Bir çarmıxda
iki İsa - Mənsur Həllac və Qərb
Esse
...Bəyza şəhərində doğulub. Bir
çox alimin qənaətinə görə, həllac ailəsində
dünyaya gəlib. Bəzi rəvayətlər isə onun bir
yun dükanında möcüzə göstərməsiylə
Həllac ləqəbini qazandığını göstərir.
Bəyzada iki il sufi ocağında yaşayıb, İslamla
tanış olub.
On səkkiz yaşında Bəsrədə Amr ibn
Osmanın müridləri cərgəsinə qoşulur.
Sufiliyi, təsəvvüfü öyrənir. İbadətgahda
mürşidlərindən birinin qızına aşiq olur.
Sevib evləndiyi Ümmi Hüseyn məşhur sufi Əbu Yusif
əl-Aqtanın qızı idi. Bu izdivac sufi ocağında
birmənalı qarşılanmır. Həllacı tənqid,
təhqir edirlər. Sufilərin ən böyük pirlərindən
biri olan Cüneyd əl-Bağdadi Mənsurun Bəsrədən
getməməsi üçün əlindən gələni
etsə də, o, təhqirlərə dözməyərək
Məkkəyə köçür. Bir il inzivaya çəkilir.
Məkkədə, Kəbənin yanında oturub gələn zəvvarlarla
söhbət edir. Gündə bir dəfə çörəyin
dörddə biri və bir bardaq su ilə qidalanır. Məkkədə
özünə tərəfdar topladıqdan sonra Bəsrəyə
qayıdır. Həllacın tərəfdarlarının
sayı nə qədər çox idisə, bir o qədər
də düşmənləri var idi. Edam olunub. Amma
ölümü haqqında saysız iddialar var.
Mənsur Həllac "Ənəl Həqq" fikrinin
banisi kimi sufi tarixinə yazıldı. Ölümündən
on bir əsr keçməsinə baxmayaraq, həm qərb, həm
də şərq onun həyatı və düşüncələri
haqqında hələ də yazır.
Vəhdətül-vücud elminin prinsiplərini
konseptual şəkildə ilk dəfə İbn əl-Ərəbidən
oxusaq da, bu sufi təliminin banisi, əlbəttə, Mənsur Həllacdır.
"Ənəl Həqq" ideologiyasının hürufiliyin
mərkəzi prinsipi olduğunu qəbul etsək, o həm də
Nəiminin və Nəsiminin də sələfidir.
Həllac dərviş idi. Anarxist idi. Öz təbirincə,
peyğəmbərdən sonra Allahla tamlaşan tək insan
idi. Müxalif idi. Özündən sonrakı bütün təriqətlərin
məramını və məqamını bəlli edən də
o idi.
lll
Bəs şərqdə bu qədər statusa malik Həllacı
qərb necə tanıyırdı?
Avropada Mənsur Həllac haqqında ən ciddi
araşdırmanın müəllifi fransalı təqdiqatçı,
filosof Luiz Massiqnondur. Onun 1914-cü ildən 1922-ci ilə qədər
yazdığı "Həllacın nəfsi" kitabı
1936-cı ildə tam şəkildə Parisdə
yayımlandı. Yüz il keçməsinə baxmayaraq, əsər
hələ də Avropada İslam və təsəvvüf
tarixi haqqında ən etibarlı qaynaq kimi aktualdır.
Luiz Massiqnon və onun davamçıları Həllacı
İsa peyğəmbərlə müqayisə edirlər.
Onların fikrincə, Mənsur Həllac səkkiz yüz il
sonra dünyaya gəlmiş ikinci İsadır.
Bəs qərblilər, xüsusən də, Massiqnon
İsa ilə Həllac arasında hansı
oxşarlıqları tapmışdı?
Çarmıxa çəkilmək
Səlibdə öldürülmək həm
İsanın, həm də Həllacın qədəri idi.
