"Üz-üzə qaldığımız bu xaosun qarşısını almaq mümkün deyil"  

 

TELEAPARICI SALEH BAĞIROV: "İNSANLARIN PÜNHAN QALMALI OLAN NƏYİ VARSA, HAMISI EKRANLARDADIR"

 Sənətin yaxşısı, pisi yoxdur. Əsas odur ki, onu sevəsən və yaşada biləsən. Hər sahədə sənətin peşəkarı olanlar çoxdur. Amma daima göz önündə olub özünü sevdirməyi bacarmaq isə heç də asan deyil. Bunu sıradan bir fikir olaraq söyləmədim. Çünki elə sənət sahibləri var ki, istəyimizdən asılı olmayaraq, onları tanıyırıq. Bizlərin onlar üçün bir ümumi adı var - tamaşaçı. Onları isə səsindən belə tanıdıqlarımızdır, yəni mavi ekranda hamımızla ünsiyyətdə olan aparıcılar və telejurnalistlər.

Müstəqillik hər mənada gözəldir. Və məhz müstəqillik illərindən etibarən Azərbaycanın ilk televiziyasının xələfi kimi telekanalların fəaliyyətə başlamasını, yaxşı ad uğruna rəqabətini uğurlu addım kimi dəyərləndirmək olar. Əsas odur ki, say çoxluğu ilə deyil, keyfiyyət etibarilə geniş bir kütlənin diqqətini özündə cəmləşdirə biləsən.

Beləliklə, bugünkü həmsöhbətimiz İctimai Televiziyanın əməkdaşı, efir mədəniyyəti, səliqəsilə seçilən peşəkar teleaparıcı Saleh Bağırovdur.

 

***

 

- Narahat dünyanın uzun yolu ilə hələ ki gedirik...

- Yaxşı başladıq... Doğrudan da dünyanın vəziyyətilə bağlı insan əhvalının heç demə, dəyişməsi var imiş və bu, məndən də yan keçmir. Sabit bir ölkədə sakit həyat yaşamağımız təbii ki, məni sevindirir. Övladlarımızı rahat böyüdürük, qayğılarımızla məşğuluq, ruzimizi tapa bilirik - bütün bunlar çox gözəldir. Dünyada baş verən bu proseslər fonunda isə öz övladlarımla bərabər, böyüməkdə olan uşaqların sabahını düşünəndə, çox narahatam. Dünya nə istəyir, niyə dincəlmir, niyə rahatlıq tapmağa çalışmır? Niyə Tanrının bizə verdiyi nemətlərdən zövq alıb yaşamır? Bu haqda çox düşünürəm. Bununla belə ümidim böyükdür ki, dünya daha da gözəlləşəcək və bu gözəlliyin içində övladlarımızın gələcəyini xoşbəxt görüb dünyaya narahat deməyəcəyik.

- Başlayaq əvvəldən...

- İncəsənət adlı meydana kiçik  yaşlarından atılmışam, lakin bunu dərk etmədən. Lap əvvələ getsək, 132 saylı orta məktəbi bitirmişəm mərhum Aliyə Təhmasibin direktor olduğu dövrdə. Onun adını xüsusi vurğulamağa borcluyam, çünki Aliyə müəllimənin təhsil sahəsində misilsiz xidmətləri olub. Zarafat etməyi, məzəli əhvalatlar danışmağı çox sevərdim. Yaradıcı kökdən gələn biri üçün bu, gözlənilən hal idi. Belə-belə bir də gördüm ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəyəm. Tələbəlik illərində radio 101.FM-də müsabiqə elan olundu və biz tələbələri sınaqdan keçirməyə başladılar. Sınaqdan keçdim, seçildim və bu minvalla radionun əməkdaşı oldum.

- Beləliklə də, bu səsi tanımağa başladılar...

