Lənkəran qəzasının
general-qubernatoru
TUĞDA ŞÖLƏLƏNƏN ÖMÜR
GÜNƏŞİNİ UZAQ KARELİYADA
SÖNDÜRDÜLƏR
İyirminci əsrin ikinci onilliyində tarixi meydana qədəm
qoyan Azərbaycan Demokratik Respublikası (ADR) cəmi 23 ay
yaşasa da, öz dövrü üçün mütərəqqi
əhəmiyyətli qanunlar qəbul edib. Haqqında
danışmaq istədiyimiz Cavad bəy Məlikyeqanov 28 may
1918-ci ildə ADR-in yaradılması haqqında tarixi Bəyannaməni
imzalayan dövlət xadimlərimizdəndir.
Cavad bəy Rza oğlu Məlikyeqanov 1878-ci ildə
Şuşa mahalındakı Tuğ kəndində dünyaya
göz açıb. İlk ibtidai təhsilini həmin
dövrün görkəmli maarifçilərindən və
Füzuli poeziyasının davamçılarından
sayılan şair Mir Mehdi Xəzainin ev məktəbində
alan Cavad bəy 1903-cü Bakıya gəlib neft mədənlərində
əmək fəaliyyətinə başlayır. O, gündəlik
işdən savayı, ölkədə baş verən
ictimai-siyasi proseslərlə də maraqlanır və
"Hümmət" təşkilatının
sıralarına daxil olur. Cavad bəy tez-tez öz dostları,
iş yoldaşları ilə birlikdə fəhlə mitinqlərində
iştirak edir, zəhmətkeşlərin
hüquqlarının müdafiəsi üçün əlindən
gələni əsirgəmir. C.Məlikyeqanovun neftçilər
arasında qısa müddətdə nüfuz qazanması
çar məmurlarının nəzərindən
qaçmır. 1909-cu ildə Bakının general-qubernatoru
R.Martınovun əmri ilə ona bir il müddətinə həbs
cəzası kəsilir. Həbsxanadan çıxdıqdan sonra
Cavad bəy doğma Tuğ kəndinə qayıdaraq müxtəlif
janrlı bədii və ictimai-siyasi ədəbiyyatın
mütaliəsi ilə məşğul olur, həmçinin
Şuşanın, Qaryaginin (indiki Füzuli rayonu-A.B.), Gəncənin,
Ağdamın və digər qonşu ərazilərin
açıqfikirli, maarifpərvər şəxsləri ilə
dostluq əlaqələri saxlayır.
Cavad bəy Tuğda yaşadığı müddətdə
Baxşəli bəy Məlik-Aslanovun qızı Rəna
xanımla ailə həyatı qurur. Bu izdivacdan onların
Ənvər adlı oğlu, Tamara adında qızı
dünyaya gəlir. Lakin tale Cavad bəydən bir müddət
"üz çevirir". O iki yaşlı oğlu Ənvəri,
sonra isə gənc həyat yoldaşı Rəna
xanımı itirir. Bu ayrılığa dözə bilməyən
Cavad bəy yeganə qızını anası Mina
xanımın yanında qoyaraq 1914-cü ildə yenidən
Bakıya dönür və milyonçu Şibayevin mədənlərində
tabelçi vəzifəsində işləməyə
başlayır.
Həmin ildən o, Müsavat partiyasının
üzvü kimi mütəmadi olaraq bu siyasi təşkilatın
tədbirlərində fəal iştirak edir və tezliklə
məzmunlu, odlu-alovlu çıxışlar söyləyən
natiqə çevrilir.
Siyasi fəaliyyəti ilə yanaşı, C.Məlikyeqanov
təhsilinin də qayğısına qalır. Bakıda iki
ixtisas məktəbini bitirərək mühəndis-texnik
diplomunu alır. Cavad bəy doğma Azərbaycan dili ilə
yanaşı, rus, alman, fars, gürcü və erməni dillərində
də sərbəst danışıb yazmağı
bacarırdı. 1917-ci il dekabrın 26-dan 31-dək Bakıda
keçirilən Müsavat partiyasının qurultayında
iştirak edən Cavad bəy iki həftədən sonra
Zaqafqaziya komissarlığının müsəlman
fraksiyasının tərkibinə seçilir.
