İLHAM ƏLİYEV SÖZÜNÜN GÜCÜ
Tarix boyu söz yalnız qələm sahiblərini,
böyük şairləri, fikir adamlarını qüdrətli
etməyib. Dövlət siyasətinin
ağırlığını çiynində
daşıyanlara, tarixin və taleyin yazısı ilə yurdun
və xalqın sükançısı olanlara da tutarlı
söz bütün zamanlarda ən güclü silah qədər
gərək olub. Səbəbsiz deyil ki, möhtəşəm
Teymurləng “Hökmdarın sözü qılıncından
iti olmalıdır” söyləmişdi.
Prezident İlham Əliyev artıq adını bu millətin
tarixinə əbədilik həkk etmiş bir qadir dövlət
başçısıdır ki, onun yüksək dəyəri
gələcəkdə indikindən də qat-qat artıq
duyulacaq. Sınanmış həqiqətdir.
Böyüklüyü əsl əzəməti ilə hiss etməkçün
gərək ona aralıdan baxasan. Məsafəcə
uzaqlaşdıqca yanında olarkən nə qədər
müstəsna olduğunu bütövlüyü ilə
qavramadığın hadisələr və şəxsiyyətləri
zamanın hündürlüyündən seyr edəndə və
arxada qalan vaxt qoynundakı başqa olmuşlarla tutuşduranda
mahiyyətə daha artıq yaxınlaşırsan.
Prezident İlham Əliyevin Azərbaycan naminə
gördüyü bütün irili-xırdalı işlərin
sırasında onun iki xidməti daim minnətdarlıqla
anılacaq və bunlar elə misilsiz şücaətlərdir
ki, vaxt ötdükcə qiymətinin üstünə qiymət
gələcək, dəyəri və mənası qat-qat
artacaq.
Bu millətin özünü tanıyıb dərk
etdiyi və dünya xalqları ailəsində yerini tutmaq
haqqı yolunda mübarizələrə
başladığı ilk gündən bəri
qazandığı ən ali sərvət onun istiqlalı,
dövlət müstəqilliyimizdir.
Prezident İlham Əliyev yeni XXI əsrin, təzə
III minilliyin ilk günündən bu istiqlalın qoruyucusu və
dönməzliyinin mötəbər zəmanətçisidir.
Arxadakı təlatümlü illər içərisində
istiqlalımızı, xalqımızı, yurdumuzu
bütün mümkün təhdidlərdən qorumaq, ildən-ilə
dövlətimizi daha qadir etmək, dövlətlər
sırasında Azərbaycanımızın nüfuz və
sanbalını artırmaq yolunda Prezident İlham Əliyevin səyləri
əslində müstəqilliyimizin sarsılmaz sipəri deməkdir.
XX yüzilin əvvəlində müstəqilliyin
şirin dadını ilk dəfə duymuş xalqımız
bu nemətin bəxtiyarlığını 23 ay yaşaya
bilmişdi. Odur ki, indi otuzunu çoxdan başa vurub 40-na
doğru irəliləyən, üstünə illər gəldikcə
daha da mətinləşən, poladlaşan,
qayıdışsızlaşan müstəqilliyimiz artıq
kövrək çağlarını çoxdan arxada qoyub.
Halbuki bu müstəqillik elə 1993-cü ildə 70
illik həsrət çəkərək bərpa edildikdən
sonra tarixin acı kinayəsi ilə yenidən 2 yaşa
çatmadan qırıla bilərdi.
Tarixin o çətin dönəmində Azərbaycanın
böyük oğlu Heydər Əliyev istiqlal
bayrağımızı qadir əllərinə
götürdü, müstəqilliyimizi fırtınalardan
adladaraq irəlilətdi, XX yüzildən XXI əsrə
çatdırdı və özü qədər
inandığı, elə özü qüdrətdə olan
digər böyük Vətən oğluna və öndərə
– Prezident İlham Əliyevə təhvil verdi.
O da “Şagird ustadından neçə mərtəbə
irəli getməsə, o, şagird deyil!” düsturuna sadiq
qalaraq müstəqilliyimizi, Ulu öndərin əmanəti
olan müasir Azərbaycanı parlaq zirvələrə dikəltdi.
Unudulmaz Heydər Əliyev “Azərbaycan dünyaya
Günəş kimi parlayacaqdır” demişdi, Prezident
İlham Əliyev bu arzulu, ümidli sözləri aydın bir
gerçəyə çevirməyi bacardı.
Prezident İlham Əliyevin bu millət və tarix
qarşısındakı digər əvəzsiz əməli
isə bu oldu ki, o, Azərbaycan xalqını və yurdu iki əsr
ərzində əzablarını yaşadığı erməniçiliyin
çəngindən xilas etdi, 30 ilə yaxın müddətdə
düşmən tapdağında qalmış
torpaqlarımızın azad edilməsinin memarına
döndü.
