Bizim Süleyman
müəllim
100 illik yubileyi ərəfəsində Bərdədə
məzarını ziyarət etdiyim Süleyman Zeynalovun qəbir
daşındakı əzəmətli və məğrur
siması ilə üzbəüz dayanmışam. Nur dolu bu
sima - doğulduğu torpağa, mənsub olduğu xalqa şərəf
gətirən ziyalılarımızdan biri olan Süleyman Məhərrəm
oğlu Zeynalov 1924-cü il dekabrın 27-də Ağdam
rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbi
bitirdikdən sonra o, bir müddət Ağdamın Əlimədədli,
Xaçındərbənd kənd məktəblərində
müəllim, dərs hissə müdiri işləyib, sonra
orduya səfərbərliyə alınaraq İkinci Dünya müharibəsində
iştirak edib, müharibədən qayıtdıqdan sonra Azərbaycan
Pedaqoji İnstitutunun tarix fakültəsinin qiyabi şöbəsinə
qəbul olunub və 1951-ci ildə həmin institutu bitirib.
Ali təhsil aldıqdan sonra Süleyman Zeynalov
Ağdamda çıxan "Lenin yolu" qəzetinə
redaktor təyin olunub, sonra o, rayon partiya komitəsinin ikinci
katibi, rayon icraiyyə komitəsinin sədri, Ağdam şəhərindəki
1 nömrəli orta məktəbin direktoru vəzifələrində
çalışıb.
Süleyman müəllim 1964-cü ildə dissertasiya
müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi
alıb və 1970-ci ildə Xankəndidə
açılmış pedaqoji instituta dəvət olunaraq,
tarix fakültəsinə rəhbərlik edib.
Təlim-tərbiyə problemləri, məktəbə
rəhbərlik və nəzarət məsələlərinə
dair 19 kitabın, 500-dən çox məqalənin müəllifi
olan Süleyman müəllim böyük zəhməti, parlaq
istedadı, ürəyində gəzdirdiyi mərhəmət
və xeyirxahlıq hissi ilə qəlblərdə taxt qurub. O,
"Qırmızı Əmək Bayrağı" ordeni,
"SSRİ-nin maarif əlaçısı",
"Qabaqcıl maarif xadimi" döş nişanları,
"1941-1945-ci illərdə Böyük Vətən
müharibəsində fədakar əməyə görə",
"Əmək veteranı" medalları ilə təltif
olunub. "Qabaqcıl ali məktəb işçisi"
döş nişanına layiq görülüb.
Süleyman müəllimin qəlbi mərhəmət hissi ilə zəngin
idi. Çoxlarından fərqli olaraq kimsəsizlərə - o
illərin ifadəsi ilə qeyd etsək,
"dayısızlara" arxa durmağı,
yıxılanı qaldırmağı bacarırdı
Süleyman müəllim.
Hər hansısa tələbə qiymətlə
bağlı narazılığı, digər problemi olanda
Süleyman müəllimi axtarardı. Tələbələr
həmişə əmin idi ki, "dar məqamda"
Süleyman müəllim köməyini əsirgəməyəcək.
Elə də olurdu.
Süleyman müəllim bütün
varlığı ilə xeyirxahlıq, insanlara əl tutmaq,
arxasızlara dayaq olmaq, nəciblik və fədakarlıq
nümunəsi idi. Tələbələr və hətta
müəllimlər belə ondan yüksək insani
davranış qaydalarını öyrənirdilər.
Süleyman müəllim sözün həqiqi mənasında
mərdlik, kişilik, qəhrəmanlıq, şərəflə
yaşamaq nümunəsi idi.
Səliqəli görkəmi, gülümsər
siması, işgüzarlığı, incə yumorlu
misalları, çevik təfəkkürü, yaradıcı
təxəyyülü, maraqlı söhbətləri,
yüksək nitq mədəniyyəti ilə
çoxlarının fövqündə dururdu Süleyman
Zeynalov.
Xankəndi Pedaqoji İnstitutunun məzunu olaraq 100
yaşı tamam olan Süleyman Zeynalov mənim hafizəmdə
sadəcə tələbəsi olduğum fakültənin
dekanı kimi qalmayıb. O, Qarabağ ağrılarının
yükünü ən çox daşıyan Ağdamın əzəmətli
və qüdrətli, tədbirli və qeyrətli kişilərindən
biri olaraq qəlbimdə bir abidə kimi ucalıb. Xankəndi
Pedaqoji İnstitutundakı mühazirələrində nə
demişdi, nə yazdırmışdı, o qədər də
yadımda deyil. Hafizəmdən silinməyən isə odur ki,
Süleyman müəllim davranışı, əxlaqı, rəhbərlik
metodu və bir də bütün varlığı ilə azərbaycançılıq
məfkurəsinin daşıyıcısı olaraq bizə
müəllim olmaqdan çox, əsl Azərbaycan vətəndaşı
olmağı öyrətmişdi.
Tələbəlik illərindəki xətalarımıza
görə bizləri məhşər ayağına çəkməzdi,
erməni ayağına verməzdi Süleyman müəllim,
müdrikliyi, ağsaqqallığı yetərdi düz yola
yolçu olmağımıza.
Tələbələrinin - gələcək nəslin
milli-mənəvi dünyasının kamilləşməsinə,
milli düşüncələrinin formalaşmasına
Süleyman müəllim yorulmadan zəhmət sərf edirdi.
