Bölünməz, bütöv və böyük Azərbaycan arzusu

 

Yeni əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin tanınmış və zəhmətkeş nümayəndələrindən biri olan professor Asif Rüstəmlinin elmi yaradıcılığının təkrarsız və mühüm fəzilətlərindən biri onda milli mədəniyyətimizə özünəməxsus və bənzərsiz bir yanaşmanın əks etməsidir. XX yüzil ədəbiyyatı haqqında bir çox müəlliflər gərəkli və qiymətli tədqiqatlar yaratmışlar. Həmin alimlər öz əsərlərində XX əsrin ədəbi obrazını bildikləri və dərk etdikləri səviyyədə əks etdirməyə çalışmışlar. Bu nöqteyi-nəzərdən Asif Rüstəmlinin yaradıcılığı, müstəqillik dövrü ədəbiyyatşünaslığımızın yaddaqalan və unudulmaz bir səhifəsidir.

Görkəmli ədəbiyyatşünas alimin 70 illik həyat yolu və yarım əsrlik ədəbi, elmi və publisistik yaradıcılığının başlıca mərhələləri azı 225 ildən bəri özünün varlığı və istiqlalı uğrunda inadla döyüşən, bu qanlı dava-dalaş içində yox olmayan, yaşayan, yaradan və günbəgün öz qurtuluşuna yaxınlaşan anamız Azərbaycanın milli-ictimai və humanitar fikir tarixinin öyrənilməsinə, təhlilinə və təbliğinə həsr olunub. Əgər XIX əsrin 30-40-cı illərində bu açıq milli savaş və azadlıq mübarizəsinin başında Qasım bəy Zakir, Baba bəy Şakir və başqaları kimi çox cəsarətli kişilər və sənətkarlar dururdusa, artıq XX əsrin ilk çərəyində nəinki Azərbaycanda, bəlkə Müsəlman Şərqində birinci Cumhüriyyəti qurmağa nail olan və hətta onun məğlubiyyətindən sonra belə müqaviməti, mübarizəni dayandırmayan, səsi-sorağı Avropaya qədər gedib çatan sivil və modern milli azadlıq hərəkatının mücahidləri dayanırdı. Cümhuriyyət cəmi 23 ay yaşasa da, onun ömrü və əks-sədası onu quranların, onu sevənlərin və onun üçün "qan verməyə", "can verməyə" hazır olanların adında-sanında və sönməz şanında hələ neçə-neçə illər səsləndi, Cümhuriyyətimizi dostlarımıza və düşmənlərimizə israrla xatırlatdı. Uzun zaman Azərbaycan göylərində "C"ümhuriyyətimizin baş hərfi ilə mübarək adları adaş olan Cəlil (Məmmədquluzadə), Cavid (Hüseyn), Cavad (Əhməd), Ceyhun (Hacıbəyli)lərin isim-şərifləri pərvaz etdi. Cəfər Cabbarlı isə yalnız adı ilə yox, soyadı ilə də adaş və taledaş olduğu, Məcnun kimi sevdiyi, bir an da əbədi məftunluğundan vaz keçmədiyi azadlıq ilahəsindən ömrü boyu ayrıla bilmədi. Cümhuriyyət süquta uğrayanda gənc Cəfər Cabbarlının cəmi 21 yaşı, Əhməd Cavadın isə 28 yaşı vardı. XX yüzil Azərbaycan  ziyalı-siyasi elitasının bənzərsiz zirvəsi sayılan bu gənclərin Cümhuriyyət sevgisinin tarixdə tayı-bərabəri yoxdur. Təbii ki, o böyük Cümhuriyyət qurucusu və milli dövlətçilik azmanı Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə! Sanki Cümhuriyyətin himni də, aşağıdakı misralar da onların hər ikisinin eyni anda qəlbindən qopmuşdu. Hər ikisinin dilindən və hər ikisinin əli ilə yazılmışdı: "Səndən ötrü can verməyə cümlə hazırız, Səndən ötrü qan tökməyə cümlə qadiriz!.."

