COP29 fərqli
rakursda: ekoloji dayanıqlığı dilçilik elmi də
dəstəkləyir
1992-ci ilin iyun ayında, insanların iqlim sisteminə
müdaxilələrinin qarşısını almaq məqsədilə
Braziliyanın Rio-de-Janeyro şəhərində
keçirilmiş Yer Sammiti dünya üzrə ekoloji
mübarizənin təməl daşlarından biri olub. Bu
sammit zamanı imzalanan Çərçivə Konvensiyası,
qlobal iqlim dəyişiklikləri ilə mübarizə
üçün beynəlxalq səviyyədə atılan əhəmiyyətli
bir addımdır. BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının (COP) ilk tədbiri 1995-ci ilin mart ayında
Berlində keçirilib və o gündən etibarən hər
il müxtəlif ölkələrdə davamlı olaraq təşkil
edilir.
Hazırda 198 ölkənin iştirak etdiyi bu
konfranslarda dünyanın müxtəlif bölgələrindən
liderlər bir araya gəlir və onlar öz iqlim siyasətləri,
strateji yanaşmaları və gələcək planları
haqqında müzakirələr apararaq, bir-biriləri ilə əməkdaşlıq
imkanlarını artırır. Burada məqsəd iqlim dəyişikliyi
məsələlərini müzakirə etmək, qlobal siyasət
və strateji qərarlar qəbul etməkdir. Sədrlik
rotasiyası isə BMT-nin beş regionu arasında (Afrika, Asiya,
Avropa, Latın Amerikası və Karib dənizi, Şimali
Amerika) həyata keçirilir, bu da konfransın müxtəlif
regionların tələblərini və prioritetlərini nəzərə
almasına imkan yaradır, hər regionun bərabər şəkildə
təmsil olunmasına və iqlim məsələlərinin
müxtəlif perspektivlərdən müzakirə edilməsinə
kömək edir. Belə tədbirlərdə dilçilik
iqlim ədalətinin müzakirəsində, müvafiq beynəlxalq
müzakirələrdə müxtəlif dillərdə
danışan nümayəndələrin bir araya gəlməsi
və digər məsələlərin həllində
xüsusi rol oynayır.
Məlumdur ki, hər dil, öz mədəniyyətini
və dünyagörüşünü əks etdirir. Müxtəlif
dillərdə danışan iştirakçılar, fərqli
perspektivlər gətirərək müzakirələrin zənginləşməsinə
kömək edə bilərlər. Bu tədbirlərdə
bilik mübadiləsi xüsusi önəm daşıyır.
Müxtəlif dillərdə danışan tərəflər
arasında açıq ünsiyyət, etimadın və əməkdaşlığın
inkişafına səbəb olur. Bu, iqlim dəyişikliyi kimi
qlobal problemlərin müzakirəsində xüsusilə əhəmiyyətlidir.
İqlim siyasətləri və strategiyaları hazırlanarkən,
müxtəlif icmaların dilini və mədəniyyətini nəzərə
almaq, daha ədalətli və təsirli yanaşmaların
inkişafına kömək edir.
Bu aspektlər, beynəlxalq müzakirələrin
uğurlu olması üçün dilçilik və mədəniyyətlərin
əhəmiyyətini əsas tutur, siyasətlərin
formalaşdırılmasında da önəmli rol oynayır.
Belə ki, dil, müzakirələrdə və qərar qəbuletmə
proseslərində əsas ünsiyyət vasitəsidir.
İştirakçılar, öz fikirlərini və təkliflərini
ifadə etmək üçün dilə əsaslanırlar.