- Bəli, tanıdılar, ta ki 2005-ci ilə qədər. Həmin ildə İctimai Televiziyanın açılması haqqında elan yayıldı. Düzü, bundan xəbərim yox idi. Dərin hörmət bəslədiyim gözəl aparıcımız Nərgiz Cəlilova ilə tədbirlərin birində rastlaşanda mənə dedi ki, sənədlərini topla ver İctimai Televiziyaya. Həmin kanala yeni heyət yığılır və səndən gözəl televiziya aparıcısı olacaq, çünki bunu görürəm, gəl özünü sına. Təklifdən yararlanmağa qərar verdim, sənədlərimi toplayıb indi sizinlə əyləşdiyimiz, mənim üçün doğma olan kanala təqdim etdim.

- Və keçdiniz...

- Müsabiqədən keçməyim çox maraqlı şəkildə oldu. O zaman baş direktor İsmayıl Ömərov idi. Onunla birlikdə doqquz nəfər televiziya mütəxəssisi biz gəncləri qəbul edirdi. Otağa daxil olub dedim ki, salam. Bunu eşidən kimi dedilər ki, sən qəbul olundun, gəl, sınaqlardan keçməyə başla. Çox təəccübləndim, ən azından bir mətn oxumağa imkan vermədilər. Üzərimdə çox işlədilər, özüm də çox çalışdım və beləcə, 2005-ci il avqust ayının 29-da kanalın açılışının ilk aparıcısı oldum. Açılışda cənab Prezident iştirak edirdi, simvolik pultun düyməsini basmaqla İctimai Televiziya efirə vəsiqə aldı və mən ekranda görünərək tamaşaçıları salamladım. Çıxışım belə bitdi: "Yolun uğurlu olsun, İctimai Televiziya və Radio". O gündən bu günə bu böyük bir ailənin yetirməsiyəm. Özümü çox şanslı bir televiziya işçisi hesab edirəm, çünki bəxtimə ən böyük proqramlar, ən çətin sınaqlar, ən iri həcmli layihələr düşüb həmişə. Şükürlər olsun ki, onların öhdəsindən gələ-gələ bugünkü səviyyəyə çata bilmişəm. Amma bir məqama da toxunmaq istərdim...

- Buyurun...

- Mən İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsini bitirmişəm və fəaliyyətimdən teatr da keçib. Bayaq şanslı biri olduğumu elə-belədən vurğulamadım. Həyatda elə insanlarla rastlaşmışam ki, onlar məndə həmişə nəsə görüblər. Diplom tamaşamı görəndən sonra mərhum Həsənağa Turabov dedi ki, gəl bizim teatra, səndə yaxşı bir aktyor görürəm. Gəldim teatra, rollar verdilər, çalışdım, bir neçə tamaşada oynadım, hətta televiziyanın fondunda da saxlanılıb onlar. Həsənağa müəllimdən sonra Əlabbas Qədirov teatra rəhbər gəldi. Artıq üç il idi ki, teatrda çalışırdım və hiss edirdim ki, məni daha çox cəlb edən başqa sahədir. Ona görə də teatrdan ayrılmaq üçün ərizə verdim. Əlabbas müəllim dedi ki, getmək istəyinə əminsənmi? Bu, mənim öz istəyim, öz qərarım idi və beləcə, teatrla yolumu ayırıb həvəsində olduğum radio-televiziya sahəsinə gəldim. Teatrı da sevirdim, lakin orada çalışa-çalışa anladım ki, məni çəkən cazibə çox qüvvətlidir. İndi düşünürəm ki, bu istəyim Tanrının mənə göstərdiyi düzgün istiqamət imiş ki, onun ardınca getməliydim, yəni yerimi tapa bildim. Həyatda hər şey Allahın bizlərə bəxş etdiyi lütfüdür.

- Amma Saleh Bağırov yaradıcı kökdən gələrək elə yaradıcı bir mühitdə də böyüyüb...

