Ürəyinin
başında gəzdirdiyi bayraq uğrunda...
ŞƏHİD BAŞ LEYTENANT SƏİD
RƏŞİDZADƏNİ ZİYARƏT EDƏRKƏN...
Hələ dan yeri ağarmadan metronun
"Koroğlu" stansiyasının yanında Nofəl
Qasımovu gözləyirdim, məni özü ilə oğlu
- şəhid baş leytenant Səid Rəşidzadəni ziyarət
etmək üçün Füzuliyə aparacaqdı...
Xırda-para alış-veriş üçün
metronun yanındakı köşkə yaxınlaşdım.
İki il əvvəl gördüyüm tanış sima ilə
qarşılaşanda hardansa işıq düşdü. O
işıq məni 2022-ci ildə Şuşada keçirilən
Vaqif Poeziya Günlərinə apardı. Səidi ziyarətin
astanasında 44 günlük Vətən müharibəsində
şücaət göstərmiş şair dostum Cavid
Qasımovla qarşılaşmağım yəqin ki, təsadüf
deyildi, hardansa düşən işıq üçün zərurət
idi. Onunla həmin Vaqif Poeziya Günlərində tanış
olmuşdum. Hal-əhval tuta-tuta Vaqifin məqbərəsi
önündə dediyi şeiri xatırladım:
Barıt rəngində idi siniflərin lövhəsi,
Bir soyuq divarında xəritəmiz yanırdı.
Şagirddən, işğal olmuş torpağı
soruşanda
Hər doğru cavabına müəllim
utanırdı.
Lövhələr təbaşirlə
ağardıldı bir səhər,
Xəritə çiçək açdı, soyuq
divar isindi.
Çantalara yığıldı qələbə
kitabları,
Səhər dərsə oyanan uşaqlar da sevindi.
Həmin uşaqlar kimi sevinə-sevinə Caviddən
ayrılıb Nofəl əmi ilə birlikdə Füzuliyə
yollandıq. 28 yanvar Səid Rəşidzadənin dünyaya gəldiyi
gün idi...
Səid Nofəl oğlu Rəşidzadə 1990-cı
il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində
anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu
S.Yolçuyev adına 207 saylı tam orta məktəbdə
oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi
Məktəbdə təhsil alıb, 2011-ci ildən etibarən
Azərbaycan Silahlı Qüvvələri sıralarında
xidmət edib. Səid Rəşidzadə 2016-cı il Aprel
döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı,
şəhid general Polad Həşimovun rəhbərliyi
altında döyüşüb. O, bir neçə il əvvəl
ordu sıralarından tərxis olunsa da, 2020-ci il sentyabrın
27-də könüllü olaraq döyüşlərə
yollanıb. 2020-ci il oktyabrın 11-də Qarabağ uğrunda
gedən döyüşlərdə qəhrəmancasına
şəhid olan baş leytenant Səid Rəşidzadə
Füzuli rayonunda dəfn edilib. Səid Rəşidzadə
göstərdiyi qəhrəmanlığa görə,
ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına
əsasən "İgidliyə görə", "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə"
və "Xocavəndin azad olunmasına görə"
medalları ilə təltif olunub.
Səid şəhid olandan sonra onun döyüş
yoldaşları ilə geniş söhbətlərim olub.
Atası Nofəl əmi ilə (özü həmişə belə
xitab etməyimi istəyib) Səid haqqında xeyli
danışmışıq. Odur ki, onun portret cizgiləri,
xarakteri, amalı və kimliyi mənim üçün səma
kimi aydındır. Döyüş yoldaşları Səidin
həm komandir kimi, həm dost kimi necə qayğıkeş,
canıyanan olmasından ağızdolusu danışıblar.
İnsani keyfiyyətləri ilə yanaşı, hərb sahəsindəki
bacarıqları, yüksək səriştəsi,
gözüaçıqlığı Səidi bütün
taborun, yüksək rütbəli komandir heyətinin sevimlisinə
çevirib. Səid Rəşidzadə Hadruta ilk bayraq sancan
döyüşçü olub. O, sinəsində gəzdirdiyi
üçrəngli bayrağı Şişqayaya sancaraq həm
amalına çatıb, həm də ən ali mərtəbəyə
- şəhadətə ucalıb...