Bunlar elə ali xidmətlərdir ki, bu qəhrəmanlıqlara
imza atanı millətin qəlbinə və zehninə əbədilik
həkk edir.
Biz məsud insanlarıq ki, bunların şahidi olduq,
böyük tarix bizim hər birimizin ömründən
keçdi. Biz bəxtiyarıq ki, hər gün yeni tariximizin
daha bir fövqəladə səhifəsini yazan nadir liderlə
çağdaşıq, onunla eyni günlərin içərisində
yaşayırıq və müdam Fateh Prezident İlham
Əliyevin məğrur səsini yaxından eşidib fərəhlənmək
xoşbəxtliyi qismətimizdir.
Prezident İlham Əliyevin səsi millətin səsidir,
Vətənin səsidir, dövlətimizin səsidir. Hər
bir azərbaycanlı iftixar edir ki, onun öz istəklərinin
və amallarının ifadəçisi olan bu səs belə
inamlı, belə ötkəm ucalmaqdadır.
...2024-cü il sona çatmaqdadır və bu il millət
təqvimində Azərbaycan tarixindəki tayı-bərabəri
olmayan nəhəng bir dünya məclisinə ev sahibliyi etməyimizlə
qalır.
Siyasətlər həmişə ayırır, hər
tərəf öz maraqlarını güddüyündən
fürsətdən də bacardıqca daha artıq
yararlanmağa çalışır.
Ən böyük siyasi məclislərin, ən
mötəbər siyasi təşkilatların da içərisində
zahirən yekdilliyə can atılsa belə, həmişə
mövqe, düşüncə, yanaşma müxtəlifliyi
hökm sürür.
Dünyanın bugünündə artıq iqlim də
ayrı bir siyasətdir.
İqlim siyasət olmasaydı, Birləşmiş Millətlər
Təşkilatı illərdən bəri bu mövzunu gündəliyində
sabit saxlamaz, bütün dünya dövlətlərini mütəmadi
olaraq müzakirələr masası arxasına əyləşdirməzdi.
Ancaq iqlim dəyişikliyi məsələlərinin
bütün başqa siyasətlərdən ən əsaslı
fərqi ondan ibarətdir ki, oyundan rəqibinə nisbətən
həmişə daha uduşla çıxmaq məqsədi
daşıyan bütün digər siyasətlərdən fərqli
olaraq, iqlim siyasəti yaxınlaşdıran, birləşdirən,
yekdil edəndir.
Hansı qitədə, hansı ölkədə,
hansı şəhərdə, ya kənddə
yaşamağımızdan asılı olmayaraq, hansı siyasi
əqidəyə mənsubluğumuza baxmayaraq, bütün Yer
Kürəsinin əhli bir-birinə o məqamda lap
yaxındır ki, hamımız Yerliyik!
Yəni bu da həmyerliliyin daha bir şəkli, ancaq
bütün xırda hisslərdən uzaq, son ucda ən
yüksək insani dəyərlərə səmtlənən
təzahürüdür. Dünyamızçün faydalı
belə YERLİPƏRƏSTLİKdən gözəl nə
ola bilər!
Ortaq Yuvamız – Kainatda əbədi uçuşunda
olan planetimizin taleyi bu gün Yer Üzündəki
bütün ziddiyyətlər və fərqliliklərin
fövqünə qalxır, müştərək
GƏMİNİN SAKİNİ olmağımız
hamımızınkı sayılan YERimizi və YERdəki həyatı
daha artıq yaşamalı etməkçün onu daha
çox qorumağa çağırır.
İqlimin, ətraf mühitin yalnız Təbiət,
Allah işi olması haqda qənaətlər çoxdan köhnələrək
dünəndə qalıb.
Haçandır ki, insan oğlunun torpağın
altında, üstündə, səmada və sularda etdikləri
iqlimin də, ətraf mühitin də necəliyinə
birbaşa təsir göstərir, başverənlərdən
Kürəmizin hərarəti də qalxır, nəfəsi də
tıncıxır, nəbz döyüntüləri də dəyişir.
Ona görə 2024-cü ilin noyabr günlərində
Azərbaycanın Ev Sahibliyi ilə BMT növbəti dəfə
dünya dövlətlərini paytaxt Bakıda iqlim dəyişikliyi
ilə bağlı hamımıza aid ümdə məsələlərin
müzakirəsinə toplamışdı.
Bütün dövlətlərin və xalqların məqsədinin
bir olduğu BMT məclisinə Azərbaycanın ev sahibliyinin
rəmziliyi və qanunauyğunluğu nədən ibarətdir?
