Rəssam Eldəniz Babayev: "Elə
yaradıcılıq müsabiqələri təşkil
olunmalıdır ki
ədalətli və peşəkar sənətkarlardan
ibarət komissiya təqdim olunan işlərə düzgün
qiymət verə bilsin"
Rənglər dünyasının öz qəhrəmanları
var. Sənətləri qədər özləri də
maraqlı olan bu insanların dünyaya rəngli
baxışlarında müxtəlif yanaşma tərzi,
baxış bucağı, nəzər nöqtəsi olur. Eyni
sənət dünyasının adamları olsalar da, üslub
seçimləri tamam fərqlidir. Nəticədə isə
hamısın adı rəssamdır.
Bu ilin yay ayında bir rəssamımızın
Türkiyədə açılan fərdi sərgisilə
bağlı bir xəbərlə rastlaşanda sərginin
adı diqqətimi çəkdi - "Zəfər müjdəsi".
Özlüyündə ad hər şeyi açıqlasa da,
bir rəssam təxəyyülü, düşüncəsi
tamam başqadır. Elə bu səbəbdən kiçik bir
araşdırma apararkən, onun haqqında Xalq rəssamı,
akademik Tahir Salahovun fikri rastıma çıxdı:
"...Ümumilikdə fırça ustasının müxtəlif
süjetli bütün əsərlərində milli kolorit
aydın nəzərə çarpır, amma milliliklə bir
sırada əsərlərin müasir üslubda təsviri də
diqqət çəkir". Bu fırça ustası isə
qədim divarlarında əsrlərin sirlərinin qorunub
saxlandığı İçərişərdə yerləşən
"Bakı" rəsm qalereyasının rəhbəri Eldəniz
Babayevdir.
- Günlərin birində bir məktəbli əlinə
fırça aldı...
- Bu, uzaq 80-ci illərdə olub. Yəqin
xatırlayarsınız, o zaman ədəbiyyat kitablarında
klassiklərinin qrafik janrda şəkilləri olurdu. Həmin
şəkillər diqqətimi çox cəlb edirdi. Dediyiniz o
günlərin birində fırça ilə Füzulinin və
Nizaminin şəkillərini qeyri-ixtiyari olaraq çəkməyə
başladım. Atamın həvəskar rəssam olan dostu bir
gün bizə gəlmişdi. Atama dedi ki, Eldənizin çox
maraqlı yanaşma tərzi var. Birdən-birə əlinə
fırça alıb şəkil çəkmək nədənsə
xəbər verir. O zaman rəssam olmaq kimi bir fikrim yox idi,
humanitar sahələr mənə daha maraqlı gəlirdi.
Lakin valideynlərim məni o zaman fəaliyyət göstərən
Pionerlər sarayına apardı. Orada çəkdiyim şəkilləri
görən kimi məni qəbul etdilər. İlk müəllimlərim
Məsmə xanım və Rasim Nəzirov oldu. Təqribən
8-9 ay hazırlıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq
Məktəbinə daxil oldum, daha sonra Mədəniyyət
Universitetini bitirdim. Hər iki təhsilimi fərqlənmə
ilə başa vurmuşam.
- Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi
ciddi bir təhsil ocağı olub...
- Sovet dövründə həmin məktəbə qəbula
çox ciddi nəzarət vardı, çünki ali məktəb
səviyyəsində idi. Bizə dərs deyən müəllimlərin
əksəriyyəti SSRİ-nin ali məktəblərini
bitirib gələnlər idilər. Əslində bu məktəbi
bitirmək bir rəssam üçün yetərli olsa da, mən
ali təhsil də aldım, ona görə ki, burada ədəbiyyat
və tarix dərslərini daha da dərindən öyrənmək
kimi bir imkan vardı. Universitetdə Eyyub Hüseynov, Sabir
Şıxlı, Mirteyyub Xəlilov kimi çox güclü
müəllimlərim oldu və sonda oranı "Soltan Məhəmməd"
təqaüdü ilə bitirdim. Diplom işim Əmir Teymur
haqqında oldu.
