"ƏLVİDA" DEYƏ BİLMƏYƏN SƏYYAH
Səyyahların ən məşhuru Sindibad oldu.
"Min bir gecə" nağılları onu dünyadakı
səyyahların ən məşhuruna çevirdi. Amma
ömürlərinə dalınarsa, keçdikləri uzun
yollar qədəm-qədəm izlənərsə, bəlkə
də sərgüzəştləri nağıl
Sindibadınkından qat-qat çox olan neçə-neçə
səyyahla rastlaşarsan. Əslində nağılların
öz şirin diliylə əfsanələşdirdiyi dəniz
səyyahı Sindibad da heç uydurma-filan deyil. Rəvayət
edilir ki, qədim Çində, Min Çjen Xe dövründə
ləqəbi Sanbao - "Üç Xəzinə" olan səyyah,
doğrudan da, varmış.
İllər öncə Azərbaycan sənətkarı
Rizvan Sədirxanov bəstələdiyi "Səyyah
Sindibad" rok-operasının lap başlanğıcında
bir müqəddimə kimi səslənəcək
mahnının sözlərini yazmağı məndən
xahiş etmişdi.
Sindibad, digər səyyahlar öz yerində, amma bu nəğmə
əslində elə Hacı Zeynalabdin Şirvaniyə də
birbaşa aiddir.
Hər bir gedilən yolun əvvəli var, sonu var.
Nə yol bitər, nə arzu, nə qədər canda
can var.
Suallarla doludur hələ seçmədiyin yol,
Səni hey cəzb eləyər hələ keçmədiyin
yol.
Hər yolun arxasında min suala cavab var.
Ömür boyunca bitməz nə suallar, nə yollar.
Yollar eniş-yoxuşlu, sən yolların yorğunu,
Sınağı çox olsa da, sən yolların
vurğunu.
Fəlsəfi baxımdan yanaşılırsa, sonralar
xüsusi bir cərəyan kimi işarələnərək
maarifçilik adlandırılmış axın hər
dövrdə olub. Hacı Zeynalabdin Şirvani də
gördüyü işlər, yaratdığı əsərlər
və şəxsiyyəti ilə zəmanəsinin
böyük maarifçisi sayılmağa layiqdir.
Səyyah Hacı Zeynalabdin Şirvani ilə dəfələrlə
həmsöhbət olmuş, onu yaxından tanımış təzkirəçi
Rzaqulu xan Hidayət o böyük kişinin bir məziyyətindən
də bəhs edirdi. Yazırdı ki, Hacı Zeynalabdin
Şirvani son dərəcə qonaqpərvər bir insan idi.
Qapısını kim açsa, nəyi varsa süfrəsinə
düzərdi.
Təzkirələrindən, bizə yadigar qalan əsərlərindən
də göründüyü kimi, son dərəcə
doğruçu bir insan, tarixi həqiqətləri
yazılarında dəqiq əks etdirən mötəbər qələm
sahibi olan Rzaqulu xan Hidayətin Hacı Zeynalabdin Şirvani haqqındakı
bu sözlərinə də inanmaq gərəkdir.
Çünki Hacı Zeynalabdin Şirvanini görməsək
də, əsərlərini oxuyuruq. Onun səxavəti, ürəyiaçıqlığı,
biliklərini, illər boyu içərisində
topladıqlarını səxavətlə insanlara
bağışlamağa hazır olması əsərlərindən
görünməkdədir.
Dahi Nizami Gəncəvi özündən sonra beş məsnəvi
yadigar qoyub getdi. Onun dünyadan köçməsindən bir
müddət sonra təzkirəçilər, ədəbiyyatşünaslar
o beş məsnəvini bir sözlə qovuşdurdular - əvvəlcə
"pənc gənc", daha sonra bir az da
yığcamlaşdıraraq "Xəmsə" dedilər -
"Beşlik".
XIII əsrdən etibarən sıra-sıra bu cür
beşliklər, xəmsələr yarandı. Ancaq ədəbiyyat,
elm tariximizi araşdıranda buna şahid kəsilirik ki,
yalnız məhəbbət məzmunlu məsnəvilərdən
ibarət xəmsələr yaranmayıb. Başqa məzmunlu
beşliklər də var və o cür beşliklərdən,
həmin rəmzi xəmsələrdən biri də elə
Hacı Zeynalabdin Şirvaniyə məxsusdur.
Hacı Zeynalabdin Şirvaninin üç məşhur
əsəri: "Riyaz üs-siyahə", "Hədaiq
üs-siyahə", "Bustan us-siyahə"nin
adındakı "riyaz" da,
"hədiqə" də, "bustan" da "bağ",
"bağça" deməkdir. Hacı Zeynalabdin Şirvani
hər üç səyahətnaməsinin ünvanına bu
"bağ, bağça" sözünü təsadüfən
çıxarmayıb. O, həqiqətən, hər
üç əsərində güllü-çiçəkli
bir bağ yaradıb. Səhifələri açırsan, əlvan
bir aləmə düşürsən, onun keçib-getdiyi
ölkələri sən də görmüş,
tanımış olursan. Ancaq Hacı Zeynalabdin Şirvaninin
dördüncü əsəri də vardı - "Kəşf
ül-məarif".
Bu kitab fəlsəfədən, hikmətdən, təsəvvüfün
tarixindən və böyük şəxsiyyətlərindən
bəhs edən əsərdir. Ancaq Hacı Zeynalabdin Şirvani
həmin əsəri də özünəməxsus bir səyahətnamə
adlandırır. Yazır ki, bu əsərimdə mən
oxucumu böyük elm aləminə səfərlərə, səyahətlərə
aparıram.
