Böyük
coğrafi kəşflər və yerli xalqlara onların gətirdiyi
bədbəxtliklər
(Əvvəli ötən çərşənbə
sayımızda)
Rancit Sinqhə verilən almaz hələ XIII əsrdən
mövcud idi. 1839-cu ildə isə almaz britaniyalı Con Lourenə
məxsus olmuşdu, 1850-ci ildə İngiltərəyə gətirilmişdi.
Loqq onu kraliça Viktoriyaya hədiyyə vermişdi.
1853-cü ildə almaz kraliçanın tacına bərkidildi.
O vaxtdan indiyədək almaz Böyük Britaniya
monarxlarının tacını bəzəyir.
Misal gətirilən nümunələrə görə
sevənləri qınamaq da olmur, çünki bu fədakarlıq
insan təbiətindən doğur, onun əksər
canlılardan fərqli olduğunun əyani bir təzahürüdür.
Qədim Romanın böyük şairi Ovidinin
yazdığı kimi, məhəbbəti yaşamaqla, ibtidai
insan bu ülvi hissin daşıyıcısına çevrilməklə,
heyvanlara xas olan həyat tərzindən uzaqlaşmış,
özünü yeni, tam fərqli xüsusiyyətlərə
malik olan bir varlıq kimi göstərmişdir.
Məhəbbət cəmiyyətlərin
yaratdığı qadağalara, qınaqlara da məhəl
qoymur, hər cür təhlükə vəd edən hisslərin
coşmasını nəinki söndürür, hətta
onların alovlanması ilə öz təbiətindən irəli
gələn igidliyə əl atdıqlarına görə də
sevinir. Heç bir əzab onu qorxutmur, çünki onlara
dözməyə, bu həyatı yaşamağa artıq
hazırdır, hətta qarşıdakı ölüm şəklindəki
ağır cəza da onları bu cəbhədən
uzaqlaşdıra bilmir. Məhəbbət
döyüşü axırda ölüm vəd etsə də,
buna girişənlər həyatlarını itirməyə
görə də ondan heç vaxt çəkinmirlər.
Yeniliyə maraq göstərməsi insanı igidliyə
səsləyir
Özünü və dünyanı dərk etməyə
çalışan insan təkcə məhəbbət əhvalatlarında
sınanmır, onun igidlik göstərməsi, çətinlikləri
hər cür əzablar hesabına dəf etməsi
üçün digər motivlər də mövcuddur. Bu
qarşısı alınmaz istəklərdən biri onun
yeniliyə, naməlum olanlara möhkəm maraq göstərməsidir.
Bu niyyətinə görə insan qorxulu təhlükələrə
atılmağa hazırdır, əvvəl baş verən əhvalatlar
onu qorxutmaq əvəzinə, daha qızğın hisslə və
iradə ilə silahlandırır. O, qarşısına
olduqca böyük məqsəd qoyduqda, hər cür əzaba,
məhrumiyyətlərə də dözməyə,
ölümlə üzləşməyə də
hazırdır. Bunlar isə onu əvvəllər məlum
olmayan igidliklər göstərməyə səsləyir və
onlara müsbət cavab alır. Məhz bu hisslər
avropalıları ətraf dünyanı öyrənmək həvəsinə
cəlb etməklə, həsəd aparılacaq igidliklər
göstərməyə həvəsləndirdi. Onlar, Ferdinand
Magellanın nümunəsində olduğu kimi, uzun çəkən
və çox saydakı əzablara dözəndən sonra,
ağılsız bir təşəbbüs hesabına həyalarını
itirə də bilərlər. Dünyanı öyrənmək,
fəth etmək rahat həyatdan heç də həzz almaqla,
ləzzətlə əhatə olunmuş bir şəraitdə
baş vermir, bu vəzifəni yerinə yetirmək
üçün möhkəm iradə və sarsılmaz cəsarət
göstərmək tələb olunur. Bir qayda olaraq, insan ona mənsub
olanlarla heç vaxt kifayətlənmək istəmir, daha
böyük imkanlar vəd edən həyat şəraitinə
nail olmaqdan ötəri onları öyrənmək istəyir
və bu qərarı ilə ətalətdən xəbər
verən əvvəlki yaşayışına son qoyur. O, uzaq
ölkələrə səfər etməkdən də
çəkinmir, qaranlıq olanları işığa qərq
etmək üçün onda əvvəllər məlum olmayan
bir istək və tükənməz enerji yaranır.
Əlbəttə, bu həvəsin yaranması
heç də təsadüfi deyildir, bir çox hadisələr
onu buna hazırlamışdır. Bu igidlik, qəhrəmanlıq
nümunələri heç də boş yerdə
yaranmamışdır, onların həyata keçirilməsi
üçün istəyin və yaranan şəraitlərin
üst-üstə düşməsi də az rol oynamır.
Bu heç də sirr deyildir ki, insan yaranışdan sərvətə
sahib olmaq, varlanmağa nail olmaq onun üçün hərəkətverici
qüvvə rolunu oynamışdır. Əlbəttə, bu
istək ibtidai insanda primitiv xarakter daşıyırdı, iri
heyvanı ovlamaq onun böyük sevinc mənbəyinə
çevrilirdi, çünki doğma icması aclıqdan xilas
olacaqdı, bir müddət qida ehtiyatı ilə təmin ediləcəkdi.