- Əlaçı tələbə həm də
ictimai fəal olub. Haqqınızda araşdırma apararkən
bu məlumatları əldə edə bildim...
- Tələbə həmkarlar təşkilatının
sədri idim, müxtəlif beynəlxalq konfranslarda ölkəni
təmsil edən yaradıcı gənclər sırasında
olmuşam. Mərhum Müslüm Eldarovun yaratdığı
Bakı İncəsənət Mərkəzi
Yaradıcılıq Birliyinin ən fəal üzvlərindən
sayılırdım. Çox təəssüf ki, o,
dünyasını tez dəyişdi və
yaradıcılıqla bağlı planlarımız yarımçıq
qaldı. İndi ki bu mövzuya toxundunuz, bir maraqlı məqamı
da vurğulamaq istərdim. Rəssamlıq Məktəbinin
ikinci kurs tələbəsi idim. Moskvadan Bakıya bir heyət
gəlmişdi. O zaman Polşanın Varşava və Qdansk
şəhərlərində tələbə-gənclərin
beynəlxalq forumu təşkil edilmişdi. Sovetlər
birliyinin bütün respublikalarından seçilmiş
istedadlı tələbə gənclər orada iştirak etməli
idilər. Moskvadan gələn heyətin seçimi mənim
üzərimdə dayanmışdı. Bilirsiniz ki, o
dövrün özünün kriteriyaları vardı.
İnsanın davranışlarından tutmuş istedadına qədər
bütün incəliklərə ciddi diqqət yetirilirdi,
müəyyən orqanlardan keçdikdən sonra vətəndaşa
ölkəni tərk etmək icazəsi verilirdi. Həmin
forumda mən Azərbaycan SSR-ni təmsil etdim. Sonralar belə tədbirlərdə
iştirakım davamlı olsa da, bu forumu həmişə
xatırlayıram.
- Çox qürurla sizə dərs deyən müəllimlərin
SSRİ-nin müxtəlif ali məktəblərində təhsil
aldığını söylədiniz. Deyəsən,
özünüzün belə bir marağı olmayıb...
- Olub. 90-cı illərdə postsovet məkanlarında
azadlıq hərəkatları başlayanda təhsil naziri
Lidiya Rəsulova məni nazirliyə çağıraraq dedi
ki, Əzimzadə adına Rəssamlıq Məktəbini fərqlənmə
ilə bitirmisən, nümunəvi tələbə olmusan,
maraqlı rəsm işlərin var. Ümumi imtahanlardan azad
olmaq şərtilə səni Surikov adına Moskva Dövlət
Rəssamlıq İnstitutuna və ya Repin adına
Sankt-Peterburq Rəssamlıq Akademiyasına göndərə
bilirik. Belə imkan mənim üçün yaradıldı.
Lakin hadisələrin axarı dəyişdi. Düzü,
Moskvaya da getdim. Dedilər ki, baş verən hadisələrin
fonunda nələrin olacağı hələ bilinmir. Sizdə
Mikayıl Abdullayev kimi kifayət qədər istedadlı rəssamlar
var. Yaxşısı budur ki, qayıdın ölkənizə.
Yəni imkan olsa da, mövcud vəziyyət buna mane oldu.
- İndi də keçək rəssama...
- Bəzən rəssama sənətkar, bəzən
yaradıcı deyirlər. Yaratmaq yalnız Allaha məxsusdur,
insanlığı, bəşəriyyəti yaradan tək
Odur. Düşünürəm ki, rəssam Tanrının cəmiyyətdəki
çoxluq içərisindən seçdiyi insandır.
Atatürkün belə bir deyimi var: "Hər hansı bir
insan ola bilərsən, amma bir sənətçi ola bilməzsən".
