Şamxal Şəfa: "Xocavənd
rayonunun ərazisi tarixi abidələrlə zəngindir"
Xocavənd rayonunun ərazisi Azərbaycan tarixinin
başlanğıcının formalaşdığı bölgələrdən
biridir. Ölkənin dünya əhəmiyyətli arxeoloji abidələrindən
Azıx və Tağlar mağaraları burada yerləşir.
Bu bölgə Azərbaycan tarixinin unikal səhifələrini
özündə yaşadır. Bu səhifələr bölgənin
tarix və mədəniyyət abidələrində əyani
şəkildə əks olunur. Burada rəsmi şəkildə
bütün kateqoriyalaradan olan yüzə yaxın tarixi abidə
qeydə alınıb, əslində isə onların sayı
daha çoxdur. Xocavənd abidələrinin xronologiyası Azərbaycanın
tarixi memarlığının özünəməxsus
xüsusiyyətlərini müəyyən etməyə imkan
verir. "Kitabi-Dədə Qorqud" dastanda yer alan
Qaraçiya dağı, Qırmızı mərmər
yatağı Xocavənd ərazisində yerləşir. Qədim
yaşayış məskənlərindən sayılan Xocavəndin
Tuğ kəndi ərazisində I-V əsrlərə aid qəbiristanlıqlar,
V əsrə aid Alban məbədi, Salaketin kəndi ərazisində
yerləşən "Dəmrov" ocağı,
"Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində
yerləşən "Cicim" ocağı, Qaradağlı
kəndi ərazisində yerləşən qədim Alban qəbiristanlığı,
Muğanlı kəndində yerləşən "Seyid
Rza" türbəsi və Qaradağlı kəndi ərazisində
yerləşən "Yel" piri mövcud olub. Bu tarixi abidələr
mənfur ermənilər tərəfindən
dağıdılıb.
Olduqca əlverişli coğrafi mövqeyə və
şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi,
Füzuli, Cəbrayıl, Qubadlı, Laçın,
Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.
Rayonun relyefi əsasən dağlıqdır. Şərqdə
və cənub şərqdə əsasən dağətəyi
düzənliklərdir. Qarabağ dağ silsiləsinin cənub-şərq
qolları bu rayonun ərazisində dağətəyi düzənliyə
çevrilir. İqlimi çox yerdə qısa quraq keçən
mülayim isti, qışı quraq keçən soyuqdur.
Çayları -Xonaşençay, Köndələnçay,
Qozluçay, Quruçay, Çaxmaqçay, Alıçay,
Atautçay, Binəçay və s. Kür-Araz hövzələrinə
aiddir.
1992-ci ilin oktyabrında erməni silahlı birləşmələri
tərəfindən işğal olunan Xocavənd rayonunda
onlarla milli tarixi-dini abidəmiz düşmən tərəfindən
mənəvi genosidə məruz qalıb. Məhv edilib,
qriqoryanlaşdırılmağa çalışılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli ordumuz tərəfindən 2020-ci ildə
Xocavənd rayonunun bir hissəsi, 2023-cü ildə həyata
keçirilən antiterror əməliyyatı nəticəsində
tam işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi
nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz
də erməni əsarətindən qurtulub.
Digər rayonlar kimi, Xocavəndin də
tanınmış, sayılıb, seçilən
ziyalıları var. Belə ziyalılardan biri də şair
Şamxal Şəfadır. Şamxal müəllim 1946-cı
il dekabrın 18-də Xocavənd rayonunun Xocavənd kəndində
ziyalı ailəsində dünyaya gəlib. 1965-ci ildə
Xocavənd rayon beynəlmiləl tam orta məktəbini
gümüş medalla bitirib. 1972-ci ildə Bakı Dövlət
Universitetinin (keçmiş Kirov adına Azərbaycan Dövlət
Universiteti) filologiya fakültəsini bitirərək Xocavənd
rayonunda müəllimlik fəaliyyətinə başlayıb.
1974-cü ildə N.Tusi adına Azərbaycan Dövlət
Pedaqoji Universitetinin aspiranturasına qəbul olunub və həmin
ildən də universitetin qiyabi və axşam şöbələri
üzrə prorektor köməkçisi, daha sonra isə
İbtidai Təhsil Pedaqogikası fakültəsinin dekan
müavini vəzifəsində çalışıb. Məlum
Qarabağ hadisələri ilə əlaqədar doğma
rayonuna qayıdıb. Əvvəlcə tam orta məktəbdə
direktor müavini, direktor və rayon partiya komitəsinin ikinci
katibi işləyib. Xocavəndin işğalından sonra
Şamxal müəllim müəllimlik fəaliyyətini davam
etdirib.
