"Qarabağ Universiteti
bölgənin inkişafına böyük təkan verəcək"
Ötən həftə "Qarabağ Universitetinin Nizamnaməsi"
təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov
qərar imzalayıb. Elm və Təhsil Nazirliyi bu Qərar
qüvvəyə mindiyi tarixdən 3 (üç) gün
müddətində Qarabağ Universitetinin "Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq dövlət qeydiyyatına alınması
üçün zəruri tədbirlərin görülməsini
təmin etməlidir.
Nazirlər Kabinetinin təsdiqlədiyi "Qarabağ
Universitetinin Nizamnaməsi"nə əsasən, Qarabağ
Universiteti Xankəndi şəhərində yerləşəcək.
Universitetin fəaliyyət istiqamətləri bakalavriat təhsil
səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili
bazasında ayrı-ayrı ixtisasların təhsil
proqramları üzrə genişprofilli alitəhsilli mütəxəssislərin
hazırlanması, magistratura təhsil
səviyyəsində ixtisaslaşmalar üzrə
ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya
peşəkar məqsədlər üçün daha dərindən
öyrənilməsidir. Eyni zamanda, doktorantura təhsil səviyyəsində
yüksəkixtisaslı elmi kadrların hazırlanması,
ixtisas və elmi dərəcələrin yüksəldilməsi,
orta ixtisas və əlavə təhsil proqramlarının həyata
keçirilməsi, elmin müxtəlif sahələri və
istiqamətləri üzrə tədqiqatların
aparılmasıdır. Nizamnaməyə əsasən,
Universitet aşkarlıq, şəffaflıq və demokratiklik
prinsipləri əsas tutulmaqla, "Təhsil haqqında",
"Elm haqqında", "Publik hüquqi şəxslər
haqqında" Azərbaycan Respublikasının qanunlarına
və bu Nizamnaməyə uyğun olaraq idarə edilir. Nizamnaməyə
əsasən, universitetin ali idarəetmə orqanı Elmi
Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri
və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə
və Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə
ilə müəyyən olunur. Universitetin strateji inkişaf məsələləri
üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət
göstərən Himayəçilər Şurasıdır.
Himayəçilər Şurasının tərkibini azı 3
(üç) nəfər olmaqla Nazirlik təsdiq edir. Himayəçilər
Şurasının yaradılması, səlahiyyətləri və
fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və
Nazirliyin təsdiq etdiyi əsasnamə ilə müəyyən
olunur. Universitetdə tədris-metodiki işlərin həyata
keçirilməsi üçün Himayəçilər
Şurası tərəfindən Elmi-metodiki Şura
yaradılır. Elmi-metodiki Şuranın yaradılması
qaydası və səlahiyyətləri Himayəçilər
Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən
olunur.
Universitetin cari fəaliyyətinə Prezidentin vəzifəyə
təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik
edir. Rektor universitetin mənafeləri üçün vəzifələrini
yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə
hərəkət etməyə, universitetin maraqlarına sadiq
olmağa, onun maraqlarını öz maraqlarından üstün
tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu
zamanı ədalətli və qərəzsiz olmağa, habelə
adına xələl gətirə biləcək hərəkətlərə
və çıxışlara yol verməməyə borcludur.
Universitetin 5 (beş) prorektoru var. Universitetin
prorektorlarının sayı nazirliklə razılaşdırılmaqla
dəyişdirilə bilər.
Elm və təhsil nazirinin müavini İdris İsayev
deyib ki, Xankəndi şəhərində fəaliyyət
göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi
üzrə 20 ixtisas tədris olunacaq. Növbəti mərhələdə
10 istiqamət üzrə ixtisaslar olacaq: "Ali təhsil
müəssisəsində mərhələli şəkildə
10 min şəxsin təhsil alması nəzərdə
tutulur".
İ.İsayevin dediyinə görə, Xankəndi
şəhərində fəaliyyət göstərəcək
Qarabağ Universitetinin tələbələrinə təqaüd
təyin olunacaq. Xankəndi şəhərində fəaliyyət
göstərəcək Qarabağ Universitetində tələbələr
üçün yataqxananın olması nəzərdə
tutulur.