Hacı Zeynalabdin Şirvaninin beşinci əsəri də
yadigar qalıb. Onun "Divan"ı, şeirlərinin
toplusu.
"Təmkin" təxəllüsü ilə
şeirlər yazan Hacı Zeynalabdin Şirvaninin ədəbiyyata,
şeirə sevgisi, həm də bu sahədə səriştələri
o qədər çoxdur ki, hər üç səyahətnaməsində
dönə-dönə ədəbi qaynaqlara müraciət
edir. Sıra-sıra öz şeirlərindən də örnəklər
verir, başqa şairlərin də yazdığı məzmunlara
uyğun olan misralarını iqtibas gətirir.
Təkcə "Riyaz üs-siyahə"nin birinci
cildində 60 şairdən seçmələr vardır. Ancaq
"Divan"ı Hacı Zeynalabdin Şirvaninin ruh
dünyasının ifadəsidir. Bu əsərini də
Hacı Zeynalabdin Şirvani Təmkin bir başqa səyahətnamə
sayır - özünün ruh dünyasına olan səfərlər
kimi təqdim edir. Ancaq bu böyük səyyahın, bu
böyük alimin, bu özünəməxsus
yaradıcılıq dəsti-xətti olan şairin irsinə
biz nə dərəcədə sahibik?
Hələ XX əsrin 50-ci illərində Hacı
Zeynalabdin Şirvani irsini öyrənmək, xalqa təqdim etmək,
onun şəxsiyyətini insanlarımıza daha yaxşı
tanıtmaq səmtində cəhdlər olmuşdu. Ədəbiyyatşünaslar
F.Seyidov və R.Babaxanov ayrıca kitabça qələmə
almışdılar. Coğrafiyaşünas Nurəddin Kərəmov
araşdırmalar aparmış, bir-iki kitab ortaya qoymuşdu.
Ancaq Hacı Zeynalabdin Şirvaninin şəxsiyyəti və
irsini onun layiq olduğu yüksək elmi səviyyədə
araşdırmaq, elmə və insanlara çatdırmaq yolunda
unudulmaz alimimiz Ağamir Quliyevin müstəsna əməyi
var. Böyük işlər görən o təvazökar, o
iddiasız alim Hacı Zeynalabdin Şirvaninin irsini elminki eləmək
səmtində ən çox xidməti olan insandır.
Xatırlayıram, 1975-ci ilin fevralı idi. Moskvada
böyük şərqşünas alim Yevgeni Eduardoviç
Bertelsin xatirəsinə həsr olunmuş konfrans
keçirilirdi. Mən tələbə idim. Amma həmin
konfransa məruzə ilə qatılmışdım. O elmi məclisdə
oçağkı Sovet İttifaqının ən məşhur
şərqşünas alimləri iştirak edirdi. Azərbaycandan
başda akademik Əbdülkərim Əlizadə olmaqla bir dəstə
alim gəlmişdi. Ağamir Quliyev də onların arasında
idi. Ağamir Quliyev 1970-ci illərin ortalarında məşhur
Şərq yazılı abidələri silsiləsindən
Hacı Zeynalabdin Şirvaninin üç cilddə
"Riyazü-s-siyahə"sini nəşr etdirmiş,
geniş müqəddimə yazmışdı. Və həmin
kitablar silsiləsi yalnız Sovet İttifaqında deyil, xarici
ölkələrdə də böyük əks-səda
oyatmışdı.
Bu, Hacı Zeynalabdin Şirvaninin indiyəcən layiqli
elmi səviyyədə ortaya çıxarılmış tək
əsəridir. Ancaq onun digər əsərləri də -
"Hədaiqü-s-siyahə" də, "Bustanu-s-siyahə"
də gərək nəşr oluna. Nəşr olunmaq
azdır, gərək Azərbaycan dilinə mükəmməl
şəkildə şərhlərlə tərcümə
edilə, gərək onun "Divan"ı da Azərbaycan
oxucusuna həm sətri, həm poetik tərcümədə təqdim
oluna. Ancaq bunu kim edəcək? Gərək mütəxəssislər
yetişdirilə. O zaman ki Ağamir Quliyev kimi fədakar alim bu
işlə məşğul idi, müxtəlif ölkələrdə
olan əlyazmaları əldə etmək son dərəcə
çətin idi. Özü mənə söyləmişdi
ki, "Riyaz üs-siyahə"nin, "Bustan us-siyahə"nin
Böyük Britaniya kitabxanalarında saxlanılan əlyazmalarının
mikrofilmlərini almaq üçün neçə aylar boyu əziyyət
çəkib. "Kəşf ül-məarif"in onun
axtarıb ortaya çıxardığı əlyazması
Berlində idi. Çalışırdı ki, onun da
mikrofilmini əldə etsin. Bu gün bu işləri görmək,
ən müxtəlif uzaqlarda olan qaynaqları əldə etmək
xeyli asandır. Qalır bilikli, təcrübəli, əlyazmalarla
işləmək səriştəsi olan inadkar alimlərin zəhmətə
qatlaşması və o əsərləri
araşdırmağa, tərcümə etməyə
başlaması. Hələ Hacı Zeynalabdin Şirvani kimi nəhəngimizi
yaxşı tanımırıq. O, hələ tam bizimki deyil.
O zaman sonacan bizimki, bugününkü və sabahınkı
olacaq ki, onun millətimizə, dünyaya yadigar qoyub getdiyi
beşliyə daxil hər bir əsəri yenidən nəşr
edək, çevirək, təhlillərlə
insanlarımıza çatdıraq ki, hər kəs onu
yaxın məsafədən görə bilsin. Azərbaycan və
dünya qarşısında Hacı Zeynalabdin Şirvaninin o
beşliyə daxil olan əsərlərinin
hamısının yenidən nəşri ilə sanki bir pəncərə
açılacaq və həmin pəncərədən
böyük insanın, böyük səyyahın,
böyük alimin surəti bizə daha aydın görünəcək.
