"Azərbaycan gəncliyi həyatın
bütün sahələrində qaynar fəaliyyəti ilə
seçilir"
Azərbaycan qanunvericiliyinə əsasən, gənc
dedikdə 15-29 yaş aralığında olan insan nəzərdə
tutulur. Bu gün ölkə vətəndaşlarının
2,3 milyon nəfəri gənclərdən ibarətdir. Gənclərin
52,8 faizi şəhər yerlərində, 47,2 faizi kəndlərdə
yaşayır. Gənc əhalinin 47,9 faizini qadınlar təşkil
edir.
Azərbaycan əhalisinin mühüm bir hissəsini təşkil
edən gənclərin hər keçən gün cəmiyyətdə
çəkisi və rolu artır. İndiki dövrdə gənclərin
dinamikliyi daha çox diqqət çəkir. Xüsusən də
müasir informasiya-kommunikasiya texnologiyalarının
timsalında bu, özünü daha qabarıq göstərir.
Belə bir dövrdə Azərbaycanda da gənclərin necə
tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən
biridir. Xüsusilə müstəqil Azərbaycan
üçün bu, məlum səbəblər üzündən
vacib əhəmiyyət kəsb edir. Digər tərəfdən,
gənclər aparıcı qüvvə olaraq gələcəkdə
dövlətin yükünü öz üzərində
daşımalı olacaq. Gənclərin milli mənlik
şüurunun və vətənpərvərlik hisslərinin
yüksək səviyyədə inkişaf etdirilməsi
ölkənin və dövlətin qarşısında duran
prioritet məsələdir.
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə
görə, Azərbaycanda bu gün gənc nəslin vətənpərvərlik
ruhunda yetişdirilməsi üçün dövlət tərəfindən
müxtəlif addımlar atılır. Bunun nəticəsi
olaraq da Vətən müharibəsi zamanı gənclərimizin
necə torpaqlarımızın müdafiəsinə
qalxdığının şahidi olduq: "Prezident İlham
Əliyevin də dediyi kimi, onun hakimiyyəti illərində Vətənini,
dövlətini sevən gənclər yetişib və bu
gün onlar torpaqlarımızın müdafiəsində
iştirak edirlər. Ümumiyyətlə, Ulu öndər Heydər
Əliyevin dövründən başlayaraq, bizim gənclərimizin
bu vətənpərvər, milli ruhda mənlikdə
böyüdülməsi üçün dövlət
ardıcıl addımlar atdı. Ümumiyyətlə, bu
gün gənclərin tərbiyəsi, onların vətənpərvərlik
ruhunda, milli ruhda dövlətə bağlı, sədaqətli
yetişdirilməsi üçün davamlı olaraq işlər
həyata keçirilir. Yəni bu günün gəncləri gələcəyin
idarəçiləridir, gələcəyin ayrı-ayrı
strukturlarında işləyən şəxslərdir.
Yaşlı nəsil getdikdən sonra yeni nəsil gələcək
və bu yeni nəslin də milli ruhda yetişdirilməsi
çox vacibdir. Dövlətimiz də məhz bu istiqamətdə
addımlar atır. Dövlət tərəfindən gənclərə
evlər verilib, gənc alimlərə xüsusi diqqət və
qayğı göstərilir, gənc kadrlara vəzifə
verilir. Son illər bu sahədə bir çox uğurların,
yeniliklərin şahidi oluruq: gənc, savadlı kadrlar dövlətin
quruculuğunda, idarəçiliyində aktiv iştirak edirlər.
Əlbəttə, bu gün gənclərimizin üzərində
çox böyük, məsuliyyətli vəzifələr
var. Onlar dövlətin yaratdığı şəraitdən
düzgün, məqsədyönlü istifadə etməli, gələcəklərini
fikirləşməli, eləcə də dövlətimizin
inkişafına öz töhfələrini verməlidirlər.
Bu gün Azərbaycan gəncliyinə çox böyük
inam və ümid var. Düşünürük ki,
inşallah, gənclərimiz gələcəkdə dövlətimizin
müstəqilliyinin möhkəmlənməsi, qələbəmizin
əbədiləşdirilməsi üçün
böyük səylə çalışacaqlar".
Millət vəkili Fatma Yıldırım bildirib ki, Azərbaycanda
uğurlu dövlət gənclər siyasəti həyata keçirilir.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışı gənc nəslə diqqəti dövlət
siyasətinin əsas istiqamətlərindən birinə
çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri
isə Azərbaycanın gələcəyi adlandıran Ulu
öndər böyüməkdə olan gənc nəsilə
qayğını hər zaman önə çəkirdi.
Hüquqi və dünyəvi dövlət quruculuğu
prosesində, çoxşaxəli islahatların
reallaşdırıldığı bir vaxtda gənclik
enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən
Heydər Əliyev müxtəlif illərdə gənclər
siyasətinin ayrı-ayrı istiqamətləri üzrə
müvafiq sənədlər imzalayıb.