İkisini də xaça mıxladılar. Canını
tapşırarkən İsa bağırmışdı:
- Tanrı, məni niyə tərk etdin?
Həllac isə qəhqəhə çəkmişdi.
Gülə-gülə qarşılamışdı şəbi-arusunu.
Bütün sufilər kimi. Bu, onun cəlladlarını bir az
da hiddətləndirmişdi. Bəzi sufi mənbələrində
Həllacın parçalanmış nəşinin
yandırılaraq külünün Dəclə
çayına töküldüyü rəvayət edilir. Həmin
küllər son dəfə "Ənəl Həqq"
qışqırıb. Əlbəttə, bu bir sufi rəvayəti
olsa da, Həllacın mistikliyini bir az da şişirdir.
Mənsur Həllacı çarmıxa çəkmək
Abbasilərin onu İslamdan uzaq, İslama və peyğəmbərə
şəkk gətirən biri
kimi tanımasını da göstərir. Dövlət onu
terrorist adlandırırdı. Quranda göstərilən cəza
növlərindən biridir səlb. Mənası
asılmaqdır. Xristianların xaça səlib deməsi də
bununla əlaqəlidir. Eyni kökdən olan sözlər elə
eyni mənanı verir. Xristianlar xaçı İsanın
edamından sonra müqəddəsdirmişdilər. Səlibə
asılmaq - çarmıxa gərilərək
öldürülmək də İsanın qurban edilməsindən
sonra dində ortaya çıxmış cəza növü
idi. Maraqlısı budur ki, Mənsur Həllac edamını
illər qabaq hiss etmişdi:
"Mənim ölümüm səlib dinincə
olacaq..."
Bu ifadə çarmıxa çəkilmək mənasına
yozulur.
Başqalarının bağışlanması
üçün özünü fəda etmək
Xristian inancının qayəsində qurban
anlayışı durur. Başqalarının
günahlarının bağışlanması
üçün İsa özünü qurban etmişdi.
İngiliscə "redemption" kimi ifadə olunan bu
anlayış dünyanı daha gözəl yerə
çevirmək üçün İsanın
gördüyü son xeyirxah iş idi. İsa isə
"redeemer", yəni qurtarıcı olaraq bilinir. Daha
düzgün formada ifadə etsək, o, xilaskardır.
İslam bu anlayışı qəbul etmir. İsa ona
görə bu addımı atmışdı ki, Adəmin
günahkar olduğunu və bu günahı bütün
övladlarının, yəni bizim də
daşıdığımızı
düşünürdü. Quran isə açıq-aşkar
Adəmin bağışlandığını və hər
kəsin günahının yalnız özünün tövbəsi
ilə bağışlanacağını bəyan edir.
İslam əzəli günahın varlığını rədd
edir. Adəm tövbə edib və bağışlanıb.
Bundan sonra övladları da öz günahlarına görə
tövbə etməli və bağışlanmalıdır.
"Adəm (tövbə etmək üçün) Rəbbindən
kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul
etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir"
(Bəqərə, 37).
Dünyanın qurtuluşunu sadəcə bir nəfər
xilaskardan gözləmək də İslam təfəkkürünə
yaddır. Bunun üçün hər kəs
çalışmalıdır.
Bəs Mənsurun etdiyi nə idi?
İslamda bu anlayış "isar" olaraq
keçir. Əvvəlcə başqalarını
düşünmək İslamda peyğəmbərlərin
xislətinə aid bir məfhumdur. İlk dəfə Məhəmməd
peyğəmbərin hicrətindən ortaya çıxan isar
anlayışı Mənsur Həllacın həyatı boyu
sadiq qaldığı əsas prinsiplərdən biri idi.
İsar həm də sufiliyin ən yüksək mərtəbəsində
qərar tutmuş bir mürşidin sahib olduğu xüsusiyyətdir.
Təbrizli Şəms sirdaşı Mövlanaya bu barədə
deyirdi:
- Başqalarının qəmini çəkmək
Allah işidir...