200-dək dövlətin qərarı ilə bu
mühüm tədbirin Azərbaycanda keçirilməsinə
qərar verilməsi bir tərəfdən ölkəmizin beynəlxalq
miqyasda artan nüfuzunun göstəricisidirsə, digər
yandan da həmin etibaretmənin arxasında son iyirmi ildən
artıq müddətdə bir çox beynəlxalq mərasimlərə
uğurla ev sahibliyi etmək təcrübəmizin
yaratdığı inam dayanırdı ki, ötən dəfələrdə
olduğu kimi, Azərbaycan bu səfər də qarşıya
qoyulan vəzifəni layiqincə yerinə yetirəcək.
Azərbaycanın QADİRLİYİNİ dünyaya
tanıdan Qarabağ Zəfərimizdən sonra bütün
dünyanın diqqətini Azərbaycana yönəldən və
bu qədər dünya liderini Bakıda toplayan COP29 Zirvəsi,
zənnimizcə, Zəfərdən sonrakı daha bir Zəfərimiz
hesab edilə bilər.
Bakıda düzənlənəcək bu məclisin Azərbaycanın
beynəlxalq nüfuzunu artıracağı əlavə siqləti
də, ümumdünya əhəmiyyətli bu tədbirin
Qarabağ Zəfərimizə yeni işıq
tutacağını da, əlbəttə ki, irəlicədən
təxmin edənlər az deyildi. Ona görə də bu
müvəffəqiyyətə sevinənlər sevinirdi,
yüksəlişlərimizə darılanlar isə təlaş
içindəydilər.
Söz yox, bu təlaş yalnız onların
xıltlı daxilini gəmirən bulaşıq hisslərlə
məhdudlaşmır, qərəzli hərəkətlərə
də çevrilirdi.
O cür tərpənişlərin hamısı iflasa
uğradıqdan, bütün hazırlıq işləri
yüksək peşəkarlıq və fədakarlıqla
qısa zaman kəsiyində gərəyincə başa
çatdırılandan sonra COP29-un təntənəli
açılış mərasimində Prezident İlham
Əliyev qonaqları salamlayarkən həmin təfərrüatları
da unutmur, belə bir fərəhli günə gəlib
yetişənədək, konfransın arzulanan səviyyədə
keçirilməsindən ötrü bütün lazımi
işləri görməklə yanaşı, xeyli umulmaz maneələri
də adlamalı olduğumuzu diqqətə
çatdırırdı: “Azərbaycan COP29-a ev sahibi
seçildikdən dərhal sonra biz əlaqələndirilmiş
və yaxşıca təşkil olunmuş qarayaxma və
böhtan kampaniyasının hədəfinə çevrildik.
Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil
QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz
haqqında dezinformasiya və səhv məlumatın
yayılmasında yarışa çıxıblar”.
Elə Qarabağ Zəfərimizə aparan əyyamlarda
– 2020-ci ilin oktyabr-noyabr günlərində olduğu kimi,
Prezident İlham Əliyev sərrast və iynəli deyişlərlə
hücumları təşkil edənləri və ələbaxan
icraçıları danılmaz sübutlarla yenə
dünyanın gözü qarşısında, bu dəfə
həm də əksər dünya dövlətləri liderlərinin
hüzurunda mərd-mərdanə qınayır, irəli
sürülmüş bütün saxtakar ittihamları
aşkar dəlillərlə puça çıxarır, əslində
ittiham etmişlərin özlərinin ittihamlara daha layiq
olduğunu sübutlarıyla bəyan edirdi.
Ad çəkmirdi, ancaq o ad yiyələrinin özləri
də, başqa hər kəs də söhbətin kimlərdən
getdiyini yaxşı anlayırdı və Azərbaycan dövlət
başçısının çıxışı həm
də bir daha o həqiqətin ifadəsi idi ki,
böyüklüyün yeganə düzgün
ölçüsü haqq, ədalət, doğrunun
özüdür.
Nə qədər iri olursan-ol, haqqı deyirsənsə,
müraciət etdiyin haqsız sənin qarşında aciz
qalacaq, mağmun olacaq: “Dünyada bir nömrəli neft və
qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq
neft hasil edən ölkənin yalan xəbər mediası bizi
neft dövləti adlandırır. Yaxşı olardı ki, ən
azı onlar özlərinə və Azərbaycandan on dəfə
artıq neft hasil edən özlərinin
qonşuluğundakı ölkəyə baxsınlar. Neftimizin
olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində
250-dən artıq günəşli günün olmasında
bizi suçlamağa bənzəyir. Bu, Tanrının bəxş
etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər
neft, qaz, külək, günəş, qızıl,
gümüş və mis – bunların hamısı təbii sərvətlərdir.
Ölkələr onların olmasına görə
günahlandırılmalı və bazarda onlara tələbatın
olması səbəbindən onları bazara
çıxardıqlarına görə suçlanmalı
deyillər”.
