Azad olunmuş ərazilərdə
bərpa-quruculuq işləri: sürətli və yüksək
keyfiyyətlə
2024-cü ilin başa çatmasına bir neçə
gün qalır. Bu il ərzində Azərbaycan dövləti
qarşıya qoyduğu hədəflərə, məqsədlərə
nail olaraq, böyük uğurlara imza atdı.
Təbii ki, dövlət üçün ən
mühüm prioritetlərdən biri azad olunmuş ərazilərdə
bərpa-quruculuq işlərinin sürətlə və
yüksək keyfiyyətlə aparılması, minalardan təmizlənmə,
əhalinin Böyük Qayıdışa dair I Dövlət
Proqramına əsasən məskunlaşdırılmasıdır.
Ötən qısa müddət ərzində qeyd edilən
istiqamətlərdə həqiqətən də çox
mühüm işlər görülüb, layihələr həyata
keçirilib. Bunun nəticəsidir ki, artıq işğaldan
azad olunmuş ərazilərdə yaşayanların sayı 34
min nəfərə çatıb. Öz yurdlarına
qayıdan insanların rahat yaşaması üçün
bütün müasir infrastruktur təmin edilib, eyni zamanda məşğulluq
məsələsi də həll olunaraq, iş yerləri
açılıb.
Prezident İlham Əliyev mütəmadi olaraq
Qarabağa və Şərqi Zəngəzura səfərlər
edir, bərpa-quruculuq işləri ilə yerindəcə
tanış olur, yaşayış məntəqələrinin,
vacib infrastruktur obyektlərinin
açılışlarında, təməlqoyma mərasimlərində
iştirak edir, eyni zamanda sakinlərlə
görüşür, onların arzu və təkliflərini
dinləyir.
Prezident işğaldan azad olunmuş ərazilərə
2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı
şəhərinə edib. Dövlət
başçısı rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşüb, daha sonra Xocalı şəhərində
Xocalı Soyqırımı Memorialının təməlini
qoyub, sakinlərlə birlikdə şəhərdə
aparılan tikinti işlərinin gedişi ilə tanış
olub.
Prezident deyib ki, ilk dəfədir Xocalı
soyqırımı gününü Xocalıda günahsız
Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik:
"Otuz iki ildən sonra biz doğma torpağımıza
qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini
əbədiləşdirmək üçün bu gün
burada - 26 fevral günündə memorial kompleksin təməli
qoyulur. Onu bildirməliyəm ki, bu layihə çoxdan
hazır idi, yer də seçilmişdi, Bakı şəhərində
Xocalı soyqırımı abidəsinin yanında yer
seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə
bağlı hər il mən müəyyən tərəddüdlər
keçirərək o hadisəni, o layihəni təxirə
salırdım. Ona görə ki, sizin kimi mən də
inanırdım və bilirdim, biz buraya qayıdacağıq,
Xocalıya qayıdacağıq və burada günahsız
qurbanların xatirəsini əbədiləşdirmək
üçün memorial kompleks yaradılacaq".
Dövlət başçısı bildirib ki,
Xocalı soyqırımı heç vaxt xalqımızın
yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan
xalqı bu qanlı cinayəti unutmayacaq.
Ötən il sentyabrın 20-də həyata
keçirilən antiterror tədbirləri ilə Azərbaycan
öz suverenliyini tam bərpa etdi və qalan ərazilərimiz,
o cümlədən, Xocalı azad edildi. Prezident deyib ki, onda dərhal
göstəriş verib ki, ilk növbədə, Xocalıda
xocalılıların evləri bərpa edilsin:
"Çünki mənfur düşmən qanlı
soyqırımı törətmişdir,
xocalılıları öz doğma torpağından didərgin
salmışdır. Üstəgəl, Xocalının tarixi
adını dəyişdirməyə
çalışırdı və azərbaycanlıların
evlərinə separatçıları, düşmənləri
yerləşdirmişdi, o cümlədən, xarici ölkələrdən.
Görün, xalqımıza qarşı nə qədər
böyük və çirkin cinayət törədilmişdir
və yenə də deyirəm, dünya buna biganə
qalmışdır".
