Qadınların təhsil
alması - milli inkişaf üçün mühüm amil
"QADININ CƏMİYYƏTDƏ MÜƏYYƏN
MÖVQE TUTMASI ÜÇÜN TƏHSİLLİ OLMASI
VACİB ŞƏRTDİR"
Qızların savadlı, təhsilli, xüsusilə də
alitəhsilli olması, bilikli, savadlı, intellektli bir fərd
olaraq cəmiyyətdə mövqe tutması hər bir
valideynin ən böyük arzusu olmalıdır. Əsasən
də qızların təhsilli, savadlı olmasına
xüsusi diqqət yetirilməlidir. Çünki nə olursa
olsun, həyatın gözlənilməz sınaqlarına sinə
gəlmək, öz ayaqları üzərində
dayanmağı bacarması üçün qadının təhsilli
olması vacibdir. Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru Gülçöhrə Məmmədovanın
sözlərinə görə, indi elə bir sahə, ixtisas
yoxdur ki, qızlar ona maraq göstərməsinlər:
"İllər öncə universitetimizdə qızların
sayı cəmi 10 faiz idisə, indi 30 faizdir. Bəzi fakültələrdə
hətta 50 faizədək yüksəlib. Bunu nəzərə
alaraq deyə bilərəm ki, artıq bəzi
ixtisaslarımızı təkcə "kişi
ixtisasları" hesab etmək olmaz. Elə
ixtisaslarımız var ki, orada təkcə oğlanlar yox,
qızlar da təhsil alırlar. Zəmanə çox dəyişib
və elə bir sahə yoxdur ki, qızlar ona maraq göstərməsin.
Sovet dövründə universitetimizdə qızların
sayı cəmi 15 faiz idisə, indi 30 faiz, bəzi fakültələrdə
hətta 50 faizədək yüksəlib. Ona görə deyə
bilərəm ki, artıq ixtisaslarımızı "kişi
ixtisasları" hesab etmək doğru deyil. Qızların
oğlan ixtisası sayılan sahələrə meyl göstərməsi
bizi çox sevindirir. Fikrimcə, kişi ixtisası, qadın
ixtisası deyilən bir şey yoxdur. İstənilən sahə
üzrə peşəkar kadr həm oğlanlardan, həm də
qızlardan yetişir. Qızların sayının artması
universitetin xeyrinə ab-havanı dəyişib. Hətta bir
qrupda qızların olması belə, oradakı mühitə
təsirsiz ötüşməyib. Müşahidələrimiz
və uzun illərin təcrübəsi göstərir ki,
qızların təmsil olunduğu qrupda oğlanlar
özünə qarşı daha diqqətli olurlar. Belə
qruplarda oğlanlar daha tərbiyəli, daha nəzakətlidirlər.
Universitetdə dərs deyən hər müəllim bunu təsdiq
edə bilər. Qızların sayının artması hər
cəhətdən müsbət prosesdir. Bu, sadəcə
ab-havanın dəyişməsinə deyil, həm də təhsilin
keyfiyyətinə təsir edir. Təsirin iki tərəfini
vurğulamaq istərdim. İlk növbədə qızlar
oğlanlara nisbətən daha çox oxuyur, daha səliqəli,
daha məsuliyyətlidirlər, təhsilə daha həvəslidirlər.
Bu da ilk növbədə universitetdə verilən təhsilin
keyfiyyətində özünü göstərir. İkinci
bir tərəfdən, bayaq qeyd etdiyim kimi, qızlarla birgə
təhsil alan oğlanlar özünü daha yaxşı təqdim
etməyə, daha ağıllı göstərməyə
çalışdığından dərslərinə
qarşı daha məsuliyyətli olurlar. Nəticədə
onların da təhsil göstəriciləri
yaxşılaşır və bu, təhsilin keyfiyyətində
də özünü büruzə verir".
Milli inkişaf üçün qadınların təhsilli
olmasını vacib sayan mütəxəssislər, bunun bir
çox sahələrdə ciddi tərəqqiyə yol
açdığını düşünürlər.