Ədəbi-tarixi taleyi müstəqillik dövründə ciddi surətdə dəyişən böyük sənətkarlarımızdan biri Cəfər Cabbarlıdır. Məhz prof. A.Rüstəmlinin obyektiv araşdırmaları və axtarışları nəticəsində mədəniyyət tariximizin ən yüksək zirəvlərindən birinə yalnız elmi-mədəni yox, həm də milli münasibətimiz tamamilə dəyişmişdir: C.Cabbarlı sovet sənətkarından gözlərimiz önündə cümhuriyyət tərənnümçüsünə çevrildi. "Sevil"i, "Yaşar"ı, "Almaz"ı, "Dönüş"ü, "Firuzə"ni (hərçənd bədii cəhətdən gözəl olan bu əsərləin alt qatları və mənaları ilə də müəllif bir çox həqiqətləri anlatmağa can atmışdı!) yazan, Azərbaycan ədəbiyyatında sosialist realizmi metodunun banisi kimi şöhrətlənmiş yazıçı Cümhuriyyət dövrü söz sənətimizin ən sədaqətli salnaməçisi statusunu qazandı. Məhz bu sanballı faktın özü görkəmli ədəbiyyatşünasın Cabbarlışünaslığa gətirdiyi yenilikləri, onların təkcə elmi-ədəbi əhəmiyyətini deyil, həm də milli dəyərini vurğulamaqdadır. Alimin gərgin əməyi və axtarışları sayəsində sanki böyük sənət müvahidimiz sovet sisteminin son dərəcə məharətlə toxuduğu siyasi-ideoloji tordan xilas olaraq, özünün mənsub və məxsus olduğu doğma milli məskənə-məcraya qaytarılmış, gözünü bolşevik-daşnak xurafatının zəhərli his-pası və tozu basmış yeni - milli söz sənətimizin Bəxt üzüyü öz sahibinə qismət olmuşdu. İstedadlı Cabbarlışünasın elmimizə verdiyi bu sanballı töhfələr haqqında professor V.Quliyevin aşağıdakı mülahizələri diqqətəlayiqdir: "Azərbaycanda istiqlalçılıq ideyalarına və milli mücadilə tarixinə maraq Asifi təbii olaraq bu mübarizənin ən atəşin tərənnümçülərindən birinin - böyük yazıçı, dramaturq Cəfər Cabbarlının mühiti, həyatı, şəxsiyyəti və yaradıcılığı ilə daha yaxından məşğul olmağa vadar etmişdi. Onun araşdırmalarına qədər Azərbaycan ədəbiyyatı tarixinə daha çox sovet ideologiyasının təqdim etdiyi rəsmi Cabbarlı məlum idi. Əlbəttə, həmin Cabbarlı da istedadının möhtəşəmliyi, yaradıcı fantaziyasının gücü, xalqına və vətəninə məhəbbətinin hüdudsuzluğu ilə diqqəti çəkirdi. Lakin sovet ədəbiyyatşünaslığının təfsirində və təlqinində böyük sənətkar onu bizə daha da yaxınlaşdıran, doğmalaşdıran əsas özəlliyindən - sağlam milliyyətçilik və türkçülük, Cümhuriyyət heyranlığından tamamilə arıdılaraq təqdim edilmişdi. Bu mühüm xüsusiyyətlərin Cabbarlı şəxsiyyətinə və yaradıcılığına Asif Rüstəmlinin tədqiqatları nəticəsində yenidən qaytarıldığını desəm, yəqin ki, böyük mübaliğəyə yol vermiş olmaram".

Alim doğru olaraq vurğulayır ki, C.Cabbarlının türkçülük və milliyətçilik ruhunda yazılmış "Türk sağ ikən..." və "Yaşasın Azərbaycan" şərqiləri milli himn yaradıcılığı istiqamətində mühüm tarixi əhəmiyyətə malik təşəbbüs olub. Alim bu mülahizələri irəli sürərkən böyük sənətkarın yaxın dostu və məsləkdaşı Mirzəbala Məmmədzadənin fikirlərinə əsaslanır. XX əsrin ən sədaqətli Cümhuriyyət salnaməçilərindən biri yazırdı: "Cəfərin hürriyçiliyi və milliyətçiliyi türk hüriyyətçiliyi və milliyətçiliyi idi. Yurdçuluq onun nəzərində türk millətinin geopolitik durumundan doğuyordu. Azərbaycan yurdçuluğu Cəfərdə türk millətçiliyi deməkdir". Mirzəbala Məmmədzadə öz düşüncələrinin izahı və təsdiqi olaraq şairin aşağıdakı misralarını misal gətirirdi: "Türk sağ ikən yurduna əl vurulmaz, Ölsə də zəncir daşımaz, qul olmaz. Ölkə bənim, vatan bənim, yurt bənim, İken arş irəli, arş irəli askerim..." A.Rüstəmli C.Cabbarlının "Yaşasın Azərbaycan" şeirini də Mirzəbalanın ədəbi-siyasi mülahizələri və təhlilləri fonunda nəzərdən keçirir, dəyərləndirir. Ümumən, C.Cabbarlı şəxsiyyəti, onun cümhuriyyət dövrü yaradıcılığı və milli-siyasi idealları ardıcıl olaraq zamanın ən möhtəşəm hadisələri və prosesləri kontekstində təhlil süzgəcindən keçirilir.