Dil, mədəniyyətləri və fərqli perspektivləri
bir araya gətirir. Müxtəlif mədəniyyətlərin dil
və ifadələri, iqlim məsələlərinə olan
yanaşmaları zənginləşdirir. Yazılı və
şifahi ifadələr, insanlar arasında empatiya yaratmaqda
önəmli rol oynayır. Ünsiyyət vasitəsi və
ictimai hadisə olan dil beynəlxalq sazişlərin
yaradılmasında, beynəlxalq razılaşmaların
formalaşmasında, müzakirələrdə və sənədlərin
tərtibatında əhəmiyyətlidir. Fərqli ölkələrdən
gələn nümayəndələrin anlaşması
üçün aydın və dəqiq dil istifadə
olunmalıdır. Bundan başqa, məşhur ifadələrin,
şüarların və ədəbiyyatın, ictimai hərəkatların
formalaşmasında və geniş yayılmasında dil
xüsusi rola malikdir. İlk növbədə, ünsiyyət-kommunikasiya
xüsusi əhəmiyyət kəsb edir. Kommunikasiya,
insanların bir-birilə məlumat, düşüncə,
hisslər və ideyaları paylaşmaq, təyin etmək
üçün istifadə etdikləri əsas bir prosesdir ki,
bu, zaman fərdlər həm şəxsi təmasda, həm
qruplarda, həm təşkilatlarda, həm də cəmiyyətdə
ətraf aləmə və başqalarına uyğunlaşmaq
məqsədilə məlumatlar yaradır. Fərqli dillərdə
danışan iştirakçılar arasında aydın
ünsiyyət təmin etmək üçün tərcüməçilər
və tərcümə sistemləri vacibdir. Bu, müzakirələrin
səmərəliliyini artırır, müxtəlif dillərdə
danışan tərəflər arasında açıq
ünsiyyət, etimadın və əməkdaşlığın
inkişafına təsir edir. Ünsiyyətin açıq
olması, fikirlərin dəqiq çatdırılmasına və
başa düşülməsinə kömək edir.
İnsanlar öz fikirlərini sərbəst ifadə edə
bildikdə, birgə iş birliyinə daha çox
açıq olurlar. İqlim dəyişikliyi kimi kompleks
problemlər, müxtəlif bölgələrin və mədəniyyətlərin
yanaşmalarını tələb edir. Açıq ünsiyyət
bu yanaşmaların birləşdirilməsinə kömək
edir. Bəzən belə məqamlarda duyğusal bağlar fərqli
dillərdə danışan insanlar arasında empatiya və
anlaşma hissi yaradır. Göründüyü kimi, bu səbəblər,
beynəlxalq müzakirələrin müsbət nəticələrə
yönəlməsində açıq ünsiyyətin əhəmiyyətini
göstərir.
COP müxtəlif ölkələrin nümayəndələrinin
iştirak etdiyi beynəlxalq bir platforma olduğundan fərqli
dillərdəki iştirakçıların anlaşması
üçün yüksək keyfiyyətli tərcümə
və tərtibat tələb olunur. Bu, müzakirələrin
və qərarların düzgün başa düşülməsinə
kömək edir. Belə ki, müxtəlif dillərdə olan
sənədlərin dəqiq tərcüməsi, fikir
ayrılıqlarını aradan qaldırmaq və ortaq bir
anlayış yaratmaq üçün vacibdir. Hər ölkənin
özünəməxsus mədəni dəyərləri,
yanaşmaları və terminologiyaları vardır. COP-da
müzakirə edilən məsələlər, adətən,
kompleks elmi və texniki terminologiya tələb edir. Bu terminlərin
dəqiq tərcüməsi, sənədlərin
anlaşılan olmasını və qərarların effektiv
şəkildə qəbul edilməsini mümkün edir. COP
çərçivəsində alınan qərarların və
razılaşmaların yayılması üçün tərcümə
və tərtibatın rolu əvəzsizdir. Bu, qərarların
yalnız müzakirə iştirakçılarına deyil, həm
də geniş ictimaiyyətə
çatdırılmasını, müxtəlif ölkələrdən
gələn nümayəndələrin müzakirələrə
daha aktiv şəkildə qatılmasını təmin edir.