Hazırda Şamxal Şəfa "Ağsaqqal
sözü" ictimai-siyasi qəzetinin redaktorudur.
Şamxal Şəfanın sözlərinə görə,
Xocavənd zəngin təbii sərvətlərə və əsrarəngiz
gözəlliyə malik diyardır. Xocavənd rayonu ərazisi
tarixi memarlıq və arxeoloji abidələrlə zəngindir.
Bu bölgədə ilk insanların yaşadıqları
mağaralara, qədim yaşayış yerlərinə, erkən
şəhər mədəniyyəti qalıqlarına,
möhtəşəm qala divarlarına, müxtəlif
dövrlərdə inşa edilmiş türbələrə,
daş-qoç heykəllərə - ümumiyyətlə,
nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlinir.
Xocavənd ərazisində çoxlu sayda dünya və
ölkə əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət
abidələri vardır. Bunlar Azərbaycan xalqının
tarixini, mədəniyyətini, adət-ənənələrini
göstərən abidələrdir. Yaşı 1,5 milyon il
olan Azıx mağarası, qədim tarixə malik Tağlar
mağarası, Tuğ kəndi ərazisində Ritiş
qalası (V-VIII əsrlər), Ərgünəş
dağının yamacında yerləşən Ərgünəş
qalası, Düdükçü kəndi ətrafında
Rzaqulu Bəy türbəsi (XIII əsrə), Xocavənd kəndi
yaxınlığında Aşıqlı Qoşa günbəzi,
Böyük Tağlar kəndində Alban məbədi (1241-ci
il), Tuğ kəndindəki Qırmızı məbəd (X əsr),
Alban kilsəsi (V əsr), Alban qəbiristanlığı (I-V əsr),
Qaradağlı kəndi ərazisində Alban qəbiristanlığı
(III-VI əsrlər), Salakətin kəndi ərazisindəki Dəmirov
və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində
yerləşən Cicim ocağı, Əmirallar kəndi
yaxınlığındakı Bəhrəmli piri,
Muğanlı kəndində yerləşən Seyid Rza
günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel
piri və onlarca digər abidələri 30 ilə yaxın erməni
vəhşiliyinin qurbanı olub. Mənfur Ermənilər hər
zaman bizim izimizi silməyə cəhd ediblər. Əksər
hallarda buna müvəffəq olublar.
Şamxal Şəfa deyir ki, Xocavənd, əvvəllər
Martuni adlandıırılan bu rayon ermənilərə məxsus
olmayıb və orada da ermənilər yaşamayıblar. Onlar
sonradan, sovet hakimiyyəti dövründə bu əraziyə
köçüblər, gəlmədirlər: "Xocavənd
Ağcabədi camaatının yaylaq yeri olub. Ağcabədililərin
çoxu yay fəslində Xocavəndə üz tutar və
yay boyu orada dincələrdi. Sovet hökuməti qurulandan sonra
10 il bizim camaat vergi verməyib. 10 ildən sonra dövlət tərəfindən
qərar qəbul olunub ki, qalıb daimi Xocavənddə
yaşamaq istəyən orada qalsın. Ağcabədidə
qalmaq istəyən orada məskunlaşsın. Beləliklə
də, bölgü aparılıb. Azərbaycan ərazisində
ərzisinin böyüklüyünə görə, 4 rayondan
biri sayılır Xocavənd. O vaxt şərt qoyulub ki, 5 rayon
olmasa, ermənilərə muxtariyyət hüququ verilməyəcək.
Ermənilər də o zamanlar muxtariyyət əldə etmək
üçün Xocavənd rayonunu iki hissəyə
ayırıblar. Bir hissə adlandırılıb Martuni, digər
hissə Hadrud. Beləliklə də, Xocavəndin həm
adı dəyişdirilib hən də iki yerə
ayrılıb. Ağdərə rayonunun adını dəyişib
ediblər Mardakert. Xankəndinin adını isə dəyişib
Stepanakert qoyublar".
Şamxal Şəfanın dediyinə görə,
Xocavəndin ilk adı olub Xanənişin. Rayonun təbiəti
çox gözəl olduğundan yayda aran rayonlarının
camaatı dincəlmək, yaylaqlamaq üçün oraya
axışırmış. Sonradan rayona Xonaşın adı
verilib. Rayona ərazidən axan Xonaşın
çayının adı verilib. Sonra ermənilər rayonun
adını yenidən dəyişərək Xocaşen
adlandırıblar. Bir müddət sonra isə rayonunun
adını dəyişib Xocəsən ediblər:
"Münaqişə başlamadan öncə Xocavənddə
azərbaycanlılar ermənilərlə birgə
yaşayıblar. Açığı deyim ki, əvvəllər
ermənilərin bizə qarşı münasibəti çox
yaxşı idi. Onlar bizə çox hörmətlə
yanaşır, xeyrimizdə də, şərimizdə də
canfəşanlıq edirdilər. Ancaq məlum hadisələrdən
sonra münasibət dəyişdi, düşmənçilik
başladı".
