Kösəm
Sultanın mirası: Böyük Validə Xan
Nə Bəbək, nə Maslak, nə
Nişantaşı, nə Hisarönü, əminliklə deyirəm,
İstanbul ayrıca bir ölkə olsa, paytaxtı Fateh
olardı. Osmanlının düşünən beyni, görən
gözü, vuran ürəyi, canı, qanı, ruhu,
varlığı, hətta yoxluğu bu səmtə elə
hopub ki, mənə elə gəlir, Osmanlı elə burada
başlayıb, burada da bitib. Elə hesab edirəm, Osmanlı
sultanlarının daha sonralar köçdükləri və
hakimiyyətlərini davam etdirdiyi digər sarayların yerləşdiyi
yerlər işin bəzək-düzəyidir. Təbii ki,
Fatehin sehri məni belə düşünməyə vadar
edir, yoxsa, əlbəttə ki, Ulduz, Çırağan, Bəylərbəyi,
Dolmabağça kimi şah əsər sayılan sarayları
görməzdən gəlmək olmaz. Bitməyə gəldikdə
isə... əlbəttə ki, heç nə bitmir, hər
şey dəyişir. Məsələn, öncə Roma
imperatorluğu vardı bu torpaqlarda, sonra Bizans imperatorluğu
qurulur, qısa müddətli olsa da, ardınca Latın öz
imperatorluğunu elan edir, ondan sonra Osmanlı imperatorluğu əsrlərlə
davam edən idarəçiliyinə qədəm basır,
1923-cü ildə isə Türkiyənin cümhuriyyət
dönəmi başlayır. Zənnimcə, bu xronologiya
heç nəyin bitmədiyi, ən əsası hər
şeyin dəyişdiyinin bariz nümunəsidir.
Osmanlının ən güclü və ən zəif dönəmlərinə
şahid olub Fateh. Çünki bütün imperatorluq burada təməli
atılan Topqapıdan idarə edilirdi. Saraylar, külliyələr,
xanlar, hamamlar, məscidlər, minarələr burada tikilirdi.
Ona görə də, üzünü hansı tərəfə
çevirsən, addımını hansı yana atsan, ya bir
abidə ilə üzləşirsən, ya da özünü
həmin memarlığın içində tapırsan. Təəssüf
ki, çox insan bunların fərqində deyil. Məsələn,
Qapalı çarşıya qızıl üçün gələn,
Sultan Əhmədə şəkil çəkdirmək
üçün üz tutan, Laləliyə qab-qacaq almaq
üçün axın edən, paxlavaya görə uzun
sıralara düzülməyi gözə alan,
kababçılarda tüstünün içində oturub
buğlana-buğlana şişi dişinə çəkənlərin
nəyinə lazımdır Fatehin keçmişi, nələrə
şahid olduğu, nələrdən keçdiyi?! Doğrudur,
şəhərdə ciddi turist hərəkətliliyi var,
ancaq əminliklə demək olar ki, çoxu hara gəldiyinin,
necə dərin tarixin içində olduqlarından xəbərləri
yoxdur. Guya, yerli əhalinin hamısı əllərində
olan bu "xəzinənin" fərqindədir? Bu
yaxınlarda bir yaxınıma Altunizadədən bəhs edərkən,
"yəqin ki, tanıyırsan" deyə sual verdim. "Hə",
dedi, "içindən -bir-iki dəfə keçmişəm".
Əvvəlcə çaşdım, ölmüş birinin
içindən necə keçdiyini fikirləşdim, yəqin
ki, mən yanlış anladım dedim. Sonra məlum oldu ki, bu
yaxınımın, Altunizadə İsmail Rüştü
Paşanın Osmanlı dövlət adamı olduğundan xəbəri
belə yox imiş, içindən keçdiyi isə Altunizadə
məhəlləsi imiş. Həmin məhəllənin
adı elə paşanın o ərazidə inşa etdirdiyi
Altunizadə məscidindən götürülüb. Hal belə
olunca, turisti də qınamaq olmur. Bir sözlə, Fateh
"sirlər xəzinəsidir".
Həmin xəzinənin sirlərindən biri isə
Böyük Validə Xandır.
Böyük Validə Xan
Bu xan İstanbulda mövcud olan XVII əsr abidəsidir.
Fatehin Eminönü səmtində Çaxmaçılar
yoxuşundakı məşhur Daraqçılar küçəsində
yerləşir. Üç atriumlu xanın cənub
küncündə İrene Qalası var. İkinci atrium
ortasında isə İran Məscidi mövcuddur.