Hacı Zeynalabdin Şirvaniyə qədər də
sıra-sıra səyahətnamələr, səfərnamələr
qələmə alınmışdı. Ancaq onun səfərnamələri,
onun səyahətnamələri tamamilə seçilir. O,
yalnız bir coğrafiyaşünas kimi yazmır, həm də
bir tarixçi kimi yazır, həm də bir insanşünas
kimi yazır, həm də bir təbiətşünas kimi
yazır. Gəzib dolaşdığı çox yerlərdən
biri də doğma vətəni Azərbaycan idi. Azərbaycanı
da elə təsvir edib ki, hətta azərbaycanlılar özləri
həmin səhifələri vərəqlədikcə
yurdlarını tamam ayrı bir cilvədə görürlər.
Azərbaycanı, yurdunu Hacı Zeynalabdin Şirvani
üç hissəyə bölürdü. Kürdən
şimala olan torpaqlar Şirvan, Kürlə Araz
arasındakı hissə Aran, Arazdan cənuba doğru - ta
Savalan dağlarına qədər uzanan ərazi isə
Muğan.
Hacı Zeynalabdin Şirvani yazırdı ki,
"Aran" türk dilində isti yer deməkdir.
"Muğan"la bağlı sıra-sıra rəvayətləri
cəmləyərək bunu da yazırdı ki, bu yerlərin
adı Muğan adlı bir şəxsin adından
götürülüb.
Bu yerdə Muğanla bağlı son dərəcə
maraqlı bir məlumatı çatdırır. Yazır ki,
burada yerli camaatın "öldürən"
adlandırdığı bir ot bitir. Nabələd heyvan o otu
yeyincə zəhərlənib ölür.
Nəyə görə nabələd heyvan? Hacı
Zeynalabdin Şirvani bu qeydləri yaza-yaza ona işarə edirdi
ki, heyvanlara heç də şüursuz, ağılsız məxluqat
kimi baxmayın. Yerli heyvanları vadar eləsən də, yaza
qədər lap yamyaşıl olsa belə, həmin otlara
toxunmur. Nəyə görə yaza qədər? Sən demə,
həmin otların zəhərliliyi yaz gəlincə
azalır, aradan gedirmiş. Yenidən payız yetişəndən
sonra bərpa olurmuş. Yerli heyvanlar da bunu bilirmiş. Amma kənardan
gələn hansısa heyvan görür yamyaşıl otdur,
yeyirmiş və dərhal da keçinirmiş.
Hacı Zeynalabdin Şirvaninin səyahətnamələrinə
üzdən xırda görünən saysız-hesabsız belə
bilgilər səpələnib və o qiymətli kitabları
oxuduqca yalnız yeri-yurdu yaxşı tanımırsan, həm
də təbiətin dili haqqında çox bilgilər
qazanırsan.
Hacı Zeynalabdin Şirvani qələminin bir
gücü də ondadır ki, hansı eldən, hansı
şəhərdən, hansı kənddən bəhs edirsə,
məhəbbətlə danışır. Ancaq müqayisə
edəndə onu da görürsən ki, Azərbaycan
haqqında yazdıqlarında həm dərinəgetmə, həm
də sevgi bir ayrı səviyyədədir.
Təbrizə gəlib çıxmışdı. Bu
qədim şəhəri qarış-qarış gəzirdi və
onun haqqında xüsusi bir heyranlıqla bəhs edirdi. O, Təbrizi
"nigaristan" - "gözəllər yurdu"
adlandırırdı və Təbriz haqqında
"Nigaristan" adlı bir əlyazmanı da əslində
oxumuşdu. O kitabda - "Nigaristan"da Təbrizin tarixi ilə
bağlı maraqlı bir məqam diqqətini çəkmişdi
və həmin məlumatı da
köçürmüşdü öz əsərinə. Sən
demə, XIV yüzildə Sultan Üveys zamanında Təbrizə
növbəti dəfə vəba xəstəliyi gəlibmiş.
Amma hər dəfəkindən daha şiddətli. O qədər
şiddətli ki, o xəstəlik həmin dövrdə
üç yüz min insan həyatını aparır. Ancaq
"Nigaristan" adlı mənbədən aldığı
bu kədərli məlumatın digər tərəfi Hacı
Zeynalabdin Şirvani üçün daha cazibəli
görünmüşdü. Yazır ki, üç yüz min
adam həyatını itirsə də, şəhərin əhalisi
o qədər çox idi ki, bu qədər itkidən sonra da
boşluq hiss olunmadı.
Hacı Zeynalabdin Şirvani Təbrizin başı
üzərindən gəlib keçmiş zəlzələlərdən
də bəhs edir. 857-ci ildə baş verən tərpəniş
Təbrizin altını üstünə çevirir. Ancaq
asta-asta şəhər bərpa olur, dirçəlir.
Ardınca 1041-ci ilin müdhiş zəlzələsi gəlir.
O müdhiş, dağıdıcı zəlzələ ki, haqqında
salnamələrdə, tarixi qaynaqlarda, ədəbi mənbələrdə,
o sıradan Qətran Təbrizinin şeirlərində kədərli
bilgilər var.
Hacı Zeynalabdin Şirvani o mənbələrin
hamısını oxumuşdu. Ancaq indi Təbrizdə
insanların arasında gəzərək ağsaqqalların
yaddaşında qalan rəvayətləri də toplayır. O
rəvayətlərlə bu tarixi soraqları qovuşduraraq Təbrizin
keçmişi haqqında bilikləri bir az da dərinləşdirir,
bir az da genişləndirir.