26 may 1918-ci ildə C.Məlikyeqanov Azərbaycan Milli
Şurasının tərkibində yer alır. İki gün
sonra isə o, Həsən bəy Ağayev, Fətəli xan
Xoyski, Nəsib bəy Yusifbəyli, Rəhim bəy Vəkilov,
Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov,
Musa bəy Rəfiyevlə birlikdə Azərbaycan Demokratik
Respublikasının yaradılması haqqında "Müstəqillik
Bəyannaməsi"nə imza atır.
C.Məlikyeqanov Azərbaycan parlamentinin üzvü kimi
onun iclaslarında fəal iştirak edir. Bir müddət sonra
isə o, Zaqafqaziya Seymində Azərbaycanı ləyaqətlə
təmsil edir.
1919-cu ildə gənc demokratik respublikanın cənub
regionunda həyəcanlı vəziyyət yaranmışdı.
Yayda polkovnik İlyaşeviçin komandanlığı ilə
Lənkəranda hakimiyyəti ələ keçirən
Denikinin quldur dəstələri bu bölgəni Rusiyanın
tabeçiliyinə keçirməyə cəhd göstərirdilər.
Şəhərin aşıqfikirli, savadlı şəxslərinə
göz görə-görə divan tutulurdu. Belə vəziyyət
ADR-in rəhbərliyini narahat etməyə bilməzdi.
Respublika parlamentinin fövqəladə iclasında səs
çoxluğu ilə Cavad bəy Məlikyeqanov Lənkəran
mahalının səlahiyyətli nümayəndəsi
seçilir. Milli hökumətin göstərişi və
şəxsən Cavad bəyin təklifi ilə Azərbaycan
ordusunun dəstələri general-mayor Həbibulla Səlimovun
komandanlığı altında Lənkərana göndərilir.
Milli Ordu qoşunlarının şücaəti sayəsində
qondarma "Muğan radası"nın və Denikinin
tör-töküntülərinin məhv edilməsindən
sonra Cavad bəy Məlikyeqanov Lənkəran qəzasının
general-qubernatoru təyin olunur.
ADR-in proqramını Lənkəranda həyata
keçirən Cavad bəy bütün güc-qüvvəsini
bu diyarın iqtisadi-mədəni inkişafına sərf edir.
Çox keçmir ki, Lənkəranda həyat öz
axarına düşür. C.Məlikyeqanovun köməyi ilə
burada klub və kitabxanalar fəaliyyətə başlayır,
savadsızlığın ləğvi üzrə kurslar
açılır.
Cavad bəy 28 aprel 1920-ci ilədək - Azərbaycan
Demokratik Respublikasının süqutuna kimi Lənkəran qəzasının
general-qubernatoru vəzifəsində çalışıb.
XI Qızıl Ordu Bakını, daha sonra Lənkəranı ələ
keçirəndən sonra Cavad bəy həyatının təhlükədə
olmasına baxmayaraq, Vətəni tərk etmək niyyətinə
düşmür. Bir müddət o, əmək birjasında,
neft təchizatı idarəsində, Bakı Sənaye
Texnikumunda işləyir. Hansı sahədə
çalışmasından asılı olmayaraq Cavad bəy Məlikyeqanov
özünü Vətənin layiqli övladı kimi göstərə
bilir. Amma buna baxmayaraq, o, qeyri-qanuni yollarla altı dəfə
cinayət məsuliyyətinə cəlb olunur. 1933-cü ildə
isə Cavad bəy Azərbaycan Fövqəladə
Komissiyasının qərarı ilə yenidən həbs cəzasına
məhkum edilir və ömürlük Kominin düşərgələrinə
sürgünə göndərilir. Onu da qeyd edək ki, C.Məlikyeqanovun
"Vətən xaini" kimi tutulması haqqında orderi erməni
millətçiləri Nersesov və Ayvazov imzalayıblar.