Təəssüf ki, bu əsrarəngiz abidənin
memarının kim olduğu məlum deyil. Osmanlı
padşahı IV Muradın anası Kösəm Sultan tərəfindən
inşa etdirilib.
Əslində, Kösəm Sultan buranı təsadüfən
tikdirməyib, 1640-cı ildə Üsküdarda içərisində
məscidin də olduğu Çinili külliyəsini inşa
etdirir. On il sonra da gəlirləri həmin külliyəyə
getsin deyə Böyük Validə Xanının inşa əmrini
verir. Yeri gəlmişkən, Çinili Külliyəsinin
"Çinili" adlı qadınlar hamamı hələ də
fəaliyyət göstərir və bizim qızlarla mütəmadi
getdiyimiz yerdir. Sadəcə məhrəm yer olduğu
üçün yazı yazmaq gərəyi hiss etməmişdim.
Madam ki, mövzu açıldı, bir az bəhs edim.
Saflığını, təmizliyini, məhrəmiyətini
qoruyan, müştərilərə, "çocuğum,
annem, yavrum" deyən yaşlı, istiqanlı, cana yaxın
qadınların işlədiyi yerdir. Hamamın içərisi
tamamilə çinilərdən ibarətdir. Çox
böyük deyil, amma kiçik də demək olmaz. Tələbat
həddən artıqdır. Hamamın memarlığı
olduğu kimi qalır. Sadəcə geyinib-soyunma otaqlarına
qapılar əlavə edilib.
Xanın memarlığı
Əsas girişdə və çöl divarlarda
daş və kərpiclərdən istifadə edilib.
İç tərəflər isə nizamsız daşlardan
hörülüb. Girişdəki tağlarda isə sabit
daşlardan istifadə edilib. Abidənin içərisində
qapalı eyvanlar mövcuddur. Pəncərələr iti uclu
daşlardan ibarət, dördbucaqlı və çərçivəsi
qatlar formasındadır. Validə Xanın birinci və ikinci
atriumunda 153, üçüncü atriumda 57 olmaqla ümumilikdə
210 otağı mövcuddur. Abidənin 75 otaqlı
üçüncü atriumu da var. Adı Sağır
xandır.
Birinci mərtəbə anbar olaraq müəyyənləşib.
İkinci atriumu ilə bağlantılı olan bölümdə
isə sonradan tikilən əlavələr mövcuddur.
Buranın eni ilə uzunluğunun genişliyi 66 metrdir.
Üçüncü atrium isə mərkəzdən incə,
uzun, dördbucaqlı olan pilləkənlə ayrılıb.
Zirzəmi qatına enişi var. Əslində
üçüncü atriumun böyük qisminin
xarabalıqdan fərqi yoxdur. Burada da sonradan əlavələr
görmək olur. Üst mərtəbədə beşik
tağlı qübbə var. Ancaq bura hazırda qədim
görüntüsünü itirib. Xanda iki dəfə
böyük çöküntülər olub. Hadisələrdən
birincisi 1906-cı ildə, ikinci çöküş isə
1926-cı ildə baş verib. Nəticədə qəzalı
vəziyyətdə olan otaqların bəziləri
möhürlənib. Ancaq illər ərzində necə olubsa,
möhürlər icazəsiz sökülüb və həmin
yerlərdə müxtəlif fəaliyyətlər
başlayıb.
İrene qalası
Xan inşa edilməmişdən əvvəl burada cərrahbaşı
olan Mehmet Paşanın sarayına aid "cahannuma" olaraq fəaliyyət
göstərən İrene Qalası varmış. Qala Bizans
dönəmində inşa edilibmiş. Abidə yazılı
tarixdə İrene Qalası olaraq tanınmır və
anılmır. XVI əsrdə İstanbula gələn səyyah
Peter Qaliusun o bölgədə yaşayan insanlardan eşidib
yazması ilə bu adla tanınmağa başlayıb.
Böyük Validə Xana edilən ən vandal
müdaxilələrdən biri üçüncü atriumda
tağların qapadılaraq otaqlara çevrilməsidir. Buna
görə də, qala ilə üçüncü atrium
arasında bağlantı demək olar kəsilib. Uzanıb gedən
bu tağların sadəcə aşağısından qalaya
çıxmaq mümkündür. Dördbucaqlı plana sahib
olan İrene Qalasının daxilindəki en və uzunluq yeddi
metrdir. Əhatəsindəki hasar isə 41 metrdir. Divarların
qalınlığı 150 santimetr, abidənin
hündürlüyü 17 metrdir. Qalanın fərqli yönlərə
baxan pəncərələri mövcuddur. Abidədənin
inşasında daş və kərpicdən istifadə edilib.