Qanuni Sultan Süleymanın da belə bir etirafı var:
"Dünyanı fəth edən hökmdar ola bildim, amma
gerçək bir sənətçi olamadım". Zənnimcə,
insan istər siyasətdə olsun, istər digər sahələrdə,
Allahdan ona yaradıcılıq kimi bir xüsusiyyət verilir və
bu da seçilmişlərə aiddir.
- Elə suallar var ki, ənənəvi səslənsə
də, cavabları fərdi və müxtəlifdir. Hər rəssamın
sevdiyi rəng mütləq ki var...
- Düz vurğuladınız, cavablar fərdidir. Bəzən
deyirlər ki, rənglər ağ və qaradan əmələ
gəlir. Bu, bir növ gündüz və gecə anlamı
kimidir. Tanrının yaratdığı bütün rənglər
gözəldir, bunu bir boyakar rəssam kimi deyirəm. Amma onlar
da ağ və qaranın üzərində qurulub.
Görürsünüzmü, əvvəl ağ-qara fotolar
yaranıb, daha sonra rəngli şəkillərə keçid
olub. Ona görə də ağ-qaranın
yanaşmasını bilən rəssam, digər rəng
çalarlarını gözəl işlədəcək. O
ki qaldı özümə, mən daha çox
şabalıdı və qızılı rəngləri sevirəm
və yaradıcılığımda bu, öz əksini
tapıb, çünki gözə rahatlıq, insana sakitlik verən
çalarlardır.
- Rəssamlıqda ruhunuza yaxın üslub...
- Türklər demişkən, bu, dartışma
mövzusudur. Üslub nədir? İncəsənətin
bütün sahələrində əgər klassizm olmasa,
modernizm olmaz. Bəşəri muzey olan Ermitajda məşhur
bir rəsm əsəri var - Qara kvadrat. Deyilənə görə,
əsərin müəllifi Maleviç bu rəsmi çəkəndən
sonra uzun müddət hamıya deyirmiş ki, nə yeyə
bilir, nə də yata bilir. Nə etdiyini özü də
anlamır və nəticədə o, incəsənətə
aid beşcildlik fəlsəfi düşüncələrini
yazıb. Ona baxanda nə başa düşmək olur? Hər
bir rəssam və yaradıcı adam orada öz üslubunu
axtarmalıdır ki, oradan ortaya nə çıxaracağam.
Bu, mənim subyektiv fikrimdir ki, klassizm olmadan modernizm ola bilməz.
Əgər not olmasaydı və Vaqif Mustafazadə bu
notları bilməsəydi, peşəkar səviyyədə
Azərbaycan muğamı ilə caz musiqisini improvizə edə,
"Düşüncə"ni yarada bilməzdi. Yəni onun
yaratdığı bilavasitə notlara söykənib. Eləcə
də rəssamlıqda Mircavad Cavadov, Rasim Babayev kimi Azərbaycanın
nəhəng rəssamları realizmi bütün incəliklərinə
qədər bilib sonradan öz üslublarını
yaradıblar. Bu baxımdan mən klassikadan yanayam.
- Qaradan söz düşmüşkən, bu rəng
haqqında rəssam fikrini bilmək istərdim. Qara rəngdən
əksər hallarda qorxurlar ona görə ki, o, vahimə
saçır...
- Elə deməzdim... Bu sual bir qədər mentalitetlə
bağlı oldu. El arasında belə bir deyim var: "Qara
geyinmə, qara gün gətirər". Mənə elə gəlir
ki, palitrada qara rəngin olması və kətan üzərində
onun lazımi yerdə vurğulanması gözəl effekt
yarada bilir. Onu da vurğulamaq istərdim ki, çox qaralıq
insanın əhvalında bir sıxıcılıq yaradır
və bu baxımdan balansa nəzarət edilsə, insanlar vahiməyə
düşməz.
- Rəssama məxsus olduğu deyilən
üçüncü göz...