Hər yerdə olduğu kimi, burada da, burada isə hər
yerdə olduğundan daha artıq ağıllı insanlarla
ünsiyyətə can atır və xeyli dostlar tapır.
Onlardan biri sonra haqqında sayğı ilə, məhəbbətlə
bəhs edəcəyi Mirzə Əbülqasım idi. Təbrizdə
tanış olduğu, elminə, dərinliyinə heyran
qaldığı Mirzə Əbülqasımla tezliklə
aralarında dostluq münasibətləri yaranmışdı.
Mirzə Əbülqasım İsfahanda, Kərbəlada
mükəmməl təhsil görmüş bir adam idi. Ancaq
bütün bunlardan savayı onda bir müdriklik varmış
ki, o müdriklik hər söhbətində duyulurmuş. Bu,
Hacı Zeynalabdin Şirvanini daha artıq valeh edirmiş.
Hacı Zeynalabdin Şirvani ikilikdə söhbətdə Mirzə
Əbülqasım Şirvaninin ona söylədiyi hikmətləri
zərbülməsəl kimi kitabında yazır ki, gələcəkdə
insanlar bunları öyrənsinlər, içərilərinə
hopdursunlar. Özü böyük alim olan Mirzə
Əbülqasım deyirmiş ki, alim gərək təkəbbürdən,
lovğalıqdan, pulgirlikdən uzaq ola, padşahlar əlində
alətə çevrilməyə. Mirzə
Əbülqasım söyləyirmiş ki, böyük bilik
sahibi olmaq azdır, gərək insanın mənəviyyatı
da dürüst ola. Çünki nakəs əlində elm sərxoş
əlində qılınca bərabərdir. Mirzə
Əbülqasım söyləyirmiş ki, alimin gərək
savadı mükəmməl ola, dərin ola. Natamam həkim can
alırsa, çiy həkim də mərifətin bəlasıdır.
Mirzə Əbülqasım danışırdı,
ağzından dürr tökülürdü, Hacı
Zeynalabdin Şirvani onları bircə-bircə yazırdı
ki, bu fikir dürləri itib getməsin - dünya fanidir,
hamı, o sıradan Mirzə Əbülqasım da gedəcək,
qoy bu müdrik sözlər qalsın.
Mirzə Əbülqasım da gedib, Hacı Zeynalabdin
Şirvani də yoxdur, amma kitab qalıb. O sözlər diridir
və həmin kəlamlar bu gün də, gələcəkdə
də nəsihət olaraq qalacaq.
Mirzə Əbülqasım deyirdi ki, alimin gərək
sözü ilə əməli tən gələ. Sözü
ilə əməli tən gəlməyən alim alim-i biəməldir.
Beləcə, Hacı Zeynalabdin Şirvani yalnız
coğrafiyaşünaslıq əsərləri
yazmırdı, yalnız tarix əsərləri
yazmırdı, insanlar üçün dərsliklər
yaradırdı. Yaradırdı ki, bu kitabları oxuyaraq siz həm
dünyanı, içərisində
yaşadığınız mühiti yaxşı biləsiniz,
həm də insan olasınız, kamil insan olasınız və
o, eşitdiyi, oxuduğu, ən müxtəlif qaynaqlarda rast gəldiyi
hikmətli rəvayətləri nə şəkildəsə
bəhs elədiyi mətləblərlə
bağlayırdı.
Söz gəlib çıxmışdı İsgəndərin
- o məşhur Aleksandr Makedonskinin üzərinə. Onun gəlib
keçdiyi yerlərdən bəhs edirdi. Amma İsgəndər
haqqında oxuduğu ibrətli bir əhvalatı da kitabına
daxil edirdi ki, bu da insanlara yadigar qalsın.
Hacı Zeynalabdin Şirvani, yəqin ki, indi ortada
olmayan, ovaxtkı hansısa qaynaqdan
köçürdüyü bir söyləməni öz
kitabında səby edir ki, bizə və bizdən
sonrakılara da ibrət olsun. Əhvalat belədir: Aleksandr
Makedonski - İsgəndər haqqında bir nəfər dəyərli
kitab yazıbmış. Sərkərdə İsgəndər
kitabı oxuyur, çox xoşuna gəlir. Görür ki,
burada onun əsl surəti var. Həyatı, keçdiyi yol,
mübarizələri, zəfərləri. Xəzinədarı
çağırır, deyir ki, buna iki yüz min misqal
qızıl verin. İki yüz min misqalın özü elə
ayrıca xəzinəyə bərabər sərvətmiş.
Ətrafındakılar, saray adamları Aleksandr Makedonskiyə
məsləhət verməyə çalışırlar ki,
bu qərarından çəkinsin. Axı bir kitab nədir ki,
ondan ötrü siz iki yüz min misqal hədiyyə verirsiniz?
İsgəndər deyir ki, yox, mən bilirəm nə edirəm.
Deyir, təsəvvür edin ki, siz xəstələnmisiniz,
ağır bir dərdə düçar olmusunuz və
axtarırsınız, bir həkim gəzirsiniz ki, sizi bu mərəzdən
xilas edə bilsin. Sizi bu ağrıdan, xəstəliklərdən
xilas edən, ömrünüzü bir qədər uzadan həkimə
nəyiniz varsa verməyə hazır olacaqsınız. Bu adam
isə mənim haqqımda kitab yazıb. Elə bir kitab ki, o
kitab mənə əbədi ömür verəcək. Əbədi
ömür müqabilində iki yüz min misqal qızıl nə
deməkdir ki?!