Ərzaq cəhətdən çətinlik çəkən
qəbilələr başqasına hücum edib, onun
ixtiyarındakı o dövrün ən mühüm sərvətini
- qida maddələrini ələ keçirməsi ilə
öyünürdü.
Lakin sərvət naminə insanın göydəki
ulduzları qoparmağa cəhd etməsini də
düşünmək sadəlövhlükdür. İnsan
kosmosa yalnız məchulluq və qorxu mənbəyi kimi
baxırdı, onun cisimlərini, az qala, müqəddəslik
haləsi ilə əhatə edirdi. İnsanı Yer
üzünün nemətləri maraqlandırırdı və
onlara sahib olmaq istəyi daim onu axtarışlara, yeni olan bir
şeyi tapmağa cəzb edirdi. İnsan öz həyatındakı
və ərzaq istehsalındakı bir sıra dəyişikliklərlə
ovçuluqdan və bitkilərin meyvəsini və
kökünü yığmaqdan, kənd təsərrüfatı
istehsalına keçməklə, Aqrar inqilaba imza
atmışdı. İndi o, təkcə ovun nəticəsindən
və yığmaq fəaliyyətindən asılı deyildi,
əkinçilik və heyvandarlığın mənimsənilməsi,
azacıq da olsa, istehsala başlaması ilə, öz həyatında
ağla sığmayan müsbət dəyişikliklərə
nail olmuşdu. Belə şəraitdə varlanmaq həvəsi
də böyüyürdü, bu motiv insana yol göstərən
ulduz rolunu oynayırdı.
Yaşadığı təbii şərait də
insanın ağıl və əmək qabiliyyətinin
inkişafına öz müsbət və mənfi təsirini göstərirdi.
Hər şeyin hazır şəkildə təbiət tərəfindən
təchiz edildiyi şəraitlərdə insan inkişafdan geri
qalırdı. Onu yeniliyə, digər vasitələrə
sahib olmaq maraqlandırmırdı, çünki təbiət
onun üçün ana rolunu oynayırdı. Ana körpəsini
döş südü ilə əmizdirdiyi kimi, təbiət də
insan icmalarını hazır qida məhsulları ilə, məsələn,
Şimali Amerika hindularını su hövzələrində
bitən, yabanı düyü və bizonları ovlamaqla və
balıq tutmaqla bol ət ehtiyatı ilə təmin edirdi. Qida
barədə ehtiyac hiss etməyən, çətinlik çəkməyən
icmalar ixtiyarlarında olan mənbələrlə kifayətlənməklə,
yeni həyat tərzi, daha böyük bolluğa yiyələnmək
hissi onları heç maraqlandırmırdı da.
Avropada isə təbiət insanları belə bol qida
ehtiyatı ilə təmin etmirdi, ona nail olmaq üçün
böyük əziyyət çəkmək tələb
olunurdu. Ona görə də qitə sakinlərini təxəyyüllərində
əfsanəvi bolluq məskəni kimi
canlandırdıqları torpaqlar onları daha çox
maraqlandırmağa başlayırdı. Onların yeni əraziləri
fəth etmək istəyi və həvəsi, bəlkə də,
müasir insana təəccüblü görünə bilər.
Lakin ehtiyac və ondan xilas olmaq daim insanı hərəkət
etməyə məcbur edən mühüm motiv rolunu
oynamışdır.
Ədviyyat axtarışları böyük kəşflərə
yol açır
Təəccüblü görünsə də,
insanı təkcə qida maddələrinin bolluğu deyil, həm
də istehlak etdiyi qidanın keyfiyyəti, dadı, onun getdikcə
artan zövqünə uyğun olması da
maraqlandırırdı. Bu sahədə avropalıların ədviyyatla
tanışlığı, onların mətbəxində, məişətində
mühüm dəyişikliyin əmələ gəlməsinə
səbəb olmuşdu, odda əti qızartmaqdan, dadlı, ləzzətli
xörəklər hazırlamasına keçilmişdi. Bunlar
isə öz torpaqlarında bitməyən, Uzaq Şərqdən
gətirilən ədviyyat növlərinin köməyi ilə
meydana gəlmişdi. Ərəb tacirlərinin vasitəçiliyi
ilə Şərqdən gətirilən ədviyyat
avropalıların xörəyinə xüsusi dad verirdi, ona
öyrənən adamlar primitiv qaydada hazırlanan qidaya
artıq o qədər də maraq göstərmirdi. Bu həm də
avropalıların zövqündə dəyişikliyin baş
verməsinə səbəb olmuşdu. Ədviyyata yiyələnmək,
ondan daha çox istifadə etmək istəyi müəyyən
vaxt ərzində artmağa, alovlanmağa başladı. Daha
dadlı xörəyə öyrənən adam artıq
dadsız hazırlanan qidaya maraq göstərmir, hətta bəzən
ona ikrah hissi ilə baxmağa başlayır.
