Ayaz Mütəllibovdan
animasiya filmi...
Rejissor Elçin Hami Axundov: "Bu sahədə, necə
deyərlər, sonuncu mogikan mənəm"
Ötən əsr hər zaman marağıma səbəb
olub. Bəzən o qədər arzulamışam ki, kaş o
dövrdə yaşayaydım. İçərişəhərin
dar küçələri ilə müsahibimin
emalatxanasına doğru addımladıqca addımbaşı
qarşıma çıxan köhnə mənzillər məni
xəyalən həmin dövrə aparırdı. Emalatxanaya
çatıb içəri daxil olanda isə bir anlıq
arzumun reallaşdığını düşündüm.
Balaca, zəif işıqlı otaq, canına bir əsrin xatirəsi
hopmuş kədərli divarlar...
Müsahibim Azərbaycanın tanınmış
animasiya rejissoru, ssenarist, kino rəssamı, Əməkdar mədəniyyət
işçisi Elçin Hami Axundovdur. 1994-cü ildən
"Azanfilm" animasiya filmləri studiyasının bədii
rəhbəri olan Elçin Hami "Arzularını çəkən
rəssam", "Daş", "Güzgü",
"Fitnə", "Humayın yuxusu", "Kirpi
balası və alma", "Ümid", "Uşaq və
külək" kimi 30-dan çox filmin müəllifidir.
Elçin Hami Axundovla söhbətimizi oxuculara təqdim
edirik.
- Elçin bəy, gəlin elə birinci
özünüzdən danışaq. Uşaqlıqdan bu
günə qədər Elçin Hami Axundov hansı yollardan
keçib?
- Mən İçərişəhərdə anadan
olmuşam. Bax o şəkildəki məscidin minarəsini
görürsən? (Divardan asılan balaca çərçivənin
içərisindəki minarə şəklini göstərir)
O minarənin altında bizim evimiz var idi. Orada
böyümüşəm. Bacım pianino, qardaşım
skripka çalırdı. Bir gün atam dedi ki, bizim nəsildə
heç rəssam olmayıb, gəl səni rəssamlıq dərnəyinə
yazdıraq. Çəkdiyim şəkillərə baxıb
deyərdi ki, gör nə yaxşı çəkir. Hə,
beləcə mən də rəssam oldum. Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə
girdim, daha sonra universiteti qurtardım və animasiyaya gəldim.
O vaxt animasiya kursları var idi, həmin kurslara qoşuldum.
1966-cı ildə daxil oldum, dostlarımı da cəlb elədim
və nəticə etibarilə birinci filmi -
"Cırtdan"ı çəkdik. Klassik
"Cırtdan"ı nəzərdə tuturam.
Çünki ondan sonra "Cırtdan"la bağlı bir
çox layihəmiz olub, amma klassik "Cırtdan"
nağılını biz 1969-da çəkdik. Ondan sonra ildə
bir-iki dənə, 80-ci illərin axırlarında isə 7-8
animasiya filmi çəkdik. Sovet dövründə maliyyələşmə
var idi. 1990-cı ildə müstəqil olandan sonra maliyyə
olmadı. Ona görə 1995-ci ilə qədər bir neçə
film çəkdik. O vaxtlar "Azanfilm" studiyasını
yaratdım. Həmin studiyanın bədii rəhbəri idim.
Sonra elə oldu ki, 1995-dən 2002-ci ilə qədər
heç bir film çəkilmədi. Bir filmim var idi,
"Cavanşir" filmi. Baxmısan?
- Hə, uşaq olanda baxmışdım.
- 1992-ci ildə səhv etmirəmsə, Ağdərə
döyüşləri zamanı radioda bir xəbər
eşitdim. 10 yaşlı bir uşaq döyüş zamanı
həlak olmuşdu. O hadisə mənə elə bərk təsir
etmişdi ki, siz o təəssüratı anlaya, hiss edə
bilmərsiniz. Çünki biz o vaxtlar çox əsəbi
idik, uduza-uduza gedirdik, hər balaca xəbər bizə təsir
edirdi, sarsıdırdı. Beləcə, üç gün ərzində
"Cavanşir" filminin ssenarisini yazdım. 1996-cı ildə
filmin çəkilişinə başladım, amma az pul
ayırmışdılar deyə çəkilişləri
dayandırdım. 2002-ci ildə animasiyada kompüterdən
istifadə etməyə başladıq. Mən də bir
kompüter aldım özümə və həmin il o filmi
tamamladım.
- Sizdən sonra "Azanfilm" studiyasının
taleyi necə oldu?
- İndi demək olar ki, "Azanfilm" yoxdur, mən
2012-ci ildə ərizəmi yazdım çıxdım,
öz razılığımla çıxdım. Orda çox
sevindilər, mən axı pis adamam (Gülür). Nələrisə
tələb edirdim deyə məndən narazı idilər. Hə...