Cümhuriyyətşünas alimin ədəbiyyatşünaslığımıza gətirdiyi əsas yeniliklərdən biri də sənətkarın bioqrafiyası ilə onun ədəbi şəxsiyyətinin və sənətinin üzvi surətdə bağlı olduğunu bizdə birincilərdən olaraq isbat etməsidir. Xüsusən, yenilikçi alimin "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" (Bakı, 2018) kitabında böyük sənətkarın ictimai-siyasi fəaliyyəti ilə onun mənəvi aləminin, yaradıcılıq prosesinin hədsiz yaxınlığı, üzvi surətdə bağlılığı diqqət mərkəzinə çıxarılmışdır. Bu faktın özü Cəfər Cabbarlının öz böyük müasirləri Məhəmməd Hadi, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Mirzəbala Məmmədzadə, Almas İldırım və başqaları kimi qəlbi və qələmi, sözü və əməli yüz faiz üst-üstə düşən, şəxsiyyəti və şeiriyyəti bir-birindən doğulan, həm də bir-birini tamamlayan nəhəng bir sənət və vətən fədaisi olduğunu nümayiş etdirməkdədir. Ən yaxın dostları Əhməd Cavad və Mirzəbala Məmmədzadə ilə birlikdə Cəfər Cabbarlı ömrünün sonuna və son nəfəsinə qədər doğma vətəni Azərbaycana bir Turançı - bir türk hürriyyətçisi, tük milliyətçisi və türk yurdçusu kimi can verməkdən, qan verməkdən doymadı, yorulmadı. Və ən sevindirici və qürurverici hal isə ondan ibarətdir ki, Cabbarlı dünyagörüşünə, Cabbarlı mənəviyyatına və Cabbarlı məsləkinə sonsuz bir sədaqətlə ədəbiyyatşünas A.Rüstəmli bunları bir-bir axtarıb tapıb, araşdırıb və yüksək elmi-nəzəri səviyyədə dəyərləndirib. Demək, düz yüz il əvvəl olduğu kimi, bugün də Turan idealı, azad və bütöv Azərbaycan arzusu - nakam və nigaran nəsillərin, amansız alovlarda ürəkləri yanmış ömürlərin arzuları hələ də ölməzdir, diridir, canlıdır!..

"Məhəmməd Əmin Rəsulzadə və Cəfər Cabbarlı: qovuşan və ayrılan yollar" məqaləsinin girişində vurğulanır ki, XX yüzilliyin əvvəllərində Azərbaycan ədəbi-ictimai mühitinin iki görkəmli nümayəndəsi - M.Ə.Rəsulzadə və C.Cabbarlının imperiyaya qarşı mübarizə illərində, Cümhuriyyət dövründə bir-biri ilə yaxın münasibətlərinin, yaradıcılıq əlaqələrinin araşdırılması ədəbiyyat tariximizin açılmamış səhifələrindədir və şübhəsiz ki, çağdaş oxucu auditoriyası üçün bu mövzu geniş və müstəsna əhəmiyyət kəsb edir. C.Cabbarlı haqqındakı bütün məqalələrində böyük sənətkar yaradıcılığının həmişə açılmamış tərəflərinə və cəhətlərinə üstünlük verən müəllif  bu yazısında da C.Cabbarlı şəxsiyyətinin az məlum olan keyfiyyətlərindən söz açır. Məsələn, onun bu mülahizəsi diqqətəlayiqdir: "Yaradıcılığında daha çox rəmzlərə üstünlük verən sənətkar "Gülzar" hekayəsi ilə Azərbaycanın işğal faktını ilk dəfə bədii ədəbiyyata gətirmişdi. Əsərlərində sovet gerçəkliyinin "qırmızı qaranlıqlar"ını böyük ustalıqla təsvir edən sənətkar milli müqavimət hərəkatının azadlıq uğrunda mübarizəsini verməkdən də çəkinməmişdir".