- Düz vurğuladınız, çox maraqlı bir mühitdə böyümüşəm. Atam 50 ildən artıq Azərbaycan Televiziyasının ali dərəcəli səs rejissoru olub və televiziya abu-havası mənə çox doğmadır. O zaman mahnılar, musiqi əsərləri yazılmış vallar var idi. Atam onların üzərindən müəyyən montaj işləri aparırdı, bir lentdən digərinə nələrisə köçürürdü, səsləri yazırdı. Bütün bunları bacımla birlikdə çox maraqla izləyirdik. Uşaq verilişlərinin səs yazılarını gətirirdi və indiyə kimi xatırlayıram necə həvəslə onları dinləyərdik. Böyük sənətkarlarımızın ifasında səslənən şeirləri belə, həmin lentlərdən eşitmişik. Belə deyim də, atam, aktyor olan əmim Pərviz Bağırov, onların davamı olaraq mən Saleh Bağırov Azərbaycan sovet teatr və kino aktyoru, Əməkdar artist Sadıq Salehdən gələn yolun yolçularıyıq. Anam öz fənnini çox sevən 40 il bir təhsil ocağında dərs deyən ingilis dili müəlliməsi olub. Altını qırmızı xətlə cızaraq deməyi həmişə borc bilmişəm ki, bütün uğurlu övladların qazandığı nailiyyətlərin önündə və arxasında anaları dayanır. Məni o qədər müxtəlif dərnəklərə, məşğələlərə yönəldirdi ki... Getmək istəmirdim, tənbəllik edirdim, ağlayırdım, lakin bununla belə, məni məcbur edə-edə, "döyə-döyə" istədiyinə nail olurdu. Nəticə də göz qabağındadır.

- Televiziya...

- Mənim üçün televiziya hər şeydir. Həmişə deyirəm ki, mən də hamı kimi sıradan bir insanam. Fəqət sehrli bir qutu məni digərlərindən fərqləndirə bilib ki, bu da televiziyadır. Televiziya mənə çox şey öyrətdi - həyata baxışlarımı açdı, yaxşını da gördüm, pisi də. Haqqı da, nahaqqı da burda gördüm. Xəyalıma belə gətirə bilmədiyim insanlarla müsahibələr götürdüm, ünsiyyət qurdum, dostlar qazandım. Bütün bunların formlaşmağımda, cilalanmağımda əvəzsiz rolu var. Mənə hörməti, şöhrəti qazandıran televiziya olub. Tək karyeramı deyil, televiziya şəxsi həyatımı da həll edib.

- Yəni...

- Həyat yoldaşım verilişlərin birində qonağım oldu. Rəssamlıq Akademiyasının mətbuat xidmətinin rəhbəri idi və verilişə rəssam olaraq dəvət almışdı. Onunla müsahibəm oldu və beləcə, bir ünsiyyət yarandı. Və ünsiyyətin də sonu o oldu ki, artıq iki övladımız var. Televiziya mənim həyatımdır. Bu, belə... Ümumilikdə isə televiziya bir təbliğat maşınıdır. O maşını doğru-düzgün şəkildə yönləndirmək lazımdır, çünki televiziyanın məsuliyyət yükü çoxdur. Təəssüflər olsun ki, bu gün nataraz tərəflərimiz də var ki, bunlardan da yan ötmək olmaz

- Nataraz tərəflər deməklə, növbəti suala toxunmuş oldunuz. Güzgü adlandırdığımız televiziyalarda bu gün üstünlük təşkil edən verilişlər bu ayinədə çox əyri görünürlər axı...

- Bir şeyə çox sevinirəm ki, Allah mənə elə verilişlərin aparıcısı olmağı nəsib edib ki, tamaşaçı nə özümü görəndə əsəbləşir, nə də səsimi eşidəndə. Qeyri-təvazökarlıq kimi səslənməsin, çünki bu verilişlər insanlarda heç vaxt qıcıq yaratmayıb. Televiziyada proqram hazırlayan kəs ilk növbədə ona baxan tamaşaçını düşünməlidir. Açıq deyəcəyəm, bu gün televiziyalarda qeyri-peşəkarlar da, təsadüfi bura gəlib düşənlər də hədsiz çoxdur. Bunu təkcə televiziyaya aid etmirəm, bu, mediada da var.

- Kütləvi İnformasiya Vasitələrinin hər sahəsində var...