Şamxal Şəfa bildirib ki, doğma rayonunun
işğalından sonra xocavəndlilər illərlə yurd,
vətən həsrəti çəkiblər. Ancaq heç
zaman torpaqlarına, yurdlarına qayıdacaqları ümidlərini
itirməyiblər. Vətənə, doğma Xocavəndə
qayıdacaqlarına inanıb və bu günü səbirsizliklə
gözləyiblər: "Nəhayət o gün gəldi. Vətən
torpaqlarımız işğaldan azad olundu. Vətən
müharibəsində dövlətçilik tariximizin ən
parlaq səhifələri yazıldı, düşmən
üzərində möhtəşəm qələbə
qazanıldı. Ordumuzun əks-hücum əməliyyatları
nəticəsində 300-ə yaxın kənd, 5 şəhər
və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər
işğalçılardan təmizləndi, bununla bərabər,
qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi
zərbə vuruldu. Silahlı Qüvvələrimiz daha sonra
Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini,
onun ardıca bir gündə 70-dən artıq kəndi, 8
strateji yüksəkliyi işğalçıdan təmizləməklə,
Ermənistanı diz çökdürdü və
kapitulyasiyaya məcbur etdi. Beləliklə, 30 il ərzində
aparılan danışıqlar prosesində düşmən
dövlətin niyyəti reallaşmadı, Dağlıq
Qarabağın statusunun müəyyənləşdirilməsi
gerçəkləşmədi, bu bölgədə yeni erməni
dövlətinin yaradılması planı isə tamamilə
alt-üst oldu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev
çıxışlarının birində demişdir:
"İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın
şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin
qazanılmasında bütün xalqımız birlik, həmrəylik
göstərmişdir. Atılan addımlar bütün bir məqsədi
güdürdü ki, qısa müddət ərzində az
itkilərlə düşmənə elə
sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur
olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında
qazanılmış qələbələr siyasi müstəvidə
də qələbənin qazanılmasını şərtləndirdi.
Əgər döyüş meydanında biz bu qələbəni
qazanmasaydıq, inanmıram ki, işğalçı qalan
torpaqlardan çıxacaqdı. Necə ki,
torpaqlarımızı 30 ilə yaxın müxtəlif
yollarla işğal altında saxlamağa can atan düşmən
bu işğalı əbədi etmək istəyirdi, biz
danışıqlar yolu ilə də heç bir nəticə
əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin
canı-qanı bahasına, hərbçilərimizin rəşadəti
hesabına, dövlətimizin siyasəti hesabına
qazanmışıq".
Şairin söylədiyinə görə, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı
Azərbaycan Ordusu 30 ildən sonra, nəhayət əzəli
torpaqlarını düşmən tapdağından xilas etdi.
Təbiidir ki, Zəfər müjdəsinin verildiyi həmin
gün hər bir azərbaycanlının bayram günü idi.
İllərdir sülh danışıqlarının getməsinə,
diplomatik müstəvidə məsələnin həll yoluna
çalışılmasına baxmayaraq, sonda Azərbaycan, erməni
tərəfinin heç bir vəchlə
torpaqlarımızı qaytarmaq niyyətində
olmadığını anlayaraq "dəmir yumruğu"nu
mənfur düşmənə göstərdi və
düşmənin belini qırdı: "44 gün davam edən
Vətən müharibəsi tariximizin, eləcə də Azərbaycan
xalqının iftixar və qürur mənbəyinə
çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər
Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx
birləşərək bütün dünyaya öz
gücünü, mətinliyini, mübarizliyini nümayiş
etdirdi. Vətən müharibəsində xalqımız
tarixində olmadığı dərəcədə yüksək
birlik, həmrəylik nümayiş etdirdi, daxildəki həmrəylik,
milli birlik, vahid amal uğrunda birləşdi. Ay yarım davam
edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın
qüdrətinin, milli birliyinin
sarsılmazlığının göstəricisi oldu. Eyni
zamanda Azərbaycan xalqının qazandığı zəfərin
möhtəşəmliyi ölkə başçısı
İlham Əliyevin mümkünsüzü mümkünə
çevirmək qüdrətindən bəhrələndi".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 24 dekabr(№236).-S.12.