Respublika rəhbərliyinin qarafikirli bəzi məmurları
üçün elə bil bunlar bəs etmirdi. 1937-ci ildə
onlar Cavad bəyin həyat yoldaşı Məryəm xanım
Bayraməlibəyovanı, daha sonra digər qohumlarını həbsxanaya
saldılar. Onu da bildirək ki, Məryəm xanım Bayraməlibəyova
görkəmli Azərbaycan maarifçisi Teymur bəy Bayraməlibəyovun
doğma qızı və davamçısıdır. Lənkəran
şəhərində qızlar üçün ilk məktəbin
və xeyriyyə cəmiyyətinin yaradıması məhz bu
cəfakeş qadının adı ilə bağlıdır.
Repressiya Məlikyeqanovlar ailəsinin bütün
üzvlərini bir-birindən ayrı salıb. Cavad bəyin
üç qızı - Azərə, Taliyə və Asimə
nənələri Şirin xanımın himayəsində
qalıb. Məlikyeqanov ailəsinin bir çox üzvləri
"Vətən xaini" damğasından qorxaraq ata-baba
soyadlarını Yeqanlı, Yeqanov, Rzayev, Zeynalov, Behbudov və
b. ilə əvəz etməyə məcbur olublar.
Ömrünün otuz beş ildən çoxunu həbsxanalarda
keçirən Cavad bəy Məlikyeqanov 1942-ci il mayın 18-də
Kareliyada sürgündə vəfat edib. Ona yalnız
ölümündən sonra - 1959-cu ilin fevralında Kareliya
MSSR Ali Məhkəməsi tərəfindən bəraət
verilib. Cavad bəyin ömür-gün yoldaşı Məryəm
xanım isə 1956-cı ildə bəraət alıb və
1987-ci ildə 89 yaşında dünyasını dəyişib.
C.Məlikyeqanovun hər üç övladı ali təhsil
alıb. Tanınmış həkim olmuş böyük
qızı Azərə tibb elmləri namizədi alimlik dərəcəsinə
layiq görülüb.
Cavad bəy Məlikyeqanov bütün ömrü boyu
xalqına, Vətəninə sadiq olub. Onun sürgündən
həyat yoldaşı Məryəm xanıma göndərdiyi
məktubdan aşağıdakı sətirlər dediklərimizə
əyani sübutdur: "...Axı, sən yaxşı bilirsən
ki, Vətənimi necə sevirəm! Mənim Azərbaycanım,
mənim xalqım mənə çox əzizdir. Onlar
üçün hətta həyatımdan keçməyə
belə hazıram!.."
Ondan bu həyatı aldılar!
Sonda qeyd edək ki, məhz Azərbaycan Demokratik
Cümhuriyyətinin şərəfli tarixi üzərindəki
yasaq götürüldükdən sonra bir sıra ictimai və
siyasi xadimlər özlərinin layiqli qiymətlərini ala
bildilər. 1998-ci ildə Cavad bəy Məlikyeqanovun anadan
olmasının 120-ci ildönümü münasibətilə
onun 1921-1933-cü illərdə Bakıda
yaşadığı Ostrovski (indiki Süleyman Tağızadə)
küçəsindəki 68 saylı binaya xatirə lövhəsi
vurulub. Amma təəssüf ki, C.Məlikyeqanovun həyat yoldaşı
Məryəm xanım Bayraməlibəyova hələ də bu
diqqətdən kənarda qalıb.
P.S. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti
İlham Əliyev alınmaz qala sayılan Şuşa şəhərinin
erməni əsarətindən azad edilməsi xəbərini xalqa çatdıranda
bildirmişdi: "Mən bu gün Heydər Əliyevin qəbrini
ziyarət etdim. Onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir!
Və şəhidlərimizin, Ulu öndərin ruhu
şaddır bu gün. Gözün aydın olsun, Azərbaycan!"
Şuşanın, Qarabağ torpaqlarının, eləcə
də Tuğun... bu gün düşmən tapdağından
azad olunmasından çox güman ki, Cavad bəy Məlikyeqanovun
da ruhu şaddır...
Ağaddin BABAYEV
Lənkəran
525-ci qəzet.- 2024.- 13 fevral, ¹27.- S.14.