"Təmiz Dünya" Qadınlara Yardım
İctimai Birliyinin sədri Mehiban Zeynalova hesab edir ki,
qadınların təhsilli olması erkən yaşda
nikahların azalması deməkdir: "Qızların təhsilə
cəlb edilməsi istiqamətində atılan
addımların, stimullaşdırıcı tədbirlərin
nəticələrini görmək arzuolunandır. Amma yenə
də qızların təhsildən
yayındırılması sahəsində görüləcək
işlər çoxdur. Son bir neçə ildə ali məktəbə
daxil olan qızların sayının artması mövcud
problemin tamamilə aradan qalxması anlamına gəlib bizi
arxayın salmamalıdır. Əgər qızların daha
çox təhsil almasını istəyiriksə, bununla
bağlı maarifləndirmə işləri daha sıx
aparılmalıdır. Qızların təhsilə cəlb
olunması üçün xüsusən də bölgələrdə
maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğun
olar. Qadının təhsilli olması və işləməsi
özünü daha yüksək iqtisadi azadlıqla təmin
etməsi deməkdir. Təəssüf ki, bəzi ailələr
qızlarını təhsildən yayındıraraq,
onları erkən evliliyə sövq edirlər. Hansısa
rayonda, kənddə erkən nikahla bağlı aşkarlanan
faktlar isə birmənalı olaraq qızların təhsildən
yayındırılması, qız uşaqlarının ali təhsil
almaq imkanlarının məhdudlaşdırılması deməkdir.
Qız uşaqlarını təhsildən yayındırmaq
indiki halda valideyn üçün rahat görünə bilər.
Onlar düşünürlər ki, qız uşağı
"problem"dir və ondan xilas olum. Halbuki erkən evliliklə
bu "problem" bitmir, əksinə, bundan sonra daha ciddi
problemlər sizi gözləyir. Təhsili, savadı olmayan bir
qadının həm özü, həm dünyaya gətirdiyi
uşaqlar gələcəkdə risk qrupuna daxil olurlar. Bir
qadını erkən evliliyə sövq etmək onun
hüququnu, azadlığını əlindən almaq deməkdir.
Odur ki, erkən nikah sayı sıfırlanana qədər
qız uşaqlarının təhsildən
yayındırılması problemi bizim üçün aktual
mövzu olaraq qalmalıdır".
Millət vəkili, professor Hicran Hüseynovanın
sözlərinə əsasən, təhsilli qadın təhsilli
millət, təhsilli nəsil deməkdir. Azərbaycanda
qadınların təhsil alması, qadınlar arasında
savadsızlığın aradan qaldırılması,
qadın sağlamlığı, onların iqtisadi
azadlığının təmin olunması məsələləri
daim öz aktuallığını saxlayıb. Zaman
keçdikcə bu istiqamətlərdə iş
aparılmış və bu gün ölkədə
savadsız qadın yoxdur: "Həmçinin 1911-ci ildə Xədicə
Əlibəyovanın redaktorluğu ilə ilk dəfə
qadın mətbuatı yarandı. "İşıq" qəzeti
qadınların hüquqlarının qorunması, onların
maariflənməsi üçün, bütün ziyalı vətəndaşları
səfərbər edib. Tarixin istənilən anında bizim
örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də
vardır. Onlardan bir neçəsinin adlarını qeyd etmək
olar. Məsələn, ilk qadın pedaqoq Mədinə Qiyasbəyli,
ilk azərbaycanlı qadın dramaturq Səkinə Axundzadə,
Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə
Axundova, ilk qadın balet ustası Qəmər Almaszadə, ilk
peşəkar azərbaycanlı qadın rəssam Maral Rəhmanzadə,
ilk qadın kino aktrisası İzzət xanım Orucova, ilk
qadın heykəltaraşı Zivər Məmmədova, ilk həkim-ginekoloq
Ədilə Şaxtaxtinskaya, ilk məşhur Azərbaycan
şairəsi, ilk qadın şahmatçı Məhsəti Gəncəvi,
ilk qadın oftalmoloq, akademik Zərifə Əliyeva, görkəmli
şərqşünas alim Aida İmanquliyeva, ilk uşaq
pediatrı Adilə Namazova və başqaları. Azərbaycan
qadını öz fəaliyyətini maarifçilik və
xeyriyyəçilik ideyalarının yayılmasından
başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər
və ənənələri də nəzərə almaqla
davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə
fəal iştirak edərək, cəmiyyətimizin inkişaf
etməsinə öz töhfələrini veriblər.