Əks-sədası Yer Kürəsinin bütün
media qurumlarından gələn, dünya dövlətlərini
qovuşduran ən birinci və ən böyük təşkilatın
məclisində – COP29-un rəsmi açılış mərasimindəki
nitqində Prezident İlham Əliyev münasib girəvəni
qaçırmayaraq bir daha Qarabağ Zəfərimizi yada
salmaqla yanaşı, Birləşmiş Millətlər Təşkilatının
illərcə kağız üzərində qalmış qətnamələrinin
məhz Azərbaycanın səyləri ilə yerinə
yetirildiyini, bununla da əslində yalnız ölkəmizin təkcə
özü üçün həyati məna daşıyan bir
məsələni deyil, ahəngdar dünya nizamından
ötrü vacib olan daha bir açıq yaranı
sağaltdığını diqqətə
çatdırırdı.
Və bunu deyərək əslində həm də onu
vurğulamış oldu ki, əgər o cür
pırtlaşıq düyünü
çözmüşüksə, o ağırlıqda
işin öhdəsindən gəlmişiksə, COP29-un cari sədri
kimi də Dünya Ailəsinə töhfəmizi verməyi
bacaracağıq: “Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən
30 illik işğalına, etnik təmizləməyə və
bir milyon azərbaycanlının öz doğma
torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin
edən iqtisadiyyata və müstəqil siyasətə malik
güclü ölkəni qura bildik. Dörd il öncə biz
İkinci Qarabağ müharibəsində tarixi Qələbəni
qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq
hüquqa və BMT-nin Təhlükəsizlik
Şurasının 30 il kağız üzərində
qalmış qətnamələrinə uyğun olaraq,
suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri
özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti
bərpa etdik və Ermənistanın işğalına son
qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və
inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal
Şimal arasında ümumi anlaşmaya nail olmaq
üçün əlindən gələni edəcək”.
Beləliklə, mahiyyətcə dünya ölkələri
və xalqlarını yaxınlaşdıran, BMT çətiri
altında birləşən dövlətləri vahid məqsədə
yönəldən, fəlsəfəsi ilə siyasətlərin
ən nəciblərindən olan iqlim dəyişikliyi
müzakirələri üçün məkanın Dünya
Saatının indiki dönəmində məhz Azərbaycan
seçilməsi həm məntiqli, həm qanunauyğun, həm
də çox rəmzidir.
Mahiyyəti ilə sülhə, anlaşmaya, dinc və
rahat birgəyaşayışa, bir-birinə dayaq olub əl
uzatmaya yönələn ali BMT Məclisi – COP29 müasir
dövrün ən uzunmüddətli hərbi münaqişələrindən
birinə son qoyaraq işğalçının xarabazara
çevirdiyi torpaqları dirçəldən, viranəliklərə
yeni həyat bağışlayan, qapılarını səmərəli
əməkdaşlıq və xeyirxah həmrəylik
çağırışları ilə dünyanın
üzünə açmış yüksələn Azərbaycanda
deyil, başqa harada keçirilməli idi ki?!
Prezident İlham Əliyev Azərbaycanın bir zamanlar
– XIX yüzilin sonlarında, həqiqətən,
dünyanın neft istehsalı xəritəsində ən
öndə gedən ölkə, dövrünə görə
dünya neft sənayesində birincilik imzasını qoyanlardan
olduğunu söyləyir, amma bu gün vaxtın
çağırışlarına da ən fəal cavab verənlərin
qabaq cərgəsinə çıxmaqla yaşıl enerji səmtində
durmadan addım-addım irəlilədiyini bildirirdi. Həm də
Azərbaycan liderinin bu açıqlamalarının
özünəməxsusluğu və cəlbediciliyi onda idi
ki, dünyaya təzadlı bir mənzərəni təqdim
edir, xeyirin şər üzərində qələbəsinin
hansı bəhrələr verə biləcəyini car çəkirdi
– ÖLKƏNİN Yaşıl Gündəliyində indi
qabarıq işarələnən həmin ərazilər
dörd il əvvələdək işğal altında idi və
təcavüzkar həmin bərəkətli torpaqlardan
terrorçuların gizli təlim düşərgələrini
yerləşdirmək, bir də narkotiklərin əkilib-becərilməsi
və digər ölkələrə ötürülməsi
üçün nəzarətdənkənar ərazilər
kimi istifadə edirdi.
Bu gün Fransanın silahlandıraraq yeni
qarşıdurmalara şitəndirdiyi Ermənistan belə
etmişdi, indi Azərbaycansa azad Cəbrayılda Günəş
enerjisi stansiyası qurmaq niyyətindədir, 2030-cu ilə qədər
təxminən altı giqavatlıq Günəş, külək
və hidroenerji stansiyalarının tikilməsini
planlaşdırır, ölkə ərazisinin dörddəbirini
yaşıl enerji bölgələri elan edərək
Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurda
məqsədyönlü fəaliyyətə başlayıb.