Ondan sonra demək olar ki, "Azanfilm" dağıldı. Rəşid
Ağamalıyev adlı Praqada yaşayan bir dostum var, Azərbaycana
gəldi və animasiyamız haqqında bir kitab nəşr
etdirdi. Təkcə Şimali Azərbaycan animasiyası yox, Cənubi
Azərbaycan animasiyası haqqında da yazdı. Təbrizin,
Ərdəbilin, Tehranın animasiya məktəbləri var.
Daha sonra qərara gəldik ki, beynəlxalq animasiya festivalı
təşkil edək. 2016-cı ildə Birinci Animasiya
festivalı baş tutdu. Bu festivalı keçirtməkdə məqsədimiz
nazirlikləri, höküməti animasiyaya cəlb etmək və
dəstək almaq idi.
- Cəlb edə bildiniz?
- Beş il Rəşid Ağamalıyevlə
prodüserlik edib, müxtəlif mənbələrdən pul
tapıb festivallar keçirdik. Axır iki ildir ki, yeni nazir bu məsələyə
diqqət ayırır. Artıq bu il animasiya kursları fəaliyyətə
başlayıb.
- Köhnə Bakı, İçərişəhər
Elçin Haminin yaradıcılığına necə təsir
göstərib?
- İkinci Dünya müharibəsi təzə
qurtarmışdı. Ona görə hamı bədbin idi.
Çoxumuz hind kinolarına baxırdıq. Bir dostum var idi, bir
gün gəlib mənə deyir, Elçin, bir dənə
"indeyski" kinoya baxdım, elə ləzzətlə
ağladım ki... Sözə bax da. Ləzzətlə
ağlamaq... 1950-ci illər çətin illər oldu. Amma
insanlar çox mehriban idilər. Sovetskidə, Çəmbərəkənddə,
Bayılda, İçərişəhərdə məhlələr
var idi və hər məhlənin öz lotusu var idi. Mən o
mühitdə böyümüşəm. O vaxt Qubernator
bağı var idi, həmin bağın bir darvazası filarmoniyada,
bir darvazası Azneft tərəfdə idi və saat 11-də həmin
qapılar bağlanırdı. Biz Çəmbərəkənd
uşaqları ilə tez-tez dalaşardıq, tez Qubernator
bağına tərəf qaçardıq. Hər tərəf
hasar idi. Paşa adlı çox güclü bir kişi var
idi, amma lal idi. "Lal Paşa" deyirdik ona. Paşaya bir
manat verirdik, o da həmin hasarlarda hamımızın
başının ölçüsünə uyğun yer
düzəltmişdi. Biz dalaşandan sonra tez ordan keçirdik
Qubernator bağına. Ora çəmbərəkəndlilər
girmirdi. Ordan bir-birimizi söyürdük (Gülür). Bax
uşaqlığım belə keçib.
- Bəs sizin animasiyaya olan sevginiz öz uşaqlıq
xatirələrinzdən gəlir, yoxsa özgə
uşaqlarına olan sevginizdən?- Yox, yox, təsadüfən
burdayam. Mən onda ikinci kursda oxuyurdum. Yay idi və pul qazanmaq qərarına
gəldim. Kinostudiyada quraşdırılmış səhnələr
şöbəsində fəhlə işləməyə
başladım. Mərhum rejissor Ağanağı Axundov onda
Moskvada animasiya kurslarını bitirib gəlmişdi. Rəssam
olduğumu biləndə məndən soruşdu ki, cizgi filmi
xoşlayırsan? Dedim, hə, izləməyi sevirəm. Dedi, mən
animasiya kursu açıram, dostlarından da kim varsa,
götür, gəl. Mən də 10 nəfər
yığdım. Başladıq animasiya üzərində
işləməyə. O vaxtlar böyük divarlarda şəkil
çəkməyi çox sevirdim. Kursda gətirdilər mənim
qarşıma A4 həcmli kağızı qoydular, dedilər
bunun üzərində işlə. Aşağıdan da
kağıza işıq verirdilər, həmin işıq
gözümə düşürdü. Bir ay keçdi, bezdim.
Dedim, bu nə sənətdir, gözümə də
işıq düşür. Amma sonra çəkdiyim rəsmləri
ekranda hərəkətdə görəndə maraq
yarandı. Həmin kursları 1968-ci ildə tamamladıq və
1969-da "Cırtdan" adlı birinci animasiya filmi çəkildi,
ondan sonra ildə bir neçə film çəkildi. Əvvəlcə
filmlərdə animator, daha sonra quruluşçu rəssam kimi
fəaliyyət göstərdim. 1982-ci ildən rejissorluqla məşğul
oldum, sonra bədii rəhbər oldum. Demək olar ki, 18
yaşından animasiyadayam, hazırda bu sahədə, necə
deyərlər, sonuncu mogikan mənəm. Dostlarımın və
həmkarlarımın çoxu rəhmətə gedib,
qaçanı qaçıb. Yaxın bir dostum - Məsud Pənahi
1979-cu ildən Berlindədir.