Nazir müavini deyib ki, universitet eyni zamanda, orta ixtisas təhsil
pilləsi üzrə tədris həyata keçirə biləcək:
"Bildiyiniz kimi, əlavə təhsil proqramları da var. Həmin
proqramlar üzrə də Universitetdə tədris təşkil
olunacaq. Təbii ki, bütün bu fəaliyyətlər mərhələli
şəkildə olacaq. İlk mərhələdə
Universitetdə bakalavr səviyyəsi üzrə tədrisin həyata
keçirilməsi nəzərdə tutulub. 2024-2025-ci tədris
ilində Universitetdə təxminən 1000 nəfərə
yaxın tələbənin təhsil almasını
düşünürük. Bunun böyük hissəsi I kurs tələbələri
olacaq. Qəbul planında "Qarabağ" Universitetində
müxtəlif ixtisaslar üzrə tələbə qəbulu
nəzərdə tutulub. Birinci mərhələdə bakalavr
səviyyəsində 5 istiqamət 20 ixtisas üzrə tədris
təşkil ediləcək. Bunlar pedaqoji, iqtisadiyyat, mühəndislik,
humanitar və sosial elmlər, incəsənət, turizmə
aid olan ixtisaslardır. Növbəti mərhələlərdə
bu ixtisasların sayı artırılacaq. Təxminən
universitetdə 10 istiqamət üzrə ixtisasların
olacağını nəzərdə tutmuşuq. Növbəti
mərhələlərdə tələbələrin sayı
da 10 mindən çox olacaq. Tələbələr birinci
istiqamətdə dövlət sifarişi əsasında tədris
alacaq, yəni ilkin mərhələdə ali təhsil müəssisəsində
ödənişli təhsil olmayacaq. Tələbələr isə
təqaüd və digər müvafiq proqramlarla əhatə
olunacaqlar. Tələbələrin yataqxanada qalmaq imkanları
da mövcud olacaq. Ali təhsil müəssisəsində 70 nəfər
işçi heyətinin olması planlaşdırılır.
Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə
tələbələr dövlət vəsaiti hesabına təhsil
alacaqlar".
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda
və dünyada yaşayan tanınmış alimlər
Qarabağ Universitetində işləmək üçün
artıq müraciət edirlər. Bu müraciətlər istər
orada daimi əsasla işləmək üçün, istərsə
də kömək məqsədi ilə edilir: "Qarabağ
Universitetində tədris gələn ilin sentyabrında
başlayacaq. Ali məktəbdə 1000 tələbənin təhsil
alması planlaşdırılır. Professor və müəllim
heyətinin intensiv modullar əsasında Xankəndinə səfəri
və onlayn qaydada tədrisin təşkili nəzərdə
tutulur. 30-40 akademik heyətin orada daimi yerləşməsi
planı da var. İlkin mərhələdə müəllimlərin
bir qismi yaxın ərazidə yaşayacaqlar".
E.Əmrullayev vurğulayıb ki, Dövlət
İmtahan Mərkəzinin qəbul imtahanları əsasında
I kurs tələbələri, SABAH qruplarında təhsil alan
gənclərin orada təhsil alması mümkün olacaq:
"Bundan başqa, mübadilə proqramları və ya ikili
diplom proqramları da işlək olacaq".
Təhsil eksperti Elçin Süleymanov qeyd edib ki,
Qarabağ Universiteti əvvəlcə ölkənin, daha sonra
regionun əhəmiyyətli universitetlərindən biri olacaq:
"Qababağ Universiteti ilə əlaqəli cəmiyyətin
gözləntiləri çox yüksəkdir. Bu ali məktəbin
Xankəndidə yerləşməsinin simvolik mənası
var. Birincisi odur ki, universitet seperatçıların paytaxt seçdiyi
ərazidə fəaliyyət göstərir. İkinci olaraq isə
Xankəndi infrastruktur baxımdan demək olar ki, kifayət qədər
əlverişlidir. Nizamnaməyə baxdığımız
zaman Qarabağ Universitetinin yenidən qurulması ilə
bağlı kifayət qədər nüansların yer
aldığını aydın şəkildə
görürük. Universitet müasir tələblərə
uyğun şəkildə təsis olunur".