Yəni məkrli makronların və onlaratayların
barmağının tuşlaması ilə nə yalanlar
üyüdürsünüz-üyüdün, amma Azərbaycan
öz düz yolunda, gərəkli işlərini görməkdədir.
Dünən və bu gün Azərbaycan Avropanın
enerji ehtiyaclarını ödəməkdə hansı xidmətini
göstəribsə, sabah qitəyə yaşıl enerji ixrac
etməkdə də ön sırada olacaq, çünki
artıq bunun tədarüklərini görməkdədir.
Başqa sözlə, bihudə deyingənliklər və
çeşidli fitnəkarlıqlar Azərbaycana badalaq vurmaq
istəyənlərin özləri ilə qalacaq, uzaq olmayan
sabahlarsa 2024-cü ilin noyabr günlərində başlıca
hədəflərindən biri məhz yaşıl enerji olan
İqlim Dəyişikliyi üzrə Konfransın təxirsiz məsələlərinin
müzakirələri üçün BMT-nin Azərbaycanı
ən münasib meydan olaraq seçməsindəki
haqlılıq və uzaqgörənliyi bir daha isbata yetirəcək.
...Əslində o xəbərləri ki Azərbaycan
dövlətinin başçısı insanlara və
dünyaya çatdırır, onların hamısı mahiyyətcə
xoş xəbərlərdir, sevinməli xəbərlərdir.
Amma niyyəti də, əməlləri də qara
olanlarçün başqasının sevincinə üzdə
olsa belə şadlanmaq həmişə
müşküldür, dərd yüküdür.
Azərbaycan illərcə işğal altında
qalmış torpaqlarını təcavüzdən xilas edib,
yüz minlərlə məcburi köçkün
üzücü ayrılıqlardan sonra dədə-baba
torpaqlarına qayıtmağa başlayıb, dünyanın
böyük yaralarından birinə əncam çəkilib, o
işi ki dünyanın mötəbər beynəlxalq təşkilatları
görməli olduqları halda yerinə yetirə bilməmişdilər,
Azərbaycan özü həll edib və zahirən
bütün bunlar gərək içərisində ədalət,
düzlük, insaf hissi olan hər kəsi məmnun edə.
Ancaq Zəfərimiz daş olub düşüb bir
bölük çürük fikirlinin, Cənubi Qafqazda qəsbçi
maraqları olanların başına.
Yaxşı, o daş, o da onların başı,
uzaqdan diş qıcadanların azarı məlumdur.
Di gəl, adı guya bizdən olmuş sayılan, bir
qismi burada yaşayan, bir parası Vətəndən aralıda
baş girləyənlərdən də o səslərə səs
verənlər, Azərbaycanın hər nailiyyətinə elə
düşmənin pəjmürdə olduğu kimi hiddətlənən,
ağzı köpüklənə-köpüklənə
kölgəmizi qılınclayanlar, qaramıza
yazıb-danışanlar necə olsun?!
Axı bu cır səsləri dinləyincə
onları kimin mumuc elədiyi xəbis deyişlərin eyniliyindən
dərhal sezilir.
Görəndə ki, bu günlərdə
hamınız necə səs-səsə veribsiniz, necə canfəşanlıqla
yaxa yırtırsınız, gendən aydınca sezilir və
anlaşılır ki, tapşırıq eynidir, göstəriş
eyni mərkəzdən gəlir. Ağalar dəyişilə
bilər, ata-ana kimi, Vətən də insana anadangəlmə
nəsib olur. Dünyanın harasında yaşayıb hansı
məzhəbə və məsləkə qulluq edirsən-et, Vətən
axıracan səninlə qalır, ona xəyanət edənləri
də öz bildiyi kimi gec-tez hökmən cəzalandırır.
Axı onun-bunun qapısında sülənməklə
millət, Vətən satıcılığı kimi rəzalətə
uğrayanlar alver masasına hansı müqəddəs,
toxunulmaz dəyərləri çıxarmalarının gərək
fərqində olalar.
Axı texnolojilərin indiki səviyyəsində tarixin
bunları yadda saxlayıb gələcəyə ötürmək
imkanı daha çoxdur!
Axı onların indiki əməlləri və
sözlərinə görə xəcaləti gələcəkdə,
artıq onların olmadığı çağlarda
oğul-uşaqları, nəvə-nəticələri çəkməli
olacaqlar.
Hərçənd Vətən və millət
tüccarının nə vecinə oğul-uşağın
aqibəti!
…Azərbaycan öz yaxın tarixindən yaxşı
bilir ki, təklənmək, haqq səsinin eşidilməməsi,
ya eşitməzliyə vurulması, beynəlxalq birliyin və
cavabdeh dünya təsisatlarının laqeydliyi nə deməkdir.
Ona görə də həmdərd olmaq, tək qalana əl
uzatmaq, haqsıza yerini göstərmək Azərbaycan
üçün təbii hissdir.
