"Bir not dəftəridir həyat..."  

RƏFAİL TAĞIZADƏNİN POEZİYASI HAQQINDA TEZİSVARİ DÜŞÜNCƏLƏR

 

Qazi zabit, şair, publisist, tərcüməçi Rəfail Tağızadənin şeirləri, Lorkanın dili ilə desək,  danışan şəkillərdi. Bu poetik şəkillərin adı da özü kimi qeyri-adidi - "Yağış da bir sevgidi", "Su üzərində bahar","Ay gecənin şəklini çəkir", "Azadlığa hamilə zaman", "Tənhalıq yağışı", "Nöqtəsiz ayrılıq", "Sükutun harayı", "Bakirə yuxular", "Dəniz də qadın kimidi", "Yaralı azadlıq", "Qıç başdaşı", "Qara-qırmızı Xocalı", "Bakı-Ağdam-Xankəndi" və sair.

R.Tağızadə yaradıcılığının beş qolu var: Qarabağ-Vətən, gecə, payız, dəniz, sevgi. O, "öz epoxasının obrazıdı, ürəyinin qanı ilə şeir yazır. R.Tağızadənin QAPIsından küllü Qarabağ görünür" (Adil Mirseyid). "Qıç başdaşı", "Xocalı oratoriyası", "Şəhid məktubları", "Çadır şəhərciyi", "Bir qazi toyunda, bir ər toyunda", "Qarabağ Qazisi haqqında ballada", "Qaçqın qəbiristanlığı", "Qazilər yığıncağı" dərddi, qan-qadadı, ölüm-itimdi, torpaq, yurd həsrətidi, nisgilidi, nigarançılıqdı ("Mən sənin nəyinəm, Vətən").

 

Qan qarın üstünə XOCALI yazır.

O gecə dərdlər də qara-qırmızı.

O qanlı torpaqlar, o qan torpaqlar

lalələr bitirər, lalələr ancaq,

üstündə qapqara güllə yarası.

 

Rəfail Tağızadənin səngər nəğmələri (səngər və nəğmə, təzada fikir verin!) savaş himnləridi. Səngərdə, torpaq altında - blindajda ilahi duyğular - "gecə xəyalları" içində gözləri döyüş yollarına dikilən sevgilisinə namə göndərir. Xəbərdarlıq edir ki, incimə, əzizim, Vətən sevgisi eşqimin ilk nübarını üstələdi:

 

Öz torpağında səngər qazmaq

özünə qəbir qazmaq kimidi...

Mənim əllərim

soyumuş üzü sığallayır,

sənin əllərin mənim boş,

soyumuş yatağımı.

Qucağımdan qan damır,

əllərim qan içində.

Bu qanlı əllərdən

ayrı sevgi gözləmə.

Hər gecə səngərin o tayından

məni çağırırlar.

Bu sənə xəyanət deyil, əzizim.

Bu ilk sevgidi.

Yaddan çıxmaz,

unudulmaz, Vətən sevgisi.

 

"Çadır şəhərciyi" poemasından başqa bir Qarabağ gerçəkliyi - Vətən tarixinin qara ləkəsi:

 

Çadırda doğulan qızım,

Sən bəxtindən yarıdınmı?

Yelləncəyin vaqon altda,

Sən göy üzü tanıdınmı?

 

Bizim doğma "Ədəbi ovqat"ımız bu dünyaya gəlməmişdən R.Tağızadəyə "ovqat şairi" titulu vermişdim. O, mərhəmətlidi:

 

Görən mənim qədər dərdini çəkən varmı

yerdəki mələklərin?

Göndər mənə, göndər mənə dərdləri,

qucaqlaşıb öpüşsünlər tanışlar.

Ha bağrıma basıb, basıb hey öpüm.

Dərd sönmədi... Təzə dərdlər oyandı...

 

Bu, şair taleyidi. Sözə könül verənlər qaça bilməz taleyin dərd ərmağanından. Tanrı dərdi çəkənə verir ki, çəkən həm özü yaşasın, həm sözü, həm də "ilham pərisi" dərdi yaşatsın.

 

Rəfail Tağızadə həssasdı - sarı sim kimi:

Yarpaqlar not vərəqləri,

dirijor külək

bu gün meşədə

qışın 10-cu simfoniyasını səsləndirir

son akkordlarınadək...

Görəsən, daha kimlər bu simfoniyanı eşitməyə qadirdi?

 

Şairin payız poetikası. Lorkanın təbiriylə desək, danışan payız rəsmi. Oxuyanda insan saflaşır, bir ilahi gözəlliyə baş əyir, "payız gəlin"ə vurulur:

Soyunub əynini təzə gəlintək

töküb paltarını ayaqlarına,

Gecə yağışında yuyunub, təmiz,

Əlində xınası qurumamış qız...

Mən səni sevirəm, sevirəm, payız...

 

Yaxud, dəniz və payız birliyinin - sevgisinin mübhəm məqamı:

 

Dəniz də payız kimidi,

adamı özünə çəkir:

sevdikcə sevmək istəyirsən,

getdikcə getmək istəyirsən,

ayrıla bilmirsən,

qoynuna sığınmaq istəyirsən...