Nofəl əmi unikal insandır. Yolboyu bir-birindən
maraqlı söhbətləri zamanın sürətini
qabaqladı. Gah İkinci Dünya müharibəsi
iştirakçısı olmuş 100 yaşı haqlamış
atasından - Rəşid kişidən danışır, gah
90-cı illərin bir-birini əvəzləyən gərgin və
təlatümlü hadisələrindən bəhs edir, gah da
sovet vaxtı SSRİ-ni şəhərbəşəhər,
kəndbəkənd gəzdiyini, oradakı xatirələrini nəql
edirdi. Səiddən söhbət açılanda çox da təfərrüata
varmırdı. Sanki özü özünün
başını qatırdı...
Füzuliyə ilk dəfə gedirdim. Bura şəhərin
mərkəzi deyil. Nofəl əmi deyir ki, Horadiz bizim müvəqqəti
mərkəzimizdir, abadlıq işlərindən sonra səni
Füzuli şəhərinin mərkəzinə
aparacağam... Sabirabadı keçənə qədər
qardan əsər-əlamət yox idi. Saatlıdan sonra
çöllər yavaş-yavaş ağarmağa
başladı. Uzaqdan görünən dağlar tarlalarla həmahəngləşdi...
Füzuliyə daxil olandan sonra Nofəl əminin bələdçiliyi
başladı. Füzulinin hər qarışında onun
hansısa xatirəsi var...
Babı kəndinin dönəcəyində bizi Səidin
şəkli qarşıladı. Nofəl əmi şəkilə
zillənib "Salam, Səid", - dedi... Müxtəlif dini
ritualları yerinə yetirərkən, dini mərasimlərin əksəriyyətində
İslam dini uğrunda canından keçən, haqq
savaşına çıxan əhli-beyt aşiqlərinə
ayağa qalxıb salam göndərirlər: "Əssələmu
ələykə ya Əba Əbdillahil-Hüseyn..." Nofəl
əmi haqq uğrunda, torpaq uğrunda canını verən
övladına, müqəddəs ünvanına salam göndərəndə
imamlarımızın əzmini, qətiyyətini, bunun nəhayətində,
müsibətini xatırladım...
Nofəl əmi Babı qəbiristanlığında
şəhidlərin dəfn olunduğu yerlə bağlı
xatirələrini bölüşdü: "Birinci Qarabağ
müharibəsində yuxarı kəndlərdə
döyüş gedirdi deyə şəhidlər Arazboyu kəndlərdə
dəfn olunurdu. Bu qəbiristanlıqda şəhidlər
üçün yerin ayrılmasını o vaxtı mən
demişdim..."
Bir gün həmin yerdə Səidin dəfn
olunacağı Nofəl əminin ağlına belə gələ
bilməzdi. O bu yerlə bağlı xatirələrini
danışa-danışa nə qədər gizlətməyə
çalışsa da, taleyin, qismətin gərdişinə
acı-acı heyrət edirdi...
Nofəl əmi Səidin məzarının
önündə də, ayrı bir yerdə söhbət
açılanda da, Bakıda hardasa keçirilən tədbirdə
də təmkinini pozmur, dik dayanır, qürurla
danışır, səsindəki qaltan, hansı söhbəti
nəql eliyəndə gur, səlis nitqi məğrurluğundan,
fərəhindən xəbər verir. Bu dəfə də belə
idi. Səidin məzarı başına toplaşmış
qohumlarını, tanışlarını görüb
sevinirdi, hamısı ilə hal-əhval tutub müxtəlif
söhbətlər edirdi... Amma nə qədər qürurlansa
da, bir o qədər gözlərinin içindəki sonsuz kədər
sezilirdi. Hər dəfə kövrək söhbət
açılanda qardan danışırdı, qohumlarından
qarın nə vaxt yağdığını, neçə dərəcə
şaxta olduğunu, havaların necə keçdiyini
soruşurdu. Hər dəfə kövrəlməmək
üçün bir bəhanə tapan Nofəl əminin
köməyinə bu dəfə qar çatmışdı...
- Nadir, gəl ailə üzvlərimizin dəfn
olunduğu yerə aparım səni...
Nofəl əmi anasının, qardaşının, əmisi
oğlanlarının və digər qohumlarının məzarlarını
mənə göstərdi.
- O Xurşid Məmiş qızını
görürsən? Onun adı Xurşidbanunun adından qoyulub.
Mehdiqulu xanın əmisi nəvəsidir. Əslən
şuşalı olan Xurşid nənə Füzuliyə ərə
gəlib, mənim əmim uşaqlarının nənəsidir.