M.Ə.Rəsulzadə həmişə cavan həmkarının yaradıcılığına yüksək hörmət və həssaslıqla yanaşmış, C.Cabbarlı yaradıcılığındakı ən mühüm uğur və yenilikləri öz vaxtında dəyərləndirməyə çalışmışdır. Kitabda göstərildiyi kimi, C.Cabbarlı dramlarını "Azərbaycan dramaturgiyasında mühüm bir mərhələ" adlandıran görkəmli dövlət və ədəbiyyat xadimi "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində yazırdı: "Od gəlini"ni Cəfər Çeka həbsxanasından çıxdıqdan sonra yazmışdır... Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir, Ərəbistana daşınır. Azərbaycanlıları islam dinini qəbul etməyə məcbur edirlər. Xalq üsyan edir. Gənc Elxan sevgilisinin baş örtüyündən düzəltdiyi bir bayraqla meydana atılır. Müdhiş bir mübarizədən sonra onu tuturlar, edamına qərar verirlər. Dar ağacının altında onu şəhadət kəlməsini oxumağa məcbur edirlər. O isə "Bütün dünya desə də, mən demərəm "La ilahə illəllah!" - deyə hayqırır. Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün "ərəb" və "islam" sözləri yerinə "rus" və "kommunizm" sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir". Bu fikirlərin qiyməti ölçüyə gəlməz dərəcədədir. Çünki qeyd etdiyimiz düşüncə və yanaşma hansısa bir tənqidçinin sərbəst fikirləri deyil. C.Cabbarlının böyük və təcrübəli müasirinin, onun yaradıcılığına və dünyagörüşünə yaxından bələd olan qüdrətli bir insanın mülahizələridir. Kitabın müəllifi də C.Cabbarlı yaradıcılığının tematikasını və simvolikasını uğurla açan bu cür yanaşma və təhlillərə yer verməklə C.Cabbarlı sənətinin orijinal estetik keyfiyyətini və təkrarsız xüsusiyyətini nəzərə çarpdırmaq istəmişdir.

"Cəfər Cabbarlı Cümhuriyyət dönəmində" və "Cəfər Cabbarlı repressiyalar məngəsində" məqalələri də yeni fakt və sənədlərlə zənginliyi nöqteyi-nəzərindən ciddi maraq doğurur. C.Cabbarlının bədii dünyasının və irsinin zənginliyini nümayiş etdirən, oxucuya məlum olmayan yeni-yeni əsər və əlyazmalarından xəbər verən bu məqalələrdə biz, eyni zamanda, böyük sənətkar yaradıcılığının əbədiyyən itirilimiş nadir nümunələrindən də xəbər tuturuq. Bu nöqteyi-nəzərədən "Cəfər Cabbarlı repressiyalar məngəsində" məqaləsini dərin iztirablarla, ürək ağrıları ilə oxuyuruq. Bu araşdırmalarda biz C.Cabbarlının tamamilə yeni obrazı ilə qarşılaşırıq. Bu obraz sovet dövründə böyük sənətkarın sosialist realizminin banisi kimi məlum olan məşhur obrazını kökündən inkar edir. Çeka əməkdaşları tərəfindən olmazın işgəncələrə məruz qalan, soyuq payız günlərində su doldurulmuş quyuya salınmaqla ağır əzab-əziyyətlərə məruz qalan, amma öz əqidəsindən imtina etməyən, milli istiqlal fədaisi C.Cabbarlı ilə sovet ədəbiyyatının banisi kimi şöhrətlənmiş Cabbarlı arasında yerlə-göy qədər fərq var. C.Cabbarlı haqqındakı tədqiqatlar təkcə yeni fakt və sənədlərlə zənginliyi cəhətdən diqqəti çəkmir. Böyük sənətkarın bir sıra əsərlərinin yeni yozumu və oxunuşu da elmi cəhətdən çox qiymətlidir. Məsələn, "Qarabağ "1905-ci ildə": Tarixi gerçəklik və bədii həqiqət" məqaləsində biz məşhur pyesin yeni təhlili ilə üz-üzə gəlirik. Müəllifin söylədiyi kimi, C.Cabbarlı mövzunu hərtərəfli öyrənmək üçün arxiv sənədlərini nəzərdən keçirmiş, Qarabağa - Tuğ kəndinə, Şuşaya, Ağdama getmiş, qırğının iştirakçılarını və zərərdidələrini dinləmişdi. 1918-ci ilin qanlı mart günlərində ermənilərin Bakıda Azərbaycan türklərinə qarşı törətdikləri ağlasığmaz vəhşiliklərin, soyqırımın canlı şahidi olmuş sənətkar erməni xislətindəki hiyləgərliyin, xəyanətkarlığın, fəndgirliyin, nankorluğun, qəddarlığın, barbarlığın, simasızlığın bütün təzahür formalarını açıq və ya üstüörtülü şəkildə "1905-ci ildə" tarixi dramında əks etdirmişdir.