- Bəs siz niyə qaçmadınız?
- Hara qaçım?
- Dostlarınız qaçan yerə.
- Mən axı burada evlənmişdim, Məsud isə
alman qızı ilə evlənmişdi (Gülür)... Mən
ümumiyyətlə, əvvəl rəssam idim, animasiya
rejissorluğuna sonradan gəldim. Yazıçı Cəmil
Əlibəyov mənə dedi ki, gəl rejissorluğa, bu səndə
yaxşı alınacaq. Üç dənə ssenari verdi və
mən də içərişəhərli olduğum
üçün "Bakı küləyi"ni seçdim.
Bu iş yaxşı alınmadı və mən rejissorluqdan
incidim. Amma 5 ildən sonra yenidən qayıtdım. "Məclis"
filmini çəkdim. Daha sonra "Güzgü" filmini.
SSRİ vaxtı idi, ildə bir dəfə respublikalar öz
filmlərini gətirirdilər, seminarlar təşkil olunurdu və
mən də hər seminarda iştirak edirdim. Bir dəfə mən
"Güzgü" filmi ilə iştirak elədim. Həmin
film qalmaqala səbəb oldu. Dostum Şamil Nəcəfzadə
də orada idi. Gəldi mənə dedi ki, ermənilər,
ruslar səni axtarırlar. Deyirlər, filmdəki donuzlar bizik?
Ermənilər ömür boyu bizə sataşırdılar,
öz cizgi filmlərində mənfi obrazı Azərbaycan
musiqisi və başlarında türk fəsi ilə təsvir
edirdilər. Balaca-balaca bizi çimdikləyirdilər. Mən
də o filmlə onların cavabını verdim. İlk dəfə
kinostudiyanın işçilərinə o filmi göstərəndə
bəzilərinin gözləri yaşarmışdı.
Qarabağa görə hamı əsəbi idi. Amma ermənilər
çox yaxşı başa düşdülər, özlərini
çox yaxşı tanıdılar (Gülür). Ümumiyyətlə,
belə qənaətə gəlmişəm ki, mən
uşaqlar üçün yox, böyüklər
üçün animasiyalar çəkmişəm.
Çünki animasiyalarımın mövzuları müəyyən
problem üzərində qurulub. O vaxt keçmiş SSR-ni bərpa
etmək istəyirdilər, Ayaz Mütəllibov da ona meyilli
idi. Mən bunun əleyhinə bir film çəkdim,
adını "Dəniz səyahəti" qoydum (Divardakı
dəniz və qoyunlar təsvir olunmuş şəkli göstərir).
Bax o rəsm həmin filmindir. Əgər o film yarananda Ayaz
Mütəllibov taxt-tacda olsaydı, yəqin məni
tutdurardı. "Söhbətül-əsmar" adlı
animasiya çəkmişdim. O vaxtlar hamı prezident olmaq istəyirdi,
həmin animasiyanı o şəxslərə həsr eləmişdim
(Gülür).
- Sözünü deyən, etirazını bildirən
biri olmusunuz.
- Bayaq dedim axı, mən pis adam olmuşam
(Gülür). Nazirliklərin məndən acığı gəlirdi.
- Buna görə heç cəzalandırılmadınız?
- İşimdən ayrıldım. Mən baş verən
hadisələrə biganə qala bilmirdim, öz
etirazımı bildirirdim...
- Sovet dövründə animasiyalarda hansı fərqli
üslublar var idi?
- Sənə deyim ki, o vaxt uşaqlar üçün
daha keyfiyyətli işlər görülürdü, nəinki
indi. Hazırda demək olar ki, heç nə çəkilmir.
Bir dənə bu yaxınlarda "Narqız" filmini çəkdik.
Bilirsiniz, uşaqların tərbiyəsində animasiyaların
xüsusi rolu var. Bizim milli animasiya filmlərimiz yoxdur deyə
uşaqlar da xarici animasiyalara baxır və onların mədəniyyətlərini,
dil üslublarını mənimsəyirlər. Biz artıq
öz mədəniyyətimizi itiririk. Millətin tarixi onun xəzinəsidir
və həmin tarixi saxlayan rəssamlar, yazıçılar,
bəstəkarlardır, yaradıcı adamlardır. Müstəqillikdən
sonra biz çaşıb qaldıq, uşaqları necə tərbiyə
etməyi unutduq. Onsuz da televiziyalarımızda incəsənətin,
mədəniyyətin təbliği bərbad haldadır. Mənim
davam o idi ki, animasiya studiyası açaq, bu bizə mütləq
lazımdır. Mən tammetrajlı filmlər
üçün kurslar açmışdım. Amma pul
tapılmadı deyə o iş də yarımçıq
qaldı.
Ləman İLKİN
525-ci qəzet .- 2024.- 21 dekabr(№235).-S.13.