- Bəli... Böyük uçurumun astanasında dayanmağımızın böyük faizini məhz bununla əlaqələndirirəm. Səbəblər müxtəlifdir - bazar iqtisadiyyatı dövrü, reklam arxasınca qaçmalar, işçilərin məvaciblərinin yollarını axtarmaqlar... Bütün bunlar televiziyaların istiqamətini doğru olmayan tərəfə yönəltdi. Bəlkə yolun başlanğıcında peşəkar televiziya nümayəndələri toplaşaraq bir konsepsiya düşünsəydi, bazar iqtisadiyyatını çox uğurla ora daxil etmək olardı. Krılovun "Balıq, ördək və xərçəng" təmsilindəki kimi hərə bir tərəfə çəkdiyi üçün belə bir xaos yarandı. Bəlkə nə zamansa olacaq, lakin bu gün üz-üzə qaldığımız bu xaosun qarşısını almaq mümkün deyil. Təəssüf ki, o uçurumu görə-görə irəliləyirik. Zövqlər bərbad vəziyyətə düşür. Ona görə ki, yaxşıya yaxşı, pisə pis deyilmir. Ucdantutma hamıya eyni təriflər yağdırılır, haqqında layiq olub-olmadığı yüksək fikirlər söylənilir və daha nələr, nələr...

- Amma üzdə görünən odur ki, bugünkü tamaşaçı adları və məkanları müxtəlif olsa da, bir-birini təkrarlayan layihələri görmək istəyir televiziyalarda...

- Qətiyyən yox... Dediyiniz o sosial layihələri hazırlayanda onların səliqə-səhmanına xüsusi fikir vermək lazımdır. Əfsus ki, bizdə buna riayət edən yoxdur. Cəmiyyətin, insanların pünhan qalmalı, özlərinə, ailələrinə, şəxsi həyatlarına aid olan nəyi varsa, hamısı bu gün ekranlardadır. Məhz bunlar mənəviyyata, mədəniyyətə, milli dəyərlərə çox böyük zərbədir. Sosial layihə deyərək bunların üstündən ucuz reytinq qazanmağa çalışmağa, sizcə, nə ad vermək olar? Burda sosial şəbəkələr də böyük rol oynayır. Fikir vermisinizsə, əgər bir layihədə nalayiq, çirkin bir mənzərə yaşanıbsa, on dəqiqədən sonra bütün saytlar məhz o eybəcərliyi yayır. Bu dəqiqə dünya əlimizdə tutduğumuz telefonun içindədir. Yaşından, işindən, millətindən, irqindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hamı hər şeyi görür. Olmazmı ki, biz bir istisna kimi azərbaycanlı olduğumuzu, mentalitetimizi düşünək? Axı, bu, çox da çətin deyil... Bəlkə də kəskin səslənəcək, lakin bu, mənim subyektiv fikrimdir - bu gün cəmiyyətdə artan bütün neqativ halların kökündə həmin proqramların vurduğu zərbələr dayanır. Sosial layihə də olsun, kiminsə problemi müzakirəyə də çıxarılsın, həmin insanın dərdinə çarə də tapılsın. Bütün bunlar səliqə-səhman, ədəb-ərkan, efir mədəniyyətinə uyğun şəkildə tamaşaçıya çatdırılmırsa, uçuruma düşməyimiz qaçılmazdır. Çox arzu edirəm ki, bu uçurumun qarşısına yüksək səviyyədə bir sədd çəkilsin.

- Aparıcı...

- Aparıcı adi bir insandır... Lakin aparıcı vicdanı, ləyaqəti olan, əxlaqı, dürüstlüyü, qarşısındakına hörmət qoya biləcək və onu dinləməyi bacaran bir insandır. Aparıcı daima üzərində işləməyə, özünü inkişaf etdirməyə borclu olan insandır. Aparıcının kiməsə yuxarıdan baxmaq kimi bir səlahiyyəti yoxdur, hərçənd ki,  günümüzün bəlalarından biri də budur. Biz hamıdan biriyik, sadəcə belə bir peşəmiz var və ona vicdanla xidmət etməliyik. Əlinə mikrofon götürüb müsahibə alan hər kəsə aparıcı demək olmaz. Müəyyən mənada aparıcı cəmiyyətin güzgüsüdür və özünü necə tanıdacaqsa, cəmiyyət də onu elə görəcək.   