Doğru olaraq, bu əsərin Üzeyir Hacıbəyovun "Əsli və Kərəm", Nəriman Nərimanovun "Bahadır və Sona" əsərlərinin ideya-estetik davamı olduğunu vurğulayan müəllif türk Baxşı ilə erməni Sonanın, eləcə də erməni Baxşı ilə türk Sonanın izdivacını qeyri-mümkün hesab edir. Əlində bir dəstə gül Sonanın toyunu təbrik etməyə gedən, dəhşətli təhlükələrə baxmayaraq, öz insanlıq borcunu yerinə yetirməyi zəruri sayan Baxşını Sonanın adaxlısı Haykaz nifrətlə qarşılayır. Bu situasiyanı təhlil edərkən müəllif yazır: "Sanki iki obraz yox, iki mədəniyyət, iki dünyagörüşü üz-üzə gəlir". Bu dəyərləndirmə son dərəcə elmi, elmi olduğu qədər də həyati əhəmiyyətə malikdir. Həqiqətən də, qarşısındakı müsəlmanı görüb, əlini dərhal silahına aparan Haykaz təkcə ermənilərin yox, ümumən, erməniliyin simvoludur. Baxşı qocaman, qədim bir mədəniyyətin ifadəçisidir. O, dəfələlə əl tutduğu, ocağının başında yer verdiyi, saxladığı, sonralar açıq düşmənə çevrilən hayıkların içinə silahla yox, gül-çiçəklə getməyi bacaran qorxmaz, mərd, ləyaqətli türk obrazıdır. Baxşı ilə Haykazın üz-üzə gəldiyi səhnə türk ilə erməninin qarşılaşdığı səhnədən daha çox, ləyaqətlə qəbahətin, məhəbbətlə rəzalətin, səmimiyyətlə nifrətin, xeyirxahlıqla bədxahlığın, mədəniyyətlə cəhalətin üz-üzə gəldiyi səhnədir. Beləliklə, C.Cabbarlı dramaturgiyasında Azərbaycan xalqının tarixi taleyi və milli azadlıq mübarizəsi iki möhtəşəm əsərdə müvəfəqiyyətlə əks etmişdir: "Od gəlini" və "1905-ci ildə". XX yüzilin dəhşət və müsibətləri, millətimizin əsrin ilk 20 ili ərzində keçdiyi qanlı-qadalı tarixi yol bu dramlarda yüksək bədii səviyyədə öz əksini tapmışdır. Əgər "Od gəlini"nində çağdaş hadisələr və mübarizələr bütünlükə başqa bir dövrə köçürülüb, tamamilə rəmzləşdirilmişdirsə, müasir gerçəklik tarixi zaman və gerçəklik kontekstində təqdim edilmişdisə, "1905-ci ildə" pyesində isə bu bədii-dramatik "əməliyyat" təxminən, həmin şəkildə və məzmunda reallaşsa da, müəllif burada konflikt qütblərini, qarşı-qarşıya gələn gücləri öz adı və ünvanı ilə təqdim etməkdən çəkinməmişdir. Belə ki, "1905-ci ildə" dramında baş verən hadisələrin vaxtı və məkanı soyqrımın kulminasiyası sayılan 1918-ci ilin martından 1905-ci ilə, Bakıdan Qarabağa köçürülmüşdür. Bununla müəllif, həm özünü, həm də əsərini amansız hücum və zərbələrdən bir qədər sipərləmiş, əsərin səhnədə nümayiş etdirilməsinə nail olmuşdur.