Professor bildirib ki, yaxın zamanlarda universitet rəhbərliyi
təyin olunacaq: "Bakalavr təhsili üzrə artıq
ixtisaslar müəyyənləşib. Universitetin
formalaşması ilə əlaqəli proses başlayıb. Bu
mərhələyə başlamaq üçün nizamnamə
təsdiq olunmalıydı. Çox güman ki, yaxın
zamanlarda universitet rəhbərliyi təyin olunacaq. Artıq
ixtisaslarla əlaqəli professor-müəllim heyətinin,
universitetin maddi-texniki bazasının formalaşması istiqamətində
işlərə start verilməlidir. Düşünürəm
ki, Qarabağ Universiteti regionun təhsil ulduzlarında biri
olacaq. Çünki ölkəmizin iqtisadi gücü, kadr
potensialı bunu deməyə əsas verir. Universitetin
inkişafında Azərbaycanın xaricdəki elm
adamlarının təcrübələrindən istifadə
olunması son dərəcədə əhəmiyyətlidir.
Yaxşı müəllim yaxşı tələbəni
yetişdirir, eyni zamanda o, lazımlı tədqiqatda ortaya
qoyur. Bu da öz növbəsində universitetin beynəlxalq
reytinqinə təsir göstərir. Qarabağ Universitetinin həm
tədrislə əlaqəli boşluğu dolduracağına,
eyni zamanda regionun təhsil ulduzlarından biri olacağına əminəm".
Millət vəkili Fatma Yıldırım bildirib ki, Azərbaycan
dövləti və xalqı olaraq bizim missiyamız
işğaldan azad olunmuş ərazilərimizə həyatın
qaytarılmasıdır: "Qarabağ Universitetinin
yaradılması bu baxımdan çox mühüm
addımdır. Qarabağ bölgəsində ali təhsil ənənəsi
tarixən mövcud olub. Xankəndidə ilk ali təhsil
ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun
filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali
təhsil müəssisəsi kimi fəaliyyət göstərib,
ərazilərimizin işğalı dövründə isə
fəaliyyətini dayandırıb. Dövlət
başçısının sərəncamı ilə
Qarabağımızın təhsil ənənələrinin
bərpası istiqamətində mühüm addım
atılmış oldu. Digər tərəfdən,
işğaldan azad edilmiş ərazilərin iqtisadi
potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə
də əmək bazarının tələbləri regionda
yüksəkixtisaslı kadrların
hazırlığını həyata keçirən ali təhsil
müəssisəsinin təşkili zərurətini meydana
çıxarıb. Ona görə də Prezidentin sərəncamında
qeyd olunduğu kimi, əhalinin dayanıqlı məskunlaşması
və ərazilərin iqtisadi fəaliyyətə
reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş
hədəflərin reallaşdırılmasında nəzərdə
tutulan müasir yanaşmalar, o cümlədən, qabaqcıl
standartların, yüksək texnologiyaların tətbiqi və
hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq
inkişafı yüksəkixtisaslı kadrların cəlb
edilməsini şərtləndirir. Bu baxımdan Qarabağ
Universitetinin yaradılması çox doğru olaraq həm də
işğaldan azad edilmiş ərazilərin bərpasının
mühüm istiqamətlərindən biri anlamında qəbul
olunur".
Fatma Yıldırım hesab edir ki, yeni yaradılacaq
Qarabağ Universiteti bölgənin inkişafına byük təkan
verəcək. Orada təhsil alacaq gənclər təhsillərini
başa vurduqda sonra bölgədə qalıb işləməklə
Qarabağın inkişafında xüsusi rol oynayacaqlar:
"Əminəm ki, Qarabağ Universiteti azad edilmiş ərazilərdə
bərpa-quruculuqla bağlı yüksək ixtisaslı kadrlar
hazırlayacaq. Çünki işğaldan azad edilmiş ərazilərimizin
yenidən qurulması və inkişafı konsepsiyasında ən
müasir texnologiyaların tətbiqi nəzərdə tutulur.
Gələcəkdə Qarabağ Universitetində xarici ölkələrdən
tələbələrin təhsil alması üçün
şərait yaradıla bilər. Bundan başqa, yaxın gələcəkdə
digər müvafiq ali məktəblərin filiallarının
da Xankəndi şəhərində açılması
çox yaxşı olardı. Qarabağın dirçəlişi
naminə belə bir zərurət var. Gələcəkdə
Xankəndinin gənclər şəhərinə çevrilməsini
arzu edirəm. Bu amil bölgəyə yeni nəfəs, yeni
ab-hava gətirəcək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 13 fevral, ¹27.- S.15.