- Gəzdiyim postsovet məkanında, Avropa ölkələrində
çox sənətkarlardan eşitmişəm ki, sənətkar
müşahidəçi olmalıdır. Bəşər
övladının gördüyü ətraf mühiti, rəngləri
rəssam tamam fərqli görür. Əgər rəssamın
hissiyyatı, dünyagörüşü olmasa, onun əlində
fırça ilə nəsə yaratması
qeyri-mümkündür. Rəssamın nəinki
üçüncü, saysız-hesabsız gözü,
müşahidəsi olmalıdır ki, o, ortaya mükəmməl
bir əsər çıxara bilsin.
- Onu da deyirlər ki, rənglərin dili var...
- Əlbəttə ki, var... Elə rənglər var
ki, insanı xəstə edə bilər. Musiqi terapiyası
olduğu kimi, rənglərin də terapiyasıı var. Bir
uşağa daima qırmızı rəngi göstərə
bilməzsən. Böyüdükcə bu, onda bir aqressiyaya,
xoşagəlməz hadisəyə çevrilə bilər. Və
yaxud tünd sarı rəngi. Ona görə də rənglərin
dili onların palitrada harmoniyası və kətana çevrilməsi
deməkdir. Bu da peşəkarlığın ifadəsindən
asılıdır və düşünürəm o dil var. Bəzən
kompozisiyanın özü yox, boyaların həmahəgliyi məzmunu
göstərə bilir. Bir nümunə çəkim sizə.
İlya Repinin "İvan Qroznı oğlunu
öldürür" adlı məşhur rəsmi var. O əsərdə
atanın əlindəki qan rəssam tərəfindən o qədər
gerçək şəkildə təsvir edilib ki, bir zabit ona
baxdıqdan sonra rəsmə zədə yetirib. Rəngin dili
budur.
- Azərbaycan rəssamlığı beynəlxalq aləmdə...
- Yenə bir qədər geri qayıtmalı
olacağam. Mikayıl Abdullayevin emalatxanasında olarkən, mənə
bir dünya kataloqu göstərdi. Rəssamın
"Anamın portreti" adlı bir rəsmi var. Həmin
kataloqda M.Abdullayevin bu əsəri Leonardo da Vinçinin əsəri
ilə yanaşı yer almışdı. Kataloq 60-70-ci illərə
aid idi. Bundan çox qürurlandım. Sovet dövründə
bir azərbaycanlı, türk-müsəlman rəssamı həmin
kataloqa salınıb. Bu, həmin dövr üçün
heç də kiçik hadisə deyildi. Bu gün Azərbaycan
və onun vətəndaşları müstəqildir.
Keçmiş postsovet ölkələrində, qonşu
Türkiyədə, dünyanın müxtəlif yerlərində
Azərbaycan günləri keçirilir, rəssamlar öz əsərlərini
fərdi qaydada nümayiş etdirə bilirlər. Bu istiqamətdə
Heydər Əliyev Fondunun çox böyük xidmətləri
var, mədəniyyət sahəsi daima onların
qayğısı və himayəsi altındadır. Amma bu
işə başqa kənar kömək də lazımdır.
Necə ki bunu qardaş Türkiyədəki sənət vəqfləri
edir. Bu gün bizdə bir rəssam öz əsərini ölkə
xaricinə çıxarmaq üçün Mədəniyyət
Nazirliyinin dövlət ekspert komissiyasına hər rəsmə
görə xeyli vəsait ödəməlidir. Dünyanın
inkişaf etmiş ölkələrinin heç birində həyatda
olan rəssamların əsərləri bu qayda ilə ölkədən
çıxmır. Bunu açıq etiraf edirəm.
- 30 illik işğal dövrü Azərbaycan rəssamlığında
kifayət qədər öz əksini tapmadı...
- Bəli, kifayət qədər tapmadı. Amma bu o demək
deyil ki, Azərbaycan rəssamları bu mövzuya laqeyd
qaldı. Biz rəssamları heyrətləndirən bir obraz
olmalıdır. Yenə bir nümunə çəkəcəyəm.