Müstəqillik dövrü ədəbiyyatşünaslığının nailiyyətlərinə nəzər salarkən, iki fundamental tədqiqatın xüsusi ilə diqqəti cəlb etdiyini görürük: akademik İsa Həbibbəylinin "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" və Asif Rüstəmlinin "Cəfər Cabbarlı: həyatı və mühiti" monoqrafiyaları ədəbiyyatşünaslığımızda elmi-nəzəri və metodoloji cəhətdən ciddi yeniliklərdir. XX yüzil ədəbiyyatımızın iki böyük nümayəndəsi haqqında yazılmış bu əsərlər, eyni zamanda, xalq şairimiz Səməd Vurğunun yuxarıda xatırlatdığımız son dərəcə mühüm mülahizələrini bir daha təsdiq edir. C.Məmmədquluzadə və C.Cabbarlını XX əsr mədəniyyətimizin iki əvəzsiz və nəhəng nümayəndəsi kimi qiymətləndirən S.Vurğunun dəyərləndirməsini ədəbiyyatşünaslıq elmi parlaq surətdə isbat etdi.

Zəhmətkeş və vətənpərvər ədəbiyyatşünas alim A.Rüstəmlinin bugünümüzə qədər 10-dan çox ciddi elmi tədqiqat əsərləri və monoqrafiyaları, yüzlərlə sanballı elmi məqalələri işıq üzü görüb. Kitablarının nəşr tarixi, demək olar ki, milli istiqlalımızla yaşıd olan alimin ilk əsəri "Çırpınırdı Qara dəniz" 1992-ci ildə nəşr edilmişdir. Sonralar isə "Tufanlardan keçən ömür" (1995), "Susmaz duyğuların səltənətində" (2002), "Ədəbi istiqlalımız" (2004), "Cəfər Cabbarlı: həyatı və mühiti" (2009), "Cefer Cabbarlı: hayatı, sanatı ve mücadilesi" (Türkiyə, 2011), "Bayraməli Abbaszadə: mühiti və mücadiləsi" (2014), "Müdriklik mücəssəməsi" (2014), "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" (2018) və başqa əsərləri işıq üzü görmüşdür. 2009-cu ildə nəşr edilmiş "Cəfər Cabbarlı: həyatı və mühiti" monumental monoqrafiyası təkcə A.Rüstəmli yaradıclığında deyil, yuxarıda qeyd etdiyimiz kimi, ümumən, müstəqillik dövrü ədəbiyyatşünaslığımızda yadda qalan hadisə kimi dəyərləndirilmişdir.  

Ədəbiyyatşünas alimlərimiz köhnəlmiş və saralmış qəzet səhifələrində, arxiv sənədlərində, müxtəlif və mürəkkəb əlyazmalarında "gizlənmiş" Azərbaycanı - Azərbaycan həqiqətlərini arayıb, araşdırıb Vətənin özlərinin dərk və təsəvvür etdikləri obrazını yaradırlar. "Müdriklik mücəssəməsi"ndə əks edən ictimai-siyasi-ədəbi Azərbaycan Asif Rüstəmlinin araşdırıb kəşf etdiyi, on illərlə yaratdığı və bizə göstərdiyi XX yüzilin Azərbaycanıdır. Zəhmətkeş və vətənpərvər alimimizin uzun illər ərzində, gərgin axtarışlar nəticəsində ərsəyə gətirdiyi bu kitab isə öz səhifələrində müəllifinin böyük və bütöv Azərbaycan arzusunu yaşadır. Bu isə görkəmli alimin təkcə elmi əhəmiyyət daşıyan uğuru deyil, həm də milli mənaya və dəyərə malik qələbəsidir.

 

Yaşar QASIMBƏYLİ

Filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi

yashargasimov@mail.ru

525-ci qəzet.-   2024.- 13 fevral, ¹27.- S.10;11.