna üçün
bir ifadə vasitəsi deyil, yenidən yaratma
gücüdür. Ünlü alman yazıçısı
Tomas Mann 1933-cü ildə ölkəsini tərk edərək
Amerikaya getdiyində: "Mənim gerçək ölkəm
dilimdir" - demişdi. İsa Muğanna üçünsə
dil Muğanlı kəndidir, Ağstafa, Qazaxdır, Azərbaycandır,
hətta Altaylardakı Tanrı dağları,
İstanbuldakı Sultan Əhməd məscididir. Onun dili bizim
danışdığımız, yazdığımız
dilin məhdudiyyətinə sığmayan və bizə
sayıqlama kimi gələn, əslində, bizim görəmmədiyimiz,
sezə bilmədiyimiz başqa bir aləmi ifadə edən,
geniş dünyaya sahib bir dildir. Bu dil "Ana" deyən,
"Can" deyən, "Vətən" deyən bizim
dilimizdir. Dostoyevski Puşkin haqqında belə demişdi:
"Puşkinin bütün əsərləri rus mənliyinə,
rus mənliyinin mənəvi gücünə inancı ilə
dolub-daşır. İnancın olduğu yerdə ümid var.
Rus insanının gələcəyi qarşısında
duyulan böyük ümid..." (Aras O. İsa Muğanna.
"525-ci qəzet", 2018, 26 oktyabr).
Postmodern ədəbi-nəzəri estetikası əsasında
yazılan romanda az qala bütün fraqmentlər işarələrlə
kodlaşır. İstər dil, istər tarix və ya mədəniyyət,
istərsə də
günün siyasəti, qlobal faciələr işarə
izləri ilə açılır. Eyni zamanda C.Coysun
"Uliss" romanında olduğu kimi şüur
axını, fasiləsiz düşüncə seli zamansız
və məkansız bir dünyaya yol açır təsəvvürümüzdə.
Düşüncə oyunları qeyri-ciddi xarakterli deyil. Bu
üslubdakı postmodern təqdimat oxucunu konkret tarix, il, ay,
gün işarəsi ilə uzaqlara apara bilir. Necə ki, Cənubda
1922, 1928, 1930-1940-cı illər tarixi dönüşü
haqqındakı məlumatlar o illər çərçivəsini
dağıdaraq uzaq "Midiya" zamanına işarə edir.
Onu da qeyd edək ki, rəqəmlər təkcə riyazi deyil,
magik səciyyəsi ilə də mətni mənalandırır.
Cənubda 1922-ci, 1930-cu, 1946-cı illərin hadisələri
"zəruri" və qaçılmaz məğlubiyyətlər kimi təqdim
edilirdi. Halbuki bütün bunların hamısında imperiyaların
əli var idi. Reallıqda isə
"Pəhləvi hakimiyyəti" adı altında
İranda mövqe gücləndirirdilər.
İ.Muğanna elmi təfəkkürlə bədii təfəkkür
tipini roman təfəkkürü ortamında qovuşdura bilir.
Postmodern dil və üslub metoforik səciyyə
daşıyır. Bəzən tarix rəvayət və əfsanə,
yaddaş diktəsi əsasında, amma reallığa söykənərək
bərpa edilir.
Bu bir həqiqətdir ki, dünya tarixinin gedişinə
inqilabları və repressiyaları ilə müdaxilə edən
Rusiya siyasəti daima bizim əleyhimizə işləyib.
V.İ.Lenin və İ.Stalindən
tutmuş M.Qorbaçova qədər aparılan
antitürk, antiazərbaycan siyasətin mahiyyəti açılır.
İ.Muğanna hadisələri, xüsusən də erməni-azərbaycanlı
münaqişələrini 1988-ci ilə qədər gətirir.
Daxili düşmənlərdən biri - Xəlvət Rəhim
deyir: "Bütün xaçpərəst aləmi
düşməndi bu "SafAğ" deyilənə! KPSS,
şəxsən generalnıy sekretar Qorbaçov düşməndi
SafAğa. "Yevrey"i EvƏrEy, Torik - Türk eləyən
sehrkar Mağlardan qalıb bu SafAğ elmi! İmam Xomeyni
düşməndi İslamı ƏsƏlim eliyən,
Farsı EvƏrƏs eliyən Dəlilərə! Lap
açıq deyirəm, biri də səlamət qalmıyacaq
bu Muğ, Mağ, Muğanna deyilənlərdən!"
(Muğanna İ. İdeal. Bakı, "Lider nəşriyyat",
2005, 536 s. s.457-458)
Düşmənliyin kökləri uzaq tarixdən
başlanıb və subyektiv xarakterli deyil. Müəllifin də
dediyi kimi, kamillik yolunda SafAğlarla İlan arasında idi.
"İlan" - yunanlardan,
farslardan, ruslardan, ermənilərdən ibarət düşmən
sürüsü - demək idi. Azərbaycan əleyhinə fəaliyyətdə
olanların çoxu "Milli birlik" adı ilə birləşib
iş görürdü. Qonaqlıda yaradılan "Milli
birlik" təşkilatı da bu qəbildən idi. Roma,
Moskva "ilanı" olan Xudiyevin əli ilə
yaradılıb. Onların arasında türk yoxdur, lakin
özlərini "türkçülük" ideologiyası
uğrunda çalışanlar kimi göstərirlər.
Məhərrəm Məhərrəmov, Saşa Babayev,
Seyid Cəfər Pişəvəri, Sultan Əmirli, Mədəd
Əmirli, Xızr Abı, Çürük Aşıq, Ələsgər
müəllim qlobal faciələrin analitik təhlillərini
aparır, bu böyük faciələr içərisində
öz taleyimizin xilas yollarını arayırdılar. Elə o
analizlər zamanı məlum olmuşdur ki, prezident Ruzvelt
heç də öz əcəli ilə ölməyib. Amerika,
Böyük Britaniya, Sovetlər İttifaqı adlarında
bir-birinə düşmən "müttəfiqlər"in
Tehran müşavirəsində, Stalinin iqamətgahında zəhər
verilib Ruzveltə ki, o tay-bu tay Azərbaycanın birləşdirilməsi
baş tutmasın.
İ.Muğanna romanlarının özünəməxsus
və yeni nəzəriyyə ilə təhlilə ehtiyacı
var. Onun estetik prinsipləri, üslubu və metodologiyası ənənəvi
ədəbiyyatşünaslıq prinsipinə uyğun gəlmir. SafAğ həqiqətlərinin
qavranılması üçün "İdeal"dan sonra
"Ölüm-dirim" "Peyğəmbərin
möhürü", "Qəbristan", "Gur
Ün", "İsahəq, Musahəq", "Məhşər" oxunmalıdır. İ.Muğanna
romanlar silsiləsi yaratmayıb təkcə. Həm də
öz möhtəşəm roman təfəkkürü
hesabına tariximizin, dilimizin, faciələrimizin kodunu
açıb, anatomiyasını öyrənib.
İradə MUSAYEVA
525-ci qəzet .- 2024.- 20 dekabr(¹234).-S.14-15.