Martın 12-də isə Prezident İlham Əliyev və
Azərbaycana səfərə gələn Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayev Füzuli rayonunda olublar. Füzuli
şəhərinin Baş planı ilə tanış olan
dövlət başçılarına məlumat verilib ki,
2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin
1943 hektara, əhalisinin 50 min nəfərə
çatdırılması nəzərdə tutulur. Azərbaycan
və Qazaxıstan prezidentləri Füzuli şəhərində
inşa olunan Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzinin açılış mərasimində
iştirak ediblər. Həmçinin prezidentlərə
Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanası
barədə məlumat verilib. Bildirilib ki, 180
çarpayılıq yeni xəstəxananın
inşasında Qazaxıstanın "BI Group" şirkəti
də iştirak edəcək.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin
yenidən qurulması işinə Özbəkistan və
Qazaxıstanla bərabər, Qırğızıstan da öz
töhfəsini verir. Belə ki, aprelin 25-də Prezident
İlham Əliyev və Prezident Sadır Japarov Ağdamın
Xıdırlı kənd tam orta məktəbin təməlini
qoyublar. Bu məktəb Qırğızıstan Prezidentinin təşəbbüsü
ilə inşa olunur.
Mayın 10-da azad olunmuş ərzilərə səfər
edən dövlət başçısı Füzuli rayonunda
Köndələnçay su anbarları kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunda inşa edilmiş birinci tunelin, Şuşada
"Şirin su" hamamının, Mamayı məscidinin
açılışlarında iştirak edib, şəhərdə
inşa olunacaq üçüncü yaşayış
kompleksinin və Turşsu qəsəbəsinin təməllərini
qoyub. Bu səfəri daha əlamətdar edən hadisə isə
Şuşada birinci yaşayış kompleksinin
açılışı və şəhərə
köçmüş ilk sakinlərlə görüş
olub. Görüşdə diqqətə
çatdırılıb ki, ilkin mərhələdə
birinci yaşayış kompleksinə köç qrafikinə əsasən
20 ailə olmaqla 88 nəfər köçürülüb.
İyirmi üç binadan ibarət yaşayış
kompleksində 450 mənzil var. Şuşaya ilk köç edən
ailələrlə görüşən dövlət
başçısı mənzillərin açarlarını
sakinlərə təqdim edərək deyib: "Qarabağ və
Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın,
Qafqazın, dünyanın ən gözəl yerlərindən
biri olacaq - ən müasir, ən rahat, ən gözəl.
Buranın təbiəti, gözəl mənzərələri,
yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi
üslubda inşa edilən binalarla tamamlanır. Elə bir
gözəl şəhər yaradılır ki, əminəm,
hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək".
Prezident Laçın rayonunun Sus kəndində
görülmüş işlərlə tanış olub, kəndə
köçmüş sakinlərlə görüşüb.
Sus kəndində 60-a yaxın fərdi ev tikilib, 132 şagird
yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da
inşa olunub. Dövlət başçısı
Laçın rayonunda "Zabux" və
"Qarıqışlaq" Kiçik Su Elektrik
stansiyalarının açılışlarını edib.
Qeyd edək ki, Böyük Qayıdışa dair I
Dövlət Proqramına uyğun olaraq indiyədək
Laçın şəhərində 552 ailə məskunlaşıb
və 2031 laçınlının yurd həsrəti sona
çatıb. Həmçinin Dövlət Proqramına əsasən
rayonun Sus kəndinə 59 ailənin (214 sakin), Zabux kəndinə
isə 217 ailənin (823 sakin) köçürülməsi təmin
olunub.
Sentyabrın 20-də - Dövlət Suverenliyi
Günündə isə Prezident İlham Əliyev Xankəndi
şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin
tələbə yataqxanasının təmirdən sonra
açılış mərasimində iştirak edib,
Universitetin müəllim və tələbə heyəti ilə
görüşüb.