Dil maneələrinin aradan qaldırılması, daha geniş
fikir mübadiləsinə və daha yaxşı əməkdaşlığa
yol açır. Dil, insanların fikirlərini,
emosiyalarını və ideyalarını bir-birinə
ötürmək üçün əsas vasitədir, fikirlərin
və hisslərin dəqiq ifadə olunmasına imkan
yaradır. Müxtəlif dillərdəki ifadə tərzləri,
kontekst və mədəniyyət fərqlilikləri,
mesajın düzgün başa düşülməsinə təsir
edir. Dil, müxtəlif mədəniyyətlər arasında
körpü rolunu oynayır, məlumatların
paylaşılmasını və müzakirəsini
asanlaşdırır. İnsanlar düşüncələrini,
təcrübələrini və biliklərini dil vasitəsilə
paylaşa bilərlər. Bu aspektlər, COP
konfranslarının uğurlu keçirilməsi və iqlim dəyişikliyi
məsələlərinin beynəlxalq miqyasda müzakirəsi
üçün dilin vacibliyini vurğulayır. Nəticədə,
dil və dilçilik COP-da ünsiyyətin effektivliyini
artırır, anlaşmanı asanlaşdırır və mədəniyyətlərarası
əlaqələri gücləndirir. Dilin düzgün istifadəsi
və dilçilik biliklərinin artırılması,
ünsiyyətin keyfiyyətini yüksəldir.
COP29-da Azərbaycan dilində səslənən fikirlər,
ölkəmizin iqlim siyasətini və qlobal müzakirələrdə
iştirakını daha da gücləndirir. Həmçinin,
bu fikirlər Azərbaycan dilində ifadə edildikdə, yerli
kontekstdəki anlayışları və mədəniyyətləri
daha geniş bir müzakirəyə daxil edir. Belə ki, iqlim dəyişiklikləri
və davamlı inkişaf məsələlərinin
müzakirəsində vacib bir komponent olan mədəniyyətlərarası
dialoq fərqli mədəniyyətlərin, ənənələrin
və baxışların bir araya gəlməsi, iqlimlə
bağlı problemlərə müxtəlif yanaşmaların
inkişafını təmin edə bilər. Bu baxımdan
ölkəmizdə keçirilmiş bu mötəbər tədbirdə
müxtəlif dillərdə danışan insanlar arasında
təcrübələrin və perspektivlərin
paylaşılması mühüm əhəmiyyət kəsb
etdi.
COP29-da mədəniyyətlərarası dialoqun
gücləndirilməsi, iqlim dəyişiklikləri ilə
mübarizənin daha səmərəli, ədalətli
olmasına imkan yaratdı ki, bu insanların bir-birini anlamaq, əməkdaşlıq
etmək və birgə hədəflərə çatmaq
üçün yeni yollar aça bilər. Bu həm də
müxtəlif mədəniyyətlərdən və dillərdən
gələn insanların arasında anlayış, hörmət
və əməkdaşlıq yaratmağı hədəfləyən
bir prosesdir, fərqli mədəniyyətlərin dəyərlərini,
adət-ənənələrini və inanclarını
anlamağa kömək edir, qarşılıqlı hörmət
və anlayışın inkişafına səbəb olur. Mədəniyyətlərarası
dialoq, insanları bir-birinə yaxınlaşdırır və
empatiya hissini gücləndirir. Bu, qlobal miqyasda əməkdaşlığın
artırılmasına şərait yaradır. Deməli, fərqli
mədəniyyətlərdən gələn insanların bir
araya gəlməsi, dilçilik baxımından zəngin
müzakirələrə səbəb ola bilər və iqlim dəyişikliyi
ilə mübarizədə müxtəlif perspektivlərin daxil
edilməsini təmin edə bilər.
Mədəniyyət və ekoloji dayanıqlıq
arasında sıx bir əlaqə vardır. Mədəniyyət,
insanların yaşadığı mühitlə əlaqədar
olaraq onların dəyərlərini, inanc sistemlərini, ənənələrini
və davranışlarını formalaşdırır.