Əsərlərinin səhifələrini yalnız
tarixi, coğrafi bilgilərlə deyil, belə hikmətlərlə
dolduran Hacı Zeynalabdin Şirvani elə kitablar yazıb ki,
onları heç vaxt bir dəfə oxumaqla oxudum deyə bilməyəcəksən.
Dönə-dönə onlara qayıtmalı olacaqsan. Dönə-dönə
qayıtdıqca da o xəzinələrdən yeni-yeni incilər
tapacaqsan.
Hacı Zeynalabdin Şirvani gəlib
çıxmışdı Osmanlı səltənətinə.
Qarış-qarış gəzirdi. Osmanlının
özünün çox səyyahları olmuşdu. Ən
azı Övliya Çələbi kimi bir nəhəngi
vardı. Övliya Çələbi də o yerləri
qarış-qarış gəzib, gördüklərini
yazıb. Bəlkə bir çox təfərrüatları
Hacı Zeynalabdin Şirvanidən də yaxşı yazıb.
Çünki işin içərisində idi. Hacı
Zeynalabdin Şirvani gəlib keçib getmişdi, o isə
burada yaşayırdı. Ancaq Hacı Zeynalabdin Şirvaninin
yazdıqlarında insan nəfəsi var axı. O,
oturub-durduğu insanları, onlarla mükalimələrini,
onların düşüncələrinin
işığını, duyğularının hərarətini
də gətirir səhifələrinə. Ona görə də
Hacı Zeynalabdin Şirvaninin yazdıqları Övliya Çələbinin
də, digər səyyahların da yazdıqlarından
çox fərqlənir.
Gəlib çatır özünün Ənguriyə
dediyi Ankara şəhərinə. Oranı təsvir edir.
İnsanlarından bəhs edir. O şəhərdən
keçir digər şəhərlərə, digər qəsəbələrə,
digər köylərə, gəlib bir yerə çatır
ki, onu məclisə dəvət edirlər. Məclis
maraqlı keçsin deyə o yerin çox məşhur bir
adamı - Dədə Mahmudu da yığnağa dəvət
edirlər. Arada Dədə Mahmuda sual verirlər ki,
keçmişdə neyrəng elmi vardı, o yenə
qalırmı? "Neyrəng" illüziya deməkdir, yəni
sehr elmi. İnsanları hipnoz, təlqin edərək
onların gözləri önündə müxtəlif mənzərələri
canlı kimi yaradırlarmış. Dədə Mahmud
qayıdır ki, o elmlər ki keçmişdə olub, yenə
var. Məşhur sözdür ki, var olan yox olmaz, yox olan var
olmaz. Qayçı istəyir, gətirirlər. Kağızdan
bir adam şəkli kəsir, bir də qılınc. Qoyur
ortaya. Birdən hamının gözü qabağında onun
kağızdan kəsdiyi adam da, qılınc da hərəkətə
gəlir. O adam o qılıncı götürərək
sağa-sola hərəkət eləməyə başlayır
və insanların bir neçəsində vahimə əmələ
gəlir, qaçışırlar. Hacı Zeynalabdin
Şirvani ki belə mənzərələri az görməmişdi,
səyahətləri əsnasında bu neyrəng elminin
daşıyıcıları olan insanlarla da
rastlaşmışdı. Ona görə sakitcə
oturmuşdu. Müdrik Dədə Mahmud qayıdır ki, bax, bu
da bir hikmətdir. Dünyanı ki gəzib görüb, sakitcə
oturub. Amma dünyanın həqiqətlərindən bixəbər
olanlar vahiməyə düşərək qaçırlar.
Hacı Zeynalabdin Şirvani bu məclisdən
ayrılacaq, onu yeni məclislər gözləyəcək.
Çünki o, yollarda idi. Yollarsa yeni-yeni məntəqələr,
yeni-yeni insanlar, yeni-yeni görüşlər demək idi.
Osmanlı səltənətinin şeyxülislamı Məhəmməd
Dürrizadə ilə tanış olur. Məhəmməd
Dürrizadə aqil bir insan idi. Ancaq Hacı Zeynalabdin
Şirvani ilə tanış olunca görür ki,
qarşısında dayanan da aqillər aqilidir. Ona görə
də başlayır ürəyini boşaltmağa.
İstanbulda baş vermiş görüşdə Məhəmməd
Dürrizadənin ağıl, düşüncə
haqqında söylədiklərinin hamısını Hacı
Zeynalabdin Şirvani kitabına salıb. O kitabdakılar da bu
gün bizim malımızdır, sərvətimizdir. Məhəmməd
Dürrizadə deyirmiş ki, insanın bəzəyi
ağıldır. Ağlınsa bircə yolu var, o da həqiqət.
İnsan ağıl vasitəsilə yaxşını yamandan
ayırır. Ağıl mülkünə sahib olan insan
dünyanı da yaxşı görür. Ağıl sahibi
olan insan özünü çox bəlalardan qoruyar. Bir-birindən
ləzzət alaraq keçirdikləri günlərdən
birində tezliklə Hacı Zeynalabdin Şirvaninin Osmanlı səltənətini
tərk edəcəyini bilən Məhəmməd Dürrizadə
ona deyir ki, mən sənin haqqında söyləmişəm,
sultan da görüşmək arzusundadır. Hacı Zeynalabdin
Şirvani isə yalnız burada yox, olduğu hər məmləkətdə
hökm sahiblərindən uzaq olmağa
çalışırdı. Onun can atdığı şairlər
idi, alimlər idi, mərifət yiyələri idi. Ancaq Məhəmməd
Dürrizadəyə böyük hörməti vardı. Onun
sözünü də sındırmaq istəmir. Soruşur
ki, bu, məcburidir, yoxsa könüllüdür. Məhəmməd
Dürrizadə də qayıdır ki, könüllü
olmağına könüllüdür. Amma sultan da sultandır,
sultana söyləmişəm, yaxşı olardı ki, gedəsiniz.