Üzərində daş olmayan, taxta
başağacı qoyulmuş bir məzar var var idi. Bunun kim
olduğunu soruşanda məlum oldu ki, uşaq məzarıdır.
Əvvəllər danışdığımız bir məsələ
təzədən yadıma düşdü:
- Nofəl əmi, Səid sizin dünyasını dəyişən
ikinci övladınızdır, elə deyilmi?
- Ağır dövr idi. Elə olurdu günlərlə
səngərdə qalırdım, evimə də baş
çəkə bilmirdim. Bir saatlıq da olsun rayondan kənara
çıxmırdım ki, deyərlər rayonu,
torpağı qoyub qaçıb. O vaxt 9 aylıq
uşağım xəstəlikdən dünyasını dəyişdi.
Rayonu qoyub getmirdim deyə körpəni müalicə
üçün Bakıya apara bilmədi.
- Demək, siz Vətənə iki övlad qurban
vermisiz...
- Bilirsən, mən Səidə deməmişdim ki,
müharibəyə get, o özü bu yolu seçdi. Evdə
dayana bilmirdi, yerə-göyə sığmırdı. Mənlə
dava edirdi ki, sən komissarlığa demisən Səidi
aparmayın. Günün birində evə gələndə
gördüm hazırlaşıb Füzuliyə gedir,
sağollaşdıq... Füzulidə qohum-əqrəba ilə
görüşüb, deyib-gülüb. Səhəri gün
komissarlığa gedib. Özü sənədləşmə
işini həll edib, füzulili cavanlarla birlikdə yola
düşüblər... Mən Səidi heç nəyə məcbur
etmirdim. O, gözünü açandan mənim mübarizə
yolumu görmüşdü, özü də bu ruhda
böyümüşdü. 1990-cı illərdə,
döyüşlərin qızğın vaxtlarında Səidin
3 yaşı vardı, onu bir neçə dəfə
özümlə səngərə də aparmışdım.
Səidin içində Vətənin qisası hissi vardı,
o qisasın dalınca getmişdi Səid. Səidin şəhid
olduğu yerə - Şişqayaya biz 1990-cı illərdə
üç dəfə hücum eləmişdik, amma ala bilməmişdik.
Mən ömrü boyu Səidin Azərbaycan bayrağı
sancarkən şəhid olduğu o yüksəkliyin həsrətini
çəkmişəm. Mənə qismət olmadı, amma Səid
Şişqayaya gedə bildi.
Danışa-danışa Nofəl əmi daha da
cuşa gəlirdi, o illəri yana-yana yada salırdı. Sonda
dediyi söz isə bütün Azərbaycanın ürəyinə
su çiləyən səbəbdir:
- Bu gün mənim təsəllim odur ki, Vətən
müharibəsinin nəticəsi gözəl oldu. Zarafat deyil,
Xankəndidə Azərbaycan bayrağı dalğalanır.
Balalarımızın qanı yerdə qalmadı... Allah eləməsin,
o vaxtı Hadrutu ermənilər təzədən
tutsaydılar, ya özümü öldürərdim, ya da elə
ürəyim partlayardı... Allaha çox şükür ki,
Qarabağ tam azad olundu...
Səidi ziyarət etdikdən sonra Horadiz şəhərini
gəzdik. Nofəl əmi Babı türbəsi barədə
maraqlı əhvalat danışdı. Deyilənlərə
görə, keçmişdə Babı türbəsinin zirzəmisindən
İrana gizlin yeraltı yol var imiş... Araytılar kəndindən,
sovet zəhmətkeşi Şamama Həsənovadan, Horadiz
şəhərində vaxtilə ucaldılan binalardan, fəaliyyət
göstərən müəssisələrdən söhbət
açdı.
Bakıya qayıdanda Nofəl əmidən
ayrılıb "Sahil" metrosuna endim. Ekskavatorla
aşağı düşəndə Məmməd Arazın
divardakı misralarını görüb dayandım:
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan
bayrağını!..
Həmin bayrağı Xəzər boyda edənlərdən
biri - baş leytenant Səid Rəşidzadə
Şişqayaya bayraq sancarkən enməzliyi - ölməzliyi
qazanmışdı. Bu gün Azərbaycan Səidlərin sayəsində
qələbə kitablarını çantasına
yığan uşaq kimi sevinir. Ruhları şad olsun!..
Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 1 fevral, ¹19.- S.7.