İkinci Dünya müharibəsində
Stalinqrad döyüşləri zamanı şəhid
olanların xatirəsinə ehtiram əlaməti olaraq Mamayev
kurqan deyilən yüksəklikdə "Ana Vətən
çağırır" adlı möhtəşəm abidə
var. Əlində qılınc tutan ana obrazı öz
görünüşü ilə hər şeyi deyir. Biz
türklər torpağa, ocağa, yurda, millətə o qədər
bağlıyıq ki, bu heç nə ilə müqayisəyə
gələ bilməz. Biz yaradıcı insanların da boynunun
borcudur ki, belə layiqli əsərlər yaradaq. Musiqi sahəsində
çox mahnılar, əsərlər yazıldı, lakin sənətkarlıq
bununla bitmir. Bu gün bizdə elə yaradıcılıq
müsabiqələri təşkil olunmalıdır ki, orada ədalətli,
peşəkar rəssam, memar, heykəltaraşlardan ibarət
komissiya, jüri təqdim olunan işlərə düzgün
qiymət verə bilsin.
- Amma bu boşluq qələbədən sonra sanki
doldu, incəsənətin bütün sahələrində sənətkarlar
öz sözünü deməyə sarı üz tutdu. Bu,
sizdən də yan keçməyib. "Zəfər müjdəsi"
əsərinizdən danışaq...
- Ötən 2023-cü il türk dünyası
üçün əlamətdar oldu. Azərbaycan Demokratik
Respublikasının 105 illiyi, qardaş Türk Cümhuriyyətinin
100-cü ildönümü qeyd olundu. Eyni zamanda Ulu öndərin
anadan olmasının 100 illiyi. Bir yaradıcı insan kimi bu
hadisələrə münasibət bildirmədən, kənarda
qala bilməzdim və "Zəfər müjdəsi" əsərilə
öz sözümü deməyə çalışdım.
Ötən ilin may ayının 23-də Muzey Mərkəzində
əsəri seyrçilərə təqdim etdim. Əsər
maraqla qarşılandı. Rəsmdə təsvir edilən
kiçik detalların məna yükü çox
böyük idi. Bu ilin iyun ayında İstanbulda Atatürk Mədəniyyət
Mərkəzində 80 rəsm işindən ibarət "Zəfər müjdəsi"
adlı həm fərdi sərgim açıldı, həm də
Mirzə Talıbovun müəllifliyilə kitab-kataloqun təqdimatı
oldu. Azərbaycan Rəssamlar İttifaqı tərəfindən
nümayəndə kimi Xalq rəssamı Arif Hüseynov sərginin
açılışında yaradıcılığım, əsərlərim
haqqında öz fikirlərini bildirdi.
- Əsər üçün maraqlı obraz
seçmisiniz...
- Zəfəri yeni qazandığımız günlərin
birində dostlardan bir foto gəldi mənə. Fotoda əlləri
qabar bağlamış bir pinəçi surəti var idi.
Şəkildən çox duyğulandım və bu obrazı
əsas kimi götürərək ətrafına Azərbaycan-Türkiyə
qardaşlığını əks etdirən detalları əlavə
etməklə, "Zəfər müjdəsi" əsərini
yarada bildim. Çox istərdim əsər Azərbaycanda
qalsın, lakin onun taleyi İstanbulla bağlı oldu,
çünki kompozisiyanı orada satın aldılar. Əslində
mən ümidlə gözlədim ki, Bakıda hansısa muzey
və ya qurum bu əsərə sahib çıxar, lakin sonunda
qismət öz sözünü dedi. Əsas odur ki, əsərin
ünvanı qardaş ölkədir və bununla da
qürurlanmağa dəyər.
SÖZARDI: Alman dramaturqu Bertolt Brextin belə bir deyimi
var: "İncəsənət yalnız böyük amallara
xidmət edəndə böyük görünür".
Adı kimi incə olan bu sənətin sakinləri daima
böyük amallara xidmət etməkdə israrlı olsunlar
ki, zəfər müjdələrimiz də çox olsun.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2024.- 21 dekabr(¹235).-S.18;19.