Və İstanbulda gəlirlər Sultan Mahmudun
sarayına. Görüş çox gözəl keçir.
Çünki Hacı Zeynalabdin Şirvani ki o zəkanın
sahibi idi, onu bəyənməmək mümkün deyildi. Və
nəhayət, görüş başa çatanda hökmdar
üz tutur Hacı Zeynalabdin Şirvaniyə, deyir ki, siz dərin
bir adamsınız, müdrik bir insansınız, müəyyən
mənada elə müqəddəs bir şəxsiyyətsiniz.
Ona görə də istərdim ki, məmləkətimin, səltənətimin
həyatının bundan sonra da uğurlu olması
üçün sizin dilinizdən dualar eşidim. Hacı
Zeynalabdin Şirvani qayıdır ki, qədim bilik sahibləri
söyləmişlər ki, hökmdarın bir günlük ədaləti
bir möminin 60 illik ibadətindən daha üstündür.
Odur ki, sizin mənim dualarıma ehtiyacınız yoxdur. Siz
özünüz elə ədalətinizlə dua qaynağına
çevrilə bilərsiniz.
Yollar onu çəkirdi. İstanbuldan ayrılır,
üz tutur Kütahiyəyə, oradan da gəlib yetişir
Bursaya. Bursadan da bir neçə şəhər aşaraq gəlib
yetişir müqəddəs yerə - Konya şəhərinə.
Konya şəhərində ürəyində əhdi
vardı. İlk növbədə Cəlaləddin Ruminin məqbərəsinə
üz tutur, ziyarət edir. Bu şəhərdə Rəhmətəli
adlı məşhur bir şairlə tanış olur və Rəhmətəli
ilə tanışlığı onun yaradacağı daha bir əsər
üçün təmələ çevrilir. Rəhmətəli
Hacı Zeynalabdin Şirvani ilə təmasda olan hər kəs
kimi, elə ilk görüşlərdəncə onun sehrinə,
cazibəsinə tutulur və Konyadan ayrılmasından az əvvəl
Hacı Zeynalabdin Şirvaniyə Bəhaəddin Vəlinin
"Məqalat" kitabını hədiyyə edir. O
kitabın içərisində həmin çağın bir
çox hadisələrinin təsviri vardı və Hacı
Zeynalabdin Şirvani özü yazacaq ki, mən "Məqalat"da
Cəlaləddin Ruminin səkkiz müridi haqqında,
onların tərcüme-yi halı, fəaliyyətləri ilə
əlaqədar xeyli bilgilər əldə elədim. Hacı
Zeynalabdin Şirvani şair Rəhmətəlinin ona verdiyi bu hədiyyədən
sonra yaxşı bildiyi "Məsnəvi"ni - Cəlaləddin
Ruminin o mənəviyyat kitabını bir daha vərəqləyir.
Mövlananın məşhur "Mənəviyyat məsnəvisi"
bu misralarla başlanırdı:
Dinlə neydən kim, hekayət söyləyir,
Ayrılıqlardan şikayət eyləyir.
Ta qamışlıqdan məni qırmış adam
Naləmə ağlar, tapa bilməz aram.
Bir daha əvvəldən-sonacan "Məsnəvi"ni
diqqətlə oxuyur, Cəlaləddin Ruminin
böyüklüyünə heyran qalır. Şəms Təbrizinin
həyatını, yaradıcılığını burada -
Konyada olduğu müddətdə bir az da dərindən
araşdırır. Şəms Təbrizinin şairlik
istedadı haqqında çox yüksək fikirlər söyləyir
və sonra Cəlaləddin Rumi haqqında yazacağı əsərdə
Şəms Təbrizidən də bəhs edəcək, Şəmsin
guya təbrizli yox, başqa bir yerdən olmasını təəssübkeşliklə,
bir azərbaycanlı olaraq dərhal rədd edəcək, bunu
isbatlayan dəlilləri gətirdikdən sonra əlavə edəcək
ki, bahar haradadırsa, elə bahardır. Şəms elə bir
günəşdir ki, Azərbaycandan saçıb və harada
olsa, onun o Azərbaycan işığı, onun nuru
görünəcəkdir.
İllər ötüncə İrana
qayıtdıqdan sonra bir dəfə Şirazda, bir dəfə
Kirmanda evinin yağmalanması, bir çox əlyazmalarının
itib-batması Hacı Zeynalabdin Şirvaninin
doğurduqlarının müəyyən hissəsinin
günümüzə qədər gəlib
çatmasının qarşısını alıb. Amma
yaxşı ki, onun bir sıra yazdıqları da elə
zamanında özü sağkən
köçürülmüşdü,
yayılmışdı, o sıradan onun Cəlaləddin Rumi
haqqında yazdıqları da. 1895-ci ildə artıq
çoxdan idi ki, Hacı Zeynalabdin Şirvani həyatda yox idi.
Amma 1895-ci ildə Hindistanın Bombey şəhərində
"Nasiri" mətbəəsində Mövlana Cəlaləddin
Ruminin məsnəvisi daşbasma üsulu ilə nəşr
edilir və bu nəşrin bir özəlliyi də ondan ibarətdir
ki, əvvəlində Hacı Zeynalabdin Şirvaninin
yazdığı müqəddimə gəlir.