Giriş qapısı tağdan ibarətdir. Qalanın digər
xüsusiyyəti isə çıxıntısız
olmağıdır. Daxili məkanda böyük ölçülü
kəsmə daşların kərpic ilə
qarışdırılaraq divar hörüldüyünü
görmək olar. Qalanın üstü isə kərpicdən
hörülmüş dilimli qübbədən ibarətdir.
Qeyd edim ki, bu qübbə kənardan dümdüz
görünür. Qalanın ətrafı sonradan tikilən
qanunsuz obyektlərlə əhatələnib. Bu da bütün
pəncərələrin qapadılmasına gətirib
çıxarıb. Qalanın ikinci mərtəbəsindəki
pilləkənlə qübbənin üstünə
çıxmaq mümkündür.
Film və serialların ünvanı...
Böyük Validə Xan fərqli işlərin və
işçiliyin birləşdiyi nöqtədir. İlk
inşa edildiyi illərdə Kösəm Sultanın qeyri-qanuni
üsullarla yığdığı sərvətinin bir qismi
bu xanda gizlədilibmiş. İstanbulda yaşayan iranlı
şiələrin matəm ayini və bənzər törənlər
qadağan edildiyi 1927-ci ilə qədər Xanın birinci
atriumunda qeyd edilirmiş. İstabulda Qurani-Kərimin ilk dəfə
olaraq İran mətbəələri tərəfindən gizli
çap edildiyi yer də bu Xan imiş. Eyni zamanda həmin mətbəələrin
ən çox satılan kitabların qanunsuz çapı da
burada həyata keçirilirmiş. Bundan əlavə,
Türkiyənin fərqli yerlərindən gələn kəndlilərin
metal ustalarının yanında şəyird olaraq işləməyə
burada başlayıblar. Bu gün bəzi nəhəng tekstil
şirkətlərinin əsası da bu xanda qoyulub. Birinci və
ikinci mərtəbəsində dükan, qəhvəxana,
parça toxuma atelyesi, papaqçı, dərzi, metal tökmə,
boyama mərkəzi, parça atelyeləri mövcud imiş. Hətta
bəzi dönəmlərdə ev kimi istifadə edənlər
də olub. 1908-ci ildən 1920-ci ilə qədər xana tələbatın
zəiflədiyi dönəmlər olur. 1980-ci illərdə isə
İstanbuldakı ticarətin bu ərazidəki yüksəlişi
xandakı iş yerlərinin və depoların sayını və
bura olan tələbatı artırır. Bununla birlikdə qəlibçilər,
metalçılar atelyesi hələ də işlərini davam
etdirirlər. Böyük Validə Xan bəzən sənət
və kültür məsələləri üçün
istifadə edilən məkan olaraq istifadə edilib. Bəzi sərgilərə,
filmlərə, seriallara, sənədli filmlərə ev
sahibliyi edən abidədə bu dəqiqənin özündə
"Yalı Çapkını" adlı məşhur
serial çəkilir. Hətta biz ziyarət edərkən həmin
serial çəklişlərinin ortasında tapdıq
özümüzü. Ceyms Bondun baş rolunda
oynadığı "Skyfall" adlı filmin də bəzi
səhnələri burada çəkilib. Bu günlərdə
isə fotoqrafların, tiktokerlərin, sosial şəbəkə
fenomenlərinin məkanıdır bura. Hətta Xana gələn
ziyarətçilər abidənin qübbəsində o qədər
tullanıb düşüblər ki, ağırlıqdan
qübbələrin bəzi yerlərində çökmə
yaranıb. Buna görə də, Kültür və Turizm
Nazirliyi tərəfindən xanın hər tərəfinə
xəbərdarlıq yazısı da asıblar, "qübbəyə
çıxmaq qəti qadağandır" deyə.
Yaxşı, buna məhəl qoyan varmı, əmin deyiləm.
Çünki bəzən həddən artıq izdihamlı, bəzən
də tərk edilmiş kimi sükuta qərq olan bu yerdə hər şey
"mübah" kimi görünür. Yoxsa, bu cür dərin
keçmişi olan abidəyə niyə bu qədər obyekti
yamaq etsinlər?!
Türkan TURAN
525-ci qəzet .- 2024.- 21 dekabr(№235).-S.21.