O, ciddi olduğu qədər də sadə idi. Dərs
zamanı biz onu dinləməkdən yorulmazdıq, əksinə,
qəlbimizdə gələcəkdə onun kimi müəllim
olmaq hissləri baş qaldırardı.
Süleyman müəllim qeyrətli, əxlaqlı, təəssübkeş
Azərbaycan kişisi idi. İnstitutun erməni millətindən
olan idman müəllimi azərbaycanlı qız tələbələri
"yarıçılpaq" idman forması geyinməyə
məcbur edəndə, bu məsələni hədələrlə,
keçmiş SSRİ-nin normativ sənədləri ilə rektor
qarşısında qoyanda, o da qarşısında
Ağdamın qeyrətli kişisi Süleyman Zeynalovu
görmüşdü və azərbaycanlı tələbə
qızlar istəklərinə - milli mentalitetimizi uyğun idman
geyimində idman dərslərinə davam etmişdilər.
Süleyman müəllim Xankəndi Pedaqoji İnstitutundakı
erməni millətçilərinin pərdəarxası məkrli
oyunlarına müdrikliyi, zəngin
dünyagörüşü, siyasi sayıqlığı ilə,
məharətlə sinə gərərək, daşnak
tör-töküntülərinin gözlərinə "ox
olub batan" Ağdam və digər rayonlardan instituta işləməyə
gələn müəllimləri də qorumağı
bacarırdı.
Xankəndi Pedaqoji İnstitutunun Tarix fakültəsinin
dekanı, sözün həqiqi mənasında böyük
ziyalı və pedaqoq olan Süleyman Zeynalovun institutda gözə
görünməyən, lakin hər addımda adamı cənginə
ala biləcək erməni fitnə-fəsadlarından bizlərin
- həm tələbələrin, həm müəllimlərin
qorunmasında dəyərli və taleyüklü xidmətləri
olub.
Süleyman müəllim Xankəndi Pedaqoji
İnstitutundakı millətçi ermənilər
üçün arzuolunmaz idi. Onlar Süleyman müəllimin
varlığında institutda dolaşan Ağdamı - sevmədikləri,
qorxduqları, çəkindikləri, sabahkı Qarabağ
iddialı iyrənc niyyətlərinin qarşısında sipər
olacaq Ağdamı görürdülər.
Dörd illik tələbəlik həyatımızda -
istər institutda, istərsə də pambıq və
üzüm yığımında Süleyman müəllimin
dilindən bir kəlmə olsun ağır, nalayiq söz
çıxmadı. Hərdən yolumuzu azanda belə, təhqir
eşitmədik, fəqət, adamı qılınc kimi kəsərək
düz yola səsləyən sözlərini həzm eləmək
də çox çətin idi. Sonradan bilərdik ki, bu
böyük pedaqoq, zəngin biliyə malik alim bizi nələrdən
qoruyub, pedaqoji məharəti ilə həyatımızı məhv
edəcək bəlalardan qoruyub.
...Günlərin birində Süleyman müəllimin
də dilindən söyüş də çıxdı və
o da əl qaldırdı. 1988-ci ilin may ayında Xankəndi
Pedaqoji İnstitutuna ermənilər hücum edərək azərbaycanlı
tələbələri fiziki və mənvi təzyiqlərə
məruz qoyanda ermənilər yenə da qarşılarında
heç vaxt arzulamadıqları və həmişə
qorxduqları Ağdamı - Süleyman Zeynalovu və onun azərbaycanlı
müəllimlərdən ibarət komandasını
gördülər. Qara əllər azərbaycanlı
qızlara uzananda Süleyman müəllim hər bir azərbaycanlı
qızını öz övladı bilərək erməni qudurğanlığıma
dözə bilmədi və əsl ağdamlı kimi cavab vermək
zorunda qaldı - yolunu azmış saqqallılara əl də
qaldırdı, söyüş də söydü. Bu,
Süleyman müəllimin Xankəndidəki Pedaqoji
İnstitutda "son mühazirəsi" idi. Bu "mühazirə"
ilə Süleyman müəllim sanki Azərbaycan
xalqının mənfur düşmənlə üz-üzə
dayandığını bəyan edərək
xalqımızı çətin mübarizəyə hazır
olmağa səsləyirdi. Bu "mühazirə" həm də
Süleyman müəllimin 4 ildə görünməyən
ucalıqlarını, əzəmətini, nəhəng qeyrətini
bəyan etdi. Bu "mühazirə" ilə Süleyman Zeynalov
əzəmətli Ağdama bir daha başucalığı gətirdi.
...100 illik yubileyi ərəfəsində mənim də
boynumda haqqı olan Süleyman Zeynalovun məzarını ziyarət
edərək, külli-Qarabağa, o cümlədən, mənə
olan qayğısına görə halallıq istədim,
böyük pedaqoqa "məkanın cənnət olsun",
- dualarımı edərək çox təəssüfləndim
ki, Ağdamın işğaldan azad günlərini və bir də
uzun illər rəhbərlik etdiyi 1 nömrəli məktəbin
yeni binasını görmək qəlblərdə taxt
qurmuş bu böyük qəlb sahibinə nəsib olmadı.
Hikmət XUDİYEV (CƏMİLZADƏ)
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə
doktoru, istefada olan polkovnik
525-ci qəzet .- 2024.- 24 dekabr(№236).-S.13.