Qərbi azərbaycanlılara aid edilən
uğursuz kəlmə
Bəri başdan deyim ki, özüm əslən Qərbi
Azərbaycandanam. Babalarım keçən əsrin əvvəllərində
- 1918-ci ildə İrəvan Quberniyasının
Üçkilsə (Eçmiadzin, sonralar Talin rayonu) qəzasına
daxil olan Ağcaqala kəndindən deportasiya və
soyqırımına uğrayaraq gələnlərdəndir.
Söyləyirdilər ki, hələ o vaxtlar
bağlı-bağatlı kəndlərin yerli sakinləri
onlara "qaçqınlar" ("qaşqınnar") deyərmişlər.
İndi isə, 35 ildən çoxdur ki, 1988-1989-cu illərdə
"Ermənistan" deyilən qədim torpaqlarımızdan
qovulan soydaşlarımıza "yeraz" deyirlər. Bu
gün zaman-zaman soyqırımına və deportasiyalara məruz
qalan, xalqın və ölkənin ictimai-siyasi, sosial-iqtisadi və
mədəni həyatında, Vətənin müdafiəsində
çox böyük rol oynayan, qorxmaz və mərd, yüksək
milli-mənəvi keyfiyyətlərə sahib, sözü
üzə deyən, zəngin mədəniyyətə malik, təhsilə,
sözə və sənətə qiymət verməyi
yaxşı bacaran, elcanlı və vətənpərvər
insanların "yeraz" adlandırılması heç də
xoş deyil, məncə.
"Yeraz" heç xoşlamadığım 2-3
sözdən biridir. Lap düzü, bu sözü həm ciddi,
həm də istehza ilə deyənlərdən ikrah edirəm.
Təəssüf ki, həmin kəlməni bəzi Qərbi azərbaycanlılar
özləri də işlədirlər. Vaxtilə mənfi
çalarda işlədilən "yeraz" sözü indi fəxrlə
bir imtiyaz kimi səsləndirilir. Bu azmış kimi, sözə
müxtəlif əndirəbadi mənalar da veriblər, hələ
bir "Biz yerazıq, yerlibazıq" adlı mahnı da icad
ediblər.
Zənnimcə, "yeraz" məna etibarı ilə
"qruplaşma", "yerliçilik",
"yerlibazlıq", "tayfaçılıq" mənalarını
daşıyır. Bölücülüyə xidmət
edir. Xalqımızın qruplara
bölünməsindən, tayfaçılıqdan, yerlibazlıqdan,
xanlıqla bölünməsindən bəyəm az çəkmişik?!
1501-ci ildən 1736-cı ilə qədər Azərbaycandan
başlayaraq bugünkü İran, Ermənistan, İraq,
Əfqanıstan, Qərbi Pakistan, Cənubi Türkmənistan və
Şərqi Türkiyə ərazilərini əhatə
etmiş bütöv Azərbaycanın paramparça olaraq
şimala, cənuba, qərbə bölünməsi, əldən
getmiş torpaqlarımız bunların nəticəsi deyilmi?
Görəsən, dahi şairimiz M.Arazın dediyi kimi, "O
zamanmı bitdi bizim dilimizin "sənin", "mənim"
qabarı da? O zamanmı bitdi bizim dilimizin "haralısan"
damarı da?"
İndi "yeraz" sözü ilə sanki yeni bir
millət formalaşdırılıb. Deyilənə görə,
bu sözü termin kimi ilk dəfə Z.Bünyadov işlədib.
Guya akademik ilk dəfə 1988-ci ildə bunu "Yerevan azərbaycanlıları"
söz birləşməsinin qısaldılmış
variantı kimi (rusca) səsləndirib. Onun
yarızarafat-yarıciddi işlətdiyi bu kəlmə sonradan
ölkədə sürətlə populyarlaşmağa
başlayıb. İnanmağım gəlmir, inanmıram da. O
boyda kişi bəyəm mənim savadsız nənəm qədər
də bilmirdi ki, bizim "Yerevan" adlı yurd yerimiz
olmayıb, İrəvan olub. Nənəm həmişə
hardan olduğunu soruşanlara deyərdi ki, "İrəvandanam".
Ölənə kimi də elə dedi. Onun üçün
"İrəvan" Qərbi Azərbaycanın simvoluna
çevrilmişdi.
Bir qrup insan bu sözü "yerli azərbaycanlılar"
mənasında işlədir. Yaxşı, bir anlıq təsəvvür
edək ki, elədir. Bəs onda ölkəmizdə olan
başqa azərbaycanlıları (indiki Azərbaycan
Respublikasındakı Azərbaycan türkləri və burada
yaşayan qeyri xalqlar nəzərdə tutulur.) necə
adlandıraq? Onlar yerli azərbaycanlılardırsa, onda bunlar
da, bəlkə, gəlmə azərbaycanılılardır, hə?!
Mənasız ifadədir, deyilmi?!
Hansı ağıla qulluq etdikləri məlum olmayan bəziləri
də "yeraz" sözünün mənasını
"yenilməz və enilməz rəiyyətin ali
ziyalısı" kimi yozurlar. Deyiləsi söz yoxdur. Normal
ağıl sahibi belə bir yozum yapmaz. Və buna heç cavab
verməyə də dəyməz.