Həmin müqəddiməsə Hacı Zeynalabdin
Şirvanidən yalnız bir səyyah, bir alim, bir tarixçi,
bir şair kimi deyil, həm də bir ədəbiyyatşünas
kimi bəhs etməyə əsas verir. Çünki kiçik
olmayan həmin müqəddimədə bir tərəfdən
Hacı Zeynalabdin Şirvani Cəlaləddin Ruminin
yaşadığı mühiti, onun ətrafında
toplaşmış insanları, onun təbliğ etdiyi cərəyanı
olduğu kimi canlandıra bilib, digər tərəfdən bu müqəddimədə
Cəlaləddin Ruminin hər kəsə yaxın görünə
biləcək doğma bir surəti var. "Məsnəvi"nin
sətirlər altında gizlənən bir çox hikmətlərini
açmaq da o gözəl müqəddimənin bir başqa
üstünlüyüdür.
Hacı Zeynalabdin Şirvanidən bizə yadigar qalan əsərlərin
hər biri daim yanan, sönməyən və heç vaxt da
sönməyəcək ocaqlar kimidir. Elə ocaqlar ki, biz və
bütün gələcək nəsillər həmin
ocaqların hərarətini, işığını hər
an duyacaq və 1826-cı ildə Hacı Zeynalabdin Şirvani
özü sönməyən belə ocaqlardan birinin
qarşısında dayanmışdı, heyrət içərisində
idi və o təəssüratlarını sonra kitabında
qeyd eləyəcək.
1826-cı ildə artıq 20 il idi ki, Bakı Rusiya
imperatorluğuna ilhaq edilmişdi. Hacı Zeynalabdin Şirvani,
özünün yazdığı kimi, Bakı limanından
üç verst şərqdə olan Suraxanıya gəlib
çatmışdı. Suraxanıdasa onu heyrətə salan,
cəzb eləyən ilk növbədə Atəşgah
idi. Yazırdı ki, buralar
möcüzəli yerlərdir, insanlar torpağı
qazırlar, ora alov yaxınlaşdırırlar, dərhal həmin
yer bir ocağa çevrilir. Yazır ki, buranı müqəddəs
bilirlər. Bura atəşpərəstlərin - gəbrlərin
ziyarət yeridir. Uzaq Hindistandan daim bura kahinlər ibadətə
gəlirlər və həmin kahinlərin neçəsi burada
ocağın keşiyini çəkir.
Hindistandan gəlib Suraxanıdakı Atəşgahın
keşiyini çəkən, ibadətini davam etdirən hindlilərin
olmasını Hacı Zeynalabdin Şirvanidən əvvəl də
yazıblar və hər səyyah da o kahinlərin hətta
neçəsinin burada daimi ibadətdə olduğunu
xatırladıb. 1746-cı ildə səyyah C.Qanvey
yazırdı ki, Suraxanıda Atəşgahda Hindistandan gəlmiş
əlli kahin var. İllər ötdükcə bunların
sayı azalıb. 1883-cü ildə axırıncı hindli
oradaymış. Ancaq Hacı Zeynalabdin Şirvani buralara təşrif
gətirəndə, yəni 1826-cı ildə Suraxanıda Atəşgahdakı
ocağın keşiyində Hindistandan gəlmiş bir
neçə nəfər varmış.
Və Hacı Zeynalabdin Şirvani buralarla bağlı
rəmzi məna daşıyan bir təfərrüatı da səyahətnaməsinə
daxil edib. İnanclı insanlar, sən demə, buradan odu
başqa bir məkana daşımağın üsulunu da
tapıblarmış. Hacı Zeynalabdin Şirvani yazır ki,
buradan odu başqa yerə aparmaqçün insanlar bir
çuxur qazırlar və ora bir saxsı boru daxil edirlər,
həmin saxsı borunun üstünə isə tuluq
keçirirlər. Yerdən çıxan qaz o boru vasitəsilə
həmin tuluğa daxil olur. Sonra tuluğun ağzını bərk-bərk
bağlayıb, istədikləri məkana aparırlar.
Başqa bir məkanda o tuluğun içərisinə yenə
saxsı boru salırlar və saxsı borunun yuxarısına
alovu yaxınlaşdırınca yanmağa başlayır.
Beləcə, Azərbaycan torpağının,
Suraxanının alovu, atəşi başqa bir istənilən
uzaq məkana aparılanda da yanmağa davam edirmiş və
Hacı Zeynalabdin Şirvaninin gözü ilə
gördüyü, təsvir elədiyi bu mənzərə son
dərəcə rəmzi təsir bağışlayır.
Dünyanın harasında olursan-ol, aç o
kitabları, hansı zamanda yaşayırsan-yaşa, Hacı Zeynalabdinin
kitablarını açınca səninlə müasirin kimi
danışmağa başlayır və qədimdə bir məkandan
başqa yerə aparılınca da yanmaqda davam edən alov kimi
bu kitablar işığını, hərarətini
ötürməkdən dayanmır.
təşgahdakı həmin ocaqların bir yerdən
başqa yerə köçürülməsini Hacı
Zeynalabdin Şirvani öz gözü ilə
görmüşdü. Böyük alimin özünün
çatdığı kitab-ocaqların yanmaqda, işıq
saçmaqda davam etməsinə isə şahid ondan sonrakı
zamanlarda yaşayan nəsil-nəsil insanlardır. Hindistandan Azərbaycana
- atəşpərəstliyin Məkkəsinə gələnlərlə
bağlı sözün davamı olaraq bu faktı da
xatırlamağın yeri var ki, bu da Hacı Zeynalabdin
Şirvaninin ədəbi qəhrəmana çevrilməsi ilə
bağlıdır.