Prezident bildirib ki, düz bir il bundan əvvəl qəhrəman
Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etdi. Bir
gündən az davam edən antiterror əməliyyatı nəticəsində
separatçıların kökü kəsildi, Azərbaycan
öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq
zəfər çaldı və Azərbaycan öz
gücünü bir daha göstərdi: "Bu günü bizə
bəxş edən qəhrəman hərbçilərimizi hər
zaman böyük minnətdarlıqla yad edirik. Vətən
uğrunda canlarından keçən şəhidlərimizin əziz
xatirəsini daim qəlbimizdə saxlayırıq və
saxlayacağıq. Allah bütün şəhidlərimizə
rəhmət eləsin. Vətən müharibəsi və
antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən
çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə
ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin
rəşadəti və vətənpərvərliyi Qələbənin
əsas amilləridir. Vətən uğrunda İkinci
Qarabağ müharibəsində 90 mindən çox gənc
azərbaycanlı iştirak edib".
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il
noyabrın 28-də "Qarabağ Universitetinin
yaradılması haqqında" Sərəncam imzalayıb.
Oktyabrın 3-də Prezident Cəbrayıl rayonuna səfər
edərək burada Horovlu kəndində fərdi evlərin və
sosial obyektlərin tikintisi ilə tanış olub, Cəbrayıl
şəhərində Mehdi Mehdizadə adına 960 şagird
yerlik tam orta məktəbin binasının
açılışında iştirak edib. Həmçinin Cəbrayıl
şəhərində bir sıra yeni müəssisələrin
təməlləri qoylub.
Bu səfər çərçivəsində Zəngilan
rayonunda da olan Prezident İlham Əliyev Zəngilan Elektrik
Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin,
"Sarıqışlaq" Su Elektrik Stansiyasının
açılışlarında iştirak edib, Zəngilan şəhərində
beşinci və altıncı yaşayış komplekslərinin
təməllərini qoyub, 104 mənzilli yaşayış və
istirahət komplekslərində aparılan tikinti işlərinin
gedişi ilə tanış olub.
Oktyabr 4-də - Cəbrayıl Şəhəri
Günündə Prezident İlham Əliyev rayon mərkəzində
inşa olunmuş yaşayış kompleksinin
açılışında iştirak edib, yeni evlərə
köçən sakinlərə mənzillərin
açarlarını təqdim edib.
Bütün bu qeyd edilənlər əlbəttə
ki, həyata keçirilən nəhəng işlərin
hamısı deyil. Amma görünən odur ki, azad edilmiş ərazilərdə
bərpa-quruculuq işləri çox sürətlə davam
etdirilir. Azərbaycan öz imkanları hesabına bu nəhəng
işlərin öhdəsindən gəlir. Yaxın
üç ildə Böyük Qayıdışa dair I
Dövlət Proqramı çərçivəsində
Qarabağa və Şərqi Zəngəzura 140 min insanın
köçürülməsi planlaşdırılır. Eyni
zamanda, gələn ilin büdcəsindən Qarabağ-Şərqi
Zəngəzura 4 milyard manat vəsait ayrılacaq ki, bununla da
işğaldan azad olunmuş ərazilərimizə ayrılan
vəsaitin həcmi 22 milyard manata çatacaq. Bütün
bunlar həm də dövlətin iradəsini, əzmini,
güclü iqtisadiyyata malik olmasını göstərir.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan müharibədən
sonra həm tamamilə dağıdılmış əraziləri
bərpa edir, həm də mina terroru ilə mübarizə
aparır. Azərbaycan dünyada ən çox
minalanmış beş ölkədən biridir. 1990-cı illərdən
bəri yerləşdirilmiş 1.5 milyondan çox mina və
partlamamış sursat 12 min kvadratkilometr sahəni - ərazimizin
13 faizini çirkləndirib. Son 30 ildə Azərbaycanda mina
qurbanlarının ümumi sayı minlərlə
ölçülür və 2020-ci ildən bəri 382 mina
qurbanı qeydə alınıb. Azərbaycan bu dəhşətli
problemlə də demək olar ki, təkbaşına
mübarizə aparır.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2024.- 29 dekabr(№241).-S.5.