Digər bir qrup da həmin sözü "yerini
azmışlar" (guya yurdlarından didərgin düşənlər)
kimi mənalandırır ki, bu da diskriminasiya xarakterli
yanaşmadır. Və tamamilə absurd fikirdir. Necə yəni
"yerini azmışlar", yox bir Yerevan Avtomobil Zavodu!
İnsan yerini-yurdunu tərk edər, didərgin salınar,
qovular, deportasiya olunar. Adam da doğma yerini-yurdunu azarmı,
durduğu yerdə didərgin düşərmi? Bir də ki,
"yerini azmışlar" gələcəkdə o
torpaqlara qayıtsalar, bəs necə olacaq? Onda onlara "yerini
tapmışlar" deyəcəyikmi?! Həqiqətən,
absurddur!
Tanınmış ictimai xadim, sabiq deputat, əslən
Qərbi Azərbaycandan olan Maksim Musayev 1988-1990-cı illərdə
Azərbaycan SSR-in rəhbəri olmuş Əbdürrəhman
Vəzirovun 2018-ci ildə Moskvada rus dilində nəşr
etdirdiyi "Parterin ilk sıralarında" adlı kitabı
ilə bağlı düşüncə və təhlillərindən
ibarət geniş yazısında (Moderator.az) göstərir
ki, "yeraz" kəlməsi "...1970-ci illərin
sonlarından bəri SSRİ "KQB"si tərəfindən
Qərbi Azərbaycanda, İrəvan elində yaşayan və
1948-1952-ci illərdə vətənlərindən Azərbaycan
SSR ərazisinə deportasiya olunmuş qaçqınlar
üçün xüsusi olaraq düşünülmiş məfhumdur,
çekist terminologiyasıdır. 1988-1989-cu illərdə
"Ermənistan" deyilən qədim torpaqlarımızdan
soydaşlarımızın növbəti zorakı qovulma dalğası
baş verəndə bu üzdəniraq kəlmə
insanlarımızın məişət leksikonuna daxil oldu. O
zamanlar belə söz-söhbətlər gəzirdi ki, guya həmin
kəlmə rəhmətliklər Ziya Bünyadov, yaxud Bəxtiyar
Vahabzadə tərəfindən ortalığa atılıb.
Bunlar yalan idi və "yeraz" kəlməsinin müəllifi
konkret bir şəxs deyildir. Bu qondarma ad "KQB" tərəfindən
hələ Ermənistanla münaqişə başlanandan 10 il
öncə quraşdırılıb..."
Mənə görə, "yeraz"
sözünün 1980-ci illərin sonlarında ortalığa
atılması həmin vaxt yumruq kimi birləşən
xalqın birliyinə zərbə vurmaq məqsədini
güdürdü. Təsadüfi deyildir ki, M.Musayev də
yuxarıda qeyd etdiyimiz yazısının davamında qeyd edir
ki, "...Xülasə, bir neçə il keçdi və
artıq gördüm ki, bəzi yerlərdə bu xoşagəlməz
"yeraz" sözünü işlədirlər. 1988-ci ildən,
yəni Ermənistandan azərbaycanlıların zorla
köçürülməsi başlayandan sonra isə öncə
dediyim kimi, bu qondarma ad, təəssüf ki, artıq kütləvi
şəkildə işlənməyə başlandı... Həmin
adın qondarılmasında SSRİ "KQB"si, yəqin ki,
öz əməkdaşları və digər məxfi qurumlar
aralarındakı danışıq və yazışmalarda
"Ermənistan azərbaycanlıları" əvəzinə,
qısa bir ad işlətmək məqsədi də
güdüb. Amma hesab edirəm ki, əsas hədəf Azərbaycanı
regionlara parçalamaq və regionlararası ziddiyyətlər
yaratmaq olub... Və bu işdə Qorbaçovun dostu Vəzirovun
da özünəməxsus rolu olub..."
Məncə, hələlik, Qərbi Azərbaycandan
deportasiya olunan soydaşlarımızın özlərinə
"Dərələyəzdən, Zəngibasardan, Zəngəzurdan
və ya Göyçədənəm..." deməsi
düzgün olardı. Ümumi şəkildə isə
onların irəvanlı və ya Qərbi azərbaycanlı
adlandırılması ən düzgünü olardı.
Bu gün məcburi köçkün ifadəsi
ordumuzun sayəsində sıradan çıxıb. Ümid edək
ki, Qərbi Azərbaycana qayıdışdan sonra
"yeraz" sözü də tamamilə sıradan
çıxar. "Azərbaycanlıyam" sözü öz
hakim mövqeyinə qayıdar.
Yazımı Eldar İsmayılın "Mən
"yeraz" deyiləm, türk oğlu türkəm"
adlı şeirindən bir bənd ilə
yekunlaşdırıram:
Mənə "Yeraz" deyib ulamağın nə?
Ortada quyruğun bulamağın nə?
Meydanı bu qədər sulamağın nə?
Sən gözəl bilirsən nəçiyəm, kiməm...
Koroğlu qeyrətli türk oğlu türkəm!
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2024.- 28 dekabr(№240).-S.13.