Onu öldürənləri bağışlamaq
İsa onu çarmıxa gərənlər
üçün Tanrıya dua edirdi:
"Rəbbim! Bu adamları bağışla! Onlar nə
etdiklərini bilmirlər" (Luka, 23/33-34).
Məhəmməd peyğəmbər Taifdə onu
daşlayıb qan içində buraxanlar haqqında da eyni
duanı oxumuşdu.
Həllacın çarmıxdakı duası isə
belə idi:
"Rəbbim! Mən səndən bir parçayam.
Varlığım sənin varlığında bütünləşəcək.
Məni sənə qovuşduran bu adamlara rəhm elə!"
Həllac edamı vaxtı başqa bir cümlə də
işlədir: Mən yenidən gələcəyəm! Bu,
İsanın və On İkinci İmamın
qayıdışı ilə eyni mənanı vermir. Həllac
reinkarnasiyaya inanırdı. Bu barədə növbəti
yazıda. Qayıdaq İsaya bənzəyən
dördüncü hala.
Sevgini haram-halal qəbul edilənlərdən daha
üstün tutmaq
Necə ki İsa peyğəmbər üçün
Tanrını sevmək bütün qaydaların, adətlərin
daha üstündə idi, Həllac üçün də
İslamın haram-halal qəbul etdiyi bütün məziyyətlər
Allaha olan sevgiyə mane ola bilməzdi.
Nəfs maddi olanların vəhdətidir. Sevgi mənəviyyatın
adıdır. İnam və iman maddi olanlarla mənəvi
olanların qırmızı xəttində deyil. Həllac
öz şeyxinin qızı ilə izdivaca girəndə də
bu fikri müdafiə edirdi. O, Allahı cənnəti qazanmaq
üçün sevmirdi. Həyat və axirət nəfsimizin
iradəsi ilə bizə bəxş oluna bilməz. Həllaca
görə, biz onsuz da Allahın bir parçasıyıq və
onun məqamında yer alacağıq. Bizə düşən
bu məqamı sevməkdir
İsa peyğəmbər də cənnət, cəhənnəm
və həyat üçün edilən duaları sevgi mərtəbəsində
görmürdü. Bu haqda bir sufi rəvayəti də var:
Bir gün İsa peyğəmbər bir bəndə ilə
söhbət etmək üçün yola çıxır.
Yolda bir nəfərin dua etdiyini görür. Ondan nə
üçün dua oxuduğunu soruşur. Şəxs cavab
verir:
- Cəhənnəmdən qorxuram!
İsa yoluna davam edir. Dua oxuyan ikinci kəslə
qarşılaşır. Səbəbini soruşanda həmin
şəxs təbəssümlə cavablandırır:
- Cənnəti istəyirəm!
İsa yenə yoluna davam edir. Bu dəfə də dua
oxuyan biri ilə qarşılaşır. Eyni sualı ona da
verir.
- Ruzi istəyirəm... - deyir kölə.
İsa orda da durmur. Bir bulağın yanında dua
oxuyan qocaya rast gəlir. Niyə dua oxuduğunu soruşur. Qoca
gözlərini sudan çəkmədən cavab verir:
- Rəbbim üçün oxuyuram.
İsa qocanın yanında oturub dua oxumağa
başlayır.
lll
Qərb üçün Mənsur Həllac
İsanın prototipidir. Bu günə qədər Həllac
haqqında yüzlərlə məqalə, hekəyə
yazılıb. Avropalılar Həllacın bəzi qərb fəlsəfi
məktəblərinə yön verdiyinə də
inanırlar. Onun faciəvi ölümü, səfərlərdə
keçən həyatı, İslama və bütün səmavi
dinlərə fərqli baxış bucağı hələ də
müzakirələrə, mübahisələrə səbəb
olur. Həllacın elmi İslam təlimlərinin ən
çox tanınanıdır.
Rəvan CAVİD
525-ci qəzet.- 2024.- 17 fevral, ¹31.- S.19.