Noyabrın 13-də COP29 çərçivəsində
daha bir Zirvə gerçəkləşirdi – inkişaf etməkdə
olan kiçik ada dövlətlərinin (SIDS) sammiti
keçirilirdi və yenə Prezident İlham Əliyev
kürsüdə idi, “Yanınızdayıq!” deyirdi,
“Kiçik ada dövlətlərinin səsi qlobal arenada
eşidilməlidir” söyləyirdi, inkişaf etmiş
bütün ölkələrə səslənirdi ki, iqlim dəyişmələrinin
fəsadlarından qoruna bilmələri üçün
kiçik ada dövlətlərinə maddi və texniki dəstək
göstərin.
Azərbaycanın lideri mətləblərini yüksək
kürsüdən sammit iştirakçılarına elan
edirdi, ancaq COP29-un bütün aləmə açıq kamera
və mikrofonlarından bu ümid verən, hayan duran səs
dünyanın dörd bucağına yayılırdı.
Əlbəttə ki, xeyirxahlıq, insanpərvərlik, həmrəylik
dolu bu bəyanat ada dövlətlərinin Bakıya təşrif
gətirmiş təmsilçilərini də, uzaqlardakı hər
vətəndaşını da sevindirən, ümidləndirən,
inamını artıran şad xəbər idi, ancaq bədxahlar,
üzüqara müstəmləkəçilik
keçmişli olanlarçün də bəd xəbər
idi: “Qoşulmama Hərəkatında dördillik sədrliyimiz
dövründə biz 80-dən artıq ölkəyə, o
cümlədən, 20 kiçik ada dövlətinə maliyyə
və humanitar yardım göstərmişik. Azərbaycan
kiçik ada dövlətlərinə özünün birmənalı
dəstəyini nümayiş etdirir. Həmin ölkələrin
üzləşdiyi çağırışların aradan
qaldırılması COP29-da Azərbaycanın göstərdiyi
səylərin əsasını təşkil edir”.
Son illərdə dünyanın ictimai-siyasi həyatındakı
ən sanballılardan biri kimi baş tutmuş Bakı
COP-29-unun şəksiz uğuruna məğlub acizanəliklə
guya dodaq büzməyə cəhd edən üstümüzə
qısqırdılmış riyakar səslər
mırıldanırlar ki, müqayisə edin, COP28 vaxtı
iştirakçıların sayı indikindən bir az
çoxmuş, nə bilim, hava daha günəşliymiş,
yağış daha yumşaq yağırmış.
Fransanın, Niderlandın dövlət
başçılarının Bakıya gəlməməsi də
onların, sən demə, buraları saya
salmamasıymış.
Düz ediblər ki, gəlməyiblər, gəlsəydilər,
rastlaşacaqları töhmət və qaxınclar çox
ağır olacaqdı, odur ki, onların nə özlərinin,
nə muzdlu səslərinin bəhanələri keçərli
deyil.
Prezident İlham Əliyev zalımları ifşa
edirdi, məzlumlara ürək-dirək verir, ürəklərindən
tikan çıxarırdı: “Yeni Kaledoniya, Fransa
Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa,
Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və
Sent Varfolomey kimi Fransa müstəmləkələrinin
xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten,
Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin
xalqları, – gəlin həmin ərazidəki xalqları
alqışlayaq, – bu gün, XXI əsrdə də müstəmləkə
hakimiyyətindən əziyyət çəkirlər.
Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə
BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər
kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi
hələ də yubanır”.
Kiçik ada dövlətlərinin sammitində Azərbaycan
Prezidentinin bu sözlərini bürüyən alqışlar
zədəli, ziyankar xətti ilə böyük ölkəsini
mikronlaşdıranların qulaqlarında ən gur atəşlər
kimi səslənməyə bilməz!
Şübhə yoxdur ki, özü burada olmasa da,
qulağı və gözü Bakıya zillənmiş Makron
administrasiyası Prezident İlham Əliyevin bu
ittihamlarından noyabrın 13-də anındaca agah olurdu və
yekə-yekə danışmağa adətkərdə olanlara
belə soyuq duşlar dünyamızın daha əmin-aman
olmasından ötrü daim lazımdır: “1966-1996-cı illər
ərzində Fransa Polineziyası Fransanın
apardığı 193 nüvə sınağı səbəbindən
ətraf mühitin ciddi pozulması ilə üzləşib.
Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi
və radiasiyasına görə məsuliyyət
daşıyır. Radiasiya səviyyəsi 4.900 faizi keçib.
Əgər buna Fransanın Əlcəzairdə illər boyu
işğalı zamanı həyata keçirdiyi 17 nüvə
sınağını əlavə etsək, biz həmin
ölkə tərəfindən planetin ekosisteminə hansı
zərərin vurulduğunu görərik”.