Lakin ədviyyat mənbəyini tapmaq və ona sahib
olmaq istəyini məhəbbət labirintində dolaşmaqla
müqayisə etmək düzgün olmazdı. Ədviyyat
yeyilən xörəyə dad vermək
üçündür, dad təbii olaraq qida boğazdan
keçdikdən sonra öz mahiyyətini itirir. Məhəbbət
isə ürəyin səlahiyyətinə aid olduğundan,
insanı bütünlüklə öz təsiri altına
salır, uzun müddət yaşamaqda davam etməklə,
insanın ali hədəfinə çevrilir. Məhəbbət
arzulandığı romantikanı gözlədiyindən,
poeziya xarakteri daşıyır. Ədviyyat isə yalnız
xörəyə dad vermək üçün olduğundan,
özünü ancaq məişət problemi kimi büruzə
verir, ona görə də məhəbbətdən fərqli
olaraq sırf prozaik xarakter daşıyır.
Bu heç də o demək deyildir ki, biz ədviyyat
axtarışlarına çıxan səyyah-tədqiqatçıların
gərgin əməyini, göstərdikləri əsl igidlikləri
qiymətləndirməməliyik. Belə münasibət onlara
qarşı yolverilməz ədalətsizlik olardı. Onlar
maddi varlıqları axtarsalar da, onların məchulluğa
bürünmüş ağır səfərləri hər
cür təhlükələrlə dolu idi. Onların
başına gələn macəralar ölümün
ağuşuna atılmaq təsiri bağışlasa da,
özünə məxsus romantikanı yada salırdı. Ona
görə də biz bu insanların qəhrəmanlıqdan xəbər
verən ağır zəhmətini nəinki
aşağılamalı, onların böyük kəşflərlə
nəticələnən səyahətlərini yüksək
qiymətləndirməliyik.
Ədviyyat axtarışlarına həsr olunmuş səfərlər
heç də hansısa ölkəni görmək kimi sadə
maraqdan yaranmamışdı. Avropalıları bu məsələdə
müəyyən ölçüdə narazı salan
mühüm cəhət də mövcud idi. Bu da ədviyyatın
baha qiymətə ərəb tacirlərindən
alınması idi. Onlar da bu ləzzət mənbəyi olan
bitki məhsulu növlərini uzaq məsafələrdən gətirdiklərindən,
ağır yol xərci çəkməyə məcbur
olurdular. Onlar bibəri Hindistanın qərb ərazilərindən,
darçını və muskus qozunu isə uzaq Şərqdə
yerləşən adalardan alıb gətirirdilər. Bu məhsullar
heç də ərəb tacirlərinə məxsus deyildi, bu
bitkiləri yerli ada sakinləri becərirdi. Ərəblər
isə yalnız ticarət xidməti göstərirdilər.
Avropada da ədviyyata tələb getdikcə
böyüyürdü, ona görə də tacirlərin təklif
etdikləri baha qiymətlərlə də razılaşmaq
lazım gəlirdi.
Lakin XV əsrin ortalarında vəziyyət daha da pisləşdi,
ərəblərin qitəyə ədviyyat gətirməsi,
ümumiyyətlə, ticarət əməliyyatları
dayandırıldı. Buna isə səbəb 1453-cü ildə
Konstantinopolun türk sultanı Mehmet Fateh tərəfindən
tutulması oldu. Axı Avropaya dəniz yolu Konstantinopoldan
keçirdi, bu yolun hesabına Venetsiya Respublikası ticarətdən
olduqca varlanmışdı. Türklərin Bizans imperiyası
üzərində qələbəsi və onu yox etməsi,
Avropanı təmin edən ticarət üçün
keçilməz sədd rolunu oynadı. Bazarda ədviyyatın
qiyməti otuz dəfə yüksəldi. Beləliklə,
şəraitin təzyiq göstərməsi ilə Orta əsrlərin
sonu böyük coğrafi kəşflər erasına
çevrildi.
Avropalılar, əlbəttə, xüsusən
varlı təbəqə, mətbəxlərində ədviyyata
çox öyrəndiklərindən, hətta adət etdiklərindən,
onu əldə etməyin digər yollarını axtarmağa
başladılar. Bu sahədə venetsiyalı səyyah Marko
Polonun "Səyahətnamə" kitabı onlar
üçün bu həvəsi daha da artıran bir rol
oynadı. Marko atası Nikkolaya qoşularaq quru yolla, əzablı
və uzun vaxt tələb edən səfərə
çıxmışdı. Böyük çətinliklərin
müşayiət etdiyi bu ağır səfər nəticəsində
o, 1271-ci ildə uzaq Çinə, o vaxtlar işğal
edilmiş ölkəni idarə edən Monqol hökmdarı
Xubilay xanın sarayına gəlib
çıxmışdı. Səfərdən isə, əvvəlki
çətinliyi nəzərə alaraq, dəniz yolu ilə
qayıtmış, bir sıra ölkələri və onlarda
yaşayan xalqların həyatını və məişət
qaydalarını müşahidə etmişdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.- 25 dekabr(№237).-S.14.