Misralara
köçən kəlağayı sevgisi
Arzu Əyyarqızı 1990-cı il noyabrın 20-də
Cəlilabad rayonunun Şatırlı kəndində anadan olub.
Şatırlıda tam orta məktəbi bitirdikdən sonra Cəlilabad
Tibb Kollecində təhsil alıb və hazırda tibb
bacısıdır. "Qəlbimin səsi" (2011),
"Açılsa dünyanın bəsirət
gözü" (2023) və ''Ən müqəddəs pay - kəlağayı"
(2024) adlı üç kitabı çap olunub. Şeirləri
təkcə Respublika mətbuatında deyil, ölkə
hüdudlarından kənarda, Təbrizin və Tehranın qəzet
və dərgilərində də işıq üzü
görüb. Arzu Əyyarqızının
yaradıcılıq nümunələri müxtəlif
toplularda, o cümlədən, AYB orqanlarında yer alıb.
Onun sözlərinə musiqi də bəstələnib. Ədəbi
təşkilatçılığı ilə də fərqlənir.
O, yaşadığı bölgənin qələm əhlini
özündə birləşdirən "Həməşəra
Poeziya Məclisi"nin təşkilatçılarından
biridir.
Arzu Əyyarqızının şeirlərindən
söhbət açanlar onun poeziyasının mövzu rəngarəngliyinə
xüsusi diqqət çəkirlər. Güllü Eldar
Tomarlı onun şeirlərini milli ruh nəğmələri
adlandırır, adət-ənənələrimizə
söykənən poeziyasını yüksək dəyərləndirir:
"Başında, çiynində, min illərdir, Azərbaycan
xanımlarının qürurla gəzdirdiyi, nənələrimizin
mirası qədim milli örtüyümüz kəlağayını
- abır, həya, ismət, namus, gözəllik,
yaraşıq rəmzimizi bu gün ləyaqətlə gəzdirən,
şeirlərində tərənnüm edən Arzu
xanımın milli mənəvi dəyərlərə
sayğısı sonsuzdur".
Kəlağayı sevgisi onun müxtəlif şeirlərində
yer alıb. Bu şeirlərdən biri elə "Pay kəlağayı"
adlanır:
Soraqladım nənələrdən,
Tapdım səni, ay kəlağayı.
Qaynanadan gəlinlərə,
Ən müqəddəs pay kəlağayı.
Rənglərin var, məna dolu,
Hər naxışın qədim, ulu,
Keçib gəldin tarix yolu,
İtirmədin say, kəlağayı.
Arzu Əyyarqızının kəlağayı
haqqında fikirləri maraqlıdır: "Yaşlı və
qoca qadınlar kəlağayını çalma, yaxud dingə
bağlayır, cavan qadınlar və qızlar isə örpək
kimi istifadə edirlər. Qadınlar yas mərasimində qara,
toy mərasimində isə əlvan naxışlı kəlağayılar
örtürlər. Gəlin gətirilərkən onun
başına ağ örpək örtmək, arabasının
qabağına, ya da mindirildiyi atın boynuna soğanı,
narıncı, zoğalı rəngdə kəlağayılar
bağlamaq Azərbaycanın milli adətlərindən
sayılır. Niyyət baş tutduqda məscidlərə,
ziyarətgahlara kəlağayı aparmaq, kasıblara, şikəstlərə
pay vermək kimi adətlər də mövcuddur".O deyir ki,
vaxtilə Azərbaycanda kəlağayını yeni qurulan ailənin
təməli hesab edirdilər. Oğlana kəlağayı
bağışlayan qız eşqinə ömürlük
sadiq qalacağına and içərmiş. Elçilik mərasimində
oğlan tərəfindən olan qadınlardan biri
qırmızı kəlağayıya bürünmüş
nişan üzüyünü qız evinə təqdim edərmiş.
Elə Arzu Əyyarqızının şeirləri də bu
inanclara söykənir:
Qürurumsan, vüqarımsan,
Həcərinsən, Nigarınsan,
Çox şükür ki, sən varımsan,
Rəbbin yolu kəlağayım.
"Kəlağayı" adlı digər şeirində
müəllif bu baş örtüyünü "namusum, iffətim,
başımın tacı" adlandırır:
Nə gözəl yaraşıq verirsən mənə
-
Al rəngdə, butalı gözəl Kəlağayı.