Ekoloji dayanıqlı bir cəmiyyətin yaradılması
üçün mədəniyyətin rolu danılmazdır.
İnsanların mühitlə olan əlaqələrini və
davranışlarını başa düşmək,
dayanıqlı inkişafın təmin edilməsi
üçün vacibdir. Dilçilik, ekoloji
dayanıqlığı dəstəkləyərək,
insanları mühitlə daha məsuliyyətli bir əlaqəyə
yönləndirir. Dilçilər, ekoloji məsələlərə
dair spesifik terminologiyanın inkişafına və
yayılmasına kömək edirlər. Bu, cəmiyyətin
ekoloji problemlərə dair anlayışını
artırır və dayanıqlı davranışları təşviq
edir. Dilçilik, ekoloji biliklərin yayılmasında və təhsil
proqramlarının hazırlanmasında rol oynayır, uşaq
və gənclərə ekoloji məsələlər
haqqında məlumat vermək, dayanıqlı inkişafın
təmin olunmasına kömək edir.
COP29 konfransına ev sahibliyi etmək, 2024-cü ili Azərbaycan
üçün yalnız bir beynəlxalq tədbir deyil, eyni
zamanda ölkənin yaşıl iqtisadiyyata keçid
strategiyasının mühüm mərhələsi olaraq dəyərləndirilir.
Bu konfrans, Azərbaycanın iqlim dəyişikliyi ilə
mübarizə və dayanıqlı inkişaf sahəsindəki
səylərini dünya miqyasında nümayiş etdirmək
üçün əvəzsiz bir platforma olacaq. Eləcə də
bu tədbir, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın
inkişafına, bilik mübadiləsinə və
dayanıqlı inkişaf prinsiplərinin daha geniş tətbiqinə
imkan yaradacaq. Fikrimizcə, Azərbaycanın bu sessiyada
iştirak etməsi, ölkənin zəngin mədəni
irsini, təbii gözəlliklərini və ekoloji
innovasiyalarını dünya ictimaiyyətinə təqdim etmək
üçün mükəmməl bir fürsətdir. COP29
layihəsi, Azərbaycanın beynəlxalq arenada nüfuzunu
artırmaqla yanaşı, qlobal iqlim dəyişikliyi
müzakirələrində lider mövqeyə yüksəlməsinə
dəstək olacaq.
Nəticə olaraq qeyd edə bilərik ki, 11-22 noyabr
2024-cü il tarixlərində Bakıda keçirilmiş
COP29, iştirakçı ölkələr arasında mədəniyyət
və iqlim siyasəti üzrə əməkdaşlığın
inkişafına təkan verdi. Bu tədbir vasitəsilə Azərbaycan,
dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizədə
mədəniyyətin rolunu daha da önə çıxararaq,
mədəniyyət və ekoloji məsuliyyət arasında əlaqənin
güclənməsinə dəstək oldu. Bəşəriyyətin
və cəmiyyətin qorunması üçün Azərbaycanın
COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsini
ölkəmizin gələcəyi üçün
hesablanmış ən uğurlu addım kimi dəyərləndirmək
olar. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə
yaşıl enerji lideri olmaq arzusunu əks etdirir. Ölkə
başçısı cənab İlham Əliyevin 2023-cü ilin
dekabrında COP29-un ölkəmizdə keçirilməsi ilə
əlaqədar keçirilən müşavirədə qeyd
etdiyi bu fikirlər uğurla gerçəkləşdi: “Mən
şübhə etmirəm ki, COP29 beynəlxalq
konfransını da biz yüksək səviyyədə
keçirəcəyik, bu, ölkəmizin,
xalqımızın növbəti böyük uğuru olacaq”.
Sevinc HƏSƏNOVA
Pedaqogika üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 30 dekabr(№242).-S.14.