Fatma Yıldırım bildirib ki, ayrı-ayrı
dövlət orqanlarının gənclərlə iş sahəsindəki
fəaliyyətini əlaqələndirmək məqsədi ilə
Ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı
ilə Gənclər və İdman Nazirliyi yaradılıb:
"Bu nazirlik gənclərlə iş sahəsində vahid
dövlət siyasətinin reallaşdırılmasını təmin
etdi. Bütövlükdə, əsası Ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş dövlət gənclər
siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin
izlər buraxıb. Ulu öndərin 1997-ci il fevralın 2-də
imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan
Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən
2 fevral MDB məkanında və Şərqi Avropa ölkələri
arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli
şəkildə qeyd edilməyə başlanıb. Hər il
gənclərimiz bu günü böyük coşğu ilə
qeyd edirlər".
Millət vəkilinin dediyinə görə, müasir,
müstəqil Azərbaycanın intensiv inkişafını təmin
edən fundamental faktorlardan birini də cəmiyyətin ən
dinamik təbəqəsi qismində çıxış edən
gənclərin potensialından səmərəli istifadə təşkil
edir: "Gənclər siyasəti ölkədə həyata
keçirilən inkişaf siyasətinin mühüm tərkib
hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın
bütün sahələrində qaynar fəaliyyəti ilə
seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin
fəaliyyəti üçün dövlətin
yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə
cəmiyyətin aparıcı qüvvəsinə
çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi
uğrunda inamlı addımlar atmaqdadır".
Fatma Yıldırım qeyd edib ki, bu gün Azərbaycanda
yüksək intellektual səviyyəyə, vətənpərvərlik
hissinə, milli düşüncəyə malik gənclik
formalaşıb: "Prezident İlham Əliyevin gənclərin
potensialının gerçəkləşməsinə,
onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə,
gənc ailələrin sosial təminatına yönələn
tədbirləri dövlətin uzaqgörən siyasətinin
göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər
siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun
artmasına, ölkənin aparıcı qüvvəsinə
çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin
formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə
dəstək və diqqət göstərməsinin nəticəsində
Azərbaycan gəncliyində özünə, öz
gücünə, istedadına inam hissi artıb. Xüsusilə,
gənclərimizin yüksək vətənpərvərlik
ruhu vurğulanmalıdır. Rəşadətli Azərbaycan
Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə
vuruşan qəhrəman gənclərimiz öz
adlarını xalqımızın ən yeni tarixinə
qızıl hərflərlə yazdılar. Məhz onların
rəşadəti sayəsində əldə olunan bu
şanlı Zəfər ölkəmizin ərazi
bütövlüyünü bərpa etdi, xalqımız otuz
illik həsrətdən sonra tarixi torpaqlarımıza
qovuşdu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev bununla bağlı demişdir: "Bu
gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal
hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr
edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən
uğrunda vuruşurlar. Bizim şəhidlərimizin
böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim
gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər".
Gənclərimiz Vətən uğrunda döyüşlərlə
yanaşı, arxa cəbhədə də yüksək fəallıq
göstərib, ölkəmizlə bağlı həqiqətlərin,
işğalçı Ermənistanın əzəli
torpaqlarımızda törətdikləri vandallıq
aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasında fəal iştirak ediblər".
Millət vəkili, professor Hicran Hüseynova deyib ki, hər
bir xalqın inkişafında sağlam, vətənpərvər
gənclik mühüm rol oynayır. Gənclər ölkəmizin
bu günü, gələcəyi, həm də sabaha olan
ümididir. 44 günlük Vətən müharibəsində
biz bir daha gördük ki, Azərbaycanın böyük və
güclü gələcəyi var. Çünki sağlam, cəsur,
qəhrəman bir nəslin yetişdiyini gördük.
Onların hamısı Prezident, Ali Baş Komandan İlham
Əliyevin ətrafında bir yumruq kimi birləşdilər.
Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda
vuruşdular, 30 illik Vətən həsrətinə öz
canları, qanları hesabına son qoydular: "Gənclərimiz
təkcə döyüş meydanında deyil, bütün sahələrdə
mübarizə aparırdılar, virtual məkanda, ölkəmizin
haqq mübarizəsini işıqlandırırdılar.
Dünyanın müxtəlif ölkələrində
yaşayan gənclərimiz Azərbaycan həqiqətlərini
təbliğ edir, erməni terroru haqqında məlumatlar
yayır, tədbirlər, yürüşlər keçirirdilər.
Yüksək təşkilatlanma var idi. Bütün bunlar bir
daha göstərdi ki, ötən illər ərzində
çox güclü gənclik formalaşıb. Biz gənclərimizlə
fəxr edirik. Dövlətimizin inkişafı intellektual səviyyəli
gənc kadrların yetişib avanqard qüvvəyə
çevrilməsindən çox asılıdır. Azərbaycanda
gənclərin elm, idman, mədəniyyət və digər
sahələrdə irəliləməsi, uğurlar
qazanması üçün hər cür şərait
yaradılıb. Mütəmadi olaraq təkmilləşdirilən
gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı
rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə
çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin
formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda
yüksək intellektual səviyyəyə, vətənpərvərlik
hissinə, milli düşüncəyə malik gənclər
formalaşır. Azərbaycan gəncləri gündən-günə
ölkənin ictimai-siyasi həyatında daha böyük rol
oynayırlar".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 24 dekabr(№236).-S.15.