Xeyli müddətdir siyasi möhtəkirlik
oylağına çevrilmiş Avropa Şurasına biz 2001-ci
ildə ilk dəfə qədəm basarkən müəyyən
qüvvələr qabaqdangəlmişlik edərək,
heç şübhəsiz ki, mütəmadi
qaldıracağımız Ermənistanın ona havadar qüvvələrlə
Azərbaycan ərazilərini işğal etməsi məsələsindən
diqqəti yayındırmaqçün qondarma “siyasi məhbus”
məsələsini ortaya atmışdılar, bu
saqqızı da sonra uzun müddət çeynədilər.
Ancaq o dövrdə mən AŞPA-da yetərincə həmfikirlər
də toplayaraq “Avropada siyasi məhbuslar” mövzusunda sənəd
hazırlayıb nəşr etdirəndə, bu mövzunun da
müzakirəyə çıxarılmasını istəyəndə
ənənəvi ikili standartlar işə düşdü,
“siyasi məhbus anlayışının meyarları yoxdur”
dedilər.
COP29-un gedişini izləməkçün qeydiyyatdan
keçmiş yüzlərlə kütləvi informasiya
nümayəndəsi arasında düymələrinin haradan
basıldığı ağızlarını açan kimi bəlli
olanlar da vardı ki, ağlasığmaz səylərlə
Bakımızın bu mühüm tədbir ərəfəsində
daha da göyçəkləşdirilməsindən
başlamış konfransın bütün təşkilati
ayrıntılarınadək yerinə yetirilmiş miqyaslı
işləri xəbisliklə gözdən salmaq qəsdi ilə
iqlim dəyişikliyi ilə bağlı qayğılardan
qabaq insan haqlarına daha yaxşı riayət etmək zəruriliyindən
dəm vururdular. Onlar qımıldanınca xoruzun quyruğu dərhal
görünürdü (elə bil atalarımız qədimlərdə
bu ifadəni dilə-dişə salarkən elə indinin siyasi
müstəvisini də irəlicədən təsəvvür
ediblərmiş), ötürmənin haradan
qaynaqlandığı duyulurdu.
Prezident İlham Əliyev bu məqamda da bədxahlarımızın
ovqatını təlx edən, kürkünə birə salan
neştərli sözlər deyirdi, Fransanın
dırnaqarası dəniz ərazilərində törətdiyi
ekoloji cinayətləri sadaladıqdan sonra keçirdi bu
ölkədəki rejimin insan hüquqlarına qarşı
törətdiyi həqarətlərin siyahısına:
“Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki
legitim etiraz aksiyasında 13 nəfərin həyatına son
qoymuş, 169 nəfəri yaralamışdır.
1700 insan həbs edilmişdir. Həmçinin bu il
Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs
olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa
Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa
Şurasının Parlament Assambleyası tərəfindən
pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə
çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa
Şurası Parlament Assambleyası günahsız insanların
qətlinə görə Prezident Makronun hökuməti ilə
məsuliyyəti bölüşür. Fransadakı
bütün siyasi məhbuslar dərhal azad olunmalıdır”.
Di al payını!
...Noyabrın 11-də müasir Azərbaycan tarixinin hədsiz
qürurverici tədbiri açılırdı.
Bütün dünyanın gözü Azərbaycana
dikilibsə, hansı vicdanlı millət övladı bundan
qürur duymaz?!
Birləşmiş Millətlər Təşkilatının
İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının 29-cu Tərəflər Konfransı işə
başlayırdı, Prezident İlham Əliyev kürsüdə
idi.
Həmişəki kimi vüqarlı, inamlı, ötkəm.
Əlbəttə ki, bu anlarda o, məsud idi.
10 milyonluq Azərbaycana dünyanın 196 (!) ölkəsindən
gələn 72 min qonağı, onların da arasında 80 prezident,
vitse-prezident və baş naziri öz milləti və dövləti
adından salamlamaq imkanını tale hər liderə nəsib
etmir.
Bu ali millətlər məclisini nə şəkildəsə
gözdən salmaq, üstümüzə çirkab atmaq,
dünya əhəmiyyətli bu tədbirin lazımınca
alınmaması üçün iblisə də yalvararaq dua
etməkdən tutmuş qarğışa, efir və yazı
fitnəkarlığınacan hər cür çirkinliyə əl
atmışların kirli arzuları ürəklərində
qalmışdı.
BMT və Azərbaycanın böyük bayramı
alınmışdı, uğurla başlanırdı və
millətini, yurdunu sevən hər bir azərbaycanlının
iftixar edəcəyi, ölkəmizin qanadlarını geniş
açmasının daha bir təntənəsi olan bu möhtəşəm
hadisənin müqəddiməsindəki
açılış nitqində EV SAHİBİ Prezident
İlham Əliyev bədxahlara bəd xəbər
çatdırmağa məcbur idi.