Onların arasında görkəmli dövlət, elm, mədəniyyət
və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki
yeri və rolunun mühüm göstəricisi onların
müxtəlif dövlət vəzifələrini tutmaları
və ümumiyyətlə, aktiv əmək fəaliyyəti
ilə məşğul olmalarıdır. Hal-hazırda
qadınlarımız dövlətin yaratdığı
bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil
almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə,
peşəkarlıq səviyyələrini artırmaqla bərabər,
cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal
iştirakçısına çevrilirlər".
Millət vəkili Zahid Oruc hesab edir ki, qızların
yüksək səviyyədə təhsil almasına nail olmaq
lazımdır. Çünki qız uşaqları gələcəyin
analarıdır. Uşağın tərbiyəsində, elmə
yiyələnməsində qadın çox önəmli rol
oynadığı üçün onların savadlı, alitəhsilli
olması vacibdir: "Əgər biz cəmiyyət
üçün layiqli vətəndaş yetişdirmək istəyiriksə,
gələcəyin anası olan qızların təhsilli
olmasına çalışmalıyıq".
Son 10 ildə Azərbaycanda keçirilən qəbul və
buraxılış imtahanları zamanı gender bərabərliyində
dəyişikliklər müşahidə edilir. Belə ki, qəbul
və buraxılış imtahanlarında hər bir fənn
üzrə qızların orta statistik nəticələri
oğlanlara nisbətən daha çox olur.
Dövlət İmtahan Mərkəzi (DİM)
Direktorları Şurasının sədri Məleykə
Abbaszadə bildirib ki, əvvəllər ən yuxarı nəticə
göstərənlər arasında oğlanlar
üstünlük təşkil ediblər. Lakin son 10 ildə
bu tendensiya dəyişib. Artıq imtahanlarda yüksək nəticə
göstərənlər arasında qızların sayı
artıb: "Fikrimcə, biz istənilən sahə üzrə
nə qədər təhsilli, intellektli qadın yetişdirsək,
bir o qədər sağlam cəmiyyət qura bilərik".
Təəssüf ki, bu gün qız
övladlarının təhsil almasında maraqlı olmayan,
onları ərə verməklə bu məsuliyyətdən
yayınmağı üstün tutan valideynlər var. Hələ
də bəzi valideynlər hesab edirlər ki, qız
övladları təhsil almaqdansa, erkən yaşda ailə
qursa, yaxşıdır. Bu məqsədlə də onları
məktəbdən, təhsildən uzaqlaşdırıb ailə
qurdururlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki,
qızların erkən yaşda ərə verilməsinin
baiskarı isə valideynlərdir: "Qız övladı 15,
16 yaşa çatan bəzi valideynlər onu oxutmaq əvəzinə
ərə verməyi üstün tutur. Ancaq düşünmürlər
ki, bu azyaşlı qız hələ tam kamilləşməyib,
həyatı dərk etmir, dünyagörüşü tam
formalaşmayıb. Valideynlər anlamalıdırlar ki, cəmiyyətdə
müəyyən mövqe tutmaq üçün
qadının təhsilli olması vacib şərtlərdəndir.
Bu gün təhsildən yayınan və erkən yaşda nikaha
məcbur edilən qızlar var. Valideynlər qız
övladlarının erkən yaşda ailə qurmasına yox,
oxumasına, təhsil almasına, sənət, peşə
sahibi olmasına çalışmalıdırlar. Təhsilsiz
qadın öz hüquqlarından xəbərsiz olur. Bu səbəbdən
də ailədə onların hüquqları pozulur, haqları
tapdalanır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 29 dekabr(№241).-S.13.