1960-cı illərdə Gənc Tamaşaçılar
Teatrının hazırladığı və mütəmadi
göstərdiyi, Qeybulla Rəsulovun müəllifi olduğu "Əlvida,
Hindistan" pyesi vardı. 1962-ci ildə yazılmış bu əsər
1963-cü il martın 2-də rejissor Zəfər Nemətovun
quruluşunda ilk dəfə oynanmışdı və o
dövrdə teatrşünas Cabir Səfərovun, şairlər
Adil Babayev və Hikmət Ziyanın dərc edilən məqalələri
də təsdiqləyir ki, rəğbətlə
qarşılanmışdı. Yusif Vəliyev, Hüseynağa
Sadıqov, Məmmədağa Dadaşov, Firdovsi Nayibov və
digər tanınmış aktyorların
qatıldığı bu tamaşa Hacı Zeynalabdin
Şirvaninin Hindistanda başından keçən sərgüzəştlərə
həsr edilmişdi və baş qəhrəmanın surətini
əvəzliliklə Süleyman Ələsgərovla Osman
Hacıbəyov yaradırdılar. Pyes hələ Azərbaycanda
az adamın tanıdığı böyük səyyahı
idealları, mübarizələri, əsərləri və nəciblikləri
ilə xalqa səhnədən təqdim etməklə
gününə görə unudulmuş Hacı Zeynalabdin
Şirvanini hamınınkı etmək səmtində əhəmiyyətli
iş gördü. Orası da var ki, teatr bu əsəri
yalnız Bakıda göstərmir, Azərbaycan rayonlarına
olan qastrol səfərlərində də nümayiş
etdirirdi. Şagirdlər, gənclərlə yanaşı
yaşlıların da bu maraqlı pyesə həvəslə
baxmalarını elə Kürdəmir rayonundakı bir
neçə yüz tamaşaçı tutan yay
kinoteatrının səhnəsində "Əlvida,
Hindistan"ı seyr etdiyim öz məktəb illərimdən
xatırlayıram. Başqa sözlə, ədəbi qəhrəmana
çevrilməsi qısa bir zamanda Hacı Zeynalabdin
Şirvanini onlarca elmi əsərin edə biləcəyindən
daha artıq tanıtmış,
kütləviləşdirmiş, sevdirmişdi.
Musiqisini Şəfiqə Axundovanın bəstələdiyi
və içərisindən xəfif hind dalğası
keçən, cəlbediciliyi daha da artıran təsirli nəğmələrin
müşayiəti ilə davam edən tamaşanın son səhnəsində
bu əsrarəngiz yurddan ayrılaraq növbəti səyahətinə
hazırlaşan Hacı Zeynalabdin özü ilə
xilaskarı olduğu bir cavan hindlini də götürür. Gənc
yol yoldaşına üz tutaraq: "Biz səninlə uzaq səfərə
gedirik, Ramo, - deyir. - Qoy bu uzun yollar səni qorxutmasın. Bir
zaman gələcək, torpağından didərgin və dərbədər
düşdüyüm Azərbaycan elləri öz sərgərdan
oğlu ilə fəxr edəcək. Zeynalabdin Şirvani
bizimdir, bizim diyarda doğulub söyləyəcək. İndi
isə öz yurdunla vidalaş, qardaşım, əlvida
de. Əlvida, Hindistan! Əlvida,
ey ürəyində Vətən yarası, kürəyində
ingilis damğası gəzdirən qoca fil!"
Azərbaycan yazıçısının əsərində
səyyah Hacı Zeynalabdin Şirvani Hindistandan ayrılanda bu
füsunkar diyara "əlvida" söyləyirdi. Əlbəttə,
hər insan təxmin edə bilir ki, gəldiyi hansısa yurda
bir də dönə biləcəkmi, ya buralardan əbədilik
ayrılır. Ona görə də xudahafizləşəndə
ya "hələlik" deyir, ya da biryolluq vidalaşır.
Ancaq Hacı Zeynalabdin Şirvani getdiyi heç bir məmləkətdən
daha heç vaxt ayrılmadı. Lap dilindən yüz yol
"Əlvida!" kəlməsi qopsa da!
Bir daha ayrıldığı yurdlara dönməsə
də, dəftərlərindəki qeydləri və
yaddaşındakı xatirələri ilə həmin yerlər
onunla həmişəlik qaldılar, hər dəfə qələm
götürüb səyahətnamələrinin yeni səhifələrini
yazmağa başlayanda unudulmaz ellər köhnə macəraları
və insanları ilə yorulmaz səyyahın könlündə
yenidən canlandılar. Həmişə onunla olana müdrik səyyah
necə "Əlvida!" söyləyəydi.
18 dekabr 2024q istifadə etməsini nəzərdə
tutur.
Çıxış edən deputatlar kitabxanaların
və muzeylərin müasir dövrün tələblərinə
uyğunlaşdırılması, kitabxana fondunun zənginləşdirilməsi,
muzeylərin turizmlə əlaqələndirilməsi, bu sahələrdə
dövlət-özəl tərəfdaşlığının
tətbiq edilməsi kimi kitabxana və muzey işinin
inkişafının bəzi aktual məsələləri ilə
bağlı fikirlərini bölüşüb, təklif
olunan dəyişikliklərə rəylərini səsləndiriblər.
Vurğulanıb ki, sənəd mədəniyyət
müəssisələri tərəfindən büdcədənkənar
fəaliyyətdən əldə edilən gəlirlərin idarə
olunması ilə əlaqədar qanunvericilikdə mövcud
ziddiyyətlərin aradan qaldırılması məqsədilə
hazırlanıb.
Qanun layihəsi birinci oxunuşda baxılmaq
üçün Milli Məclisin plenar iclasına tövsiyə
olunub.
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 21 dekabr(№235).-S.16-17.