Başqa bir dəniz və payız qolboyunluğu...

 

Şair "ikili sevda" yaşayır, dara düşəndə - darıxanda ilk sevdanı köməyə çağırır, ikincisini "bəyənmir". Yox, bu xəyanət deyil, iki gözəllə birgə yaşamaq istəyidi. Şair ürəyi, gözü gözəlliklərdən nə vaxt doyub ki?.. O, hətta üçüncü gözələ də vurulur:

 

Yağış da bir sevgidi, -

Öpüşdən adam doymur...

 

Mən hələ şairin dördüncü sevgilisinin də olduğunu bilirəm - daha sirr saxlamağın yeri deyil. Burada artıq şair qara zülflü, qara gözlü gözəllə - gecə ilə də vüsal anları yaşayır. Dörd sevgili ilə yaşayan, "köpüklü şamran"la məst olan necə şair olmasın?

Bu payız gecəsində ağaclar sərxoş...

Dəniz şampan köpüklü,

dalğalar vals gedir,

gəmilər ləngər vurur.

Bakının əlində gecəyə növbə çəkən

Qız qalası dolu badə...

 

"Şopenin ürəyi" poeması poetik simfoniyadı - nəhəng "danışan rəsm". Ən azı Fransadan, Polşadan da seyrçiləri var. Və o, insanlıq axtarışında olduğundan uzaqlarda hayqırılan insanlıq haraylarını da eşidir: "Nazim (Hikmət - V.O.) Moskvadan, Şopen Parisdən insanlığa bağırırdı".

Şopen qeyri-adiliyi - zirvəsi. Özü də, sənəti də, Vətən sevgisi də, həyatı da qeyri-adi. Parisdə dəfn olunsa da, ürəyi əbədi Varşavadadı. Müqəddəs Xaç kilsəsində Şopenin ürəyi döyünür. Bu, Şopenin vəsiyyətidi. Bəli, döyünür, belə ilahi ürək Vətənsiz yaşaya bilməzdi. Vətəndədir, ona görə də vurğusu heç vaxt dayanmayacaq. O müqəddəs ürək Müqəddəs Xaç kilsəsində "axşam duası" oxuyur - "orqan səsi" ilə.

Nazim Hikmət şeirləri ilə döyüşürdü

 

hürriyyət savaşında.

Şopen musiqisiylə

azadlığa çağırırdı...

Hürriyyət üçün çalışanlar

igiddi, ərdi,

onlar ölümü yenənlərdi...

 

Rəfail Tağızadənin də, eləcə də hamımızın üstündə torpaq dərdi vardı, məğlub adı vardı, tarixin çadır şəhərcikləri kimi qara səhifələri vardı, yurd yanğısı vardı, zəfər sevincinə təşnə ürək vardı, Xocalı ləkəsini təmizləmək vardı, qisas qiyamətə qalmayacaq inamı vardı. Hələ çox "vardı"lar vardı...

Nəhayət, taleyimizdə 44 gün də varmış. Ali Baş Komandan, Azərbaycan əsgər və zabitləri bizi bu dərdlərdən, ağrılardan, həsrətdən, intizardan, nisgildən, utandırıcı məğlub adından, inamsızlıqdan xilas etdi, Xocalı ləkəmizi təmizlədi, Şuşada, Xankəndində zəfər paradı sevinci yaşatdı. Bəli, "Vətən ora qədəm basanda Vətən olur", Rəfail müəllim.

Rəfail Tağızadənin lirikasından nümunələrlə sözsevərlərin söz zövqünü təzələmək yerinə düşər. İnsanı düşündürən, intəhasız xəyalların qoynunda süsləyən, payız kimi kövrək, dəniz kimi saf, gecə kimi duyğulu ilahiliyə bələyən ovqat həbi sözdü.

 

Qala divarları

təzə şəhərin çılpaq ədasından,

səs-küyündən utanıb sıxılır,

içinə qısılır İçərişəhər...

 

Şəhər sürüyür

yorulmuş küçələri dənizə sarı.

Qorxub geri çəkilir dəniz.

 

Payızı sevməyən süpürgəçi qadın,

bu il mən də yığışdıra bilmədim

ömrümdən tökülən yarpaqları...

 

Süzüb ayaqdan başacan,

baxıb dodaqdan başacan,

səni gözlərimə yedizdirəcəyəm.

Sonra oturub ayna qabağında

könlümə köçürəcəyəm.

Söz adamları Tanrının yerdəki elçiləridi. Müqəddəs yoldadırlar. Bəli, Rəfail müəllim, "nə qədər nəfəs qalıb gedəcəyik bu yolu"...

 

Nə olsun ki:

Bir not dəftəridir həyat -

insan ömrü

bir noktürn qədər qısa...

 

Vaqif  OSMANLI,

Araşdırmaçı-yazar

525-ci qəzet.-   2024.- 17 fevral, ¹31.- S.21.