- Çalışdığınız İTV kanalı efir simasını, mədəniyyətini, peşəkarlığını qorumağı bacarıb. Burda iki amilin uğuru var - rəhbərliyin, ya da yaradıcı heyətin...

- Konkret cavab verəcəyəm. Bir televiziyanın ekranın o tayından necə görünməsi birbaşa və birmənalı şəkildə rəhbərindən asılıdır. Televiziya necədirsə, əmin olun ki, onun rəhbəri də elədir. Televiziyaya düzgün, peşəkar biri rəhbərlik edəndə, hər şey gözəl olur. Bunu tək televiziyaya aid etməyək. Arzu edək ki, istənilən sahədə heç kəsin yeri səhv düşməsin.

- Gəlib çatdıq babanız Sadıq Salehə...

- Babamı görməmişəm, o, dünyasını dəyişəndən bir neçə il sonra anadan olmuşam. Lakin sənin sələfin haqqında onun xələfinin yalnız xoş söz eşitməyi həmin insanın bu dünyada qoyub getdiyi ən böyük mirasdır. Mənim Sadıq Saleh haqqında onu görənlərdən, onun dövründə gənc olub bu gün məşhurlaşan sənətkarlardan eşitdiyim yalnız işıqlı sözlər olub. Bu, elə böyük xoşbəxtlikdir ki, o, hər şeyə dəyər. Babam o qədər xeyirxah, xoş niyyətli insan olub ki, Rza Təhmasib ona Saleh təxəllüsünü verib və sənətdə Sadıq Saleh kimi tanınıb. Bu gün əmimin oğlu Sadıq, mən isə Saleh adını daşıyırıq. Bir nəvə kimi onun ruhunu, sənətini verilişlərimdə yaşatmışam. Sadıq Salehdən böyük bir arxiv qalıb. Ailə üzvləri arasında qalan bütün sənədləri toplayıb müvafiq qurumlara təqdim edərək rəsmi şəkildə arxivləşdirdim ki, bir mənbə kimi istinad etmək istəyənlər istifadə edə bilsin. Sadıq Saleh yalnız bir filmə çəkilib, lakin teatr tamaşalarındakı rollarının sayı hədsiz çoxdur. Xalq artisti adına layiq görülənlərin siyahısında adı olan babamı rəhbərlik dəvət edərək deyib ki, biz sənə fəxri ad da verə bilərik, mənzillə də təmin oluna bilərsən. Yəni ikisindən birini babamın seçiminə buraxıblar. Beş uşaqdan ibarət bir ailənin mənzil şəraiti çətin olduğundan sənətkar fəxri addan imtina edib. Və bu gün babamı tanıyanlar deyəndə ki, onun əməllərini səndə görürük, bundan çox qürurlanıram.

- Bir neçə gün öncə Televiziya günü oldu...

- Televiziyanın sabahını daha sağlam, peşəkarların əlində olan, bizim dünyaya, dünyanın da bizə açıq və yararlı olmağını istəyirəm.

SÖZARDI:  Peşəkarla həmsöhbət olmaq jurnalistə xüsusi zövq verir. Üstəlik də, bu peşəkar eyni zamanda həmkarın olanda, söhbətin bitməyini heç istəmirsən. Bu günə qədər onu yalnız ekranın o tayında görmüşdüm. Səlis və rəvan nitqi, söz ehtiyatının zənginliyi, tamaşaçının diqqətini cəlb etmək kimi bacarığı həmişə marağıma səbəb olub. Və onunla üz-üzə söhbət edəndə gördüm ki, ekranın o tayındakı Saleh Bağırov elə göründüyü də kimidir. Və nə yaxşı onun kimiləri günümüzdə var.

 

Tamilla M-zadə

525-ci qəzet.-   2024.- 17 fevral, ¹31.- S.18;19.