Namusum, iffətim, başımın tacı-
Sən odlar yurduma özəl Kəlağayı.
İpəkdən biçilib, üzükdən
keçən,
Minbir cür mənalı rəngləri seçən,
Əsrlər adlayıb bu günə köçən,
Tarixdə iz salan əzəl Kəlağayı.
Keçmişdən məktubsan, töhfəsən
bizə,
Üstündə naxışlar nur verir gözə,
Neçə savaşçını
çökdürdün dizə -
Yazılsın şəninə qəzəl, Kəlağayı!
Yeri gəlmişkən, bildirim ki, Arzu
Əyyarqızının şeirləri klassik struktural ənənələrdən
bəhrələnir. Qoşmaları, gəraylıları daha
tutumludur. Oxucuya elə gəlir ki, o, bu şeirləri oxumur,
kiminsə həzin səsli avazında dinləyir. Obrazlı
ifadələri ilə zəngin "Dərdləşmək
istəyirəm" şeiri klassik qoşma janrına yeni ovqat
gətirir. Belə ki, şeirin bəndləri onbirlik
ölçüdə olsa da, hər bəndin
dördüncü misrası bayatıvari döndərmə
üzərində qurulub. Oxucu sanki emosional, duyğusal bir
duanı dilinə gətirir. Dua da adi dua deyil, nəğmə-duadır:
Bu qədər adamın içində təkəm,
Gur saçın içindən ayrılmış
tükəm,
Demirəm təkliyə dözməkdə yekəm,
Dərdləşmək istəyirəm...
Dinləyən mən oldum, danışan onlar,
Susdum, lal eylədi dəyişən donlar,
Qışqırdı içimdə sükutlu anlar,
Dərdləşmək istəyirəm...
Arzu Əyyarqızının Vətən sevgili
şeirləri doğma diyarın azadlığı uğrunda
canından keçən qəhrəman oğullarımıza,
şəhidlərə həsr olunub. Onlarda da bu inam ifadə
edilir ki, canını torpağa qurban eləyən, məğrurca
döyüşüb Bayrağı ən uca zirvələrə
sancan oğullar şəhid olsalar da, bu xalqın qəlbində
həmişə yaşayacaqlar:
Qalxıb zirvələrə sancdı bayrağı,
Əsdi qorxusundan, titrədi yağı.
Qurban hünərinə, Vətən dayağı -
Alqış Bozqurduma, alqış əsgərə!
Vətən uğrunda döyüşən əsgərlər
cəsurluğu, qorxmazlığı ilə yadda qalır:
Sıldırım qayalar ayaq izini
Unutmaz heç zaman, igidim, sənin.
Şuşa dağlarında müsəlləh əsgər,
Şahidi olmusan dumanın, çənin.
Şəhid oğulun anasına poetik ismarıc da təsəllidən
çox məğrurluğu ifadə edir:
Qurban olum saçlarının ağına,
Göz yaşınla söndür yanan qəlbini.
Öyüdünlə canı qurban eylədim,
Uca tutdum bayrağımı, gerbimi.
Hər laylanda anam bildim Vətəni,
Böyü dedin, qov düşməni,
yağını.
Nəsihətin hopdu mənim qanıma,
Azad etdim zirvəsini, dağını.
Ucqar bölgədə, ədəbi mərkəzdən
uzaqda yaşayan xanım şairin şeirlərində bu qəribliyi,
həsrəti hiss etmirik. Yaşamaq eşqi, həyat sevgisi,
yaratmaq ehtirası gənc xanım şairi ədəbi proseslə
ayaqlaşmağa sövq edir. Şeirlərindəbu gün cəmiyyətimizi
narahat edən məsələləri qabardır,
çağdaş oxucunun zövqünü oxşamağa
çalışır. Peşəsinə görə təbabətə
bağlı olan Arzu Əyyarqızı təkcə fərdlərin
deyil, ümumilikdə cəmiyyətin ağrılarını
dilə gətirir, bu ağrıların nicatını isə
bütün dərmanlardan təsirli gücə malik olan
sözdə görür.
Bilal ALARLI HÜSEYNOV
ADPU Cəlilabad filialının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 29 dekabr(№241).-S.15.