Həm də bu ismarışı yalnız indiki deyil,
gələcəkdəki bütün mümkün bədxahlara
da ünvanlayırdı ki, Azərbaycan
başladığı bütün işlərdə məqsədlərinə
çatacaq, ZƏFƏRlər qazanacaq, sevincimizi
bölüşməyə hazır olanlara fərəhimizdən
pay düşəcək, istəməyənlərin burnu
ovulacaq. Ayağımızın büdrəməsini diləyirsinizsə,
sizi həmişə bu irinli sevincinizdən məhrum edəcəyik.
Bu günlərdə olduğu kimi!
Və həmişə!
...Lap az öncə – elə ilin sona yaxınlaşan bu
günlərində Prezident İlham Əliyev yenə kameralar
qarşısındaydı, “Rossiya Seqodnya” Beynəlxalq
İnformasiya Agentliyinin Baş direkroru Dmitri Kiselyovun
müsahibi idi. Adətən olduğu kimi, suallar verilir, cavablar
səslənirdi. Ancaq yenə həmişə olduğu kimi,
Prezident İlham Əliyevin sözləri nə yalnız bu
suallara verilən cavablardan ibarət idi, nə də təkcə
həmin sorğunu nümayiş etdirəcək informasiya
agentliyi üçün nəzərdə tutulmuşdu.
Prezident İlham Əliyev yenə dünya ilə üz-üzə
idi və sözünü hamıya deyirdi. Bu səs isə
eşidilən səs, bu söz isə təsir edən
sözdür. Çünki bu səs və söz Prezident
İlham Əliyevə məxsusdur. Artıq illərdir ki, o,
dünya liderləri arasında öz layiqli uca yerini tutub və
onun dünyaya ötürdüyü mesajlar, Azərbaycan
dövlətinin iradəsinin ifadəsi olan sözlər, əlbəttə
ki, eşidilməyə, nəzərə alınmaya, qəbul
edilməyə bilməz. Çünki bu deyişlərin hər
biri haqqa, ədalətə, millət mövqeyinə və
beynəlxalq hüququn təsdiqlədiyi meyarlara söykənir.
Kimsə eşitmək istəmirsə, gec-tez eşitməyə
vadar olacaq, kimsə nələrisə qəbul etməyə tələsmirsə,
yenə vaxtı var – hökmən gerçəkliklə
barışmalı olacaq. Bunu arxada qalan vaxt artıq dəfələrlə
sübuta yetirib.
Ölkələrin, xalqların öz qınına
qapılıb qaldığı əyyamlar artıq
ötmüş tarixdir, yeni gün dövlətləri də,
onların liderlərini də dünyanın nəbzindən
yapışmağa, dünya nizamını öz töhfəsini
verməyə dəvət edir. Kimi bu çağırışlara
hay verərək gücü çatanı etməyə
çalışır, kimisi də onsuz da müalicəyə
ehtiyacı olan, ahəngi laxlamış Kürəmizi növbəti
fəlakətlərə doğru sürükləyir. Bu
gedişatda Prezident İlham Əliyevin səsi yenə ucadan,
yenə vüqarla gəlir və Azərbaycan öndəri yalnız
öz Vətənimizi və xalqımızı deyil, həm də
dünyanın və bəşərin taleyindən
nigaranlığını dilə gətirir, insanlığa
yolun düzünü nişan verir: “Öz milli köklərinə
və ənənəvi dəyərlərinə sadiqlik bu
gün bəzi regionlarda çox nadir haldır. Gah xarici idarəçilik,
gah tam mənəvi deqradasiya, yaxud onların biri digəri ilə
birlikdə. Yəni bu, bizi sərfəli şəkildə fərqləndirir.
Zənnimcə, bəşəriyyət üçün fəlakətli
olan tendensiyanı tərsinə çevirə biləcəyik,
bax bu pozğunluq, nümayişkaranə iblislik ki biz onu Paris
Olimpiadasının açılışında
gördük, o halların qarşısı
alınmalıdır. Bunu liderlərə inanan cəmiyyət
edəcək, bunu biz edəcəyik. Mütləq. Yoxsa biz
azlıqda qalacağıq. Biz isə azlıqda qala bilmərik”.
Zahirən sadə sözlərdir, ancaq bu sadə
sözlərdə dərin hikmət və
dünyamızın əmin-aman sabahı var. Bunlar ülgü
sözlərdir. Bu, Prezident İlham Əliyevin dünya
insanına, dünya dövlətlərinə təklifləri,
ortaq yuvamızı daha yaşamalı etməkçün
ortaya qoyduğu düsturlardır. Dünya bu səsi eşidərsə,
gələcəyi bu biçimdə qurarsa, əlbəttə
ki, qazanan bəşəriyyət olacaq. Prezident İlham
Əliyevin də, hər birimizin də həm arzumuz, həm
inamımızdır ki, bu səs mütləq eşidiləcək!
23 dekabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 24 dekabr(¹236).-S.8-9.